Heydər əliyevin natiqlik məharəti
Ədəbi dilin yazılı növü isə şifahi növdən xeyli sonra təşəkkül tapmışdır. Yazılı nitq şifahi nitqdən onunla fərqlənir ki, yazılı nitq dəqiqlik, səlislik tələb edir. Yazılı nitq müəyyən çərçivə daxilində inkişaf edir. Natiq nitqini yazarkən ədəbi dilə verilən tələbləri bilməlidir. Bu tələbləri təxminən belə qruplaşdıra bilərik:
Müdrik fikirlər
Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.
Tarix həmişə hər şeyi öz yerinə qoyur.
Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
Heç kim əbədi qalib ola bilməz.
Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.
Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur.
Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.
Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.
Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.
Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür.
Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!
Ağıl olan yerdə zora ehtiyac yoxdur.
Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.
Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.
Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib.
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Müstəqillik yolu qədər çətin yol yoxdur.
Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.
Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Xalq gərək daim öz kökünü xatırlasın.
Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
Tariximiz bizim üçün dərs olmalıdır.
Tarix heç nəyi silmir.
Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.
Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!
Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.
Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.
İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.
Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz.
Fikir müxtəlifliyi təbii hadisədir.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Dil böyük bir aləmdir.
Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.
Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.
Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.
Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!
Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır.
Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.
Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
Gərək nəbzin Vətənin nəbzi ilə vursun.
Tənqid həmişə işə kömək edir.
Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!
Natiqin əməyi və davranışı
Hər bir natiq nitqini hazırlayarkən qarşısına məqsədlər qoyur. Öz şəxsi təcrübəsindən istifadə edib, nitqini maraq doğuran məsələlər üzərində qurmağa çalışır. Belə ki, o, natiqlik sənətinin prinsiplərinə riayət etməlidir. Odur ki, natiq nitqini hazırlayarkən aşağıdakı prinsiplərə əməl etməlidir:
- Nitqin məzmunu
- Nitqin forması
- Məzmun ilə formanın vəhdəti
- Məzmunun aydınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi
- Nitqin kompoziyasının qurulması
- Ədəbi dilin normalarına əməl edilməsi
- Nitqin sadə, yığcam olmasının təmin edilməsi
- Nitqin ideyasının dinləyicilərə çatdırılması
- Üslub
Natiq dilimizdə işlənən söz birləşmələrindən də (həm sabit, həm də sərbəst) düzgün istifadə etməlidir. Bu qəbildən olan ibarələri, atalar sözlərini, zərbi-məsəlləri, idiomatik ifadələri, hikmətli sözləri yerli-yerində işlətməyi bacarmalıdır. Məsələn, “ürəyim ağrıyır” əvəzinə, “qəlbim ağrıyır,” “gözüm səndən su içmir” əvəzinə, “ağlım səndən bir şey kəsmir”, “gözləri kəlləsinə çıxmaq” əvəzinə, “gözləri hədəqəsindən çıxdı” və s. kimi ifadələr düzgün işlədilməyəndə öz təsir qüvvəsini itirir.
Söz birləşmələri dilin frazeologiya şöbəsinin tədqiqat obyektidir. Natiq söz birləşmələrinin növlərini (sabit söz birləşmələrini, sərbəst söz birləşmələrini) dərindən bilməlidir. Natiq bunu dərk etməlidir ki, sərbəst söz birləşmələrinin tərəfləri onun özü tərəfindən qurulur. Bunu dəyişə bilər. Sabit söz birləşmələri isə uzun bir tarixi yol keçib, sabitləşib. Onun tərəfləri arasına söz daxil etmək olmur. Milli ruh, adət-ənənə belə birləşmələrdə daha qabarıq özünü göstərir. Məsələn, gözüm səndən su içmir; nə baxırsan, dəvə nalbəndə baxan kimi; bel bağlama; söz almaq; dərd çəkmək; yersiz gəldi, yerli qaç; igid ölər adı qalar, namərd ölər nəyi qalar? keçmə namərd körpüsündən, qoy aparsın sellər səni; dost başa baxar, düşmən ayağa və s.
Natiq onu da bilməlidir ki, frazeoloji söz birləşmələri sərbəst söz birləşmələrindən bəzi xüsusiyyətlərinə görə ciddi şəkildə fərqlənir. Məsələn, sabit söz birləşmələri dildə hazır birləşmə kimi işlədilir, buradakı sözlər müstəqil mənaya malik olmur, hamısı birlikdə bir sual tələb edir. Sabit söz birləşmələri özü də sərbəst söz birləşmələrindən əmələ gəlir. Sabit söz birləşmələri bitkinliyə malik olmur. Sərbəst birləşmələr isə bitkinliyə malik olur, tərəfləri müstəqil olur, ayrılıqda sual tələb edir, müəyyən ehtiyacla əlaqədar işlədilir və s.
Dilimizdə işlənən frazeoloji vahidlər həm çoxmənalı, həm omonim, həm sinonim, həm də antonim ola bilər. Frazeoloji vahidlər dildəki obrazlılığı, effekti, təsir qüvvəsini artırmaq üçün müəyyən üslubi çalarlıqlar, rənglər yaradır. Məsələn,
Mən aşıq qız alanda,
Yanağın qızaranda,
Oğlan murada çatar
Toy tutub qız alanda
Ay dolandı, il dolandı,
Hicran odu alovlandı,
Dost-aşna, qohum-qardaş
Zərnigara çəkərdi baş.
(S.Vurğun)
Sabit birləşmələr həm də bədii təsvir vasitələri ilə işlənə bilir, sözlərin məna qüvvəsini, təsirini artırır.
Nitq prosesində diskussiya və polemika da mühüm rol oynayır. Hər hansı bir problemə, hadisəyə aid həqiqi fikrin meydana çıxmasında mübahisədən istifadə edilir. Diskussiya nisbətən geniş şəkildə dinləyicilərlə aparılan fikir mübadiləsidir. Diskussiya müəyyən ədəbi cərəyanın nümayəndələri arasında, kiçik idarə və müəssisələr arasında, müəyyən siyasi partiyalar arasında, müxalifətlə iqtidar arasında aparıla bilər. Hətta müəyyən bir kitabın, elmi məqalənin müzakirəsi də diskussiya xarakteri daşıya bilər.
Polemika isə natiqlik sənətində barışmaz mövqe anlayışını ifadə edir. Yəni burada tərəflər öz fikrini, konsepsiyasını əks tərəfə qəbul etdirməyə çalışır. Bu, əlbəttə, zorla, güclə deyil, müəyyən inandırma yolu ilə, sübutla, faktlarla həyata keçirilməlidir. Məsələn, ulu öndərimiz Heydər Əliyevin xalq yazıçısı Hüseyn Abbaszadə ilə apardığı polemikanın bir hissəsini nəzərdən keçirək. Bu polemika dilimizin necə adlanması ilə əlaqədar aparılır.
Heydər Əliyev: — Hüseyn müəllim, o vaxt sən yazdın ki, türk dili olsun?
H.Abbaszadə: — Yox, Azərbaycan dili.
Heydər Əliyev: — Bəs niyə yazmadın?
H.Abbaszadə: — O vaxt «türk dili» deyənin dilini boğazından çıxarırdılar (gülüş).
Heydər Əliyev: — Çıxaraydılar da, nə olar, yazaydın da.
Sonra həmin polemika aşağıdakı şəkildə davam etdi:
Heydər Əliyev: — Amma bilirsən nə var. O vaxtlar biz əməkdaşlıq eləyirdik və keçən dəfə də mən dedim, «Azərbaycan dili» yazmaq üçün mən nə qədər mübarizə apardım. Amma, mən açıq üzünüzə deyirəm, hamınıza, senə də deyirəm, Bəxtiyar müəllimə də deyirəm, biriniz də o vaxt mənə gəlib demədiniz ki, «türk dili» yazmaq lazımdır?
H.Abbaszadə: — Düzdür.
Heydər Əliyev: — Heç biriniz deməmişdiniz.
H.Abbaszadə: — O vaxt qorxurduq deməyə.
Heydər Əliyev: — «Azərbaycan dili» demişdilər, onu demişdilər, amma, «türk dili» deməmişdilər»… (“Azərbaycan” qəzeti 10 noyabr, 1995-ci il).
Göründüyü kimi, polemikada mühüm yeri əsas məntiqi fikirlər, sübutlar, faktlar tutur. Həm də polemika iki şəxs arasında gedir. Bu onu göstərir ki, polemikanın əhatə dairəsi diskussiyanın əhatə dairəsinə görə məhduddur. Polemika məhkəmə natiqliyində müttəhimlə hakim arasında, akademik natiqlikdə aspirantla opponent arasında, hətta, müəllimlə tələbə, şagird arasında da baş verə bilər.
Nitqini yüksək səviyyədə qurmaq üçün natiq öz nitqində dərin mənalı mündəricə və bitkin formaya nail olmalıdır. Həyatda nə varsa, nə inkişaf edirsə, bir qanunauyğunluq formasında təzahür edir. Deməli, mündəricə ilə forma obyektiv gerçəklikdir.
Gerçək aləmdə hər nə varsa, hamısı mündəricəli və formalıdır. Mündəricə özünə müvafiq formada təzahür tapır. Məzmun və forma maddənin, həyat faktının, insan fəaliyyətinin atributu, mövcudiyyət tərzidir. Həyatın özü kimi, onun bədii inikası da mündəricəsiz və formasız ola bilməz.
Əsl həqiqət… təəssüratla varlıq haqqındakı təsəvvürlərin, ideya və idealların müqayisəsindən və peyvəndindən yaranır. Həyatdakı bu inikas tərzi incəsənətdə bədii inikas kimi keçir. Həyat mündəricəsi də burada mütləq bədii mündəricə kimi formalaşır.
İnikasın obyekti, predmeti yox, inikasın özü incəsənət əsərinin mündəricəsini təşkil edir. Misal üçün, C.Cabbarlının «1905-ci ildə» pyesinin mündəricəsi sadəcə inqilab hadisələri deyil, bu hadisələrin müəllif şüurundakı inikasından ibarətdir. Səməd Vurğun «Vaqif» dramında XVIII əsrin hadisələrini bir tarixçi kimi yox, bir sənətkar kimi inikas etdirmişdir.
Natiq nitqini qurarkən, öz təxəyyülünü də bu məzmuna köçürməli, başa düşdüyü formada fikrini ifadə etməlidir. Bu prinsipə nail olmaq üçün natiq gərgin zəhmət çəkməli və öz üzərində işləməlidir. Məzmunu aydınlaşdırmaqdan ötrü natiq induksiya metodundan istifadə etməli, onu təcrübədən keçirib fikrini ümumiləşdirməlidir. İnduksiya üsulu deduksiya ilə əlaqəli olduğu üçün natiq bu üsulu da yaddan çıxarmamalıdır.
Nitqdə forma da qorunub saxlanmalıdır. Təcrübə göstərir ki, hər bir natiq öz üslubuna müvafiq forma qurur. Bəzisi öz bildikləri kimi danışır, bəzisi kitab dilinə üstünlük verir, bəzisi müstəqilliyə, öz sözünü deməyə can atır. Bu isə nitqin formasını təşkil edir.
«Predmetlə mündəricə arasında fərq olduğu kimi, əsərin bədii ifadə vasitələri ilə onun bədii forması arasında da mühüm fərq vardır. Bədii ifadə vasitələri (söz, dil, cümlə quruluşu, melodiya, ahəng, ritm, kompozisiya, rəng, işıq və kölgə, perspektiv və s.) müxtəlif janrlarda işlənir. Forma isə konkret əsərin ifadəsidir. Forma ümumilik qəbul etmir. O, əsərin mündəricəsindən asılıdır və ancaq bu və ya digər mündəricəni əyan edə bilər. Mündəricə mütləq özünə müvafiq formada təcəssüm tapır. Əgər belə formada realizə olunmursa, deməli, öz-özlüyündə gərəkli və zəngin olsa belə, potensiyada qalır, aşkarlanmır. Mündəricə daha mühüm və aparıcı kateqoriyadır. Forma ondan asılıdır və ona xidmət edir. Lakin bu şərt heç də formanın əhəmiyyətsizliyinə dəlalət etmir. Forma kateqoriyası da bədii yaradıcılıq prosesində mühüm rol oynayır. Böyük sənətkarlar həmişə bədii forma ustası olmuşdur. Bunsuz sənətkar olmaq və bədii əsər yaratmaq mümkün deyildir. M.Qorki yazır ki, «Sənətkar öz şəxsi, sübyektiv təəssüratının üzərində işləməyi, əsərın ümumi əhəmiyyəti olan cəhətlərini tapmalı, öz təsəvvürlərinə öz formalarını verməyi bacaran adamdır» (M.Məmmədov, “Estetika haqqında söhbət”).
Nitqlərin müxtəlifliyini nəzərə alsaq, onda belə bir nəticə çıxara bilərik ki, hər bir nitqin özünəməxsus forması olur. Formadan danışarkən ənənəvi formanı da yaddan çıxartmaq olmaz. Nitqin dinləyicilərə çatdırılmasında bu prinsip mühüm rol oynayır. Məsələn, bir natiq çıxış edərkən əvvəl müvəffəqiyyətlərdən, sonra isə nöqsanlardan, daha sonra isə qarşıda duran vəzifələrdən söhbət açır və nəticə əldə edir. Digər natiq isə əvvəl nöqsanlardan, ardınca müvəffəqiyyətdən, sonra isə qarşıda duran vəzifələrdən məlumat verir və nəticə əldə edir. Bu nitq hər iki halda məqbul hesab olunur. Çünki belə nitqi dinləyicilər daha tez qavrayır. Bu ənənəvi formalardan demək olar ki, bütün natiqlər istifadə edir, faydalanır.
Natiq nitqini qurarkən məzmun ilə formanı vəhdətdə götürməlidir. Əks təqdirdə onlar bir-birindən təcrid olar və nitq istənilən nəticəni verə bilməz. Bəzən məzmun ilə forma bir-birini tamamlamır, bu zaman nitqin naqisliyi dərhal hiss olunur. Natiq nitqin ideyasını tamamlaya bilmir, ya da çətinliklə tamamlayır. Bəzi vaxtlar forma məzmuna qurban verilir. Bu daha çox nitqin nəzm formasında özünü göstərir. Şair qafiyə xatirinə formanı məzmuna qurban verir. Lakin nəsr dilində bu prinsip özünü doğrultmur. Natiqin nitqində məzmun ilə forma o zaman dolğun və səlis olur ki, mövzu elmi şəkildə qurulur, fikir məntiqi cəhətdən əsaslandırılır.
Nitqin qurulmasında kompozisiya da əsas amillərdən biri hesab olunur. Natiq nitqini necə qurmala-sualına özü cavab tapmalıdır. Natiq əvvəlcədən topladığı materialı ardıcıl şəkildə qruplaşdırır. Bunun əsasında plan qurur. Plan ayrı-ayrı hissələrə bölünür, məntiqi əlaqə yaradılır və son variant diqqət mərkəzində qalır. Natiq nitqini plan əsasında şərh edir və ardıcıllığı gözləyir. Bu haqda əvvəlki fəsildə məlumat verdiyimiz üçün artıq şərhə ətraflı ehtiyac duymuruq.
Nitq ədəbi dilin normaları əsasında qurulmalıdır. Bu da natiqdən böyük zəhmət tələb edir. Ədəbi dil idarə və təşkilatlarda, ali məktəblərdə (ümumi şəkildə təhsildə), informasiya mərkəzlərində, radio və televiziyada və s. yerlərdə istifadə olunur. Ədəbi dilin forması hamı tərəfindən qorunmalıdır.
Ədəbi dil uzun bir tarixi yol keçib formalaşmışdır. Natiq dilin keçdiyi tarixi yolu və onun əsasında ədəbi dilin formalaşmasını, ədəbi dil normalarını, yazılı və şifahi qollarını, səs sistemini, lüğət tərkibini, qrammatik quruluşunu dərindən bilməli və nitqində onları yerli-yerində işlətməyi bacarmalıdır. Onu da yaddan çıxarmaq olmaz ki, natiq bu prinsiplərdən seçmə və əvəzetmə yolu ilə bəhrələnməlidir. Bu seçmə və əvəzetməni natiq təxminən belə qruplaşdırmalıdır:
- Natiq dilimizdəki səslərin spesifik xüsusiyyətlərini, səs və fonemi, fonetik hadisə və qanunları (ədəbi dildə sabitləşənlər qanun adlanır; belə sözlər necə yazılırsa, elə də oxunur; yazıda sabitləşməyənlər isə fonetik hadisə adlanır).
- Natiq lüğət tərkibinə yaxşı bələd olmalı, hamı üçün aydın və başa düşülən sözləri seçib işlətməlidir.
- Natiq nitqində qrammatik qaydaları gözləməli, sözlərdə şəkilçilərin düzgün işləməsini, şəkilçilərin variantını, növlərini düzgün şəkildə müəyyənləşdirməlidir.
- Natiq müasir dilçilik elminə aid yazılmış lüğətlərdən, ensiklopediyalardan istifadə edib nitqini əsaslandırmalıdır.
- Dilimizdə işlənən bir sıra sözlər var ki, dialekt xarakteri daşıyır, məsələn, bajı, qərdeş, məmə (ana mənasında), qaş (hündür və yaxud havanın qaralması mənasında) və s. sözlər natiqin nitqində özünə yer tapmamalıdır.
- Natiq çətin anlaşılan ərəb, fars sözlərindən, həmçinin rus-Avropa mənşəli sözlərdən uzaq olmalıdır. Lüzumsuz sözləri nitqə gətirmək ədəbi dil normalarının pozulması deməkdir.
Nitqə hazırlaşarkən natiq ədəbi dilin özünəməxsus normalarına riayət etməlidir. Normativlik nitq üçün əsas şərtdir. Nitqdə normativlik pozularsa, ədəbi dildən danışmağa dəyməz. Hər bir natiq ədəbi dilin bütün normalarına riayət etməli və onlardan faydalanmalıdır. Bu normaları bir daha yada salmağı lazım bildik:
- Fonetik normalar
- Orfoepik normalar
- Orfoqrafik normalar
- Qrammatik normalar
- Üslubi normalar
- Semantik normalar
- Leksik normalar
Qeyd edək ki, «ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin inkişafı ilə bağlı zaman keçdikcə dəyişir və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Qeyd etdiyimiz bütün bu normalar şifahi ədəbi dilə aiddir.
Ədəbi dilin yazılı növü isə şifahi növdən xeyli sonra təşəkkül tapmışdır. Yazılı nitq şifahi nitqdən onunla fərqlənir ki, yazılı nitq dəqiqlik, səlislik tələb edir. Yazılı nitq müəyyən çərçivə daxilində inkişaf edir. Natiq nitqini yazarkən ədəbi dilə verilən tələbləri bilməlidir. Bu tələbləri təxminən belə qruplaşdıra bilərik:
- Nitq yazılır və oxunur. Bu nitqi həm natiq, həm də başqa bir şəxs icra edə bilər.
- Yazılı ədəbi dildə terminlərdən daha çox istifadə edilir.
- Yazılı ədəbi dil elmi xarakter daşıyır.
- Yazılı nitqdə əsasən mürəkkəb fikirlər və onların izahı, nitqə ayrılan vaxt çoxluğu, yığcamlıq əsas götürülür.
- Yazılı nitqdə qrammatik normalara daha çox diqqət yetirilir.
- Yazılı nitq şərh olunarkən durğu işarələri fikirlərin ifadəsinə xidmət edir.
- Natiq yazılı nitqi hazırlayarkən mənbələrə, kitablara, mətbuata, məqalələrə və s. külliyyatlara tez-tez müraciət edir və sitatlar gətirir.
Natiq nitqini qurarkən həm yazılı, həm də şifahi ədəbi dil normalarından istifadə etməlidir. Nitqin qurulmasında və dinləyicilərə çatdırılmasında sadəlik, yığcamlıq, dəqiqlik də mühüm əhəmiyyətə malikdir. Nitqin sadəliyi onun aydınlığını, dəqiqliyi isə yığcamlığını təmin edir. Sadə və təmiz nitq dinləyicilərin səviyyəsinə uyğun qurulmalıdır. Yəni nitq hazırlanarkən auditoriyanın səviyyəsi hökmən nəzərə alınmalıdır. Bəzən natiqlər elmi mövzular hazırlayarkən terminlərin izahına çalışırlar, bu isə nitqin dəqiqliyini pozur. Bu müəyyən qədər nitqin təmizliyinə də xələl gətirir. Nitqi sadə, aydın, təmiz qurmaq üçün natiq bədii təsvir vasitələrindən və bədii ifadə vasitələrindən düzgün istifadə etməlidir.
Nitq mədəniyyəti termini, sözün geniş mənasında, yalnız gözəl və aydın danışmaq qabiliyyəti, nitqi düzgün və yaxşı qura bilmək bacarığı demək deyildir. Nitq mədəniyyəti, eyni zamanda məzmunlu, ifadəli, parlaq, orijinal, həm də maraqlı nitq qurmağı bacarmaq deməkdir. Buraya qədər deyilənlərə yekun vuracaq olsaq, aşağıdakı nəticəyə gəlmək mümkündür.
Bizim dilimiz zəngin, qüdrətli və rəngarəng bir dildir. Əgər danışan adamda ümumi mədəniyyət, bilik və hərtərəfli məlumat yoxdursa, o, təkcə dili bilməklə düzgün və səlis nitqə yiyələnə bilməz. Eyni zamanda dili sevmədən, nitqə şüurlu münasibət bəsləmədən, dilçilik və üslubiyyat sahələrinə dair müəyyən məlumata malik olmadan ən düzgün, ən məntiqi fikirləri ifadə etmək mümkün olmaz.
Dilçilik nöqteyi-nəzərindən nitq mədəniyyəti, nitqin düzgünlüyü, yəni müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Natiq çıxışında anlaşılmazlığa, ikimənalılığa, uzunçuluğa yol verməməli, nitqin mümkün qədər sadə, aydın və yığcamlığına çalışmalıdır. Natiqin sözü məzmunlu, ifadəli, səlis, obrazlı olmalıdır.
Nitq mədəniyyətinə yiyələnmək çox gərgin əmək tələb edir. Ona hazır reseptlə yiyələnmək olmaz; hər bir adam nitqini müstəqil surətdə, dilə şüurlu münasibət bəsləməklə inkişaf etdirə bilər.
Nitq ilə təfəkkür arasında əlaqə və qarşılıqlı bir asılılıq vardır. Dinləyici və oxuculara nitqin təkmilləşməsi zərurətini başa düşməkdə, onlara dilçilik məsələlərindən baş çıxarmaqda kömək etmək mühüm bir vəzifədir. Çünki «dilin təmizliyi, məna dəqiqliyi və onun kəskinliyi uğrunda mübarizə mədəniyyət silahı uğrunda aparılan mübarizədir. Bu silah nə qədər düzgün istiqamət alsa, bir o qədər qiymətli olar». (A.Abdullayev)
Deməli, nümunəvi nitqə verilən tələblər içərisində sadəlik, dəqiqlik, yığcamlıq mühüm rol oynamaqla bərabər, natiqdən bacarıq, təcrübə və istedad tələb edir. Çünki natiqin ən böyük müvəffəqiyyəti mövzunun ideyasını dinləyicilərə çatdırmaqdır.
İdeya nədir? Cavab belədir: obyektiv gerçəklik, həyat hadisəsi. Hər hansı bir predmet haqqında insanların təsəvvürü. Yaranan təsəvvürlərə insanların münasibəti. Bu münasibətləri əks etdirən fikir məcmusu. İdeya həmişə həyatdakı hadisələrdən doğur və inkişaf edir.
Natiqin dünyagörüşü, onun mövqeyi, nitqinin zənginliyi və ideya istiqaməti əsas meyardır. Natiq nitqində həyatı nə qədər gözəl təsvir edirsə etsin, ideya zəif olarsa, nitq dinləyiciləri razı salmır, Natiqin nitqi dolğun, inandırıcı, xalqın mənafeyinə xidmət edən ideyalarla zəngin olmalıdır. Natiq xalqın mənafeyinə xidmət edən qabaqcıl ideyaları təbliğ və tərənnüm etməlidir. Məsələn, Respublikamızın müstəqilliyi, dövlətçiliyimiz, söz azadlığı, işıqlı gələcəyimiz, torpağımızın bütövlüyü və digər mütərəqqi ideyalar nəzərdən yayına bilməz. Yeri gəldikdə bu ideyalar dinləyicilərə aşılanmalıdır. Bədii əsərdə olduğu kimi, nitqdə də müəllifin təsvir etdiyi hadisələr onun ifadə etdiyi fikirlərin məcmusudur. Əsas ideya da buradan doğur. Məsələn, tutaq ki, böyük Azərbaycan dramaturqu, nasiri, tənqidçisi, akademik M. İbrahimov «Böyük dayaq» əsərini yazarkən, qarşısına belə bir məqsəd qoymuşdur ki, xalqa arxalanmayan inadkarlıq göstərən, mənəm-mənəm deyənlərin axırı fəlakətlə qurtarır. Ona görə də şəxsiyyətəpərəstiş dövrünün məhsulu olan bu əsər Rüstəm kişi ətrafında cərəyan edir. Özündən başqa heç kəslə razılaşmayan gənclərə, ağsaqqallara, əmək qabaqcıllarına, kəndin namuslu, düz adamlarına inanmayan Rüstəm kişinin aqibəti əsərdə çox gözəl və bədii boyalarla əks olunmuşdur. Yaltaqları, əliəyriləri ətrafına toplayan Rüstəm kişi əsərin finalında tək qalır və ətrafına topladığı bu yaramaz adamlar tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qalır. Böyük yazıçı əsərin adını da ideyası ilə bağlayır. Xalq qüvvəsini cəmiyyətin aparıcı qüvvəsi kimi təsvir edir. “Yalnız xalq kütlələrinə arxalanmaqla müvəffəqiyyət qazanmaq olar”- fikrini əsərin ideyası kimi tərənnüm edir. Öz günahını, səhv mövqeyini başa düşən Rüstəm kişinin xəstəxanada yatması səhnəsi ilə müəllif fikrini və əsərin ideyasını tamamlayır. «Bayırda isə gur yağış yağırdı, hər şeyi yuyub təmizləyən yağış». Bu cümlə ilə müəllif olub-keçənləri unutdurmaq istəyir. Yeni bir həyatın başlanğıcından xəbər verir.
Həyatı bədii boyalarla əks etdirən, realizm ənənəsini əsas götürən, dolğun süjetə malik olan belə əsərlər natiqlər üçün bir məktəb, örnək olmalıdır. Görkəmli yazıçı əsərdə əsas ideyadan əlavə, ana süjet xəttindən törəyən bir sıra hadisələri də təsvir edib, onlara surətlər vasitəsi ilə münasibətini bildirmişdir. Natiq nitqində nikbin, gələcəyə inamla baxan, yeni dünya quruculuğuna xas olan duyğuları, əməlləri əks etdirən ideyaları açıb göstərməlidir.
İdeya həyatda baş verən mürəkkəb ictimai ziddiyyətləri, natiqin apardığı müşahidələri, ümumiləşdirmələri konkret şəkildə əks etdirir. İdeyanı natiq nitqinin ruhu kimi qəbul etməlidir. Çünki ideya nitqin əsasını, canını təşkil edir. Natiq apardığı müşahidələri canlı, bədii təsvir vasitələri ilə işıqlandırır. Təsvir etdiyi və yaxud haqqında danışdığı hadisəyə öz münasibətini bildirir. Bu isə ideyanın özəyini, əsasını təşkil edir. «Böyük sənətkarların öz əsərlərində yürütdüyü ideyalar bəzən mürəkkəb bir xarakter daşıya bilər, əsərlərdə bir sıra ideyalar ifadə oluna bilər. Bu, əlbəttə mümkündür. Dünya ədəbiyyatının təcrübəsi bunu aydınca sübut edir. Lakin əsərin bir əsas ideyası ola bilər, qalan ideyalar isə yardımçı xarakter daşıyır və ədəbi əsərin birliyini mühafizə etmək üçün əsas ideyaya tabe olur, əsas ideyanın təzahür etməsinə yardım edir.
Bədii əsərdə əsas yardımçı ideyalar təbii olaraq, yalnız bədii şəkildə təzahür edir. Yəni ideya mücərrəd şəkildə deyil, fikir, hiss, həyəcan vasitəsi ilə tamamilə konkret şəkildə təzahür edir. Əsas ideya əsərin bütün ideya məzmununu birləşdirir, ümumiləşdirir, əsərin təlqin etdiyi fikir, hiss və həyəcanların birliyini təşkil və təmin edir» (M.Rəfili. “Ədəbiyyat nəzəriyyəsinə giriş”).
Deməli, yaradıcı olan hər bir adam ideya anlayışına ciddi yanaşmalı və ondan məqsədinə nail olmaq üçün ustalıqla istifadə etməlidir. İdeya hadisələrin inkişafında, fikrin canlandırılmasında, müəllifin hadisəyə şəxsi münasibətini ifadə edən ədəbi termindir. İdeya natiq üçün zəngin və müxtəlif bədii vasitələrdən istifadə edərək, həyata olan münasibətini daha canlı və ifadəli, daha təsirli və mənalı ifadə etmək üçün dəyərli, kəsərli silah olmalıdır.
Natiq onu da unutmamalıdır ki, nitqin ideyasını meydana çıxarmaq üçün nitqdə aparılan təhlillər, məzmunu aydınlaşdırmaq, predmetin səciyyələndirilməsi, fikrin mahiyyətini açmaq əsas şərtlərdən biridir. İdeya həyatın bütün sahələrini əhatə edir. İdeya həyat hadisələrindən, həyatda cərəyan edən hadisələrin inkişafı və fəaliyyətindən doğan, intişar edən idealdır. Bu, natiqin yaradıcılığında əsas xətt kimi keçməli və özünü göstərməlidir.
Nitqin qurulmasında natiqin özünün şəxsi üslubu olmalıdır. Üslub nitqlə sıx şəkildə bağlıdır. Hər hansı bir natiqin yaradıcılığına, dilinə, sözlərin seçilməsinə, işlənmə qaydalarına, təkrar edilən fikirlərinə, dünyagörüşünə xas olan ümumi bir anlayışdır. Fərdi üslubda bir natiqə məxsus xüsusiyyətlər, digər natiqdə olan xüsusiyyətlərdən fərqlənir. Nitqin ideyası, məzmun və forması, özünəməxsus bədii təsvir vasitələri, mövzunun əhatə dairəsi, ən əsası şifahi şərh olunması natiqin üslubunu nümayiş etdirir. Hətta, natiqin nitqində olan orijinal fikirlər, yeniliklər də onun şəxsi üslubudur.
Azərbaycan filologiyasında fərdi üslub anlayışını ifadə edən bir neçə termin işlədilir. «Fərdi deyim tərzi», «fərdi manera», «fərdi poetik üslub», «poetik fərdiyyət», «poetik səs», «öz səsi, öz nəfəsi» və s. İşlənən terminlər içərisində «fərdi üslub» daha əhatəlidir və geniş yayılıb, «Poetik dəsti-xətt»; «poetik fərdiyyət», «fərdi poetik üslub», «poetik səs» və s. terminlər daha çox şairin, yazıçının özünəməxsus cəhətlərini əks etdirir. Axı alimin, jurnalistin, natiqin də özünəməxsus ifadə tərzi vardır! Buna görə də «fərdi üslub» termini başqa terminlərdən məqbul sayılır. XVIII əsrdə yaşayıb-yaratmış fransız alimi J.L.Buffon 1753-cü ildə «Üsluba dair mulahizələr» adlı əsərini yazmışdır. Müəllif həmin əsərdə bu qənaətə gəlmişdir ki, «Üslub eyni ilə insandır!» Həmin fikir get-gedə aforizmə çevrilmiş, həm Qərb, həm də Şərq ölkələrində geniş yayılmışdır. XX əsrin əvvəllərində bu nəzəriyyə bizim ədəbiyyatımızda da öz əksini tapmışdır».
Deməli, hər kəsin özünə məxsus nitqi var. İnsanlar bir-birinə oxşamadığı kimi (onların səsi də, bədən quruluşu da, boyu da, üzü də, dünyagörüşü də, müşahidələri də və s), nitqləri də biri-birindən fərqlənir. Hər bir natiqin özünəməxsus fikri, ifadə tərzi ən əsası isə emosionallığı və məntiqi ardıcıllığı olmalıdır. Ümumiyyətlə, natiqlər nitqlərini qurarkən iki əsas cəhətə üstünlük verirlər:
- Bəzi natiqlər nitqlərində məntiqi ardıcıllığı, aydınlığı, elmiliyi, fikir dərinliyini, ahəngdarlığı üstün tutur.
- Bəzi natiqlər isə obrazlılığı, emosionallığı, yığcamlılığı əsas götürür. Adətən, birinci prinsipə daha çox üstünlük verilir. İctimai yerlərdə — idarələrdə, təhsil müəssisələrində, iclas və müşavirələrdə belə nitqlər diqqətimizi cəlb edir, Təcrübəli natiqlər çıxışlarında məntiqi ardıcıllığa üstünlük verir və dinləyicilərdə mövzuya güclü maraq oyadırlar.
Fərdi üslub haqqında mülahizələrini oxucularla bölüşən mərhum professor A.Abdullayev yazır:
«Nitqini təkmilləşdirmək istəyən hər adam oz qarşısında üç vəzifə qoymalıdır:
- Nitqimin güclü və üstün tərəfləri hansılardır? Bunu aydınlaşdırmalı.
- Nitqimin nöqsanları nədən ibarətdir?
- Hansı yollarla birincini qüvvətləndirmək və ikincini zəiflətmək olar?
Nitqlərin əksəriyyəti məntiqi növə aid olduğundan və başqa nitqlərdə də mövzunun məntiqi cəhətdən aydınlaşdırılması böyük rol oynadığından, şifahi nitqin bu cəhəti üzərində bir qədər dayanmaq lazımdır.
Fikrimizcə, həmin məsələnin böyük əhəmiyyətini nəzərə alaraq, ali təhsil ocaqlarında olduğu kimi, orta məktəbin yuxarı siniflərində, pedaqoji məktəblərdə də «Nitq mədəniyyəti və üslubiyyat» fənni üzrə xüsusi kurs yaratmaq lazımdır».
İkinci prinsipi əsas tutan natiqlər əsasən müəllimlərdir. Xüsusilə dil-ədəbiyyat müəllimləri nitqlərində obrazlılığa, emosionallığa daha çox fikir verirlər.
Fərdi üslub natiqin danışıq tərzini, dil qabiliyyətini, sözə yanaşmasını, ifadə vasitəsini, şəxsi mühakiməsini, mülahizəsini əks etdirir. Fərdi üslub yazılan məqalələrin, kitabların, elmi işlərin, bədii əsərlərin orijinallığını təmin edir, onların bir-birindən fərqli xüsusiyyətlərini oxucuya çatdırır.
Natiq nitqində öz üslubi imkanlarını nümayiş etdirir. Fərdi üslub olmasa, natiqlərin, yazıçıların, alimlər və ümumiyyətlə elmin bütün sahələrində fəaliyyət göstərən ziyalıların fikri bir-birinə qarışar, elmdə bir hərc-mərclik yaranar. Fərdi üslub insanların öz dili, elmi, dünyagörüşü, fikri, zəkası, ağlı, müşahidəsi və mülahizəsi ilə sıx bağlıdır.
Natiq əməyinin əsas mərhələlərindən biri də onun çıxış edəcəyi auditoriya ilə yaxından tanış olması, onlarla əlaqə saxlamasıdır. Natiq heç vaxt təcrübəsinə və biliyinə arxalanmamalıdır. İmkanı olan kimi mütaliə ilə məşğul olmalıdır. Natiq nitqə hazırlaşarkən müşahidə apardığı mövzu əsasında (yazıya köcürülməmiş) özlüyündə təhlillər aparmalı, fikirləri dəfələrlə nəzərdən keçirməli, plan tərtib etməli, mətn üzərində redaktə aparmalı, sonra auditoriyaya daxil olmalıdır.
Natiq əməyinin əsas mərhələlərindən biri də budur ki, o, auditoriya qarşısına çıxmamış dəfələrlə mətn üzərində redaktə işi aparmalıdır. Bu, əsasən, gənc natiqlərə aiddir. Bəzən gənc natiqlər nitqi hazırlayarkən tələsir, sözlərin mənasına fikir vermir, ya da buraxdıqları səhvi düzəltməyə çalışırlar. Xalq şairi Süleyman Rüstəmə istinad edən M.Əsgərov yazır: «Səmədağa Ağamalı oğlu Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışarkən, yanına gələn gənclərə belə tövsiyələr verirdi. «Sözlərimi cavan yazanlara çatdırarsan. Cavanlar bizim gələcəyimizdir, ümidimizdir, çalışın həmişə xalq içində olun, onun istədiyini yazın, elə yaxşı yazıçılarımız var ki, əsərlərini oxuyub heyfslənirsən ki, niyə elin başa düşəcəyi ana dilində yazmırlar. Biz nə farsıq, nə ərəb, özümüzün təmiz, gözəl ana dilimiz var. Ruhulla (Ruhulla Axundov nəzərdə tutulur — A.R.) dilimizin saflığı üçün böyük əmək sərf etmişdir. Dilimizi ərəb, fars, osmanlı sözlərindən təmizləmək uğrunda əlindən gələni əsirgəməmişdir. Yadımdadır, fəhlə klubunda ilk gənclik şeirlərimdən birini oxudum. Salondakılar məni yaxşı qarşıladı. Şerin son beyti belə idi:
Sarsıtmaz varlığını quduz tufan, qasırğa,
Annə, bu sözlər olsun qulaqlarımda sırğa.
Bu dəmdə Ruhulla ayağa qalxıb gülə-gülə mənə dedi:
— Bu da bizim ümid bəslədiyimiz proletar şairimiz. Sözə bax, annə, qasırğamı yapiyorsan, balam -anamıza, «annə» yox, öz dilimizdə ana desək, qiyamət qopar. Bax, bu axırıncı olsun.
Salondakılar Ruhullanın bu sözlərini alqışladı. Mən pərtlikdən qızardım. Sonralar Ruhulla hər məni görəndə gülə-gülə soruşardı:
— Daha qasırğa yapmiyorsan ki?.
Beləliklə, inqilabın yüksəliş illərində, Azərbaycanda sovet hakimiyyətinin qələbəsi naminə aparılan mübarizələr mərhələsində və bu qələbənin ilk dövrlərində inqilabçı nəsil natiqlik sənəti və məharəti sahəsində böyük təcrübə əldə edir».
Deməli, natiqlik sənətində hər bir sözün işlənmə yeri, məqamı gözlənilməlidir. Məhz, belə olduqda natiq geniş xalq kütləsinin ürəyinə yol tapır, xalqın sevimlisinə çevrilir.
Söylənilən nitqin təsir qüvvəsini, mənasını dinləyicilərə daha yaxşı çatdırmaq üçün natiqin davranışı da az rol oynamır. Natiq nitqini şərh edərkən özünü elə aparmalıdır ki, onun sözü ilə əməli düz gəlsin. Yersiz öskürmələr, boğaz arıtlamaq, məncə, doğrudan, belə ki, deməli, filan, nəhayət və s. sözlərdən tez-tez istifadə etmək onun söz ehtiyatının zəifliyindən xəbər verir. Hətta bəzi natiqlər nitqi şərh edən zaman gözlərini kağızdan çəkə bilmir, bu da öz növbəsində nitqin təsir qüvvəsini nəinki azaldır, bəlkə də anlaşılmaz bir söz yığnağına çevirir. Natiqin ən yüksək mədəniyyəti odur ki, o, həm özünə, həm də qarşıdakı dinləyicilərə böyük hörmət göstərib nitqi başa düşdüyü şəkildə, öz sözləri ilə sadə, aydın, düzgün şəkildə şərh etsin. Belə olduqda, dinləyicilərlə öz arasında möhkəm bir əlaqə, bir növ, körpü yaradan natiq auditoriyanı ələ alır və istədiyinə nail olur. Mövzunun ideyasını dinləyicilərə təlqin edir.
Natiqin mədəniyyəti onun nitqi ilə ölçülür. Hər bir natiq nitqi hazırlayıb şərh edərkən öz xarakterini yazıya köçürür. Hətta, bəzən əsəbi adamların nitqində hövsələsizlik, tələskənlik özünü biruzə verir. Odur ki, natiq nitq söylərkən nitqə verilən tələblərdən səmərəli istifadə etməyi bacarmalıdır.
Natiqlikdə əsas amillərdən biri də danışanın səsidir. Natiq səs tembrindən düzgün istifadə etməyi bacarmalıdır. Bəzi natiqlər nitq söylərkən ucadan danışmağı üstün tutur. Nəticədə nitqin sonuna qədər boğazları quruyur, onları tər basır, həm özlərini, həm də dinləyiciləri yorub əldən salırlar. Bu, danışanın ən uğursuz cəhətidir. Natiq öz məharətini, yüksək mədəniyyətini məhz, səsi vasitəsi ilə bildirməlidir. Bəzən də əksinə, böyük auditoriya qarşısında çıxış edən natiq aşağı tonda danışır. Bu dinləyicilərin zövqlərini oxşamır. Yəni, auditoriyanın qabaqda oturan dinləyiciləri nitqi eşidir, arxadakılar isə yalnız nitqin nə vaxt qurtaracağını gözləyirlər. Natiq elə etməlidir ki, səsi bütün auditoriyanı təmin etsin, səsinin ahəngdarlığı, musiqililiyi, gözəlliyi səslənməsi dinləyiciləri valeh etsin. Yeri gəldikcə səsin tonunu yüksəltməli, aşağı tondan məharətlə istifadə olunmalıdır. Natiq səsinin tonuna uyğun olaraq mimikasını, duruşunu da nizamlamalıdır. Bu əlamətlər natiqin əldə etdiyi müvəffəqiyyətlərdəndir.
Natiqin xarici görkəmi də diqqətəlayiq olmalıdır. Natiq görkəmi ilə, səliqəsi, mədəni səviyyəsi ilə dinləyicinin diqqətini cəlb etməlidir. Çünki dinləyicilər natiqlə əlaqə yaratmamış onun xarici görkəmi ilə müəyyən təsəvvür əldə etməyə nail olur. Əgər natiq təsəvvürü (nitq başlanmamış) müsbət mənada doğruldursa, yəni gözəl davranışı ilə diqqəti cəlb edirsə, şübhəsiz ki, ilk anlarda auditoriya ilə ünsiyyət yarada biləcəkdir. Belə halda dinləyicilərin natiqi sakitliklə dinləməsi, nitqə maraqla qulaq asmaları imkan yaradır ki, natiq bütün ustalığını, bacarığını və təcrübəsini nümayiş etdirsin. Natiq xarici görkəmini elə etməlidir ki, o, dinləyicilərdə gülüş doğurmasın. Məsələn, həddindən artıq bər-bəzəyə meyl eləmək, əlini başına çəkmək, üzünə sığal çəkmək, burnunu çəkmək, tez-tez öskürmə və s. natiqə yad olmalıdır. Bəzən üzdən kobud görünən, simaları xoş təsir bağışlamayan natiqlərlə də rastlaşırıq. Dinləyicilərdə ilk baxışda mənfi emosiyalar yaradan belə natiqlər çox zaman sənətinin ustası kimi yüksək səviyyəli çıxış edir və onun haqqında olan mənfi təəssüratları alt-üst edir. O, nitqin sonunda dinləyicilərin hüsn-rəğbətini qazanır. Deməli, dərin düşüncə, ağıl, kamal, gözəl dil qabiliyyəti insanı gözəlləşdirir, mədəniyyətini, səviyyəsini artırır və onu insanların sevimlisinə çevirir.
Bəzi natiqlər isə rəsmi olmağı daha üstün tuturlar. Onlar nitqi şərh edərkən ciddi olmağa meyl göstərirlər. Tutaq ki, nitqin mövzusu M.F.Axundovun «Hacı Qara» komediyasıdır. Bu zaman natiq odla su arasında qalır. Gülüş, yoxsa ciddiyyət. Hansını qəbul etsin. Hökmən gülüşü. Çünki gülüş olan yerdə rəsmi danışmaq yersizdir. Natiq bunu yadda saxlamalıdır ki, onun ən böyük qələbəsi auditoriya ilə xoş əhval-ruhiyyə yaratmaqdır.
Bəzən gənc natiqlər nitq zamanı özlərini aparmaq qaydasını tamam unudur. Sanki dinləyicilərdən utanır, sıxılır, həyəcanlanır, deməyə söz tapmırlar. Belə olan təqdirdə natiq gözlərini bir nöqtəyə zilləyib dinləyicilərə məhəl qoymadan danışır. Dinləyicilərlə əlaqə yaratmaq, onlarda maraq oyatmaq natiqin heç ağlına belə gəlmir. Belə nitqdə səs tembri, sürət avtomatik olaraq pozulur. Nitqini tez qurtarıb auditoriyanı tərk etməyə çalışan natiq müvəffəqiyyətin ləzzətini dadmağı qarşısına məqsəd kimi qoymur. Belə natiqlər auditoriyanı diqqət mərkəzində saxlaya bilmir, dinləyicilərə nəzarət kənarda qalır.
Belə natiqlər nitq söyləyərkən dinləyiciləri ozünə tərəfmüqabil edə bilmir. Ona görə də dinləyiciləri özünə cəlb edə bilmir.
Natiqin davranış qaydaları sırasına daxil olan məsələlərdən biri də nitq söyləyəcəyi yerlə ilk tanışlığıdır. Yəni natiq harada çıxış edəcəyi yeri əvvəlcədən müəyyən etməlidir. Hətta imkan varsa, lap auditoriyaya getməli və oradakı şəraitlə tanış olmalıdır. Zalda və ya auditoriyada nə qədər dinləyici iştirak edəcək? Audtoriyanın həcmi nə qədərdir? Auditoriyada mikrofon var, ya yox? Natiq üçün harada yer ayrılıb (öndə, ortada, yoxsa zalın qıraq hissəsində)? Bütün bunları natiq nəzərdən keçirəndən sonra şəraitə uyğun şəkildə hərəkət etməlidir. Nitqini şərh edərkən imkan varsa, əyani vəsaitdən, şəkillərdən, çertyojlardan istifadə etməlidir. hətta, mikrofonun sazlığını da yoxlamağı natiq yaddan çıxarmamalıdır.
Bəzən elə olur ki, hər hansı bir yığıncaqla, yubileylə, hadisə ilə əlaqədar natiq aşağıda, zalda oturur. Yığıncağı başqa bir rəhbər vəzifəli şəxs aparır. Sonra sözü natiqə verir. Bu vaxt natiq zalın axırında oturmamalıdır. İmkan daxilində tribunaya yaxın bir yerdə əyləşməlidir. Ona söz verilərkən dinləyicilərin fikrinin yayınmaması üçün vaxtında tribunaya çıxmalı və aramla nitqə başlamalıdır. Sonra isə nitq prosesində sürəti nizama salmalı, konspekti və ya nitqin yazılı formasını səliqə ilə tribunada yerbəyer etməlidir. Yoxsa, nitqi başlamamış ciblərini axtarmaq, gözlük çıxarmaq, qalstuk düzəltmək, alnının tərini silmək, dərindən bir ah çəkmək, sonra isə nitqə başlamaq nitq mədəniyyətinin tələblərinə və natiqin davranış qaydalarına zidd hərəkət kimi qiymətləndirilməlidir.
Natiq tribunada özünə ciddi bir yer tutmayınca nitqə başlamamalıdır. Sonra nitqini saxlayıb özünə münasib yer axtarmağa məcbur olacaq. Məsələn, işığın düşmə səmtini, xitabət kürsüsünün lazımi yerində konspektini yerləşdirməyi, əgər vaxtla çıxış edirsə, saatını səliqə ilə qoyub sonrakı mərhələyə başlamalıdır. Natiq nitqini şərh edərkən tribunaya söykənməməlidir. Bəzi natiqlər iki əli ilə tribunadan yapışıb nitqini şərh edir. Bunu bəzi natiqlər bilərəkdən, bəziləri isə bilmədən edir. Bəzi natiqlər isə tərtib etdiyi konspekti, planı dinləyicilərdən gizlətməyə çalışır. Lakin natiq başa düşmür ki, onun bu hərəkəti auditoriya ilə onun arasında bir sədd yaradır. Əksinə, natiq konspektdən və ya tərtib etdiyi plandan açıq şəkildə istifadə etsə, bu daha məqsədəuyğun olar. Belə olan halda natiq çıxış edərkən daha sərbəst hərəkət edər. Təcrübə və araşdırmalar sübut edir ki, öz işinin mahir ustası olan natiqlər çıxış edərkən ara-bir tribunanı tərk edir, auditoriyanın arasında durub nitqlərini davam etdirirlər. Sonra isə tədricən, yavaş — yavaş yerinə qayıdır və nitqini şərh edirlər. Bəzən mütəxəssislər bunu natiqə nöqsan tutur. Lakin onu yaddan çıxarırlar ki, natiqin bu priyomu audtoriyanı ələ almaq, onlarla əlaqə yaratmaq, bir növ onları söhbətə cəlb etmək naminədir. Bu, adətən, böyük auditoriyalarda daha çox müşahidə olunur. Bu zaman natiq auditoriyanın hansı tərəfində daha çox narahatlıq varsa, o hissəni nəzarət altına alır. Dinləyicilərin diqqətini nitqə cəlb etməyənə qədər həmin yeri tərk etmir. Bu hal, əsasən, təcrübəsiz müəllimlərlə tələbələr arasında daha çox müşahidə olunur. Təcrübəsiz müəllim auditoriyanı idarə edə bilmir, çətinlik çəkir, psixoloji cəhətdən hazırlıqsız olduğunu büruzə verir. Tələbə isə əksinə, səs salmağı, yersiz replikaları, gülüşləri yağış kimi müəllimin üstünə yağdırır, özünü bu «oyunun» qalibi hesab edir. Hətta belə hadisələrə psixoloji cəhətdən hazır olmayan müəllim auditoriyanı tərk etməyə məcbur olur. Belə hallarda müəllimin imkanlarını məhdudlaşdıran tribuna lazımsız əşyaya çevrilir. Müəllim audtoriyanın, zalın müəyyən hissəsində yerini dəyişə-dəyişə dinləyiciləri idarə etməlidir. Başqa çıxış yolunu müəyyən edə bilməyən müəllim, tezliklə narahatlıq yaradan hissə ilə əlaqə yaradıb, onları ünsiyyətə cəlb etməlidir. Yeri gələrsə, bir neçə dəqiqə nitqdən kənara çıxıb, müəyyən bir tərbiyəvi mövzuya əl atmaqla dinləyicilərin diqqətini mövzuya cəlb etməlidir. Müəllim tərbiyəvi mövzunu ümumi halda şərh etməlidir. Məsələn, o qeyd edir: son dövrlərdə bizim gənclər üçün təlim-tərbiyə ocaqları, idman kompleksləri, gələcək nəsillərin dünyagörüşünü artıran informasiya mərkəzləri və s. şəraitlər yaradılır. Bəzi gənclər bunlardan səmərəli istifadə edir, bəziləri isə buna laqeydliklə yanaşır. Onu da qeyd edək ki, hər bir uşaq, gənc hər hansı bir ailənin üzvüdür, həmin ailəni təmsil edir. Yəni uşaq ailənin güzgüsüdür, onu olduğu kimi əks etdirir. Əgər o, mədəni, bir-birinə hörmət etməyi bacaran bir ailədə böyüyüb tərbiyə almışsa, özünü aparmaq qaydalarını da çox gözəl bilir. Belə uşaqlar həm də yüksək savada, mədəniyyətə malik olurlar. Kimin savadı varsa, onun mədəniyyəti, qanacağı da var. Belə adamlar özünü çox gözəl aparır, dərslərini yazır və oxuyurlar. Özünü apara bilməyən uşaq, yeniyetmə həm ailəyə, həm də qohum-qardaşa əngəldirlər. Özünü, sözünü, danışığını bilməyən şagirdlərə müəllim Mücirəddin Beyləqaninin yaradıcılığından bir parçanı misal gətirir:
Bir sıra anlamaz azğınlar da var.
Qohuma eyibdir, məhəlləyə ar.
Onların səsindən qulaqlar dəngdir.
Ancaq ki, dərmansız boş bir həvəngdir.
Uzun dilləri şam kimi gerçək,
Lakin dedikləri məna da pəltək.
Bu misallardan sonra müəllim birbaşa nitqin davamını şərh etməyə başlayır. Bu mövzunun yaratdığı sakitlikdən sonra öz məharətini tam səfərbərliyə alıb nitqi yüksək səviyyədə davam etdirmək olar. Yaranan əlaqəni, ünsiyyəti bir növ «dostluğa» çevirib, hətta bəzən yersiz hərəkətlərə, replikalara da ciddi yanaşmamalı və belə vəziyyətləri yalnız yüngül gülüşlə qəbul etməlidir. Bu natiqin davranış qaydalarının əvəz olunmaz bir qaydasıdır.
Natiqin davranış qaydalarında əsas amillərdən biri də əl-qol hərəkətlərindən düzgün istifadə edilməsidir. Bəzi natiqlər nitqlərinə uyğun gəlməyən, məzmuna uyuşmayan, daxili aləmdən gələn səslə qovuşmayan yersiz hərəkətlərdən istifadə edirlər. Sonra dinləyicilərin verdiyi reaksiya ilə müəyyən edirlər ki, yalandan, boş yerə gurultulu sözlərlə çıxış edir, əl çalmaq xatirinə danışır. Məsələn, zavodda, məktəbdə, ictimai yerlərdə «yaşasın zavodlarımız arasında olan dostluq əlaqələri», «yaşasın zavodumuzun beynəlmiləlçiliyi», «sizi həmişə gülərüz görüm», «əlləriniz var olsun», «pis adamlara bizim aramızda yer yoxdur» və s. kimi lazımsız söz birləşmələrini ironiya ilə tələffüz edən natiq bu dırnaqarası kəlamları əllərini havada oynada-oynada, qışqıraraq dinləyicilərə çatdırır. Nəticədə isə yalnız səs telləri korlanır, səsi batır, onu tər basır, ağzı quruyur. Sonra qarşısına çıxan hər bir kəsdən soruşur. «Necə çıxış etdim?» «Hamı sakit dayanıb mənə diqqətlə qulaq asırdı?» «Fikirlərim aydın idi?» «Rəhbərlik çıxışa diqqətlə qulaq asırdı?» və s. kimi inamsız suallarda özünü təhlil etməyə başlayır. Belə ümidsiz suallar natiqə inamsızlıq aşılayır. Onun inkişafına mane olur. Natiq hər şeydən əvvəl yadda saxlamalıdır ki, onun hərəkəti təbii olmalıdır. Kimisə təqlid etmək, özünü kiməsə oxşatmaq, səsin tembrini dəyişmək nitqə bayağılıq, sünilik gətirir. Bunu natiqin özü də hiss edir. Natiqin jesti nə qədər təbii olarsa, fikri bir o qədər dəqiq, sərrast və əyani olar. Çünki jest natiqin fikirlərinin hərəkətlə təsdiqi deməkdir. Natiqin jestləri də ondan asılı olmayaraq dinləyicilərlə əlaqə yaradır, danışır, fikir aşılayır. Bəzi natiqlər çıxış edərkən dinləyiciləri özü ilə birlikdə kədərləndirir, onları göz yaşı tökməyə sövq edir. Tutaq ki, natiq “Qanlı Yanvar” hadisələrindən danışır. O, nitqində, səsində, duruşunda, üzünün mimikasında kədərləndiyini bildirir. Həmin anları dinləyicilərlə birgə yaşayır. Vətən uğrunda axıdılan günahsız qanlar dinləyiciləri sarsıdır, onların daxili aləmini bir kədər bürüyür. Natiq isə nitqi şərh edərkən əl-qol hərəkətlərindən istifadə etmir, sanki mimikası ilə dinləyicilərlə danışır, onların dərdlərinə şərik olur. Bu, natiqdən ustalıq, əsil istedad tələb edir. «İnsanlar əlləri vasitəsilə yalnız balta tutmur, ev tikmir, iş görmür, həm də əlləri vasitəsilə dostlarını salamlayırlar, düşmənlərini hədələyirlər, hər hansı varlığı nəvazişlə oxşayırlar. Axı sözlərlə birləşən jestlər nitqin emosional səslənməsini daha da qüvvətləndirərək ünsiyyət vasitəsinə çevrilir. Təsvir əsnasında və ya təqlid xatirinə, müəyyən səmti, yeri, hərəkəti göstərərkən, jestlər ifadələrə lazımi aydınlıq gətirir. Bundan əlavə, jestlər natiqin yaradıcı qüdrətinin fiziki ifadəsi kimi də qiymətlidir, dinləyicilər natiqin belə jestlərini çox diqqətlə izləyir və xoşlayırlar. Natiq fikirlərini başqalarına çatdırarkən, hisslərini müşayiət edən belə fiziki hərəkətlərindən razı qadır. Bundan əlavə natiqin pozasında (duruşunda) ahəngdarlıq əmələ gəlməsinə kömək edir. Natiq jestlərin müxtəlif şəkillərindən istifadə edə bilər. Məsələn, ifadəli jestlər daha çox geniş şəkildə işlənir və tətbiq olunur. Bu jestlər nitqin ən qüvvəli məqamlarını müşayiət edir.
Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.
Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.
1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.
Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Comments are closed, but trackbacks and pingbacks are open.