Press "Enter" to skip to content

Ataxan Pasayev – Wikipedia

gorkamli alim, asil ziyali Solmaz xanim cox tawakkur edirik. Asil alimin durust va vijdanli movgeyi olmalidi. Yagub Mahmudova .

İRƏVANI GÜZƏŞTƏ GEDİB, AZƏRBAYCANI XİLAS ETDİLƏR! – Professordan Cümhuriyyət tarixinə işıq salan möhtəşəm yazı

Mayın 29-da səhər Real TV-dən mənə zəng edərək İrəvanın Azərbaycan şəhəri olduğu və cənab Prezidentin 28 May İstiqlal bayramı münasibəti ilə etdiyi çıxışında bu məsələ ətrafında fikirlərlə bağlı müsahibə verməyimi xahiş etdilər. Son günlərin gərginliyindən hədsiz yorulduğumu, Prezidentin çıxışı ilə hələ tanış olmadığımı bildirərək və söhbətin məhz İrəvanın qədim tarixindən gedəcəyini düşünərək jurnalist xanıma bu mövzu üzrə iki mütəxəssis həmkarlarımın ünvanılarını verdim.

Həqiqətən son 3-4 gündə 28 may – Cümhuriyyət günü münasibətilə ən müxtəlif dövlət və internet televiziya kanallarında, zoom proqramı ilə İsveçdə, Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımız, Bakıdakı müxtəlif gənclər təşkilatları və qurumlarının üzvləri qarşısında saatlarla müsahibələr verib, məruzələr etdiyim, karantin vaxtında belə yuxu rejimini tamamilə pozduğum üçün hədsiz fiziki yorğunluq hiss edirdim.

Lakin az sonra bütün internet əlaqələrimə dünənki dinləyicilərimdən, jurnalistlərdən, tanıdığım-tanımadığım insanlardan Prezidentin çıxışında qoyulan məsələlərə dair suallar gəlməyə, çıxışın AXC ilə bağlı olan hissəsi də əlavələr şəklində göndərilməyə başladı. Tanış oldum və bütün yorğunluğum getdi.

Əvəzini bir tarixçi olaraq ilk növbədə özümə, sonra tarixçi həmkarlarıma, daha sonra “rəsmi” statuslu funksioner tarixçilərə görə günahkarlıq kompleksi tutdu. Çünki əgər Cümhuriyyətin 102-ci ildönümündə, müstəqilliyimizin 28-ci ilində dövlət başçısı ölkə ictimaiyyəti qarşısında belə suallar qoyursa, bunun ilk günahı, ilk təqsiri biz tarixçilərdədir.

Gənc dostlarım, jurnalistlər İrəvanın “verilməsi” ilə bağlı konkret suallar göndərdilər, açıqlama və sənədlər təqdim etməyi, məsələyə münasibət bildirməyimi istədilər. Elə bu məsələdən də başlayaq: Nə üçün İrəvan şəhəri ermənilərə verildi?

Qədim Azərbaycan məkanı və şəhəri olan İrəvanın 1918-ci il mayın 29-da ermənilərə “verilməsi”, daha dəqiq deyilsə, güzəştə gedilməsi faktdır. Amma tarix elmi istənilən faktın yalnız təsbit olunmasını deyil, onun baş verdiyi şəraiti və şərtləri kompleks şəkildə araşdırmağı tələb edir.

Ermənilərin (Osmanlı və Qafqaz) hələ XVII əsrdən bəri Avropa, Rusiya və Yaxın Şərq ölkələrinin dəstəyi ilə “dənizdən dənizə” dövlət yaratmaq uğrunda apardıqları ciddi mübarizə, I dünya müharibəsində qalib Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, ABŞ) tərəfində əli silahlı nizami ordularda vuruşmaları, erməni siyasətçilınərinin genişmiqyaslı diplomatik təbliğatlarının nəticəsi olaraq bu müharibənin sonluğuna yaxın erməni dövlətinin yaranması danılmaz zərurət idi, söhbət sadəcə onun hansı ərazilərdə yaradılacağından gedirdi.

İddia etdikləri Osmanlı vilayətləri 1915-ci ildən başlayaraq xəyanətkar erməni əhalisindən demək olar ki, təmizlənmişdi. Erməni mənbələrinin özlərinin yazdığına görə, 350-450 min nəfər hüdudunda Osmanlı erməniləri 1916-1917-ci illərdə daşnak qoşunlarının müşayiəti ilə Cənubi Qafqaza, əsasən İrəvan quberniyasının ərazilərinə keçmiş, burada yerli azərbaycanlı əhalini kütləvi surətdə qırmış və qovmuş, məskənlərini zəbt etmiş, bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdilər.

1918-ci il üçün erməni milli qüvvələrinin regionda real siyasi və hərbi qüvvəyə çevrildiyi, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu, konkret həmin dövrdə bölgədəki siyasi proseslərdə Osmanlı dövlətinin aparıcı rol oynadığı, bu səbəbdən Ermənistanın hansı ərazilərdə yaradılması məsələsini də məhz Osmanlının müəyyənləşdirəcəyi tarixi həqiqətdir .

Öz dövlətini yaratmaq ərəfəsinə gəlib çıxmış azərbaycanlıların real vəziyyəti isə gürcülərdən, hətta geniş əraziləri ələ keçirib, indi də siyasi mərkəz məsələsinin həllinə girişən ermənilərdən də pis idi. Paytaxt Bakı daxil olmaqla bütün quberniya ərazisinin (Bakı, Şamaxı, Göyçay, Cavad, Ərəş, Lənkəran qəzaları) işğal altına düşdüyü, həmin ərazilərdə yaşayan xalqın bir hissəsinin məhv edilmiş, qalan hissəsinin düşmən idarəsi altında girov, yaxud dağlarda, meşələrdə, yarğanlarda, çöllərdə sərgərdan dolaşaraq aclıqdan, soyuqdan, qorxudan, xəstəlikdən qırıldığı, İrəvan- Zəngəzur mahallarından on minlərlə qaçqının Gəncə-Qarabağa axışdığı bir zamanda 70 faizi ermənilərdən ibarət 12-16 minlik Qırmızı Ordu Azərbaycan milli qüvvələrinin son “bastionu” Gəncəyə hücuma hazırlaşırdı.

Bütün bunlara son qoyacaq Azərbaycan ordusu silah-sursat, maliyyə olmadığı bir şəraitdə – 1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti (M.Ə.Rəsulzadə və M.H.Hacinski) Batumda, Osmanlı dövlətinin Qafqaz qoşunları komandanlığı ilə Bakının və Azərbaycan torpaqlarının biloşevik-rus-erməni qüvvələrindən azad edilməsi ətrafında çox ağır danışıqlar aparırdı.

Həmin dövr gürcülərin arxasında Almaniya, ermənilərin arxasında İngiltərə və Fransa kimi qəyyum dövlətlərin durduğu bir şəraitdə azərbaycanlıların yeganə pənahı Osmanlı dövləti idi və bu dövlətin nümayəndələri Azərbaycan siyasətçilərinə israrlı şəkildə “ermənilərə bir qədər ərazi güzəştə getmək” kimi “tövsiyələr” verirdi.

“Bir qədər ərazi” altında İrəvan şəhəri nəzərdə tutulurdu, çünki həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən quberniyanın ikinci böyük şəhəri – Aleksandropol (Gümrü) türk qoşunlarının nəzarətində idi və türklərin oranı boşaltmaq niyyəti yox idi. Belə bir şəraitdə “ermənilərə veriləcək siyasi mərkəz” ancaq İrəvan şəhəri ola bilərdi. Əslində isə bu zaman təkcə İrəvanın yox, Bakının və bütünlüklə Azərbaycanın taleyi həll olunurdu.

Odur ki, Milli Şurasının 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsi” məsələsini müzakirəyə çıxaran Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin bu hadisəni dönə-dönə “qaçılmaz tarixi zərurət”, “bizlər üçün acı həqiqət” kimi qiymətləndirməsinin fərqinə varmaq lazımdır.

Mən istənilən auditoriyada bu məsələdən bəhs edəndə dinləyicilərimə “özünüzü o kişilərin yerinə qoyun!” təklifini edirəm. Çünki “Bakının azadlığı İrəvandan keçir” mənasında tövsiyə-şərt qarşısında qərar qəbul etməli olan kişilər – Batumda danışıq aparanlar, Tiflisdə Milli Şura üzvləri daha böyük itki (Bakı və Azərbaycan) ilə daha kiçik itki (İrəvan) arasında seçim etməli idilər. Bu günümüzün müasirləri, siz hansı seçimi edərdiniz ?

Qərar verməzdən əvvəl aşağıdakı sualları da nəzərə almağınızı təvəqqe edirəm. Heç öz paytaxtını qaytarmağa imkanı olmayan Azərbaycan hökuməti İrəvan şəhərini faktiki olaraq özündə saxlaya bilərdimi? B u şəhəri qoruyacaq Azərbaycan ordusu vardımı? Ümumiyyətlə, azərbaycanlılardan bu “güzəşt”ə cavab soruşur, ya icazə gözləyirdilərmi?

Burada bir məqamı da nəzərə alın ki, istər öz dövründə, istərsə bu gün bizim özümüzdən və türklərdən başqa heç kim İrəvanı Azərbaycan şəhəri hesab etmirdi. Ermənilər bu məkanı daim özlərinin tarixi, digərləri isə Rusiya imperiyasının quberniya şəhəri bilirdilər, indi də belə hesab edirlər.

Odur ki, həmin dövr üçün dövləti olmayan və bu səbəbdən İrəvana rəsmi şəkildə hər hansı iddia etməyə hüququ çatmayan azərbaycanlıların bu iddiasını heç ciddiyə almırdılar. Məhz bu sonuncu səbəbdən həmin “güzəşt” aktı hər hansı tərəflərarası müqavilə şəklində mövcud olmayaraq, yalnız Milli Şuranın 29 may tarixli iclasının protokolunda öz əksini tapıb və erməni nümayəndələri ilə də bu “güzəştin” müqabilində Qarabağa iddialardan imtina edəcəkləri barədə yalnız şifahi razılaşma əldə etmək mümkün olub.

Bu məntiqdən çıxış edərək, F.X.Xoyskinin “İrəvanı ermənilərə güzəştə getdik” ifadəsini əslində İrəvana “sahiblik”, eləcə də siyasi şəraitdən doğan çarəsizlik və gücsüzlük qarşısında, necə deyərlər, “ən pis şəraitdə yaxşı sima saxlamaq” cəhdi kimi də qiymətləndirmək olar.

Bu ifadə ilə Azərbaycan Hökumətinin başçısı ən azı İrəvanın o dövrə qədər Azərbaycan şəhəri olduğu və ermənilərə məhz “güzəştə gedildiyi” faktını təsdiqləyirdi.

Burada bir vacib informasiyanı qeyd etmək istərdim: Azərbaycan Milli Şurası 1918-ci ilin 29 mayında ermənilərə çəmi 9,2 min kvadrat kilometr ərazi – İrəvan şəhəri və ətrafını güzəştə getmişdi. Həmin ərazilərdə yaşayan 321 min əhalinin 230 min nəfəri erməni, 80 min nəfəri azərbaycanlı, qalan 11 mini digər millətlərin nümayəndələri idi.

Keçək növbəti suala : Nə üçün AXC dövründə müstəqillik şərti xarakter daşıyırdı, Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı, hökumət Azərbaycan ərazisinə tam nəzarət etmirdi?

Azərbaycan siyasi qüvvələri hələ müstəqillik elan etməz xeyli əvvəl, öz ərazilərinə və milli hüquqlarına sahib olmaq üçün “Azərbaycan muxtariyyəti” şüarını irəli sürdükləri vaxt dərhal qonşu dövlətlərin böyük etirazları ilə qarşılaşıblar. İran dövləti bu ifadədəki “Azərbaycan” adına etirazını bildirərək, bu ada haqqı “çatmayan” qafqazlıları İran Azərbaycanına ərazi iddialarında ittiham edib və bu məsələni Paris Sülh konfransına qədər çıxarıb.

Rusiya dövləti (Ağqvardiya hökuməti və bolşeviklər), erməni milli, siyasi-hərbi qüvvələri isə “muxtariyyət” kəlməsində azərbaycanlıların dövlətçilik iddialarını görərək, onlara “muxtariyyət” əvəzinə “bir yığın xarabazarlıqlar” (Şaumyan) vəd edib və 1918-ci il mart-iyul aylarında kütləvi qırğınlar törətməklər bu “vədlərinə” əməl ediblər.

Azərbaycan xalqının varlığı, Azərbaycan ərazilərinin bütövlüyü ciddi təhlükə altında idi. Mövcud plana görə Bakı daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə keçməli idi. Bu şərtlər qarşısında Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il 28 mayında İstiqlal bəyannaməsini – Müstəqil Azərbaycan dövlətinin yarandığını elan etdilər. Lakin Bakı və işğal altında olan torpaqlar azad edilməyincə bu müstəqillik hələ yalnız “kağız” üzərində idi.

Müstəqilliyə “can verəcək” qüvvə isə Qafqaz İslam Ordusu və yaranmaqda olan Azərbaycan hərbi birləşmələri olmalı idi. Lakin həmin ilin 17 iyununda Tiflisdən Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti burada “Müstəqillik” aktını qəbul etməyən bir dəstə yerli əhali və onların tanınmış xadimləri ilə üzləşir. Məlum olur ki, müəyyən daxili səbəblər, eləcə də “düşmən qonşular” əhatəsi faktından çıxış edən bu əhali qrupu Azərbaycan xalqının xilasını müstəqil dövlətçilikdə deyil, Osmanlı dövlətinə ilhaqda – birləşməkdə görür.

“İlhaqçılar” adlanan bu qrup həmin dövr artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onun müşaviri Əhməd bəy Ağayevin timsalında öz tərəfdarlarını tapırlar. “Gəncə böhranı” adlanacaq və Azərbaycan dövlətçiliyi üçün ilk ciddi təhlükə sayılacaq bu hadisənin təfərrüatına varmadan Milli Şuranı “xalqın rəyini öyrənmədən İrəvanı ermənilərə verməkdə” ittiham edən bəzi “rəsmi” tarixçilərə bir ritorik sual edək.

İşğal qarşısında sərgərdan düşmüş xalqın rəyini öyrənmək üçün nə vaxtı, nə imkanı olmayan Milli Şura üzvləri, həmin xalqın digər hissəsinin də müstəqillikdən imtina kimi rəyi ilə hesablaşacağı təqdirdə Azərbaycanın sonrakı taleyini necə təsəvvür edirsiniz? Bu zaman cəmi 4 aydan sonra Osmanlı imperiyasının özünün tam məğlubiyyətə uğrayaraq dağıldığı, tutduğu bütün ərazilərdən çıxarıldığı, Osmanlı rəhbərlərinin rüsvayçı Sevr müqaviləsini imzaladığı və hələ sonralar Mustafa Kamalın misilsiz hərəkatı nəticəsində müdafiəyə qalxacağını nəzərə alın.

Odur ki, bu növ “xalqın rəyi” və xarici hərbi iradə qarşısında yenə də müvəqqəti güzəştə getməyə məcbur olan Milli Şura yalnız bir şərt irəli sürür: İstiqlalı qorumaq!

Bundan sonrakı hadisələr – Qafqaz İslam Ordusu və Azərbaycan hərbi birləşmələrinin torpaqlarımızı işğaldan azad edə-edə artıq 1918-ci ilin iyul ayının sonlarında Bakıya yaxınlaşdığı vaxt Almaniya, Rusiya, İngiltərə kimi böyük dövlətlərin və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələrinin hər vəchlə Bakının bu ordu tərəfindən alınmasına mane olmaq cəhdləri, azərbaycanlılara ən yaxşı halda Gəncənin paytaxt kimi vəd olunması, Bakının isə “sərbəst” şəhər (вольный город) – hamının şəhəri, Bakı neftinin – hamının nefti elan edilməsi şərtləri qarşısında Türk ordusu komandanlığının və Azərbaycan xadimlərinin göstərdiyi iradə və mətanəti qeyd etməmək olarmı?

Rəsulzadənin bu məsələ ətrafında İstanbulda açdığı geniş diplomatik “döyüş”, bu ideyanın əsas müəlliflərindən Almaniyanın İstanbuldakı səfirliyinə və bütün digər Avropa ölkələrin nümayəndəliklərinə təqdim etdiyi “Bakı. Azərbaycan üçün ölüm-dirim məsələsidir ” sonluğu ilə bitən ultimatumlar, Azərbaycana göndərdiyi “ Bakı alınmasa, hər şey bitdi. Əlvida Azərbaycan” teleqramları bir tərəfdən, göstərilən güclü təzyiqlər qarşısında Bakıya hücumu saxlamış Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti, məxsusi olaraq Almaniyaya çağırılan Tələt Paşanın Bakının Azərbaycana məxsus olduğuna dair açıq bəyanatı, Ənvər Paşanın Qafqaz İslam ordusu komandanlığına teleqraf vasitəsilə yaza bilmədiklərini çaparla göndərərək “şəhəri tezliklə azad edin” əmrləri, yenə də Rəsulzadənin Bakının türk ordusu tərəfindən işğalı ittihamları qarşısında “ Bakı Azərbaycan adına azad edilməlidir! Bakıya ilk olaraq Azərbaycan hökuməti girməlidir! ” kimi çağırışları AXC xadimlərinin məhz müstəqillik uğrunda mübarizəsinin həqiqətən şanlı səhifələri idi. Bəli, burada Cümhuriyyət xadimləri qonşu və qardaş Osmanlı dövlətinin generallarının dəstəyindən yararlanırdılar.

Mudros sazişinə əsasən I Dünya müharibəsində məğlub Türk qüvvələri Azərbaycanı tərk etdikdən sonra da Azərbaycan hökuməti hələ tam müstəqil şəkildə fəaliyyət imkanı əldə etmir. Müttəfiq dövlətlərin razılığına əsasən, Cənubi Qafqaz, o cümlədən Azərbaycan İngiltərənin təsir dairəsinə verilir.

Bununla belə, Azərbaycan hökuməti addım-addım öz müstəqilliyinə doğru irəliləyir. Noyabrın 9-da vaxtilə Gəncədə, sözü keçən ilhaqçıların təklifi ilə qəbul edilmiş Osmanlı dövləti bayrağına bənzər, qırmızı, 8 guşəli bayraq dəyişdirilir. Yeni, 3 rəngli bayraq Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin illərlə formalaşdırdığı milli idealları – türkçülük, müasirlik, islamçılığı tərənnüm edən Dövlətçilik atributu kimi qəbul edilir.

1918-ci ilin 17 noyabrında gəmi ilə ilk dəfə Bakı limanına qədəm qoyan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun ilk əmri həmin bayraqları yerə endirmək olur! Lakin şəhərdə ingilis general-qubernatorluğu yaranmasına və bütün idarəçiliyin, həmçinin Bakının neft mədənləri onun nəzarəti altına keçməsinə baxmayaraq Azərbaycan hökuməti bu mürəkkəb şəraitdə belə geri çəkilmir.

Son nəticədə Azərbaycan milli-siyasi qüvvələrinə mənfi münasibət bəsləyən general Tomson cəmi 40 gündən sonra – dekabrın 27-də Fətəli Xan Xoyski hökumətini ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır. Bu 40 gündə hansı hadisələrin baş verdiyi və general Tomsonun münasibətinin beləcə 180 dərəcə dəyişməsi səbəbləri üzərində dayanmadan, onunla kifayətlənək ki, Azərbaycan Milli Şurası və hökuməti 1918-ci ili Azərbaycan müstəqilliyi və dövlətçiliyinin ən möhtəşəm nailiyyəti – Azərbaycan Parlamentinin yaradılması ilə başa vurur!

“Vəhşi, barbar, qaragüruhçu müsəlmanlar” əvəzinə (rus-erməni milli komitələrinin təqdimatı) Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən general Tomsonu öz müttəfiqinə çevirməyi bacaran Cümhuriyyət xadimləri sonrakı 1919-cu ildə məhz bu generalın dəstəyi ilə həmin dövrün ən müşkül problemini – Qarabağ məsələsini həll edir, Xosrov bəy Sultanovun başçılığı altında Qarabağ qubernatorluğunun təşkil olunmasına, Qarabağın erməni əhalisinin Azərbaycan hökumətini tanımasına, erməni qoşunlarının Qarabağdan və Zəngəzurdan qovulmasına, rus generalı Biçeraxovun və onun erməni-daşnak qoşununun Bakıdan çıxarılmasına nail olurlar. Paris Sülh konfransına yollanan, lakin Fransa tərəfindən məqsədli şəkildə viza ala bilməyərək 4 ayadək İstanbulda yubanan Azərbaycan Nümayəndə Heyəti də məhz ingilis generalının təqdimatı ilə Parisə gedib çıxa bilir.

İstər ingilis komandanlığının Azərbaycanda olduğu, istərsə də sonrakı, tam müstəqil şəkildə mövcud olduğu 8 ay ərzində Azərbaycan hökuməti ölkə ərazisinə nəzarətini bərpa edir, Qarabağla yanaşı, Muğan separatizmini də yatırır, Cavad, Lənkəran qəzalarında öz hakimiyyət bərqərar edir.

Bəs nə üçün Respublika iki ildən də az yaşadı? O, nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi?

Yuxarıdakı ən ümumi xülasə, göstərilən şərtlər daxilində Cümhuriyyətin niyə cəmi 23 ay deyil, ümumiyyətlə, 23 ay necə yaşamaq qüdrətinə malik olduğu sualını irəli çəkir. Belə ki, həmin 23 ay ərzində sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin bütün mühüm sütunlarının qurulması, özlüyündə, elmi terminologiyaya uyğun gəlməsə də bir “möcüzə” sayıla bilər. Düşmən dövlətlər əhatəsində yaşayan, daim düşmən münasibətlər və qıcıqlarla, xarici və daxili təhlükələrlə üz-üzə duran, hətta bu zaman da deklarasiya etdiyi dəyərlərə və demokratiya prinsiplərinə sadiq qalan Cümhuriyyətin 23 aylıq “möcüzə”sinin səbəbini ilk növbədə onun Qurucularının şəxsində axtarmaq lazımdır.

Hansı bir gözəgörünməz qüvvə sanki Azərbaycan xalqının və ərazilərinin müqəddəratının həll olunduğu çox ağır bir dövranda bu əraziləri özlərinə V ətən, xalqı isə mənsub olduğu Millət sayaraq, özünü onun taleyi üçün məsul bilən Şəxsiyyətlərin hamısını bütöv bir nəsildə yetişdirmişdi.

Və bu şəxsiyyətlər də bütün zümrə, siyasi fikir və təşkilat, ictimai mövqe və mənsəb fərqlərini, yerliçilik, şəxsi ambisiya, vəzifə, mənfəət və sair kimi anlayışları bir kənara qoyub, ilk növbətə milli maraqları üstün tutaraq öz dövlətlərini yaratdılar, ona böyük uzaqgörənliklə “Azərbaycan” adı verdilər və onu bütün mümkün, bəzən hətta qeyri-mümkün şərtlər daxilində tam 23 ay yaşatdılar!

Azərbaycan Cümhuriyyət özü süqut etmədi. Azərbaycan hökuməti özündən qat-qat və hər barədə güclü qonşu dövlət tərəfindən birbaşa hərbi müdaxilə nəticəsində işğal olundu və süquta uğradıldı.

Müstəqilliyi qorumaq mümkün idimi? Dövrün tarixi reallığı çox az zaman ərzində sübut etdi ki: Yox! Mümkün deyildi. Neft amilinin gücü bolşevik Rusiyasının işğal planlarında Azərbaycanı qabağa salsa da, az sonra Ermənistanın və bu iki Qafqaz respublikasından qat-qat güclü dayaqları olan Gürcüstanın da işğal olunması buna sübutdur və əlavə dəlillərə ehtiyac görülmür.

Amma çox qısa zamanda yaradılan Cümhuriyyət Ordusu öz dövlətini və onun müstəqilliyini son qanınadək qorumaq əzmini nümayiş etdirdi. İşğal ərəfəsində Qarabağda, işğal planın tərkib hissəsi olaraq başlamış erməni qiyamını yatıran Azərbaycan hərbi qüvvələri Cümhuriyyətin aldanma yolu ilə (Qızıl Ordunun Azərbaycandan keçərək Anadoluya, Mustafa Kamal qüvvələrinə köməyə gedəcəyi şayiələri) hərbi işğala məruz qaldığını biləndən az sonra – may ayının sonlarında məşhur Gəncə üsyanına qalxdılar, fədakar Gəncə camaatının dəstəyi ilə şücaət göstərdilər, artıq ardı kəsilməyən düşmən qüvvələri qarşısında tab gətirə bilməyəcəklərini anladıqları bir zamanda belə 1920-ci ilin 28 mayında Cümhuriyyətin 2-ci ildönümünü qeyd etdilər.

“Hamı sona qədər mübarizəyə səsləyirdi. Qoy bizə qalib gəlsinlər, lakin qoy düşmən öz qələbəsinə özünün yüzlərlə, minlərlə meyiti üzərindən çatsın. Qoy 28 may günü bizim tariximizə yalnız bizim müstəqilliyimizin elan edildiyi gün kimi yox, həm də Vətən naminə böyük qurbanlar günü kimi yazılsın. Qoy 28 may günündə düşmən ağır, amansız, ölüm-dirim mübarizəsi ilə qarşılaşsın. 28 may günündə layiqli müqavimət bizim iradəmizin böyüklüyünün simvolu, mənəvi qələbəmizin simvolu olacaqdır” (Cahangir bəy Kazımbəylinin xatirələrindən).

Gəncə üsyanı da, sonra Qarabağ və digər bölgələrdəki üsyanlar da qan içində yatırıldı. Azərbaycan Cümhuriyyətini qurmuş və ona başçılıq etmiş Böyük Kişilərin əksəriyyəti qətlə yetirildi, “müstəqilliyin” ləzzətini dadaraq bu dövləti sevən, yaşadan, müdafiə edən azərbaycanlıların çoxu yeni hökumət tərəfindən qətllərə, həbslərə, sürgünlərə məruz qaldı.

Azərbaycan Cümhuriyyəti qurucularından çox az hissəsi təcavüzdən xilas olaraq xaricə mühacirət edə bildi və orada ömürlərinin sonuna qədər Azərbaycan davası apardı.

Beləliklə, Azərbaycan Cümhuriyyəti artıq öz missiyasını başa vurmuşdu. Müstəqil Azərbaycan dövlətçiliyini yaratmışdı. İşğaldan cəmi 3 ay əvvəl özünün müstəqillik və dövlətçilik tarixinə son töhfəsini vermişdi. 1920-ci ilin 11 yanvarında Dünyanın aparıcı dövlətləri cəmi 3 il əvvəl haqqında eşitmədikləri, saymadıqları, ciddi almadıqları bir millətin varlığını təsdiq etmiş və onun dövlət müstəqilliyini de-fakto tanımışdı!

1919-cu ilin 28 mayında Parisdəki Azərbaycan nümayəndə heyətini hansı ölkənin nəzarətinə verilməsi məqsədilə tanışlıq üçün qəbul edən, bu zaman Azərbaycanın harada yerləşdiyini belə bilməyən və görüş vaxtı tez-tez saatına baxan ABŞ prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşovun cəsarətli bəyanatından heyrətə gəlmişdi.

Vilsonun “Vahid və bölünməz Rusiya” tərəfdarı olduqları və ondan qopan yeni dövlətlərin tanınmasının hələ gündəmdə olmadığı kimi açıq etirafına edilən etirazdan – azərbaycanlıların Denikin, Kolçaq, ya Rusiya hüdudlarında hər hansı birisinin hakimiyyətini qəbul etməyəcəyini, yalnız öz Azərbaycan Parlamenti və hökumətlərini tanıyacaqları kimi sözlərdən sonra belə yazmışdı: “Mən ideyalara hörmət, azadlıq, hüquq və ədalət konsepsiyaları ilə bağlı mənimlə eyni tərzdə düşünən şəxslərlə söhbət edirdim” (Vudro Vilson).

Azərbaycan Cümhuriyyətinin varlığının və müstəqilliyinin bu günümüz üçün əhəmiyyətini sübut edən ən mühüm məqam. Aprel işğalı zamanı Azərbaycanın hər halda dünyanın aparıcı ölkələri tərəfindən de-fakto tanınmış müstəqil dövlət olduğu faktı qarşısında onu dərhal öz ərazilərinə qatmağa cürət etməyən bolşevik Rusiyası onun sosialist yönlü, amma müstəqil respublika kimi qalmaq şərtini qəbul etmiş və Azərbaycan Sovet Respublikası iki ilə yaxın yarı formal da olsa müstəqil şəkildə mövcud olmuşdu.

1922-ci ilin sonlarında, artıq SSRİ yaradılarkən indiki 5 Orta Asiya respublikasının yerləşdiyi geniş ərazilər SSRİ-yə “Türküstan muxtariyyəti” adı ilə RSFSR tərkibində daxil edilmişdi. Bundan narazı qalan Türküstan nümayəmdələri Stalinə “kiçik Azərbaycanın” SSRİ-yə “suveren respublika”, özlərinin isə “muxtariyyət” formatından narazılıqlarını bildirəndə Stalindən belə bir cavab almışdılar: “Çünki onların milli hərəkatı olub, milli dövlətləri olub”.

Şərhlər

Antanta Çara diktə edirdi 2020-06-12 23:08:47

Vur Türkiyəni, xərac topla, Qafqaz Türkiyəsində Xristian dövlətlərinə razılıq al!

Fruz Gəncəli 2020-06-10 19:07:14

Belə başa bəla “tarixçilər” ölkənin tarixini tapmacaya dövdəriblər.50 ildir Azərbaycanın arixi ortaya çıxarıla bilmir.Tarixi ayrı-ayrı şəxsiyytləri tərifə çevirmək ən azı çinayətdir.Hanı Azərbaycanın,bu torpağın 1000-1200 iölkə tarixi unudulub.Ona görə ermənilər özlərinə tarix yaradıblar.Bunlar sanki ermənilərin töküntüləridr Azərbaycana soxulub,unutqanlıqla məşğuldurlar. u llik daha aədim tarixi?Belə tarixçilərin yazılarındanİ1əSy

Eli 2020-06-09 23:34:54

Mütleq rey yazılmalıdır?Onda qoyun başı yazılanlar çıxan yeni peşekarlar rey yazsın Olmaz axı bildin bilmedin rey yazmaq olmaz en szından hörmetli alime hörmetsizlikdir

Vətəndaş 2020-06-05 15:15:28

Bəs Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hara baxır. .

Bu yazını qəbul etməyənlərə- c 2020-06-01 12:36:16

İndiki tarixi şəxs hesab etdiklərinizin çirkab içində olduğunu görmür və hiss etmirsiniz.Qarabağ və ətraf 7 rayon satılır,geri qaytarılmasına faktiki olaraqheç bir ciddi dəhd edilmir,milləti bu mövzudan uzaqlaşdırmaq cəhdləri edilir.Bütünbunlar Sizin gözünüzün önündə baş verir..Ara bir gecikmiş bəyanatlarla kifayətlənilir.bundan əlavə N.Nərimanovun ruslara satılaraq,irəvanı ermənilərə bağışlaması,həmin illərdə demokratik insanların qətlləri tarix deyilmi?Niyə bunlar uzun illərdir xalqdan gizlədilib? Siz tarixçilər niyə susmusunuz.Konyuktura xətrinə,iqtidara xoş gəlmək üçün ortaya çıxıb cəəfəngiyat yazmaq kimə xidmət edir?mD

SABİRƏ 2020-06-01 10:02:11

Nərimanov tək Lenin və Stalinlə birgə görüşə bilsəydi, BƏLKƏ DƏ?

Bu yazını qəbul etməyənlərə 2020-05-31 19:58:15

Bu məqalə ondan ötəri yazılıb kiz, bizim tariximizdə, varlığımızda xüsusi rolu olmuş təmiz qanlı Azərbaycanlılara qarşı çirkin fikirlər deyilməsin, uydurulmasın. Çünki onlar əsl qəhrəmanlardırlar və bizim tariximizdirlər. Vaxt gələcək biz pokoleniya da tarixə çevriləcəyik. İndi biz elə olmalıyıq ki, indiki tarixi şəxsiyyətlərimizi də gələcəkdəkilər şər-böhtanla çirkaba atmasınlar. . Müharibə 25 il qabaq dayandırılıb. Düşmən hələ bizə meydan da oxuyur. Ancaq susuruq. Niyə? Bu milli qəhrəmanlarımızın qəbirləri də çürüyüb torpağa qarışıb düşmənlə yox onların ruhu ilə müharibə aparırsınız. Bəsdirin də.

Sabir 2020-05-31 17:21:14

Solmaz xanım əvvəlcə tariximizi oduğu kimi öyrənsin.dərk etsin,ondan sonra hər hansı mükalimə yürüdə bilər.Xanım indiki qeyri müəyyən şəraitdə doktor da,professor da ola bilər.Amma tarixi olduğu kimi,əsl Azərbaycanlı kimi,dürüst, (qanı qarışıqlara xoş gəlmək üçün yox) anlayışlarla yazmaq gərəkir.Məsələn,N.Nrimanovun rus və ermənilərə satğınlıqı İrəvanın ermənilərəverilməsinə və Rus ordusunun Cümhuriyyəti dağıtmasına yardımçı olduğu halda onu tərif etmək,sadəcə Azərbaycanlılara qarşı hqarətdir.yiç,c.heçkimi dwzgwn [yr’nm’li/yaln;z ondan sonra ortaya ,;xa bil’r/ım

Tərlan 2020-05-31 13:59:30

. Çünki bu səpkodə,millti aşağılayıcı yaz ortaya çıxmazdı.Biz niyə ermənilərə güzəştə getməliyik? Onlar haradansa (heç yerləri bəlli oomayan köçəri tayfa) İrəvaa yığılıb Torpaqlarımızda məskən salmasına,İrəvandan bir milyona yaxın azərbaycanlların çıxarılmasına niyə biganə qalmalıyıq?ıNərimanovun cinayətini,satqınlığına niyə bədaət verməliyik?Bu yazı tam yersiz,bzədilmiş ə Azərbaycan xaqına təhqir fonunda yazıldığından yazının müəllifinin kimliyinə haqlı şübhə yaradır.

Afərin Solmaz tarixə 2020-05-31 11:48:40

Tarixi qəhrəman ölkəmiz artıq 26 ildir öz DQMVnin işğalında saxlanır.

Xeyr! 2020-05-31 10:09:39

Sülh üçün Qafqaz Türkündə iki xristian olkəsinə də razılıq şərti qoyulub!

Azəri 2020-05-31 09:45:25

Əsl damarlarından azərbaycanlı qanı axan qeyrətli Azərbaycan qadını! Allah Sizə can sağlığı versin. Sizin bu yazınızı oxuyub, normal insanlar keçmişimizi düzgün qiymətləndirər.

miri 2020-05-31 09:32:47

Əllərinizə sağlıq, Solmaz xanım.

Azer 2020-05-31 04:39:26

Var olsun sizin kimi xanim, Istiqlaliyyete kolge salan.

Əli Məhərrəmov 2020-05-31 01:32:44

Sərrast, əlavə şərhə ehtiyacsız, real yazı! Böyük təşəkkürlər!

Tahir 2020-05-31 00:18:21

“Professordan” Cümhuriyyət tarixinə ləkə vurab yazı kimi qəbul etsək daha doğru olar.

Nizaməddin 2020-05-31 00:16:25

. Çünki əsl azərbaycanlı belə düşünə bilməz! Yazılan təriflər isə bir adresdən eyni motivdə olduğundan diqqət cəlb etmir.Tarixi saxtalaşdıran,səhvlərə və cinayətlərə müsbət don geydirmək isə .

ELSAD 2020-05-31 00:04:01

Simvolik de olsa AXC pasportuna layiq vetedas vetenperver alim esl ziyali SOLMAZ xanim.

Yunis 2020-05-30 22:49:45

Bu gözəl izahlı yazınıza görə çox sağ olun,Solmaz xanım

Rasim 2020-05-30 21:56:10

Kişi qeyrətli böyük alim. Həqiqəti yazdığın üçün sağ ol

Xəlilov Azad 2020-05-30 21:28:33

Güzəştə getmək torpaq bağışlamaq bu absurd anlayışdır? Azərbaycanın 1960- cı ilə sahəsi128 min kv.km olub.İnanmayanlar o zamanın coğrafiya kitablarına baxsın.Bu gün 78.9 kv.km ərazinin 20 %-i də işğalda olduğu halda niyə biz indiyə qədər nə etdiyimizi oturub düşünüb nəticə çıxarmamalıyıq?Bu necə tarixçilink,necə alimlikdir?Tarixdə elə bir ölkə varmı ki, belə hallarla qarşıaşsın.Niyə indiyə qədər Azərbaycanın heç olmasa 1000 il bundan qabaq başlayan tarixi barədə kitaba.əsıərə rast gəlinmir? Niyə məktəblərdə tədris edilən tarix dərslikləri yarımçıq və yarıtmazdır.? Biz tariximizi beləmi yaşatmalıyıq?Ona görə təslimçi ruhda yazılan yazıların Azərbaycanxalqının düşmənləri olduğunun sübuta ehtiyacı olmur.

ejder 2020-05-30 21:20:58
Azərbaycanlı 2020-05-30 20:42:42

Solmaz xanım,yanlışınız var.Torpaqdan pay olmur və o güzəşt elementi deyil.N.Nərimanovun bu yanlış hərəkəti Qafqazlarda ikinci İsrail (ərəbərə-müsəlmanlara qənim kəsilmiş) kimi dövlətin yaradılmasına imkan vermək dövləti cinayət kimi qiymətləndirilməlidir.TRİXÇİLƏRİMİZİN DÜZGÜNDOĞRU FAKTLARA İSTİNAD ETMƏK ƏVƏZİNƏ ZƏMANƏ,İQTİDAR XİDMƏTLƏRİ UZUN ZAMANDIR Kİ,NORMAL AZƏRBAYCAN TARİXİNİN YAZILMASINA İMKAN VERMİR.bU İSƏ YANLIŞ OLDUĞU AŞKARDIR.

azarbaycanli 2020-05-30 19:08:24

gorkamli alim, asil ziyali Solmaz xanim cox tawakkur edirik. Asil alimin durust va vijdanli movgeyi olmalidi. Yagub Mahmudova .

BAKILI 2020-05-30 17:34:49

Tewekurler Solmaz xanum ne yaxwiki siz varsiz

Əli 2020-05-30 17:20:35

Professor Solmaz xanıma öz dərin təşəkkürümüzü bildiririk bu obyektiv yazıya görə. Biz hələ çox hadisələri bimirik, yazınızdakı obyektiv reallıqlar bundan ibarətdir ki, biz hələ çox oxumalıyıq ki, o vaxtki mənzərəni tam bilək.

Əliəddin 2020-05-30 17:14:27

Böyük KİŞİLƏRLƏ bir cərgədə dayanmağa layiq BÖYÜK QADIN! İstedadınıza, ürəyinizə, obyektivliyinizə həsəd etməmək mümkünsüz. Sizə uzun illər, cansağlığı arzulayır, nəcib əllərinizdən ÖPÜRƏM!

Əliəddin 2020-05-30 17:14:27

Böyük KİŞİLƏRLƏ bir cərgədə dayanmağa layiq BÖYÜK QADIN! İstedadınıza, ürəyinizə, obyektivliyinizə həsəd etməmək mümkünsüz. Sizə uzun illər, cansağlığı arzulayır, nəcib əllərinizdən ÖPÜRƏM!

Mən 2020-05-30 17:08:09

İrəvanda yaşayanlar insanlar idi! İnsanları başqasına güzəşt etmirlər.

Türk 2020-05-30 16:53:02

Bizim keçmişimizi, tariximizi qaralayanların damarlarından təmiz Azəri qanı axmasına inanmaq çətindir. O insanlar öz həyatlarını vətən,xalq üçün vermişlər. Özləri yaxınları öldürülmüş,türmələrdə, sürgündə yaşamışlar.

Ataxan Pasayev – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Ataxan Əvəz oğlu Paşayev ( 1 may 1938 , Disər , Ordubad rayonu – 4 avqust 2022 ) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi
Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin rəisi
Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru

Mündəricat

Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur [1] .

Fəaliyyəti

1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında “XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1984-cü ildən “Azərbaycan arxivi” jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).

Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olub və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilib.

Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış edib. [2]

2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir [3] .

Elmi əsərləri

  • Molla Nəsrədddin. Bakı: Gənclik, 1982. 148 s.
  • Köçürülmə. Bakı, “Azərnəşr”, 1995. 40 s.
  • Açılmamış səhifələrin izi ilə. Bakı, “Azərbaycan”, 2001. 536 s.
  • Cümhuriyyət parlamentinə gedən yol. Bakı, “Adiloğlu”, 2005. 88 s.
  • “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən. Bakı, “Çaşıoğlu”, 2009. 356 s.
  • Ermenilerin Azərbaycan halkına qarşı torpak iddiaları, soyqırımı və təhcirləri (XIX –XX yüzyıl). Ankara, ATİB 2011.138 s.
  • Ermənilərin Azərbaycan xalqına qarşı torpaq iddiaları, soyqırımı və deportasiyalar (XIX–XX əsrlər). Bakı, “Çaşıoğlu”, 2011. 136 s.
  • XIX–XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar. Bakı, “Çaşıoğlu”, 2011. 328 s.
  • Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX–XX век). Баку, “Эльм ве техсил”, 2013. 152 s.
  • Ötən günlərdən. Bakı, “Elm və təhsil”, 2015. 101 s.
  • Tarixi yaddaşımızın etibarlı saxlanc yeri. Bakı, “Elm və təhsil”, 2016. 380 s.

İstinadlar

  1. ↑”A. Ə. Paşayevin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin fərmani”. 2022-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-01-30 .
  2. ↑Azərbaycan arxivşünaslığının atlantı – 525-ci qəzet. Əsgər Rəsul. 03.05.2013
  3. ↑”A.Ə.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. 2022-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-01-30 .

Cümhuriyyətə gedən yolun şairi – Məhəmməd Hadi – Elnarə AKİMOVA –

Haqqında az yazılan, az tədqiq olunan, poeziyası ərəb-fars izafətlərindən yoğrulmuş çətin anlaşılan dilin şairidir Hadi. Amma çətinlik bunlarda deyil, əlbəttə. Hadi yaradıcılığı bütün parametrləri ilə XX əsr dünya poeziyasının ölçülərinə adekvatdır. Onu bu ölçülər daxilində araşdırmaq, bu yöndən tədqiq etmək müəyyən estetik səviyyəyə yetmək tələb edir müəllifdən. Və tək onu yox, XX əsrin birinci yarısında yaşayıb-yaratmış əksər sənət fədailərimizin irsini.

Məhəmməd Hadi sovet rejiminin qurbanlarından biri oldu. Bu cür vətən sevdalı şairi, dövrün Osmanlı mətbuatını belə lərzəyə gətirən, açıq və üsyankar yazılarına görə barəsində ölüm hökmü kəsilən nəhəng bir sənətkarı sovet hökuməti sərxoş, sərgərdan biri kimi tanıtdı bizlərə. Taleyin hökmümü deyək buna, ya göy qübbəsinin altında heç nəyin boşuna axıb getməməsimi adlandıraq, bilmirəm, hər halda böyük gələcək onların xeyrinə işlədi. İndi budur, Cümhuriyyətin yüzüncü ildönümünü qeyd edirik, bu söz ardınca bir qism ad gətirir. Vaxtilə sovet rejiminin silməyə, yox etməyə çalışdığı bir qism ad. Bu onların haqqıdır. Çünki Azərbaycan Cümhuriyyəti bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi. 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti də əqidə və məslək birliyinin təzahürü kimi ərsəyə gəldi, seçilmişlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstəricisi oldu. O da maraqlıdır ki, bizdə heç vaxt intellekt və emosiya potensialı o dönəmdəki kimi toplu şəklində üzə çıxmadı – vahid ədəbi-estetik qayəyə xidmət mənasında yəni. Cümhuriyyət ədəbiyyatının tədqiqatçısı Alxan Bayramoğlu yazır ki, “… nisbətən üzdə olub qabarıqlığı ilə nəzərə çarpan milli özünüdərk və milli istiqlaliyyət arzusu və idealından irəli gələn vətənpərvərlik hissinin bədii əksi dövrün poeziya və nəsrində özünün dolğun bədii əksini tapmış, hətta poeziyada tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur”.

Bu intellekt və emosiya potensialının ehtiva olunduğu ən yaxın ünvan Məhəmməd Hadidir. Tək yaradıcılığı ilə yox, bütünlükdə tərcümeyi-halı ilə.

Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?

Könüldəki əməlim millətin səadətidir.

Ey Vətən! Ey pəriyi-vicdanım!

. Səni sevmək deyilmi imanım?

Hadi vətəni sevməyi imanına çevirdi. Vətən haqqında ən gözəl şeirlərin müəllifi kimi yazdı adını milli ədəbiyyat tarixinə. Hadiyə qədər sevgi obrazının bütün çalarları işlənmişdi ədəbiyyatda. Bütün dərinlik ölçülərində gətirilmişdi poeziyaya. Tək Füzuli faktoru kifayət edir fikrimizi əsaslandırmağa. Amma vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçıldı poeziyaya. Hadi toplumdan millətə aparan yolun şairi kimi doğuldu, bu amal uğrunda yaşadı, bu ideya yolunda ömrünü var etdi. Yaşar Qarayev yazır ki, “Hadinin könül verdiyi və ömrünün sonuna qədər “məyus olmadığı” bir “vüsali yar” həsrəti, əbədi nakam qaldığı, fəqət yolundan heç vaxt dönmədiyi bir vüsal intizarı da var idi. Bəs o, nə idi?” Burda Cəlil Məmmədquluzadənin müqəddəs üçlüyü düşür yada: “Vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!”. Amma Hadi daha çox vətən dərdlərinin poeziya yaddaşına çevrilməsinə yol açan şair kimi daha öndədir. Abdulla Şaiq yazırdı: “Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır. hər bir əsərində hürriyyəti oxşamadan keçməmişdir”. XX əsrin narahat fikir burulğanlarında yaranan poeziyada Məhəmməd Hadinin yeri və rolu da məhz bu həqiqətdədir. Onun Hürr aşiqi, Cümhuriyyətə gedən yolun şairi olmaq statusu daşımasında.

Hadi və romantizm. Məhəmməd Hadi şeirinə dünya ədəbi cərəyanlarının təsiri danılmazdır. Bu dövrdə bir tərəfdən türk şeirinin, digər tərəfdən Avropa şeirinin milli poeziyamızda təzahürü həm dövrün bir çox sənətkarlarının Türkiyə və Avropa təhsili görməsindən, oranın ədəbi-ictimai mühiti, yenilikçi şairləri (Türkiyədə divan-təriqət şeirinin çərçivələrini dağıtmış N.Kamal, Ə.Hamid, T.Fikrət, R.Tofiq, Avropada Höte, Şiller, Bayron, Rusiyada Puşkin, Lermontov, Blok, Yesenin, Bednı, Mayakovski) ilə tanışlıqlarından, həm də tərcümələr vasitəsilə təsirlənmədən doğurdu. Ədəbiyyatşünas Əziz Mirəhmədov “Məhəmməd Hadi” monoqrafiyasında Hadinin məşhur “İmzasını qoymuş miləl övraqi-həyatə,/ Yox millətimin xətti bu imzalar içində. ” beytini nəzərdə tutaraq yazır ki, “Azərbaycan şairinin bu mübaliğəli, həyəcanlı hökmünə də Lermontovların, Nekrasovların, Çernışevskilərin dərin vətən sevgisinin, vətəni daha qüvvətli, daha gözəl, daha uca mərtəbədə görmək arzusunun xüsusi bədii ifadəsi kimi baxmaq lazımdır”. Zənnimizcə isə, Məhəmməd Hadi poeziyasındakı bu təsir daha çox türk poeziyasına aid edilməlidir. Bu yöndə ədəbi fikirdə münasibətlər haçalanır. Şairin daha çox türk şairi Namik Kamalla bədii-estetik ruh yaxınlığından bəhs edənlər də var, bu müqayisə ilə barışmayıb etiraz edənlər də. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərində oxuyuruq: “Azərbaycan gəncliyi saf və səmimi bir niyyətlə türk öyrətmənlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal Məhəmməd Hadini, Əbdülhəq Hamid Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər”. Bu mübahisəli fikrə reaksiyaya çağdaş dövrümüzün bir çox tədqiqatçı alimlərinin – Vaqif Sultanlının “Azadlığın üfüqləri”, “Azərbaycan mühacirət ədəbiyyatı” kitablarında, Əli Saləddinin “Əhməd Cavad”, İslam Qəriblinin “Məhəmməd Hadi və mətbuat (1905-1920)” monoqrafiyalarında, Qara Namazovun məqaləsində və s. kimi əsərlərdə rast gəlirik. Məsələn, gənc tədqiqatçı Tural Hüseynlinin “Azərbaycan obrazı müasir Türkiyə romanında” kitabında mövzu ilə bağlı belə qənaətlər səsləndirilir:

“Namiq Kamal (1840-1888) Məhəmməd Hadini (1879-1920) oğulluğa necə qəbul edə bilərdi? N.Kamal vəfat edəndə M.Hadinin 9 yaşı var idi. M.Ə.Rəsulzadənin haqqında söhbət gedən fikri müqayisə səciyyəsi daşıyır, zənnindəyik. Yəni, bu o deməkdir ki, N.Kamal yolunu M.Hadi, Ə.Hamidin yolunu H.Cavid, M.Ə.Yurdaqulun yolunu isə Ə.Cavad davam etdirmiş, birincilər ikinciləri oğulluğa yox, əksinə, ikincilər birinciləri mənəvi atalığa qəbul etmişlər”. Burdan məsələnin ikinci məqamına diqqət çəkmək lazım gəlir. Bu təsirlə razılaşmayanların mövqeyinə. Bu etiraz dalğası ədəbiyyatşünas Azər Turanın “Əli bəy Hüseynzadə” monoqrafiyasından gəlir: “Tədqiqatçılar Hadini bəzən Namik Kamalın haləsində görürlər. . Amma Namik Kamal hər nə qədər böyüksə, Hadinin lirikası ondan geri qalmaz. Hadi ədəbi fikrin yeniliklərə meyli baxımından Namik Kamaldan sonradır. Ancaq onun yazdıqlarında estetik feyz, yaxud mənəvi füyuzatın püskürdüyü ruhi enerjinin estetikası Namik Kamalda yoxdur”. Zənnimcə, də Məhəmməd Hadi yaradıcılığı poetik siqlət, düşüncə hüdudsuzluğu və milli məfkurə aydınlığı baxımından fərqli hadisədir, ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklikdir. Bu mənada, demək olar ki, “XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu. demək olar ki, birlikdə yaratmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən və Rusiyadan (MY.Lermontov) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır” (Yaşar Qarayev).

Əziz Mirəhmədov Məhəmməd Hadini “Azərbaycan romantizminin təşəkkül tapıb inkişaf etməsində və dünya romantizmi ilə qovuşmasında başlıca simalardan biri” hesab edirdi. “XX əsr Azərbaycan romantiklərinin geniş poetik vüsətli və sosial miqyaslı hürriyyət manifesti Məhəmməd Hadinin poeziyası ilə başlayır. Onun 1906-cı ildə yazdığı “Nəğmeyi-əhraranə” (“Hürriyyət nəğməsi”, “Azadlıq nəğməsi”) şeiri bu “Hürriyyət romantizminə” həqiqi bir proloq oldu” – Vəli Osmanlı da tədqiqatında bu məqama xüsusi həssaslıqla yanaşır.

Hadi XIX əsrin sonları, XX əsrin əvvəllərində dünya reallığının fəci nəticələri – maarifçilik ideyalarının özünü doğrultmadığı və zəkanın süquta uğradığı dönəmin şairi idi. Qərbin tərəqqisi və Şərq xalqları üzərində hökmranlığı Hadi kimi qeyrətli şairə təsirsiz ötüşmürdü. Poeziyasında daim bu qata vurğulu idi, onlar müəyyən iqtisadi, siyasi-ictimai şərtlərdən, insanın daxili narahatlığından, özünü azad ifadə etmək, dünyanı dəyişmək arzusundan, keçmişə, ənənəçiliyə qarşı revanşist ovqatdan meydana çıxırdı. O zaman, XX əsrin ilk onilliyində yaranan əksər cərəyanlar dövrün siyasi durumuna reaksiyanın ifadəsi kimi meydana çıxmışdı. Hadinin romantiklərin yanında qərar tutması və ədəbi-estetik düşüncə istiqamətinə görə romantik şair kimi tanınması təsadüfi deyildi. Romantiklər real dünya ilə barışmayaraq öz subyektiv “məni”ni, idealını ona qarşı qoyurdular. Başlıca məqsədi istismarçı cəmiyyətə etiraz, həyatı istədikləri şəkildə görə bilməməyin acısından doğan xəyal aləminə yuvarlanma gerçəkliyi idi. Hadinin şeirlərində əksini tapmış milli insan böhranı, milli varlığın real durumunda həm də XX əsr məzmununun parametrlərini, qlobal miqyaslı ümidsizliyin təsirlərini görə bilirik. I Dünya müharibəsinin fəsadları, insanlığa qarşı yürüdülən amansız qərarlar onun yaradıcılığına təsirsiz ötüşmürdü və şairin lirikasında insanın psixoloji yaşamları boşluq, təklik, son problematikası ilə müşayiət olunmağa başlayırdı.

Təbəssüm istəməm artıq,

bükayə şövqüm var,

M.C.Cəfərov “Azərbaycan ədəbiyyatında romantizm” kitabında yazır ki, “Ümumiyyətlə, “məhkum Şərqin”, o cümlədən də Şərq ölkələrindən biri olan Azərbaycanın əsrə görə, irəli getmiş xalqlara görə mədəni-siyasi və iqtisadi cəhətdən geridə qalması, azad və yüksək mədəniyyətli bir həyatın gec-tez mümkün olacağına inanan və həmişə bu barədə çox düşünüb-danışan romantikləri çox narahat edirdi. Onlar irəli gedən xalqların mədəni, iqtisadi-mədəni inkişafını görürkən, şübhə etmirdilər ki, Azərbaycan da belə bir yolda inkişaf edə bilər. Odur ki, o zamankı vəziyyəti Azərbaycan üçün dözülməz sayırdılar”.

M.Cəfər bu fikri deyərkən romantik şairlərimizin daha çox əsrin birinci onilliyindəki şeirlərə istinad edir, onların həqiqət, əsarətdən qurtuluş, səadət axtarıcılığı yönündə meydana qoyduqları mətnləri nümunə gətirirdi:

Zülmün küləyi əsdi də soldurdu yanağın,

Eyvah ki, pamalü xəzan oldu da bağın.

Şahbaz kimi, söyləməm ülviyyətimiz yox,

Kuçik kəpənəkcə belə hürriyyətimiz yox.

“Həqiqət acımı, dadlımı” şeiri, 1909

Kəndim vətəndəyimsə də, qürbət elindəyim,

Ey hikmətaşina! Bunu anlat ki, qürbətim –

Kəndi elim, kəndi yerimdir bu gün bana,

“Dün axşamın ilahi tamaşası” şeiri,

1914

Bütün poetik ehtiraslara, vətənlə bağlı coşğulu xitablara rəğmən Hadi də milli intibah ideyalarının tərənnümündən dolayı pessimizmə qapılmış, bu bədbin əhval-ruhiyyə onların fərdi dünyaduyumunun bir hissəsinə çevrilmişdir. Tədqiqatçı Ə.Əsgərli “XX əsr Azərbaycan şeirinin poetikası” kitabında M.Hadinin “Facieyi həyatımızdan bir pərdə”, “Təxəttürimazi”, “Dad istibdaddan”, “Dilənçi”, “Ey zavallı bəşər” və s. şeirlərini nəzərdə tutaraq iztirab, əzab çalarını onların səciyyəvi xüsusiyyəti kimi qabardır və bunun ümumən Kantın, Nitsşenin, Şopenhauerin, ümumən dekadentlərin fəlsəfi fikrində əxlaqın bünövrəsində dayanan amil olduğunu vurğulayaraq Hadi yaradıcılığına da bu prizmadan nəzər yetirməyi məqbul hesab edir: “M.Hadinin 1905-1919-cu illərdə yazdığı şeirləri ifrat fərdiyyətçiliyin, dekadent fəlsəfi düşüncənin bariz nümunəsidir. . Bu məntiqlə Ə.Hüseynzadə, S.Mənsur, M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M.Müşfiq poeziyası arasında həm oxşar bağlar, subyektiv idealist dəyərləndirmə və fərdiyyətçi poetik fikir və düşüncə sistemi görmək mümkündür. Onların dünyagörüşü Şərq və Qərb fəlsəfi fikri müstəvisində (tərcümə, ədəbi görüş və düşüncə ümumiliyi) olduğundan onları fəlsəfi cərəyanlar qovşağında təqdim etmək mümkündür. Bu oxşar bağların, düşüncə ümumiliyinin olmasına rəvac verən nə idi? Məsələ bundadır ki, Ə. Hüseynzadə, S.Mənsur, M.Hadi, Ə.Cavad, A.Səhhət kimi Azərbaycan romantizminin yaradıcıları şeirlərində milli intibah ideyalarının tərənnümündən dolayı pessimizmə qapılmış, bu bədbin əhval-ruhiyyə onların fərdi dünyaduyumunun əsas hissəsinə çevrilmişdir. Bu bədbinlik təbii ki, ilk növbədə romantizm hərəkatının aparıcı simvolu sayılan “həqiqət”lə bağlı üzə çıxırdı. U.Foxt yazır ki, “. müəyyən ictimai şəraitdə məhz romantik tipikləşdirmə gerçəkliyin daha düzgün inikasına imkan qazanır, nəinki realist”. Milli romantizmin əsas qüvvələri həqiqəti söyləməyi yaradıcılıqlarının əsas qayəsinə çevirirdilər və həmin obraz onların vətən mənzərələrinin seyrinə dalırkən daha qüvvətli bir əməl cizgisi kəsb edirdi. Ə.Hüseynzadə “Hali-vətən” şeirində yazırdı:

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi

Eyni uslub və məzmunu Ə.Hüseynzadənin müasiri Ə.Cavad 1919-cu ildə yazdığı “Mən kiməm” əsərində sərgiləyirdi:

Soranlara mən bu yurdun

Mən çeynənən bir ölkənin

Haqq bağıran səsiyim.

S.Mənsur müxtəlif ictimai-siyasi hadisələrin baş verdiyi 1917-1918-ci illərdə yazdığı “Hepsi rəngidir” şeirində yaşadığı cəmiyyətə, dünyaya küskün bir nəzər salmış, hər şeyin rəng – yalan, riya üzərində dayandığını sərgiləyirdi:

Tapmadım aləmdə bir həmdəm ki,

Görmədim heç kəsdə bir niyyət,

Külli-əbnayi bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görərsə,

hər bəla, hər macəra

Məsləkə isnad edər,

məslək, dəyanət rəngidir.

M.Hadinin də bu dövr şeirlərində qatı tünd boyalar üstünlük təşkil edir, dünya, bəşər kədərin, iztirabın, göz yaşının mənbəyi kimi mənalandırılırdı. “İnsanların tarixi faciələri, yaxud “Əlvahi-intibah” poemasında həqiqətin yoxa çıxdığı, yerini məzlumlara, haqqa qarşı təzyiqin, gücün tutduğu dünyanı şair haqlı olaraq matəmgaha bənzədərək yazırdı :

Həyatın səsləri guşumda

həp fəryad şəklində,

Bu insanlar ki qardaşdır

və lakin yad şəklində.

Bu torpaq qanlı avlaqdır

bəşər səyyad şəklində,

Ədavət daima vardır

məhəbbət ad şəklində.

üzlər bütün naşad şəklində,

Bu matəmgahı kim görmüş

Məhəmməd Hadinin “Zümzümatı-təhəssürat, yaxud qarışıq xəyallar” şeirinin yaranması da estetik idealla gerçəklik arasındakı uçurumun olmasından qaynaqlanırdı:

Fikrim yaşayır məniyi-ranalər içində,

Ruhum uçuyor cənnəti-ülyalər içinde.

“Lal ol, demə, qanma, gözünü kur elə” derlər,

Gözlü nasıl ömr eyləsin əmalər içində?!

. İmzasmı qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalər içində!

“Qumu. ” səsi iyqaz edir əbnayi-cəhani,

Millət hələ xabidə bu zövzalər içində.

Məhəmməd Hadi dünyada yaşayıb dünya proseslərindən kənarda qalmağın, Qərbin inkişaf sürətindən geriliyin ağrısını ifadə edirdi, Əli bəyin əsr öncə söylədiyi “əgər biz dünyanı (Qərbi) həzm etməsək, o özü bizi mədəsində həzm edəcəkdir” – nigaranlığının bütün çalarlarını – fəlsəfi dramatizmini, sosial-ictimai dərinliyinin izlərini milli ədəbiyyatımıza gətirirdi. Hadini və dövrün başqa münəvvərlərini fərqli edən də məhz bu məqamdır! Dünya proseslərinə ayıq və oyaq reaksiya, bu proseslərin milli ədəbiyyatda dərki və idrakı səviyyəsi! Hürriyyətin inadlı vəsfi, coşğulu tərənnümü. Toplumun, cəmiyyətin, xalqın XX əsr ölçülərinin axtarılması meyilləri, ona nəzərən dəyərləndirilməsi məqamları: “Yox, millətimin xətti bu imzalar içində”.

Buna baxmayaraq, Hadi poeziyasında qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri nəzərə çarpmır. Hadi sonadək vətən imanlı, vətən sevdalı şair olaraq qalır. Vətən eşqi bütün eşqlərdən ucada dayana bilir Hadi poeziyasında. Bu mənada Hadi irsinin hələlik son sistemli tədqiqatçısı İslam Qəriblinin bu fikri ilə razılaşırıq ki, “M.Hadinin coşğun xəyalında bir ümidsizlik əhval-ruhiyyəsi hiss olunur, lakin bu ümidsizlik keçicidir”. Hər halda bütün acılara rəğmən oxucuya aşılanan məğrurluq dərsinin müəllifi də Məhəmməd Hadidir poeziyamızda:

Məyus olma, amandır,

Məyus olmaq yamandır.

Qorxaq diləksiz yaşar,

“Ümid ilə yaşayın!” adlı məqaləsində də M.Hadi eyni fikri aşılayırdı xalqına: “Hər bir siyasi dövr dəyişəndə insanlarda bir pəjmürdəlik, qarışıqlıq yaranır. Ümidsizlik yasdarlıq gətirir. Ümidlə yaşayın ki, problemləri həll etmək əzmi yüksək olsun”.

Cümhuriyyət şairi. Hadinin bioqrafiyasının coğrafi əraziləri genişdir – 1910-cu ildə Hadi İstanbula gedir, 1913-cü ildə fars dilinə tərcümə olunan “Fünun və maarif” şeirnə görə həbs edilib Salonikə sürgün olunur. 1914-cü ildə vətənə dönür. 1915-ci ildə Qafqaz ordusunda feldşer işləyir, daha sonra Avstriya cəbhəsinə, Karpata gedib müsəlman əsgərləri alayında alay mollası kimi fəaliyyət göstərir. Lakin bütün hallarda istiqlalçı ruhunu qoruyub saxlayır Hadi. Təsadüfi deyil ki, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyəti sevincini şeirlərində ifadə edir, Cümhuriyyətin ana dilində rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzetində dövrün ən alovlu, ən coşğulu şeirlərini yazır, üçrəngli bayrağımızı, Milli Ordunu tərənnüm edir. Cümhuriyyətin qurulması sevinci Hadinin “Əhrarlı təranələr”ində əksini tapır. 1918-ci il sentyabrın 15-də qəzetin ilk sayında Məhəmməd Hadinin “Türk nəğməsi” şeiri çap olunur.

Qan ilə qazandıq zəfəri, verməriz əldən,

Xof eyləmədik ateşi-dehhase duveldən.

Bir zərrə belə qorxmayırız desti-əcəldən,

İstərsə cahan çevrilə tərsinə təməldən

Türkün üzü çevrilməyəcək səmti əməldən.

Hadinin “Əsgərlərimizə, könüllülərimizə” şeiri də “Azərbaycan” qəzetinin 1919-cu il 23 aprel sayında çap olunmuşdur:

Qorxutmamalı bizləri yollardaki əngəl,

Məfkurəyə doğru yürü,qoş, durma, çapıq gəl!

Millət tikəcək namına ölsən dəxi heykəl,

Qoyma toxuna yurduna naməhrəm olan əl!

Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,

Bir məqsədi-əkməl və bir ümmidi-müncəl.

Amalımıza doğru şitaban olalım, gəl!

Millətlə Vətən rahinə qurban olalım, gəl!

Azərbaycan Cümhuriyyəti ilə bağlılıq dövrünü şairin milli azadlıq romantikası dövrünün üçüncü mərhələsinə aid edirlər. 1918-ci ildə Bakıda baş vermiş qanlı mart hadisələri, kütləvi müsəlman qırğınları, erməni-rus tərkibli “Bakı kommunası” və s. kimi fəci yaşantılar Hadinin poeziyasında yeni oyanışın təməlini təşkil edir.

“Əfəndim, diliniz xəvassə”, aristokratiyaya, kəlam aristokratiyasına məxsusdur. Sizin ifrat savadınızı camaatımızın təqdir edəmiyəcəyi aşkardır. “. Bu sözləri Məhəmməd Hadiyə ünvanladığı məktubunda Əli bəy Hüseynzadə yazırdı. Hadinin parlamasında, üzə çıxarılmasında, ədəbi taleyinin mətbuatla bağlılığında rolu olan, şairi “Füyuzat”ın redaksiya heyətinə salan və burada ona bütün mövzularda özünüifadə imkanları açan Əli bəy Hüseynzadə. Onlar “Həyat” qəzetinin, “Füyuzat”ın ətrafında eyni əməl, amal və məfkurə dostları kimi birləşmişdilər. Rusiyanın millətçilik, “parçala, hökm sür” siyasətinə qarşı türklük və islam əxlaqını, ideallarını qoyur, milli şərəf və ləyaqətin, “milli mən” duyğusunun qorunması məsələlərini qabardırdılar.

“Məhəmməd Hadi Əli bəy Hüseynzadənin bir parçasıdır. XX yüzilin əvvəllərində baş vermiş romantik fikir zəlzələsinin Şamaxı torpağının təkindən, yerin altından ədəbiyyat Olimpinə tulladığı şeir titanı Məhəmməd Hadi, sonra Karpat dağlarında müsəlman alayında molla Məhəmməd Hadi. sonra Bakı küçələrində şeirlərini kağıza yazıb satan Məhəmməd Hadi. Sonra da 41 yaşlı Hadi – kimsə deyir, 1920-ci ildə xəstəxanada dünyasını dəyişib, kimisi də ruslara qarşı üsyanda şəhid olduğunu söyləyir. Ən dürüstünü isə Fuad Köprülü demiş: “Parasızlıq və səfalətlə keçən macəralı bir həyatdan sonra əsrarlı bir sürətdə yox olub gedən” Məhəmməd Hadi!” (Azər Turan).

Olsun, dilərsə, öz vətənim dari-qürbətim,

Ölməz, ilahidir, vətəni bir məhəbbətim.

Əhli-vətən unutsa bəni, bən unutmaram,

Bu millətə vəqf edilibdir müvəddətim.

M.Hadini yurduna aşina bir şairə çevirən onun susmayan vüqarının səsi idi. O, Azərbaycanın yüksələn bayrağının əbədi olacağına, bütün Şərq aləminin oyanışına təsir edəcəyinə inanırdı. Odur ki, millətin və vətənin səadəti yolunda ölüm və əzablarla iç-içə dayansa belə idealındakı Hürriyyət amalına doğru getməkdən usanmadı. Nə sürgündə olanda, nə qəriblik həyatı yaşayanda, nə də səfalət içində boğulanda Vətən adlı imanından dönmədi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.