Aqrar sahənin innovasiyalı inkişafının prioritet istiqamətləri
Göründüyü kimi, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq stukturların indidən işə başlaması vacibdir. Bir sözlə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan nailiyyətləri sübut edir. Və bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də, Avropanın lider dövlətinə çevriləcək.
İnkişafın Azərbaycan modeli: aqrar sahənin inkişafına dövlət qayğısı ŞƏRH
Müstəqil Azərbaycan sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, respublikanın milli iqtisadi inkişaf modelinin nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara nəzər salmaq, bu sahədə qarşıda duran vəzifələri müəyyənləşdirmək son dərəcə zəruridir. Bu zərurəti şərtləndirən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyilləri dayandırılmış, səmərəli islahatların təməli qoyulmuşdur. Hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafına yönəlmişdir.
Və bu gün bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası möhkəmləndirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsidir ki, indi kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır.Elə iyulun 15-də Prezident İlham Əliyev «Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında» imzaladığı Fərmanı dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının göstəricisidir.
Dövlət başçımızın imzaladığı Fərmanda deyilir: «Ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir”.
Həmçinin, Fərmanda qeyd olunur ki, rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi məqsədi ilə bu Fərman qəbul olunub.
Aqrar sahənin inkişafı dövlət siyasətinin prioritetidir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlətimizin başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunması ilə səciyyələnir.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının ən mühüm sahələrindən olan kənd təsərrüfatının potensialının tam reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən olan ərzaq təhlükəsizliyi ölkəmizdə uğurla həll olunur. Azərbaycanda aqrar sahənin müasir tələblər səviyyəsində formalaşması və inkişafı, kənd təsərrüfatı ilə məşğul olan sahibkar, fermer və əməkçilərin lazımi texnika ilə təchizatında mühüm işlər görülür. Həyata keçirilən bütün layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində ciddi addımlar atılr. Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir.
İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı
Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Torpaqların uzun müddət əkilməməsi, becərilməsi onun korlanmasına səbəb olmuşdur ki, bu da gələcəkdə həmin torpaqlardan yüksək məhsul əldə etməyə zəmanət vermir. İşqal nəticəsində hidrotexniki qurğuların, kollektor- drenaj şəbəkələrinin, kanalların, su hövzələrinin dağıdılması küllü miqdarda vəsaitlə ölçülür və əgər torpaqlarımız işqal altında olmasaydı bu gün aqrar sahə daha sürətlə inkişaf etdirilər və iqtisadiyyatımızın ən qabaqcıl sahəsinə çevrilə bilərdi. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, işğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231,056 əkin, 352 min hektara yaxın örüş – otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi əkilib- becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi. Təəssüflər olsun ki, erməni təcavüzkarlarının işğalı nəticəsində əhalimiz öz torpaqlarını əkib becərməkdən məhrum olmuş və bu dövrlərdə yüz min tonlarla kənd təsərrüfatı məhsulu itirilmişdir.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda bütün sahələr üzrə planlı şəkildə bərpa-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə artıq başlanılıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu il nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Mütəxəssislərin hesablamalarına görə, işğal kənd təsərrüfatına 20 milyard manata yaxın ziyan vurmuş, aqrar sahənin inkişafını xeyli dərəcədə ləngitmişdir. Ancaq bütün bunlara baxmayaraq, 2003-cü ildən 2020-ci ilə kimi Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. 2019-cu ildə əvvəlki ilə müqayisədə 7,2 faiz artım əldə edilmişdir ki, bu da aqrar sahədə ildən – ilə inkişafın göstəricisidir. İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı məlumata görə, rayonlarımızın işğal olunması nəticəsində 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi: “İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizində istifadə edilib. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var”.
V.Qasımlının sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək: “Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcək ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq”.
Göründüyü kimi, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq stukturların indidən işə başlaması vacibdir. Bir sözlə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan nailiyyətləri sübut edir. Və bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də, Avropanın lider dövlətinə çevriləcək.
Aqrar sahənin innovasiyalı inkişafının prioritet istiqamətləri
Məqalədə aqrar sahədə innovativ iqtisadi inkişafın istiqamətləri araşdırılmış, ölkədə innovasiya fəaliyyətini stimullaşdırmaq üçün elmi araşdırma və təkmilləşdirmələrə göstərilən müxtəlif dəstəklər öyrənilmişdir. Eyni zamanda, Azərbaycanda tədqiqat və təhsil müəssisələri, təcrübə mərkəzlərinin iş növü üzrə maliyyələşdirilməsinə əsasən tədqiqat xərclərinin formalaşması, əsas kapitala yönəldilmiş investisiyanın cəmi iqtisadiyyat və kənd təsərrüfatı üzrə bölgüsü barədə məlumatlar təhlil edilmişdir.
Elmi-texniki tərəqqi və qabaqcıl texnologiyaların tətbiqi ilə birlikdə təşkilati və iqtisadi tədbirlərin tətbiqi ölkəmizdə kənd təsərrüfatının daha da inkişaf etməsinə zəmin yaradır. Hazırda dünya iqtisadiyyatının inkişafı üçün yeniliklərdən istifadə əsasında yeni bir paradiqma formalaşır. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya şəraitində bu prosesləri gözardı edə bilməz və milli iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında innovativ proseslərin intensivləşməsini təmin etməlidir. İqtisadiyyatın strateji əhəmiyyətli sektoru olan aqrar sahəni müasir tendensiyalara cavab verən keyfiyyətcə yeni texniki və texnoloji əsasda qurmaq tələb olunur.
Müasir şəraitdə innovativ fəaliyyət kənd təsərrüfatının inkişafında başlıca amildir, ölkəmizdə bundan maksimum istifadə aqrar sahənin dayanıqlı inkişafını təmin edəcəkdir. İnnovativ inkişaf innovativ məhsulun yaradılmasını nəzərdə tutur, onun daşıyıcısı innovativ aqrosənaye müəssisəsidir. Dünya təcrübəsində innovativ müəssisələrə hesabat dövrü ərzində ümumi məhsul istehsalının 70% -dən çoxunun innovativ məhsul istehsalı ilə formalaşan müəssisələr daxil edilir. Bu meyar yerli müəssisələrə şamil edilsə, ölkəmizdə hazırda çox az yenilikçi müəssisənin olduğu məlum olacaqdır. İnnovativ inkişaf problemlərindən biri də kənd təsərrüfatı məhsulları istehsalçıları arasında innovasiyanın inkişafına zəif motivasiya və maraqdır.
Aqrar sahənin innovativ inkişaf istiqamətləri
İnnovasiya dedikdə, yeni və ya təkmilləşdirilmiş məhsul (məhsul, xidmət) və ya texnologiya şəklində reallaşdırılmış elmi-texniki fəaliyyətin nəticəsi başa düşülür. Yeniliyin əsas xüsusiyyəti onun tətbiq olunmasıdır. Yeni və ya təkmilləşdirilmiş bir məhsul yalnız bazara çıxdıqdan sonra innovasiyalı məhsul hesab olunur [1] .
Azərbaycan respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq aqrar sahənin texnikalarla təminatı liberallaşdırılmışdır. Texnikalar müxtəlif şirkətlər tərəfindən gətirilərək müəyyən güzəştlərlə (40%) fermerlərə lizinq yolu ilə verilir.
Bundan əlavə, istifadəsiz torpaqlar dövriyyəyə cəlb edilir, yeni aqroparklar, kollektiv təsərrüfatlar yaradılır, həmçinin yeni texniki vasitələrin, elektron kənd təsərrüfatı informasiya sisteminin, innovativ enerji və resursqoruyucu texnologiyaların, “Pivot” avtomatik suvarma sisteminin tətbiqinə böyük üstünlük verilir.
Dəqiq əkinçilik müasir dövrün ən aktual texnologiyalarından biri sayılır. Dəqiq əkinçilik – kompüter və peyk texnologiyalarının tətbiqi ilə əkinlərin məhsuldar idarə olunmasına kompleks yanaşma sistemidir. Buraya daxildir: çox funksiyalı izləmə sistemi GPS (hansı ki, onun vasitəsilə texnikanın marşrut üzrə hərəkətinə, iş prosesinə, istənilən vaxt anında yerinə yetirdiyi işin həcminə, aqreqatın getdiyi yola, hərəkət sürətinə, yanacaq sərfinə və s. göstəricilərə nəzarət etmək və elektron qeydiyyat aparmaq mümkündür), məhsuldarlığın təyini sistemi – YMT, coğrafi məlumat sistemi – GİS, sahənin distansion (məsafədən) tədqiqetmə sistemi- DZZ, dəyişkən normalaşdırma sistemi – VRT.
Kənd təsərrüfatının əvvəlki tarixi boyunca yerinə yetirilən “gözəyarı” şumlama, səpin və gübrə vermə bu sistemdə dəqiqliklə yerinə yetirilir, əlavə itkiyə yol verilmir. Peyk və laboratoriya məlumatları əsasında sahənin hər bir hissəsi üçün səciyyəvi göstəricilərin xəritəsi tərtib olunaraq resursların ən rasional şəkildə paylanmaq imkanı yaranır.
Müasir şəraitdə kənd təsərrüfatının innovativ inkişafının qarşılıqlı və bir-birindən asılı istiqamətə malik üç yolu vardır:
- İnsan kapitalına investisiya – aqrar təhsilin, fundamental və tətbiqi tədqiqat təşkilatlarının prioritet inkişafı, innovasiyalara dair məlumat bankının yaradılması, habelə kənd təsərrüfatı istehsalçılarına xidmət göstərən məlumat və məsləhət sisteminin yaradılması;
- Bioloji resurslara investisiya – innovativ metodların tətbiqi ilə torpağın münbitliyinin və kənd təsərrüfatı istehsalının məhsuldarlığının artırılması;
- Yeni texnologiyaya investisiya – enerji və ehtiyata qənaət edən avadanlıq və yüksək texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının texniki və texnoloji potensialının yaxşılaşdırılmasını təmin edən, əmək məhsuldarlığını və kənd təsərrüfatı fəaliyyətinin səmərəliliyini kəskin artıra bilən texnologiyaların inkişafına qoyulan investisiyalar.
Qeyd etmək lazımdır ki, yeni texnologiyaya əsaslanan sənayenin texnoloji modernləşdirilməsi yolu ilə kənd təsərrüfatı istehsalında bir çox mənfi amilləri aradan qaldırmaq mümkündür.
2020-ci il üçün Dünya Bankının açıqlamasına əsasən, “İnsan Kapitalı İndeksi” hesabatında Azərbaycan 174 ölkə arasında 83-cü yerdə qərarlaşıb. MDB dövlətləri üzrə isə ən aşağı göstərici Tacikistan (0.50), ən yüksək Belarus (0.70) üzrədir. Azərbaycanın indeks göstəricisi 0.58 təşkil edib. Bu göstəricinin yüksəldilməsinin yolu insan kapitalının artırılmasıdır [5] .
Qrafik 1. 2020-ci il üzrə İnsan Kapitalı İndeksi
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sahələri üzrə Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərindən biri olan “Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması” bəndində də qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli, inklüziv və dayanıqlı inkişafı istiqamətində qarşıya qoyulan əsas tələb, insan kapitalının inkişafına və əmək məhsuldarlığının inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasına nail olmaqdır. Eyni zamanda qeyd edilir ki, innovasiya fəaliyyətini stimullaşdırmaq üçün ölkədə elmi araşdırma və təkmilləşdirmələrə müxtəlif dəstəklər göstərilməlidir. Azərbaycanda tədqiqat və təhsil müəssisələri, təcrübə mərkəzlərinin iş növü üzrə maliyyələşdirilməsinə əsasən tədqiqat xərclərinin formalaşmasına nəzər saldıqda görmək olur ki, elm sahəsi üzrə xərclər əsasən fundamental tədqiqatların aparılmasına çəkilir. 2019-cu ildə tətbiqi tədqiqatlara ayrılan vəsait 2015-ci illə müqayisədə 64.5%, 2018-ci ildə isə 50.0% artmasına baxmayaraq, 2015-2019-cu illər ərzində tətbiqi tədqiqatlara sərf edilən vəsait cəmi xərclərin təxminən 20%-ni təşkil etmişdir. Bu da elm sahəsindəki yeniliklərin nəticələrinin praktiki cəhətdən tətbiqində çətinliklər yaradır. Hesab edirik ki, bu sahəyə diqqətin daha da artırılması çox önəm daşıyır. İşlərin növlərinə görə tədqiqat və işləmələrə çəkilən daxili cari xərclər Cədvəl 1-də verilmişdir.
Cədvəl 1. İşlərin növlərinə görə tədqiqat və işləmələrə çəkilən daxili cari xərclər
İllər | Cəmi xərclər, min ₼ | Fundamental tədqiqatlar | Tətbiqi tədqiqatlar | İşləmələr |
---|---|---|---|---|
2015 | 118 643.3 | 61 025.6 | 23 585.9 | 34 031.8 |
2016 | 120 782.3 | 67 130.7 | 21 227.8 | 32 423.8 |
2017 | 127 997.0 | 68 841.9 | 24 157.0 | 34 998.1 |
2018 | 144 997.9 | 80 537.0 | 25 876.3 | 38 584.6 |
2019 | 161 299.9 | 86 620.9 | 38 804.3 | 35 874.7 |
Mənbə: Dövlət Statistika Komitəsi
2019-cu ildə kənd təsərrüfatı üzrə tədqiqat və işləmələrə çəkilən daxili cari xərclər 2015-ci ilə nisbətən 2.2 dəfə, 2018-ci ilə nisbətən isə 42.9 faiz artaraq 15.1 milyon manat təşkil etməsinə baxmayaraq bu məbləğ cəmi xərclərin 9.4 faizini təşkil edir.
Aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsi məqsədi ilə investisiya fəaliyyətinin stimullaşdırılmasına böyük ehtiyac vardır. 2015-2019-cu illərdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə ayrılmış investisiyanın məbləğində artım müşahidə edilir. Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası Cədvəl 2-də verilmişdir.
Cədvəl 2. Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, milyon manat
2015 | 2016 | 2017 | 2018 | 2019 | 2019/ 2015, %-lə | 2019/2018, %-lə | |
---|---|---|---|---|---|---|---|
İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş investisiya, cəmi | 15957.0 | 16772.8 | 17430.3 | 17244.9 | 18539.5 | +16.2 | +7.5 |
Ondan: kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 355.4 | 325.1 | 617.8 | 764.4 | 769.5 | +2.2 d. | +0.7 |
Aqrar sahəyə yönəldilmiş investisiyanın payı, %-lə | 2.2 | 2.1 | 3.5 | 4.4 | 4.2 | – | – |
Mənbə: Dövlət Statistika Komitəsi
Cədvəldən göründüyü kimi 2015-ci illə müqayisədə 2019-ci ildə aqrar sahəyə ayrılan investisiyanın məbləği 2.2 dəfə artaraq 769.5 milyon manat təşkil etmişdir ki, bu da iqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş cəmi investisiyanın 4.2 faizini təşkil edir.
Nəticə
Aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir. Son illər ərzində Azərbaycanın kənd təsərrüfatında bir sıra innovativ metod və üsullardan istifadə olunmağa başlamışdır. Kənd təsərrüfatında dronlardan istifadə, ağıllı bağ, müasir əkin metodları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin satellitlər vasitəsilə müəyyənləşməsi və s. buna aid edilə bilər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlərin həyata keçirdikləri biznes fəaliyyətlərinin və kənd təsərrüfatı məhsullarının istehsalının ilkin mərhələsindən son mərhələsinə qədər bütün proseslər öz əksini tapacaqdır. Həmçinin bu sistem bir çox hədəflərə nail olmağa imkan yaradacaq. Bura aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və operativliyin artırılması, bütün istiqamətlər üzrə dövlət siyasətinin həyata keçirilməsinə innovativ dəstək, kənd təsərrüfatına yararlı torpaqların və digər təbii resursların idarə edilməsi və səmərəli istifadə edilməsinin təmin edilməsi, informasiya və məsləhət xidmətlərinin effektivliyinin yüksəldilməsi və s. aiddir. Aqrar sahə üzrə vahid məlumat bazasının yaradılması bu sahənin gələcək inkişafında və idarə olunmasında olduqca önəmli faktordur.
- 1. The Measurement of Scientific, Technological and Innovation Activities Oslo Manual 2018 GUIDELINES FOR COLLECTING, REPORTING AND USING DATA ON INNOVATION [return]
- 2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Strateji Yol Xəritəsi”. [return]
- 3. https://www.stat.gov.az/[return]
- 1. https://atm.gov.az/[return]
- 5. https://www.worldbank.org/en/publication/human-capital#Data?cid=GGH_e_hcpexternal_en_ext[return]
Azərbaycanda kənd təsərrüfatı innovasiyalarının tətbiqinin stimullaşdırılması
Xülasə Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə .
Xankəndi
Bir vaxtlar kəndlərində yaşayanlar arasında torpaqdan küsüb başqa yerlərə üz tutanlar az olmayıb. Çünki kolxozun aylıq məvacibi 30-40 manatı keçmirdi. Torpaq xalqın milli sərvəti, elin var-dövləti olsa da təəssüf ki, sovetlər dönəmində bu müqəddəs toxunulmaz əmanət 1969-cu ilə qədər öz həqiqi sahibindən uzaq salınıb. Təsərrüfatsızlıq üzündən külli miqdarda torpaq dövriyyədən çıxarılıb.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-80-ci illərində başladığı aqrar islahatları davam etdirdi, öz təbib əlləri ilə “xəstə torpaqlarımızın yaralarına məlhəm qoydu”, bu milli sərvəti onun əsl sahibinə – kəndliyə qaytardı.
İndi o vaxtdan illər ötüb.
Artıq 2015-ci ildir. Bu il isə kənd təsərrüfatını inkişaf etdiriləcək, yeni texnikalar alınacaq, bu sahəyə dövlət yardımları ayrılacaq. Axı bu il “Kənd təsərrüfatı ili” dir.
Amma hazırda ili başa vurmağımıza bir iki ay qalıb. Odur ki, bizə sadəcə bu ildə görülən işlərdən danışmaq qalır.
Bu gün dünyanın qlobal ərzaq problemi ilə üz-üzə qaldığı vaxtda aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində strateji istiqamət elan olunub. Məhsul istehsalçılarının, demək olar, bütün vergilərdən azad edilməsi, onları yanacaq və motor yağlarına, eləcə də əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika və cins mal-qaranın güzəştli qiymətlərlə satılması və bu kimi digər tədbirlər son nəticədə istehsalın artmasına nəticə də isə ölkəmizin ərzaq sarıdan idxaldan daha az asılılığına səbəb olub.
Amma Azərbaycan bununla kifayətlənmək fikrində deyil. Nazirlər Kabinetinin iclaslarından birində Prezident İlham Əliyev dövlətin bu sahədə növbəti məqsədini belə açıqlamışdı: “Ərzaq təhlükəsizliyi bu sahədə prioritet təşkil edir. İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq. Eyni zamanda biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatında aparılan islahatlar – məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq. Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik”.
Sitatdan göründüyü kimi, aqrar sektor üzrə qarşıya qoyulan vəzifələr son nəticədə ölkənin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi ilə yanaşı, bu sahədə rəqabətə davamlı ixrac potensialının yaradılmasıdır. Bunun üçünsə təbii ki, ilk növbədə kənd təsərrüfatı bölməsində islahatlar davam etdirilməli, qabaqcıl dünya təcrübəsi öyrənilməlidir.
Elə Prezidentin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı məhz bu məqsədə xidmət edir. Hər bir bəndinin aqrar sektorun daha sürətli, daha təkmil, daha etibarlı inkişafına yönələn fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, eləcə də Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri Dövlət komitələri, “Meliorasiya və Su Təsərrüfatı” və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-ləri və digər hökumət və dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub.
Həmin vəzifələrdən biri Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılmasıdır. Qeyd edək ki, hazırda sözügedən nazirliyin yalnız bir neçə rayon mərkəzində ərazi idarələri fəaliyyət göstərir və onlar, sözsüz ki, bu gün aqrar sektorun qarşısında qoyulan vəzifələri yerlərdə icra etmək imkanına malik deyillər. Başqa sözlə desək, hər bir rayon və şəhərdə Kənd Təsərrüfatı Nazirliyinin idarələrinin yaradılması yerlərdə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədini daşıyır.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi 2014-cü ildən etibarən Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı Prezident tərəfindən verilən siyasi qərarların məntiqi davamı oldu. Yəni ölkədə aqrar sahənin inkişafı ilə bağlı strateji vəzifələr artıq dövlət başçısı tərəfindən müəyyən olunub. Nazirlik də buna uyğun olaraq müvafiq fəaliyyət planlarını hazırlayıb. İlk növbədə, fermerlərin istehsal vasitələri ilə təminatının daha da gücləndirilməsi üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi prioritet vəzifələr sırasındadır. Hələ ötən ildən “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Dövlət başçısının tapşırığı ilə hazırda yanacaq və motor yağlarına görə verilən güzəştlərin həcminin artırılması, habelə təkrar əkinlərə görə, subsidiyaların verilməsi ilə bağlı təkliflər hazırlanır. Fermerlərin məhsuldar toxum sortları ilə stabil şəkildə təminatını həyata keçirtmək üçün Toxum Fondunun yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsi Prezidentin verdiyi tapşırıqlar sırasındadır.
Onu da deyək ki, cari mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə təqribən 10-20 faiz aşağı idi. Bu o demək idi ki, fermerlər öz məhsullarının minimal marja ilə, hətta ziyanla satmalı olurdular. Lakin yerli iri ixracatçılarla əməkdaşlıq şəraitində görülən tədbirlər nəticəsində ixrac kanallarının intensivləşməsi hesabına qiymətlər əvvəlki mövsüm səviyyəsinə çatdırıldı. Eyni ilə, özəl biznes subyektləri ilə yaradılmış əməkdaşlıq sistemi sayəsində bazara natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il bayramı ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradıldı, qiymət dəyişmələri baş vermədi.
2015-in ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması üçün “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasıdır. Dövlət başçısının tapşırığı əsasında qısa müddət ərzində “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasına başlanılıb. Yeni yaradılan bu sistem Avropa təcrübəsinə uyğun “İnteqrasiya Olunmuş Nəzarət Sisteminin” prinsiplərinə əsaslanmaqla 7 alt moduldan ibarət olacaq. Bu modullar digər məsələlərlə yanaşı,torpaq sahələrinin və fermer təsərrüfatlarının, subsidiyalar üçün müraciətlərin qəbulu və ödənişlərin edilməsi sisteminin tam avtomatlaşdırılmasını əhatə edir. Hazırda “Elektron kənd təsərrüfatı” sistemi Avropalı ekspertlərin iştirakı ilə qurulur. Artıq “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və cins heyvanların əldə edilməsi üçün müraciətlər tam şəkildə onlayn rejimində həyata keçirilir. Həmçinin kənd təsərrüfatı məhsullarının sahə, topdansatış və pərakəndə satış qiymətləri üzrə gündəlik monitorinq məlumatları əsasında elektron informasiya bazasının yaradılması layihəsinə də başlanılıb.
Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun daha da inkişaf etdirilməsi növbəti prioritet vəzifələr sırasındadır. Topdansatış bazarlarının genişləndirilməsi və yenilərinin yaradılması, “yaşıl marketlər” şəbəkəsinin və “fermer mağazalarının” yaradılması, müasir standartlara uyğun ət kəsimi məntəqələrinin tikilməsi, ixrac bazarlarında logistik mərkəzlərin qurulması, bu işə müvafiq dövlət dəstəyinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələrimizdəndir. Bu tədbirlər bazar infrastrukturunun effektivliyini artırmaqla, istehsalçılar üçün əlverişli bazar şərtlərinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Hazırda da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seçmə qaydasında, həmçinin yerlərdən daxil olan müraciətlər əsasında yerlərdə monitorinqlər aparılır, torpaqların təyinatından kənar istifadə halları ilə bağlı müəyyən edilən faktlar əsasında müvafiq tədbirlər görülür. Lakin bu tədbirlər kifayət qədər əhatəli deyil. Bunun başlıca səbəbi müvafiq kompleks məlumat bazasının olmamasıdır. Amma torpaqların elektron uçot və qeydiyyat sisteminin yaradılması hesabına torpaqların təyinatından kənar istifadəsi hallarına qarşı daha çevik və əhatəli nəzarət tədbirlərini həyata keçirməyə imkan verəcək.
Gültəkin Ələsgər
“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”
Comments are closed, but trackbacks and pingbacks are open.