Press "Enter" to skip to content

Azerbaycan neftli qazli hovzeler

Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.

Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma

Neft-qaz yataqları axtarışının səmərəli istiqamətlə­ri­nin müəyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhə­miy­yəti çox böyükdür. Neft-qaz-geoloji rayonlaşdırma çökün­tü­top­lanma hövzələrinin müxtəlif miqyaslı neftli-qazlı ərazilə­rə bölünməsindən ibarətdir. Əsas məqsədi perspektivli neftli-qazlı ərazilərin müəyyən edilməsi olan bu bölgü sistemində KH-lərin generasiya, miqrasiya və akkumulyasiya kriteri­yaları, eyni zamanda ərazinin mü­asir geotektonik quruluşu, onun geostruktur elementlərinin əsas xüsusiyyətləri və ərazi­də yayılan çöküntülərin litostratiqrafik xüsusiyyətləri də nə­zə­rə alınmalıdır.

Son illərdə alınmış geoloji-geofiziki işlər, eyni za­man­­da müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonla­rın geo­loji quruluşlarının paleotektonik təqiqatları və neft-qazlılıq perspektivliklərinin qiymətləndirilməsi üzrə apa­rıl­mış elmi-tədqiqat işlərinin nəticələri əsasında, Azərbay­ca­nın quru ərazisinin müasir regional tektonik quruluşu dəqiq­­ləşdirilmiş və prinsipcə yeni tektonik və neft-qaz-geoloji rayonlaş­dı­rılma aparılmışdır.

Tərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada müasir struktur-tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin lito­fa­sial xüsusiyyətləri, onların toplandıqları paleotek­tonik şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qaz­­lı rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayon­laşdırma ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırıl­mışdır.

Rayonlaşdırma həm hövzə, həm də struktur-tektonik prinsiplərə əsaslanmışdır. Bu rayonlaşdırma xəritəsinin tər­ti­bi zamanı neft-geoloji rayonlaşmanın böyük bölgüləri hövzə, orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə əsaslanıb. Xəritənin tərtibi zamanı maksimum məlumatla təmin olunmuşdur. Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, zonala­rda neftli-qazlı sahələrin yerləşmə xüsusiyyətləri göstəril­miş­dir.

Aparılmış elmi-tədqiqat işləri nəticəsində Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen komplekslərində əsas neftli-qazlı və perspektivli obyektlər ayrılmış, bu obyektlərdə KH-in toplanması, qorunub saxlanılması üçün əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-kəşfiyyat işlərinin aparılması təklif olunmuşdur.

Təbiət

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir.

Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaltı, Kəlbəcər rayonundakı İstisu, Lənkəran rayonundakı Meşəsu, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış Dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Yanar faydalı qazıntılar

Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m 3 ) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst (“qaz örtüyü”), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə “məhsuldar” qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararası rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır.

Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

Filiz faydalı qazıntılar

Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.

Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyniadlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur.

Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.

Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.

Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.

Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyük Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.

Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.

Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.

Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.

Qurğuşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.

Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.

Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium gübrəsi, soda, sulfat turşusu və s. alınır.

Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.

Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının — Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.

Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.

Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.

Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.

Qeyri-filiz faydalı qazıntılar

Azərbaycan Respublikasının mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s. daxildir.

Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Nehrəm yatağının balans ehtiyatı B+S1 kateqoriyası üzrə 73600 min ton, S2 kateqoriyası üzrə 64200 min tondur. Ehtimal ehtiyatı 2-2,5 mlrd.t qiymətləndirilir. Duzdağ yatağının sənaye ehtiyatı A+B+S1 kateqoriyası üzrə 94517 min ton, S2 kateqoriyası üzrə 37810 min tondur.

Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70 mln.ton təşkil edir. Naxçıvan şəhərindən 120km cənub-şərqdə (Araz; gips) və Gəncə şəhərinin ətrafında (gəc) yataqların sənaye ehtiyatları isə A+B+S1 kateriyası üzrə 40632 min tondur.

Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir.

Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı (A+B+S1 kateqoriyası üzrə) 295836 min t, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m 3 təşkil edir.

Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m 3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir. Vulkan külü-tufu seolit xammalı olub, yatağı (Aydağ) Tovuz şəhərindən 7 km şimal-qərbdədir. Aydağ yatağının vulkan külü-tufları Orta Santon-Kampan mərtəbəsinin karbonat çöküntüləri arasında orta qalınlığı 25-30m olan lay şəklində yatır. Tuflarda 20-08% yüksək silisiumlu seolitlər (klinoptilolitlər) müəyyən edilmişdir. Yataq üzrə onların orta miqdarı 55%-dir. Aydağ yatağında tufların perspektiv ehtiyatı 20 mln. tondur. İncə keramika, farfor-flyasis və odadavamlı material istehsalı üçün yararlı Kotandağ kaolinləşmiş süxurlar yatağı Ağstafa rayonunda yerləşir. Yataq güclü hidrotermal dəyişmiş kaolinləşmiş Konyak-Santon süxurlarından ibarətdir.

Baritir Azərbaycan Respublikasında təqribən 20 yatağı və təzahürü (Çovdar, Başqışlaq, Quşçu, Tonaşen, Zəylik, Azad, Çaykənd və s.) var. Yataqları damar tiplidir.

Yarımqiymətli və rəngli daşlar Kiçik Qafqazda Daşkəsən və Ordubad rayonlarında skarnlarda (qranat, ametist), Gədəbəy (turmalin) və Xanlar rayonlarında vulkanitlərində (xalsedan, əqiq, heliotrop) müəyyən edilmişdir. Əqiq toplantıları Hacıkənd və Qazax çökəkliklərinin əsas və orta tərkibli Üst Təbaşir vulkanitlərində yuva, badam, damar və linza şəklindədir: Həm zərgərlik, həm də texniki növlərinə rast gəlinir. Hacıkənd əqiq yataqları qrupunun sənaye ehtiyatı 286,8 t-dur. Bunun 65,8 tonu zərgərlik üçün yararlıdır.

Dolomit Nehrəm kəndi (Naxçıvan MR) yaxınlığında və Boyanata dağında (Qobustan) böyük ehtiyatı var. Şüşə sənayesi üçün kvarslı qumlar Qobustan, Abşeron yarımadasında və Quba rayonunun aşkar edilmişdir.

İslandiya şpatının (Dağlıq Qarabağ və s.) təzahürləri və litoqrafiya daşının (Mirikənd yatağı; Dağlıq Qarabağ və s.) böyük ehtiyatı müəyyən edilmişdir.

Kimyəvi boyaların Daşkəsən, Şamaxı, Kəlbəcər və Xanlar rayonlarında təzahürləri var.

Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir.

Azərbaycanın neftli-qazlı ərazilərinin stratiqrafiyası

Azərbaycanın neftli-qazlı ərazilərində vulkanogen, vulkanogen-çökmə, çökmə və metomorfik süxurlar geniş yayılmışdır. Bu süxurların yaş diapazonu müxtəlifdir. Neftli-qazlı ərazilərin bünövrə səthi maqmatik, metomorfik komplekslərdən ibarətdir. Neftli-qazlı ərazilərin stratiqrafik bölgüsü əsasən Yura yaşlı çöküntülərlə başlayır. Lakin bəzi sahələrdə (Şamxorçay, Əsrikçay) Trias və daha qədim yaşlı komplekslərin varlığı müşhidə olunmuşdur. Bu kəsilişlər Dzirul massivinin kəsilişinə çox bənzəyir. Bu o deməkdir ki, strtiqrafik kəsiliş bəzi ərazilərdə Paleozoy yaşlı hesab oluna bilər. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqazın kəsilişlərindəki fərq Kiçik Qafqazda və Naxçıvanda kəsilişin Paleozoy yaşlı süxurlarla başlamasıdır.

Naxçıvanın stratiqrafik kəsilişi . Naxçıvanın stratiqrafik kəsilişi Paleozoy yaşlı çöküntülərlə başlayır. Burada Devon, Karbon və Perm sisteminin çöküntüləri geniş iştirak edir.

Devon sistemi hər üç şöbəsi ilə kəsilişdə qeydə alınmışdır. Alt Devon əhəngdaşlı, argillit və kvarsitdən ibarətdir. Qalınlıq 1400 m-dir. Orta Devon əhəngdaşlarından, gilli şistlərdən və qumdaşlarından ibarətdir. Qalınlıq 1200 m-dir. Üst Devon əhəngdaşlarından, bitumlu şistlərdən, diabazlardan ibarətdir. Qalınlıq 1000 m-dir.

Daş kömür sistemi üç şöbə ilə iştirak edir. Orta şöbə kəsilişdə iştirak etmir. Alt və üst şöbə əhəngdaşı, mergel və qumdaşlarından, şistlərdən, diabaz laylarının növbələşməsindən ibarətdir. Qalınlıq 400 m-dir.

Perm sistemi iki şöbə ilə iştirak edir. Burada da kəsiliş əhəngdaşlarından, qumdaşlarından, mergellərin növbələşməsindən ibarətdir. Qalınlıq 500 m-dir.

Trias sisteminin çöküntüləri də əsasən Naxçıvan blokunda qeydə alınıb və hər üç şöbə kəsilişdə iştirak edir. Əsasən əhəngdaşlarından ibarətdir. Qalınlıq 1000 m-dir.

Kiçik Qafqazın stratiqrafik kəsilişi . Kiçik Qafqazda kəsiliş Yura sisteminin çöküntüləri ilə başlayır. Yura sisteminin çöküntüləri həm Naxçıvanda, həm də Kiçik Qafqazda Toar və Aalen mərtəbəsi ilə başlayır. Toar və Aalen mərtəbələri qumlu gillərdən, konqlameratlardan və gilli şistlərdən ibarətdir. Naxçıvan blokunda Toar və Aalen mərtəbələri effuziv süxurlardan ibarətdir. Kəsilişin üst hissəsində qalınlığı 60 m-ə çatan kvarslı qumdaşlarına rast gəlinir. Naxçıvanda bu mərtəbələrin ümümi qalınlığı 210 m-ə çatır. Orta Yura Bayos və Bat mərtəbələri ilə başıayır. Bayos mərtəbəsi Kiçik Qafqazda tuflu brekçiyalarla, vulkanik brekçiyalarla və tuflu qumdaşları ilə müşayət olunur. Qalınlıq 3200 m-dir. Naxçıvanda isə Bayos mərtəbəsi əhəngdaşı, qumdaşı, gil və tuflu qumdaşlarından ibarətdir. Qalınlıq 60 m-dir. Bat mərtəbəsi Kiçik Qafqazda tuflu qumdaşlarından, tuflu brekçiyalardan, tuflu konqlameratlardan və porfiritlərdən ibarətdir. Qalınlıq 2600 m-dir. Naxçıvan blokunda isə Bat mərtəbəsi mergel və gillərdən ibarətdir. Qalınlıq 50 m-ə qədərdir. Üst Yura çöküntüləri Kiçik Qafqazda bütün mərtəbələri ilə təmsil olunur. Naxçıvan blokunda isə yalnız Kellovey mərtəbəsi iştirak edir. Kiçik Qafqazda Kellovey, Oksford mərtəbələri qumdaşlarından, alevrolitlərdən, tuflu qumdaşlarından, tuflu brekçiyalardan və əhəngdaşlarından ibarətdir. Qalınlıq 510 m-dir. Naxçıvan blokunda isə Kellovey mərtəbəsi qumdaşlarından, əhəngdaşlarından, mergellərdən ibarətdir. Qalınlıq 140 m-dir. Luzitan mərtəbəsi Kiçik Qafqazda əhəngdaşlarından, dolomitlərdən ibarətdir. Qalınlıq 200 m-dir. Kimmeric mərtəbəsi Kiçik Qafqazda porfiritlərdən, tuflardan, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 1000 m-dir. Titon mərtəbəsi karbonatlı süxurlardan ibarətdir. Qalınlıq 250 m-dir.

Təbaşir sistemi. Təbaşir sistemi kəsilişdə hər iki şöbəsi ilə iştirak edir. Alt Təbaşir Valanjin-Hoteriv mərtəbələri Kiçik Qafqazda vulkanogen süxurlardan və ara-sıra əhəngdaşlarından ibarətdir. Qalınlıq 270 m-dir. Naxçıvan blokunda bu mərtəbəyə rast gəlinmir. Barrem mərtəbəsi karbonatlı süxurlardan təşkil olunmuşdur. Qalınlıq 250 m-dir. Naxçıvan blokunda bu mərtəbə rast gəlinmir. Apt mərtəbəsi mergel, gil və qumdaşlarının növbələşməsindən ibarətdir. Qalınlıq 300 m-dir. Naxçıvan blokunda bu mərtəbə iştirak etmir. Alb mərtəbəsi ilə Alt Təbaşir sistemi başa çatır. Kiçik Qafqazda bu mərtəbə litoloji tərkibcə gillərdən, mergellərdən, argillitlərdən, qumdaşlarından və vulkanogen çökmə süxurlardan ibarətdir. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda bu mərtəbə iştirak etmir. Üst Təbaşir sistemi Senoman mərtəbəsi ilə başlayır. Bu mərtəbə Kiçik Qafqazda qumdaşlarından, əhəngdaşlarından, alevritlərdən və tuflu qumdaşlarından ibarətdir. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda bu mərtəbə konqlameratlardan, qumdaşlarından ibarətdir. Qalınlıq 90 m-dir. Turon mərtəbəsi Kiçik Qafqazda mergellərdən, əhəngdaşlarından, qumdaşlarından, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 1000 m-dir. Naxçıvan blokunda bu mərtəbə tuflardan, qumdaşlarından, qumdaşlarından, tuflu konqlameratlardan ibarətdir. Qalınlıq 340 m-dir. Konyak mərtəbəsi Kiçik Qafqazda konqlameratlardan, qumdaşlarından, mergellərdən, porfirit və tuffobrekçiyalardan təşkil olunmuşdur. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda bu mərtəbə əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 50 m-dir. Santon mərtəbəsi Kiçik Qafqazda effuziv törəmələrdən, əhəngdaşlarından, mergellərdən, tuflu qumdaşlarından, tuflu konqlameratlardan təşkil olunmuşdur. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 200 m-dir. Kampan mərtəbəsi Kiçik Qafqazda əhəngdaşlarından, mergellərdən və gillərdən ibarətdir. Qalınlıq 500 m-dir. Naxçıvan blokunda bu mərtəbə qumdaşlarının, gillərin və argillitlərin növbələşməsindən ibarətdir. Qalınlıq 270 m-dir. Maastrixt mərtəbəsi Kiçik Qafqazda pelitamorf əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 200 m-dir. Naxçıvan blokunda bu mərtəbə qumdaşlarından təşkil olunub. Qalınlıq 145 m-dir. Danimarka mərtəbəsi Kiçik Qafqazda əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 80 m-dir. Naxçıvan blokunda bu mərtəbə iştirak etmir.

Paleogen sistemi. Bu sistem paleosen ilə başlayır. Kiçik Qafqazda bu sistem mergelli gillərdən ibarətdir. Qalınlıq 90 m-dir. Naxçıvan ərazisində isə paleosen çöküntülərinə rast gəlinmir. Eosen Kiçik Qafqazda mergelli gillərdən, qumdaşlarından və əhəngdaşlarından təşkil olunmuşdur. Kəsilişdə vulkanogen süxurlar geniş yayılmışdır. Qalınlıq 2500 m-dir. Naxçıvanda isə vulkanogen-çökmə mənşəli süxurlardan ibarətdir. Qalınlıq 3500 m-dir. Oliqosen-alt Miosen (Maykop seriyası) bu çöküntülər Kür çökəkliyində gilli-qumlu törəmələrdən ibarətdir. Kəsilişdə həmçinin bitumlu şistlər də iştirak edir. Qalınlıq 3500 m-dir. Naxçıvanda tuflu qumdaşlarından, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 1500 m-dir.

Neogen sistemi. Orta Miosen Kür çökəkliyində konqlameratlardan, qumdaşlarından və gilli qumların növbələşməsindən ibarətdir. Naxçıvanda qumlu əhəngdaşlarından, alevrolitlərdən, konqlameratlardan, mergellərdən təşkil olunmuşdur. Qalınlıq 250 m-dir. Üst Miosen Kür çökəkliyində gilli-qumlu süxurlardan təşkil olunmuşdur. Kəsilişin üst hissəsində əhəngdaşları da iştirak edir. Qalınlıq 800 m-dir. Naxçıvanda isə gilli-qumlu və evaporit süxurlardan təşkil olunmuşdur. Qalınlıq 2000 m-dir. Pont mərtəbəsi son zamanlar üst Miosenə aid edilir. Kür çökəkliyində əsasən gilli süxurlardan təşkil olunmuşdur. Qalınlıq 700 m-dir. Naxçıvanda andezit və bazalt tərkibli süxurlardan ibarətdir. Qalınlıq 800 m-dir. Ağçaqil mərtəbəsi Kür çökəkliyində gillərdən, əhəngdaşlarından, vulkanogen süxurlardan, qumdaşlarından təşkil olunmuşdur. Qalınlıq 1200 m-dir. Naxçıvanda isə bu çöküntülər iştirak etmir. Abşeron mərtəbəsi Kür çökəkliyində qumdaşlarından, əhəngdaşlarından, gillərdən ibarətdir. Qalınlıq 1600 m-dir. Naxçıvanda bu çöküntülər iştirak etmir.

IV dövr çöküntüləri müxtəlif litoloji tərkibli çöküntülərdən təşkil olunmuşdur. Qalınlıq 1500- 1600 m-dir.

Böyük Qafqazın stratiqrafiyası . Böyük Qafqazın cənub-şərq və cənub yamacında geoloji kəsiliş Yura dövründən başlayaraq IV dövrə qədər böyük diapazonda qeyd olunur. Kəsilişdə Yuranın hər üç şöbəsi iştirak edir. Alt Yura sistemi Toar və Domer mərtəbələri ilə başlayır. Bu mərtəbə gilli şistlərdən, qumdaşlarından və ara-sıra diabaz laylarından təşkil olunmuşdur. Qalınlıq 800 m-dir. Toar mərtəbəsi əsasən gilli şistlərdən ibarət olub, qumdaşı layları ilə səciyyələnir. Qalınlıq 750 m-dir. Orta Yura Aalen, Bayos və Bat mərtəbələri ilə iştirak edir. Aalen mərtəbəsi gilli şistlərdən ibarətdir. Qalınlıq 2800 m-dir. Bayos mərtəbəsi qumdaşlarından və ara-sıra gilli şistlərin növbələşməsindən ibarətdir. Qalınlıq 1000 m-dir. Bat mərtəbəsi Bayos mərtəbəsi üzərinə uyğun yataraq gilli şistlərin, alevritlərin və qumdaşlarının növbələşməsi ilə xarakterizə olunur. Qalınlıq 500 m-dir. Üst Yura özünün beş mərtəbəsindən üçünün iştirakı ilə səciyyələnir (Kellovey, Oksford, Luzitan). Luzitan mərtəbəsi 200 m qalınlıqlı zoogen mənşəli çöküntülərdən təşkil olunmuşdur. Kimmeric mərtəbəsi əsasən əhəngdaşlarından ibarət olub, gilli şistlərdən, qumdaşlarından, alevritlərdən təşkil olunmuşdur. Qalınlıq 400 m-dir. Titon mərtəbəsi çöküntüləri əsasən iki litofasial xüsusiyyətlərə malik olan çöküntülərdən ibarətdir. Qalınlıq 800 m-dir.

Təbaşir sistemi. Bu sistemə aid olan kəsilişdə alt və üst şöbələr iştirak edir. Alt şöbə Valanjin, Hoteriv, Barrem, Apt və Alb ilə müşayət olunur. Valanjin mərtəbəsi əsasən baş zonada və cənub yamacda qumdaşlarından, gillərin, əhəngdaşlarının növbələşməsindən ibarətdir. Qalınlıq 1500 m-dir. Hoteriv mərtəbəsi əsasən cənub-şərq yamacda tünd boz rəngli gillərin mergellərlə, əhəngdaşı laycıqları ilə növbələşməsindən ibarətdir. Şahdağ zonasında əsasən orqanogen mənşəli əhəngdaşlarına, qumdaşlarına, gillərə rast gəlinir. Qalınlıq 600 m-dir. Barrem mərtəbəsi Böyük Qafqazın cənub-şərq batımında laylı gillərin mergellərlə, qumdaşı və əhəngdaşları ilə növbələşməsindən ibarətdir. Qalınlıq 1000 m-dir. Apt mərtəbəsi gilli, mergelli qumdaşlarının rəngli konqlameratlarla növbələşməsindən ibarətdir. Qalınlıq 230 m-dir. Alb mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacında əsasən iki hissədən ibarət kəsilişdə rast gəlinir. Alb mərtəbəsinin üst hissəsi müxtəlif rəngli gillərin, qumdaşlarının və qara gilli şistlərin növbələşməsindən ibarətdir. Kəsilişin üst hissəsi isə əsasən qumdaşlarının gilli şistlərlə növbələşməsindən ibarətdir. Cənub yamacda Alb mərtəbəsi tuflardan, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 200 m-dir. Üst Təbaşir demək olar ki, bütün mərtəbələri ilə Böyük Qafqazın kəsilişində iştirak edir. Kəsiliş Senoman mərtəbəsi ilə başlayır. Bu mərtəbə Böyük Qafqazın cənub-şərq yamacında qonur və boz gillərin mergellər, əhəngdaşları ilə növbələşməsindən ibarətdir. Cənub yamacda isə qırmızı rəngli şistlərin, əhəngdaşlarının, gillərin, qumdaşlarının qarışığı iştirak edir. Qalınlıq 400 m-dir. Turon mərtəbəsi –bu çöküntülər əsasən Böyük Qafqazın cənub-şərq yamacında əhəngdaşları, mergellər, tünd boz rəngli qumdaşlarından ibarətdir. Cənub yamacda isə əsasən qırmızı rəngli əhəngdaşları ilə qumdaşlarının növbələşməsi qeyd olunur. Qalınlıq 150 m-dir. Konyak mərtəbəsi çöküntüləri mergelli gillərin yaşıl və qırmızı çalarları ilə rast gəlinir. Bəzən konqlameratlara, mikrorqanizmlərə və qumdaşılı əhəngdaşlarına rast gəlinir. Cənub yamacda pelitamorf əhəngdaşlarına və qumdaşlarına rast gəlinir. Qalınlıq 100 m-dir. Santon mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacında əhəngdaşlarının, qumdaşlarının, mergellərin və gillərin növbələşməsindən ibarətdir. Cənub yamacda isə qırmızı pelitamorf əhəngdaşlarının gillərlə növbələşməsindən ibarətdir. Qalınlıq 700 m-dir. Kampan mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacda geniş yayılmışdır, əsasən gillərin qumlu mergellərlə növbələşməsindən ibarətdir. Şahdağ zonasında bu mərtəbə qayma konqlameratları ilə müşahidə olunur. Cənub yamacında isə qırmızı pelitamorf əhəngdaşlarının gillərlə növbələşməsinə rast gəlinir. Qalınlıq 500 m-dir. Maastrixt mərtəbəsi- bu çöküntülər Böyük Qafqazın cənub-şərqində qumdaşlı əhəngdaşlarının mergellərlə, gillərlə növbələşməsindən ibarətdir. Qalınlıq 400 m-dir. Cənub yamacda çöküntülərin karbonatlığı gözəçarpacaq dərəcədə artır. Danimarka mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacında daha az müşahidə edilir. Əsasən mergellər, qumdaşları və mikroorqanizmlərdən təşkil olunmuşdur. Paleosenə aid olan Sumqayıt lay dəstəsi Böyük Qafqazın cənub-şərqində qırmızımtıl gillərin qum, qumdaşları, konqlameratlarla növbələşməsindən ibarətdir. Eosenə aid olan Qoun lay dəstəsi Sumqayıt lay dəstəsindən fərqli olaraq üç şöbə ilə iştirak edir, əsasən boz, açıq boz mergelli gillərin qumdaşları və alevritlərlə növbələşməsindən ibarətdir. Qalınlıq 1200 m-dir. Talış silsiləsində alt və orta Eosen bazaltlardan, tuflu brekçiyalardan və tuflu qumdaşlardan təşkil olunmuşdur. Oliqosen-alt Miosen (Maykop seriyası) çöküntüləri əsasən Kür-Qabırrı ərazisində, Talış dağlarının şimal-şərq yamacında geniş yayılmışdır. Tərkibcə gilli qumdaşlarının bitumlu şistlərlə növbələşməsindən ibarətdir. Talış dağlarının mərkəzi hissəsində tuflu süxurların iştirakı da görünür. Orta Miosen çöküntüləri əsasən Abşeron yarımadasında, Qobustanda və Talış dağlarında iştirak edirlər. Bu çöküntülər əsasən mergellərdən, kiçik qalınlıqlı gillərdən, qumdaşı və alevrolitlərin qarışığından ibarətdir. Üst Miosen (Sarmat və Meotis mərtəbəsi) –üst Miosen çöküntüləri əhəngdaşları, balıqulaqları, konqlamerat və yanar şistlərin növbələşməsindən ibarətdir. Bu çöküntülər Aşağı Kür çökəkliyində gilli litofasiya ilə, Kür-Qabırrı çaylar arası çökəklikdə qum, qumdaşının olması ilə xarakterizə edilir. Üst Miosen çöküntülərinin qalınlığı 1200-2000 m arasında dəyişir. Son zamanlar üst Miosenə aid edilən Pont mərtəbəsi çöküntüləri Böyük Qafqazın kəsilişində əsasən gillərdən ibarətdir. Şamaxı-Qobustan ərazisində Pont əsasən əhəngdaşlarından təşkil olunmuşdur. Aşağı Kür çökəkliyində isə gilli litofasiya ilə təmsil olunur. Kür-Qabırrı çaylararası ərazidə Pont mərtəbəsi çöküntüləri qum, qumdaşı, konqlameratların gillərlə növbələşməsindən ibarətdir. Alt Pliosen yaşlı çöküntülər məhsuldar qatla xarakterizə olunur. Məhsuldar qat çöküntüləri Abşeron çökəkliyində, Aşağı Kür çökəkliyində, Şamaxı-Qobustan neftli-qazlı rayonlarında və Xəzər dənizi ərazisində çox geniş yayılmışdır və əsasən qumlarla gillərin növbələşməsindən ibarətdir. Azərbaycanın qərb hissəsində və Xəzəryanı-Quba ərazisində gil və qumlarda əlavə konqlameratlar da iştirak edir. Məhsuldar qatın qalınlığı 800-4000 m arasında dəyişir. Üst Pliosen çöküntüləri Ağcaqıl, Abşeron mərtəbələri ilə xarakterizə olunur. Ağcaqıl mərtəbəsi Xəzəryanı-Quba, Abşeron, Şamaxı-Qobustan və Cənubi Xəzər çökəkliyində geniş yayılmışdır. əsasən tünd boz, nazik laylı gillərin, qum və qumdaşlarının qarışığından ibarətdir. Abşeron mərtəbəsi əsasən əhəngdaşları, qumdaşları, konqlameratlar və s. çöküntülərin növbələşməsindən ibarətdir.

IV dövr çöküntüləri-Bakı, Xəzər və Xəzər mərtəbələri ilə xarakterizə olunur. Bu çöküntülər neftli-qazlı ərazilərdə geniş yayılmışdır, gil, qum, əhəngdaşları ilə xarakterizə olunur. Qalınlıq 1500-ə qədərdir.

Neftli-qazlı ərazilərin əsas neftli-qazlı kompleksləri

Respublikamızın neftli-qazlı komplekslərinə aşağıdakılar aiddir: 1) Yura sistemi çöküntüləri – Xəzəryanı- Quba rayonunda (Keşçay, Ataçay, Afurca sahələrində) neftlilik-qazlılığı müəyyən edilib. Yevlax-Ağcabədidə isə J3 perspekltivli hesab edilir.

2) Təbaşir sisteminin çöküntüləri – Quba-Xəzəryanı və Yevlax-Ağcabədi rayonlarında neftlilik-qazlılığı müəyyən edilib. Kür-Qabırrı rayonunda isə perspektivli hesab edilir. 3) Eosen çöküntüləri – bu çöküntülərin neftlilik-qazlılığı Yevlax-Ağcabədi, Kür-Qabırrı rayonlarında müəyyən edilib. Quba-Xəzəryanı, Naxçıvanda perspektivli hesab edilir.

4) Maykop seriyası. Bu çöküntülərin neftlilik-qazlılığı Yevlax-Ağcabədi, Şamaxı-Qobustan, Quba-Xəzəryanıda rayonlarında müəyyən edilmişdir. Abşeronda və Kür-Qabırrı çökəkliyində isə perspektivli hesab edilir.

5) Çokrak horizontu – bu horizontun çöküntülərinin neft-qazlılığı Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Abşeron rayonlarında müəyyən edilmişdir.

6) Sarmat mərtəbəsiinin çöküntülərinin neftlilik-qazlılığı Kür-Qabırrı, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı rayonlarında müəyyən edilmişdir. Abşeron rayonunda perspektivli hesab edilir.

7) Məhsuldar qat (alt pliosen) – çöküntüləri Respublikanın əsas neft-qaz bazası hesab olunur. Hazırda Respublikamızda hasil edilən neftin 95%-i bu çöküntülərin payına düşür. Məhsuldar qat çöküntülərinin neftlilik-qazlılığı Cənubi-Xəzər hövzəsində daha dəqiq öyrənilmişdir.

8) Ağcagil mərtəbəsinin çöküntülərinin neftlilik-qazlılığı Aşağı Kür, Yevlax-Ağcabədi rayonlarında müəyyən edilmişdir.

9) Abşeron mərtəbəsinin neftlilik-qazlılığı əsasən Aşağı Kür neftli-qazlı rayonunda (Padar, Neftçala) müəyyən edilib.

Neftli-qazlı ərazilərin rayonlaşdırılması

Dünyanın elə bir ərazisi yoxdur ki, burada yalnız bir neft-qaz yatağı müəyyən edilmiş olsun. Yataqlar adətən qrup halında raast gəlinirlər. Ona görə də neftli-qazlı ərazilərdə geoloji rayonlaşmanın aparılması vacib şərtlərdən biridir. Geoloji rayonlaşma tektonik litofasial xüsusiyyətlərinə görə, netli-qazlı ərazilərin ayrı-ayrı hisslərinə ayrılmasıdır. Hazırda geoloji rayonlaşma iki prinsip əsasında aparılır: tektonik prinsip hövzə prinsipi. Tektonik prinsipə görə, ərazilər neftli-qazlı əyalətə,neftli-qazlı vilayətə, neftli-qazlı rayona,neftli-qazlı zonaya, neft-qaz yatağına, neft və qazın fərdi yatağına bölünür.

Hövzə prinsipində neftli-qazlı hövzə – heterogen və homogen olmaqla iki yerə bölünür.Neftli-qazlı hövzə neftli-qazlı zonaya,neft-qaz yatağına və fərdi neft-qaz yatağına bölünür. Respublikamızın neftli-qazlı ərazisində bir neftli-qazlı əyalət ayrılır: Kür-Cənubi Xəzər neftli-qazlı əyaləti. Bu neftli-qazlı əyalət iki neftli-qazlı vilayətə – Kür neftli –qazlı vilayətinə və Cənubi-Xəzər neftli-qazlı vilayətlərinə bölünür. Bu neftli-qazlı vilayətlər özləri də aşağıdakı neftli-qazlı rayonları əhatə edirlər:

1) Cənubi-Xəzər neftli-qazlı vilayəti: )

a) Abşeron neftli-qazlı rayonu ;

b) Abşeron arxipelağı neftli-qazlı rayonu;

c)Bakı arxipelağı neftli-qazlı rayonu; ç)Şamaxı-Qobustan neftli-qazlı rayonu;

d)Aşağı Kür neftli-qazlı rayonu; e)Cənubi-Xəzərin mərkəzi hissəsi.

Kür neftli-qazlı vilayətinə – Gəncə neftli-qazlı rayonu, Yevlax-Ağcabədi neftli-qazlı rayonu,Gəncə neftli-qazlı rayonu, Kür-Qabırrı neftli-qazlı rayonu, Acınohur perspektivli neftli-qazlı rayonu və Cəlilabad perspektivli neftli-qazlı rayonu aid edilir.

Cənubi Xəzər neftli-qazlı vilayəti

Bu ərazinin neftlilik-qazlılığı XIX əsrin ikinci yarısında müəyyən edilmişdir. Hazırda ən dərin axtarış- kəşfiyyat quyuları Cənubi Xəzər hövzəsində qazılmışdır. Xərə-Zirə-dəniz sahəsində qazılan axtarış quyusunun dərinliyi 6200 m, ona qonşu olan Ümüd sahəsində qazılan quyunun dərinliyi isə 6715 m olmuşdur. Son zamanlar qazılan ən dərin quyular Şahdəniz yatağında qazılmışdır. Qırışığın şimal-qərb periklinalında qazılan quyunun dərinliyi 6688 m olmuşdur. Hövzənin geoloji quruluşu aşağıdan-yuxarı aşağıdakı kimidir: 1) Moxo qatı; 2) Bazalt qatı; 3) Maqmatik-metamorfik qat; 4) Üst konsolidasiya olunmuş qat; 5) Mezozoy kompleksi; 6) Paleogen-Neogen çöküntü kompleksi (10-12 km). Burada IV dövr və Pliosen çöküntülərinin qalınlığı 9-10 km-dir. Cənubi-Xəzər hövzəsində çökmə qatının qalınlığı 22-24 km təşkil edir. Cənubi-Xəzər hövzəsinin tektonim quruluşu çox mürəkkəbdir. Hövzə özü birinci dərəcəli geostruktur element kimi qəbul olunur. Onun daxilində ikinci və daha çox dərəcəli geostruktur elementlər ayrılır.

Abşeron neftli-qazlı rayonu

Abşeron neftli-qazlı rayonu eyni adlı yarımadanı əhatə edir.Rayonun qərb qurtaracağı Giləzi-Səngəçal burunlarından keçən meridianla hüdudlanır.Abşeron neftli-qazlı rayonu neftlilik-qazlılıq cəhətdən ən qədim hesab olunur.

Rayon geomorfologji quruluşuna görə üç zonaya ayrılır: şimal-qərb zona, şərq zona, cənub-qərb zona. Şimal-qərb zona relyef cəhətdən mürəkkəb olub, kiçik yüksəklikli dağlarla səciyyələnir. Bu dağlara Qovundağ, Kosmalidağ, Qaraibad və s. yüksəklikləri göstərmək olar. Zonanın şərq qurtaracağı palçıq vulkanı ilə mürəkkəbləşmişdir. Belə yüksəkliklərə Bozdağ, Böyükdağ, Kiçikdağ, Keyrəki və s. misal göstərmək olar.

Cənub-qərb zona şimal-qərb zonaya nisbətən sakit relyeflə xarakterizə olunur. Bu zonada Batandard, Güzdək, Korgöz və s. yüksəkliləri qeyd etmək olar. Ərazidə həmçinin palçıq vulkanları ilə əlaqədar olan yüksəkliklər də qeyd olunur ki, bunlara da Lökbatanı misal göstərmək olar.

Şərq geomorfoloji zona demək olar ki, yarımadanın əksər sahəsini əhatə edir. Bu zona əsasən düzən relyefdən ibarətdir. Abşeron əhəngdaşları ilə səciyyələnən qalxımlara ara-sıra rast gəlinir. Bu ərazi çoxlu sayda kiçik ölçülü duzlu gölməçələrlə mürəkkəbləşmişdir: Böyükşor, Masazır və s.

Ərazinin geoloji quruluşunda yer səthində paleogen- neogen çöküntüləri geniş müşahidə olunur. Şimal-qərb zonada yer səthinə üst təbaşir çöküntüləri də çıxır. Bu çöküntülər fliş xarakterli olub, əhəngdaşları, qumdaşları, gillərin növbələşməsindən ibarətdir. Qum laylarının qalınlığı 0,5-0,8 m təşkil edir. Bu çöküntüləri Paleosen çöküntüləri (Sumqayıt lay dəstəsi) uyğun olaraq örtürlər. Eosen çöküntüləri ərazinin qərb və şimal-qərb hissələrində daha geniş yayılmışdır. Qoun lay dəstəsi əsasən gillərdən ibarətdir. Ara-sıra mergel və qum laycıqları da müşahidə olunur (qalınlıq 800 m). Bu çöküntülər ərazinin qərb qurtaracağında geniş sahədə yer səthinə çıxırlar.

Maykop lay dəstəsi – bu çöküntülər ərazinin qərbində yer səthində yayılmışlar gillərdən, gilli şistlərdən təşkil olunmuşdur (qalınlıq 900 m).

Miosen çöküntüləri – həmçinin ərazinin qərb hissəsində yer səthinə çıxır. Çoxlu sayda quyular vasitəsi ilə açılmşdır. Gil, qum, mergellərin növbələşməsindən ibarətdir (qalınlıq 600 m).

Pliosen çöküntüləri – bu çöküntülər Abşeron neftli-qazlı rayonunda geniş yayılmışdır. Gil, qum, mergel laylarının növbələşməsindən ibarətdir. Üst Pliosen yaşlı çöküntülərdə əhəngdaşı laylarına da rast gəlinir. Məhsuldar qat çöküntülərinin qalınlığı – 800 m-dən (şm-q) mərkəzi və şərq hissəsində 3500 m-ə qədər dəyişir.

Məhsuldar qat çöküntüləri iki şöbəyə bölünür: alt və üst şöbə. Aşağıdan yuxarıya Məhsuldar qatın kəsilişi belədir:

Qala lay dəstəsi – Abşeron neftli-qazlı rayonunun şərq qurtaracağında müəyyən edilib. Əsasən gilli-qumlu layların növbələşməsindən ibarətdir (qalınlıq 150-200 m). Qırmaki altı lay dəstəsi – əsasən qum və qumdaşı laylarından ibarətdir (qalınlıq 60-80 m). Qırmaki lay dəstəsi – əsasən gillərdən ibarətdir. Kəsilişin aşağı hissəsində qum laycıqlarına da rast gəlinir (qalınlıq 280 m). Qıramki üstü qumlu lay dəstəsi – əsasən qumdaşılardan ibarətdir (qalınlıq 40-50 m). Qırmaki üstü gilli lay dəstəsi – əsasən gillərdən təşkil olunmuşdur. Alevrit və qumdaşları da iştirak edir (qalınlıq 200 m). Məhsuldar qatın üst şöbəsi fasilə lay dəstəsi ilə başlayır. Bu dəstə əsasən qum və qumdaşlarından ibarətdir. Kəsilişdə alevritə də rast gəlinir (qalınlıq 120 m). Balaxanı lay dəstə – gil və qumdaşlarının növbələşməsindən ibarətdir. Qum və Qumdaşlarının miqdarı üstdə yatan lay dəstələrinə nisbətən xeyli çoxdur. Balaxanı lay dəstəsində V, VI, VII, VIII, IX və X horizont ayrılır (qalınlıq 400-800 m). Sabunçu lay dəstəsi – bu dəstədə II, III və IV horizontlar ayrılır. Bu qumlu horizontları bir-birindən gil laycıqları ayırır (qalınlıq 300-500 m). Suraxanı lay dəstəsi – bu lay dəstə A, B, C, D, E və I horizontlar ilə səciyyələnir (qalınlıq 1200 m). Ağcagil mərtəbəsi – gil və qumdaşlarının növbələşməsindən ibarətdir (qalınlıq 100m).

Abşeron mərtəbəsi – gil,qum və qumdaşılarının növbələşməsindən ibarətdir

( qalınlıq 1200 m). Tektonik cəhətdən Abşeron neftli-qazlı rayonu aşağıdakı kimi xarakterizə olunur: 1) Qərb qalxım zonası; 2) Qərb çökək zonası; 3) Mərkəzi qalxım zonası; 4) Şərq çökək zonası;
5) Şərq qalxım zonası.

Abşeron neftli-qazlı rayonun əsas neftli-qazlı kompleksləri aşağıdakılardır: məhsuldar qat, miosen və maykop lay dəstəsi. Abşeron neftli-qazlı rayonun əsas istismar olunan yataqlarına Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Bibiheybət , Binəqədi, Qala, Buzovna-Maştağa, Lökbatan, Hövsan, Qala, Zirə, Korgöz-Qızıltəpə, Atəşgah, Qaradağ və s. yataqları misal göstərmək olar.

Похожие статьи

  • Azerbaycan tarixi mövzuları

    Azərbaycan tarixi üzrə mənbələr Azərbaycanda icma yaşayışının müxtəlif dövrlərinin dərindən öyrənilməsi üçün Azərbaycan Respublikasının coğrafi mövqeyi…

  • Azerbaycan tarixi cografiyasi

    Azerbaycan tarixi cografiyasi Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə…

  • Azerbaycan rspublikasinin cografiyasi 1 cild

    Azərbaycan Respublikasının coğrafiyası. I cild: fiziki coğrafiya (2014) Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m…

  • Azerbaycan tarixi 5c cild

    Azərbaycanın ən uzun 5 çayı 1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları) 2. Araz hövzəsinin çayları (Arazın sol qolları) 3. Birbaşa…

  • Azerbaycan iqtisadiyyati fenni

    Sabah” MƏRKƏZİ “AZƏrbaycan iQTİsadiyyati” FƏNNİ Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar….

Comments are closed, but trackbacks and pingbacks are open.