Press "Enter" to skip to content

Adımı hardan bilirəm

– Özündənrazı kimi görünürsüz. Bu, sizə çətinlik yaratmır ki?

Ceyranın nağılı

Biri var idi, biri yox idi, günlərin bir günündə Hindistanda bir padşah var idi. Bu, çox zalım padşah idi. Özü də böyük tilsimkar idi. Dünyada padşah yox idi ki, bu Hind padşahından inciməyə. Bu padşahın Zərğova adlı bir gözəl qızı var idi. Belə ki, bu qız üçün hər tərəfdən elçi gəlib istəyirdilər, amma padşah qızı heç kimə vermirdi. Sənə xəbər verim Rum padşahının oğlundan. Rum padşahının oğlu Zərğova xanımın eşqindən dəli-divanə olmuşdu. Ancaq neçə kərə elçi göndərmişdisə də, padşah qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşahının oğlu qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi. Rum padşahının oğlu əlacsız qalıb, atasının var-yoxundan əl çəkib başlamışdı tilsim dərsi oxumağa. Nə ki, tilsim var idi öyrənəndən sonra qayıdıb gəlmişdi Hində, xəbər göndərmişdi Hind padşahına ki, Zərğova xanımı ver mənə! Verməsən, səninlə tilsim davası eləyəcəyəm. Ya gərək sən qalasan dünyada, ya da mən. Elə ki, bu xəbər gəlib çatdı, Hind padşahı baxıb gördü ki, bu çox tilsim dərsi oxuyub, bununla bacara bilməyəcək, çağırıb vəziri dedi: – Vəzir, tədbir gör mənə! Rum padşahının oğlu Əhməd gəlib. Özü də tilsimin bütün açarlarını bilir. Əgər başlasam davaya gücüm çatmaz.

Vəzir dedi: – Padşah sağ olsun, gəl bir dəmir sandıq qayır, qonaqlıq çağır, qonaqlığa Rum padşahının oğlu Əhmədi də çağır, ver bihuşdarını ona, sal sandığa, itir getsin. Padşah vəzirin tədbirinə razı olub, Rum padşahının oğlu Əhmədə xəbər göndərdi ki: “razıyam, özü də bu gecə mənə qonaqdı”. Əhməd razı olub, durub gəldi Hind padşahının evinə qonaq. Bir az danışıb güləndən sonra araya süfrə gəldi. Padşah tez durub getdi aşbazın yanına, Əhmədin xörəyinə bihuşdarı töküb, qayıtdı oturdu yerində. Xörək araya gəlib bismillah eləyən kimi Əhməd bihuş olub yıxıldı yerə. Hind padşahı o qədər yanırdı Əhmədin əlindən ki, o saat Əhmədi saldı sandığın içinə, üstəlik bir tilsim də oxuyub döndərdi tüstüyə, sandığın ağzını bağlayıb götürdü gəldi imarətinin dalında bir məndəcər var idi, həmin məndəcərin günçıxan əlində bir dərin quyu qazıyıb, sandığı salıb quyuya, quyunu da torpaqlayıb, çıxıb getdi. Padşah həmin gün bir imarət tikdirib Zərğova xanımı köçürtdü təzə imarətə ki, quş quşluğu ilə qızı görməsin. Bunlar burda qalsın, sənə xəbər verim Hind vilayətindən. Hind vilayətində Rizvan adında kasıb bir kişi olurdu. Bunlar bir ər idi, bir də ki, arvad. Rizvanın əlindən heç bir sənət gəlməzmiş, təkcə odunçuluqdan başqa. Səhər durub oduna gedərmiş, axşam olan kimi qayıdıb evə gələrmiş, az-çox qazandıqlarından yeyib, başlarını bir təhərnən dolandırarlarmış. Bir gün Rizvan səhər durub oduna gedir. Bir şələ yığıb, götürüb gəlir bazara. Satan macalda padşahın darğası gəlib Rizvanı tutur. Odununu şələ ilə əlindən alıb, özünü də döyüb qovur. Rizvan bir başına, bir döşünə vurub ağlaya-ağlaya gəlib padşahın elçi daşının üstə oturub gözləyir. Qədimlərdə hər padşahın özünə görə bir elçi daşı var idi. Kimin nə dərdi olsaydı, gəlib oturardı elçi daşının üstündə, padşah xəbər göndərərdi ki, elçi gəlib. Padşah izin verəndən sonra, gəlib elçi daşının üstündə oturanı aparardılar padşahın yanına. Rizvan da elçi daşının üstündə oturmuşdu. Padşaha xəbər getdi ki, elçi daşının üstündə bir nəfər gəlib oturubdu. Padşah dedi: – Gedin, görün nə istəyir? Gəlib Rizvana dedilər: – Neyçün oturmusan elçi daşının üstündə? Diləyin nədi? Rizvan dedi: – Mən padşahı görmək istəyirəm. Qayıdıb padşaha xəbər verdilər ki, elçi daşının üstündə oturan səni görmək istəyir. Padşah dedi ki: – Gedin çağırın! Padşahın adamları gəlib Rizvanı götürüb, gəldilər padşahın yanına. Rizvan ədəb salamını verib dayandı. Padşah xəbər aldı: – Nəyə gəlmisən? Diləyin nədi? Rizvan dedi: – Padşah sağ olsun, bir şələ odunum var idi. Sənin darğan tutub aldı əlimdən. Padşah əmr verdi ki: – Darğanı çağırın gəlsin! Darğanı çağırdılar, gəldi padşahın hüzuruna. Padşah dedi: – Bu kişinin odununu ver. Darğa dedi: – Padşah sağ olsun, odunu işlətmişəm, pulu nə qədər eləyir, verim. Rizvan dedi: – Mən pul istəmirəm, mən öz odunumu istəyirəm. Padşah Rizvana hər cür odun verdi, pul verdi, Rizvan almayıb dedi: – Mənə ancaq öz odunum gərəkdi. Verməsəniz çıxıb bazara size biabır eləyəcəyəm. Padşah dedi: – Rizvan, gəl odunun adını çəkmə! Nə sənət bacarırsan verim sənə, işlə, iki o qədər qazan! Rizvan bir qədər fikrə getdi. Haçandan-haçana başını qaldırıb, padşahın üzünə baxıb dedi: – Padşah sağ olsun, bağbanlıq bacararam. Padşah dedi: – Elə mənə bağban gərəkdi. Eybi yoxdu. İndi ki, ürəyindən bağbanlıq keçir, get mənim imarətimin dalında məndəcər bir yer var, o yeri verdim sənə. Amma günçıxan yerdə bir çökək məndəcər yer var, nəbadə o yerə dəyəsən. Rizvan günü səhərdən başladı bu məndəcəri belləyib bağ salmağa. Nağıllarda ay, il tez başa gələr. Çox çəkmədi, Rizvan burda bir bağ saldı, gəl görəsən. Bağı becərəndən sonra padşaha xəbər göndərdi ki, bağ hazırdı, gəlsin baxsın. Padşah vəziri, vəkili çağırıb cəmləşdilər bir yerə, durub gəldilər Rizvanın bağına tamaşa eləməyə. Padşah bağa girən kimi gördü ki, Rizvan burda bir bağ salıbdı, gəl görəsən. Bura hər cür ağacdan, güldən əkib. Bura olub bir laləzarlıq. Gül bülbülü çağırır, bənövşələr açıb, ağacdakı meyvələr dəyib, elə bil behiştin bir guşəsidi. Padşah Rizvana afərin deyib bağı dolandı, gedən macalda Rizvana bir kisə qızıl verib çıxıb getdi. Padşah bu bağı saldı öz adına. Padşah çıxıb gedəndən sonra Rizvan bir gün əlinə bel alıb o baş, bu başa gəzirdi, birdən yadına düşdü ki, padşah ona demişdi, gün çıxan yerdə məndəcər bir yer var oranı işləmə. Rizvan şübhələnib dedi, görəsən burda nə var ki, padşah razılıq vermir. Gərək bu məndəcərliyi qazıyam, görəm burda nə var. Rizvan alıb əlinə beli, başladı bu məndəcər yeri belləməyə. Belləyən vaxtı gördü ki, yerin altından səs gəlir ki: – Ey Rizvan, nə üçün məni qoymayırsan rahat yatmağa? Rizvan bu səsi eşidən kimi qorxuya düşüb qaçdı. Axşama kimi bağa girmədi. Səhər tezdən arvadına dedi: – Arvad, get bağa, filan məndəcərlikdə bel qoymuşam, onu götür, gəl! Rizvanın arvadı Nisə durub gəldi bağa, həmin məndəcərlikdəki beli götürüb gəlmək istəyirdi ki, birdən yer altından səs gəldi: – Ay Nisə qarı, ərin Rizvan niyə gəlmədi? Belə deyəndə Nisənin ürəyi gedib dəydi yerə. Rizvan arvadını gözlədi, gördü ki, arvadı gəlib çıxmadı. Durub ayağa çıxdı bağa. Amma qorxusundan məndəcərliyə getməyib, bir az uzaqda dayanıb, ağız dolusu çığırmağa başladı: – Ay Nisə. Ay Nisə. Rizvan gördü ki, nə Nisə? Nisə yoxdu. Getdi fikrə. Axırda qeyrətə dolub dedi: – Cəhənnəmə ki, gedərəm, nə olar, olar. Rizvan durub, canını dişinə alıb özün yetirdi məndəcərliyə. Gördü ki, arvadı Nisə tirtap uzanıb. Rizvan yeriyib irəli, Nisəni bir neçə kərə silkələyib ayıltmaq istəyirdi ki, birdən yerin altından yenə də səs gəldi. Rizvan canını dişinə alıb: – Nə olur-olsun! Gərək bu məndəcərliyi qazıyam, görəm burda nə var. Rizvan Nisəni ayıldıb, götürüb gəldi evinə, xəbər aldı: – Arvad, sənə nə oldu ki, ürəyin gedib sərilmişdin yerə? Nisə başına gələni əri Rizvana danışdı. Rizvan da başına gələni arvadı Nisəyə danışıb dedi: – Arvad, mən gedirəm məndəcərliyi qazıyam, görəm yerin altında nə var. Rizvan günü batırıb, beli əlinə alıb bina qoydu məndəcərliyə. Başladı torpağı yumşaldıb qazımağa. Dörd boy qazıyıb beşə çatanda dəmir sandığa rast gəldi. Tez arvadı Nisəni harayına çağırıb zor-gücnən sandığı quyudan çıxardıb, götürüb gəldi evinə, dedi: – Arvad, qapıları bağla, açaq bu sandığı, görək içində nə var? Nisə durub, qapı-bacanı bərk-bərk bağlayıb gəldi ərinin yanına. Rizvan bismillah deyib sandığın qapağını açan kimi tüstü evi bürüdü. Haçandan-haçana tüstü gözdən itib gedən kimi Rizvanın qabağında bir dərviş peyda oldu. Dayanıb dedi: – Ey Rizvan, salamun əleyküm! Rizvanın qorxudan qarnına sancı düşdü. Tez dərvişə baş əyib dedi: – Əleyküməssəlam! Dərviş Rizvana dedi: – Ya gəl mənə qardaş ol, ya da səni öldürrəm. Rizvan dedi: – Məni nə üçün öldürürsən? Qardaş demirsən, olaq da. Dərviş dedi: – Rizvan, şərtim var. Rizvan xəbər aldı: – Başına dönüm, şərtini de görüm! Dərviş dedi: – Birinci şərtim budu ki, mənim sandığa nə üçün girməyimi xəbər almayasan. Rizvan dedi: – Baş üstə, almaram. Dərviş dedi: – İkinci şərtim odu ki, mən neyləsəm, nə iş görsəm, məndən xəbər almamalısan. Rizvan dedi: – O da baş üstə, almaram. Dərviş dedi: – Üçüncü şərtim odu ki, sənin arvadını hara göndərdim, başına nə gətirdim, məndən heç bir söz xəbər almayıb deməyəsən ki, filan işi niyə belə gördün? Burda Rizvan bir az dayanıb fikrə getdi. Dərviş xəbər aldı: – Rizvan, nə deyirsən? Razısan, ya yox? Rizvanın çarəsi kəsilib dedi: – Çox gözəl, razıyam. Günorta vaxtı dərviş əl atıb, yeri qazıyıb, bir kasa qatıq çıxardıb, Rizvana göstərib xəbər aldı: – Rizvan bu qatıq ağdı, qara? Rizvan istədi deyə ki, qatıq ağdı, birdən dərvişin şərti yadına düşüb dedi: – Bilmirəm. – Mən deyirəm bu qatıq qaradı. Sən necə bilirsən? Rizvan dedi: – Qoy bir yaxşı-yaxşı baxım. Rizvan boylanıb kasaya baxandan sonra dedi: – Dərviş baba, qatıq qaradı. Rizvan belə deyəndə dərviş dedi: – Rizvan, mən üç günün səfərinə gedirəm. Tez gələrəm, amma mən gedib gəlincə evdən bayıra çıxma, arvadının yanına da girmə. Rizvan baş üstə dedi. Dərviş Rizvanın evindən getmək bəhanəsilə çıxıb damda gizləndi. Gecənin bir aləmində düşüb damdan endi həyətə, gördü ki, ərarvad yatıblar. Dərviş enib bağa, həmin məndəcərliyə getməkdə olsun, Rizvan bu tap-tupa ayılıb gördü ki, həmin dərvişdi. Düşüb qarabaqara dərvişin dalısınca, gəlib çıxdı həmin məndəcərliyə. Özün verib ağacların dibinə gördü ki, dərviş bu məndəcərliyə üzüquylu düşüb başladı ağlamağa. Haçandan-haçana durub, əlinə bel alıb, yeri qazımağa başladı. Böyük bir daş qaldırdı, daşın altından bir quyu çıxdı, dərviş girib quyuya, haçandan-haçana quyudan çıxdı, qucağında da bir ceyran. Dərviş ceyranın başını kəsdi, alıb dalına, götürüb gəldi, çıxıb dama, yıxılıb yatdı. Rizvanı fikir götürüb xof apardı ki, bu necə olan işdi. İstədi durub çıxa dama, dərvişin ala başının üstünü, bu sirdən xəbərdar ola, kəsdiyi şərt yadına düşdü, dedi: – Eybi yoxdu, gözləyim görüm bu işin axırı necə olacaq. Səhər tezdən dərviş durub, ceyranı alıb qucağına damdan düşdü. Rizvanın arvadı Nisəyə dedi: – Al bu ceyranı, soymamış doğra, tök qazana bişir! Amma nəbadə dadına baxasan. Nisə dedi: – O da mənim gözüm üstə. Dərviş bir əfsun oxuyub qalxdı göyə. Göydən Nisəyə baxırdı ki, görək Nisə nə edir. Nisə qollarını çırmalayıb ceyranı soymamış doğrayıb tökdü tavaya. Ocaq qalayıb başladı ceyranın ətini qovurmağa. Dərvişin istədiyi o idi ki, ürəkli bir arvad tapa. Odu ki, qalxıb göyə, bir əfsun oxuyub oldu laçın, göydən enib yerə, Nisəyə bərk bir çarpaz qanad vurdu. Nisə qorxmayıb əlindəki kəfkiri tolazladı laçının dalınca. Kəfkir dəymədi. Dərviş gedib bir az uzaqda cildindən çıxıb həmənki adam oldu, gəldi Nisənin yanına. Nisə də qayıdıb oturmuşdu ocaq başında, ceyranın ətini qovururdu, dərviş gəlib oturdu ocağın qırağında, Nisəyə dedi: – Nisə, get bir nimçə gətir, bu ceyranın ətindən çəkək. Nisə durub nimçə üçün getməkdə olsun, dərviş tavanı götürüb qoydu yerə. Qoltuğundan bir şüşə qab çıxardıb tavanın yağını töküb qaba, tavada olan əti səpələdi toz-torpağın üstə. Bu tərəfdən də Nisə əlində nimçə gəlib çıxdı. Dərviş dedi: – Hayıf bu tavadakı ceyran ətindən. Ocaq uçdu, ət də dağıldı toztorpağın üstünə. Nisə dedi: – Canın sağ olsun! Dərviş babasan, indi gedib bir alayı ceyran tapıb gətirərsən. Dərviş durub gəldi evə, başının altına xurcun qoyub yatmaqda olsun, sənə xəbər verim Rizvandan. Rizvan bağı sulayıb qurtarıb evə gəlirdi, gördü ki, ağac dibində ocaq qurulub. Amma ki, bu ocağın qırağında o qədər ət tökülüb qalıb ki, gəl görəsən. Rizvan bərk acmışdı. Bardaş qurub ocağın qırağında, başladı bu ətdən yeməyə. Bir vədə gördü ki, qarnı şişib olub damca. Yerindən tərpənə bilməyib, yıxılıb qaldı. Sənə xəbər verim padşahdan. Padşah bir gün durub Rizvanın bağına gəzməyə gəldi. Girib bağa, gəzib dolandı, gördü həmişə Rizvan bunun qabağına çıxardı, amma bu dəfə çıxmadı. Tez özün yetirdi məndəcərliyə, gördü ki, həmin yerdə ki, Rum padşahının oğlu Əhmədi tilsimə salmışdı, quyu qazılıb, sandıq da yoxdu. Padşah iki əlli başına qapaz vurub oturdu ağlamağa. Padşah burada qalsın, sənə xəbər verim vəzirdən. Vəzir gözlədi, gördü ki, padşah gəlib çıxmadı, durub gəldi bağa. Gördü ki, padşah oturub ağacın dibində ağlayır. Vəzir xəbər aldı: – Padşah sağ olsun, bu nə olan işdi? Padşah bütün əhvalatı vəzirə danışıb dedi: – Vəzir, tədbir gör! Vəzir dedi: – Padşah sağ olsun, heç bir tədbiri yoxdu. Çarə səninkidi. Qızını gərək verəsən. – Heç bu olan iş deyil. Mən qızımı əhd eləmişəm ki, heç kimə verməyəm. Vəzir dedi: – İndi ki, belədi, ixtiyar sənindi. Durub gəldilər imarətlərinə. Padşah gecəni səhərə kimi yatmayıb tədbir görməkdə olsun, al xəbəri Nisə xanımdan. Nisə əri Rizvanı gözlədi, gördü ki, gəlib çıxmadı, durub çıxdı bayıra. Rizvanı bir neçə ağız çağırıb gördü ki, Rizvan səs vermədi, çıxıb bağa, o yan, bu yana gəzib, gördü ki, ocaq qaladığı yerdə dağ boyda bir şey yastılanıb yatıbdı. Nisə bir qədər yeriyib irəli, gördü ki, əri Rizvandı, qarnı şişib, dönüb dama. Nisə qorxub tez durub gəldi dərvişin yanına, gördü ki, dərviş yatıb. Nisə dərvişi silkələyib durğuzdu. Dərviş ayılıb Nisəyə bir sillə vurub dedi: – Vay evini Allah yıxsın! Yuxu görürdüm, məni yuxudan yarımçıq ayıltdın, qoymadın yuxumu tamam görüm. Nisə dedi: – Nə görürdün? Dedi: – Kəs səsini, çəpəl! Yarımçıq yuxunu danışmazlar. Məni nə üçün yuxumdan elədin? Nisə dedi: – Dərviş, bizim kişinin qarnı şişib. Dur çıx bayıra, bəlkə bir çarə eləyəsən. Nisə belə deyəndə dərviş barmağını dişləyib, tez durub çıxdı bayıra. Özün yetirib ocağın qırağına gördü ki, Rizvanın qarnı şişib. Bildi ki, ceyran əti yeyibdi, dedi daha bundan adam olmaz. Dərviş çox peşiman oldu, çünki ceyran ətini Nisə üçün saxlamışdı, olmadı. Göz gəzdirib o yan, bu yana, gördü ki, yerdə iki böyük tikə ət qalıb. Tez götürüb qoydu qoltuq cibinə. Nisə dedi: – Mənim ərimə bir çarə! Dərviş dedi: – Nisə, sənin ərin Rizvana çarə olmaz. Gəl basdıraq! Nisənin çarəsi kəsilib, qəbir qazıyıb, Rizvanı dəfn elədilər. Gecə yarısı dərviş durub gəldi qəbir üstə, açıb qəbrin ağzını, Rizvanın qarnını yarıb, həmin ceyranın ürəyini çıxardıb Rizvanın qarnından, yenə qəbrin üstünü örtüb çıxıb gəldi. Aradan bir müddət keçəndən sonar dərviş Nisəyə dedi: – Nisə, gəl Allah yolu ilə, peyğəmbər şəriəti ilə get mənə! Nisə razı olub kəbinini kəsdirdi. Dərviş başladı Rizvanın adından bağa qulluq eləməyə. Bir gün dərviş dedi: – Nisə, al bu ürəknən bu əti yağda qovur. Nisə ürəyi alıb ceyran əti ilə bərabər tökdü tavaya. Dərviş aranı xəlvət eləyib ceyranın yağından tökdü tavaya. Elə ki, xörək bişib hazır oldu, Nisə süfrəni döşəyib xörəyi çəkdi, oturub yeməyə başladılar. Nisə ac idi. Ceyranın ətini ürəknən yeyirdi. Amma dərviş tilsim oxumuşdu. Nisənin gözünə elə görsənirdi ki, guya ceyranın ətindən o da yeyir, amma dərviş yemirdi. Bir azdan sonra hər ikisi süfrədən əl çəkdi. Dərviş durub gəldi bağa işləməyə. Bunlar burda qalsınlar, sənə xəbər verim padşahdan. Padşah öz qızının imarətini dörd tərəfdən hasara aldı ki, ins-cins qızı görməsin. Əmr verdi ki, şəhərə dərviş paltarında kim girsə, tutub damlasınlar. Qoşun əhli padşahın buyurduğunu yerinə yetirməkdə olsunlar, sənə xəbər verim Nisədən. Nisə bir vədə gördü ki, heç doqquz ayı tamam olmamış bari-həmlin qoyub yerə, bir oğlan doğdu. Bu oğlan yarı insan, yarı ceyrandı. Amma bunda bir qaş-göz vardı ki, gəl görəsən. Baxan heyran olurdu. Dərviş özünü yetirib Nisəyə, gördü ki, Nisə oğlan doğubdu. Amma bunun başı insan başıdı, bədəni ceyran bədəninə oxşayır. Qoltuğundan bir çubuq çıxardıb vurdu uşağa, dedi: – Ey çəpəl, bu nə sir-sifətdi? Çubuğu vuran kimi ceyran dönüb oldu bir gözəl oğlan. Dərviş Nisəyə dedi: – Bu uşağın adını qoyarsan Ceyran. Nağıllarda vaxt tez başa gələr. Ceyran böyüyüb çatdı on beş yaşına. Bu elə şücaətli pəhləvan oldu ki, gəl görəsən. Dərviş başladı Ceyrana pəhləvanlıq tərbiyəsi verməyə. Ceyran olmuşdu pəhləvan. Nisə isə baxıb oğluna fərəhlənirdi. Bir gün dərviş fikrə gəldi ki, Zərğova xanımı ələ gətirsin. Durub manqal qoyub Ceyranın adını yazdı bir nala, bir nal da götürüb Zərğovanın adını yazıb atdı manqala. Bunları qızdırıb Ceyranın məhəbbətini saldı Zərğovanın ürəyinə. Sənə xəbər verim kimdən, Zərğova xanımdan. Zərğova xanım yatıb yuxuda gördü ki, on beş yaşında cavan oğlan gəlib oturdu dizinin üstündə. Bir alma verib çıxıb getdi. Zərğova səhərnən yuxudan ayılıb dəli-divanə oldu. Amma bir belə adam tapa bilmədi ki, açıb ürək sirrini deməyə. Qız günü-gündən saralıb solmağa başladı. Padşaha xəbər getdi ki, qızın Zərğova bərk naxoşdu. Padşah düşdü əl-ayağa. Adam göndərdi, təbib gəldi, nə qədər dava-dərman elədilər, çarə olmadı ki, olmadı. Dərviş Nisəni çağırıb dedi: – Get padşaha de ki, filan yerdə bir həkim var, o sənin qızını sağaldar. Əgər razı oldu, gəl mənə de! Nisə durub gəldi padşahın yanına. Padşah xəbər aldı ki: – Nə üçün gəlmisən? Nisə dedi: – Filan yerdə bir həkim var, o deyir ki, mən padşahın qızının dərdini taparam. Padşah dedi: – Get, götür gəl yanıma. Nisə qayıdıb dərvişin yanına, dedi: – Padşah razıdı. Dərviş durub gəldi bazara, bir dəst Ceyran üçün həkim paltarı alıb, geyindirib Ceyranı elədi həkim, dedi: – Burdan durub gedərsən padşahın yanına. Padşah səndən xəbər alacaq: oğlan, kimsən? Onda sən də deyərsən ki, mən həkiməm. Padşah deyəcək: oğlan, mənim qızımı neçə günə sağaldarsan? Deyərsən üç günə. Elə ki, padşah izin verdi, şərt kəsərsən ki, “gərək otaqda bir mən olam, bir də qız”. Elə ki, padşah razı oldu, gedib girərsən Zərğova xanımın yanına. Daha sənin başqa şeylə işin olmasın. Dərviş Ceyranın dərsini verib qoşdu Nisəyə. Nisə Ceyranı götürüb getdi padşahın yanına. Padşaha xəbər getdi ki, təzə həkim gəlib. Padşah dedi: – Çağırın gəlsin. Ceyranı götürüb gəldilər padşahın yanına. Padşah baxıb gördü ki, bu elə cavan şücaətli oğlandı ki, gəl görəsən. Padşah öz yanında Ceyrana yer görsədib oturtdu, xəbər aldı: – Ey oğlan, həkimsən? Ceyran dedi: – Həkiməm. Padşah dedi: – Ey oğlan, mənim qızım bir aydı ki, naxoşdu. Dünyada həkim qalmayıb çağırmamış olam. Səninlə şərt bağlayıram, sağalda bilməsən boynunu vurduraram. Ceyran razı oldu. Padşah xəbər aldı: – Neçə günə sağaldarsan? Ceyran dedi: – Üç günə. Amma ki, bir şərtim var. Gərək qızın mənzilində bir mən olam, bir də sənin qızın. Padşah razı oldu. Ceyranı götürüb gəldilər Zərğovanın otağına. Açıb otağın qapısını saldılar Ceyranı Zərğovanın yanına, qapını bağlayıb getdilər. Zərğova xanım gözlərini açıb gördü ki, yuxuda gördüyü oğlandı. Tez durub ayağa “can” deyib sarıldı Ceyranın boynuna. “Can” deyib qucaqlaşdılar. Bir səhər Zərğova xanım tezdən durub Ceyrana dedi: – Ceyran, neçə gün qalacaqsan yanımda? Ceyran dedi: – Üç günüm sabah tamamdı. Zərğova dedi: – Bəs biz necə eləyək ki, atam məni sənə versin? Ceyran dedi: – Səbir elə, çarə tapılar. Üçüncü gün padşaha xəbər gəldi ki, qızın Zərğova sağalıbdı. Padşah şad olub dedi: – Həkimi mənim hüzuruma gətirin! Gəlib Ceyranı çağırdılar. Ceyran gedən macalda Zərğova ona dedi: – Sabah günorta nar bağında məni gözlə! Ceyran durub gəldi padşahın yanına. Padşah əmr verdi ki, xəzinənin yarısını versinlər Ceyrana. Ceyran alıb xəzinənin yarısını gedəndə, padşaha dedi: – Əgər sabah qızını nar bağına gəzməyə göndərməsən qızın təzədən naxoşlar, daha ayılmaz, çünki ona turş meyvənin iyi dəyməlidi. Bunu deyib, çıxıb getdi. Dərviş oturub bağda Ceyranı gözləyirdi. Haçandan-haçana gördü ki, Ceyran gəlib çıxdı. Ceyranı görən kimi xəbər aldı ki: – Ceyran, danış görək nə oldu? Ceyran dedi: – Getdim, qızı sağaltdım, gəldim. Dərviş dedi: – Bəs qız sənə heç bir söz demədi? Ceyran dedi: – Yox, qız mənə heç bir söz demədi. Dərviş işi duyub barmağını dodağının arasına alıb dinməz oturdu. Sabahısı gün Ceyran durub, gəlib anasına dedi: – Ana, mən gedirəm. Dəyən yerim var. Axşama gələrəm. Ceyran çıxıb gedəndə dərviş də düşdü Ceyranın dalınca. Qarabaqara gəldi nar bağına. Ceyran bir tərəfdə gizləndi, dərviş də bir tərəfdə gizlənib gözləməkdə olsun, sənə xəbər verim kimdən, Zərğova xanımdan. Zərğova xanım səhər tezdən atasına xəbər göndərdi ki, ata, həkim mənə demişdi ki, bu günkü gün mən nar bağına gəzməyə çıxım. Gərək mən də çıxam. Padşah razı olub əmr verdi ki, dükan, bazaar bağlansın. Quş quşluğu ilə bayıra çıxmasın ki, Zərğova nar bağına gedəcək. O gün bütün dükan, bazar bağlandı. Hərə girdi evinə, bayıra çıxmadı. Zərğova xanım durub gəldi nar bağına. Al xəbəri Zərğova xanımdan. Zərğova xanım girib nar bağına, dolanıb göz gəzdirdi, gördü ki, Ceyran dayanıb bağın başında. Zərğova qul-qaravaşlarına dedi: – Mən gedirəm çaya tərəf. Hər kəs mənim dalımca gəlsə, boynunu vurdurram. Zərğova bina qoydu yol getməyə. Gəlib çıxdı bağın başına. Səslədi Ceyranı. Ceyran özünü yetirdi ona. İndi sənə xəbər verim dərvişdən. Dərviş ağacların arasından baxırdı. Elə ki, gördü Zərğova ilə Ceyran başladılar söhbətə, bir tilsim oxuyub Ceyranı yatırtdı, Zərğovanı elədi sərçə, özü də olub tərlan, alıb Zərğovanı dimdiyinə, qalxıb göyə getməkdə olsun, sənə xəbər verim Zərğovanın qaravaşlarından. Bunlar gün batana kimi gözləyib gördülər ki, Zərğova yoxdur, kor-peşiman qayıtdılar padşahın yanına, xəbər verdilər ki, Zərğova yoxdu. Padşahı od götürüb az qaldı ki, bağrı çatlasın. Tez rəmmal çağırıb dedi: – Rəmmal, bir rəm at görək, mənim qızım Zərğovanı kim götürüb aparıb. Haraya aparıblar? Rəmmal bir neçə rəm atıb, sonra başını bulayıb padşaha dedi: – Padşah sağ olsun, sənin qızını Rum padşahının oğlu cadukun dərviş Əhməd aparıb. Əlanlıqda sənin qızın Rum şəhərinin günbatan elində bir şəhər var, ordadı. Padşah iki əlli başına bir qapaz vurub, oturdu uşaq kimi ağlamağa. Haçandan-haçana ağlamağını saxlayıb, üzün tutub rəmmala, dedi: – Rəmmal, mənim şəhərimdə elə bir oğul tapılar ki, gedib mənim qızımı Rum padşahının oğlu dərviş Əhmədin əlindən alıb, götürüb gələ? Rəmmal kitabı açıb dedi: – Padşah sağ olsun, Ceyran adında sənin şəhərində bir p¨züqoylu ağlamaqda olsun, anası Nisə xəbər aldı: – Oğul, nə üçün ağlayırsan? Ceyran heç bir cavab vermədi. Bu tərəfdən də padşahın adamları gəlib Nisənin evini tapdılar. Nisədən Ceyranı xəbər aldılar. Nisə dedi: – Neyləyirsiniz Ceyranı? Dedilər ki: – Padşah çağırır. Nisə durub gəldi, Ceyrana dedi: – Padşah səni çağırır. Ceyran durub ayağa, aynaya baxıb gördü ki, ağlamaqdan gözləri qıpqırmızı olubdu. Su götürüb əl-üzünü yuyub düşdü gələnlərin qabağına, birbaş guml;züqoylu ağlamaqda olsun, anası Nisə xəbər aldı: – Oğul, nə üçün ağlayırsan? Ceyran heç bir cavab vermədi. Bu tərəfdən də padşahın adamları gəlib Nisənin evini tapdılar. Nisədən Ceyranı xəbər aldılar. Nisə dedi: – Neyləyirsiniz Ceyranı? Dedilər ki: – Padşah çağırır. Nisə durub gəldi, Ceyrana dedi: – Padşah səni çağırır. Ceyran durub ayağa, aynaya baxıb gördü ki, ağlamaqdan gözləri qıpqırmızı olubdu. Su götürüb əl-üzünü yuyub düşdü gələnlərin qabağına, birbaş gəldi padşahın yanına. Padşah, rəmmal, vəzir oturmuşdular. Ceyranı görən kimi padşah Ceyrana öz yanında yer verib otuzdurdu ki: – Ceyran, bil və agah ol! Mənim qızım Zərğova xanımı Rum padşahının oğlu dərviş Əhməd götürüb qaçıb. Əgər qızı götürüb gəlsən, verərəm sənə. Nə deyirsən? Razısan, ya yox? Ceyran Zərğova xanımın adını eşidən kimi durub ayağa dedi: – Gedərəm. Padşah Ceyrana bir dəst pəhləvan paltarı, bir yeriyən at verib yola saldı. Ceyran durub gəldi anasının yanına halallaşıb, ata minib bin qoydu yol getməyə. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badisərsər kimi, ayaq üzəngidə, diz qabırğada, piyadasın piyada, atlısın atlı, hamını qoyub yolda, quşdan yeyin, tazıdan yüyürək, neçə mənzil yol gedib, neçə mənzil eləyib, axır gəlib çatdı qaranlıq meşəyə. Yolu itirib bilmədi ki, hayana gedə. Ceyran gördü ki, bir cığır var. Tutub cığırı bina elədi yol getməyə. Düz bir gün, bir gecə yol gedib çatdı bir dağın döşünə. Gördü ki, bura elə bir meşədi ki, gəl görəsən. Nə cür ağac istəyirsən burda var. Hər cür meyvə istəyirsən burda var. Xülasə, hər cür güldən, lalədən, nərgizdən, min bir cür ətirli güllər, bülbüllər adamı heyran edir. Ceyran atını saxlayıb diqqətlə bu ağacların arasından uzaqlara baxdı, gördü ki, bir xeylaq irəlidə qaraltı görünür. Ceyran sürüb atını qaraltıya tərəf gəlib çatdı, gördü ki, burda bir koma var. Komanın qabağına yaxşı bir yarımxalça salınıb, xalçanın üstündə qoca bir pirani kişi oturubdu, saç- saqqalı dümağ, elə bil ki, eyni qardı. Qabağında manqal, dizinin üstə batman kitab. Qoca abid Ceyranı görən kimi başını qaldırıb baxdı Ceyranın üzünə, dedi: – Ceyran, oğul, axır ki, gəlib çıxdın! Ceyran təəccüb elədi ki, bu mənim adımı hardan bilir? Dedi: – Ey dayı, mənim adımı hardan bildin? Kişi dedi: – Oğul, neçə ildi ki, sənin yolunu gözləyirəm. Gəl otur görək. Ceyran enib atından, gəlib oturdu abidin yanında. Abid dedi: – Oğul, mən bilirəm sən hara gedirsən. Daha mənə demək lazım deyil. Sən Zərğova xanımın dalınca gedirsən. Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan. Ceyran dedi: – Bəs Zərğova xanım hardadı? Mən onu necə taparam? Abid dedi: – Oğul, tələsmə! Bil və agah ol! Həmin dərviş ki, var idi, sənə atalıq eləyirdi, o Rum padşahının oğlu Əhməddi. O sənin ananı almışdı. Zərğova xanım bağa çıxan vaxtda tilsim gücü ilə götürüb qaçıb. İndi bu dağ ki, görürsən, orda bir qalaça var, dərviş Əhməd Zərğovanı salıb ora. Burdan durub gedərsən ora. Səni görən kimi Rum padşahının oğlu dərviş Əhməd deyər: “oğul, xoş gəlmisən”. Sən nəbadə yaxınına gedəsən. Çünki o səni öldürəcək. Elə ki, səni öldürə bilmədi, tez səni salar tilsimə. Abid durub köhnə bir sandıq açıb, sandığın içindən bir qılınc çıxardıb, Ceyrana verib dedi: – Sən bu qılıncla həm tilsimi, həm də Rum padşahının oğlu Əhmədi öldürüb sonra muradına çata bilərsən. Bir söz də deyim. Düz get, nəbadə yollarda əylənəsən. Abid sözünü tamam eləyib Ceyranı saldı yola. Sənə xəbər verim kimdən, Rum padşahının oğlu Əhmədlə Zərğova xanımdan. Rum padşahının oğlu Əhməd Zərğovanı alıb qaçıb, istədi gələ öz atasının yanına. Kitabı açıb gördü ki, bəd gəldi. Tez başa düşdü ki, Zərğova xanımı atası əlindən alacaq. Burda da başı müsibətə düşüb qalada qalacaq. Alıb Zərğovanı Rum şəhərindən qıraq bir yerdə bir qalaçaya gətirib saxladı. Amma ki, nəillah elədi, Zərğova xanım Rum padşahının oğlu dərviş Əhmədi yanına qoymadı. Dərviş Əhməd gündüzlər Zərğova xanımı zəncirdə saxlayıb öz işinə gedərdi. Axşam olan kimi şəhərə qayıdıb Zərğova xanımı zəncirdən açıb onunla məşğul olurdu. Ceyran bir müddət yol gedib axır çıxdı həmin qalaçaya. Çatan kimi gördü ki, qalaçanın qapısında bir əjdaha var. Əjdahaya çatan kimi, əjdaha açıb ağzını istədi Ceyranı uda. Ceyran fürsəti fota verməyib, əl atdı abid verən qılınca. Çəkib qılıncı əjdahanı cəhənnəmə vasil elədi. Girib qalaçanın qapısından içəri, gördü ki, Zərğova xanım zəncirdədi. Tez qırıb zənciri, Zərğova xanımı azad elədi. Zərğova xanım Ceyranı görən kimi xəbər aldı: – Sən necə oldu ki, gəlib buraya çıxdın? Ceyran başına gələn müsibəti Zərğova xanıma, o da başına gələn müsibəti Ceyrana açıb nəql elədi. Zərğova dedi: – Ceyran, gəl qaçaq! Yoxsa Rum padşahının oğlu Əhməd gəlib bizim hər ikimizi bir yerdə görsə, səni də öldürər, məni də. Ceyran dedi: – Qorxma, Rum padşahının oğlu Əhmədin başına bir oyun açaram ki, heç qiyamətəcən yadından çıxmaz. Ceyran belə deyəndə Zərğova xanım sevinib qol atdı Ceyranın boynuna, sarmaşıq kimi sarılmaqda olsunlar bir-birinə, sənə xəbər verim Rum padşahının oğlu Əhməddən. Günbatan vaxtı Əhməd həmişəki kimi dərviş paltarında gəlib öz qalaçasına çatdı. Gördü ki, əjdahanı öldürüblər. Tez girib içəri, gördü ki, Ceyran başını qoyub Zərğova xanımın dizinin üstə yatıb. Dərviş Əhməd Ceyranı görən kimi dedi: – Ey mənim oğlum Ceyran, sən xoş gəlibsən! Ceyran açıb gözlərini baxıb gördü ki, gələn Rum padşahının oğlu Əhməddi. Tez durub ayağa, əl atdı qılınca ki, vurub onu öldürsün, Əhmədin ağzından bir qucaq alov çıxıb Ceyranı bürüdü. Ceyran od tutub yanan vaxtda səs gəldi: – Ey Ceyran, əlindəki tilsim qılıncını qan qarışıq sürt üstünə! Ceyran tilsim qılıncını sürtdü üstünə, alov Ceyrandan rədd oldu. Bir vədə baxıb gördü ki, nə Zərğova xanım var, nə də Rum padşahının oğlu. Ceyran tez qaçıb bayıra, minib atını, bina qoydu yol getməyə. Ceyran yel kimi atını sürüb gedirdi. Bir vədə gördü ki, Rum padşahının oğlu Əhməd alıb Zərğova xanımı, yel kimi gedir. Ceyran əlini qoyub qulağına, bir nərə çəkib dedi: – Ey Əhməd, atanı dalına sarıyacağam. Rum padşahının oğlu Əhməd səsə qayıdıb dala baxdı, gördü ki, gələn Ceyrandı. Tez bir tilsim oxuyub girdi quyuya. Ceyran özünü yetirib quyunun ağzına, gördü ki, quyunun ağzında səkkiz dəyirman daşı ağırlığında bir daş var. Ha güc elədi ki, dəyirman daşını quyunun ağzından rəf edə, gücü çatmadı. Bir nərə çəkib əl atdı tilsim qılıncına, zərbnən endirdi dəyirman daşına. Dəyirman daşı parça-parça oldu. Gördü ki, bura bir dərin quyudu. Ceyran tez özünü atdı quyuya. Düşüb quyunun dibinə, gördü ki, burda bir qapı var. Girdi qapıdan içəri, gördü ki, anası Nisə çıxdı qabağına. Ceyran çəkib qılıncın, şığıdı üstünə. Arvad qaçdı, olub əjdaha gəlib durdu Ceyranın qabağında. Ceyran bildi ki, Rum padşahının oğlu Əhməddi. Çəkib qılıncın yenə şığıdı üstünə. Əjdaha qaçıb Ceyranın qabağından indi də oldu nəhəng div, dayanıb durdu. Ceyranın qılıncından yenə səs gəldi: – Ey Ceyran, nəbadə qurşaq yapışasan. Ceyran çəkib qılıncı endirdi divə, div əl atıb Ceyranın biləyindən tutub, başladı sıxmağa. Ceyran da əl atıb yapışdı divin boğazından, sıxdı hulqumunu. Div başladı çapalamağa. O qədər sıxdı ki, div cəhənnəmə vasil oldu. Ceyran divi öldürən kimi tilsim sındı. Ceyran gördü ki, bura çöllübəri-biyabandı. Rum padşahının oğlu təngənəfəs gəlir. Ceyran əl atıb qılınca, hücum elədi Əhmədə. Başladılar qılınc davasına. Əl atıb yapışdı Rum padşahının oğlunun yaxasından, qoydu dizinin altına, boğazın üzüb tulladı. Ayağa durub Zərğovanı axtarmağa başladı. Gördü Zərğova daldalanıb kolun dibində. Alıb Zərğovanı, basıb atın tərkinə, bina qoydu getməyə. Gəlib çatdılar Rum vilayətinə. Düşdülər karvansaraya ki, gecəni yatıb, səhər çıxıb getsinlər. Xəbər verim sənə Rum padşahının dalandarından. Rum padşahının dalandarı karvansaranı cövlan vurdu, gördü ki, karvansaraya bir cavan oğlanla bir gözəl qız gəlibdi. Dalandar tez durub özünü yetirdi Rum padşahına, dedi: – Ey taxtı çevrilmiş, yəhəri qanla dolmuş, nə yatıbsan? Karvansaraya bir nəfər qıznan bir pəhləvan gəlibdi gəl görəsən. Dalandar Zərğova xanımı padşaha o qədər təriflədi ki, padşahın ağzının suyu axdı. Padşahın özü gəldi karvansaraya, gördü ki, bu qız Hind padşahının qızı Zərğovadı. Rum padşahı əqli başdan verib dedi: – Dalandar, tədbir gör! Dalandar dedi: – Padşah sağ olsun, iki adam ver mənə, sənin qeyri işnən işin yoxdu. Padşah razı olub dalandara iki pəhləvan verdi. Dalandar pəhləvanları götürüb gəldi. Gecənin bir vədəsində dalandar pəhləvanları ilə girib Ceyranın otağına, alıb Zərğovanı, götürüb gəldilər, saldılar Rum padşahının otağına. Rum padşahı durub gecəynən Zərğova xanımın yanına gəldi. Zərğova baxıb gördü ki, bunun əlindən qurtara bilməyəcək. Dedi: – Ey padşah, mənə üç gün möhlət ver, qoy bir dincimi alım, üç gündən sonra mən sənin. Rum padşahı razı oldu. Bunlar burda qalsınlar, eşit Ceyrandan. Ceyran ayılıb gördü ki, Zərğova xanım bunun yanında yoxdu. Tez durub ayağa, minib atına, çıxdı şəhərə. O günü gəzib dolandı, Zərğovadan bir xəbər çıxmadı. Küçə ilə gedirdi, gördü ki, bir keçəl bir uşağa aşıqlarını uduzub, çürsaf eləyib aşıqları götürdü, uşaq keçələ dedi: – Ver aşıqlarımı! Keçəl dedi: – Oho, sən elə bilirsən ki, mən də sənin üçün karvansaraya gələn qonağam? Ceyran keçəldən bu sözü eşidən kimi yapışıb keçəlin qolundan çəkib bir xəlvətə, xəbər aldı: – Ey keçəl, nə qonaqdı karvansaraya gəlib aldanıbdı? Keçəl dedi: – Heç nə. Bir qərib oğlan bir zənən xeylağı ilə gəlib düşmüşdülər karvansaraya. Padşahın gözü düşür qıza, gecə ilə qızı qaçırırlar. Ceyran dedi: – Keçəl, dediyin qız hardadı? Keçəl dedi: – Qarğa adamın ovcuna havayı yumurta qoymur. Keçəl belə deyəndə Ceyran əlini salıb cibinə, bir çəngə qızıl çıxardıb basdı keçəlin ovcuna. Keçəlin gözləri çıxdı kəlləsinə, Ceyran dedi: – O padşahın imarətində olur. Ceyran minib atına gəldi padşahın imarətinin qabağına, bir kağız yazıb göndərdi Rum padşahına. Rum padşahı açıb kağızı oxudu, gördü ki, yazılıb: “Ey padşah, mənim adaxlımı verirsən ver, vermirsən atanı dalına səriyib torpağını torba ilə daşıtdıraram”. Rum padşahı kağızı oxuyub, qəzəblənib əmr elədi ki, qoşun tədarükdə olsun. Vəzir, vəkil qoşun tədarükündə olub qoşun göndərdilər Ceyranın qabağına. Ceyran sıyırıb qılıncını düşdü qoşunun canına. Qırıb qoşunu tələf elədi, durub üz qoydu Rum padşahının imarətinə. Rum padşahı da oturmuşdu taxtda, Ceyran əl atıb yapışdı padşahın boğazından, dedi: – Ey zalım padşah, ver adaxlımı! Padşah başladı ağız-burnunu oynatmağa. Ceyran Rum padşahının boğazını sərçə kimi üzüb, otaqları gəzdi, gördü ki, yan otaqların birində Zərğova xanım büzüşüb oturub. Ceyran alıb Zərğova xanımı, yığıb camaatı başa saldı ki, padşahı nə üçün öldürüb, sonra padşahın taxtını tapşırıb camaata, dedi: – Kimi istəyirsiniz özünüzə padşah tikin! Daha mən getdim. Ceyran alıb Zərğova xanımı götürüb gəldi, sağ salamat yetirdi Hind padşahına. Hind padşahına muştuluqçu getdi ki, qızın Zərğova ilə Ceyran gəlib çıxdı. Padşah çox şad olub, məclis qurub üç gün, üç gecə şadlıq elədi. Ceyran bir gün padşaha xəbər göndərdi ki, əhdinə vəfa eləsin. Padşah qızı Zərğova xanımı Ceyrana vermək istəməyib vəziri çağırıb dedi: – Mənim qızım bir padşah qızı, amma Ceyran bir gədənin biridi. Gəl razı olma ki, mən qızımı verim Ceyrana, tədbir gör! Vəzir dedi: – Padşah sağ olsun, qonaq çağır, tök Ceyranın xörəyinə bihuşdarı, qoy bihuş olub yıxılsın, sonra götürüb atarıq bu dərələrin birinə, qurdquş yeyər, gedər. Padşah vəzirin tədbirinə razı olub Ceyranı günorta xörəyinə çağırdı. Ceyran durub gəldi. Padşah keçib mitbağa, Ceyranın xörəyinə o ki, vardı bihuşdarı tökdü. Xörəyi gətirib qoydular Ceyranın qabağına. Ceyran xörəyi yeyən kimi getdi huşa, yıxıldı yerə. Götürüb Ceyranın qolunu bağlayıb saldılar qaranlıq otaqların birinə ki, gecə yarı götürüb atsınlar quyuya. Gecənin bir aləmində Ceyran özünə gəlib gördü ki, əl-qolu bağlanıb, özü də qaranlıq otağa salınıb. Bildi ki, ox ona hansı tərəfdən dəyib. Tez güc verib qolunun zəncirlərini qırıb atdı, durub gəldi qapıya, gördü ki, qapı bağladı. Bir neçə kərə qapıya təkan vurdu, axırda bir nərə çəkib qapıya elə çiyin vurdu ki, çərçivəsindən çıxardıb atdı. Çıxıb bayıra bir nərə çəkdi. Padşah nərənin zərbindən bir boy özünü atdı. Çıxıb bayıra gördü ki, nərə çəkən Ceyrandı. Əmr verdi qoşun yığışsın. İstədilər Ceyranı tutalar. Ceyran boş əlnən gələn-gələn qoşunu boğazlayıb atırdı. Qoşun tab gətirə bilməyib üz qoydu qaçmağa. Ceyran əl atıb möhkəm bir qılınc götürüb hücum elədi. Yapışıb padşahın biləyindən dedi: – Ey zalım padşah, mən sənə bu qədər yaxşılıq elədim, bu yaxşılığın əvəzinə adam adamın başına bu oyunu gətirər? Ceyran vəzirnən padşahı öldürüb, qoşunu özünə tabe eləyib, Zərğovanı tapıb, götürüb gəldi. Ceyran öz anası Nisəni götürüb yanında saxladı. Yeddi gün, yeddi gecə toy eləyib Zərğova xanımla murad hasil elədi. Ceyran böyük ədalətnən padşahlıq elədi, camaatla yaxşı yola getdi, asudə ömür sürməyə başladılar.

Adımı hardan bilirəm

Kulis.az tanınmış aktrisa, Əməkdar artist Mehriban Zəkinin müsahibəsini təqdim edir.

Dağlar Yusif: Mənim üçün var performativ roman, var performativ sənət, bir də var performativ insanlar. İndi qarşımızda oturan Mehriban Zəki başdan-ayağa oyundur, kodlaşdırılmış mətndir. Hansı ehtiyacdan doğur bu “oynamaq”, bu performativlik?

Mehriban Zəki: Məncə, bu tam təbiidir. Ünsiyyət, tanışlıq prosesi… həyat başdan-ayağa oyundur. Bu oyunun qaydalarına görə, gizlənirsən, bəzən inciyirsən, bəzən küsürsən – bunlar hamısı oyundur. Bəzi insanlar bunu dərk eləmirlər və həyatı axarına buraxır, sanki şüursuz yaşayırlar. Adamlar da var ki, həyatı teatr diliylə desək bir “deystviya” (əməl – red.) kimi dərk və idarə edirlər. Keçin günahımdan, mən o adamlardanam.

Könül Əliyeva-Cəfərova: Oyundan danışdıq… Məndən ötrü ən qəliz oyun “zamanla oyun”dur. Gerçək zaman içindəki Mehriban Zəki və Mehriban Zəkinin içindəki zamanla oyun qura bilirsizmi?

M.Z.: Hə… elə suallar verəcəksizsə, gərək “ora” enək…

D.Y: Enəcəyik də, hələ bu harasıdır…

M.Z.: Ora enmək üçün də bir az geri getmək gərək. Zamanı qavramaq, dərk eləmək məqamına enmək gərək… Zamanı idarə etmək mümkün deyil.

K.Ə-C: Məncə, mən hələ ki, içimdəki zamanı idarə etməyi bacarıram…

M.Z.: O sizə elə gəlir… Nə içindəki, nə dışındakı zamanı idarə eləmək mümkün deyil. Hələ içindəki zaman dışındakı ilə mübarizəyə qalxarsa… Deməli, bir dəfə Fransadayam, 32 yaşım vardı. Mən də, hardasa, 35 yaşıma qədər heç yaşımı göstərmirdim, 22-23 yaş verirdilər. Orada yaşdan söhbət düşdü, oğlanlar mənə 24-25 yaş verdilər. Qızlar düz gözümün içinə baxıb 32 dedilər. Mat qaldım ki, bunlar necə baxdılar, necə gördülər, necə bildilər. Bu mənada, kameranı da sevmirəm. Kamera qarşısında zamandan gizlənmək olmur, adamın içini elə dəqiq göstərir – içindəki neqativi də, pozitivi də faş edir…

K.Ə-C: Kameranı sevmirsiz…

M.Z.: Yox!

K.Ə-C. Amma sizə sual vermişdilər ki, “teatr, yoxsa kino?”, kinonu seçmişdiz.

M.Z.: Nə olsun… O da bir oyun idi… İndi o sualı yenə versəniz, TEATRı seçərəm (Gülüşürük…)

D.Y: Bu günün təptəzə Mehriban Zəkisini hansı rejissor, hansı dramaturq və nahayət, hansı rol “açıb tökə”, göstərə bilər? Gözaltı elədiyiniz bir rol varmı ki, onunla bütün düşüncələrinizi realizə edə bilərsiz?

M.Z.: Rejissor kimi məni kəşf eləyən bir nəfər olub, allah ona qəni-qəni rəhmət eləsin – Vaqif İbrahimoğlu. Çox təəssüf ki, ondan sonra onun qədər bilən, görən, konstruktiv düşünən ikinci bir insana rast gəlməmişəm, baxmayaraq ki, çox rejissorla işləmişəm. Bilirsiniz, bu arada nəsillər arasında böyük bir uçurum oldu. O nəsillərin arasında mən və məndən sonrakı nəsil itdi-batdı, parlaq nümayəndələr olmadı. Sizin nəslinizdən gözləyirəm. Nəzər yetirirəm, ağıllı beyinlər, sağlam düşüncəli gənclər var. Bir az dəliqanlılıq, bir az üsyankarlıq – eybi yox, qoy olsun. Gənclik də bunu tələb edir.

D.Y.: Gələk o rola…

M.Z.: O rola gələndə isə, mən adlar açıqlayıb altından xətt çəkmək istəmirəm.

D.Y.: Xətlərdən qorxmaq lazım deyil. Bir-iki xətt çəksək, məncə, pis olmaz.

M.Z.: Yox, xətt çəkmək lazım deyil. Mən öləndə də heç xətt çəkilməyəcək. Çünki bizim ölümümüz xətt çəkmir. Sadəcə olaraq, formamızı dəyişirik – bir substansiyadan, başqa substansiyaya keçirik. Arzular, istəklər var, amma mən 20 il əvvəl arzuladığımı indi arzulaya bilmərəm.

D.Y.: Təbii, söhbət indinin Mehriban Zəkisindən gedir, burada oturan Mehriban Zəkidən…

M.Z.: Deməyəcəyəm!

K.Ə-C.: Amma bir dəfə demişdiniz. Demişdiz ki, yaxşı bir klassik əsərdə oynamaq istəyərəm, məsələn, Medeya. Gülzar xanımın (Gülzar Qurbanova – red.) Medeyasını görmüsünüz?

M.Z.: Görmüşəm.

K.Ə-C.: Aha… Bəs, Medeyanı oynamaq bir istək kimi bundan sonra yarandı, yoxsa əvvəldən içinizdə bir Medeya sevdası var idi?

M.Z.: (Gülür) Necə ki, hər bir aktyorun içində Hamlet oynamaq arzusu var, hər bir aktrisa da Medeyanı, Karmeni, Fedranı, Kleopatranı, Anna Kareninanı oynamaq istəyər… Əgər mənə Medeya rolu təklif olunsa, imtina eləmərəm. Təbii, başlayaram araşdırmağa ki, niyə mən Medeyanı oynamaq istəyirəm.

D.Y.: Guya “niyə?”sini bilmirsiz də?

M.Z.: Deməyəcəyəm (gülür). Bir neçə il bundan əvvəl festivalların birində rus rejissor Pavel Çuxrayla görüşdük, xeyli söhbət elədik. Mən hələ o ərəfədə (2007-ci il) filmə çəkilirdim deyə, bir az fakturamı dəyişmişdim: sarı saç, gözümdə açıq rəngli linza. Bir az, belə deyək də, stereotip düşüncədə olan “qlamurka”. O cür görünüşümə baxmayaraq, həmin rejissor deyəndə ki, siz Medeyasınız, mən təəccüb eləmişdim, yəni bu qlamur obrazın içində Medeyanı görə bilmişdi. Sonralar Mikayıl (rejissor Mikayıl Mikayılov – red.) belə bir ideya ilə gəldi ki, bəs, “Medeya”nı trilogiya kimi hazırlamaq istəyir: Klimin, Evripidin və Anuyun. Mən də dedim ki, Anuy mənimdi, onu heç kəsə vermə. Sona xanım (Sonaxanım Mikayılova – red.) və Gülzarla (Gülzar Qurbanova – red.) Klimin “Medeya”sını bitirdi. Sonra bizdən asılı olmayan səbəblərdən trilogiya ideyası qaldı böyrü üstə. Ona görə, əvvəlcədən deyəndə alınmır (gülür). Ölür fikirlər… enerjisi sovrulur… keçir gedir… Düzdür, Medeyanı hələ ki, bu yaşda oynamaq olar. Amma düşünürəm, 5 il də, 10 il də keçsə, çətin olacaq. Hə?

D.Y.: Yox, məncə. Təbii, siz onu daha dəqiq bilirsiz. Məncə, yaş sənətçini köhnəltmir, əksinə, təzələyir, əgər içi təmizdirsə…

M.Z.: Sözünüzün qüvvəti. Baxın, siz bunun nəzəri həllini deyirsiniz. Mən indi onu texniki tərəfdən izah edim. Gənc aktyorun, gənc insanın üzündə yalnız məsumluq, təmizlik və paklıq var. Və sən onun içindəkini üzündə duya bilmirsən, görə bilmirsən. O, içindəkini, hissiyyatını üzü ilə, gözü ilə ifadə eləmək texnikasını bilmir. Yaşlandıqca isə insanın içi “çölünə” yazılır. İçindəkini ifadə etmək üçün artıq heç bir canfəşanlığa ehtiyac qalmır. Üzündəki qırışlar ilmə-ilmə toxuyur adamı… Yazıq o kəs ki, qadın-kişiyə bölmürəm, o qırışların qədrini bilmir…

K.Ə-C.: Mehriban xanım, Yuğdan bayaq sadaladığınız o monumental rolları oynamaq eşqinə getdiniz?

M.Z.: (Duruxur) Yox, ona görə getmədim. Mən Yuğdan getmədim, fiziki olaraq uzaqlaşdım. Uzaqlaşdıqca da başa düşdüm ki, mən hələ də ordayam. Televiziya kanallarından, saytlardan, jurnallardan müraciət edib müsahibələr alırlar, məni Yuğ teatrının yetirməsi kimi təqdim edirlər. Siz söhbət edəndə Yuğdan danışırsız… hər yerdə Yuğ teatrı… Deməli, mən Yuğdan getməmişəm!

K.Ə-C.: 2005-ci ildə getmişdiz…

M.Z.: Getmişdim…

K.Ə-C.: Müəllimdən (Vaqif İbrahimoğludan-red.) heç vaxt sizin adınızı eşitmədim.

M.Z.: Küsmüşdü məndən.

K.Ə-C.: Bilirəm.

M.Z.: Adımı eşitməmisizsə, hardan bilirsiz ki, məndən küsmüşdü?

K.Ə-C.: Çünki küsdüyü adamların adını çəkmirdi. Nə Fəxrəddin Manafovun, nə sizin, nə Bəxtiyar Xanızadənin… Axır vaxtlar heç Aydın Talıbzadənin də, Afaq Məsudun da adını çəkmirdi.

M.Z.: Əslində, adını çəkdiyiniz adamların hamısını çox istəyirdi – Fəxrəddin müəllimi də, Aydın müəllimi də, Bəxtiyar müəllimi də… Məni də dünyalar qədər sevirdi. Arada bəhanəylə zəng eləyidi ki, Mehribanya, filan hadisə nə zaman olub, yaxud filan ödülü nə zaman almısan və s. Yəni demək istəyirəm ki, əlaqəni qırmırdı.

K.Ə-C.: Bəlkə gözləyirmiş ki, geri qayıdasız.

M.Z.: …Mən də qorxurdum ki, gələrəm, bir söz deyər, acılayar.

K.Ə-C.: Son nəfəsində görüşə bildinizmi müəllimlə?

M.Z.: Yox, görüşmədim.

K.Ə-C.: İçinizdə ona demək istədiyiniz, amma deyə bilmədiyiniz sözlər qaldı, yəqin ki?

M.Z.: Yox, qalmadı. Mən teatrdan getmək məqamında ona demək istədiklərimi demişəm. Mən Vaqif müəllimin təklifiylə, təkidiylə başqa teatrda işləməyə getdim. O mənə deyirdi ki, sən bu teatrda bir külçəsən. Orada səndən məmulat düzəldəcəklər. Artıq elə bir məqamdasan ki, sənin elədiklərini tirajlamaq lazımdır. Get, işlə! Onun məndən incikliyini də anlayıram, haqqı da vardı. Get demişdi, amma bu o demək deyildi ki, məndən uzaqlaş, təbii ki, bir ayağın burda olmalıdır. Mən sizə bir söz deyim, niyə son anında onun yanına getmədim? Ruh vəziyyətində mən Vaqif müəllimlə elə bir ana, elə bir məqama gəlib çatmışam ki, mənim onunla üz-üzə görüşüb danışmağıma ehtiyac yox idi. Çünki Yuğdan gedəndə yanına gəldim, dedim ki, Vaqif müəllim, küsürsüz məndən, küsün. Necə ki mənim anam filankəsdir, necə ki mənim atam filankəsdir, necə ki mənim vətənim bu məmləkətdir – mən bunu artıq dəyişə bilmərəm – belə yazılıb artıq! Eləcə də mənim ustadım Vaqif İbrahimoğludur – belə yazılıb artıq! Mənim üçün nə etmisinizsə, nəyi qazandırmısınızsa, haqqınızı hala edin. Halalın olsun, dedi və ondan sonra hər dəfə hansısa məclisdə görüşəndə salamımı soyuq, etinasız alırdı – küsməyi oynayırdı. O bilirdi ki, mən onu necə sevirəm, içim ondan ayrı deyil. Mən bunu göstəri üçün demirəm, amma elə bir yer, elə bir gün yoxdur ki, mən Vaqif müəllimi yad eləməyim, onunla danışmayım.

D.Y.: Mehriban xanım, var pozitiv nostalji, var neqativ nostalji. Mənə görə, Vaqif İbrahimoğlu Azərbaycan teatrının ən pozitiv və ən neqativ nostaljisidir.

M.Z.: Baxmayaraq ki, mən onunla görüşmədən ayrıldım, amma mənim üçün neqativ deyil…

D.Y.: Yox, neqativdir.

K.Ə-C.: Dağlar, lütfən, fikrini əsaslandır.

D.Y.: Formatımız söhbət olduğundan özümü ixtiyar sahibi hesab edirəm. Bu gün Vaqif İbrahimoğlu ən yeni Azərbaycan tarixi üçün bir psixoloji kompleksdir. Məsələn, mən fikir verirəm, biri işığı 2 dəfə yandırıb-söndürür, ya 2 qapı qoyur, o dəqiqə hamı deyir, sən Vaqif İbrahimoğlunun yolunu gedirsən. Biri deyir, V.İbrahimoğlu budur, biri deyir, odur – hərə bir söz deyir. Axı, bir konkretlik olmalıdır ki, biz də bilək, V.İbrahimoğlu “O”dur, gedək “Bu” olaq.

M.Z.: Dediyiniz o konkretlik heç vaxt olmayacaq!

D.Y.: Vaqif İbrahimoğlu çox yerdən informasiyaları gətirdi və onları stilizə eləməyi çatdırmadı. Ona görə, V.İbrahimoğlunu hərə bir cür yozur: biri Derridaya… biri Delyoza… o biri Şərq fəlsəfəsinə… bu biri Qərbə…

K.Ə-C.: Dağlar, qeyd elədiyin kimi, Vaqif müəllim hər tərəfdən informasiyaları, ideyaları müəyyən düz xəttlə gətirdi və bir məqamdan sonra – bifurkasiya nöqtəsində onları səpələdi, payladı.

M.Z.: Bəli, kim nəyi götürdüsə… Və o məqamda V.İbrahimoğlu başa düşdü ki, konkretləşdirmə lazım deyil. Misal üçün, o, 90-cı illərdə tamaşanı qururdu, hələ dediyiniz o məqama – bifurkasiya nöqtəsinə gəlib çatmamışdan, tamaşanı tamaşaçının ixtiyarına buraxırdı. O belə fikirləşir – bax, odur. Sən necə düşünürsən – bax, budur. Hərənin özünün anlayış məqamı var. Vaqif müəllimin düşüncə etibarilə ən böyük uğuru odur ki, Vaqif İbrahimoğlu Azərbaycan teatr məkanında var! Ondan zəhləsi gedənlər də – hansılar ki, özünü ona dost hesab edirlər, amma içlərində nifrət edirlər, onu qəbul etməyənlər də, onu dəlicəsinə sevənlər də – hər kəsin düşüncəsində artıq Vaqif İbrahimoğlu fenomeni var. O da bunu anlayırdı, dərk eləyirdi. Son vaxtlarında da, Məryəm xanımın (Məryəm Əlizadə – red.) vasitəsilə “Mən xoşbəxtəm” deyəndə, anlayırdı ki, hansı sufilik məqamındadır. Bax, bu da onun nailiyyəti idi.

D.Y.: Azdramadan gedəndə demişdiz ki, mənə darlıq elədi, çıxdım getdim. Sonra yenə qayıtdız. Sizmi balacalaşdız, oramı böyüdü, nə baş verdi?

M.Z.: Mən daha da böyüdüm və anladım ki, özünü ifadə eləmək üçün məkan vacib deyil. 2006-cı ildə Azdramaya gəldim, bir ildən sonra çıxdım getdim. O vaxtı bu məqama gəlib çatmamışdım, “dikbaşlıq” eləmişdim ki, bəs, bura mənə dar gəlir…

K.Ə-C.: Məkanın önəmi yoxdur dediniz, maraqlıdır, Yuğ teatrının poetikasından, estetikasından qaynaqlanan bir məqam var ki, aktyor səhnədə təkbaşına varolmur. Tamaşaçıyla birbaşa ünsiyyətdən enerjini alır və özü ona enerji ötürür – enerji mübadiləsi baş verir deyək.

M.Z.: Birmənalı!

K.Ə-C.: Dəfələrlə şahidi olmuşam ki, tamaşaçıyla enerji mübadiləsi baş tutmursa, tamaşa alınmır. İbrus teatrı da enerji mübadiləsinə imkan verirdi. Bəs, Azdramada necə, mümkündürmü?

M.Z.: Mümkündür. Əsas odur ki, tamaşa düzgün qurulmuş olsun. Mən, təəssüf ki, Azdramada 2 tamaşada oynamışam. Biri 10 il bundan əvvəl Mirmehdi Seyidzadənin istedadsız bir əsəri “Füzuli və Əsmər”də, ikincisi də düz 10 il sonra “Müsyö İbrahim və quran çiçəyi”ndə oldu. Niyə istedadsız tamaşa dedim? Bəlkə də başqa biri üçün uğurlu idi, amma mənim üçün o tamaşa uğursuz oldu. Niyə? Həmin o dediyiniz məqamda Mehriban Zəki nəyi ifadə etmək istəyir, niyə bu tamaşanı oynayır, nə üçün səhnəyə çıxıb, niyə “Füzuli və Əsmər”, niyə Mirmehdi Seyidzadə – bunların heç birini əsaslandıra bilmədim. Nə öz enerjimi o tamaşaya yükləyə, nə də ala bildim. Bu belə. “Müsyö İbrahim və quran çiçəyi” tamaşasında da o enerjini almadım. Baxmayaraq ki, tamaşa gözəl idi, Ərşad (rejissor Ərşad Ələkbərov – red.) gözəl quruluş vermişdi, amma mən aktyor kimi istədiyimi edə bilmədim. Bapbalaca bir rol… uzun illər idi ki, səhnədən uzaq idim… O zaman səhnəyə çıxmaq həsrəti o qədər güclü idi ki, o an gələn təklifi həmən dəyərləndirdim. Əgər mən imtina eləsəydim, səhnəyə çıxmaq şansımı kayb edirdim. Çünki başqa təklif yox idi.

D.Y.: Niyə təklif eləmirlər? Mehriban Zəki, Fuad Poladov, Fəxrəddin Manafov, Pərviz Məmmədrzayev, Məmməd Səfa, Qasım Nağı və b. kimi aktyoru olan teatr bundan şərəf duymalıdır. Niyə bu gün Azdramanın heç bir tamaşasında Mehriban Zəki oynamır? Bəlkə, rejissorlar Mehriban Zəkidən qorxur? Kaprizləriniz çoxdur?

M.Z.: Kaprizlərim yoxdur, tələblərim var. Mən Akademik Milli Dram Teatrının aktrisasıyam. Amma iki ildir, heç bir tamaşada oynamıram. Baxmayaraq ki, oynamaq istəyirəm, çox istəyirəm. Ancaq gedib üsyan eləmirəm ki, niyə mənə rol vermirsiniz. Eləməyəcəyəm də. Niyə? Mən varam! Mən kimsəyə gedib deməyəcəyəm ki, bunu mənə ver! Çünki əgər o rejissor məni görmək istəməsə, mənə o materialı verməsə, məni sevməsə, qəbul etməsə, məni həzm etməsə, tamaşa o sevgiylə doğulmayacaq. Sevgiylə yapılmayan tamaşa heç vaxt uğurlu alınmır. Ümumiyyətlə, sevgisiz heç bir iş uğurlu alınmır. Mən isə istəyirəm ki, görəcəyim hər bir işi sevgiylə görüm, enerjini alım və ötürüm. Niyə mən Rus Dram Teatrındakı təklifi qəbul elədim? Teatr məkanının balacalığından, böyüklüyündən asılı olmadan həmin o enerjini paylamaq kimi prosesi orada yaşadım. İoneskonun əsərində işləmək imkanını böyük sevgiylə qəbul elədim. Çünki mənə kraliçanı oynamaq yox, Marqaritanı oynamaq prosesi maraqlıdır. Bizdə çox zaman aktyorlar vəzifəni oynayır (ironik göstərir, özü də pıçıltıyla) Ah, mən kraliçanı oynayacağam (normala qayıdır). O deyil! Söhbət kraliçanı oynamaqdan getmir. Məsələn, Rus Dram Teatrının “Mərasim” tamaşasında Marqaritanı götürək. Niyə Marqarita, niyə Marqarita belədir, niyə Marqarita bütün tamaşa boyu susqundur? Bunu açıqlamaq lazımdır. Əgər tamaşaya baxanda məni bir az ikinci planda qalmış kimi gördünüzsə, bu ondan qaynaqlanır ki, mən bu tamaşada “oynamamaq”, “oynamaq hissindən imtina etmək” yolunu seçdim. İçimdə o “ah, oynamaq… ah səhnə…” hissini ram eləməyə çalışdım. Ən çətini budur. Marqarita bir xarakter olaraq əzmli, ədalı biridir – elə ki, o hiss gəlirdi, Ərşadla (tamaşanın rejissoru – red.) birgə yığışdırırdıq onu. Bu yox, o yox – susqun, dözümlü, prosesin sonunu gözləyən. Və sonda o qadının – sevdiyi adamın ölüm mərasimini təşkil edən qadının partlayışı… İoneskonun Marqaritasının yanında Medeya çox bəsitdir.

D.Y.: Və siz həmin o enerjini bu tamaşada aldınız?

M.Z.: Məhrəm bir məqam var, sadəcə olaraq teatrdan danışırıq deyə etiraf edirəm bunu, bəlkə də başqa yerdə deməzdim. Neçə illərdir, teatrda oynayırsan. Gəlib çatırsan elə bir məqama ki, hiss edirsən, sən artıq hər şeyi idarə edə bilirsən. Müəyyən bir pauza yaranır, səhnəyə çıxmaqdan qorxursan. “Müsyö İbrahim və quran çiçəyi”ndə belə bir məqam vardı. Baxmayaraq ki, rol balaca idi, prosesi mən aparmırdım, amma bir qorxu, bir həyəcan vardı içimdə. Sonra eyni həyəcan “Mərasim”də də oldu. Bütün məşq prosesi boyunca o qorxu məni idarə edirdi. Birinci tamaşada səhnəyə çıxan kimi, tamaşaçını görən kimi elə bil “qan yaddaşım” oyandı – bunu bilirsən, onu bilirsən. İlk 5 tamaşa tamaşaçıyla məşqdir. Gəldi… gəldi… və 6-cı tamaşada həmin o manifestasiya baş verdi, kaş ki, onu görəydiniz. Tamaşaçının hər birini görürsən. Artıq sən tamaşaçını idarə edirsən. Bax, yenə deyirəm, tamaşaçıyla enerji mübadiləsinin baş verməsi üçün məkanın böyüklüyü, kiçikliyi önəmli deyil.

D.Y.: Mehriban xanım, Aydın Talıbzadə yazılarının birində yazmışdı ki, sən demə, hər kəs Vaqifə xəyanət eləməyə hazır imiş. Siz o Yuğun sənətkarı kimi, o Yuğun yetirməsi kimi, bu gün teatrın vəziyyətini necə qiymətləndirirsiz?

M.Z.: Belə qiymətləndirirəm: nə olmalı idisə, o da olacaq. Belə olmalı idi ki, oldu. Yəqin ki, söhbəti bir müddət əvvəl orada baş verən proseslərə gətirəcəksiz. Dedik ki, Vaqif müəllim dünyasını dəyişdi – bir substansiyadan başqasına keçdi. İndi Yuğ teatrı da başqa substansiyaya keçib. Vaqif müəllim gəncliyində “mən gedirəm, yanımdakılardan kim gəlir, gəlsin, gəlməyənlər özü bilər” deyərək son gününə qədər enerjisini, sevgisini, bildiyini payladı, verdi, bölüşdü, öyrətdi, yönləndirdi. Ondan sonra getdi, indi neyləyəcəksiniz? Artıq məqam bizim məqamımızdır – sizin, mənim, onun. Biz neyləyəcəyik? Yuğçular necə idarə edəcək? Mən onsuz da əvvəlcədən çıxıb getmişdim.

K.Ə-C.: Məsuliyyəti üzərinizdən atırsınız…

M.Z.: Yox, məsuliyyətdən qaçmıram. Yuğ adına payıma nə düşmüşdüsə, onu başqa məkanlarda paylaşıram.

K.Ə-C.: Özünüz ayrılıqda bir Yuğsunuz…

M.Z.: Bəli… Hər birimiz ayrılıqda bir Yuğuq… İndi təklif olunmuş vəziyyət budur – rəhbərlik dəyişilib, məkan Kukla Teatrının məkanı… Əcaba, bu sınaqlardan Yuğ teatrı necə çıxacaq? Bax, bunları həmən o “idarə olunmayan zaman” göstərəcək. Onu da deyim ki, Yuğ teatr deyil, Yuğ əqidədir, Yuğ düşüncədir, Yuğ dalğadır…

D.Y.: Vaqif İbrahimoğlu sizi yetişdirdi, bəs, siz kimləri yetişdirdiniz?

M.Z.: Açığı, Vaqif müəllimdə olan paylaşmaq ehtiyacı, paylaşmaq istəyi, şövqü məndə indiyə qədər olmayıb. Amma 3 ildir ki, Milli Konservatoriyada pedaqoji fəaliyyətə başlamışam. Öyrədərək öyrənmək prosesinin ləzzətini duyuram.

K.Ə-C.: Yubileyinizdə insanlara belə bir sualla müraciət etmişdiniz: “Nəyə görə yaşamağa dəyər” – özünüz bu suala cavab tapmısınızmı?

M.Z.: (Kövrəlir) Hər bir yaradıcı insanın həyatı boyu toxuya biləcəyi bir obraz var. İnsan nə qədər ki, sağdır, yaşayır, bu obraz tam deyil, hər gün dəyişə bilər. Tam bilirsiz, nə zaman olacaq? Mən öləndən sonra. Nə zaman ki, mən başımı yerə qoyacağam, bax, o zaman siz gənclərin xəyalında həmin obraz bütövləşəcək, tamlaşacaq. Həyatsa yaşamaqdır… İnsan da həyatın onu öldürəcəyini bilə-bilə yaşayır. Deməli, yaşamağa görə, yaşamağa dəyər…/teatro.az/

  • ˝LIBRAFF˝ da “Qarabağ”ın kapitanı ilə görüş keçirildi
  • Dözümlü xalqıma heykəl qoyulsun – Günün şeiri
  • Aktyor Rza Rzayev həbs olundu

Adımı hardan bilirəm

“Özümü gözəl saymıram. Əgər kimsə belə düşünürsə, ürəyinə və baxışına qurban. Mənim belə bir fikrim də var: gözəllər bəxtəvər deyil, bəxtəvərlər gözəldir. Yəni qadına gözəl olmaq yox, bəxtəvər olmaq daha vacibdir”.

Şairə İradə Aytel belə düşünür. Teleqraf.com-a onunla müsahibəni təqdim edir.

– İnsan kənardan göründüyü kimi olmaya bilər. Bizə tanımadığımız tərəfləriniz haqda danışardınız.

– Mövlanə demiş, ya olduğun kimi görün, ya da göründüyün kimi ol, amma bəzən bu da mümkünsüzdür. Mən olduğum kimi görünməyə çalışıram. Onda da görənlər göründüyüm kimi olmadığıma görə məni qınayırlar. Axı, xarici görünüşümdə içimdəki o gənc, dəcəl, saf, sadəlövh İradə deyiləm. Bəzən görənlərə asi çıxmağa çalışıram, olduğum kimi – içimdəki İradə kimi görünürəm. Onda da qınaqdan utanıram.

Sizə içimdəki İradədən danışım. Sevirəm o İradəni. Təmizdir, safdır, vicdanlıdır, sevgi doludur. Bəzən kobuddur, səbrsizdir, yaşına uymayan hərəkətlər edir, inanır, güvənir, aldanır.

İradə tənhadır, azad deyil, ruhu buxovdadır, hər ötən gündən, irəliləyən yaşından qorxur. Ona görə qorxur ki, hər irəliləyən gün onu Allahın ən uca mərtəbəsi olan analıq hissindən uzaqlaşdırır. İradə həm mənəvi, həm də fiziki cəhətdən çox sağlamdır, sağlamlığını dilə gətirməkdən, “qadın övladlarının sağlamlığı ilə fəxr etməlidir” qınağından çəkinir.

– Özündənrazı kimi görünürsüz. Bu, sizə çətinlik yaratmır ki?

– Özümdənrazı olmağa haqqım yoxdur. Nəyimdən razılıq edəcəyəm? Vətənə əsgər, anama nəvə verməmişəmsə.

– Sizi ifadə edən ən yaxşı şeiriniz hansıdır?

– Bəxtinə rəngin düşdü,

A bəxtəvər olanım!

Hanı baharın, qışdı?

Dərdi gövhər olanım!

Bu yaz səninki deyil,

Bu qız dünənki deyil,

Çək yazını dara, qız,

Qara qız, ay qara qız!

– Heç ağ yalan danışmısız?

– Elə həmin ağ yalana.

– Ən xoşbəxt məqamlarınızda özünüzü kim hesab edirsiniz?

– Bilmirəm xoşbəxtlik necə olur. Bəlkə də bilirəm, çox sevdiyim Ramiz Rövşən demiş, bəlkə də xoşbəxtik xəbərimiz yox.

Xoşbəxt idim onda. Onda özüm idim, bütöv idim, ruhum da, cismim də azad idi, yaşamaqdan zövq alırdım, sabahı düşünmürdüm, sabahdan qorxmurdum. Özümü İradə kimi, sevən, sevilən, bəxtəvər İradə kimi hiss edirdim. Xoşbəxt idim onda. Onda sevirdim!

– Sizi ən çox kimlər əsəbiləşdirir?

– Çox əsəbiləşirəm son zamanlar. Həm də çox həssas olmuşam. İnanın, bəzən elə olur mənə heç bir pisliyi, zərəri dəyməyən birisindən mənfi enerji alıram və yüklənirəm. Bilirəm ki, qarşımdakı insanın neqativ enerjisini özümə çəkirəm, o, yüngülləşir, mənə isə ağırlıq çökür. Özümə söz verirəm ki, mənfi enerji aldığım insan gözümün işığı da olsa, ondan uzaq duracağam. Alınmır. Necə deyim ki, ay Filankəs, mənə yaxın gəlmə. Bu, içimdəki İradəyə aid idi.

İndi iç və çölümü bir arada deyim: dinləyicilik qabiliyyəti olmayan, sözümü kəsən, özünü ağıllı sanıb qarşısındakını aşağılayan, yemək mədəniyyətindən kənar, gigeyenik qaydalara riayət etməyən, fürsətcil, haram adamlar məni əsəbiləşdirir.

Məni qıcıqlandıran hərəkətlərdən biri də sosial şəbəkədə “salam, necəsiz”, “kimsiniz”, “özünüz haqqında yazın”, “siz yazarsınızmı” kimi boşboğazlardır. “Salam, necəsinizi” niyə dedim, adətən boşboğazlar elə edir, əvvəl salam yazır, bir az keçir necəsiz. Bu, o deməkdir ki, “avarayam, çərənləməyə adam axtarıram”. Sözü olan birisi salamdan sonra fikrini yazır.

Mən də sosial şəbəkələrin at oynatdığı bir dövrdə elə adamları ucdantutma əngəlləyirəm və oxucu itirirəm.

– Oxucudan söz düşmüşkən, özünüz üçün hədəf olaraq oxucu kütləsi təyin etmişdinizmi, ya bu proses özlüyündə ortaya çıxır?

– Bunu heç vaxt düşünməmişəm. Axı, mən ədəbiyyatda iddialı deyiləm. Oxucularımı sevirəm. Tanrı onlardan razı olsun, mənə dəyər verirlər.

– Ümumiyyəylə, inanırsınızmı ki, oxucunuz hesab etdiyiniz adamlar sizi yazılarınıza, şeirlərinizə görə sevirlər?

– Gənclər həm yazılarıma, həm şeirlərimə, həm də özümə görə sevirlər. Qadınlar nə yazılarıma görə, nə də şeirlərimə görə sevirlər, onlar ümumiyyətlə məni sevmirlər. Yaşlı kişi oxucularım isə. Çox az adam var ki, məni məhz şeirlərimə görə tanıyıb sevir. Hətta barmaqla sananacaq qədər. İstəyirsiniz məni sevən qadınları ad-ad sayım.

– Əlbəttə, maraqlı olar.

– Anam və bacılarımdan sonra Ulduz xalam, yazıçılar Nüşabə Məmmədli, Aləmzər Əlizadə, Ümbülbanu, oxucum Ayan Ağayeva başqası yadıma gəlmədi.

– Eşitdiyimizə görə, bir vaxt intihara cəhd etmişiniz. Səbəb nə idi?

– Yeniyetmə olanda valideynlərim, gəncliyimdə isə taleyim məni incitmişdi. Bu barədə yazmışdım. Ölüm sanki nazlı bir mələk kimi qanadlarına səsləyirdi məni. Gəncədə təkotaqlı evdə yaşayırdım. Çılçıraqdan asılan kəndiri və o kəndirdə yellənən özümü görürdüm. Qorxmurdum, çəkinmirdim. Mənə elə gəlirdi, o an həyatımda yaşamadığım ən gözəl, ləzzətli bir an olacaq. O ana can atırdım, o ana tələsirdim.

Və hər dəfə anam gəlirdi gözlərimin qarşısına. Düşünürdüm, anam mənə zəng edəcək, cavab verməyəcəyəm, narahat olacaq, gələcək evimə, qapını açıb tavandan asılan balasını görəndə nə edəcək? Bax, o ananın balasının qatili olmaqdan qorxdum. Bu şeirim də o zamanlar yazılmışdı:

Bir dəli sevdaya düşmüşəm, ana,

Qıymıram sənin ürəyinin bir parçasına,

Bircə canımnan başqa

heç nəyim yoxdu.

İntihar sevdası ilə gəzdiyim o zamanlar məşhur bir yazıçımız var, mənə tez-tez zəng edib, halımı soruşurdu. Ona danışdım keçirdiyim hissləri. İnanın, gündə beş-altı dəfə mənə zəng edir, intihardan uzaqlaşdırmağa çalışırdı. Nəhayət, o “sevda”dan qurtuldum.

– Kifayət qədər gözəl qadınsınız. Heç sevgi təklifləri alırsınızmı?

Bir az əvvəl də məşhurlardan danışdınız, cəmiyyətə tanınmış adamlardan, belə desək, məşhurlardan sizə belə təklif gəlibmi?

– Özümü gözəl saymıram. Mənim belə bir fikrim var: gözəllər bəxtəvər deyil, bəxtəvərlər gözəldir. Yəni qadına gözəl olmaq deyil, bəxtəvər olmaq daha vacibdir. Qadın bilirsiz necədir, içi gülürsə, səadətdən gözləri parlayırsa, deməli, o, gözəldir. Həyatımın bir neçə ayını mən də gözəl olmuşam.

O qadın ki bəxtəvərdir, özünü gözəl sanır, ətrafdakılar da onu gözəl görəcək. Qadın cəmiyyətə özünəinamla, arxayınlıqla, komplekssiz çıxırsa, hamı ona inanacaq, gözəl qəbul edəcək.

Sevgi təklifləri alıram. Maraqlısı budur ki, məni sevənlər, həqiqətən saf sevgiylə sevənlər ya məndən qat-qat kiçik olur, ya da böyük. Balacaların səmimiyyətinə inansam da qarşılıq vermərəm, böyüklərə də acığım tutur. Qaldı tanınmışlara, olub, adını demərəm, yaxşı deyil.

– “Qanlı öpüşlər”, “fahişə mələk”, “nuş edin bədənimi”. Şeirlərinizdə belə qəribə ifadələr var.

– “Qanlı öpüşlər” şeirim sevgilisi tərəfindən aldadılan bir qadının iztirabından bəhs edir. O qadın mən də ola bilərəm. Oradakı qadın içindəki yaraları sevgilisinin qanı ilə sarımağa çalışır. “Fahişə mələk” də bir qadın taleyinə həsr olunub. Əslində mələk kimi saf olan gənc bir qızın başına gələn faciələrdən bəhs edir. Orada qadının deyil, bəzi kişilərin fahişəliyini göstərməyə çalışmışam.

Mənim bir şeirim belə başlayır: “Bax, indi bayaqdan bəri arxamca sürünən bu bahalı maşına əyləşəcəm”. Varlı kişilərin bir qadının taleyi ilə necə oynadığını, o qadın boyda günaha batdığını deməyə və o yolla gedən qadınların gözünü açmağa çalışmışam.

Bəzi dırnaqarası oxucular o şeirdən sonra yazdılar ki, İradə bahalı maşına minib, otelə gedib. Düzdür, üzülürəm belə fikirləri eşidəndə, həm də vecimə deyil. Məni başa düşən, anlayan beş nəfər oxucu varsa, nə xoş mənə.

“Bədənimi nuş edin” bir şeirimin misrasıdır. Ruhu sevilməyən bir qadın bədəninin gərəksiz olduğunu düşünmüşəm orada. İradə Aytelin üsyanıdır bu şeir.

– İlk şeirinizi nə vaxt yazmışdınız, xatırlayırsızmı?

– Üçüncü sinifdə oxuyurdum, Azər adında bir oğlan sinfimizə gəldi. Səkkizinci sinifdə oxuyanda oradan biz başqa yerə köçdük və bir daha qarşılaşmadıq onunla. Azərə yazmışdım ilk şeirimi, onun adının baş hərflərindən quraşdırmışdım. Ağlıma gələni.

– Ədəbiyyat adamlarını sənətin digər sahələrindən fərqləndirən əsas xüsusiyyət nədir? Belə fikir var ki, Tanrının özü ədəbiyyat adamlarının beynində və barmaqlarındadır.

– Məncə, ədəbiyyat adamları elə sənin, mənim, onun kimi sıradan olan adamlardır. Dahilər isə fərqlidir, onlar Tanrının izini yaşadan insanlardır.

– İradə xanım, sizcə, bizim reallıqda yazar uğur qazanmaq üçün nə etməlidir?

– Uğur qazanmaq üçün ədəbiyyatda iz qoyan, tarixə düşən nəsə yazmalısan. Tanınmağın, məşhurlaşmağın yolları isə tamam fərqlidir. Ədəbiyyatda tanınmaq üçün qadınlar bəzən hansısa kişinin “qəlbindən”, kişilər isə ucuz kafelərdəki araq məclislərindən keçir. Deyəcək sözüm çoxdu. Amma hələ ki bu barədə susacam.

Comments are closed, but trackbacks and pingbacks are open.