Azerbaycan sifahi xalq dbiyyatı
– Görünən dağa bələdçi lazım deyil.
Şifahi xalq yaradıcılığı
Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin – folk — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Xalqın tarixi ilə sıx bağlı olan folklor onun öyrənilməsi üçün etibarlı mənbədir. Məsələn, ölməz ədəbi-tarixi abidə olan “Kitabi-Dədə Qorqud” dastanları xalqımızın, dilimizin tarixinin çox qədim olduğunu sübut edir. Dastandakı obrazların konkret tarixi şəxsiyyətlərlə bağlılığı haqqında fikirlər vardır. Əsərdə qədim oğuzların tarixinin, coğrafiyasının izləri açıq-aydın görünməkdədir.
Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsi olub, türk xalqlarının yaratdıqları ilə ortaq cəhətlərə malikdir. Qədim türk bədii təfəkkürünün, dildə gerçəkləşən mədəniyyətinin nümunəsi olan miflər, dastanlar və s. türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır.
Azərbaycan folklorunun həyatı əksetdirmə üsulu baxımından lirik, epik, dramatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən lirik növün janrları, əsasən, aşağıdakılardır: nəğmələr (əmək nəğmələri: holavar, sayaçı sözləri; mövsüm nəğmələri; mərasim nəğmələri: toy və yas nəğmələri; məişət nəğmələri: layla, oxşama; qəhrəmanlıq nəğmələri), bayatılar, mahnılar.
Holavarlar və sayaçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur.
Holavarlar əkinçiliklə, sayaçı sözləri heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişdir. Cütçü əkin-biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir, iş prosesində ona güvəndiyindən söz açır:
Öküz, öküz, xan öküz,
Dırnaqları qan öküz,
Sən kotana güc eylə,
Mən də deyim can öküz.
Sayaçı sözləri qoyunçuluqla məşğul olan insanların nəğmələridir. Sayaçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını təmin edən qoyuna müraciət edir, onun xeyir, bərəkət gətirməsindən rəğbətlə danışır:
Nənəm, a nazlı qoyun,
Qırqovul gözlü qoyun,
Pendiri kəsmə-kəsmə,
Qatığı üzlü qoyun.
Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Məsələn, günəşi çağırmaq məqsədilə “Gün çıx” mövsüm nəğməsi ifa edilib. “Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimdə ifa edilirmiş. İl quraqlıq keçəndə isə yağışçağırma mərasimi qurular, nəğmələr oxunarmış. Yazın gəlişi el bayramına çevrilmiş, el şənliklərində Novruzla bağlı nəğmələr ifa edilmişdir.
Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa edilmişdir. Elçilik, nişanlanma və toy zamanı şadlıq nəğmələrinin oxunması, yas mərasimlərində ağıların söylənilməsi adəti indi də qalmaqdadır. Toy nəğmələrində xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır, yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur:
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə
Gəlməsin gözə dilbər.
Mərasim nəğmələrinin bir növü olan ağılar insan ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hisləri ifadə olunur:
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi,
Xəzəl ollam, tökülləm,
Viranə bağlar kimi.
Məişət nəğmələri olan laylalar və oxşamalar folklorun geniş yayılmış janrlarıdır. Layla və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır:
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Balam, layla, a layla,
Körpəm, layla, a layla.
Oxşamalar körpəsini əyləndirən, əzizləyib-oynadan ananın oxuduğu nəğmələrdir. Oxşamaya bəzən nazlama da deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur:
Balama qurban inəklər,
Balam haçan iməklər.
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Qəhrəmanlıq nəğmələri xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir.
“Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onları bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir:
Dəlilərim, bu gün dava günüdür,
Müxənnət ordusu talanmaq gərək.
Bayatılar kövrək, həzin duyğuları, səmimiyyəti, məhəbbəti, insanın könül dünyasını əks etdirən lirik folklor nümunələridir. Həcmcə kiçik olan bayatılarda dərin mənalı fikir ifadə olunur. Bu yığcam poetik nümunələrdə vətənin müqəddəsliyi, insanın məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid və nisgili ifadə olunur. Mövzu, məzmun baxımından bayatıların, əsasən, aşağıdakı növləri var:
— vətən sevgisi, vətən həsrətindən bəhs edən bayatılar;
— məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar;
— mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar.
4 misradan ibarət olan bayatının hər misrasında 7 heca olur. Birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst olur. Birinci, ikinci misralar sonrakı iki misrada söyləniləcək fikir üçün zəmin olur:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı.
Lirik növün mahnı janrı nəğmədən özünəməxsus musiqi havası olması ilə fərqlənir. O, nisbətən sonrakı dövrlərdə yaranmışdır. “Qaragilə”, “Apardı sellər Saranı, “İrəvanda xal qalmadı” və digər mahnılarda xalqın ruhu, sevinci, kədəri, ən zərif duyğuları, təbiətə məhəbbəti və s. əksini tapır:
Evimizin qabağından bu gələn arxdı,
Qaragilə, yar gələn vaxtdı.
Yarım gəlib çıxmayır, ovqatım talxdı,
Qaragilə, ovqatım talxdı.
Dərbənd aralı,
Könlüm yaralı.
Bir qız sevmişəm,Qaragilə
Ellər maralı.
Epik növün janrları, əsasən, əfsanə, rəvayət, lətifə, atalar sözü və məsəllər, tapmaca, yanıltmac, nağıllardır.
Folklorun qədim janrlarından olan əfsanələrdə ağlasığmaz, möcüzəli, fantastik səciyyəli qeyri-adi hadisələrdən söz açılır. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması və s. əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanələrin müxtəlif növləri var.
Heyvan və quş adları ilə bağlı əfsanələr zoonimik, yer adları ilə bağlı əfsanələr toponimik, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr etnonimik, səma cisimləri haqqında əfsanələr kosmoqonik əfsanələr adlanır.
“Səməndər quşu” əfsanəsində oda inam, quşa tapınma motivləri öz əksini tapıb. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür.
Rəvayətlər əfsanələrdən fərqli olaraq, tarixən baş vermiş, bu və ya digər şəxsiyyətlə bağlı real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. “Nuh peyğəmbər”, “Astiaq”, “Tomris” və s. rəvayətlərdə tarixi və əfsanəvi şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bağlı hadisələr əks olunub.
Lətifə cəmiyyətdə, ailə və məişətdə, insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Lətifələrdə yumorla yanaşı, satira, sarkazm da mühüm yer tutur. Xalq arasında Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı lətifələr geniş yayılıb.
Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Onlara “müdrik sözlər”, “qanadlı sözlər” və s. deyilməsi də bu hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsəllər müdrik ifadələr olsalar da, onların arasında fərq də vardır. Atalar sözündə fikir ümumiləşmiş, bitkin şəkildə ifadə edilir. Buna görə də onların izahına ehtiyac duyulmur. Məsələn, “İş insanın cövhəridir”, “Bu günün işini sabaha qoyma”, “Yüz ölç, bir biç” və s. Atalar sözlərindən fərqli olaraq, məsəllər müəyyən əhvalatla bağlı olur. Məsəl müəyyən əhvalatın, hadisənin nəticəsi, yekunu kimi meydana çıxır. Onun mənasını başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Məsələn, “Dava yorğan davasıdır” məsəli Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Bu məsəldən, adətən, münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün istifadə olunur.
Epik folklorun geniş yayılmış janrlarından olan tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə, səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur.
Epik folklorun janrlarından olan yanıltmaclar səs oyunu üzərində qurulmuşdur. Həm nəzm, həm də nəsr şəklində olan yanıltmaclar eyni səsin, oxşar səslənən sözlərin, söz birləşmələrinin sırası, əvəzlənməsi prinsipinə əsaslanır. Bu janrda olan nümunələr yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış.
Epik folklorun ən qədim janrlarından biri də nağıllardır. İnsanların qədim dövrlərdən yaratdığı nağıllar dildən-dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır. Nağılların özəl xüsusiyyətləri vardır. Bu nümunələrdə bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək öz arzusuna çatır.
Nağıllar mövzu, məzmun etibarilə, əsasən, üç yerə bölünür: heyvanlar haqqında nağıllar, sehrli nağıllar və məişət nağılları. Onların hər birinin səciyyəvi xüsusiyyətləri vardır.
- Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur. Bu nağıllarda xeyiri və şəri təmsil etməklə, heyvanlar iki qrupa bölünür.
- Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələrlə mübarizə aparmalı olur. Bu mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr (simurq quşu, uçan xalça və s.) kömək edir.
- Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar. Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir, çətin sınaqlardan üzüağ çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər.
Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar yaşadıqları zəmanənin mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşlar. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.
Aşıqlar iki qrupa bölünür: bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edir; bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri ifaçı aşıq adlandırılır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və b. aşıq sənətinin inkişafına, zənginləşməsinə böyük töhfə vermiş yaradıcı aşıqlardır.
Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və b. ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər.
Aşıq yaradıcılığının məhsulu olan dastan epik-lirik əsər sayılır. Dastanda nəsrlə nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyəcanlarını əks etdirən şeirlər də söyləyir.
“Kitabi-Dədə Qorqud”, eləcə də “Koroğlu”da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları adlanır.
“Şah İsmayıl”, “Aşıq Qərib” kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaqqapma ilə bitir. Bəzi məhəbbət dastanları faciə ilə bitir, sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir-birinə qovuşmur. Belə dastanlarda duvaqqapma olmur.
Dramatik növün janrlarına xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Onların hər birinə aid nümunələr dövrümüzə çatmışdır. Məsələn, “Xan oyunu” xalq oyunları növünə aid nümunə hesab edilir. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasında tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Şəbihlər dini tamaşalardır. Bu tamaşalar daha çox məhərrəmlik mərasimləri ilə bağlı olur.
Dramatik növün janrlarından olan oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Lakin oyunlar uşaqlarda təqlidlə yanaşı, düzüb-qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. O, sənətin bir neçə sahəsini — musiqini, rəqsi, şeiri, aktyorluğu özündə birləşdirir. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları oturaq və hərəkətli olmaqla iki yerə bölünür. “Lal-dinməz”, “Əl üstə kimin əli”, “Uçdu, uçdu” və s. uşaq oturaq oyunlarına aiddir.
Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunlarda əşyalardan istifadə edilir. “Dəsmalı ver”, “Xəndəyədüşmə”, “Dəyirman” və s. bu qəbildəndir.
- Teqlər:
- şifahi xalq ədəbiyyatı
- , folklor
- , şifahi xalq yaradıcılığı
- , ədəbiyyat nəzəriyyəsi
- , ədəbiyyatşünaslıq
Azerbaycan sifahi xalq dbiyyatı
QƏDİM VƏ ZƏNGİN XALQ YARADICILIĞI
Azərbaycan şifahi xalq ədəbiyyatı bədii cəhətdən kamil, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu əsərlər öz janr, dil-üslub əlvanlığı, poetik siqləti, xəlqiliyi, yığcamlığı ilə seçilir. Xalqımızın şifahi ədəbiyyatı janr, bədii forma, mövzu, süjet, qəhrəmanlar, bədii təsvir və ifadə vasitələri baxımından zəngin, rəngarəngdir.
Şifahi xalq ədəbiyyatının kökləri tarix baxımından daha qədimlərə – ümumtürk mədəniyyətinə gedib çıxır. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsidir. Həmin dövrdən etibarən xalqımızın şifahi ədəbiyyatı böyük tarixi inkişaf yolu keçmişdir. Folklor xalqımızın tarixini, məişətini, əməyini, arzu və istəklərini, inkişaf prosesində əldə olunmuş mənəvi dəyərlərini geniş şəkildə əks etdirir. Xalqımız özünün şifahi yaradıcılığında həmişə ədəbiyyatın tərbiyəedicilik imkanlarına xüsusi fikir vermiş, böyük idealların, müqəddəs məramların, arzuların daşıyıcısı olan kamil qəhrəmanların obrazını yaratmışdır. Tənbəllik, xudbinlik, xəsislik, məsləksizlik və s. mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün genişliyi ilə təsvir edən şifahi xalq ədəbiyyatı insanları həmin qüsurlardan təmizləməyə, mənən, ruhən müalicə etməyə çalışmışdır. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı fərqlər vardır:
- şifahi ədəbiyyat daha qədim zamanlardan etibarən meydana çıxmış, yazının mövcud olmadığı uzun əsrlər, hətta minillər boyu şifahi yolla, dildən dilə, ağızdan-ağıza keçərək yayılmış, inkişaf etmiş, yazılı ədəbiyyatın təşəkkülünə təsir göstərmişdir;
- şifahi ədəbiyyat nümunələrinin konkret müəllifi olmur, o, bütövlükdə xalqın ümumi yaradıcılığının məhsuludur, yazılı ədəbiyyatsa müəllifli ədəbiyyatdır;
- şifahi ədəbiyyat çoxvariantlı, yazılı ədəbiyyatsa təkvariantlıdır. Məsələn, «Koroğlu» dastanının türk, kürd, özbək, tacik, türkmən variantları da mövcuddur. Bir sıra atalar sözləri, nağıl, lətifələrin də müxtəlif variantları vardır.
Azərbaycan folklorunu üç ədəbi növdə yaradılmışdır: Lirik növ, epik növ, dramatik növ.
Lirik folklorun janrları
Şifahi xalq ədəbiyyatında lirik növ əsasən nəzmlə olub bu və ya digər əhvali- ruhiyyənin, psixoloji ovqatın emosional ifadəsini verir. Buraya nəğmələr, mahnılar, bayatılar, ağılar və s. daxildir.
Əmək nəğmələri folklorun ən qədim növü sayılır. Qədim dövrlər insanlar ovçuluq, əkin-biçinlə, heyvandarlıla məşğul olmuş, əmək mərasimləri keçirmişlər. Əmə prosesində yaranan ovqat, söz və ifadələr poetik forma alımış, holavarlara, sayaçı sözlərə çevrilmişdir. Əkinçi, cütcü nəğmələri olan holavarlar hodaqçı-cütçünün dilindən öküzə, kələ müraciətlə söylənilir. Bu nəğmələrdə cütçü öz qayğılarından söz açır, ağır əmək prosesini yüngülləşdirən, ruzi, bərəkət yaradan heyvanları tərifləyir, əkin-biçin işlərinə həvəsləndirir:
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram,
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.
Qoyunçuluqla bağlı nəğmələr olan sayaçı sözlərində əmək adamının onu ruzi, bərəkətlə bol-bol təmin edən qoyuna,keçiyə qayğıkeş münasibəti ifadə olunur:
Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı tez yetir
Gözləyir uşaq qoyun.
Qədim dövrlərdə təbiət hadisələri ilə bağlı ifa edilən nəğmələr mərasim folklorunun yaranması ilə nəticələnmişdir. Mövsüm mərasimləri müxtəlif fəsillərlə bağlıdır. Xalq öz müşahidələrindən, müxtəlif fəsillərdə təbiət hadisələrinin xarakterindən çıxış edərək fəsillərə, aylara öz münasibətini poetik bir dillə ifadə etmişdir:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Biri vurub dağıdır.
Günəşi çağırmaq mərasimində “Gün çıx” mövsüm nəğməsi ifa edilmişdir:
Gün çıx, gün çıx,
Kəhər atı, min çıx.
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.
Keçəl qızı qoy evdə
Saçlı qızı götür çıx.
İl quraqlıq keçəndə yağışçağırma mərasimi vasitəsilə nəğmələr oxunmuşdur:
Göydən, göydən nə gələr?
Damla-damla yağmur gələr.
“Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsilməsi, dumaın, buludun qovulması məqsədilə ifa edilmişdir:
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı gün gördünmü?
Toy mərasimi nikbin, şənlik əhval-ruhiyyəli məişət mərasimidir. Bu mərasimdə oxunan nəğmələr musiqi, oyunun müşayiəti ilə ifa edilir. Elçilik, nişan mərasimində qız evinin razılığı alındıqdan sonra oğlan evi nişan üzüyüny təqdim edir. Məclisə şirniyyat, şirin çay gətirilir:
Bizdə olan gözəllər,
Nişan günü süfrəyə
Şirni, şərbət düzərlər.
Toy mərasiminin hər mərhələsinin xarakterinə uyğun nəğmə ifa edilir:
Qismətinmiş sənin güllər butası,
Sən olasan doqquz oğul atası,
Dursun xələt versin bəyin atası,
Görüm, a bəy, oyun mübarək olsun,
Sağdışın, doldışn, elin var olsun!
Yol açın gəlin gəlir.
Ağılar ölüm hadisəsi baş verəndə keçirilən yas mərasimlərində ifa edilib. Bu nəğmələrdə əzizini itirmiş insanların sonsuz kədəri, keçirdiyi ağrılı-acılı hislər öz əksini tapıb:
Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar.
Qəhrəmanlıq nəğmələri düşmənə qarşı mübarizədə mərdlik, hünər göstərən igidlərin şəninə ifa edilib. “Koroğlu” dastanında Koroğlu qəhrəmanlıq nəğməsini ifa edərək öz dəlilərini düşmən üstünə hücum çəkməyə, igidlik göstərməyə səsləyrir:
Hoydu, dəlilərim, hoydu
Yeriyin meydan üstünə!
Havadaki şahin kimi,
Tökülün al qan üstünə!
Laylalar və oxşamalar uşaq folklorunun geniş yayılmış janrlarıdır. Laylalar ananın öz körpəsini yuxuya vermək, əzizləmək məqsədilə söylədiyi nəğmələrdir. Bu nəğmələr dördlük şəklində, dörd misradan ibarət olur. Laylalar heca vəznində, yeddi hecalı olur. Laylaların bir qismində iki misradan ibarət nəqərat verilir. Əksər hallarda «lay-lay» və «balam» sözləri təkrar olunur:
Lay-lay dedim həmişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Lay-lay, balam, a lay-lay,
Körpə balam, a lay-lay.
Laylaların bir qismində – arzulamalarda ana öz arzularından, övladının gələcəyinə bəslədiyi ümidlərdən, qəlbindəki ülvi istəklərdən söz açır. Bu, övladını dünyalarca sevən, onun yolunda hər cür fədakarlığa hazır olan ananın təbii arzulardır. Dünyaya övlad gətirən hər bir ananın qəlbində körpəsinin dil açması, ayaq tutub yeriməsi, gəzib oynaması, deyib – gülməsi, boya-başa çatıb qız sevməsi, toy etməsi, ailə qurması arzusu var. Ana övladının toy gününü görmək arzusundadır. Axı, bu, onun həyatında ən əziz br gündür:
Lay-lay, a gəlin bala,
Yuxusu dərin bala.
Tanrıdan əhdim budur:
Toyunu görüm, bala.
Oxşamalar öz körpəsini atıb-tutan, əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Son dövrlərdə elmi ədəbiyyatda oxşama əvəzinə nazlama terminindən də istifadə olunur. Oxşamalar iki misralı və dörd misralı, əsasən yeddi və beş hecalı olur. İki misralı oxşamalarda birinci misra səkkiz, ikinci misra yeddi hecalı olur. Ana birinci misrada heyvanları, quşları, əşyaları balasına qurban deyir. İkinci misrada körpənin dil açması, iməkləməsi, əl çalması, oynaması kimi arzulardan söz açılır:
Balama qurban inəklər,
Balam haçan iməklər.
Balama qurban sərçələr,
Balam haçan əl çalar.
Dördlük şəklində olan oxşamaların qafiyə sistemi a a b a ( birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst) və ya a a a b şəklində (birinci, ikinci, üçüncü misralar həmqafiyə, dördüncü misra sərbəst) olur.
Balam hər nədir,
Şifahi xalq ədəbiyyatının geniş yayılmış lirik janrlarından olan bayatılar insanın həyatın müxtəlif məqamlarında keçirdiyi fərqli duyğuları, düşüncələri əks etdirir. Mövzuca müxtəlif olan, bayatılarda sevgi, ayrılıq, vətənpərvərlik, qəriblik, mərdlik, haqsızlığa etiraz və s. motivlər əsas yer tutur:
Yol vermə yada, Təbriz.
El gedər bada, Təbriz.
Can sənə fəda, Təbriz!
Əzizim, baxtı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım?
Lirik xalq mahnıları folklorun kütləvi janrlarındandır. Şeir-musiqi folkloruna aid edilən xalq mahnıları nəğmələrdən fərqli olaraq musiqisi, havası olur. Xalq mahnılarından insanların gündəlik həyatında istifadə olunur.Mahnılarda insanın sevgi, həsrət, ayrılıq hisləri, vətənpərvərliyi, təbiətə məhəbbəti öz əksini tapır.
Apardı sellər Saranı,
Gedin deyin xan çobana.
Gəlməsin bu il Muğana,
Gəlsə batar nahaq qana.
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
Epik folklorun janrları
Azərbaycan xalqının yaratdığı şifahi söz sənətinin mühüm bir qolunu epik folklor təşkil edir. Folklorun epik növünə aid olan əsərlərdə hadsələrin nağıl edilməsi, təhkiyə əsas yer tutur. Epik növ əsasən nəsrlə olub həyat hadisələrinin müfəssəl, ətraflı təsvirini təqdim edir. Lirik növdən fərqli olaraq epik növdə, adətən, bu və ya digər əhvalat nəql edildiyindən süjet geniş, çoxşaxəlidir. Buraya xalq nağılları, dastanları, tapmaca, yanıltmac və s. daxildir.
Epik folklor nümunələrinin məzmunu öz həyatiliyi, xəlqiliyi ilə seçilir. Bu əsərlərdə xalqın həyatı, məişəti, arzu və istəkləri, mübarizəsi, onu düşündürən məsələlər öz bədii əksini tapır. Həmin əsərlərdə xalq üçün əhəmiyyətli olan mətləblər – mühüm tarixi hadisələr, xalqın gündəlik qayğıları, azadlıq, haqq, ədalət uğrunda mübarizəsi, adət-ənənələri, ailə münasibətləri işıqlandırılır. Bu əsərlərin qəhrəmanları da əksər hallarda xalqın nümayəndələri – sadə insanlardır.
Epik növün ən qədim və çox yayılmış janrlarından əfsanələr xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə bağlı surətdə yaranmışdır. Əfsanələri epik növün başqa janrlarından fərqləndirən ən mühüm əlamət onlarda real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri- adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır. Əfsanələrdə insan asanlıqla quşa, heyvana, səma cisimlərinə çevrilir, dağlar, çaylar, güllər, çiçəklər dil açıb danışır, Tanrı öz bəndəsinin səsini eşidib, dərhal onun istədiyini yerinə yetirir və s.
Zoonimik əfsanələr heyvan və quş, toponimik əfsanələr müxtəlif yer – şəhər, kənd, qala, dağ, bürc və s. adları ilə bağlı əfsanələrdir. «Maral», «Qu quşu», «Qızıl ilan», «Turac», «Şanapipik» zoonimik, «Pəri qala», «Siyəzən», «Beşbarmaq dağı», «Səngəçal», «Dədəgünəş», «Dəmirqaya» isə toponimik əfsanələrdir. Bu əfsanələrdə adları çəkilən heyvan, quş və yer adlarının yaranmasından danışılır. Folklor yaradıcıları əfsanə qəhrəmanlarının timsalında Xeyirə, Gözəlliyə məhəbbət, Şərə və Eybəcərliyə nifrət hissi oyadırlar.Etnonimik əfsanələr – tayfa, xalq, el, nəsil adları ilə əlaqədar yaranmışdır. Belə əfsanələr içərisində «Oğuz» və «Bayat» çox məşhurdur. Həmin əfsanələrin birincisində Azərbaycan türklərinin ulu babası sayılan oğuzların yaranması təsvir edilir.Kosmoqonik əfsanələr – səma cisimləri haqqında olan əfsanələrdir. Xalqın qədim kosmoqonik təsəvvürləri ilə bağlı yaranan belə əfsanələrin qəhrəmanları Ay, Günəş və müxtəlif ulduzlardır. Xüsusilə Ayın üzərində görünən ləkələr, onun gecələr, Günəşin isə gündüzlər çıxması qədim insanları maraqlandırmış və onlar bu iki səma cismini insaniləşdirərək, onlar haqqında müxtəlif əfsanələr yaratmışlar. Bu baxımdan «Günəşlə Ay» əfsanəsi çox səciyyəvidir.
Əsərdə Ay səmimi, fədakar bir aşiqdir. O, Günəşi dərin bir məhəbbətlə sevir. «Öz məhəbbətini Günəşə bildirmək üçün ikiyə bölünür, bədənini parça- parça edir. Bəzən də həsrətdən o qədər nazilir ki, Günəşin özü də onu görəndə xəcalət çəkib gizlənir». Sevgilisi yolunda bütün fədakarlıqlara hazır olan Ay Günəşin istəyinə əməl edərək üzündəki xalı qoparıb ona verir. Lakin Günəş aşiqinin bu fədakarlığını lazımınca qiymətləndirə bilmir:- Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm, – deyə qürrələnir. Ay sevdiyi qızın sözlərindən elə heyrətlənir ki, üzünə tökülən qan sifətinədəcə donur və elə o vaxtdan Ayın üzündə ləkə qalır. Sevgilisinin hərəkətindən qəlbi sınan Ay ondan uzaqlaşaraq bir daha Günəşi görmək istəmir. Əməlindən peşman olan Günəş nə qədər Ayı çağırırsa da cavab almır. Odur ki, Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündə olan ləkəni görsün.
Rəvayətlərdə keçmişdə real şəxsiyyətlə bağlı, baş vermiş həyat hadisələri yığcam şəkildə əks etdirilir. Rəvayətlərin süjeti sadə, obrazların sayı az olur. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. Nəsimi, Xətayi, Makedoniyalı İskəndər, Teymurləng, Nadir şah rəvayətlərində tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti iə bağlı hadisələr əks olunub. “Bibiheybət”, “Şuşa” rəvayətləri yer adları ilə bağlıdır.
Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Məsəllər müəyyən əhvalat, hadisə ilə bağlı olur. Atalar sözü və məsəllər xalqın əsrlər boyu topladığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir:
- Yüz ölç, bir biç.
– Görünən dağa bələdçi lazım deyil.
Məsəldə söylənilən mfikri başa düşmək üçün dinləyənin həmin əhvalatı bilməsi lazım gəlir: “Karın könlündəki”, “Qələt yağ küpəsindədir”, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu” və s.
Şifahi xalq ədəbiyyatının maraqla danışılan və dinlənilən janrlarından biri lətifələrdir. Onlar ictimai həyatdakı və məişətdəki qüsürları əks etdirən yığcam və gülməli hekayələrdir. Lətifələrin əsasında gülüş dayanır. Xalq öz dünyagörüşünə, mənəviyyatına, əxlaqına zidd olan pis xüsusiyyətlərə gülməklə onların islahına çalışır. Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım və başqa lətifə qəhrəmanları vardır. Onların ən məşhuru Molla Nəsrəddindir. Azərbaycan lətifələrinin çoxu onun adı ilə bağlıdır. Qədim zamanlardan bəri xalq arasında gəzən bir çox əhvalatlar biçimlənərək lətifə şəklinə salınmış və Molla Nəsrəddin adı ilə əlaqələndirilib, onun ətrafında cəmləşmişdir.Molla Nəsrəddin ümumiləşdirilmiş surətdir. Öz ağlı, hazırcavablığı, təmkinli və tədbirli olmasına görə o, əhatə olunduğu mühitdə hamıdan yüksəkdə dayanır və hökm sahiblərinə qalib gəlir; xan da, qazı da, hakim də onun biliyi, müdrikliyi qarşısında aciz qalır, gülünc vəziyyətə düşürlər.
Tapmacalar uşaq folkorunun geniş yayılmış əyləncəli səciyyə daşıyan janrlarındandır. Tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanin məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur.
Tapmacalar mövzu baxımından geniş, rəngarəng, həcmcə yığcam olur. Bu janrda bənzətmə, təzad, epitet, kimi məcaz növlərinə geniş yer verilir. Şifahi xalq ədəbiyyatının digər janrlarında olduğu kimi, tapmacalarda da xalqın dünyagörüşü, tarixi, mənəvi baxışları öz əksini tapır.
Tapmaca termini əvəzinə bilməcə də işlədilir. Bu, onların qarşıya qoyulan məqsədlə – tapmaq, bilmək tələbi ilə bağlı olmasından irəli gəlir. Tapmacanın cavabını bilmək asan deyildir. Bunun üçün düşünmək, fikirləşmək lazım gəlir. Çünki burada fikir birbaşa, açıq şəkildə deyilmir, məcazi mənada, metaforik yolla, köçürmə vasitəsilə çatdırılır. Məsələn, aşağıda nümunə gətirilən tapmaca metaforadan (köçürmədən) ibarətdir:
Hər evdə var ( Od )
Odun qırmızı olmaq əlaməti narın üzərinə köçürülmüş, lakin adı çəkilməmişdir.
Tapmacanın cavabını tapmaq üçün qarşıdakı tərəfdən obrazlı – assosiativ, poetik təfəkkür, məntiqi fikirləşməklə çətinlikləri dəf etmək, hazırcavab olmaq tələb edilir. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə səhv yoldur.
Tapmacalar həm nəzm, həm də nəsr şəklində olur. Nəzm şəklində olan tapmacalar qafiyəsi, ölçüsü, ahəngi olan mənzum parçalardır. Bu nəzm parçaları a a, a a b a, a a a a şəklində qafiyələnir:
Qara toyuq qaqqıldar,
Qanadların şaqqıldar (Bulud, göy gurultusu).
Epik folklorun yanıltmac janrı səs oyunu üzərində qurulmuşdur. Məumdur ki, uşağın dilinin açılması, nitqinin inkişafı bütün valideynləri düşündürən problemlərdəndir. Yanıltmaclar eyni səsin, yaxın səslənən sözlərin, söz birləşmələrinin fonetik sırası, əvəzlənməsi prinsipi üzərində qurulur. Bu janrda əsərlər yumoristik məzmuna malik olub uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir. Yanıltmaclar həm nəzm, həm də nəsr şəklində olur:
Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
Yorğana yorul yorğun.
Küp qulpu, xub küp qulpu.
Ağa evinin dar aralığı.
Ay dəyirmilənməyə nə qalıb?
Epik folklorun ən qədim janrlarından olan nağıllar bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Nağılda bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək əsərin sonunda öz arzusuna çatır. Nağıllarda geniş epik lövhələr, dramatik gərginlik, hadisələrin dinamik inkişafı, insana xas olan xüsusiyyətlərin əşya və heyvanlar üzərinə köçürülməsi, şəxsləndirmə, fantastika elementləri, nikbin sonluq mühüm yer tutur. Nağıllarda çox zaman dəhşətli, qeyri-adi. sirli hadisələrdən söz açılır, əhvalatlar macəra səciyyəsi kəsb edir.Nağıllarda hadisələr sürətlə cərəyan edir, onları ləngidən təbiət və məişət təsvirlərinə geniş yer verilmir, əsas diqqət hadisələrin dinamik inkişafda təsvirinə yönəldilir. Bu janrda olan əsərlərdə qeyri – adi hadisələrin təsviri, fantaziya, bədii uydurma geniş yer tutsa da, həmin hadisələr real varlığa uyğun olur, inandırıcı mahiyyət kəsb edir.
Nağılların üç növü var: sehrli, məişət, qəhrəmanlıq nağılları. Bu növlərin hər birinin öz süjet xətti, qəhrəmanları, bədii xüsusiyyətləri, üslubu vardır.
Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, sehrli şər qüvvələrlə mübarizə aparmalı olur. Burada cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələr iştirak edir. Lakin onlar köməkçi rol oynayır. Şər qüvvələrlə mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr ( simurq quşu, at, uçan xalça və s.) kömək edir. «Məlikməmməd”, “Cırtdan», «Ağ atlı oğlan» nağılları belə sehrli nağıllara nümunə ola bilər. Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağıllarda qəhrəmanlar çox zaman adi, sadə, lakin xeyirxah və fərasətli insanlardır. Onlar həyatda çətinliklə qarşılaşır, yoxsul həyat keçirirlər. Məsələn, “Daşdəmirin nağılı”, «Yalançı çoban», «Yeddi nar çubuğu», «Yoxsul qocayla vəzir» nağılları məişət nağıllarıdır.
Bu nağılların qəhrəmanlar öz arzularına çatmaq üçün mətinliklə mübarizə aparır, dara düşən insanların dadına yetişir, çətin sınaqlardan üzüağ çıxaraq öz ağlı, cəsarəti, fərasəti ilə şər qüvvələrə qalib gəlirlər. Haqqın qələbəsi, xeyrin şərə qalib gəlməsi bu nağılların başlıca xüsusiyyətlərindəndir.
Heyvanlar haqqında nağıllarda əxlaqi baxımdan iki əsas ideya qabarıq şəkildə özünü göstərir: yoldaşlığın, dostluğun yüksək qiymətləndirilməsi və birlik, sədaqət nəticəsində zəiflərin güclülərə qalib gəlməsi. Belə nağıllarda məhz dostluq, yoldaşlıqda sədaqət nəticəsində gücsüzlər güclülərə – fağır qoyun canavara, dinc dovşan şirə, tülkü qurda, aslana qalib gəlir.Bu nağıllarda heyvan, quş obrazları özündə həm də insana xas olan xüsusiyyətləri birləşdirir. Həm insana, həm də heyvana xas olan cəhətlərin qorunub saxlanılması nağılın bədii – estetik təsirini artırır. Belə nağıllara nümunə olaraq “Pıspısa xanım və Siçan Solub bəy”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Ac qurd”, “Aslan və dovşan”, “Tülkü ilə canavar”, “Qoca aslan”, “Hiyləgər keçi” və s. göstərmək olar.
Qədim və zəngin inkişaf yolu keçmiş aşıq yaradıcılığı müasir dövrdə də uğurla davam etməkdədir. Aşıq musiqi, şeir, rəqs, nağıletməni birləşdirən sənətkardır. El şənliklərində, bayram və toylarda aşıqlar saz çalıb mahnı oxumuş, şeir demiş, nağıl, dastan danışmışlar. Dədə Qorqud ənənələrini yaşadan Aşıq Alı, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani kimi ustad aşıqlar həmişə xalqın içində olmuş, onun sevincinə, dərdinə şərik olmuşlar.
Aşıq şeirində vətənpərvərlik, xalqın mənəvi dəyərlərinə bağlılıq, təbiətə məhəbbət motivləri, insan taleyi ilə bağlı düşüncələr mühüm yer tutur. Aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs, və s. janrlarında ustad aşıqlar tərəfindən söz sənətimizin dəyərli nümunələri yaradılmışdır. Azərbaycan folklorunun irihəcmli janrlarından olan dastanlar aşıq yaradıcılığının məhsuludur.
Dastan epik –lirik növün janrıdır. Qəhrəmanlıq dastanlarında əsasən, xalqın, onun igid övladlarının yadlarla, düşmənlərlə vətən, azadlıq uğrunda fədakarlıqla döyüşü əks olunur. Qıhrəmanlıq dastanlarının kamil nümunəsi olan «Kitabi-Dədə Qorqud» da qədim dövrlərdən Azərbaycan ərazisində yaşayan oğuzların vətənpərvərliyi, düşmənə qarşı mübarizədə göstərdiyi igidlik əbədiləşdirilmişdir. Dastanda xalqımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur. “Koroğlu” dastanında isə həm də ədalətsiz yerli hakimlərə, xalqa zülm edən bəy və xanlara qarşı mübarizə motivləri mühüm yer tutur.”Qurbani”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Şah İsmayıl” məhəbbət dastanları nın kamil nümunələridir. “Tahir və Zöhrə” dastanın müxtəlif variantları var. Bir varianta görə, Tahirin əmisi Hatəm Sultan Qaraman hökmdarıdır. Onun qızı Zöhrə ilə Tahir bir-birini sevir. Zöhrəni öz oğluna almaq istəyən Qara vəzir hiylə qurub Hatəm Sultana Tahirin atasını öldürtdürür, özünü isə sürgün etdirir. Xanverdi sövdəgərin qızı Nərgiz qərib həyatı keçirən Tahirə aşiq olur. Lakin Tahir Zöhrəyə olan məhəbbətinə sadiq qalıb vətənə qayıdır. Zöhrə onun gizlənməsinə kömək edir.Tahirin gizləndiyi sandığı su Çinə aparıb çıxarır. Çin şahzadəsi Banu məsələni bilib sevgililərə kömək etmək qərarına gəlir. O, Hatəm Sultanı öıdürüb sevgililəri bir-birinə qovuşdurur.
Dramatik növün janrları
Azərbaycan şifahi xalq ədəbiyatının dramatik növünə xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Xalq dramlarının bir növü olan xalq oyunları vaxtilə toy, bayram şənliklərində oynanılıb. Novruz bayramında ifa edilən “Xan oyunu”nda xan, vəzir, vəkil, fərraşlar iştirak edir. Xan “günahkarları” cəzalandırır, onlara cərimə kəsir. Xalq tamaşalarına xalq dramları da deyilir. ”Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşasında hadisələr üç səhnədə cərəyan edir. Əkinçilik fikrinə düşən iki qardaş yeri şumlayanda, suvarılanda, taxıl xırmanda döyüləndə birinci qardaş özünü xəstəliyə vurur. Məhsul hazır olanda zəhmətkeş qardaş ona heç nə vermək istəmədiyi üçün aralarında dava düşür.Kənd hakimi çalışqan qaraşı haqlı sayır. Tənbəl qardaş arıqlayıb əsa ilə gəzir, arvadı ondan ayrılıb, nə özünün, nə də arvadının yaxın durmadığı uşaqlarını çalışqan qardaş götürüb saxlayır. Əsərin sonuncu səhnəsində çalışqan qardaş yenə tarlada işləyir, qardaşının uşaqları ilə birlikdə əkin-biçinlə məşğul olur. Peşman olmuş tənbəl qardaş gəlib duz-çörəyə and içir ki, daha tənbəllik etməyəcək. Qardaşlar barışıb şərikli işləməyə başlayırlar.
Uşaq oyunları da dramatik növün janrlarındandır. Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunların yaranma tarixi daha qədimdir, insanların ilk əmək fəaliyyəti ilə bağlıdır. Hərəkətli oyunlarda əşyalardan istifadə olunması mühüm yer tutur. “Dəsmalı ver”, “Xəndəyə düşmə”, “Pula-pula”, “Dəyirman” və s. əşyalarla oyunlardır. “İynə-iynə”, “Barmaq”, “Əl üstə kimin əli”, “Bənövşə”, “Ənzəli”, “Yoldaş, səni kim apardı?”, “Siçan-pişik” və s. əşyalarsız oyunlardır.
Oyun uşaqlarda müstəqillik, fəallıq tərbiyə edir. Onlar oyun vasitəsilə həyatı dərk etməyi, əməli işlə məşğul olmağı öyrənir, estetik zövq alırlar. Bu da öz növbəsində uşaqların dünyagörüşünün inkişafına, fiziki, mənəvi tərbiyəsinə müsbət təsir göstərir.
Comments are closed, but trackbacks and pingbacks are open.