Press "Enter" to skip to content

Müstəqil Azərbaycan

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Radisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) və b. fəaliyyət göstərir. 2011-ci il iyulun 2-də Bakıda beşulduzlu “Kempinski Badamdar” hotel kompleksinin açılışı olub. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.

Azərbaycanda turizmin inkişafı: tarix və bu gün

Bu sahənin dünya standartlarına uyğun inkişafının təmin edilməsində Turizm İnstitutunun da üzərinə mühüm məsuliyyət düşür

Respublikamızın zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır. Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər iqlimindən dağ tundra iqliminədək) burada müşahidə olunur. Bu geniş potensialdan istifadə edib ümumi daxili məhsulun 10 faizini turizmdən əldə edə bilərik.

Turizm bütün dünyada ən gəlirli sahələrdən biridir. Elə ölkələr var ki, milli gəlirlərinin çoxunu məhz turizmdən götürürlər. Son illərdə respublikamızda da turizmə dövlət qayğısı genişlənib. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsi günü-gündən yaxşılaşır. Turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən gələn turistlər əla istirahət etməklə yanaşı ölkəmizlə, onun tarixi, indiki vəziyyəti və gələcək planları ilə tanış olurlar. Turizm sahəsində bugünkü nailiyyətlərimizi düzgün qiymətləndirmək üçün ölkəmizdə bu sahənin inkişaf tarixinə qısa nəzər salmaq yerinə düşər.
Azərbaycanda turizmin tarixi XX əsrin əvvəllərindən başlanır. 1908-ci ildə Krım-Qafqaz klubunun bir bölməsi Bakıda fəaliyyətə başlamışdı, burada turizmlə bağlı araşdırmalar aparılır, ekskursiyalar təşkil olunurdu. Bakıda “Astoriya”, “Ermitaj”, “Marsel”, “Metropol” kimi mehmanxanalar fəaliyyət göstərirdi. Karvansaralardan da mehmanxana kimi istifadə olunurdu.
Rusiya Turist Cəmiyyəti 1910-cu ildən etibarən Qafqaza müstəqil səyahətlər təşkil edirdi. 20-ci illərin əvvəllərində Bakı realnı məktəbində ilk ekskursiyalar, 1922-ci ildə isə ekskursiya dərnəkləri təşkil edilmişdi. 1927-ci ildə Bakıya ilk dəfə Almaniyadan 10 nəfərlik turist qrupu gəlmişdi. 1928-ci ildə “Sovetski turist” və 1929-cu ildə “İnturist” səhmdar cəmiyyətləri yaradılmış və bu cəmiyyətlər Qafqaza turizm marşrutları açmışdı. Bakıda turizm təşkilatlarının bölmələri fəaliyyət göstərirdi. 1936-ci ildə Bakı Turizm Bazası, Hacıkənd Turist Evi və Göygöl turist düşərgəsi, 1950-ci ildə Bakı Ekskursiya Bazası yaradıldı, 1952-ci ildə Bakı Turist Bazası onun tərkibinə daxil edildi. 1957-ci ildə Azərbaycan Turist Ekskursiya İdarəsi, 1960-cı ildə Göygöl, 1962-ci ildə Mingəçevir və Hacıkənd turist bazaları fəaliyyətə başladı. 1967-1984-cü illərdə Yalamada “Sputnik” turist düşərgəsi, Gəncə, Sumqayıt, Abşeron, Naftalan, Xankəndi, Mingəçevir, Naxçıvan, Lənkəran, Ordubad, Zaqatala, Şuşa, Qobustan ekskursiya büroları yaradıldı. Azərbaycan SSR Xarici Turizm İdarəsi təşkil edildi. 1987-ci ildə Azərbaycandan 10 min nəfər xarici ölkələrə turist səfərinə getmişdi. Həmin dövrdə respublikamızda 17 turizm və ekskursiya bürosu, 8 turist bazası və 6 mehmanxana fəaliyyət göstərirdi. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan müharibə səbəbindən bir sıra sahələrdə olduğu kimi, turizm sahəsində durğunluq yarandı. Vəziyyət tədricən 90-cı illərin sonuna doğru düzəlməyə başladı.
Amma turizmin inkişafını adekvat təmin etmək üçün yetərli kadr potensialı yox idi. Turizm sahəsində xidmət personalının hazırlanması işi, demək olar ki, diqqətdən kənarda qalmışdı. Bu da xarici ölkələrdən respublikamıza turist axınının səviyyəsinin yüksəlməsinə ciddi əngəl törədirdi.
1999-cu il iyunun 4-də “Turizm haqqında” qanun qəbul edildi. 2001-ci il aprelin 18-də Gənclər və Turizm Nazirliyi, 30 yanvar 2006-cı il tarixdə isə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildi. Bundan sonra Azərbaycanda turizmin inkişafı yeni mərhələyə qədəm qoydu.
Turizmi inkişaf etdirmək üçün respublikamızda yeni istirahət mərkəzlərinin, hotellərin və s. inşası, turizm infrastrukturunun yaradılması paralel olaraq bu sahədə kadr hazırlığının da yüksək səviyyədə təşkilini zəruri edirdi. 2006-cı ilin fevralında Azərbaycan Turizm İnstitutunun (ATİ) yaradılması da bu zərurətdən irəli gəlmişdi.
Turizm işinin bütün sahələri üzrə kadrların hazırlanması ATİ-nin qarşısında duran əsas vəzifədir. İndi ATİ-də 7 kafedra fəaliyyət göstərir və bunlar turizmin bütün sahələri üçün kadr hazırlığı ilə məşğuldur. Burada turizm sənayesi üçün 11 ixtisasda kadr hazırlanır: turizm və hotelçilik, menecment, marketinq, regionşünaslıq, tərcümə, macəra, ekstremal və dağ turizmi, sosial iş və s.
Gənc təhsil ocağı olmasına baxmayaraq ATİ ölkəmizdə turizm sahəsində kadr hazırlığına güclü təkan verir. Geniş auditoriyalar, müasir texniki vasitələrlə təchiz olunmuş laboratoriyalar tələbələrin ixtiyarına verilib. İnstitutda kifayət qədər professor və müəllim heyəti çalışır. 186 nəfər müəllim heyətindən 30 nəfəri professor və dosent, 9-u elmlər doktoru, 58-i fəlsəfə doktorudur. Burada magistr, fəlsəfə doktoru və elmlər doktoru hazırlığına icazə verilib və bunun üçün hər cür şərait var.
İnstitutda zəngin kitabxana da fəaliyyət göstərir. Burada 7000 nüsxəyə yaxın mühüm dərslik və ədəbiyyat, 1000-dən artıq kitabça, 200-dən artıq disk, 1000 nüsxə dərslik, 30 adda qəzet və jurnal var. Qısa müddətdə belə zəngin kitabxana fondunun yaradılması, əlbəttə, xeyli zəhmət və vəsait tələb edir.
Hazırda ATİ-də 1300-dən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır. 2010-2011-ci tədris ilindən başlayaraq beynəlxalq münasibətlər və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığına başlanılıb. Turizm sahəsi üçün ixtisaslı mütəxəssislər hazırlamaq məqsədilə ATİ-də qısamüddətli kurslar da təşkil olunub. Eyni zamanda institut turizmlə məşğul olan təşkilatlara elmi-metodiki xidmət göstərir.
ATİ-nin tələbələrinin aldıqları nəzəri biliklərin istehsalatda tətbiqini təkmilləşdirmək üçün 22 həftəlik istehsalat təcrübəsi keçirilir. İstehsalat təcrübəsi həm respublikada, həm də respublikadan kənarda aparılır. İnstitutun 100-dən çox tələbəsi turizmin yüksək səviyyədə təşkil olunduğu Türkiyə, Şimali Kipr, Yunanıstan və İsrailin turizm ocaqlarında tanışlıq və ya istehsalat təcrübəsi keçib. ATİ kadr hazırlığında Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” bağlayıb.
İnstitutun tələbələri xarici ölkələrdə də təhsil almaq imkanına malikdir. Birinci kursun sonunda İELTS proqramı üzrə 6 baldan yuxarı səviyyə sertifikatı alan tələbələr Avstriya-Azərbaycan turizm proqramı qrupuna daxil ola və bu yolla bakalavr təhsilini bitirərək həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını ala bilərlər. İnstitut beynəlxalq əlaqələrini inkişaf etdirərək Avropa İttifaqının Erasmus Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq edir.
Ali turizm təhsili ilə yanaşı bacarıqlı xidmət personalının hazırlanması üçün ATİ-nin təlim mərkəzi yaradılıb. Təlim mərkəzi Bakıda, həmçinin turizm potensialının mövcud olduğu Lənkəran, Xaçmaz, Quba və s. rayonlarda turizm kursları təşkil edib.
Dövlətin turizmə diqqəti sayəsində bu sahənin inkişafı üçün geniş imkanlar açılır. 2000-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Bu da respublikamızın turizm potensialını təbliğ etməkdə mühüm rol oynayır. Görülən tədbirlər nəticəsində ölkəmizə xarici ölkələrdən gələn turistlərin sayı günü-gündən artır.
2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib. Bu il çərçivəsində ölkəmizdə yeni infrastruktur layihələrinin icrası, beynəlxalq şəbəkəyə daxil olan hotellərin açılışı gerçəkləşəcək. Təkcə Bakıda beşulduzlu beş hotel açılacaq. Bu hotellərdə və başqa turizm obyektlərində çalışmaq üçün peşəkar işçilərin hazırlanması ATİ-nin öhdəsinə düşür. Respublikamızda turizm sənayesi üçün yüksəkixtisaslı kadr hazırlayan təhsil ocağının missiyası Azərbaycan turizminin yüksək dünya standartı ilə ayaqlaşmasına töhfə verməkdir.
ATİ-də 2008-2016-cı illəri əhatə edən strateji inkişaf planı qəbul edilib. Bu, institutun daha sürətli inkişafına təkan verə biləcək proqramdır. Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, respublikamızda turizm sənayesinin inkişafına mühüm töhfə verən belə bir ali təhsil ocağının adının universitet olması və onun respublikamızda fəaliyyət göstərən digər universitetlərlə bir kateqoriyaya malik olması arzuediləndir.

Həsən Quliyev,
filologiya elmləri doktoru, professor

Turizm

Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv qəbul olunmuşdur.

Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələr həyata keçirilir.

Respublikada turizm sahəsində dövlət siyasətini 2018-ci ilin may ayınadək Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturları həyata keçirmişdir.

Hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirir. Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mövcud strukturu əsasında yaradılmışdır.

Müstəqil Azərbaycanda turizm sahəsinin infrastrukturu ciddi şəkildə inkişaf etmişdir.

Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə “Turizm haqqında” qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir. Gənclər, İdman və Turizm Nazirliyi 18 aprel 2001-ci ildə yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006 il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir.

“Azərbaycan Respublikasında 2002-2005 illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası – Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının turizm sənayesi üçün müasir beynəlxalq tələbələrə cavab verən mütəxəssislərin hazırlanması; müxtəlif təhsil formalarını tətbiq etməklə yüksək mədəni və vətəndaş fəallığı ilə dərin peşə biliyini özündə birləşdirən yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı Qərarına əsasən Azərbaycan Turizm İnstitutu yaradılmışdır. Azәrbaycan Respublikasında turizm, menecment vә digәr xidmәt sahәlәrindә müşahidә olunan sürәtli inkişafı, “Azәrbaycan 2020: gәlәcәyә baxış” İnkişaf Konsepsiyasını, Azәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyasını nәzәrә alaraq 22 dekabr 2014-cü ildə Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamı ilə Azәrbaycan Turizm vә Menecment Universiteti yaradılməşdır.

Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). “Amburan”, “Karvansara”, “Bəh-bəh klub”, “Mc Donald’s”, “Pizza-nat”, “Patio-pizza”, “Oyster Fish House”, “Dolce Vita”, “Dəniz” restoranları və b. həm yerli əhalinin, həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Radisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) və b. fəaliyyət göstərir. 2011-ci il iyulun 2-də Bakıda beşulduzlu “Kempinski Badamdar” hotel kompleksinin açılışı olub. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın tələbləri çərçivəsində hesabat dövrü ərzində Quba, Şamaxı, Şəki, Lənkəran, Gəncə, Zaqatala, Xaçmaz və Naxçıvan turizm informasiya mərkəzləri fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 655-ə çatmışdır.

Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşrutuna salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik Muzeyi yaradılıb. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.

Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılmışdır. 250-dən artıq turizm şirkətinin fəaliyyət göstərdiyi Azərbaycanda da bu assosiasiyanın təsis edilməsi mühüm addım hesab olunur..

6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. UNESCO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmışdır (2000). “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının və milli parkların sayının artması təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir.

2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlərdəndir.

1 iyul 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.

2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistan ordusunun işğalından azad edilməsindən sonra yeni yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, “ağllı” şəhər və kəndlərin salınması həmin regionda turizmin inkişafına xeyli dərəcədə təkan verəcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.