Press "Enter" to skip to content

Avropa İttifaqının yeni inteqrasiya konsepti: 4 səviyyəli funksional struktur

Newtimes

Avropa ittifaqı inteqrasiya

Avropa İttifaqı XX əsrin sonlarında

Avropa İttifaqının perspektivlərini mənfi qiymətləndirən tədqiqatçılar isə bu qurumun milli-dövlət institutlarını, milli cəhət və dəyərləri ləğv etdiyini, millətçilik və etnik münaqişələri qızışdırdığını iddia edərək, onun gələcək perspektivlərinə şübhə ilə yanaşırlar. Onların fikrinə görə, Avropada inteqrasiya müharibədən sonra iflas həddinə çatmış dövlət və xalqların məcburiyyət qarşısında birləşmək meyillərindən yaranmış və bu proses müəyyən dövrdən sonra geriyə doğru inkişaf edəcək. Avropa inteqrasiyasını təbii, obyektiv və bütün dünyada tətbiq edilə biləcək universal təcrübə kimi dəyərləndirənlərlə barışmayan bu siyasətşünaslar Avropa İttifaqının vahid federativ dövlət istiqamətində inkişafını qeyri-mümkün sayırlar.

Əslində, Avropa İttifaqının fəaliyyətinin hüquqi mahiyyətinə baxsaq, bu qurum bir regionda yaşayan dövlətlərin birgə yaratdığı beynəlxalq təşkilat (institut) kimi yaranmış, üzv dövlətlərin iqtisadi, sosial siyasi və digər fəaliyyətlərini tənzimləmək funksiyalarını icra etmişdir. Sonradan üzv dövlətlər könüllü şəkildə özlərinin bəzi hüquqlarından imtina edərək birliyin dövlətüstü və dövlətlərarası institutlarını yaradırlar. Bu institutlar getdikcə inkişaf edərək birlik ölkələri üçün vahid vergi, tarif, viza, iqtisadi, sosial və başqa sahələrə uyğun fəaliyyət proqramları hazırlayır və icra edir. Beləliklə, Avropa İttifaqı tədricən üzv dövlətlərin fəaliyyətini hamı üçün vacib hesab olunan beynəlxalq hüquq normaları və bu normaları icra edən dövlətlərarası, dövlətüstü qurumların fəaliyyətinə tabe etdirərək, konfederativ bir quruma çevrilir.

Ə.Həsənov yazır ki, konfederasiya elə bir quruluşdur ki, onun tərkibinə daxil olan subyektlər öz müstəqilliklərini tam saxlamaqla, özünün məxsusi dövlət-hakimiyyət orqanlarına malik olmaqla yanaşı, bu subyektlərin razılaşdırılması sahələr üzrə birgə fəaliyyətinin həm məzmununu, həm formasını, işləyib hazırlayan, hamı üçün məqbul şəkilə salan, tənzimləyən və idarə edən ümumi hakimiyyət subyektləri də mövcud olur. Konfederasiya subyektləri bu halda ayrıca bir dövlət quruluşu deyil, ittifaq (birlik) � formasında mövcud olur. Avropa İttifaqında bu, özünü çox aydın şəkildə göstərir. Lakin Avropa İttifaqında federasiyanın da əlamətləri özünü göstərməkdədir. � Məsələn, birliyin vahid valyutasının, vahid məhkəməsinin mövcudluğu, vahid vətəndaşlıq istiqamətində hərəkətindən xəbər verir.

Avropa İttifaqı ölkələri müasir dünyada və regionda gedən proseslərə vahid yanaşma prinsipi və eyni mövqe nümayiş etdirir. Bu anlamda birlik üzvləri beynəlxalq münasibətlər sistemində öz yerini və rolunu, ona vahid bir tam kimi yanaşılmanı təsdiqlədə bilmişdir.

Avropa İttifaqı � hazırda Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz, Rusiya, Baltikyanı ölkələri ilə münasibətlərə dair xüsusi proqramlar çərçivəsində iş aparır. Bu � proqramların əsas məqsədi və mahiyyəti qitə ölkələri arasında eninə və dərininə görə müxtəlif səviyyəli inteqrasiya əlaqələrini genişləndirmək onların birlik ölkələri ilə münasibətlərini tənzimləməkdən ibarətdir.

Avropa İttifaqının Şərqi Avropa dövlətləri ilə yaxılaşmaq, onları ümumavropa inteqrasiyasına cəlb etmək siyasəti onun genişlənməsi və eninə inkişaf etməsi sahəsində son 15 ildə həyata keçirdiyi ən önəmli proqram hesab olunur. Birliyin rəsmi qurumlar tərəfindən “Şərq siyasəti” adlandırılan bu proqram 1985-1986-cı illərdən başlamış, sosializm düşərgəsinin və SSRİ-nin dağılmasından sonra-birliyin “prioritet” siyasəti sırasına çıxarılmışdır. O vaxta qədər siyasi və ideoloji sədlər Avropa qitəsi ölkələrinin təbii yaxınlaşmasına və iqtisadi inteqrasiyasına ciddi maneçilik törədirdi. Qərbi Avropa dövlətlərinin iqtisadi inteqrasiyası fonunda Şərqi Avropa ölkələri SSRİ ilə birlikdə “Qarşılıqlı İqtisadi Yardım Şurası” (QİYŞ) adlı birlik tərkibində bütün Qərb ölkələri ilə rəqabət aparırdı. Odur ki, 70-80-ci illərdə Avropanın dünya ticarətindəki 50-52%-lik payının cəmi 1-2%-i Şərqi və Qərbi Avropa ölkələri arasındakı ticarətə düşürdü.

80-ci illərin ortalarından Polşa və Macarıstan sosialist səddini yararaq Qərbi Avropa dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirir və Avropa İttifaqı ölkələri ilə müştərək layihələr həyata keçirrməyə başlayır. Politoloqların qeyd etdiyi kimi, 1988-ci ildə sosializm düşərgəsində başlanan demokratikəşmə ab-havası ilk dəfə Avropa Birliyi ilə QİYŞ ölkələri arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanmasına imkan verdi. Bunun ardınca 1989-90-cı illərdə Şərqi Avropada sosializmin iflası baş verdi və keçmişdə QİYŞ üzvü olan dövlətlər Avropa İttifaqına � inteqrasiya olmaq arzularını açıq bəyan etdilər. Avropa İttifaqının ayrı-ayrı institutları ilə rəsmi əlaqələr quruldu, demokratik inkişaf yoluna qədəm qoymuş Avropa ölkələri ilə birliyin münasibətlərinin vahid strategiyası hazırlandı.

“Vahid Avropa evi” adlanan bu konsepsiyanın mahiyyəti Avropa qitəsində dövlətlərin iqtisadi, siyasi, sosial və mədəni inteqrasiyasını eninə və dərininə genişləndirməkdən ibarətdir. İlkin olaraq, dövlətlər üç qrupa bölünürdü: 1) Avropa İttifaqının 15 üzvü; 2) Keçmişdə QİYŞ üzvü olan Şərqi və Mərkəzi Avropa dövlətləri, Türkiyə, Malta, Kipr və üç Baltikyanı ölkə – Latviya, Litva, Estoniya; 3) Avropa Şurasına daxil olan digər dövlətlər, o cümlədən, keçmiş Yuqoslaviya respublikaları, Albaniya, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və başqaları.

İkinci qrupa daxil olan dövlətlərə hərtərəfli yardım çərçivəsində onlarda başlanan demokratikləşmə proseslərinə iqtisadi, sosial və siyasi islahatlara dəstək vermək, özəlləşmə işlərini sürətləndirmək və s. işlər birlik üzvlərinin qarşısında prioritet vəzifə kimi qoyulur. Üçüncü qrup ölkələrdə Avropa İttifaqı ilə partnyorluq əlaqələri yaratmaq, qonşuluq proqramı çərçivəsində onların inteqrasiyaya doğru hərəkətlərini stimullaşdırmaq da 90-cı illərin sonundan başlayaraq Avropa İttifaqının gündəliyinə çıxarılır.

Qısa müddətdə Polşa, Macarıstan, Çexiya, Slovakiya, Rumıniya, Bolqarıstan, Latviya, Litva və Estoniyanın iqtisadi həyatında struktur islahatlarının həyata keçirilməsinə, onların Avropanın azad ticarət əlaqələrinə qoşulmasına, Qərb təcrübəsi əsasında dövlət idarəçiliyinin yaranmasına, bu ölkələrdə bazar iqtisadiyyatı mexanizmlərinin, demokratik cəmiyyət və hüquqi dövlət quruculuğunun bərqərar olmasına ciddi yardım və dəstək göstərilir. Beynəlxalq Valyuta Fondu, Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı instirutları və başqa beynəlxalq maliyyə-iqtisadi qurumlarının proqramları çərçivəsində bu ölkələrə yardımlar təşkil olunur, maliyyə və kredit xətləri açılır və üç il müddətinə onlara 24 milyard dollar vəsait ayrılır.

Avropa İnkişaf və Yenidənqurma Bankının xüsusi – Şərqi Avropa Təşkilatı yaradılır və bütün maliyyə əməliyyatlarının koordinasiyası təşkil olunur. Bu ölkə vətəndaşlarının Qərbi Avropada təhsil alması, ixtisas kursları keçməsi, dövlət və maliyyə idarəçiliyi üçün menecerlər hazırlanması və s. problemlər həll olunur.

1992-1994-cü illərdə Şərqi və Mərkəzi Avropa ölkələrinin bir neçəsi – Polşa, Macarıstan, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan və Rumıniya ilə Avropa İttifaqı arasında əməkdaşlıq və assosiativ üzvlük haqqında sazişlər imzalanır. 1994-96-cı illərdə isə əvvəl Macarıstan və Polşa, sonra Rumıniya, Slovakiya, Latviya, Litva, Estoniya, Bolqarıstan, Çexiya və Sloveniya birliyə qəbul edilmək haqqında müraciət edirlər. 2004-cü ilin may ayında Türkiyə, Bolqarıstan, Rumıniya (müəyyən meyarlar üzrə birlik standartlarına cavab vermədikləri üçün) istisna olmaqla qalan dövlətlər, eləcə də, Kipr və Malta daxil olmaqla (cəmi 10 dövlət) birliyin tam bərabərhüquqlu üzvlüyünə qəbul edilirlər. Beləliklə, Avropa İttifaqı Qərbi Avropanın 15 dövlətinin hərtərəfli inteqrasiya prosesinə Mərkəzi və Şərqi Avropa, Baltikyanı və Aralıq dənizi hövzəsinin daha 10 dövlətini qatır.

Avropa İttifaqı son illərdə Avropa Şurasına üzv olan postsovet dövlətləri və birliyin üzvü olmayan digər ölkələrlə də çox ciddi iş aparır. Bu iş əsasən, xüsusi proqramlar çərçivəsində qloballaşma və regional inteqrasiyaya cəlb etmək məqsədi daşıyır. Digər tərəfdən, onların daxili həyatında struktur islahatlarının aparılmasına, demokratik transformasiyasına, iqtisadiyyatının liberallaşmasına yönəlib ki, bu da gələcəkdə həmin dövlətlərin Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləməsinə xidmət edir.

Avropa İttifaqının, demək olar ki, bütün orqanları ümumavropa miqyasında siyasi plüralizm, insan hüquqlarının təmin edilməsi kimi fundamental prinsiplərdən çıxış edirlər. Bundan başqa, Avropada hamı üçün qlobal əhəmiyyət kəsb edən ümumi problemlərin – milli və dini azlıqlar , ətraf mühitin qorunması, narkomaniya, beynəlxalq terrorizm, AİDS və s. məsələlərin həlli bütün orqanlarının vəzifələri sırasındadır.

Ə.Həsənov yazır: “Avropa İttifaqı sərhədlərinin genişləndirilməsi, qitə ölkələrinin siyasi, qanunvericilik və konstitusiya quruculuğunun demokratikləşməsi və universallaşması, � onların vahid iqtisadi, sosial və mədəni məkana çevrilməsi ittifaqın yeritdiyi siyasətin əsas məqsədlərindən birini təşkil edir. Bundan başqa, birlik ölkələrinin Avropa qitəsinin xaricində fəaliyyətinə hərtərəfli şərait yaratmaq məqsədilə ittifaqın əsas orqanları bu ölkələri də “hüquq və demokratiya” məkanına qatmaq, onların siyasi, iqtisadi, qanunverici və sosial həyatını ümumi standarta gətirmək üçün xüsusi fəaliyyət göstərirlər.

Avropa İttifaqının qloballaşma siyasətinin mühüm cəhətlərindən biri də “regionlaşma” proqramına əhəmiyyət verməsindədir. Bu siyasətin əsas mahiyyəti milli sərhədləri nəzərə almadan konkret bir regionda iqtisadi, mədəni, sosial və investisiya proqramı reallaşdırmaq və nəticədə, həmin bölgəni müəyyən sahə üzrə ixtisaslaşdırmaqdan ibarətdir. Özü də bu siyasət təkcə Avropa qitəsində deyil, dünyanın əlverişli əhəmiyyəti olan istənilən bölgəsində həyata keçirilir. Məsələn, Avropa İttifaqının Orta Asiya, Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirdiyi enerji və nəqliyyat- kommunikasiya siyasəti buna misal ola bilər. Orta Asiya və Xəzərin karbohidrogen və digər xammal ehtiyatlarını vahid sistem üzrə mənimsəmək, dünya bazarına çıxarmaq, Avropanın qabaqcıl texnologiyasını regionda tətbiq etmək, regionu vahid iqtisadi fəaliyyət məkanına və satış bazarına çevirmək, əmək resurslarından birgə istifadə etmək məqsədilə bu bölgədə siyasi, iqtisadi, sosial, qanunvericilik, gömrük, vergi və tarif siyasətinin Avropa standartlarına uyğunlaşdırılması və universallaşdırılmasına hər cür dəstək verir. 1994-cü ildə Avropa Şurasında “Yerli özünüidarəetmə Xartiyası” adlı üzv dövlətlər üçün istinad sənədi qəbul etməklə, regionlaşmanın sosial idarəçiliyinin həyata keçirilməsində vahid prinsiplər təsdiq olundu. Bu sənəd və 1996-cı ildə Avropa Regionları Assambleyasının qəbul etdiyi “Avropada regionçuluq deklarasiyası” Avropa İttifaqının qloballaşma siyasətində nümayiş etdirdiyi “regionçuluq” proqramının, bilavasitə, məqsədlərini müəyyən edirdi. Hər iki sənəd milli sərhəd məhdudiyyətlərindən kənar olaraq insan hüquq və azadlıqlarını, azad ticarət və mülkiyyət maraqlarını ictimai münasibətlərin əsas tələbi kimi qloballaşmaya cəlb olunan istənilən region siyasətinin əsası elan edir. Bu maraqlar heç bir digər maraqlar, o cümlədən, milli dövlət və digər mənafelər adı altında məhdudlaşdırıla, yaxud pozula bilməz. Bundan başqa, regionlara vergi, mədəniyyət, sosial və digər yerli əhəmiyyətli məsələlərdə � müəyyən �� sərbəstlik, �� özünəməxsusluq �� nümayiş etdirməyə, bu proseslərin daha çox dövlət səviyyəli siyasi idarəçilik vasitəsilə deyil, yerli özünüidarəetmə mexanizmləri ilə tənzimləmək tövsiyə olunur. Bütün bunlar Avropa İttifaqının qloballaşma prosesində daha çox öz milli maraqlarını ön plana � çəkən mərkəzi dövlət qurumları ilə müqayisədə iqtisadi, sosial və yerli əhəmiyyətli maraqları ilə kifayətlənən region qurumları, yerli özünüidarəetmə strukturları ilə işə daha artıq üstünlük verməsinə xidmət edir. Avropa İttifaqını hansısa milli dövlətlərin dövlət maraqları az düşündürür. Onu düşündürən fundamental insan hüquq və azadlıqlarının, azad ticarətin, kapitalın, texnologiyanın sərbəst hərəkətinin təmin olunması və qorunmasıdır.”

Regionlara beynəlxalq aləmlə sərbəst iqtisadi, sosial və mədəni əlaqələr qurmaq üçün hər cür şərait yaradılır və bu fəaliyyət ittifaqın bütün səviyyələrində dəstəklənir. Bu işdə Avropa İttifaqının “İNTERREQ” (Beynəlxalq region) proqramı xüsusi əhəmiyyət kəsb edir. Bu proqram 1980-ci ildən başlayaraq, əvvəl ittifaq üzvü olan dövlətlərin ümumi sərhədləri çərçivəsində, 2000-ci ildən başlayaraq isə Qərbi, Mərkəzi və Şərqi Avropada geniş tətbiq olunur. Proqramın əsas məqsədi hansı dövlətə məxsus olmasından asılı olmayaraq vahid iqtisadi sərhəd və kommunikasiya sistemi ilə bir-birinə bağlanmış beynəlxalq regionlar yaratmaqdan, bu regionda sərhədsiz əməkdaşlıq telləri ilə bağlı olan ərazi birlikləri və ərazi hakimiyyət orqanlarının fəaliyyət göstərməsinə dəstək verməsindən ibarətdir. Beləliklə, Avropa dövlətlərinin birliyinin tədricən Avropa regionlarının birliyinə transformasiya etdirməklə qloballaşmanın “milli dövlət maraqları” çərçivəsindən çıxarmaq və daha çox yerli və ümumi maraqları ilə təmsil olunan insanların ümumi mənafelərinə uyğunlaşdırmaq Avropa İttifaqının regionlaşma siyasətinin əsas qayəsini təşkil edir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 23 may.- S.15.

Avropa İttifaqının yeni inteqrasiya konsepti: 4 səviyyəli funksional struktur

Bir neçə ildir ki, Qərb mütəxəssisləri Avropa İttifaqının (Aİ) gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Burada bədbin sonluqdan tutmuş, nikbin modellərə qədər çoxsaylı yanaşmalar özünü göstərir. Analitiklərin arasında fikir müxtəlifliyinin olması Aİ-nin özünün qeyri-müəyyənliklər içində olması ilə izah oluna bilər. Bu bağlılıqda tanınmış analitik Cozef Nayın (kiçik) mövzu ilə bağlı fikirləri təbii maraq doğurur. Onun son məqalələrinin birində maraqlı və aktual tezislər irəli sürüldüyündən, biz onların Avropa İttifaqının gələcəyi kontekstində analizinə ehtiyac duyuruq. Nəzərə almaq lazımdır ki, C.Nayın da fikirləri mümkün versiyalardan yalnız biridir. Yəni onları daha çox düşünmək üçün oxumaq lazımdır. Həqiqətin harada olduğunu isə zaman göstərəcək.

Tramp və Aİ: gözlənilməz dəyişiklik?

Cozef S.Nayın (kiçik) “Project Syndicate” nəşrində analitik məqaləsi dərc olunub. Yazı bir neçə aspektdən maraq doğurur. Tanınmış analitik Avropa İttifaqının gələcəyinə Donald Trampın siyasi kimliyi və Aİ-yə olan təhdidlər prizmasından nəzər salıb. Onun irəli sürdüyü tezislər kifayət qədər aktualdır. C.S.Nay Avropanın siyasi taleyinin ziddiyyətli məqamlarla xarakterizə olunduğunu ifadə edir. Bununla yanaşı, özünü göstərməkdə olan müəyyən müsbət tendensiyanın da meydana gəldiyini yazır.

Müəllif ekspertlər üçün bəlkə də bir qədər gözlənilməz olan fikir irəli sürür. Belə ki, C.S.Nayın fikrincə, D.Trampın Avropada populyarlığının aşağı olması Avropa dəyərlərinin möhkəmlənməsinə təkan verir! Fransada təşkil edilmiş konfransların birində avropalı bir sıra ekspertlərin “əslində, Donald Tramp Avropa üçün faydalı ola bilər” tezisini ifadə etməsinə təəccüblənən az deyildi (bax: Joseph S. Nye. Trump’s Gift to Europe / “project-syndicate.org”, 6 iyul 2017). C.Nay isə bu tezisi əsaslandırmağa çalışır.

Bu aspektdə D.Trampın Avropa üçün bir “hədiyyə” olduğunu vurğulayır. Praktiki olaraq, Trampın prezidentliyi Avropa üçün bütün aspektlərdə bir dəhşətdir. C.Nayın yazdığına görə, Amerika prezidenti Aİ-yə nifrət edir. Onun Angela Merkel ilə münasibətləri soyuqdur, əvəzində Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə dostluq edir.

D.Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb və “indi kimin növbəsidir?” kimi məşhur sualın müəllifidir. Bunlardan başqa, ABŞ-ın Paris iqlim müqaviləsindən çıxdığını bəyan edib, NATO-da qarşılıqlı müdafiə məsələlərinə ürəkdən yanaşmır və BMT-nin maliyyələşdirilməsini azaldıb. Bütün bunlar Avropanın maraqlarına ziddir.

Deyilənlərin nəticəsidir ki, “Pew Research Center” tədqiqat mərkəzinin apardığı sorğuya görə, britaniyalıların yalnız 22 faizi, fransızların 14 faizi və almanların 11 faizi ona inanır. Burada nəzərə almaq lazımdır ki, inamsızlıq Amerikaya deyil, D.Trampın şəxsinə və siyasətinədir. Lakin aydındır ki, Trampın populyarlığı avropalılar arasında çox aşağıdır. O, faktiki olaraq, avropalı sağçılarla eyni sırada durur. Deməli, əslində, avropalıların təsəvvürlərində D.Trampın sağçı siyasi hərəkatın lideri kimi obrazı qalmaqdadır.

Ancaq bu obraz Avropada keçirilən bir sıra seçkilərin nəticələrinə görə, elə də təsirli deyil. Çünki Aİ-nin böyük dövlətlərinin hamısında sağçılar məğlub oldular. Onlara ən böyük zərbə Fransada dəydi. Hollandiya, İtaliya və Avstriyada da acı məğlubiyyətə uğradılar. “Sərt” “Brexit” tərəfdarı Mey isə iyunda Böyük Britaniyada parlament seçkisində yerlərin çoxunu itirdi. İndi ekspertlər hesab edirlər ki, Almaniyada sentyabrda olacaq seçkidə mötədil siyasətçi qalib gələcək. İfrat sağ təmayüllü millətçi qüvvələrin lideri Frauke Petrinin uğur qazanmaq şansı yoxdur.

Bütün bunların fonunda Avropa İttifaqında sosial-iqtisadi vəziyyət elə də dəyişməyib. Hələ də iqtisadi inkişafın aşağı tempi, işsizliyin yüksək faizi və siyasi dağınıqlıqla mübarizə aparılır. Bu proses 2008-ci ildən davam edir. “Brexit”in yaratdığı ziddiyyətlər də hələ qalmaqdadır. Burada daha aktual olan insanların sərbəst hərəkəti ilə məhsulların azad dövriyyəsi arasında ortaq nöqtənin tapılmaması ilə bağlıdır. Belə ki, Böyük Britaniya miqrant məsələsində Aİ-nin digər üzvlərindən fərqli mövqedədir. Burada insanların sərbəstliyinin məhdudlaşmasını təmin etməklə bazarın açıq olmasını istəyirlər.

Avropa İttifaqı isə həm insanların sərbəst hərəkətinə, həm də malların azad dövriyyəsinə tərəfdardır. Hazırda bu mövqelər arasında kompromis tapmağa çalışırlar. Ekspertlər bunu təşkilatın taleyində mühüm rol oynaya biləcək faktor hesab edirlər. Onlar bunun əsasında Aİ-də inteqrasiya prosesinin məzmununun dəyişdirilməsi zərurətinin meydana gəldiyini deyirlər. Konkret olaraq, Aİ daxilində tam sərbəstlik, xarici mühitlə isə məhdudlaşdırıcı kurs təklif edirlər. Buna praktiki nail olmaq üçün isə çevik siyasət yeritmək lazımdır. Hələlik avropalılar buna nail ola bilməyiblər.

“Xüsusi Avropa təşkilatı”: yeni inteqrasiya konsepti

Buradan, ümumiyyətlə, Avropada inteqrasiya fəlsəfəsinin yeniləşməsinə olan ehtiyac aydın görünür. İndiyə qədər bu fəlsəfədə əsas hədəf “maksimum sıx ittifaq” prinsipi hesab olunurdu. Buna federal siyasi quruluş da demək olar. Buna üzv dövlətlərin “müxtəlif sürət”lə inkişafı əsasında nail olunacağına inanırdılar. Hazırda federalizmi başqa prinsiplə əvəz etmək və fərqli sürət metaforasını isə fərqli səviyyələr metaforası ilə əvəz etmək barədə düşünürlər.

Federalizmin yerinə nə olacağı tam aydın deyil. Bu bağlılıqda bir neçə ssenaridən bəhs edilir. Onlar haqqında avropalı mütəxəssislər bir neçə formul irəli sürüblər. Aİ-nin zəifləməsi, hətta dağılması, onun indiki səviyyədə qalması və daha da inkişaf etməsi kimi 4 ssenari haqqında yazırlar. Hər bir halda fərqli variantlardan bəhs edilirsə, bu, təşkilatla bağlı qeyri-müəyyənliyin olması əlamətidir. Cozef S.Nay da məhz bunu nəzərdə tutaraq inteqrasiya fəlsəfəsinin yeniləşməsindən və yeni quruluş formasından danışır. Özlüyündə nəzəri və praktiki olaraq düşündürücü yanaşmadır. Bu, həm də ayrıca təhlil mövzusudur.

Burada onu qeyd edək ki, mütəxəssislər federalizmi “xüsusi (sui generis) Avropa təşkilatı” ilə əvəz etmək barədə yazırlar (bax: əvvəlki mənbəyə). Bu “xüsusi”nin konkret hansı məzmun daşıdığı məlum deyil. Lakin həmin kontekstdə aşağıdakı 4 əməkdaşlıq (yaxud inteqrasiya) səviyyəsinin zəruriliyi vurğulanır: birincisi – gömrük ittifaqı, ikincisi – vahid Avropa valyutası, üçüncü – daxili sərhədləri ləğv edən Şengen müqaviləsi və nəhayət ortaq müdafiə konsepsiyası.

Müqayisə əsasında görə bilərik ki, doğrudan da bu yanaşma federalizmdən ciddi surətdə fərqlənir. Ümumi nəzəri səviyyədə federalizm struktur birliyi ideyasına dayanırsa, “xüsusi Avropa təşkilatı” funksionallıq ideyasına əsaslanır. Gömrük, maliyyə, hərəkət sərbəstliyi və müdafiə ayrı-ayrı funksiyalardır. Onlar arasında balans yaratmaq inteqrasiyaya federalizmdən fərqli yanaşma tələb edir. Bu isə kifayət qədər yeni məqamların nəzərə alınması zərurətini ortaya atır. Həmin məqamlar üzərində geniş dayanmaq imkanı yoxdur.

Lakin Aİ-nin ortaq müdafiə konsepsiyasını şərtləndirən əsas təhlükələr üzərində dayanmaq olar. Bunlar Rusiyadan qaynaqlanan təhlükələr, Balkanlar, Yaxın Şərq və Şimali Afrikadan gələn təhdidlərdir. Aİ-nin indi bu təhlükənin öhdəsindən gəlmək imkanları məhduddur. Yalnız Böyük Britaniya və Fransa milli sərhədlərdən kənarda əməliyyat keçirmək üçün geniş imkanlara malikdirlər. Məlumdur ki, Almaniyaya belə bir ixtiyar verilmir. Deməli, əslində, Aİ-nin özünümüdafiə üçün NATO-ya ciddi ehtiyacı var. Bu da başqa bir kontekstdə yenidən ABŞ-Avropa münasibətlərini aktuallaşdırır.

Hər bir halda avropalılar özünümüdafiə üçün xüsusi hərbi struktur yaratmaq qərarına gəliblər. Bununla da Aİ-də yeni inteqrasiya ideyasının tarixi sınağı başlamış olur. Həmin prosesin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Çünki qlobal geosiyasətdə və ayrılıqda Qərbdə qeyri-müəyyən parametrlər hələ çoxdur. Mütəxəssislər yeni risklərdən də bəhs edirlər.

İndi avropalılar meydana çıxardıqları yeni qarşılıqlı əlaqələr konseptinə konkret məzmun verməlidirlər. Əslində, bu mövqenin təməlində Qərb elmində keçən əsrin 70-ci illərində formalaşmış sosioloji və geosiyasi-nəzəri sistemlərin durduğunu anlayırıq. Bu nəzəri sistemlər kifayət qədər səmərəli və maraqlıdır. Ancaq mövcud ideyaların praktikaya tətbiqi ayrıca fəaliyyət tələb edir. Burada isə dünya sistemində baş verənləri nəzərə almaq son dərəcə vacibdir. Məsələnin məhz bu tərəfi Avropa İttifaqının gələcəyi aspektində olduqca aktual və ziddiyyətli məqamlarla xarakterizə olunur. Cozef Nayın məqaləsinin məntiqindən bu qənaət əldə edilir. Sual hələ də açıq qalır.

Kamal Adıgözəlov

Newtimes

Avropa ittifaqı inteqrasiya

Avropa İttifaqının (Aİ) üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər.

Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşdiriləcək.

Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir:

1. Daha güclü iqtisadiyyat: İqtisadi inkişaf və bazar imkanları;
2. Daha güclü idarəçilik: İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik;
3. Daha yaxşı əlaqələr: Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi;
4. Daha güclü cəmiyyət: Mobillik və insanlar arasında əlaqələr.

Vətəndaş cəmiyyəti təşkilatlarının geniş dairəsi ilə yaxşı təşkil olunmuş əməkdaşlıq gender bərabərliyi və qeyri-diskriminasiya sahələrində irəliləyişə səbəb olur. Bundan başqa, bütün sahələrdə daha aydın və xüsusi strateji kommunikasiya həyata keçirilir.

Avropa Şurası ilə Avropa İttifaqı altı Şərq Tərəfdaş ölkəsində həyata keçirilən birgə layihələrin nəticələrini açıqlayıb.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq təşəbbüsü altında həyata keçirilən layihələr insan hüquqlarının qorunması, demokratik idarəçiliyin və qanunun aliliyin təşviqi kimi mövzuları əhatə edib.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının ümumi büdçəsi 33.8 milyon avro olub. 2015-2017-ci illərdə icra edilən layihələr Aİ və Avrova Şurası tərəfindən birgə maliyyələşib. Azərbaycanda icra edilən dörd layihənin ümumi büdcəsi 4.9 milyon avro təşkil edib. Bunlar ölkədə media və ifadə azadlığının vəziyyətinin yaxşılaşdırılması, idarəçilikdə korrupsiya ilə mübarizə potensialının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və potensialının yüksəldilməsi, hakimlərə təlimlərin keçilməsi və məhkəmə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına hədəflənib.

Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığın hüquqi əsası 1996-cı il 22 aprel tarixində imzalanmış Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) təşkil edir. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi vaxtdan Avropa İttifaqı Azərbaycanda 580 milyon avro dəyərində layihə həyata keçirib. 50-yə yaxın “Twinning” layihəsi həyata keçirilib. Bunlar iqtisadiyyat, ticarət, demokratiya, insan hüquqları, qanunun aliliyi, vətəndaş cəmiyyətinin fəaliyyəti və bir çox başqa sahələri əhatə edir.

Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ötən ay Tallində keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti konfrans iştirakçılarına göndərdiyi videomüraciətinə bu sözlərlə başlayıb:

“Əziz dostlar, düz bir aydan sonra Brüsseldə Şərq Tərəfdaşlığı sammitimiz baş tutacaq. Lakin sammitin sizin Tallindəki görüşlərinizdən başladığını da deyə bilərik. Çünki Şərq Tərəfdaşlarımızla gördüyümüz bütün işlər sizin və bizim ölkələrin insanları üçün görülür. Çünki siz insanların ehtiyacları və arzularını başqalarından daha yaxşı bilirsiniz”.

Həqiqətən bütün bu işlər Şərq Tərəfdaş ölkələrinin insanları üçün görülür. Çünkü nəticə etibarı ilə əhalinin rifah halının yaxşılaşdırılmasına və cəmiyyətin inkişafına hesablanan bu layihələr həm də Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasında mühüm töhfə hesab olunur.

Bir çoxları Şərq Tərəfdaşlığı proqramını yanlış anlayaraq bunu geosiyasət və ya təsir dairələrini müəyyənləşdirmək üçün yarandığını qeyd edir. Əslində isə xanım Federika Moqerininin dediyi kimi, bu təşəbbüs vətəndaşlarımızın həyatına real müsbət dəyişikliklər gətirmək üçündür.

Comments are closed, but trackbacks and pingbacks are open.