Press "Enter" to skip to content

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi – Azərbaycan bayrağı

Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar

Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin müqəddəs rəmzidir

XX əsrin əvvəllərindən başlayaraq üçrəngli bayrağımızın yenidən dalğalanması üçün Azərbaycan xalqı gərgin mübarizə aparıb, döyüşüb, canını, qanını əsirgəməyib. Bu savaş 1918-ci ildən başlayıb, 1920-ci il 20 Yanvar faciəsindən, 1992-ci ildə törədilən Xocalı soyqırımından keçən uzun bir yol gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir noyabrın 8-də Ağsuda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirilən təntənəli yığıncaqda səsləndirilib.

Bayram tədbirinin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər parkına gələrək Ümummilli Liderin abidəsi önünə çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli yığıncaqda Azərbaycanın Dövlət Himni səsləndirilib. Məktəblilərin ifasında Dövlət Bayrağına həsr edilən şeirlər söylənilib.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən qaldırıldığı bildirilib.

İcra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın “Dövlətçiliyimizin və müstəqilliyimizin müqəddəs rəmzi” mövzusundakı məruzəsində, eləcə də çıxışlarda dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımızın bundan sonra əsrlər boyu başımız üstündə dalğalanacağı diqqətə çatdırılıb.

X X X

Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafı, yeniləşməsi, milli maraqlar üzərində qurulması, müasirləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasın. 70 ildən sonra müstəqil dövlətimizin bayrağının yenidən ucaldılması, konstitusiyamızın qəbulu da Ulu Öndərin tarixi xidmətlərindəndir.

Bu fikirlər İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin Mədəniyyət Mərkəzində keçirdiyi Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunan növbəti məşğələsində söylənilib.

Rayon məhkəməsinin sədri Rafael Şirinov məruzəsində Azərbaycan Konstitusiyasının və Dövlət Bayrağının yaranma tarixindən danışıb.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında yenidən dalğalandırılan üçrəngli bayrağımızın xalqımızın tarixi yaddaşında, hər bir azərbaycanlının qəlbində əbədi zirvəyə ucaldığını bildirib.

Çıxışlarda Ulu Öndərin Dövlət bayrağımızla bağlı söylədiyi fikirlər bir daha diqqətə çatdırılıb, dahi rəhbərin üçrəngli bayrağımızı sadəcə bayraq deyil, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi adlandırdığı vurğulanıb.

Bayram tədbiri rayon mədəniyyət mərkəzinin “Niyal” instrumental ansamblının rəngarəng konsert proqramı ilə davam etdirilib.

X X X

Noyabrın 8-də Kürdəmirdə Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

Bayraq meydanında təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və gənclər, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri iştirak ediblər.

Bayram tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan bayrağının yaranma tarixindən danışıb. Vurğulayıb ki, çox keçməz, üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq.

Sonra şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları “Bayrağımız qürur mənbəyimizdir” adlı kompozisiya nümayiş etdirilib, rayon incəsənət ustalarının ifasında konsert proqramı olub.

Dövlət Bayrağı Günü münasibətilə, habelə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 50-dən çox həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

X X X

Zərdablılar 9 noyabr – Dövlət Bayrağı Gününü təntənəli şəkildə qeyd ediblər.

İctimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldığı bayram tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Liderimizin xatirəsini ehtiramla anıblar.

Bayram münasibətilə iştirakçıları təbrik edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev dövlət rəmzlərimizə olan sonsuz el məhəbbətindən danışıb. Bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Üçrəngli bayrağımızın təbliği, məzmun və mahiyyətinin aşılanması Zərdabda daim diqqət mərkəzində saxlanılır. Rayonda bayraq meydanının yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə məktəblilərin ifasında dövlət bayrağımıza həsr olunan şeirlər səsləndirilib.

X X X

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 8-də təntənəli Bayraq yürüşü keçirilib.

Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin, o cümlədən gənclərin, idmançıların və ümumtəhsil məktəblilərin, tələbələrin, milli geyimdə olan oğlan və qızların cəngi sədaları altında yürüşü Heydər Əliyev prospektindən və digər istiqamətlərdən başlayaraq, Bayraq Meydanınadək davam edib.

Heydər parkında Ulu Öndərin xatirəsi ehtiramla anılıb, abidəsi önünə gül dəstələri düzülüb. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Əməkdar müəllim Xəlil Orucov izdiham qarşısında çıxış edərək dövlət bayrağımızın rəmzi mənalarına toxunub, milli-mənəvi dəyərlərdən söz açıb. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvən yeridir.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi – Azərbaycan bayrağı

Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar, heysiyyətində qürrəlik hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikası Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı müstəqillik rəmzi.

Üçrəngli Dövlət Bayrağımız ilk dəfə Şərqdə parlamentli, demokratik respublika kimi şöhrətlənən Azərbaycan Xalq Cümhuriyyəti zamanında qaldırılıb. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklük, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng İslam sivilizasiyasına məxsusluq anlamı daşıyır. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə qayıdan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib.

Naxçıvanda qaldırılan və əbədiyyətə qovuşan bayraq.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız da endirildi. Bir də 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başlayır. Düz 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq, məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması, eləcə də varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət quruculuğunun əsasında dayanmışdır.

Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycanın dövlətçilik yoluna çevrilib. Üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başladılan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSRİ Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən, üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

Ən uca, ən ali dəyər.

Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini özündə təcəlla etdirir. Yüksələn, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi dalğalanır. Ulu öndərimiz demişdir: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.

Ən doğru yol, zirvə yolu – Heydər Əliyev yolu

Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan, ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması da Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırır. Meydandakı bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Bütün bunlar isə qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq, Azərbaycan vətəndaşına iftixar gətirir. Azərbaycanın dövlət başçısının həmin meydandakı çıxışı isə bütün azərbaycanlılarda gələcəyə böyük inam və qələbə ümidi yaradır. Ölkəmizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu bayraq bizim milli dəyərimizdir. . Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. . Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin dövlətçilik təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının yaradılması istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki, “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.

Naxçıvan şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.

Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən Milli Qəhrəman və şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Axc dövlətçiliyimizin bayraqdarı

1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.

O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan antiazərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli

Xalq Cümhuriyyətinin ilk bayrağı, 1918, 21 iyun

Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.

Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur.

Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır.

Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti

Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, 1918, 9 noyabr

Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır.

Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.

Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.

Qeyd: Bayraqla bağlı daha geniş materiala saytımızın “E-Layihələr” linki vasitəsilə “Azərbaycan. Dövlət rəmzləri və atributları” resursunun “Azərbaycan Xalq Cümhuriyyət dövrü” bölməsində tanış olmaq olar.

Comments are closed, but trackbacks and pingbacks are open.