Press "Enter" to skip to content

Azerbaycan edebiyyati tarixi

M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri “Hophopnamə” adı ilə kitab halında dəfələrlə nəşr olunmuş, haqqında çoxlu elmi məqalə, monoqrafiya və dissertasiya yazılmışdır.

Azərbaycan ədəbiyyatı haqqında

Qədim Azərbaycan ədəbiyyatı
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) zamanında meydana çıxmış və müəllifi Zərdüşt peyğəmbər hesab edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.
Qədim mifoloji dünyagörüşünə söykənən Dədə Qorqud dastanları b.e. XI əsrdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmışdır. Elmə məlum olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Təpəgöz-Siklop) təkan vermişdir.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır.
VII-VIII əsrlərdə ərəbcə yazmış Azərbaycan əsilli şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir.
Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam etmiş, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirmişlər.
XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi fars dilindən (dəri dilindən) istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir.
XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafın mərhələsinə güclü təsir göstərmişdir. Həmçinin, bu dövrdə poeziya məktəbi də öz formalaşmasını başa çatdırmış və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlmişdir.
XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin qayğısı ilə Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (?-1190) kimi şairlər yetişmişdir.

Orta əsr Azərbaycan ədəbiyyatı
XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.
İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.
Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur.
Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir.
XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmışdır.
Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Əhvədi(1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənmişlər. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.
XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatmışdır. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunmuşdur.
Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatmışdır.
Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Xəlili, Həmidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri1436-1467) adını xüsusi qeyd etmək lazımdır. XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri də Nemətullah Kişvəridir. Şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır.
XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.
Qeyd etmək lazımdır ki, Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlar yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin(1487-1524) xüsusi yeri vardır.
Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır.
XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğurları eyni zamanda şifahi xalq ədəbiyyatının nümayəndələri- Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi, kimi sənətkarların yaradıcılığında özünü göstərir. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.
Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

XIX-XX əsr Azərbaycan ədəbiyyatı
XIX əsrin ilk onilliklərində baş verən ən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi olmuşdur. Bunun da təsiri nəticəsində mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənmişdir. Beləliklə, ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q. B. Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bu prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).
Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən sənətkarlar arasında Abbasqulu ağa Bakıxanovu (1794-1847), Mirzə Şəfi Vazehi (1792-1852), İsmayıl bəy Qutqaşınlını (1801-1861) göstərmək olar.
Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının -dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov(1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların formalaşmasına təsir göstərmişdir. Bu da təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinin inkişafına səbəb olmuşdur. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan vermişdir.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi.
Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920),Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırmışdılar.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması olmuşdur (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlmişdir. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Sovet dövrü Azərbaycan ədəbiyyatı (60-cı illərə qədər)
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və başqalarının adı ilə sıx bağlıdır.
Əhməd Cavad (1892-1937) və Mikayıl Müşfiq (1908-1938) Səməd Vurğunla yanaşı XX əsr Azərbaycan poeziyasının əsas cığırdaşları hesab olunurlar. Süleyman Rüstəm (1906-1989) və Əlağa Vahid (1895-1965) lirikanın inkişafında mühüm xidmətləri olan şairlərdir.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Məmmədhüseyn Şəhriyar, Həbib Sahir, Həmid Nitqi, Bulud Qaraçorlu (Səhənd) kimi Cənubi Azərbaycan şairlərinin rolu da danılmazdır.
Azərbaycan nəsrinin zənginləşməsində Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Mir Cəlal, Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Manaf Sülemanov, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Hüseynov, Ənvər Məmmədxanlı və başqalarının da xidmətləri vardır.

Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər)
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadəkimi nasir və şairlər vardır.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat – 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri və lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabil, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin – başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov,Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri Azərbaycan milli mədəniyyətini zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müasir ədəbiyyatda işğalda olan torpaqların geri qaytarılması, insanpərvərlik, ictimai ədalət və s. kimi ümumbəşəri ideyaların tərənnümü əsas yer tutur.
Hal-hazırda Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslansa da, modernist və postmodernist meyillər də özünü göstərir. Orxan Fikrətoğlunun (“Ögey”, “Çevrilmə” hekayələri, “Üçüncü günün adamı” povesti), Məqsəd Nurun (“Küləkli şəhər”, “Ero-gigiyenik”, “Katastofiklər”, “Rütubət sevgiləri” hekayələri, “Şəhər meri” romanı), Sadıq Elcanlının ( “Zülmət” romanı), Mübariz Cəfərlinin (“Bərpaçı”, “Şahid qatar”, “Uydurma”, “Bənna” povestləri) əsərləri modernizmin, Kamal Abdullanın (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, “Tarixsiz gündəlik” povesti və s.) əsərləri isə postmodernizmin bariz nümunəsi hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, son onillikdə Azərbaycan poeziyasında modernist ruhlu əsərlərin də sayı artmaqdadır.

Mədəniyyət

XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri olan Mənisə xatın Məhsəti Gəncəvi ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Şairənin haqqında çeşidli fikirlər mövcuddur. Şairə həm də dünyada dövr nüsxəsi olan “Əmir Əhməd və Məhsəti” dastanının da qəhramanlarından biridir. Yaşadığı dövrdən Məhsətinin əsərlərinin üzü köçürülmüş, divanı yaradılmışdır. Şairənin divanı XV əsrin əvvəlinə kimi olmuş XV əsrin sonunda, deyilənə görə, Abdulla xan Özbək Herat şəhərini tutan zaman şairənin divanı itib batmışdır. Məhsətinin bir rübaisində dediyinə görə o qələmini təkcə gözəl rübailər yaratmaqla sınamamış, həm də qəzəllər və qitələr də yazmışdır. İndiki dövrdə şairənin divanı itmiş sayıldığından onun əsasən rübailərdən ibarət olan şerləri müxtəlif tarixi-ədəbi mənbələrdən, bir də “Əmir Əhməd və Məhsəti” dastanından toplanmışdır.

Məhsəti dövründən başlayaraq şairə haqqında mənbələrdə məlumatlar verilməsinə baxmayaraq böyük rus alimi Y.E.Bertels şairənin dastan qəhrəmanı olduğunu və belə bir şairənin tarixdə yaşamadığı qənaətinə gəlmişdir. Halbuki, şairənin tarixi şəxsiyyət kimi yaşaması böyük Nizaminin “Xosrov və Şirin”inin müqəddiməsində Səlcuq sultanı II Toğrulun mədhindən, həm də Məhsəti ilə həməsr olan böyük sufi şairi Fəridəddin Əttarın “İlahinamə” əsərində verilmiş bir hekayətdən məlum olur.

İlk dəfə XX əsrin 20-30-cu illərində Məhsətidən danışan Mir Abbas Mirbağırzadə şairənin anadan olma tarixini “Əmir Əhməd və Məhsəti” dastanında verilmiş Məhsətinin 20 yaşı olduqda sultan Mahmud Səlcuqi (1117-1132) sarayına yaxınlaşdığından belə nəticəyə gəlmişdir ki, şairə 491-ci ildə (1097-1098) doğulmuşdur. İran müəllifləri də Məhsətidən danışarkən bu tarixi əsas kimi vermişlər. Azərbaycan tədqiqatçıları 1984-cü ildə alman alimi Frits Meyerin “Gözəl Məhsəti” əsərində əksini tapmış, bir maddeyi tarixi verilmiş rübaini şərh edərək həmin tarixin (491 (1097-1098) düzgünlüyünü təsdiqləmişdilər. “Məhsətinin doğum və ölüm tarixləri” adlı məqalə AMEA-nın “Məruzələri” jurnalında çap edilmişdir. Bu vaxta qədər 200-dən artıq müəllif və tədqiqatçı Məhsətidən danışmışdır.

1) İranda Şəhab Tahiri ilk dəfə ayrı-ayrı mənbələrdə olan rübai, qitə və qəzəlləri toplayıb 1957-ci ildə 200-ə yaxın şeir parçasından şairənin ilk divanını tərtib etmişdir.

2) Alman alimi Frits Meyer 1963-cü ildə Almaniyada 20 illik zəhmətin nəticəsi olan “Gözəl Məhsəti” monoqrafiyasını yaratmış, burada 257 rübai və 30-a qədər şeir parçasını toplamışdır.

3) Azərbaycan alimi professor, filologiya elmlər doktoru Xəlil Yusifov “Məhsəti Gəncəvi” əsərini yaratmış, əsərinin sonunda 190-qədər Məhsəti rübaisini öz vəznində əruzla Azərbaycan dilinə tərcümə etmişdir.

4) Rəfail Hüseynov “Məhsəti necə varsa” elmi-publisistik monoqrafiyasını yazıb nəşr etdirmişdir.

Məhsəti o əsrdə dəbdə olan fars dilində yazmışdır. Bu vaxta kimi Məhsətinin “Əmir Əhməd və Məhsəti” dastanından alınmış rübailəri on bir dəfə heca vəzni ilə Azərbaycan dilinə tərcümə edilmişdir. Bundan başqa Məhsətinin rübailəri rus, ingilis, alman, fransız və italyan dillərinə də tərcümə edilmişdir.

Xaqani Şirvani

(1126-1199)

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü,​ Əfzələddin ləqəbi, Əbu Bədil künyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-cı ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər qəbiristanlığı”nda dəfn edilmişdir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divanı, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.

Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.

Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Nizami Gəncəvi
(1140-1209)

İlyas Yusif oğlu Nizami XII əsrdə Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosoflardandır. O, Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində doğulmuş, təhsil və yaradıcılıq illəri bu şəhərdə keçmişdir. XI əsrdən Arranın mərkəzi şəhəri olmaq üzrə burada şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, hücum, fiqh və dini elmlər tədris edilmişdir.

Nizaminin ədəbi şəxsiyyəti haqqında ilk bioqrafik məlumatlar şairin ölümündən üç yüz il sonra qeydə alındığı üçün onun yaşı, dəqiq ölüm tarixi, səfərləri, valideynləri, qohumları haqqında mötəbər fikir deyilməmişdir. Bu barədə nə deyilmişsə alimlərin təxmin etdiklərindən başqa bir şey deyildir. Nizami özü atası, babası və anasından ad çəkmişdir.

Nizami başqa sələf və çağdaşları kimi bədii yaradıcılığa qəzəl və qəsidə ilə başlamışdır. Ancaq bu yol onu təmin etməmiş, Firdovsidən sonra XI əsrdən intişar tapmağa başlayan epik roman-dastan yaradıcılığı janrına ciddi meyl göstərməyə başlamışdır. Onun bu yöndə ilk sınaq əsəri “40 yaşının intizarında” ikən yazdığı, “Məxzənül-əsrar” XII əsrdə yaradılmış epik məsnəvi janrının orijinal nümunələrindən biridir. Bu əsərdə hekayət və dastan süjetləri yanaşı və bədii formada işlənmişdir. Hekayə və dastanlar əsərdə epikliyin başlıca əlamətlərini — bədii dil, ifadə və məzmun xüsusiyyətlərini özündə əks etdirir. Məsnəvidə 13 dastan və yeddi hekayət verilmişdir. Bir qayda olaraq dastan və hekayətlər məqalətlərdən sonra gəlib onların irfani-fəlsəfi və əxlaqi məna və rəmzlərinin söz açımına və bədii şərhinə xidmət edir.

“Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) tovhi və minacaq, peyğəmbərin tərifi və meracı müqəddimələrilə başlanır. Burada Allahın zat və sifətləri, birliyi, yaradıcı olması ixtiraçı və başlanğıc olması, onu tanımaq və tanıtdırmaq üçün H.Məhəmmədi (s) peyğəmbər təyin etməsi, onunla müsəlmanlara hikmət kitabı Qurani-Kərimi göndərməsi və s. məsələlər izah olunur. Kitabın bədii hissələrilə bu müqəddimələr arasında məna-məzmunca sıx bağlılıqlar vardır və Quran ayələrinə işarələr edilmişdir. Nəticə etibarilə, “Sirlər xəzinəsi” dünya, kamil insan və kamil cəmiyyət haqqında dolğun islami bədii əsərdir.

Nizaminin ikinci əsəri “Xosrov və Şirin” 1180-ci ildə Azərbaycan hökmdarı Cahan Pəhləvanın adına yazılmışdır. Şair əsərin mövzusunu islamdan qabaqkı İran tarixindən almışsa da, Firdovsidən bir qədər fərqli nəzmə çəkmişdir. “Xəmsə”yə daxil olan başqa əsərlər kimi “Xosrov və Şirin”də minacat, peyğəmbərin tərif və meracı, padşaha xitab bölmələrilə başlayır. Kitabın tərtibi bəhsində əsərin əsasında duran eşqin fəlsəfi mənasını izah edən şair onu kosmik eşq adlandırır və yazır: “Fələyin eşqdən başqa mehrabı yoxdur. dünya (başdan-başa) eşqdir (eşq ilə doludur)”. Onun fikrincə “Əgər eşq daşın ürəyinə düşərsə, sevgidən içindəki cövhərə (cəvahirə) əl atar. Maqnitdə eşq olmasaydı dəmiri özünə necə çəkərdi?” – deyən Nizami bu dünyəvi, həqiqi eşqi Xosrov və Şirin surətində dolayısı ilə Turan və İran arasında görmək istəyirdi. Nizaminin Şirini Əfrasiyab nəslindən olan turanlı şahzadə kimi qələmə verməsi buna bir işarə idi. Şair bu istəyini Atabəylər dövlətinin mərasında aşılamaqla sırf siyasi məqsəd güdür.

Nizami bu əsərində eşq və mənəvi təkamül yolu ilə ictimai-siyasi məsələləri həll etmək istəyirsə, Xosrovun eyş-işrət və şöhrətpərəstliklə keçirməsi bu ideyanın həyata keçməsinə mane olur. “Odun oğlu kül olar” məsəlilə oğlu Şiruyənin xəyanətilə öldürülür. Şair bu hadisədən fəlsəfi nəticə çıxararaq təbiət həyatının dövranlarına işarə edir və deyir ki, “Özünü tanı ki, məna yolu ilə, həqqi tanıyarsan, əgər özünü bilsən, fələyin uzaqlığına baxma, o sənin qarşında bir aynadır. Sən iki aləmin toplususan”. Nizami bildirir ki, insan vücudu dörd ünsürdən kamala çatsa da, dörd ünsürün xasiyyət və ixtilaflarından uzaqlaşmalıdır. Bunun üçün o, təbiət hadisələrindən çoxlu misallar verir. İnsan cismani zövqlərə deyil, mənəvi-əqli təkamülə meyl etməlidir.

Nizami bu əsərində təbiətşünas alim kimi ictimai həyat məsələlərini təbiətin fəlsəfəsilə həll etməyə çalışır.

“Xosrov və Şirin” ədəbi-bədii quruluş, dil-üslub baxımından da orijinal məziyyətlərə malikdir. Əsərdə Xosrovla Şirinin deyişmələrini və onların adından Bərbət və Nəkisanın musiqi ahənglərinin müşayiətilə qəzəllər tərənnüm etmələri həyat fəlsəfəsinin musiqi və poeziyanın vəhdətində təcəssüm edildiyinə bir sübutdur.

1188-ci ildə Şirvanşah Axsitanın sifarişilə yazdığı “Leyli və Məcnun” əsərinin mövzusunu islamaqədərki ərəb folklorundan alan Nizami süjetin mərkəzində Ərəbistan təbiətini və bədəvi həyatını saxlamaqla üzri qəbilə həyatında platonik məhəbbətin islamiyyət dövründə keçirdiyi yeni istihalə prosesini qələmə almaq istəmişdir. VIII əsrdən Bağdad şəhərində təsis edilən tərcümə və tədqiq mərkəzi antik və qədim yunan ədəbi-fəlsəfi əsərlərilə tanış etdiyi çağlarda IX-X əsrlərdə rabilər Məcnun və Leylinin eşq məcaraları ilə maraqlanmış və onların hekayətlərini toplamağa başlamışlar. Rəvayətlərdə gedən islamlaşma prosesi də bu dövrlərdə baş vermişdir.

İslamiyyət dövründə ictimai əxlaq eşqin qəzəllər vasitəsilə xalq arasında faş edilməsini təhqir və yolverilməz saydığı halda, üzrilərin həyatında eşqin üluhiyyəti hər məhdudiyyəti rədd edir. İslamda isə bu hal sərsərilik və “dəlilik” kimi qəbul olunur. Nizami eşqi intibah fəlsəfəsi baxımından təbiətin başlıca qanunu kimi izah edir və deyir ki, bu eşqlə müxalifət mümkünsüzdür. Məcnun Kəbədə də, səhrada da, göylərdə də eşqin cari olduğunu görür, Kəbədən də, ulduzlardan da eşqinə himayəçi olmağa çağırır.

Məcnunun təbii eşqi qəbilə adət-ənənələrinin maneəsindən keçə bilmədiyi üçün nakamlığa uğrayır. Əsərdə yeniliklə, yeni intibah həyatı və təfəkkürü ilə köhnəliyin, cahiliyyətin arasındakı kəskin ziddiyyətlərə ciddi diqqət yetirilir və bu hal intibahın ilk dövrləri üçün çox səciyyəvidir.

Nizami bu poemasının müqəddimə hissələrində Axsitanın poemanı ərəb-farsın söz incilərilə əsəri zinətləndirmək, türksayağı deyim və xasiyyətləri kənara qoymaq haqqındakı fikirlərinə ciddi etiraz edir və Leyli ilə Məcnunu ərəblər içərisində yaşayan türk deyimli türklər adlandırır. Bu fikirlər şübhəsiz XII əsrdə Azərbaycan intibahının səciyyəvi xüsusiyyəti idi.

“Leyli və Məcnun” kimi Nizaminin Marağa hakimi Ağsunqur Körpə Arslanın adına 1197-ci ildə yazdığı “Həft peykər” (“Yeddi gözəl”) poeması süjeti Sasani hökmdarlar sülaləsi tarixindən alınmış intibah əsəridir. Əsərin məzmunu VIII-X əsrlərdə islam intibahı dövründə antik Midiya-Yunan bədii-fəlsəfi mədəniyyətlərinin sintezləşdiyi eşq, sosial həyat və dövlətçilik məsələləri üzərində qurulmuşdur. Burada da eşq “Xosrov və Şirin”də, “Leyli və Məcnun”dakı kimi irəli sürülən kosmik-dünyəvi eşqdir. Bu eşq hər yerdə öz təbiətinə görə ziddiyyətləri aradan götürüb tərəflər arasında sülh və bərabərlik yaradır.

Poemada kosmik aləm yeddi gümbəz modelində yerdə bərqərar olunur. Yeddi planeti təmsil edən bu gümbəzlərin hər biri öz rənginə və xasiyyətinə görə insanın daxili və xarici bədən üzvlərinin hər birinin xasiyyəti və əməlinə uyğunlaşdırılır. Bununla da insanın əxlaqi gözəllik və qüsurları üzə çıxarılır. Bu konsepsiyaya görə insan mənşəyinə görə hissi (maddi) və əqli (mənəvi-ruhi və ya əqli-nəfsi) aləmlərin vəhdəti kimi götürülür.

“Yeddi gözəl ” də Farabinin “Fəzilətli adamların şəhəri” adlı əsərinin güclü təsiri olmuşdur. Orada da bədən şəhərə, ölkəyə oxşadılmışdır. Bu əsərdə antik zərdüşti və yunan naturfəlsəfi fikrinin konsepsiyası öz bədii ifadəsini tapmışdır.

1200-1203-cü illərdə yazıldığı təxmin edilən “İsgəndərnamə” şairin arzusu ilə çox sevdiyi Nüsrətəddin Əbubəkrə ithaf edilmişdir. Bu əsərin də mövzusu İran-Yunan müharibələri tarixçəsindən alınmışdır. Bu da şərq intibahının başlıca xüsusiyyətidir.

Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, bəlkə yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yol ilə iki mədəniyyətin sintezləşməsidir. İsgəndər İran təşkədərlərini yandırarkən yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış “Avesta” mətnlərini Yunanıstana göndərib tərcümə edilib öyrənilməsini tövsiyə edir. Antik yunan alimlərinin muğların naturfəlsəfi nəzəriyyələrinin öyrəndiklərini və onları iqtibal etdiklərini yunan alimləri özləri təsdiq etməkdədir. İsgəndər Nizaminin yazdığına görə öz Vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərilə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır. O, buradakı adamların həyatı, düşüncəsi, bərabərliyə dayanan ictimai idarə üsulunu görüncə heyrət edir. Nəhayət İsgəndərin şimal zülmətində dirilik suyunun olması xəbərini eşitməsi və oraya yol tapmaq istəməsidir. Ədəbi dirilik vasitələrinin axtarışı ən qədim mədəniyyətlərə, bu sırada şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər, ya Urmu gölündəki adamların birində aranır. Onun çarəsini bu adada sakin olan Uminanitdin bilir. Zərdüşti ənənəyə görə ölümsüzlüyün dərmanı “Hoym” bitkisidir.

İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir.

Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

Mirzə Şəfi Vazeh
(1794-1852)

Mirzə Şəfi Vazeh XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

Şəfi 1794-cü ildə Gəncə şəhərində kiçik sənətkar — bənna ailəsində anadan olmuşdur. O, burada mədrəsədə dini təhsil almış, ərəb və fars dillərini kamil öyrənmiş və klassik Şərq ədəbiyyatının məşhur şairlərinin əsərlərinə bələd olmuşdur. 30-cu illərin əvvəllərində Mirzə Şəfi Gəncə mədrəsəsində müəllimlik etmiş, əsasən uşaqlara nəstəliq dərsi öyrətmişdir. Gözəl bədii istedadı olan və klassik Şərq şairlərinin irsinin ideya-bədii məziyyətlərinə dərindən bələd olan Mİrzə Şəfi gənc yaşlarından bədii fəaliyyətə başlamış və Vazeh təxəllüsü ilə şerlər yazmışdır.

1840-cı ildə Mirzə Şəfi Tiflis şəhərinə gəlmiş və burada quberniya ibtidai məktəbində Azərbaycan dili üzrə müəllimlik vəzifəsində çalışmışdır. 1846-cı ildə o, Gəncəyə qayıtmış bu şəhərdə yeni açılmış məktəbdə müəllimlik etmişdir. Dörd ildən sonra Vazeh yenidən Tiflisə qayıtmış və Tiflis zadəgan gimnaziyasında Azərbaycan və fars dilləri üzrə müəllimlik vəzifəsini icra etmişdir.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmiş və Tiflisdə müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Vazeh 1844-cü ildə Tiflisdə “Divani-hikmət” adlı ədəbi məclis təşkil etmişdi. Məclisdə bu illərdə Tiflisdə yaşayan və xidmət edən görkəmli Azərbaycan şairləri Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa şairlər iştirak etmişdilər. Bu zaman Tiflis zadəgan gimnaziyasında müəllimlik edən alman şairi və tərcüməçisi Fridrix Bodenşted Mirzə Şəfi ilə yaxından tanış olmuş, ondan fars dilini öyrənmiş və məclisin fəal üzvlərindən bir olmuşdur. 1846-cı ildə Bodenşted Almaniyaya qayıdarkən Mirzə Şəfi Vazehin əlyazma şeirləri divanını da özü ilə aparmış və onun şeirlərini alman dilinə tərcümə edərək onların bir qismini 1848-ci ildə nəşr etdirdiyi “Min bir gecə” kitabında, 1851-ci ildə isə tam şəkildə “Mirzə Şəfinin şərqiləri” adı altında çap etdirmişdir. Tezliklə Vazehin şerləri Almaniyada geniş yayılmış və onlar alman oxucularını heyran etmişdir. Mirzə Şəfinin tezliklə fransız, ingilis, rus və başqa xarici dillərə tərcümə edilib, nəşr olunmuş və o, qüdrətli bir şair kimi dünya şöhrəti qazanmışdır.

Gənclik illərində ömrünün sonuna qədər ardıcıl bədii fəaliyyətlə məşğul olan Mirzə Şəfi Vazeh klassik şərq poeziyasının görkəmli nümayəndələrinin, xüsusən, Hafiz, Sədi, Rumi və Füzulinin təsiri altında qəzəl, müxəmməs, rübai, qitə, həcv janrlarında yüksək ideya-bədii məziyyətləri ilə seçilən şeirlər yazmış, qiymətli bir irs yaratmışdır. Lakin onun şeirlərinin az bir qismi bizə çatmışdır. Onların əksər hissəsini alman dilində tərcümələri təşkil edir.

Mirzə Şəfi Vazeh şeirləri mövzu və ideya məzmununa görə müxtəlif səciyyə daşıyır. Onların mühüm bir hissəsi məhəbbət mövzusuna həsr olunub. Onlardan zəngin mənəvi aləmlə seçilən aşiqin öz məhəbbəti ilə əlaqədar keçirdiyi hiss və həyəcanları, sevinc və iztirabları təsvir və tərənnüm olunmuşdur. Bu lirik şeirlərdə dünyəvilik, həyata optimist münasibət özünü bariz göstərir. Vazehin lirik şeirlərinin bir qismində isə ilahi məhəbbət, dini-mistik ideyalar, şərq pantizmi motivləri əks olunmuşdur.

Vazehin tənqid-satirik ruhda qələmə alınmış şeirləri vardır. Bu şeirlərində şair feodal cəmiyyətinin ictimai nöqsanları, ifrat dini fanatizm, dindən öz əksi mənafeyi üçün istifadə edən riyakar, nadan ruhanilər tənqid olunub.

Mirzə Fətəli Axundov
(1812-1878)

Mirzə Fətəli Axundov yeni dövr Azərbaycan ədəbiyyatı və ictimai, siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynayan görkəmli yazıçı, mütəfəkkir və ictimai xadimdir.

Fətəli 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almışdır. 1818-ci ildə Fətəli anasının əmisi Axund Ələsgərin himayəsi altına keçibdir. Dövrünün görkəmli ruhanisi olan Axund Ələsgər kiçik Fətəlinin ağıllı, fərasətli bir uşaq olduğunu görüb, onun təhsil və tərbiyəsi ilə şəxsən məşğul olmuş, ona fars və ərəb dillərini, quranı, dini-fəlsəfi elmlərini öyrətmiş, klassik şərq ədəbiyyatının görkəmli nümayəndələrinin irsi ilə tanış etmişdir.

1832-ci ildə Axundov Gəncə şəhərində mədrəsədə dini təhsilini davam etdirmiş və burada müəllimlik edən şair Mirzə Şəfi Vazehlə onun arasında sıx dostluq əlaqəsi yaranmışdır. İstedadlı, azad fikirli şair olan Mirzə Şəfi Vazeh gənc Fətəlinin dünyagörüşünə qüvvətli təsir göstərmişdir. Bu təsirin sayəsində Axundov ruhani olmaq niyyətindən əl çəkmiş və ömrünü dünyəvi işlərə həsr etmək qərarına gəlmişdir.

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzrə tərcüməçi vəzifəsində çalışmışdır.

M.F.Axundov Tiflisdə çox mənalı və əlamətdar bir mühitə düşmüşdür. O, burada Şərq ədəbiyyatı, fəlsəfəsi, tarixi sahəsində biliklərini olduqca təkmilləşdirmişdir. O, eyni zamanda yeni dövr Qərbi Avropa və rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, fəlsəfi fikrinin və dünyəvi elmlərinin nailiyyətlərinə yiyələnmişdir.

M.F.Axundov xidmət illərində bir şair, dramaturq, nasir, ədəbiyyat tənqidçisi, filosof və sosioloq kimi qızğın və səmərəli fəaliyyət göstərmiş, zəngin və rəngarəng bir irs yaratmışdır.

1857-ci ildən ta ömrünün sonuna qədər M.F.Axundov əvvəl islam əlifbasının islahı, 70-ci illərin əvvəllərindən isə onun latın əlifbası ilə əvəz olunması uğrunda fəal və cəsarətlə mübarizə aparmış və ərəb əlifbasının ilk “reformatoru” kimi Yaxın Şərq və Avropa ölkələrində tanınmışdır.

Böyük Azərbaycan yazıçısı mütəfəkkiri və ictimai xadimi M.F.Axundov 1878-ci il fevralın 26-da (yeni təqvimlə martın 10-da) vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

M.F.Axundov gənclik illərində şair kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər vaxtaşırı poetik yaradıcılığını davam etdirərək həm klassik şeir, həm də xalq şeiri üslubunda Azərbaycan və fars dillərində Səbuhi təxəllüsü ilə qoşma, gəraylı, müxəmməs mənzum məktublar, satirik və əxlaqi-didaktik şeirlər, qəsidələr yazmışdır. Onun poetik irsində dahi rus şairi A.S.Puşkinin ölümünə həsr olunmuş “Şərq poeması”, öz yaxın sələfləri M.P.Vaqif və Q.Zakirin təsiri altında yazdığı qoşma və müxəmməsləri İran hökmdarı Nəsrəddin şahın vəzirlərini kəskin tənqid atəşinə tutan “Yeni əlifba haqqında” satirası və didaktik səciyyə daşıyan şeirləri xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov Azərbaycan ədəbiyyatında bir dramaturq kimi böyük, misilsiz xidmət göstərmiş, geniş şöhrət qazanmışdır. Yüksək komik istedada malik olan Mirzə Fətəli XIX əsrin 50-ci illərin əvvəllərində “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (1850), “Hekayəti müsyö Jordan və dərviş Məstəli şah”, “Cadügini-Məşhur” (1850), “Hekayəti-Xırs quldurbasan” (1851), “Sərgüşəti-vəziri-xani Lənkəran” (1852), “Hekayəti-mərdi xəsis” (1852), və “Mürafiə vəkilləri” adlı komediyalar yazmış, Azərbaycan ədəbiyyatında milli dramaturgiyanın mükəmməl əsaslarını qoymuşdur. Öz altı komediyası ilə o, Azərbaycan ədəbiyyatının real həyatla əlaqəsini olduqca qüvvətləndirmiş, onu öz dövrünün mühüm aktual ictimai, sosial və mənəvi məsələləri ilə əlaqəsini, xalqın zəruri tələb və ehtiyacları ilə bağlı olan yeni məzmun, yeni ideyalar gətirmiş və milli ədəbiyyatımızda yeni, realist ədəbiyyatın əsaslarını qoymuşdur. O, komediyalarında Azərbaycan xalqının 30-50-ci illər dövrü həyatı, ailə-məişət xüsusiyyətləri, sosial və mənəvi vəziyyəti təsvir etmiş, müxtəlif ictimai təbəqə və zümrələrin dolğun, parlaq, rəngarəng surət və tiplərini yaratmışdır.

M.F.Axundov bir komedioqraf kimi öz Vətəni və Yaxın Şərq müsəlman ölkələrində, eləcə də Rusiya və Qərbi Avropa ölkələrində tanınmış, şöhrət tapmışdır.

M.F.Axundov 1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmış və Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin ilk əsaslarını qoymuşdur. Povestdə o, Avropa maarifçilərinin “dünyanı sağlam aqil idarə edir” konsepsiyasından çıxış edərək müasir olduğu İran feodal-despomik üsul-idarəsinin ictimai nöqsanlarının, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutmuş və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ etmişdir. Axundovun “Aldanmış kəvakib” povesti dünya maarifçi nəsrinin orijinal və parlaq nümunələrindən birini təşkil edir.

Keçən əsrin 50-70-ci illərində Azərbaycan və fars dillərində bir silsilə olduqca uğurlu ədəbi-tənqidi məqalələr yazmış və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidi təşəkkül sahəsində də misilsiz xidmət göstərmişdir.

Tənqidçi-formalist və dini-mistik ədəbiyyatının kəskin tənqidi və yeni, realist ədəbi prinsiplərin təbliği onun ədəbi-tənqidinin və estetik görüşlərinin əsas məzmun və problemlərini təkşil edir.

M.F.Axundov XIX əsrin 60-70-ci illərində filosof və sosioloq kimi də fəal, məhsuldar fəaliyyət göstərmiş, “Kəmalüddövə məktubları” fəlsəfi traktantını “Həkim ingilis Yuma cavab”, “Con Stuart milli azadlıq haqqında”, “Mollayi-Rumi və onun təskifi” və başqa fəlsəfi-sosioloji əsərlərini yazmışdır. O, bu əsərlər ilə Azərbaycan və Yaxın Şərq müsəlman ölkələrinin fəlsəfi, siyasi, ictimai və sosial fikrində də əsaslı bir dönüş yaratmış, maarifçilik ideologiyasının ilk mükəmməl əsaslarını qoymuşdur.

M.F.Axundovun fəlsəfi traktatında və başqa fəlsəfi əsərlərində dünya maarifçilik ideologiyasının əsas tipik xüsusiyyətləri geniş, dərin, parlaq əksini tapmışdır. XVIII əsrin Qərbi Avropa ölkələri maarifçiliyinin və XIX əsrin 40-60-cı illər rus maarifçiliyinin görkəmli nümayəndələri kimi Axundov da fəlsəfi-sosioloji əsərlərində feodal despotik üsulidarəsinə, feodal dövlət və idarə sisteminə, feodal ictimai, sosial münasibətləri və hüquqi təsisatlarına, feodalizm ideoloji və mənvi dayağı olan dinə və orta əsrlər dini-ideologi baxımlara, sosioloji təhsilə və təlim-tərbiyə üsullarına qarşı çıxmış və yeni dövlət qurumunun-parlament üsul-idarəsini, yeni iqtisadi, ictimai, sosial, münasibətləri və qayda-qanunlarını, yeni liberal-demokratik görüşləri, yeni mənəvi-əxlaqi görüşləri, Avropa ölkələrinin yeni dövr elmi-mədəni nailiyyətlərini qızğın təbliğ etmişdir.

M.F.Axundov Azərbaycan və Yaxın Şərq müsəlman xalqlarının yeni dövr ədəbi-fəlsəfi fikrinin inkişafı tarixində müstəsna yer tutan bir yazıçı və filosof kimi tanınmış və şöhrət qazanmışdır. O, eyni zamanda ümumən dünya maarifçilik ideoloji cərəyanı parlaq nümayəndələrindən biri hesab olunur.

Seyid Əzim Şirvani
(1835-1888)

XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şeirləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı “Məclis” məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhdlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında — “Əkinçi” (1875-1877), “Ziya (Ziyayi-Qafqasiyyə)” (1879-1884) və “Kəşkül” (188 -1891) maarifə çağırış, əxlaqi, didaktik ruhlu şeirləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair “Əkinçi” qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şeirlə təbrik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şeirləri “Əkinçi” qəzetində, sonra isə “Ziya (Ziyayi-Qafqasiyyə)” və “Kəşkül”də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şeirlər müəllifi kimi tanınmışdır.

Seyid Əzim Şamaxıda fəaliyyət göstərən “Beytüs-Şəfa” adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şeirləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şeirləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, “Qazı saqqalını yandırır”, “Müstəhidin təhsildən qayıtması” və s. satiraları yüksək qiymətləndirilir… Şairin “Şirvan xanlığının tarixi” adlı bir elmi əsəri də var.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.

Mirzə Ələkbər Sabir
(1862-1911)

Azərbaycan ədəbiyyatı tarixində sözün həqiqi mənasında milli şair kimi şöhrət tapan M.Ə.Sabir 1862-ci il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. İbtidai təhsilini əvvəlcə mollaxanada, sonra S.Ə.Şirvaninin açdığı məktəbdə alan Ələkbər yaradıcılığa erkən yaşlarından başlamışdır. Onun ilk qələm təcrübələrini də elə müəllimi, məşhur şair Seyid Əzim təqdir və redaktə etmiş, ona özünün ustad məsləhətlərini vermişdir. Ələkbər “Sabir” təxəllüsü ilə şeirlər yazmışdır. Ancaq şairin XX əsrin ruhundan və tələbindən doğan çağırış ruhlu ilk mətbu şeirləri 1903-cü ildə “Şərqi-Rus” qəzetində çıxmışdır.

1905 və 1906-cı illərdə “Həyat” qəzetində ictimai məzmunlu və “Bir məclisdə on iki kişinin söhbəti” adlı satirik şeirlərini çap etdirmişdir. Ancaq Sabirin şairlik qüdrəti və şöhrəti “Molla Nəsrəddin” jurnalının səhifələrində kamala çatmışdır. Jurnalda “Millət tarac olur, olsun, nə işim var?!” satirası ilə iştiraka başlayan Sabir öz yaradıcılığı ilə inqilabi satirik ədəbi məktəbinin əsasını qoymuş, bu məktəbə başçılıq etmişdir. “Molla Nəsrəddin” jurnalının geniş şöhrət tapmasında da Sabir poeziyasının xüsusi rolu olmuşdur. O, həm “Molla Nəsrəddin” jurnalında, həm də “Bəhlul”, “Zənbur”, “Həyat”, “İrşad”, “Təzə həyat”, “Səda”, Həqiqət”, “Günəş”, “Yeni həqiqət” kimi mətbuat orqanlarında “Hop-hop”, “Güləyən”, “Ağlar güləyən”, “Çayda çapan”, “Qabaqda gedən zəncirli”, “Məczub”, “Nizədar”, “Yetim qızcıq” “Qoca iranlı” və s. satirik gizli şeirlər çap etdirmişdir.

Sabirin əsərləri (uşaq şeirləri) “Dəbistan”, “Rəhbər” jurnallarında, “Birinci il”, “İkinci il”, “Yeni məktəb” dərsliklərində də dərc edilmişdir. Sabirin “Fəxriyyə”, “Satıram!”, “Bura say. “, “Oxutmuram, əl çəkin. “, “Pula təvəccöh”, “Xəsisin heyfi, varisin keyfi”, “Nəfsin qəzəti, əqlim mərəzi”, “İstiqbalımız lağlağıdır”, “İstiqbal bizimdir”, “Şəkibai”, “Ruhum!” və s. şeirləri də məşhurdur. O, satirik şeirlərlə yanaşı, dövri mətbuat orqanlarında (“Həyat”, “İrşad”, “Təzə həyat” və s. qəzetlərdə) publisistik məqalələr və müxtəlif yazıları ilə də çıxış etmiş, dövrünün mühüm ictimai-milli problemlərini qaldırmışdır. Buraya “Qeyrət”, “İslamiyyətin insaniyyətpərvərliyi”, “Cümə”, “Zaman nə istəyir?! Amma biz…” və s. məqalələr daxildir. Sabir həmçinin yüksək sənətkarlıqla yazılmış felyetonların da müəllifidir.

M.Ə.Sabir bədii yaradıcılıqla yanaşı, 1908-ci ildə imtahan verərək müəllimlik hüququ aldıqdan sonra Şamaxıda “Ümid” adlı məktəb açıb orada, sonra isə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllim işləmişdir. O, Şamaxıda kitabxana-qiraətxana təşkilində, teatr tamaşalarının hazırlanması və s. mədəni-kütləvi tədbirlərdə də fəal iştirak etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın vurduğu yaraların aradan qaldırılması üçün həm bədii yaradıcılığı, həm də əməli fəaliyyəti ilə əsl vətəndaş kimi çalışmışdır.

M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri “Hophopnamə” adı ilə kitab halında dəfələrlə nəşr olunmuş, haqqında çoxlu elmi məqalə, monoqrafiya və dissertasiya yazılmışdır.

Cəlil Məmmədquluzadə
(1866-1932)

Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli “Molla Nəsrəddin” jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətəndaş, ziyalı olan C.Məmmədquluzadə Güney, Quzey Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə “Şərqi-Rus” qəzetində çalışması, yaratdığı “Qeyrət” mətbəəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni, çeşidli əsərlər yaratdı. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Rus qızı”, “Konsulun arvadı”, “Qurbanəlibəy” və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Kamança” kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. “Ölülər” Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmküsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərlərdə inqilabi, satirik “Molla Nəsrəddin” jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajla çap olunub. 1966-cı ildə ədibin doğum gününün 100 illik yubileyi UNESCO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

Hüseyn Cavid
(1882-1941)

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində sürgündə vəfat etmişdir.

Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslublu ilk şeirlərini “Gülçin” və “Salik” imzaları ilə burada yazmışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Şərq mədəniyyəti, Azərbaycan klassik poeziyası, dərin mənəvi-fəlsəfi örnəklər Cavid yaradıcılığını qidalandıran tələblərdir. O, XX əsr Azərbaycan romantizminin banilərindən biridir.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-fəlsəfi-əxlaqi mövzulu lirik əsərlər üstünlük təşkil edir. (“Öksüz Ənvər”, “Çoban türküsü”, “Kiçik sərsəri”, “Dün və bu gün”, “Qadın”, “Görmədim”, “Vərəmli qız” və s.) Bu əsərlərdə insanın ailədə, məişətdə yaşadığı müxtəlif çətinliklər, zəmanənin zülm və haqsızlığı, ədalətsiz, zorakı quruluşun əzabları təsvir olunur. “Məzlumlar üçün”, (1914) “Qüruba qarşı”, “Hərb və fəlakət” (1916) “Hərb allahı qarşısında” (1917) əsərlərində bəşəriyyətə fəlakətlər gətirən müharibələrə, imperiya siyasətinə nifrət əks olunur.

Hüseyn daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətini yeni məzmunla zənginləşdirmişdir. Dramaturgiyasında bütün dövrlər üçün keçilməz olan ümumbəşəri, ictimai-siyasi və mədəni problemləri yüksək bədii səviyyədə işıqlandırmışdır. İlk mənzum “Ana” pyesində (1910) nəciblik, sədaqət, mərdlik, “Maral” (1912) faciəsində şəxsiyyət və qadın azadlığı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan”da (1914) insanları ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu tərənnüm olunur.

Bu ideyalar “Şeyda” (1917) dramında, “Haqqını sən mübarizə ilə ala bilərsən” (1918) poemalarında da davam etdirilir.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) faciəsində dövrün bütün mürtəce-əzici qüvvələri, “iyirminci əsrin mədəni vəhşiləri olan imperialist dairələri İblis obrazında ümumiləşdirilmişdir”.

20-30-cu illərdə yazdığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramlarında tarixi şəxsiyyətlərin rolunu, hökmdar və xalq, azad fikir və irtica məsələlərini qoyur və özünəməxsus yüksək poeziya dili ilə əks etdirir.

Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.

XX əsrdə Azərbaycan ədəbiyyatı (icmal)

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar «yuxarı»dan verilmiş sərt və amansız «xüsusi» tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.

O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları… Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı «Oxu, tar!» qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun «Qafqaz günləri» romanı, A.İldırımın «Qara dastan» şeirlər toplusu, Ə.Hüseynzadənin «Siyasəti-fürusət», M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.
Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.
Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə «Qızıl qələmlər» birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış «cənub şeirləri» silsiləsi, «Ana və poçtalyon» şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.
Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı «Qılınc və qələm», eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş «Dumanlı Təbriz» romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” («Qan içində»), «Qızlar bulağı» kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və «Saçlı» romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), «Açıq kitab» romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), «Dostluq qalası» epopeyası və «Yoxuşlar» romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), «Gələcək gün» və «Pərvanə» romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. «Ana», “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı «Peyğəmbər» (1922), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), “İblisin intiqamı” (1936) pyesləri, «Azər» (1923-1932) poeması ilə daha da zənginləşdi.
Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almas» əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.
Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun «Azərbaycan» şeirinə, «Aygün», «Muğan» kimi epik poemalarına, «Vaqif», “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində «Vaqif»in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun «Koroğlu» operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun «Rənglər» silsiləsindən fələsfi şeirləri, «Füzuli», «Qızılgül olmayaydı» və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın «Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında» (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, «Zvezda» və «Leninqrad» jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın «Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. «Zvezda» və «Leninqrad» jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da «konfliktsizlik» üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi («Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Xurşidbanu Natəvan» və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun «Dəli Kür» romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və «sonun başlanğıcı» kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də «Qızılgül olmayaydı» və «Rənglər» ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, «Sarı dana», «Kefli İskəndər», «Mən torpağam» qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) «Yeraltı çaylar dənizə axır» romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi «60-cıların» yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.
Hər şeydən öncə, «60-cıların» insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada «insanşünaslıq» adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam «60-cıların» «insan» mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik «ictimai sistem və quruluş» kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar «60-cılar» ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat — 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, «Nəsimi» poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.
Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin — başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.
Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı «Mənim nəğməkar bibim» (1966) povesti, «Kür qırağının meşələri», «Büllur külqabının nağılı» kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.
Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri «Ağ liman» (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır.

Müəllif: Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010

  • Teqlər:
  • Azərbaycan mədəniyyəti

Похожие статьи

  • Azerbaycan musiqi edebiyyati

    Azerbaycan musiqi edebiyyati 30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad…

  • Azerbaycan edebiyyati tarixi 2 ci cild amea 2007

    Azerbaycan edebiyyati tarixi 2 ci cild amea 2007 -Sən yaxşı elədin ki, doktorluq işini müdafiə elədikdən sonra siyasi vəzifəyə gəldin. Bəziləri işini…

  • Azərbaycan ədəbiyyat tarixi

    Azərbaycan ədəbiyyatı haqqında D Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir) Hazırda “Oxu zalı” nda on-line kitabxana yaradılır. Amma hələ ki,…

  • Azerbaycan tarixi en gedim zamanlaldan

    Azerbaycan tarixi en gedim zamanlaldan Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində…

  • Azerbaycan tarixi ziya bunyadov 2

    Ziya Bünyadov Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə…

Comments are closed, but trackbacks and pingbacks are open.