Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı
İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
25. Həmkarlar ittifaqları və kollektiv müqavilələr
UNIONS AND COLLECTIVE BARGAINING
Əmək haqqı və əmək şəraiti ilə bağlı iş verənlərlə danışıqların aparılması ilə məşğul olan əməkçi təşkilatları həmkarlar ittifaqları adlanırlar. Amerika fəhlə və qulluqçularının 16%-nin hazırda həmkarlar təşkilatlarının üzvü olduqlarına baxmayaraq keçmişdə bu təşkilatlar ABŞ-ın əmək bazarında əhəmiyyətli rol oynamışlar. Belə ki, 1940-1950-ci illərdə həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinin ən yüksək zirvədə olduğu illərdə bütün işçilərin üçdə biri həmkarlar ittifaqlarının üzvü idilər. Həmkarlar ittifaqları bir çox Avropa ölkələrinin həyatında mühüm yer tuturlar. Isveç və Danimarka kimi dövlətlərin əməkçilərinin 75%-i bu təşkilatların üzvüdürlər.
Həmkarlar ittifaqlarının fəaliyyətinin nəticələrinin iqtisadi təhlili
THE ECONOMICS OF UNIONS
Öz mahiyyətinə görə həmkarlar ittifaqları bir növ kartel xarakteri daşıyırlar. Hər hansı monopolistik birləşmə kimi o, öz daxilində birlikdə fəaliyyət göstərən və bazar qanunlarını birgə səylər vasitəsi ilə dəf etməyə güman edən satıcılar qrupunu təmsil edir. Fəhlələrin əksəriyyəti müəssisə sahibləri ilə əmək haqqı məsələlərini, pensiya təminatını və əmək şəraitini fərdi surətdə müzakirə edirlər. Həmkarlar ittifaqlarında toplaşmış işçilər isə bunu başqa şəkildə edirlər. Onların iş verənlərlə işə qəbul olma haqqındakı şərtlər barəsində razılaşmaları kollektiv əmək müqaviləsinin bağlanması haqqında danışıqlar zamanı əldə edilir.
Iş verənlərlə danışıqlar zamanı həmkarlar ittifaqları sahə üçün təyin edilmiş adi səviyyədən daha yüksək əmək haqqı, daha yaxşı pensiya təminatı və daha yaxşı iş şəraiti tələb edirlər. Əgər həmkarlar ittifaqlarının rəhbərləri müəssisənin sahibləri ilə razılıq əldə edə bilməsələr, onlar əməkçiləri işi dayandırmağa, yəni tətilə səsləyirlər. Tətil nəticəsində məhsul istehsalının və onun satışı həcmlərinin aşağı düşməsi, nəticədə isə şirkətin gəlirlərinin azalması baş verdiyinə görə işin mütəşəkkil surətdə dayandırılması ilə üzləşən müəssisə sahibləri əmək haqqının artırılmasına razılıq verməyə məcbur olurlar. Həmkarlar təşkilatlarının fəaliyyətini öyrənmək ilə məşğul olan iqtisadçılar müəyyən etmişlər ki, həmkarlar ittifaqları üzvlərinin maaşı ona üzv olmayan eyni ixtisaslı fəhlələrin maaşından orta hesabla 10-20% yüksək olur.
Həmkarlar ittifaqları tarazlaşdırılmış səviyyədən yüksək olan əmək haqqının alınmasına nail olduqları zaman işçi qüvvəsinə olan tələb azalır, işçi qüvvəsinə olan təklif və işsizliyin səviyyəsi isə yüksəlir. Həmkarlar ittifaqlarının fəaliyyəti bir çox hallarda müxtəlif işçi qrupları arasında, yəni müəssisədə işləyən və əmək haqqının yüksəlməsi üstünlüklərindən istifadə edən insayderlərlə işi olmayan autsayderlər arasında konfliktlərə səbəb olur. Bu cür şəraitdə autsayderlər adətən iki davranış üsulundan birini seçirlər. Bəziləri işsiz statusunu qəbul edərək iş əldə edənləri və insayderə çevriləcəkləri anı gözləməyə başlayırlar. Başqaları isə həmkarlar ittifaqları olmayan şirkətlərdə işə düzəlirlər. Beləliklə, həmkarlar ittifaqlarının iqtisadiyyatın bir sahəsində əmək haqqının yüksəlməsinə nail olmaları işçi qüvvəsinə olan təklifin yüksəlməsinə və iqtisadiyyatın həmkarlar ittifaqları olmayan başqa sahəsində isə əmək haqqının aşağı düşməsinə səbəb olur. Başqa sözlə desək, həmkarlar ittifaqlarının üzvləri kollektiv müqavilənin müəyyən etdiyi güzəştlərdən istifadə edirlər. Bu zaman başqa işçilər isə onların belə güzəştli vəziyyətlərinin haqqını qismən ödəmək məcburiyyətində qalırlar.
Həmkarlar ittifaqlarının iqtisadiyyatdakı rolu müəyyən dərəcədə onların daxili nizamnaməsindən və kollektiv müqavilənin şərtlərindən asılıdır. Adətən kartelin üzvləri arasındakı konkret razılaşmalar qanunla ziddiyyət təşkil edirlər. Belə ki, əgər eyni məhsul istehsal edən firmalar onun satış qiymətlərinin yüksəldilməsi barəsində razılığa gəlmiş olsaydılar belə bir razılaşma «ticarət azadlıqlarını məhdudlaşdırmağa yönəldilmiş gizli sövdələşmə» adlandırılardı, dövlət isə antitrest qanunlarını pozduqlarına görə onları məhkəmə məsuliyyətinə cəlb edərdi. Lakin həmkarlar ittifaqlarının fəaliyyəti antiinhisar qanunvericiliyinin təsiri altına düşmür. Antitrest qanunları qəbul etmiş siyasətçilər inanırdılar ki, iş verənlərlə danışıqlarda işçilərin əlavə güzəştlərə ehtiyacı vardır. Həmkarlar ittifaqlarının fəaliyyətini rəğbətləndirən xeyli sayda qanunlar hazırlanmışdır. O cümlədən 1935-ci ildə qəbul edilmiş Vaqner qanunu iş verənləri həmkarlar ittifaqlarının yaradılmasına maneçilik etməməyi, onlarla sərfəli və vicdanlı əsaslarla danışıqlar aparmağa məcbur edirdi. Əmək münasibətləri məsələləri üzrə milli idarə kimi dövlət strukturu da əməkçilərin həmkarlar ittifaqları yaradılmasında hüquqlarının qorunması məsələləri ilə məşğul olur.
Həmkarlar ittifaqlarının hüquqlarına toxunan qanunvericilik məsələləri siyasi diskusiyaların daimi mövzusudur. Qanunvericilər vaxtaşırı olaraq həmkarlar ittifaqları hərəkatının yayıldığı firma işçilərinə onun sıralarına daxil olmamaq imkanları verən əmək hüququ haqqında qanunları müzakirə edirlər. Belə bir imkan olmadıqda həmkarlar ittifaqları kollektiv müqavilə imzalandığı zaman şirkətin bütün işçilərinin icbari olaraq ona üzv olmalarını tələb edə bilərlər. Son illərdə işverənlərə tətillərdə iştirak edənlərin yerinə yeni işçilərin qəbul edilməsini qadağan edən qanunun qəbul edilməsi təklifi ciddi şəkildə müzakirə edilir. Belə bir qanun tətillərin vurduğu ziyanları çoxaldar, həmkarlar ittifaqlarının mövqelərini isə qüvvətləndirərdi.
Həmkarlar ittifaqlarının iqtisadiyyat üçün əhəmiyyəti
ARE UNIONS GOOD OR BAD FOR THE ECONOMY?
Iqtisadçılar arasında həmkarlar ittifaqlarının müasir iqtisadiyyatda rolu ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hər iki tərəfin arqumentlərini nəzərdən keçirək.
Həmkarlar ittifaqlarını tənqid edənlər bildirirlər ki, onlar kartellərin spesifik tipini təmsil edirlər. Həmkarlar ittifaqının təzyiqi altında əmək bazarında formalaşmış əmək haqqının yüksəldilməsi baş verdikdə bu işçi qüvvəsinə olan təklifin çoxalmasına, işsizliyin artmasına və iqtisadiyyatın başqa sahələrində əmək haqqının azalmasına səbəb olur. Alimlərin fikrincə, nəticədə işçi qüvvəsinin qeyri effektiv və ədalətsiz istifadəsi baş verir. Qeyri-effektivlik özünü həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə fəhlələr arasında sağlam rəqabəti təmin edən səviyyədən daha aşağı səviyyədə məşğulluğun azalması ilə özünü biruzə edir. Ədalətsizlik isə ondan ibarətdir ki, fəhlələrin bir hissəsinin vəziyyətinin yaxşılaşması digər hissəsinin vəziyyətinin pisləşməsi hesabına baş verir.
Həmkarlar ittifaqlarını müdafiə edənlər isə bildirirlər ki, əməkçi təşkilatları işverənlərin tam hökmranlığına qarşı müqavimətdir. Belə bir şəraitin bariz nümunəsi «şəhər-şirkətlər»dir ki, iri bir firmanın müəssisələrində şəhər əhalisinin əksəriyyəti çalışır. Əmək haqqının səviyyəsi və əmək şəraiti ilə razı olmayan şirkət işçisinin bu şəhərdə iki çıxış yolu vardır: ya işdən azad olmalı, ya da işləməyə davam etməlidir. Təbiidir ki, həmkarlar ittifaqlarının mövcud olmadığı belə şirkətlərdə işçilərin maaşları azaldıla və əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilən ehtiyatlar məhdudlaşdırıla bilər. Halbuki, başqa iri şirkətlərlə işçi qüvvəsi uğrunda rəqabət şəraitində belə bir vəziyyət mümkün deyildir. Belə hallarda həmkarlar ittifaqlarının fəaliyyəti iş verənlərin özbaşınalığından qorunmaqda fəhlələrin imkanlarını artırır.
Həmkarlar təşkilatlarının müdafiəsi üçün təklif olunan arqumentlər arasında əməkdaşların tələblərinə adekvat reaksiya verməkdə həmkarlar ittifaqlarının firma rəhbərliyinə köməklik göstərmələri də irəli çəkilir. Belə ki, yeni işçilərin işə qəbul edilməsi zamanı əmək haqqı məsələsinin həllindən başqa əmək fəaliyyətinin digər aspektlərinin, yəni iş həftəsinin və məzuniyyət müddətinin davamiyyəti, əlavə iş saatlarının və xəstəlik vərəqələrinin ödənilməsi, ixtisasın artırılması və əmək mühafizəsi məsələlərinin də razılaşdırılması həyata keçirilir. Fəhlələrin bu məsələlər barəsindəki rəyini ifadə edərək həmkarlar ittifaqları şirkətlərə əməyin normal təşkili üçün lazım olan şəraitin yaradılması haqqında düzgün məlumatlar almağa imkan yaradırlar. Buna görə həmkarların fəaliyyətinin əmək haqqının tarazlaşdırılmış səviyyədən yüksəyə qaldırılmasında və işsizliyin artmasında müəyyən mənfi nəticələrə səbəb olmasına baxmayaraq onlar işçi qüvvəsindən səmərəli istifadə etmək üçün lazımi şəraitin yaradılmasında müəssisənin rəhbərliyinə kömək edirlər.
Yekun olaraq bir daha təkrar edirik ki, həmkarlar ittifaqlarının rolunun dəyərləndirilməsində iqtisadçılar arasında vahid rəy yoxdur. Başqa təşkilatlar kimi onların fəaliyyətinin bir şəraitdə müsbət, digər şəraitdə isə mənfi nəticəsi ola bilər.
- Teqlər:
- həmkarlar ittifaqı
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar ittifaqı
Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.
Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.
1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.
Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.
1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları yerinə yetirmişdir.
1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.
1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.
Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.
Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.
80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.
Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.
Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.
Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.
Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.
Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.
Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.
Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.
Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.
1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.
İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.
İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.
İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.
İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirilib – YENİLƏNİB – FOTO
Fevralın 5-də Heydər Əliyev Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı keçirilmişdir.
AzərTAc xəbər verir ki, qurultayda üzv həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, eləcə də Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, digər beynəlxalq təşkilatların və xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Ukrayna, Belarus, Özbəkistan, Konqo və s. həmkarlar ittifaqları mərkəzlərinin təmsilçiləri iştirak etmişlər.
Qurultayı AHİK-in sədri Səttar Mehbalıyev açmışdır.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur.
Qurultay iştirakçıları Prezidentin təbrikini hərarətli alqışlarla qarşılamışlar.
Sonra gündəlik elan edilmiş, qurultayın rəhbər orqanları seçilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri təbrik sözü söyləmişlər.
Təbrik çıxışlarında Azərbaycan həmkarlar ittifaqları hərəkatının inkişafından, işçilərin əmək hüquqlarının qorunmasında xidmətlərindən danışılmış, qurumun beynəlxalq əlaqələrinin genişlənməsindən söz açılmışdır.
Daha sonra Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in ötən qurultayından keçən dövr ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
S.Mehbalıyev bildirmişdir ki, AHİK-in IV qurultayı əlamətdar hadisə – Konfederasiyanın yaranmasının 20 illik yubileyi ilə eyni vaxtda keçirilir. Qeyd edilmişdir ki, III qurultaydan ötən beş ildə ölkəmizin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərin baş vermiş, əhalinin maddi vəziyyəti yaxşılaşmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, dərin zəkası və uzaqgörən siyasəti nəticəsində əbədi müstəqillik qazanmış Azərbaycanın qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində artmaqdadır.
Bildirilmişdir ki, qurultaylararası dövrdə “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratmış, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu dəyişikliklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, onların işəgötürənlərdən asılılığının azaldılmasına əsas vermişdir.
Qeyd edilmişdir ki, ötən dövrdə hökumətin, işəgötürənlərin və həmkarlar ittifaqlarının birgə səyi nəticəsində məşğulluğun səmərəliliyinin artmasına və işsizliyin azalmasına nail olunmuşdur. Ölkəmizdə işsizliyin səviyyəsi 2008-ci illə müqayisədə 6,1 faizdən 5,2 faizə enmişdir. 2003-cü ilin IV rübündən başlayaraq respublikada 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun da təqribən 70 faizi daimidir. AHİK-in Azərbaycan Hökuməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə hər iki ildən bir bağladığı Baş Kollektiv Sazişdə nəzərdə tutulduğu kimi, son illərdə hökumət ölkədə məşğulluq imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir.
Konfederasiya sədri ölkəmizdə qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün AHİK-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASK ilə birlikdə fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Bildirilmişdir ki, ötən müddətdə AHİK-in və onun üzv təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də layiqli əməkhaqqı uğrunda mübarizə olmuşdur. Respublika həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir. Həmkarlar ittifaqlarının bu sahədə həmrəyliyinin müsbət təsiri olmuşdur.
Məruzədə vurğulanmışdır ki, Azərbaycanda sosial tərəfdaşlığın təmin olunmasında bu tərəfdaşlığın subyektləri – Nazirlər Kabineti, AHİK və ASK məntiqli və düşünülmüş siyasət yürüdür, bütün tərəflərin maraqlarına cavab verən mühüm bir vəzifəni həyata keçirirlər.
Respublikada əmək, əmək münasibətləri, əhalinin məşğulluğu, təhlükəsizlik və əməyin mühafizəsi, əməkçilərin sosial təminatları və s. hüquqlar Baş Kollektiv Sazişdə də əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda sosial dialoqu gücləndirmək, onu beynəlxalq normalara uyğunlaşdırmaq məqsədi ilə AHİK-də “Sosial tərəfdaşlıq haqqında” qanun layihəsi hazırlanmışdır. Daimi fəaliyyət göstərən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi ekspertizadan keçirilmək üçün Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəliyinə təqdim edilmişdir.
Hesabat məruzəsində bildirilmişdir ki, son illər aparılan iqtisadi islahatlarla əlaqədar əmək qanunvericiliyi təkmilləşdirilir. Həmkarlar ittifaqları islahatların əmək adamının istismarı hesabına həyata keçirilməsinin əleyhinədir və əmək münasibətləri sahəsində qüvvədə olan təminatların azalmasına razı deyildir. Bu, həmkarlar ittifaqlarının prinsipial mövqeyidir. Bizim bu mövqeyimiz Əmək Məcəlləsində edilmiş dəyişikliklərdə və əlavələrdə əksini tapmışdır. İndiyədək Əmək Məcəlləsinə aid verdiyimiz 60-dan çox rəy və təklifin əksəriyyəti qəbul olunmuşdur. Son beş ildə AHİK-in iştirakı ilə 113 qanunvericilik aktı və normativ sənəd qəbul olunmuşdur.
AHİK-in illik statistik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan nöqsanların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir. Bu isə müvafiq qurumların və müfəttişliklərin vəziyyətə tam nəzarət edə bilmədiklərinə sübutdur. Bütün bunlar həmkarlar ittifaqlarını inzibati xətalar və cinayət qanunvericiliyini daha da sərtləşdirməyi tələb etməyə vadar edir. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası məhkəmələrində həmkarlar ittifaqı hüquqşünaslarının iştirakı ilə 113 əmək mübahisəsinə baxılmışdır. Bunların 50 faizini işçilər udmuşlar. Bəzi hallarda isə müəssisənin bağlanmasının qarşısı alınmış, iş yerlərini qoruyub saxlamaq, işçilərin pozulmuş əmək hüquqlarını bərpa etmək mümkün olmuşdur. Bu dövrdə 9 min 974 adama təmənnasız hüquqi yardım göstərilmişdir.
Bildirilmişdir ki, hesabat dövründə respublika həmkarlar ittifaqlarına 864 min 818 ərizə və şikayət daxil olmuş və onların 98,2 faizi müsbət həllini tapmışdır. İşçilərin ixtisarı, işdən çıxarılması və digər hüquqların pozulması ilə əlaqədar 17 min 28 müraciət olmuşdur.
Həmkarlar ittifaqları işçilərin qanunsuz işdən çıxarılması məsələsini nəzarətdə saxlayaraq onlara verilmiş hüquqların köməyi ilə tədbirlər görmüşlər. Son beş ildə 3 min 568 nəfərin müraciətinə AHİK-in rəhbər işçiləri tərəfindən baxılmışdır. Ərizə və şikayətlərin həllinə düzgün yanaşma nəticəsində AHİK-ə çoxsaylı minnətdarlıq məktubları göndərilmişdir.
Əməyin və işçilərin sağlamlığının mühafizəsinin həmkarlar ittifaqının prioritet vəzifələrindən olduğunu bildirən S.Mehbalıyev demişdir ki, AHİK-in və üzv təşkilatların bu sahədə gördükləri işlər ictimai nəzarətin gücləndirilməsinə səbəb olmuşdur. 2008-2012-ci illərdə müəssisə və istehsalatlarda 3,2 mindən artıq müayinə aparılmış, əmək qanunvericiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik tələblərinin 14,1 mindən artıq pozulması faktı aşkara çıxarılmışdır. Həmkarlar ittifaqı orqanlarında əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələri və ətraf mühitin problemləri üzrə 668-ə yaxın məsələ müzakirə edilmişdir. Ümumiyyətlə, son beş ildə həmkarlar ittifaqları əməyin mühafizəsi və işçilərin sağlamlığı məsələləri üzrə 40-dan çox qanunverici və normativ aktın işlənib hazırlanması və təkmilləşdirilməsində, əməyin mühafizəsinə dair Beynəlxalq Əmək Təşkilatının iki konvensiyasının ratifikasiyaya hazırlanmasında iştirak etmişdir. AHİK-in təşəbbüsü və iştirakı ilə hazırlanmış “İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında” qanun Milli Məclisdə qəbul edilmiş və 2011-ci ilin yanvarından qüvvəyə minmişdir. Ötən il yanvarın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AHİK və ASK tərəfindən təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, həmkarlar ittifaqları işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər görür. Hazırda həmkarlar ittifaqlarının fəaliyyət göstərən 7 sanatoriyası, bir müalicə pansionatı və iki istirahət evi vardır. Qurultaylararası dövrdə üç istirahət evi fəaliyyətə başlamış, bir sağlamlıq ocağı isə bu il istifadəyə veriləcəkdir. Ötən beş ildə 158 min 889 nəfərin istirahətinin və müalicəsinin təşkili üçün həmkarlar ittifaqları 70,7 milyon manat vəsait xərcləmişdir. Bu dövrdə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfər dincəlmişdir.
Aztəminatlı ailələrin, məcburi köçkün və qaçqın uşaqlara güzəştlər edilmişdir.
Qeyd olunmuşdur ki, AHİK və üzv təşkilatlar hesabat dövründə işçilərin layiqli əmək şəraitini, yaşayışını və sərbəst inkişafını təmin edən mühitin yaradılmasına, həmçinin qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq əsasında inkişaf etdirilməsinə, əmək münasibətlərinin dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə səy göstərmişlər. Həmkarlar ittifaqlarının fəallığı sayəsində təkcə ötən il işəgötürənlərlə 12 min 366 kollektiv müqavilə və 121 saziş bağlanmışdır. Digər qurumlardan fərqli olaraq, müəssisələrdə yaradılmış həmkarlar ittifaqı təşkilatları bilavasitə iş yerində fəaliyyət göstərir və işçilərin problemləri ilə daha yaxından tanışdır. Bu baxımdan Əmək Məcəlləsinin tələblərinin daha çox pozulduğu transmilli şirkətlərin həmkarlar ittifaqına qarşı olan münasibətini neytrallaşdırmaq, əməkçilərin təşkilatını qurmaq, kollektiv müqavilə bağlamaq güclü fəaliyyət tələb edir. Son beş ildə AHİK və üzv təşkilatları transmilli şirkətlərin həmkarlar ittifaqının hüquqlarını pozan hərəkətlərinə qarşı daha sərt mövqe tutaraq Azərbaycanın milli qanunvericiliyinə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına əməl olunması çağırışları ilə çıxışlar etmişlər. Göstərilən səylər nəticəsində transmilli şirkətlərin 28 müəssisəsində həmkarlar ittifaqı təşkilatları təsis edilmişdir.
Bildirilmişdir ki, ümumilikdə hesabat dövründə 1102 yeni həmkarlar ittifaqı təşkilatları yaradılmışdır. Bu təşkilatlar 148 min 448 nəfəri birləşdirir. Təkcə Naxçıvan Muxtar Respublikasında son beş ildə üç min nəfərdən çox həmkarlar ittifaqı üzvünü əhatə edən 639 həmkarlar ittifaqı təşkilatı fəaliyyətə başlamışdır.
Vurğulanmışdır ki, dünyada baş verən qloballaşma prosesləri, ciddi iqtisadi və maliyyə böhranları əhaliyə, eləcə də əmək münasibətlərinə mənfi təsir göstərməkdədir. Yaxşı yaşayış axtarışında olan insanlar bir ölkədən digərinə axışır və müxtəlif problemlərlə qarşılaşırlar. Belə insanlar arasında xeyli sayda həmkarlar ittifaqı üzvü də vardır. Konfederasiya işçi qüvvəsinin miqrasiyası istiqamətində işi fəallaşdırmaq məqsədi ilə 2010-cu il dekabrın 30-da keçirilmiş III Məclisində “Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında” məsələni müzakirə etmişdir. AHİK Rusiya Həmkarlar İttifaqı Federasiyası, eləcə də həmin Federasiyanın Sverdlovsk və Həştərxan Vilayət həmkarlar ittifaqları təşkilatları, Gürcüstan Həmkarlar İttifaqları Birliyi ilə miqrasiya sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalamışdır.
Məruzədə qeyd edilmişdir ki, ötən dövrün aktual problemlərindən biri də həmkarlar ittifaqının cəlbediciliyini artırmaq, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasını gücləndirmək olmuşdur. Göstərilən səylər nəticəsində ölkəmizdə həmkarlar ittifaqı üzvlərinin sayı 1,6 milyon nəfərə çatmışdır.
S.Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının ali təhsil ocağının yaradılmasını vaxtında atılmış düzgün addım kimi qiymətləndirmişdir. Bu gün hamımıza məlumdur ki, həmkarlar ittifaqı işinin təşkili xeyli dərəcədə güclü kadrların hazırlanmasından asılıdır. Əmək və Sosial Münasibətlər Akademiyası həmkarlar ittifaqları üçün kadr hazırlığı bazasına çevrilmişdir. Hazırda akademiyada 624 gənc təhsil alır. Bununla yanaşı, üzv təşkilatların kadr və fəallarının təhsilinin artırılması işi də diqqətdə saxlanılır. Beş ildə 1483 nəfər Akademiyada tədris kurslarında biliyini artırmışdır.
Ölkəmizdə gənc nəslin yetişdirilməsi sahəsində Prezident İlham Əliyevin yürütdüyü siyasəti yüksək qiymətləndirən AHİK sədri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın uğurla icra olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, AHİK-in nəzdində Gənclər Şurası yaradılmış və uğurla fəaliyyət göstərir. Şuranın Əsasnaməsinə uyğun olaraq həmkarlar ittifaqlarının bütün səviyyələrində gənclər şuraları yaradılmışdır. Sevindirici haldır ki, gənc liderlərimiz beynəlxalq səviyyədə özlərini təsdiq etməyi bacarmışlar. Yaponiyada, İtaliyada, Türkiyədə, Rusiyada gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri də uğurla iştirak etmişlər. Belə tədbirlərdən biri – 2012-ci ilin avqustunda “Həmkarlar ittifaqı və gənclərin məşğulluğu” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilmişdir ki, onun işinə on ölkədən 60 gənc qatılmışdır.
Gənclərin təhsil almaq istəklərini, elmi və yaradıcılıq axtarışlarını daim dəstəkləyən AHİK artıq neçə ildir ki, şagirdlərə və tələbələrə adlı təqaüdlər verir. Bu günə qədər 1500-dən artıq gəncə adlı təqaüd verilmişdir. Konfederasiya 56 imkansız tələbənin illik təhsil haqqının bir hissəsini ödəmişdir. 7 min 115 tələbəyə maddi yardım göstərilmiş, 1795 tələbəyə isə pulsuz yemək verilməsi təşkil olunmuşdur.
Dövlətimizin başçısının qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini vurğulayan S.Mehbalıyev ölkəmizin son illərdə dünya və qitə miqyaslı çempionatlara uğurla ev sahibliyi etdiyini məmnunluqla bildirmişdir. Bu sahədə qazandığımız parlaq qələbələrin nəticəsidir ki, ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Məruzədə hazırda ölkəmizdə 903 bədən tərbiyəsi kollektivinə 200 minə yaxın işçinin və onların ailə üzvləri cəlb olunduğu diqqətə çatdırılmışdır. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 5 idman cəmiyyəti, 4 idman klubu və 1 idman sağlamlıq klubunu birləşdirir. Həmkarlar ittifaqı idman təşkilatlarının istifadəsində 2230 idman qurğusu, o cümlədən 2 stadion, 86 idman zalı, 2127 sadə idman meydançası, 5 üzgüçülük hovuzu və 10 kompleks idman qurğusu vardır. Son illər həmkarlar ittifaqı idman təşkilatlarında 4040 nəfər dərəcəli idmançı yetişdirilmişdir. “Yüksək idman ustalığı uğrunda” spartakiada ilboyu keçirilir. Həmkarlar ittifaqı idmançıları hesabat dövründə 611 respublika yarışında 5922 idmançı ilə təmsil olunmuş, respublika çempionatlarında 415 qızıl, 351 gümüş və 403 bürünc medala layiq görülmüşlər. 1531 idmançı isə rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda 36 qızıl, 31 gümüş və 64 bürünc medal qazanmışdır. XXX London Yay Olimpiya Oyunlarında Assosiasiyanın idmançıları da fəal iştirak etmişlər.
Vurğulanmışdır ki, AHİK və üzv təşkilatları beynəlxalq əlaqələr sahəsində gələcək yerini qloballaşmanın sosial cəhətdən ədalətsiz inkişafına, milli və transmilli kapitalın muzdlu işçilərin və həmkarlar ittifaqlarının hüquqları üzərinə getdikcə artan təzyiqlərinə qarşı mübarizədə görürlər. Bu mübarizədə informasiya mübadiləsinin rolu danılmazdır. AHİK təkcə bu məsələlərdə deyil, vahid informasiya sisteminin təkmilləşdirilməsi, KİV-lərlə daha sıx əməkdaşlığın yaradılması, həyata keçirilən tədbirlərin yayılması yönündə ardıcıl işlər görür. Ötən müddətdə qazanılan uğurların həmkarlar ittifaqı üzvlərinə, ictimaiyyətə çatdırılmasında “Ülfət” qəzetinin böyük rolu olmuşdur. Qəzet Konfederasiya, sahə, bölgə, ilk təşkilatlar səviyyəsində keçirilən tədbirləri, qabaqcıl təşkilatların iş təcrübəsini geniş işıqlandırmış, mühüm problemlər qaldırmış, üzvlərin hüquqi maarifləndirilməsi işində xüsusi fəallıq göstərmişdir.
AHİK sədri demişdir ki, 2005-2012-ci illərdə həmkarlar ittifaqlarındakı xidmətlərinə görə respublika həmkarlar ittifaqlarının 82 işçisi ölkəmizin orden və medalları ilə təltif olunmuş, üç nəfərə Prezident təqaüdü verilmiş, 43 nəfər Fəxri adlara layiq görülmüşdür.
S.Mehbalıyev demişdir ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirmişlər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq. Bizim arzumuz və amalımız hər bir ölkə vətəndaşının, hər bir həmkarlar ittifaqı üzvünün həyatında sürətli inkişaf və tərəqqinin öz əksini tapmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımların, imzaladığı fərman və sərəncamların, verdiyi tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda bizə böyük dəstəkdir. İnanırıq ki, AHİK üzv təşkilatlarla birlikdə bundan sonra da yeni uğurlara imza atacaqdır.
Fasilədən sonra işini davam etdirən AHİK-in IV qurultayında Təftiş Komissiyasının hesabatı dinlənilmişdir. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin başçısının qurultaya təbrik məktubunda həmkarlar ittifaqlarının fəaliyyətinin dəyərləndirilməsi, o cümlədən qarşıda duran vəzifələrlə bağlı mühüm fikirlərin qeyd olunduğunu diqqətə çatdırmışdır.
Konfederasiyanın və üzv təşkilatların ötən beş ildəki fəaliyyətini qənaətbəxş hesab edən Ə.Həsənov Azərbaycanda həmkarlar ittifaqı hərəkatının tarixindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan tarixində ilk dəfə 1905-ci ildə Bakı fəhlələri ilə neft sənayesini təmsil edən qurumlar arasında ilk kollektiv saziş imzalanmışdır. Bu sazişlə demək olar ki, işçilərin hüquqlarının müdafiəsi haqqında ilk hüquqi-normativ sənəd ortaya qoyulmuşdu. Azərbaycan həmkarlar ittifaqının tarixi məhz o dövrdən başlanır.
Qeyd edilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə sovet dönəmində formalaşdırılmış, inkişaf etdirilmiş digər dəyərlər kimi, respublika həmkarlar ittifaqı hərəkatı da ciddi təzyiqlərə məruz qalmış, bu təşkilatların ləğv edilməsi təhlükəsi yaranmışdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həmkarlar ittifaqlarının təşkilatlanması prosesi başlanmışdır. Ümummilli liderimiz həmkarlar hərəkatına həm əmək adamlarının hüquqlarının müdafiəsi məktəbi kimi xüsusi diqqət yetirmiş, bu təşkilatın güclənməsinə, fəaliyyətinə mühüm yer ayırmışdır. Məhz ulu öndərin hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında yeni dövrün təməli qoyulmuş və onlar yenidən nüfuz qazanmağa başlamışlar.
Prezident Administrasiyasının şöbə müdiri AHİK-in inkişafında qurumun hazırkı sədri S.Mehbalıyevin fəaliyyətini xüsusi vurğulamış, bu xidmətlərinə görə onun “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsinə dəstək verməklə bu mühüm sahəyə böyük qayğı göstərmişdir.
Ə.Həsənov demişdir ki, digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda hakimiyyətlə həmkarlar təşkilatları əsl tərəfdaşdırlar. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da fəaliyyətinin təməlində Azərbaycan vətəndaşı, onun rifahı və hüquqlarının təmin edilməsi dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş bütün Dövlət proqramlarının təməlində Azərbaycan vətəndaşı durur.
Azərbaycanda dövlət həmişə həmkarlar təşkilatlarına özünün ciddi tərəfdaşı kimi baxır.
Azərbaycan hökumətinin beynəlxalq əmək hüququ ilə bağlı beş konvensiyaya qoşulduğunu xatırladan Ə.Həsənov vətəndaşların minimal həyat şəraiti haqqında daha bir beynəlxalq konvensiyaya qoşulmaq istiqamətində iş aparıldığını vurğulamışdır.
Şöbə müdiri demişdir ki, həmkarlar ittifaqlarının daxildə vətəndaşların, işçilərin hüquqlarının qorunması ilə bağlı təkliflərini dəstəkləyirik, qanunvericilikdə dəyişikliklər edilərək həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsinə çalışırıq. Belə bir şəraitdə AHİK-in IV qurultayı ölkə səviyyəsində mühüm hadisədir. Sevindirici hal odur ki, Azərbaycan vətəndaşlarının əsas təməlini yaradan həmkarlar ittifaqlarının üzvləri növbəti prezident seçkilərinə dövlətimizin başçısının namizədliyi irəli sürürlər. Bir ölkənin həmkarlar ittifaqları təşkilatları respublikanın birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə bu, cəmiyyətdəki həmrəyliyin, dövlətlə həmkarlar təşkilatları arasında birliyin göstəricisidir. Sizin bu qərarınızı bütün Azərbaycan xalqı alqışlayacaqdır.
Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirən Ə.Həsənov demişdir ki, bu gün Xalq Yazıçısı adını daşıyan bir adam bəşəri hislərin önündə getmək əvəzinə, Azərbaycan xalqına şər atır, minlərlə şəhidin ruhunu tapdalayır. Bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşamışdır. İrəvan əhalisinin 90 faizi azərbaycanlılar olmuşdur. Bir fransız rəssamın əsrin əvvəllərində çəkdiyi əsərdə bu şəhərdə çoxlu sayda məscid görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bura nə zamandan orta əsr Ermənistan torpağı olub?
Ə.Həsənov vurğulamışdır ki, bir insanın milli vətəndaşlıq hissi, məsuliyyəti yoxdursa onda bəşəri hisslər, məsuliyyət ola bilməz. Bir insan özünün “bəşəri hisslərini” nümayiş etdirmək üçün xalqına böhtanmı atmalıdır? Bu insan Azərbaycan gənci ilə torpaqlarımızı işğal edən, yüz minlərlə azərbaycanlını qətlə yetirən, Xocalı soyqırımını törədən erməni gəncini müqayisə edir. Ermənini bəşəri, azərbaycanlını isə cılız, düşkün hisslərə malik gənc kimi təsvir edir. Bu insan öz xalqının, millətinin maraqlarını beynəlxalq aləmdə nəyə isə dəyişməyə hazır olduğunu nümayiş etdirir. Belə insanlara biz Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Əlbəttə, onu daş-qalaq etməyəcəyik. Biz tolerant xalqıq, belə insanları çox görmüşük, belələrinə dözmüşük.
Orxan Pamuk “Türklər “erməni soyqırımı”nı tanımalıdır” cümləsinə görə millətinin qınağına çevrildi. O, bütün milli dəyərlərindən Nobel mükafatı almaq üçün imtina etdi. Əgər sənin xalqın yoxdursa, milli mənsubiyyətin şübhə altına alınırsa, səndən millətin, xalqın imtina edirsə, o Nobel mükafatına dəyərmi? Bir insanın milli hissindən yüksək hiss ola bilməz. Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə münasibət göstərirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək? Ar olsun belələrinə.
Daha sonra sahə həmkarlar ittifaqları respublika komitələrinin sədrləri hesabat məruzələri ətrafında çıxış edərək Konfederasiyanın ötən qurultaydan sonrakı fəaliyyətini qənaətbəxş hesab etmişlər. Bildirilmişdir ki, son illərdə ölkəmizdə həmkarlar ittifaqları təşkilatlarının inkişafına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilmişdir. Natiqlər təmsil etdikləri təşkilatların üzvləri adından 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini təklif etmişlər.
AHİK-in IV qurultayına beynəlxalq təşkilatların və xarici ölkələrin həmkarlar ittifaqlarının təbrik teleqramları oxunmuşdur.
Sonra təşkilati məsələlərə baxılmış, hesabat məruzəsi və təftiş komissiyasının hesabatı səsə qoyularaq qəbul edilmişdir.
Milli Məclisin deputatı Səttar Suliddin oğlu Mehbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir.
Konfederasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, AHİK-in fəaliyyətinin əsas istiqamətləri təsdiq olunmuşdur.
AHİK-in IV qurultayı 2013-cü ildə prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmişdir.
AHİK qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.
Müraciətdə qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi daha da güclənmiş, müasir cəmiyyət quruculuğu yolunda mühüm nailiyyətlər əldə etmişdir.
Bildirilmişdir ki, xalqımızın lideri olaraq dövlətimizin başçısının fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına ciddi təkan vermişdir. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı da prioritet məsələ kimi qarşıya məqsəd qoyulmuşdur. Bu istiqamətdə islahatların, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının ardıcıl həyata keçirilməsi bütün bölgələrin simasının yenilənməsinə, müasir infrastrukturun formalaşmasına səbəb olmuşdur. Ölkədə yüz minlərlə yeni iş yerinin yaradılması, yoxsulluğun azaldılması, minlərlə sənaye və emal müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.
Respublikamızın dinamik inkişaf etdiyinin, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində möhkəm dönüş yaradıldığının vurğulandığı müraciətdə Azərbaycanın regionda reallaşan bütün beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olduğu diqqətə çatdırılmışdır.
Müraciətdə Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan torpaqlarının erməni işğalından tezliklə azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilmişdir. Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında təsir imkanlarının artmasının parlaq göstəricisidir.
Müraciətdə bildirilmişdir ki, ölkəmizdə ən kütləvi ictimai təşkilat olan həmkarlar ittifaqlarına dövlətimizin başçısının diqqət və qayğısını qurultay nümayəndələri xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər.
AHİK-in IV qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciət qəbul edilmişdir.
Müraciətdə qurultay nümayəndələri dünya dövlətlərini Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırmışlar.
Qurultayda ictimai təşkilatlara da müraciət qəbul olunmuşdur.
Bununla da AHİK-in IV qurultayı öz işini başa çatdırmışdır.
AzərTAc xəbər verir ki, fevralın 5-də Heydər Əliyev Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı işə başlamışdır. Qurultayda həmkarlar ittifaqları üzv təşkilatlarından 1300-dək nümayəndə, eləcə də 40-dan artıq ölkənin həmkarlar ittifaqları təşkilatlarının və beynəlxalq qurumların təmsilçiləri iştirak etmişlər.
Qurultayı Konfederasiyanın sədri Səttar Mehbalıyev açmışdır.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur.
Qurultay iştirakçıları Prezidentin səmimi təbrikini hərarətli alqışlarla qarşılamışlar.
Sonra gündəlik elan edilmiş, qurultayın rəhbər orqanları seçilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev, bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri təbrik sözü söyləmişlər.
Daha sonra Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in ötən qurultayından keçən dövr ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Böyütmək üçün şəkillərə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.