Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır VİDEO
Azərbaycan dilçiliyində ilk dəfə onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqinin də məhz A.Qurbanovun adı ilə bağlı olduğunu söyləyən Sayalı xanım elm xadiminin bu sahəyə ayırdığı xüsusi diqqətdən söz açıb: “Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, əmələ gəlməsini, mənşəyini, məna əsasını, yayılma regionunu, quruluşunu, inkişaf tarixini, təkmilləşməsini, üslubi imkanlarını, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun yaradıcılığında araşdırılıb. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, anomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran A.Qurbanov olub”.
Afad Qurbanovun dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV
Keçən əsrin ortalarından başlayaraq Azərbaycan dilçiliyinə, əsasən, akademik Məmmədağa Şirəliyev, akademik Əbdüləzəl Dəmirçizadə və professor Muxtar Hüseynzadənin yetirmələri (və davamçıları) olan ikinci nəsil gəldi ki, həmin nəslin ən görkəmli nümayəndələrindən biri akademik Afad Qurbanov idi.
Afad Qurbanov (1929-2009) ali məktəbi bitirəndən dərhal sonra əmək fəaliyyətinə doğma kəndlərindəki yeddiillik məktəbin direktoru (1945-1946) kimi başlamışdır. Və həyatının, yaradıcılığının, ümumən şəxsiyyətinin mahiyyətində dayanan müəllim-pedaqoq missiyası onu bütün ömrü boyu heç zaman tərk etməmiş, əksinə, yüksəldiyi ən uca məqamlarda da Afad Qurbanov öz müəllim adını şərəflə daşımışdır.
Əvvəl Tiflis Müəllimlər İnstitutunda (1946-1948), sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1948-1951) təhsilini davam etdirən Afad Qurbanov Borçalının Hamamlı kəndində məktəb direktoru (1951-1955), Tiflis Müəllimlər İnstitutunda müəllim (1955-1956) işləmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (sonralar Universitetində) isə 1956-cı ildən başlayaraq aspiranturadan rektorluğa qədər çox zəngin bir yüksəliş yolu keçmişdir. Və bu, heç şübhəsiz, nə qədər istedadlı olsa da, bir insanın şəxsi taleyi deyil, kökdən, nəsildən (genotipdən) gələn enerjidir ki, həmin kökə, nəslə məxsus hansısa bir insanın taleyində bütün gücü ilə təzahür edir.
Azərbaycan dilçiliyi tarixində həmişə nəinki tələbələrinə, hətta müəllimlərinə də xüsusi tələbkar münasibətilə xatırlanan professor Əbdüləzəl Dəmirçizadə Afad Qurbanovun aspiranturada saxlanılması üçün rektorluğa belə bir təqdimat yazmışdı:
“Afad Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir”.
Təqdimatın müəyyən qeyd-şərtlə yazılması, əlbəttə, gələcək elmi rəhbərin tamamilə “təbii” üslubu idi. Və bu son dərəcə qeyri-təbii üslubun bir əlaməti də o oldu ki, Əbdüləzəl müəllim öz aspirantına namizədlik işini gənclik illərində “patriarxallıq”da tənqid etdiyi Səməd Vurğunun “Vaqif” pyesinin dil-üslubundan yazmağı məsləhət bildi.
Böyük dilçi olduğu qədər də cəsarətli “eksperimentçi” olan Əbdüləzəl Dəmirçizadə hiss edəndə ki, N.Y.Marrı tənqid kampaniyasına başlamaq istəyirlər, “dahi dilçi”ni müdafiə etmək üçün Bakıda “yuxarılar”la məsləhətləşmədən birbaşa gedir Moskvaya. Orada köhnə “marrçılar” ona izah edirlər ki, mərdlik-namərdlik yeri deyil, fitva Stalindən gəlir, qayıt geri, görək, başımıza nə iş gələcək.
Əlbəttə, Səməd Vurğun öz keçmiş “tənqidçi”sinin dərin dilçilik təfəkkürünü layiqincə qiymətləndirməyə bilməzdi. Ancaq böyük şairin “Hər sadə, mürəkkəb cümləmizin də Əzəl mübtədası partiyamızdır” misralarındakı “Əzəl” sözündən həm əvvəl, həm də sonra vergül qoyub görkəmli alimə göndərirlərmiş ki, cümlədə mübtədanın baş üzv olmadığı barədəki fikrindən əl çəksin.
Məsələ burasındadır ki, böyük alimin istedadlı aspirantının Səməd Vurğunun şah əsərinin dilindən yazdığı dissertasiya o qədər uğurlu alınmışdı ki, müəllif bu problem üzərində araşdırmalarını həmişə davam etdirməyə ehtiyac duymalı olmuş, bədii mətnin linqvistik təhlilinə dair daha bir sıra dəyərli əsərlər yaratmışdır. Və özünün ilk şah əsəri olan “Müasir Azərbaycan ədəbi dili”nin xeyir-duasını da, heç şübhəsiz, böyük müəllimi vermişdi.
Afad Qurbanovun elmi tərcümeyi-halının, müasiri olduğu Nəsir Məmmədov, Əlövsət Abdullayev, Yusif Seyidov, Fərhad Zeynalov, Ağamusa Axundov, Rəhilə Məhərrəmova, Zərifə Budaqova, Musa Adilov, Zinyət Əlizadə, Tofiq Hacıyev. kimi görkəmli dilçilərdən bir mühüm fərqi də odur ki, Əbdüləzəl Dəmirçizadənin yetirməsi olmuşdur.
İkinci fərq daha dərin idi. Professor Muxtar Hüseynzadənin başçılıq etdiyi “Universitet dilçiləri” ilə professor (sonra akademik) Əbdüləzəl Dəmirçizadənin başçılıq etdiyi “APİ dilçiləri” arasında nə isə ciddi ixtilaflar, anlaşılmazlıqlar vardı.
Afad müəllim bu “baryer”i həm elmi, həm də böyük şəxsiyyətilə tədricən aradan qaldırmağa nail oldu. Rektor olduğu illərdə APİ-nin qapısını “Universitet dilçiləri” üçün o qədər geniş açdı ki, nəinki ixtilaflara, hər hansı anlaşılmazlığa da yer qalmadı.
Afad Qurbanovun müəllimliyi, xüsusilə dilçilik dərsləri Azərbaycan elm-təhsil tarixində ən böyük məktəblərdən biridir ki, ən azı aşağıdakı mühüm məziyyətlərilə seçilir:
1) etnoqrafik mükəmməllik;
2) yüksək vətənpərvərlik;
3) milli dövlətçilik təfəkkürü (və təəssübkeşliyi).
Afad müəllimin yetirmələrindən olan professor Sayalı Sadıqova yazır:
“Afad Qurbanov Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı idi. İlk baxışda dərin gölləri xatırladan dumduru iri qara gözlərilə tələbələrə baxarkən çöhrəsinə ilıq, həlim, isti bir təbəssüm qonanda duyurdum ki, bütün varlığı ilə ziyalı-vətəndaşlıq yanğısı olan müdrik bir alimlə qarşı-qarşıya durmuşam. İlk növbədə, professor pak, səmimi bir insan idi, sonralar APİ-nin rektoru, Milli Məclisin üzvü olanda da dəyişmədi, həm bir insan, həm bir təşkilatçı alim kimi öz sadəliyində, təmkinində qaldı, həm də bu sadəlik və təmkin daha da dərinləşdi, daha da zənginləşdi.
Afad müəllim şəxsiyyətinin bir cəhətini xüsusi qeyd edim ki, o, əsl istedadın vurğunu və qayğıkeşi idi. Bu gün elmimizə, mədəniyyətimizə ləyaqətlə xidmət edən 70-dən artıq istedadlı alimin yetişməsində onun əvəzsiz xidmətləri olmuşdur”.
Afad Qurbanovun dilçilik dərsləri bu gün də davam edir. Həm çoxsaylı yetirmələrinin elmi-pedaqoji fəaliyyətində, həm də xüsusilə heç zaman dəyərini itirməyəcək dərsliklərində. Həmin dərsliklər (və dərslər) Azərbaycan dilçiliyindən başlayaraq ümumi dilçiliyə qədər, demək olar ki, dil haqqındakı elmin bütün sahələrini əhatə etməklə dilçi-pedaqoqun maraq dairəsinin son dərəcə genişliyini göstərir.
Afad Qurbanov, ilk növbədə, Azərbaycan dilçiliyi mütəxəssisi olmuş, “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusundakı namizədlik (1962), “Müasir Azərbaycan ədəbi dili” mövzusundakı doktorluq (1968) dissertasiyalarını məhz ana dilinin ədəbi norma, funksional üslub xüsusiyyətlərinə həsr etmişdir. Bununla belə, onun yaradıcılığında dilçiliyin Azərbaycan elmi üçün səciyyəvi hər üç sahəsi – həm Azərbaycan dilçiliyi, həm ümumtürk dilçiliyi (türkologiya), həm də ümumi dilçilik tam miqyasda təmsil olunur. Və bu, ona Azərbaycan dilçiliyi tarixində heç bir dilçi ilə müqayisə edilməyəcək xüsusi üstünlük verir.
Afad Qurbanovun doktorluq dissertasiyasının əsasını təşkil edən “Müasir Azərbaycan ədəbi dili” dərsliyi (1967) yarım əsrdən artıqdır ki, Azərbaycan ali məktəblərində uğurla istifadə olunmaqdadır. Həsr edildiyi sahənin ölkəmizdə ilk dərsliyi “Ümumi dilçilik”ə (1973) gəldikdə isə professor Nizami Xudiyevlə razılaşmaq lazım gəlir ki, “Afad Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Onun “Ümumi dilçilik” adlanan ikicildlik dərsliyi bu sahənin mütəxəssisləri tərəfindən həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. Bu dərsliyin əsas məziyyəti odur ki, ümumbəşəri məzmun daşımasına baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində yazılmışdır”.
Ümumiyyətlə, Afad Qurbanov o məhsuldar alimlərdən idi ki, əldə etdiyi nəticələrlə heç vaxt kifayətlənmir, elmin, təhsilin, cəmiyyətin inkişaf tələblərinə uyğun olaraq axtarışlar aparır, öz tədqiqatlarında “dünən”dən “sabah”a baxmağı bacarırdı. Dünyagörüşünün (və elmi maraq dairəsinin) genişliyi imkan verirdi ki, o, Azərbaycan dilinin və ya dilçiliyinin hər hansı probleminin təhlilini məhdud dairədə yox, lazımi miqyasda – türkologiya, yaxud ümumdilçilik kontekstində aparsın. Ali məktəblərdə dilçilik fənlərinin tədris planları hazırlananda da, Azərbaycan onomastikasının bütün yönləri ilə araşdırılması “hərəkatı”na rəhbərlik edərək beynəlxalq nüfuzlu məktəb yaradanda da, Milli Məclisdə Əlifba Komissiyasının sədri kimi bilavasitə müəllifi olduğu müasir Azərbaycan əlifbasını tərtib edəndə də Afad Qurbanov həmin prinsipə xüsusi diqqət yetirirdi. Və o, əmin idi ki, istər milli olanı beynəlmiləldən, istərsə də beynəlmiləl olanı millidən ayırmaqla nə elmdə, nə də həyatda hər hansı məqsədə çatmaq mümkün deyil.
1986-cı ildən 2009-cu ilə – ömrünün sonuna qədər Afad Qurbanovun rəhbərliyi ilə APİ-də (sonra isə ADPU-da) on beş beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdi ki, həmin illərdə, heç də təsadüfi deyildi ki, bunlar, sadəcə, “Afad Qurbanov konfransları” adlanırdı. Və o da təsadüfi deyildi ki, Azərbaycan dilçilərinin ağsaqqalı akademik Məmmədağa Şirəliyev bu işlərə böyük qiymət verir, Afad Qurbanovun “Azərbaycan dilinin onomalogiyası” əsərini dünya türkoloji dilçiliyinin böyük nailiyyəti kimi dəyərləndirirdi.
Xatırlamaq əhəmiyyətsiz olmazdı ki, böyük alim hələ gənclik illərində çap olunan ilk məqaləsini də şəxs adlarına həsr etmişdi. Və Azərbaycanın istiqlalı ərəfəsində xüsusi adların öyrənilməsinə xüsusi önəm verməsi də, ilk növbədə, ona görə səbəbsiz deyildi ki, min illər boyu həmin adlarda bilavasitə ifadə olunan tariximiz milli mənliyimizin ən parlaq göstəricisi idi.
Afad Qurbanovun dilçilik dərslərində dil haqqındakı elmin anlayışlarına xüsusi diqqət göstərilməklə yanaşı, dil hadisələrinə münasibətdə özünəməxsus təsnifat həssaslığı dərhal nəzəri cəlb edir. Və hər iki cəhət hind-Avropa mənşəli dilçiliyin milli elmi idrak texnologiyaları əsasında mənimsənilməsinə xidmət edir ki, bu, heç şübhəsiz, böyük alim-müəllimin Azərbaycan dilçilik elminin tarixi ideallarına sədaqətindən irəli gəlir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır VİDEO
Bu gün görkəmli dilçi-alim, professor, türkoloq, ictimai-siyasi xadim Afad Qurbanovun anadan olmasından 94 il ötür. Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyinin inkişafına öz töhfəsini verən elm və təhsil təşkilatçısı haqqında Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini professor Sayalı Sadıqova fikirlərini AZƏRTAC ilə bölüşüb.
“Afad Qurbanov geniş yaradıcılıq istiqamətlərinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi. O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına həsr edən əvəzsiz şəxsiyyətlərimizdəndir. Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı dilçilik elminin korifeyi kimi görkəmli dilçilər Kononov, Şerbak, Tenişev, Baskakov, Budaqova, Şirəliyev, Dəmirçizadə və başqaları ilə bir sırada çəkilir”.
Professor A.Qurbanovun elmi məktəb yaratdığını və yazdığı çoxsaylı elmi əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dilçilərimizdən olduğunu söyləyən professor onun Azərbaycan dilçiliyinin inkişafında mühüm xidmətlərini qeyd edib: “O, “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988, 1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin anomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri” (Bakı, 2004), “Azərbaycan anomalogiyasının əsasları, (2 cilddə, Bakı, 2004) və bir sıra monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. Bu monoqrafiyalar müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticəsidir”.
Bu əsərlərdə dilçilikdə aktual məsələlər, problemlər, elmi anlayışlar dəqiqləşdirilmiş dil və dilçilik tarixi ilə əlaqədar yeni təsniflər verilib.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən A.Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər – əlli il ADPU-da müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1990-1994-cü illərdə Milli Məclisin üzvü, Əlifba Komissiyasının sədri olub.
S.Sadıqova qeyd edib ki, müasir əlifbanın yaradılması və ona verilən tələblərin Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmasına Afad Qurbanov rəhbərlik edib. Afad Qurbanov Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlayıb, daha sonra Komissiyanın müzakirəsinə təqdim edib. Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının tərtibçisidir. Onun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınıb. Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Afad Qurbanov latın qrafikalı yeni əlifbaya keçilməsi dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olub, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və istifadəyə verilib.
Azərbaycan dilçiliyində ilk dəfə onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqinin də məhz A.Qurbanovun adı ilə bağlı olduğunu söyləyən Sayalı xanım elm xadiminin bu sahəyə ayırdığı xüsusi diqqətdən söz açıb: “Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, əmələ gəlməsini, mənşəyini, məna əsasını, yayılma regionunu, quruluşunu, inkişaf tarixini, təkmilləşməsini, üslubi imkanlarını, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun yaradıcılığında araşdırılıb. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, anomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran A.Qurbanov olub”.
Ona görə də Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfonologiya F.Cəlilovun, ümumi dilçilik, türkoloji dilçilik, anomalogiya və müasir Azərbaycan əlifbası A.Qurbanovun adı ilə bağlıdır.
Alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimin xatirəsi qəlbimizdə həmişə yaşayacaq.
Afad Qurbanov – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov ; 10 yanvar 1929 , Cücəkənd – 26 sentyabr 2009 , Bakı ) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). [1]
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 İstinadlar
- 4 Xarici keçidlər
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.
O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.
Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.
XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır. [2]
Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.
Elmi fəaliyyəti
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.
Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I–II cildlər (1989–1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [3] .
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.
Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981–1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.
Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
Comments are closed, but trackbacks and pingbacks are open.