Press "Enter" to skip to content

Amil Mehdi ilə Famil Mehdi haqqında söhbət – “Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca” – LAYİHƏ

Bu yazı Adamlar və kitablar, Gündəm yazıları, Qarabağ içində dərc edildi və Ala Yaqub, Famil Mehdi olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Bu gün Famil Mehdinin 80 yaşı tamam oldu. Google-da “Famil Mehdi 80” yazıb axtarış elədim. Bir-iki xəbər saytından savayı heç yerdə, heç mədəniyyət, ədəbiyyat saytlarında da bu barədə bir xəbərə rast gəlmədim. Səbəbi mənə aydındı. Məncə, onu tanıyanlara da…

Famil müəllim iki halıyla daha çox yadımda qalıb. Biri bizim tələbəlik illərimizlə bağlıdır. 1988-89-ci illərin mitinqlərinə gedəndə universitetdə çox dərs buraxırdıq. Bizə deyirdi: “Başa düşürəm, haqqı deməyə gedirsiniz. Bir müəllim kimi “Dərsi buraxıb, getməyin” deməliyəm, deyə bilmirəm. Gedin! Amma tribunadan “Vəziryan! Vəziryan!” çığıranların əsl məqsədlərinin nə olduğunu da bilin”. Bildik, iş-işdən keçəndən sonra, bildik, gördük… və görürük.

İkinci halında o, “Dədə Qorqud” filminin sonunda döyüşən tərəflərə yalvaran Dədə Qorquda bənzəyirdi. Ağdam işğal olunanda Yeni Yasamala pənah gətirmiş qaçqınlara divan tutan polislərin qarşısındakı hayqırtısı hələ də qulağımdadı. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınları döyüb qovurdu. Erməni gülləsindən qurtulanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Famil Mehdi bax eləcə – üzünə, çiyninə dağılmış uzun, ağ saçı, dibinə kədər çökən qəzəbli gözləri, bir də qışqırmaqdan batan xırıltılı səsiylə yaddaşıma həkk olub.

80 yaşın mübarək, müəllim!

Share this:

Bunu bəyən:

Bəyən Yüklənir.

Bu yazı Adamlar və kitablar, Gündəm yazıları, Qarabağ içində dərc edildi və Ala Yaqub, Famil Mehdi olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…” üçün 2 cavab

Misralara hopmuş Vətən harayı…
Xəbərin çap versiyası Tarix: 27/12/2014
image here
“Təzadlar” BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin görkəmli alim, şair-publisist, dekabrın 25-də anadan olmasının 80 illiyi qeyd edilən mərhum şair Famil Mehdiyə həsr olunmuş və moderator.az saytında təqdim olunmuş yazısını təqdim edir:
Qulu Məhərrəmli
(Unudulmaz şair-publisist
Famil Mehdinin əziz xatirəsinə)
…Onunla üz-üzə gəlmək, kəlmə kəsib danışmaq adamda həmişə ilıq duyğular oyadırdı. Xoş aurası, mülayim təbiəti, bir az ləngərli danışığı və ürəyəyatan səsi varıydı. Üzündə tez görünüb, tez də yoxa çıxan oynaq təbəssümü onu adama tez doğmalaşdırırdı. Famil Mehdi bu dünyanın nə çoxu, nə də azıydı, barmaqla göstərilən böyük şəxsiyyətlərdəniydi. Ədəbi ictimaiyyətdə yaxşı hörməti vardı, dərs dediyi jurnalistika fakültəsində tələbələrin sevimlisi, bu təhsil ocağında düzlük, mərdlik, kişilik havasını saxlayanlardan biri, çoxlarının ümid yeriydi.
Bizə dərs dediyi ilk günlərdən münasibətimiz yaxşı alınmışdı, obyektiv, ədalətli, müəllim idi. Allah ona böyük ürək vermişdi, tələbələrinin qazandığı uğurlara çox sevinirdi. Diplom müdafiəsində haqqımda dediyi qiymətli sözləri unutmamışam, təzə-təzə ekrana çıxıb veriliş aparanda verdiyi məsləhətlər də yadımdadır. Mənə olan ən isti münasibətini isə “Televiziya haqqında etüdlər” kitabıma (1996) böyük ürəklə yazdığı və xeyli məna qatları olan ön sözdə ifadə edib. Hər dəfə həmin kitabı vərəqləyəndə, sanki Famil müəllimin işıqlı çöhrəsini görür, onun duyğulu səsini eşidirəm:
Min hava çalınıb könül tarımda,
Dünyanın nə azı, nə çoxuyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən. ***
Yaxşı şair nədən yazırsa-yazsın, hansı detalı cızırsa-cızsın o, poetik obrazların ən mükəmməlini yaradır. Yəni əsl şairin könül mizrabı toxunduğu mövzudan asılı olmayaraq, bədii lövhənin ən incə detallarında belə insan ruhunu oxşayan çalarlara can verə bilir. Azərbaycan poeziyasında bənzərsiz yaradıcılıq üslubu ilə seçilən Famil Mehdi, məhz belə parlaq şairlərimizdəndir.Onun insan qəlbini riqqətə gətirən, duyğuları oyadan incə, lirik sevgi şeirləri də, vətən torpağını vəsf edən poetik nəğmələri də, bu torpağa arxa çevirənlərə qəzəb püskürən gileyli misraları da əsl şair istedadı ilə yazılıb.
Famil Mehdi ədəbi ictimaiyyətin diqqətini ötən əsrin 50-ci illərinin ortalarından yazdığı lirik şeirləri ilə cəlb etməyə başlayıb. “Sevəndən bəri” (1961) adlı ilk şeirlər kitabı ilə özünü coşqun təbli şair, özünəməxsus ifadə tərzi olan söz adamı kimi təqdim edib. Onun şeirləri uzun illər insanların həyat eşqini coşdurub, onları yaşamağa ruhlandırıb. Lirik sevgi nəğmələri təxəyyüllərə güc verib. Şairin yaratdığı poetik obrazlar, ustalıqla nəzmə çəkdiyi ülvi duyğular beləcə zaman-zaman yaddaşlara hopub, onu öz dövrünün parlaq sevgi şairinə çevirib.
Nə yaxşı ki, Famil Mehdi sevginin orbitində qalmayıb, tezliklə əlini zamanın nəbzi üstünə qoymuş şair kimi tanınıb. Nə yaxşı ki, həyatda, ətrafda insan taleyinə təsir edən nə baş veribsə, şair ona dərhal reaksiya verib. Bu baxımdan onun Azərbaycan poeziyasının ədəbi mövzularından olan vətən sevgisi ilə bağlı şeirlərinin ahəngini izləmək çox maraqlıdır.
Əvvəla, onu deyək ki, Vətənin xoş günlərində yurd sevgisi F.Mehdi yaradıcılığından qırmızı xətlə keçir. Onun şeirlərində Azərbaycan bütün rəngləri ilə ifadə olunur, şairin söz rübabı bu rənglərə parlaq çalarlar verərək oxucuda ülvi duyğular oyada bilir. Həm də şair, təkcə onu boya-başa çatdırıb şöhrətləndirən Qarabağ torpağını deyil, Azərbaycanın bütün dilbər guşələrini vəsf edir. Digər tərəfdən, böyük şair bu gözəl məmləkətimizin hər qarışında insanı valeh edən misilsiz mənzərələri nəzmə çəkməklə yanaşı, həm də könül tarını dilləndirərək bizləri bu yurdu sevməyə, onun qədrini bilməyə çağırır:
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən. Famil Mehdi kimi geniş yaradıcılıq diapazonu olan və “fikir dünyasının dərin qatlarına lağım atan bir şairin, publisistin yaradıcılığını təhlil etmək yükünün altına girmək” (Rafiq Əliyev) asan iş deyil, əslində bu, ciddi tədqiqatların mövzusudur. Amma böyük şairin coşqun bir ilhamla çağlayan poeziyasında öz əksini tapan vətən sevgisini hər kəs dərhal görə və duya bilir. Çünki F.Mehdinin yaradıcılıq xəmirinin mayası, məhz bu Vətən məhəbbətindən, onun bir parçası olan Qarabağ sevgisindən yoğrulub:
Mənə yer verərsən doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ, sümüklərim də
Əriyib qarışar torpaqlarına. Bax, burada şair-vətəndaş Famil Mehdinin daha parlaq bir keyfiyyəti üzə çıxır: o, könül rübabını düşmən tapdağı altında qalmış böyük Vətənin haraylarına kökləyir. Qarabağ savaşı başlanandan F.Mehdi bu mövzunu önə çəkib haray salan söz sahibinə çevrilir. Artıq onun son şeirlərində bu mövzu ən kəskin rakursda görünür. İndi bu şeirlərdə Qarabağ bülbülləri susub, yalnız torpağın iniltisi, talesiz insanların hay-harayı, sinəsi dağlı anaların ah-naləsi eşidilir. Bu fəryadlar şairin sətirlərindən ağrılı bir səs kimi pərdə-pərdə qalxaraq bütün Azərbaycana yayılır. Artıq hiss olunur ki, böyük söz ustası demək istədiklərini boyasız, bir qədər sərt notlarda təqdim edir. Yəni şair belə hesab edir ki, artıq burada sətiraltı ifadələrə, ezop dilinə ehtiyac yoxdur, odur ki, qəzəbini cilovlamadan hər şeyi birbaşa deyir:
Mənim Qarabağım mənim deyilsə,
Yadlar tapdağında inildəyirsə,
Bəs mənim dünyada kimim, nəyim var,
Bu günüm, nə də ki, gələcəyim var.
(“Mənim Qarabağım mənim deyilsə”) Bəli, şair belə düşünür ki, onun babalarının miras qoyub getdiyi və ruhunu qidalandıran Qarabağ yoxdursa, onun üçün həyat yoxdur. Ona görə də bu itki səbəbindən şeirlərində bir yanğı və üsyan duyulur. Hətta bu məqamda fikirlərini bir az da qabartmaq, dərin məna qatlarında gizlənən fikirləri oxucuya çatdırmaq üçün F.Mehdi şeirlərinin gözünə bir az da publisistik ruh qatır. Təsadüfi deyildir ki, şair özü “Poeziya mənim ücün mübarizədir” adlı məqaləsində Qarabağ dərdini bu şəkildə dilə gətirərək yazırdı: “…ən böyük dərdimiz Qarabağ dərdidir. Mən üzümü həyata tutub dərdimi yazıram. Mənim ücün bu saat poeziya estetik tərbiyə vastəsi deyil, mənim ücün poeziya mübarizədir. Mübarizədir- birinci nüvbədə düşmənə qarşı, ikinci növbədə daxilimizdəki laqeyidliyə qarşı”. Şairin bir çox dərdli şeirləri, haray salan misraları, o cümlədən “Necə yaşayırsan, ay Famil Mehdi?” şeiri, məhz bu mübarizənin parlaq ifadəsidir:
Dünyada varın-yoxun,
Nə azın, nə də çoxun
Bircə Qarabağdı, o da ki, getdi.
Daha Qarabağsız sən bu dünyada,
Zəhər içə-içə, dərd uda-uda
Niyə yaşayırsan, ay Famil Mehdi?! Öz həyatında insan dərdlərinin bütün çalarlarını hiss etmiş “Famil Mehdinin poetik məramında əbədi çağırışlardan biri insan taleyinə münasibət məsələsidir.İnsanın taleyi qorunmayan yerdə mənəvi azadlıqdan, əmin-amanlıqdan, ümumiyyətlə, heç bir sosial ədalətdən söz gedə bilməz.Bu mənada Famil dünyanın ürək döyüntüsünü duyan, ona cavab verən sənətkardır”- qüdrətli şairimiz Məmməd Arazın bu sözlərində böyük həqiqət var. Son dövr yaradıcılığında Qarabağ mövzusuna köklənmiş F.Mehdi cəmiyyətdə baş verən naqisliklərə də biganə qalmamış, cəmiyyəti və milləti məhvə aparan bir çox mənfilikləri kəskin tənqid etmişdir.
Şairin sosial-siyasi mövzudakı şeirləri sübut etdi ki, artıq F.Mehdinin şair nəfəsi bu sferada daha da genişlənib, indi onu daha böyük ictimai prolemlər, o cümlədən milli ruhun dirçəldilməsi, xalqın kimliyi, milli ləyaqət və s. məsələlər daha çox maraqlandırır. Ona görə də şairin bu dövr şeirlərində nifrət də, məhəbbət də, sarkazm da, acı qəhqəhə də bütün çalarları ilə üzə çıxır. Bu baximdan onun “Dilən, professor, utanma, dilən” şeiri şairin yaradıcılığında xüsusi yer tutur. Ölkə ictimaiyyəti, oxucular şeir dərc olunanda böyük maraqla qarşıladılar. Hər şeydən əvvəl ona görə ki, bu şeir öz ziyalısına dəyər verməyən, müəlliminə yiyə durmayan, onu taleyin ümidinə buraxmış bir cəmiyyətə qarşı ittiham idi:
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.
Qırılan ağac yox, tufan utansın,
Vurulan turac yox, vuran utansın. Əslində keçid dövrünü yaşayan bir çox cəmiyyətlər üçün aktuallığını hələ də saxlayan bu şeir, istənilən ölkədə dəyərləri düzgün seçməyə, millətin sabahına sayğı ilə yanaşmağa bir çağırışdır.Şair doğru olaraq göstərir ki, “arxasız millətin, yiyəsiz xalqın, alimi, şairi dilənəsidir”, çünki öz xalqının maraqlarını deyil, şəxsi firavanlığını düşünən adamların çoxaldığı cəmiyyətlərdə başqa cür mümkün deyil.Həqiqətən belədir, şairin dediyi kimi, o yerdə ki, “yağla şora fərq qoyulmur”, “sərçə qartaldan, çiçək qanqaldan fərqləndirilmirsə, orada həmişə dəyərlər gücdən düşəcək”. Bəs bunlara görə kimdir günahkar? Şair həmin günahkarları professora da, biz oxuculara barmaqla göstərir:
Çıxart eynəyini,aç gözlərini,
Yaxşı gör zamanın acgözlərini.
Vicdan karlarını, qəlb lallarını,
Vəzifə, var-dövlət dəllalarını.
Qoy görsün səni də ağız pusanlar,
Söz qalaylayanlar, körük basanlar. Ümumiyyətlə, F.Mehdinin son dövr yaradıcılığında istər Qarabağsız mövzusunda, istərsə də sosial mövzuda olan şairlərində adlı-ünvanlı ittihamlar çoxdur. Bu baxımdan güclü etiraz və üsyan hissinin çox güclü olduğu “Zamanın üzü qaradır”, “Qaçqınlar ölməyin aman günüdür”, “Körpə qaçqın”, “Mənim qaçqın anam Bakıda öldü” şeirləri kəskin tənqidi ruhu ilə daha çox fərqlənir. Əslində bunlara tənqid demək də doğru deyil, bunlar qəlbi vətən və yurd həsrəti ilə çırpınan, sanki əlacsız və köməksiz qalmış bir şairin harayıdır. Əslində şair, məhz bu harayının eşidilməməsindən narahatdır və ona görə də belə yazır:
Mənim düz işimi tərs eyləyən çox,
Məzarım üstündə rəqs eyləyən çox
Sırtıq nitqləri eşidənim çox…
Nədən harayımı eşidənim yox, Vətən fəryadımı eşidənim yox! (“Getdi Qarabağım, haray, ay haray”)
Bu məzmunda şeirlər göstərir ki, F.Mehdi Qarabağ itkisini daha dərindən duyur, qaçqın və köçgünlərin ürək döyüntülərini daha yaxından eşidir, bu dərdləri özünə daha yaxın buraxır. Çünki özü bu dərdin içindədir: Ölür, vətən deyir, yurd deyir anam,
Yurd düşmən əlində, vətən dardadır.
Bəlkə, haray çəkim, ay dad, ay aman,
Bu millət hardadır, bu xalq hardadır?!
(“Mənim qaçqın anam Bakıda öldü”)
F.Mehdi köçgün və qaçqın mövzusunu da sonsuz bir kədərlə işıqlandırır.Həmin şeirlərində şair qaçqınların ağır dərdlərini duyub, özününkiləşdirir, bu ağır və acınacaqlı həyatı, daha təbii, daha real boyalarla əks etdirir.Bu baxımdan şair “Qaçqınlar, ölməyin, aman günüdür” şeirində, sanki içini qarsan odu, alovu sözlərə sığışdıra bilmir.
Yamandır yaşamaq, urvatsız ölmək,
Yurd-yuvasız ölmək, elatsız ölmək.
Urvatsız ölənin yeri dar olur,
Yeri dar olanın ruhu xar olur. Xalqın “varlığı odlara qalanıb” deyərək içində bu qədər dərd gəzdirən, son illərin ağır faciələrini, ictimai dərdləri şəxsi kədəri kimi qəbul edən Famil müəllim dərd içində də bu dünyaya göz yumdu. Ürəyində Qarabağ həsrəti və bir də sabaha öləziyən ümidlərlə…
***
Mən 2003-cü ilin payızında dünyasını dəyişmiş Famil Mehdinin dəfn mərasimini indi də xatırlayıram. Adamlar ağır dərd və hüzn içərisində böyük şairə, heç nədən çəkinmədən vətənin dərdlərini dilə gətirmiş bir sənətkara vida sözləri deyirdilər, səsi titrəyən, kövrələnlər az deyidi, onu istəyənlərin göz yaşları içlərinə axırdı…
İş elə gətirdi ki, ömrünü qaçqınlıqda başa vurmuş anamı da Famil müəllimin əbədi uyuduğu məzarıstanlıqda dəfn etmişik. Odur ki, hər dəfə anama baş çəkəndə “Vətənli ölülər, ölüykən diri, Vətənsiz dirilər, diriykən ölü” – deyən şairin məzarı önündə də dayanıb, sükuta dalıram və sanki hər dəfə də şairin aşağıdakı üsyankar misraları səslənir qulağımda:
Qalx, düşmən əlində Vətən çırpınır,
Qayaya çırpılır, daşa çırpılır,
Qalx, qovaq göylərdən bu qara yeli,
İrəli, irəli, ancaq irəli! Poetik misralara hopmuş bu Vətən harayi Famil Mehdi yaradıcılığının bir növ leytmotivinə çevrilib.Amma bu “İrəli” nidası çoxlarının düşündüyü kimi qulaqları yağır eləmiş təbliğat şüarı deyil. Bu, adı və odlu misraları milyonların qəlbində əbədiləşmiş şairin sabaha həyəcanlı çağırışıdır. Bu Vətənin, bu cəmiyyətin, bizlərin bu çağırışı necə eşitməyimiz isə tamamilə başqa mövzudur…

Həmişə yaddaşlarda qalan şair-Famil Mehdi…
Xəbərin çap versiyası Tarix: 13/12/2014
image here
-Famil Mehdi-80-
(ÖLMƏZLİYƏ QOVUŞMUŞ İNSAN ƏZİZ DOSTUM FAMİL MEHDİNİN 80 İLLİYİNƏ)
Rafiq Əliyev,
professor …Bənzərsiz insan, gözəl şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, mənalı ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Famil müəllimin keçdiyi mənalı həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.
Filosof-şair, alim-professor, pedaqoq-jurnalist və ən başlıcası böyük İnsan Famil Mehdi Ağdamın Sarıhacılı kəndində Ağalar kişinin ocağından başlayan və uca bir zirvəyə aparan böyük ömür yolu keçmişdir. Bu yol Familin öz yoludur.
Bu 68 illik məsafəsi olan yolun 50 ilinə bələd olan bir dost kimi deyə bilərəm ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma Famil zirvəsinə apardı. O bu yolda, özü demişkən “sevinc də, qəm də…” yedi. O zirvəyə onu heç kim qaldırmadı. Özü qalxdı.
Famil müəllimlə ilk tanışlığım mən Ağdam 1 saylı orta məktəbdə oxuyarkən onun Ağdam mədəniyyət evində keçirilən poeziya gecəsində “Ana” şeirini oxuduğu dövrə təsadüf edir. Şeir həvəskarı idim, hərdənbir şeirlər də yazırdım. Familin iki bəndlik, lakin məna yükünə, süjetinə görə əzəmətli olan bu şeirini dinləyəndə gördüm ki, Famil Mehdinin poeziya yolu uzun və səmərəlidir, zirvəyə aparan yoldur.
Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir.
Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən. Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən. Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm. Bu yolda sevinc də, qəm də ye mişəm.
Bir daha demərəm tamarzıyam mən. Mən deyərdim ki, bu şeir Azərbaycan haqqında yaradılmış ən böyük sənət incilərindən biridir.
Famil Mehdinin yaradıcılığında Qarabağ mövzusu dominantlıq təşkil edir. Mənə yer verərsən doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ, sümüklərim də
Əriyib qarışar torpaqlarına. Son illər Famil Mehdinin şair nəfəsi daha da genişlənmiş, onu daha qlobal məsələlər, ictimai-siyasi ruhlu, milli və dünya məsələləri daha çox maraqlandırırdı. Bu dövrün şeirlərində nifrət də var, məhəbbət də, sarkazm da, acı qəhqəhə də, tolerantlıq da var, güzəştsizlik də.
Famil Mehdinin “Dilən, professor, utanma, dilən” şeiri dərc olunarkən, ictimaiyyət tərəfindən böyük maraqla qarşılansa da bəzi məmurlar tərəfindən adekvat qarşılanmadı. Famil Mehdi elmə-təhsilə olan biganəlik barədə təbil çalırdı. Bəyəm bu gün universitetlərdə professor tələbəsindən rüşvət alırsa bu onun dilənməyi deyilmi? Onun bu şeiri, bu poetik fikri bu gün daha aktualdır.
Dilən, professor, utanma, dilən,
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.
Qırılan ağac yox, tufan utansın,
Vurulan turac yox, vuran utansın. Mən ədəbiyyatçı deyiləm, Famil Mehdi kimi geniş spektrli və fikir dünyasının dərin qatlarına lağım atan bir şairin, publisistin, professorun yaradıcılığını təhlil etmək kimi bir yükün altına girmək fikrindən uzağam. Onun poeziyası haqqında tutarlı fikirləri böyük ədiblərimiz söyləmişdir. Xalq yazıçısı Mehdi Hüseyn yazırdı:
“Əzizim Famil!
Bu yay günündə Buzovna qayaları üstündə oturub möhtərəm aktyorumuz Ələsgər Ələkbərovla balıq tutarkən radioqəbuledicini işə saldıq. Səhnələşdirilmiş poeziya əsəri verilirdi. Elə ilk dəqiqədən diqqətimizi cəlb etdi. Görəsən kimin əsəri idi? Hərəmiz bir neçə şairin adını çəkdik. Həm də güman etdiyimiz görkəmli şairlərin. Lakin diqqətlə qulaq asıb axırını gözləməli olduq.
Axırda biləndə ki, poema görkəmli şairin deyil, sənin, cavan bir şairin qələmindən çıxmışdır, ikiqat sevindik. Hər ikimiz səni alqışladıq.
Dəyərli şairimiz Məmməd Araz yazır:
“Famil Mehdinin poetik məramında əbədi çağırışlardan biri insan taleyinə münasibət məsələsidir. İnsanın taleyi qorunmayan yerdə mənəvi azadlıqdan, əmin-amanlıqdan, ümumiyyətlə, heç bir sosial ədalətdən söz gedə bilməz. Bu mənada Famil dünyanın ürək döyüntüsünü duyan, ona cavab verən sənətkardır.”
1987-ci ilin axırlarında və 1988-ci ilin əvvəllərində Qarabağ məsələsi başlayan vaxt Azərbaycan KP MK-nın I katibi mərhum Kamran Bağırov MK-nın binasının 12-ci mərtəbəsində ziyalılarla məsləhətləşmə aparırdı. Mən akademik Eldar Salayevlə ( o vaxt AMEA-nın prezidenti) yan-yana oturmuşdum. Fikir mübadiləsi etdik. Mən öz peşəmlə əlaqədar konfliktalogiya elminə bir az bələd idim. Söylədim ki, bu konflikt forma və məzmununa görə Fələstin-İsrail konfliktini xatırladır. Eldar müəllim razılaşdı. Bir neçə gündən sonra Famil müəllimlə görüşərkən bu təəssüratlarımı ona söylədim, özünü çox narahat hiss etdi. O mənə xitabən: yəni, sən demək istəyirsən ki, biz illər, 10 illər boyu Qarabağsız qala bilərik? Biz buna dözə bilmərik, bizim buna haqqımız yoxdur. Famil Mehdi haqlı imiş, o dözə bilmədi, həlli uzanan Qarabağın azadlıq yolu qısaltdı Famil ömrünü.
Famil Mehdi ilə böyük alimimiz Xudu Məmmədov arasında sıx dostluq var idi. Tez-tez bir yerdə Qarabağa döyüş yerlərinə gedərdilər. Famil müəllim mənə söyləyirdi ki, 1988-ci ilin payızında Xudu müəllimdən soruşdum nə vaxt Qarabağa gedirik? Mənə cavab verdi ki, “Ay Famil bu qədər getdik-gəldik, nə etdik ki, indi gedək camaata nə deyək?”. Bundan cəmi bir gün sonra axşam saat 8-9 radələrində böyük şairimiz Bəxtiyar Vahabzadə (torpağı nurla dolsun) mənə evə zəng vurur və ona deyirlər ki, mən Famil Mehdigildəyəm. O, Familgilə zəng vurdu və telefonda ağlaya-ağlaya mənə dedi ki, Xudu şəhid oldu. Onda Famil bir söz dedi: Xudu bizə yol açdı. Doğrudan da araları bir o qədər çəkmədi.
Biz tez-tez Qarabağa gedərdik. Xocalı faciəsini Bakıda eşitdik, dərhal Famil Mehdi şair Ramiz Məmmədzadə və mən Ağdama yollandıq.
Famildən xahiş etdim ki, bizim şəhər evimizdə gecələyək, o israrla öz evinə getdi, Əsgəran yolunda yerləşən öz kəndlərinə, Sarıhacılıya.
Famil müəllim möhkəm olduğu qədər də kövrək idi. Səhəri gün Ağdam mədəniyyət evi, məscidi qarşısında əzizlərinin meyidlərini axtaran Xocalıdan olan anaların, bacıların, ataların nalələri Familin qəddini əymişdi. Bir neçə gündən sonra Bakıya qayıtmalı olduq. Lakin Famil Xocalı faciəsinin, bombalar altında olan ağdamlıların dərdini Bakıda çəkə bilməzdi. Bir həftədən sonra yenidən Ağdama qayıtdıq. Mərhum dostum, o vaxt Neft Akademiyasının rektoru işləyən akademik Tofiq Əliyev də bizimlə idi. Ağdama axşam saat 9 radələrində çatdıq. İsrarıma baxmayaraq yenə bizdə – şəhərdə yox, öz kənd evində gecələməyi qərara aldı (bu o qədər də təhlükəsiz deyildi). O mart gecəsini biz, həm Famil Mehdi, həm mənim dostum Tofiq Əliyev kristaldan daha təhlükəli olan qrad mərmilərinin yağışı altında keçirdik. Səhər saat 6-da tüstüsü, alovu ərşə qalxan Ağdam ticarət mərkəzi yanında görüşdük. Duya bilmədim – Familin alovu daha yüksəklərə qalxıb, yoxsa yanan Ağdamın.
İnsanlar var ki, diri ikən ölüdürlər, insanlar var ki, öləndə də diridirlər. Bu ölməzliyə qovuşmuş insanlardan biri Famil Mehdi zirvəsinə ucalmış Famil Mehdidir. O milyonlarla oxucularının, tələbələrinin, Qarabağsevərlərin, Azərbaycan təəssübkeşlərinin qəlbində həmişə yaşayır.
Dostum, qardaşım Famil, sənin bir şeirini xatırlayıram: Nəvələrim məndən qabaq gördü Təbrizi. Amma düşünürəm ki, bu dəfə sən azad olmuş Qarabağı nəvələrindən tez görəcəksən, çünki, sənin ruhun əbədi Qarabağ səmalarında dolaşır. Bir gün nəvələrin azad olmuş Qarabağa qayıdanda sənin ruhun onları qarşılayacaq. Yaradıcılığına, insanlığına dərin sayğı bəslədiyim, ürəyində Qarabağ və başqa nisgil gəzdirən dostumuz şair Zakir Fəxri demişkən
Qalmaz belə, qalmaz dünya.
(Tezadlar.az)

Şamil Mehdi ilə Famil Mehdi haqqında söhbət – “Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca” – LAYİHƏ

– Uşaqlıq yaddaşıma həkk olunan ilk xatirələr atamın dərin hörmətə malik olması idi. Evdə anamın, yaşadığımız ünvanda qonşuların, iş yerində müəllim yoldaşları və tələbələrinin, Ağdamda, Şuşada qohum-əqrabanın, həmyerlilərimizin sərhədsiz hörmətini görürdüm. Bunun bir səbəbi mənsub olduğu kökə, nəslə bağlıydısa, ikinci, əsas səbəbi özünün alicənablığı, mədəniyyəti, təvazökarlığı, həyat tərzi, sadəliyi ilə bağlı idi.

Atam əmək fəaliyyətinə “Bakı-Baku” qəzetində başlayıb, qısa müddətdən sonra Bakı Dövlət Universitetində (o vaxt Azərbaycan Dövlət Universiteti) davam edib və ömrünün sonuna qədər özü yaratdığı kafedraya rəhbərlik edib. Eyni zamanda, 1959-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi. Universiteti də, Yazıçılar İttifaqını da özünə doğma məkan bilirdi. Səhər tezdən, məni və qardaşımı məktəbə qoyub universitetə işə gedərdi. Axşamüstü saat 4-5-də evə gələr, gecə saatlarına qədər kabinetində işləyərdi. Televizora nadir hallarda baxardı, xəbərlərlə maraqlanardı.

– Yaşınızın üstünə yaş gəldikcə Famil Mehdini necə tanıdınız? Nələri gördünüz, kimləri tanıdınız atanızın ətrafında? Onunla dost ola bildinizmi?

– Yetkinlik yaşlarında atamın yeni xüsusiyyətlərini görməyə başladım. Şəxsən özünə ziyan olsa da, prinsipiallığını, heç vaxt yalan danışmadığını, yaşından asılı olmayaraq ahıla, uşağa hörmətlə yanaşmağını və digər cəhətləri müşahidə etdim. Tanıdı-tanımadı, müraciət edənləri dinləməyinin, dərdlərinə qulaq asdığının, imkanı dairəsində yardımçı olduğunun şahidi oldum.

Sualınıza cavab verdiyim zaman ərzində nə qədər xatırlamaq istədimsə də, yadıma düşmədi ki, kiminsə haqqında mənfi fikir söyləsin və ya kimlərsə dedi-qodu eləsin. Xoşu gəlməyən şəxs haqqında söz düşəndə danışmazdı, sadəcə, gülümsəyib keçərdi.

– Yəqin, kiçik yaşlarınızda atanızla səfər yoldaşı da olmusunuz.

– Tez-tez Qarabağda, digər bölgələrdə keçirilən müxtəlif bədii-kütləvi tədbirlərə bizi də aparırdı. Bu tədbirlərdə canlı klassikləri – Mirzə İbrahimovu, Əli Vəliyevi, Bayram Bayramovu, İsmayıl Şıxlını, Süleyman Rüstəmi, Nəbi Xəzrini, Sabir Əhmədlini, Bəxtiyar Vahabzadəni və digərlərini görürdüm, söhbətlərini dinləyirdim. Yeri gəlmişkən, mənim adımı Bayram müəllimin təklifi ilə qoyublar.

– Demək, yaşıdlarınızdan fərqli olaraq, məşhur yazarlarla kiçik yaşlarınızdan görüşmüsünüz.

– Bəli. Atamın mənsub olduğu yaradıcı nəsildən Tofiq Bayram, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Əlfi Qasımov və b. ilə müxtəlif tədbirlərdə rastlaşırdıq.

Universitetdə çalışan alimlərlə Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Qulu Xəlilov, Tofiq Hacıyev, Pənah Xəlilov, Mahal Məmmədov və digərləri ilə ailəliklə münasibətlər var idi, istirahətə birgə gedərdik. O zaman keçirilən 1 may və 7 noyabr bayram nümayişlərində jurnalistika fakültəsinin müəllim və əməkdaşları ilə birlikdə mən, qardaşım, bacım da iştirak edərdik.

Xudu Məmmədov və Rafiq Əliyevlə görüşləri də yaddaqalan hadisələrdən olardı. Bu görüşlərdə olan söhbətlər əsl həyat məktəbi sayıla bilər. Çox sonralar, 1987-ci ildə mən Rafiq müəllimin qızı Kəmalə ilə ailə qurdum və nişan məclisində xeyir-duanı Xudu Məmmədov verdi, toy məclisini isə sevimli şairimiz Şahmar Əkbərzadə idarə etdi.

O zaman gənc şairlər – Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı və b. haqqında ilk dəfə atamdan eşitmişdim. Deyirdi, yaxşı nəsil şairlər yetişir, hamımızı üstələyəcəklər. Səbəbini də deyirdi – çünki müstəqildirlər, asılı deyillər.

– Qarabağ nisgilini necə yaşadı?

– Bu suala cavab vermək çox çətindir. Bəlkə də bu sual belə səsləndirilməlidir: Qarabağın işğalından sonra Famil Mehdi yaşadımı? 1987-ci ilin sonunda başlayan Qarabağ hadisələri yüzminlərlə insan kimi, atamın da həyatını iki hissəyə – Qarabağ faciəsinə qədərki və sonrakı dövrə böldü.

1988-ci ilin fevralından ilk kütləvi xalq etirazları başlayandan 1993-cü ilin avqust-sentyabr ayınadək bir gün belə rahatlıq tapmadı. Bir çox ziyalıların iştirakı ilə “Nicat” cəmiyyəti təsis etmişdi. Günlərlə, aylarla rayonlarda, kəndlərdə olurdu, orada yaşayan əhali ilə görüşürdü, özünümüdafiə batalyonlarının yaradılmasına, silah-sursatla təmin olunmalarına, yaralı və şəhid ailələrinə yardımın təşkil edilməsinə yardım edirdi.

Qarabağda itirilmiş ərazilərin tezliklə geri qaytarılmasının yaxın vaxtlarda mümkün olmayacağı aydın olandan sonra atamın üzü gülsə də, ürəyi gülmədi.

Hamı kimi arzusunda olduğu Arazın o tayını, Təbrizi ilk dəfə ziyarət edəndə sevinirdi. Qardaşım Nərimanın oğlunun doğulması, bacım Yeganənin övladlarının dünyaya gəlməsi, böyük nəvələrinin təhsildəki nailiyyətləri əhval-ruhiyyəsinə müsbət təsir edirdi. Lakin bu sevinc epizodik olurdu və Qarabağ yaralarını sağalda bilməzdi. Səhhəti ilə bağlı həkimlərə müraciət edərkən müayinə vaxtı yaşını soruşanda onlarda təəccüb yaranırdı. Deyirdilər ki, olduğundan 10-15 yaş daha yaşlı görünür.

2003-cü ilin yayında, həyatının son aylarında 11 illik fasilədən sonra “Dilən professor, utanma, dilən” son şeirlər kitabını nəşr etdik. Kitabın çapı əhvalını bir xeyli yaxşılaşdırmışdı. Bir xeyli müddət avtoqrafların yazılması və kitabların paylanması ilə məşğul oldu.

– Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, heç olubmu ki, bədxahları bu dostluğa ləkə salmaq istəsin və bacarsın?

– Atam epidemiya halına gələn yerlibazlıq, dəstəbazlıq xəstəliyindən uzaq idi. İntriqalara, dəstələrə baş qoşmazdı. Əminliklə deyə bilərəm: elə bir adam tapılmaz ki, atamın ona qarşı ədalətsiz, haqsız hərəkət etdiyini deyə bilsin.

İnsanlara şəxsi keyfiyyətlərinə görə qiymət verdiyi üçün onların haralı, kimin adamı olması və s. bu kimi kriteriyalar onu maraqlandırmırdı.

– Bəs ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi?

– Atam üçün ailə prioritet məsələ idi. Nə qədər məşğul olsa da, ailə məsələlərinə həmişə vaxt tapırdı. Ailənin nədənsə korluq çəkməsinə imkan verməzdi. O dövr üçün əməkhaqqı yüksək idi – 550 manat maaş alırdı. Ondan başqa qəzet, jurnallarda çıxan məqalə və yazıların ödənişləri kifayət qədər yüksək idi. Demək olar ki, hər il kitabı nəşr olunurdu və ən azı 10-12 min manat qonorar alırdı. Ona görə də maddi tərəfdən ailə tam təmin olunurdu.

Yay tətilində ailəliklə SSRİ-nin gəzməli, istirahət etməli yerlərinə – Moskvaya, Leninqrada, Kiyevə, Yesentukiyə, Kislovodska gedərdik. Amma dərslər başlayana qədər qalan vaxtı kənddə – Ağdamda olurduq. İmkan düşən kimi Şuşaya, Turşsuya, Qırxqıza qalxardıq. Kəlbəcərin İstisuyuna, Taxtasına, Dəlidağına səfər edərdik.

Coğrafiya dərsində adlarına rast gəldiyimiz dağ silsilələrinin, çayların, göllərin, düzənliklərin, demək olar ki, hamısını öz gözlərimizlə görmüşdük. Yaşa dolduqca anlayırdım ki, atam çalışırdı bizə Vətənin nə olduğunu başa salsın, torpağa bağlılıq yaratsın. Bu xüsusiyyət onun milliliyindən irəli gəlirdi. Onda Azərbaycanın istənilən bölgəsinə böyük məhəbbət vardı.

Bu səfərlərdə yaddaşımda qalanlardan biri də orada yaşayan, tanımadığı insanlarla necə rahat ünsiyyət qurması idi. Zəhmətkeş insanlara böyük hörmətlə yanaşırdı, qarşılığında da eyni münasibət görürdü. Ehtiyac olub-olmamasından asılı olmayaraq, yol qırağında vedrə ilə meyvə-tərəvəz, giləmeyvə satanlardan (onlar da əsasən qadın və uşaqlar olardı) qiymət danışmadan bazarlıq edərdi. Anam alınan malların çəkisinin çox olmasına görə etiraz edəndə deyərdi ki, əziyyət çəkiblər, qoy könülləri xoş olsun.

– Dövr o dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq instinkti və sair vardı. Heç təzyiqlərə məruz qalmışdımı?

– Kənarda baş verənləri ailəyə hiss etdirməzdi. Ən uzağı anama nə isə bildirərdi. Ancaq xatırlayıram ki, 70-ci illərin ortasında “İnsan unudulmur” poemasına görə bir neçə il təzyiqə məruz qaldı. Sonralar bu barədə xatirə-romanında oxudum.

– Gənclərə xüsusi qayğısı, diqqəti olub. Onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?

– Atamın gəncliyi ağır keçib. Özü bu barədə xatirələrində yazıb. Ana tərəfdən qohumları repressiya olunub, doğma yurdlarından – Ağdamın Əhmədavar kəndindən pərən-pərən salınıb. Babası və iki cavan dayısı – biri 26 yaşında, diğəri 19 yaşında dünyalarını dəyişiblər. İşğala qədər babasının ikimərtəbəli evində 8 illik məktəb fəaliyyət göstərirdi. Birinci sinfə də bu məktəbdə başlamışdı. Atam deyirdi ki, müəllimlərin hamısı mənə hörmətlə yanaşırdılar, hətta bəziləri imkan düşəndə qulağıma pıçıldayırdılar ki, bil ha, bura sənin baba evindir.

Həm də uşaqlıq, gənclik dövrü müharibə və sonrakı ağır illərə təsadüf edib. Mənəvi və maddi sıxıntının nə olduğunu kitablardan yox, yaşadığı həyatdan bilirdi.

Elə buna görə də cavanlığından qohumlara, qonşulara, tanıyana da, tanımayana da güvənc yeri idi. Müraciət edəni ümidsiz yola salmazdı, imkan dairəsində yardım edərdi. Etdiklərinə heç vaxt təmanna güdməzdi. Professor Cahangir Məmmədlinin mənə dediyi kimi, onun toyu bizim evimizdə atam tərəfindən təşkil olunub. Rəhmətlik Alı Mustafayevin bir neçə dəfə rədd cavabı veriləndən sonra elçiliyinə atam gedib və məsələ həll olunub.

– Ola bilməz ki, sizin ondan, onun da sizdən və başqalarından incimədiyi anlar olmasın. Mümkünsə, bu barədə də danışın.

– Məişət səviyyəsində kimdənsə incidiyi yadıma gəlmir. Olsa da, gözləntilərinin doğrulmaması səbəbindən ola bilərdi. Mənimlə bağlı bir neçə məqamda inciklik olmuşdu. Universitetdə tələbəykən xəbər tutdu ki, siqaret çəkirəm. Məndən xahiş etdi ki, tərgidim və söz verim ki, bir daha siqaret çəkməyəcəyəm. Mən də söz verdim, amma dərhal əməl edə bilmədim, bir neçə il keçdi. Bu müddət ərzində hiss edirdim ki, inciyir sözünü yerə saldığıma görə, ancaq üzə vurmurdu.

İkinci belə məqam, elmlər namizədi dissertasiyasının müdafiəsi ilə bağlı idi. Məsləhət gördü ki, müdafiəni vaxtında edim, sonraya saxlamayım. 1991-ci il idi, ölkədə ciddi proseslər gedirdi, böyük dəyişikliklər başlamışdı. Bunları əsas gətirib, bir az gözləmək qərarına gəldiyimi dedim. Heç nə demədi, amma hiss etdim ki, inciyir. Hadisələrin sonrakı gedişatı da göstərdi ki, nə qədər haqlıymış. Yalnız 2008-ci ildə namizədlik dissertasiyasını müdafiə etdim.

Söhbətləşdi: Faiq Balabəyli

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Şair famil mehti haqqında tdbir

Modern.az saytının “Atalar və ovladlar” layihəsində tanınmış ziyalılar – elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə.

Həmçinin, dünyadan köçmüş hər hansı tanınmış ziyalının övlad atası haqqında xatirələrini bölüşür. Bu dəfəki qonağımız kimi…

Layihəmizin növbəti qonağı mərhum professor, şair-publisist Famil Mehdinin oğlu Şamil Mehdidir. O, dillər əzbəri olan şeirlərin müəllifi, maraqlı şəxsiyyət olan atası Famil Mehdi haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək.

Sizi Şamil Mehdi və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

Giriş, yaxud, ömrün “Çin səddi”

– Qarabağ hadisələri atamın həyatında sərhəd, ömrünü iki yerə ayıran bir sədd oldu. Ona qədərki həyatınə tamam başqa, ondan sonrakı isə tamam ayrı cür yaşadı. “İkinci ömür” təxminən, 1987-ci ilin sonlarından başlayır.

Ana torpaq ağuşu

– Babamla nənəm qonşu kənddən olublar. Atamgilin ailəsində torpağa bağlılıq bir neçə nəsildən etibarən, ötürülə-ötürülə gəlirdi. Bir məsələni həyatımın sonrakı dövründə anlamağa başladım: Biz balaca olanda həmişə imkan düşən kimi mütləq iki-üç günlük də olsa, bizi kəndə aparardı. Böyük qardaşı – Fikrət əmim orada yaşayırdı. Sonradan başa düşdüm ki, atam bunu özünün istirahət tələbatı, kənd, təbiət sevdası ilə bərabər, həm də bizim üçün edirdi. Uşaq çağımızdan bizi kəndə alışdırmaq, ora bağlamaq istəyirdi. Çünki kəndi, kəndlinin zəhmətini ancaq ora tez-tez gedib-gələndən sonra anlamaq olar.

Atam məlum hadisələr başlanandan, 1993-cü il iyulun 23-nə kimi – yəni Ağdam işğal olunan günə qədər tez-tez ora gedib – gəldi, əsgərlərə baş çəkdi, yerli əhali ilə görüşdü. Qohumlar danışırdılar ki, onu iyulun 23-ü günorta ərəfələrində zorla maşına oturdub uzaqlaşdıq.

Bu müddətdə Bakıdan çox, elə oralarda olurdu. Təxminən, 1991-ci ilin sonu 1992-ci illərin əvvəllərində artıq Ağdama müxtəlif silahlarla atmağa başlamışdılar. Amma biz yenə də ailəliklə kəndə gedirdik. O vaxtı nəvələr də dünyaya gəlmişdi. Onları da özümüzlə aparırdıq. Atam bu ənənəni onlarla da davam etdirmək istəyirdi. Bir faktı deyim sizə: atamın evində 1987-ci ildən 1992-ci ilin noyabrına qədər 10 nəfər ailə üzvü yaşayırdı; mən öz ailəmlə, atamgil, nənəm və bibimiz də bizimlə qalırdı. Mən sonradan öz evimə köçəndə ailəmi, uşaqları birbaşa Sarıhacılı kəndindən təzə evə apardım.


Küsəyən ümidlər

– Atam heç vaxt inamırdı ki, belə bir şey ola bilər: Ağdam gedər, torpaq itirilər. Bunu ağlına belə gətirmirdi. İnanırdı ki, bu problemin həlli tapılacaq. Amma hər şey əksinə oldu. Həm Ağdam, həm də başqa rayonların getməsi atama zərbə vurdu. Onu tanıyanlar yaxşı bilər, o hadisələrdən sonra bir növ, həyatda küsdü. Heç vaxt da kimisə günahlandırmırdı. Yenə inanırdı ki, xalq, millət bu məsələlərin çözülməsinə nail olacaq.

– Bu gün keçmişə baxanda, o zaman baş verənlər adama dəhşət kimi gəlir. Amma o zaman bizlər üçün bütün bunlar çox adiləşmişdi. İndi bu haqda danışmaq belə mənim üçün çətindi. Fevral ayında bütün rayonlardan, ətraf şəhərlərdən qəzəbli camaat Ağdamda yürüş edirdi. O yürüşün önündə gedənlərdən biri atam idi. Həmin yürüşün, proseslərin qarşısını alan rus tankları, əsgərləri oldu. Onlar camaata mane olur, yürüşlərin qarşısını alırdılar. Bəzən, silahlar hesabına bunu edirdilər. Belə olanda zərbə birinci qarşıda gedən adamlara dəyə bilərdi. Amma atam bu barədə heç düşünmürdü də.

Xocalı faciəsi baş verəndə atam rayonda idi. Hadisələr yeni başlamışdı. Səhərə yaxın xəbər gəldi ki, birinci yaralı dəstə gəlir. Amma sonradan məlum oldu ki, bu nə boyda miqyasda imiş. Ondan əvvəl bir neçə kənddə insanları qətl edirdilər. Amma 1992-ci ilin fevralında Xocalıda baş verən hadisədə yüzlərlə insan qırıldı. Ondan sonra əli silah tutan yaşlı-qoca, könüllülər birləşib hücum təşkil etdilər. O zaman əsgərlərlə birlikdə öndə gedənlərdən biri də atam oldu. Allah rəhmət eləsin, Xəlil Rzanın oğlu Təbriz də həmin döyüşdə idi. Ondan az sonra bu səpkidə növbəti döyüş yaşandı və məşhur döyüşçü Yaqub Rzayevin oğlu Canpolad həlak oldu.

Ömür uraları

– Famil müəllimin, səhhəti cavanlıqdan yerində olmayıb. Amma heç zaman açıq şəkildə bildirmirdi. Biz elə bilərdik ki, sapsağlamdı. Uşaqlıq çağında səhhətinə təsir edən ağrı-acılı və qorxulu məqamlar çox olub. Qida, ərzaq baxımından yəni maddi anlamda o qədər də çox çətinlik yaşamayıblar. Əksinə, kənddə çox ailələrə, uşaqlara qucaq açıblar, vaxtaşırı onlara yemək də veriblər. Mənəvi mənada onun sağlamlığına təsir edən səbəblər olub. Ana tərəfi imkanlı ailə olub. Ona görə də sovet gücləri hər zaman bu ailəni təqib edib. Bir yerdən başqa yerə köçməli, təqiblərlə üzləşməli olublar. Kənd camaatı bu ailəyə hörmət etsələr də müxtəlif səbəblərdən onlarla yaxınlaşmağa ehtiyat ediblər. Ona görə də atam uşaqlıqda xeyli mənəvi sarsıntılar yaşayıb.

Evlənəndən sonra da- 1960-cı illərin əvvəllərində ağır ürək əməliyyatı keçirməli olur. Uzun müddət xəstəxana şəraitində qalır. Təsadüfən dissertasiyasının müdafiəsi də həmin vaxta düşür. Dissertasiya çıxışının mətnini yazsa da, onu tribunada səsləndirmək üçün gücü olmayıb. Həmin çıxışı onun yerinə Xəlil Rza oxuyub.

Qəribə dünyanın qonaqları

– Azərbaycanın elə bir guşəsi yox idi ki, bizi aparıb gəzdirməsin. Bunu istirahət məqsədi ilə də etmirdi. Vətəni tanımaq və bizi torpağa bağlamaq üçün belə edirdi. Elə vaxt olurdu səhər gedib, axşam qayıdırdıq. Bizlərdə adətdir, qonaq getdiyin yerlərdə adamın göz yemək axtarar. Bizdə isə əksinə olardı: Atamın sayəsindıə bizi dağlar, düzənliklər, təbiət maraqlandırırdı. Köhnə SSRİ-nin müxtəlif kurort yerlərinə də gedərdik. Amma 1975-ci ildən etibarən ən çox getdiyimiz yer Kəlbəcər tərəfdəki Dəlidağ olub. Demək olar ki, hər il ora gedərdik. Atamgilin qohumları orada yaşayırdı. Ora birinci dəfə gedəndə bizə hər şey qəribə gəlirdi. Sanki ayrı dünyaya düşmüşdük; elektrik yox, su bulaqdan gəlir, hər şey təbii-tər. Oralara gedəndə biz həyatın tamam başqa üzünü görürdük. Təbii şəraitdə insanların həyat tərzini orada gözlərimizə görürdük. Oralarda demək olar ki, sovet qanunları işləmirdi. Cəmiyyətin, ağsaqalların qanunları hökm sürürdü. Bir ağsaqqalın sözü ilə ortadakı qan götürülür, aradakı narazılıq qaldırılırdı. Orada avqustun 5-də qar yağdığının şahidi olmuşam. Nə deyim, ora başqa dünya idi. İnsanların özü də bambaşqa idi. Bizdə hər zaman o insanlarla görüşməyin, danışmağın tələbatı olub. Snradan anadım ki, atam bizi hər il ora bilərəkdən aparardı. O fərqli dünyanın təzəliyi, saflığı hər zaman bizdə olsun deyə.

“Ədalət, ax ədalət”

– Atamda ifrat dərəcədə ədalət hissi var olub. Heç kimin haqqının tapdanmasına imkan verməzdi. Bu ola bilsin, uşaq vaxtı gözünün qabağında olan və ailəsinin yaşadığı haqsızlıqlardan yaranmışdı. Böyüyəndən sonra onda dərin iz buraxmışdı. Hər zaman tanıdı-tanımadı, haqqı tapdanan hər kəsə yardımçı olmaq istəyirdi.

Bir dəfə ailəliklə Ağdama yola düşəcəkdik. Atam getdi ki, maşına yanacaq vursun. O zaman yanacaqdoldurma məntəqələri də uzaqda idi. Xeyli gözlədik. Amma atam gəlmədi. Bir neçə saatdan sonra gördük ki, qayıtdı və maşının arxasında yüngül bir əzik yeri var. Bildik ki, maşınla kimsə arxadan toqquşub. İş elə gətirdi ki, atam elə həmin qəzada tanış olduğu, yəni onun maşınını əzən adama sonradan hansısa probleminin həllində kömək etdi. Bu xeyli sayda faktlardan yalnız biridir. Yəni, onun üçün əsas ədalət anlayışı idi. O yerindədirsə, vaxtı ilə maşınını əzən adama da kömək edərdi.

Binadakı uşaqlarla məcburən dostluq, yoldaşlıq edirdik. Çünki bizdən arxada dağlı məhəllələri idi və tez-tez dalaşardıq. Bir dəfə də bizi milis idarəsinə apardılar. Atam onda da əvvəlcə kimin haqlı olub-olmadığını dəqiqləşdirdi, sonra bizi idarədən çıxardı.

Dərs dediyi və kafedra müdiri olduğu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində də atamı bu xüsusiyyətinə görə çox yaxşı tanıyırlar. İndinin özündə də vaxtilə atamla birlikdə işləyən yaşlı müəllimlərdən bu haqda soruşsanız sizə ürəkdolusu danışarlar. Haqqı tapdanan, yardıma ehtiyacı olan tələbəyə heç zaman əlindən gələn köməyi əsirgəməzdi.

1990-cı illərin əvvəllərində bir qəzet yayımlanırdı. Qəzetdə müəyyən həqarət elementləri olduğu üçün əməkdaşları məhkəməyə vermişdilər. Fakültə müəllimlərindən də məhkəmə üçün ekspert rəyi almaq istəyirdilər. Ekspert qrupunun içində atam da var idi. Yəni, onlar konflikt yaradan materialı oxumalı və həqiqətən də orada təhqirin olduğunu deməli idilər. Amma başda atam olmaqla hamısı məqalədə təhqir yox, tənqidin olduğunu yazdı. Kimsə məqalədə təhqirin olduğunu demədi. Məhkəmə üçün ekspert rəyini başqa istisas sahibi olan bir müəllim yazdı.

“Şadlıq sarayı”

– Atam 1976-cı ildə elmlər doktoru dərəcəsini müdafiə etdi. Bunu ona görə deyirəm ki, o vaxt indikindən fərqli olaraq elmlər doktoru çox yaxşı maaş alırdı. Atamın maaşı 550 manat idi ki, o zaman üçün yüksək gəlir hesab olunurdu. Yəni dolanışığımızı özümüz təmin edirdik. Nə artığımız olardı, nə də əskiyimiz. Hərdən qohumlara da əl tutardı. Bir faktı deyim sizə: bir neçə dəfə ona torpaq sahəsi vermək istəyiblər. Amma götürməyib. Həm ehtiyacı olan başqa adamları nəzərə alıb, həm də düşünüb ki, yalnız Ağdamda doğma kəndlərində ev tiksin, uşaqlarını ora ilə bağlasın. Tikdi də, lakin sona çatdırmadı. Fərqli layihə ilə tikilən ev içindəki əşyalarla o torpaqların aqibətini yaşadı. Amma bu haqda atam heç vaxt danışmazdı. Atamı ağrıdan o torpaqlar, o ağaclardan, təbiətdən uzaq düşməsi idi.

Nədən danışırdıq? – Moskvada başqa yerlərdə kitabları çıxardı, burada da məqalələrlə çıxış edərdi ki, onların da qonararı dolanışıq üçün bəs edərdi. Əlindən gələn yardımı əsirgəməzdi. Fakültədə də bəzən, tələbələrə mənəvi dəstək olmaqla yanaşı, maddi yardım da edərdi. Düzdü, çox olmazdı, amma əlindən gələn nə idisə onu da peşkəş edərdi. Bir neçə dostunun, tanışının toyu bizim evdə olub. O zaman toylar indiki kimi dəbdəbəli olmazdı. Get-gedə biz də artıq buna öyrəşdik. Elə bildik ki, elə belə də olmalıdır. Bizim evdə bir qutu var ki, hamısı ancaq toy şəkillərindən ibarətdir. Atam xeyir işlərdə çox yaxşı iştirak edərdi. Bəzən, evdəki iş otağına çəkilib bu barədə atamdan məsləhət alanlar da olardı. Böyük məmuniyyətlə nə bacarırdısa, o cür də kömək edirdi. Bizdə o məktub hələ də durur. Rəhmətlik jurnalist Alı Mustafayevin xeyir işinə də buradan durub rayona getmişdi. Çünki qızı vermirdilər.


“Dilən, professor, utanma, dilən”

– Atamın şeirlərinin hamısı ictimai yüklə yazılıb. Məşhur “Dilən, professor, utanma, dilən” misrası ilə başlanan şeiri də bir hadisə yox, bütünlüklə o dövr yazdırdı. Amma bir əhvalat sonuncu mürəkkəb oldu:
1993-cü ilin sonundan sonra çox çətin iqtisadi dönəm yaşandı. Allah sizə o günləri nəsib etməsin. Mənim üçün çox dəhşətli illər idi. Hətta SSRİ-nin dağıldığı ildə belə qıtlıq olmamışdı.Amma 1994-cü ildə həddindəna artıq kütləvi qıtlıq yarandı. Atamın o ildə Bakı Dövlət Universitetindən aldığı maaş 9 “şirvan” idi. Bir kilo ətin qiyməti isə 5 “şirvan”. Bayaq mən atamın aldığı maaşı elə-belədən demədim. Müqayisəyə özünüz diqqət edin. Atamın 1994-95-ci ildə bir aylıq əmək haqqı heç 2 kilo ətə də çatmırdı. Ona görə də məcbur olub 3 yerdə dərs deyirdi. Məşhur şeirin yaranması üçün son damla olan hadisə universitetin yanında baş verib: çox yaxşı tanıdığı, ləyaqətinə hörmət etdiyi bir professor yaxınlaşıb 1 “şirvan” pul istəyib. Özü də borc yox, aza qala, dilənmək formasında. Bu hadisə atama pis təsir etdi. Bu da o şeirin sonuncu damcısı oldu. Bahalaşma, qıtlıq get-gedə artır, amma ən böyük yükü çiyinlərində daşıyan müəllimlər, həkimlət demək olar ki, maaş almırdılar. Məsələn, bizim bir qonşumuz çox güclü həkim idi. O cəmi 3 “şirvan” maaş alırdı. Aldığı pul onun aylıq çörəyinə də çatmırdı. Amma atamı bunlarla bərabər, daha çox mənəvi tərəfi ağrıdırdı.

“Şairdən cəbhəyə. ”

– Xocalı faciəsindən sonra evdə nə var idisə, hamısını yığıb apardı. Qarabağa yardım üçün “Nicat” cəmiyyəti yaratmışdılar. Birbaşa kafedraya gəlirdilər ki, Famil müəllim, filan yerə filan kömək lazımdı və s. “Zabitlər bağı”nda memorial abidə kimi köhnə tank qoyulmuşdu. Rəsmi müraciət edilib həmin tankı götürdülər və təmir edəndən sonra cəbhəyə aparıdlar. Bu atamın təşəbbüsü ilə oldu. Köhnə də o zaman üçün böyük şey idi. Çünki camaat ov tüfəngi ilə döyüşə gedirdi.

Elmin Nuri

Comments are closed, but trackbacks and pingbacks are open.