Azerbaycan xalca kitab
Xalçaçılıq məktəblərimiz
Azerbaycan xalca kitab
Bu gün Bakıdakı “Sehirli İlmələr” qalereyasında “Azərbaycan xalçaları İrəvan qrupu” kitabının təqdimat mərasimi keçirilib. Modern.az saytının məlumatına görə, Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində nəşr olunan kitabdada İrəvan bölgəsini əhatə edən 102 xalça nümunəsi toplanıb.
Kitab AMEA-nın A.Bakıxanov adına Tarix institutunun qərarı ilə çap olunub. Kitabın müəllifi professor Vidadi Muradovdur. Tarix hissəsinin müəllifləri AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovdur. Redaktorlar AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru Yaqub Mahmudov və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktor müavini Asya Şirəliyevadır. Rəyçilər akademik Budaq Budaqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.
Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azərbaycanın ərazisində yaşayan azərbaycanlıların zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir göstərdiyi kimi, burada toxunan xalçalardan da yan keçməyib. İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdı. Toxuculuq, o cümlədən, xalça, palaz məmulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, əlcək, corab toxunduğunu qeyd ediblər. Bölgənin tarixi kökləri çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur olub.
Təqdim olunan kitabda toplanan xalçalar, əsasən XIX-XX əsrləri əhatə edir. 1948-53-cü il deportasiyası nəticəsində minlərlə insan öz torpağından çıxarılıb, başqa ərazilərə köçürülüb. Boşalan kəndlərdə, təbii olaraq, xalça ənənəsi də itib- batıb. Qərbi Azərbaycan ərazisində toxunan xalçaları sənətkarlıq imkanlarına, toxunma texnologiyasına, rəng-naxış kompozisiya həllinə görə, şərti olaraq mahallar üzrə aşağıdakı qruplara ayrılıb:
I qrup: Ağbaba, Şörəyel mahalları
II qrup: Loru, Pəmbək mahalları
III qrup: Şəmşəddin mahalı
IV qrup: Göyçə mahalı
V qrup: Gərnibasar, Vedibasar mahalları
VI qrup: Zəngibasar, Sərdarabad mahalları
VII qrup: Qırxbulaq, Əştərək mahalları
VIII qrup: Aparan, Dərəçiçək, Talın mahalları
IX qrup: Zəngəzur mahalı
X qrup: Dərələyəz mahalı
XI qrup: İrəvan şəhəri
Azərbaycan xalçalarının İrəvan qrupu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub, onun əsas sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirir. Tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycanda yaradılmış xalçaçılıq nümunələri azərbaycanlıların Ermənistandan deportasiyasının başa çatdığı bir şəraitdə, onların məskunlaşdığı Azərbaycan Respublikası ərazisində davam etdirilir. Qərbi azərbaycanlıların tarixi ənənələri, o cümlədən xalçaçılıq sənətini layiqincə yaşatması onların dədə-baba torpaqlarına qayıtmaq arzusunun bir daha yenilməz təsdiqidir.
İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri-nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də, qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik, mənsubiyyətindən xəbər verir. İstər yer-yurd və coğrafi adlar, istərsə də müasir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq, əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş etdiyi nemətlərdən səmərəli istifadə edib.
Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirib.
Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça və xalça məmulatları əsas yer tutur. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər namazlıqlar, çullar və digər toxunma məmulatları da var idi. Zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar verib, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş edib. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutub, onların ifadəsi xalçalarda öz əksini tapıb. Mifoloji quşlar, heyvanlar, həmçinin, dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər bu bölgənin xalçaları üçün spesifik idi. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların əsas düşüncə və hisslərinin müstəvisi kimi çıxış etdiyini söyləmək olar.
Modern.az
Xalçaçılıq
Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq.
Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.
Xalçaçılığın tarixi
Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid «Dünyanın sərhədləri» əsərində, XII əsrə aid «Kitabi-Dədə-Qorqud» dastanında, klassik şairlərimiz Nizami və Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub. Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əks olunub. Buna misal olaraq XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir. Xalçalarımız haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar düzülüb-qoşulub. Uzun illərdir xalçaçılıqla məşğul olan Nəzakət Qəhrəmanovanın sözlərinə görə, qədimdə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirmişlər: «Elçilər isə istəməyə gəldikləri qızın toxuduğu xalçaya baxmaqla təkcə onun qabiliyyətini deyil, həm də xasiyyətini də müəyyənləşdirirmişlər.
Xalça növləri
Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir. Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.
Xalçaçılıq məktəblərimiz
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz məktəbləridir. Bu məktəblərin hər biri isə ayrı-ayrı məntəqələrə bölünür.
- Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb.
- Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir.Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.
- Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.
- Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.
- Qazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır.
- Qarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
- Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur «Şeyx Səfi» xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır. Çox təəssüf ki, bün Təbriz xalçaçılıq məktəbinin nümunələri dünyada daha çox İran xalçaları kimi tanınır.
Xalçaçılıq ənənəsinin bərpası
Xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə hələ 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Bu gün həmin muzeydə 6 mindən artıq xalça, 15 mindən artıq eksponat var. Onların hər biri müxtəlif bölgələrin xalça ənənələrini özündə ehtiva edir. Azərbaycanda xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın mərhum xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. L.Kərimov uzun illər xalçaları tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb.
2004-cü ildə «Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» Qanun qəbul edilib. Sözügedən qanundan irəli gələn vəzifələrin icrası Azərbaycanda xalçaçılığın inkişafına inam yaradıb.
- Teqlər:
- xalça
- , Azərbaycan mədəniyyəti
- , xalçaçılıq
- , xalçaçılıq sənəti
- , Azərbaycan xalçası
Comments are closed, but trackbacks and pingbacks are open.