Azərbaycan alimlərinin beynəlxalq əlaqələri genişlənir
“Azərbaycan – Avropa İttifaqı Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi
Azerbaycanin beynelxalq elaqeleri
Beynəlxalq təşkilatlarla əlaqələr
Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyi (RRB) xüsusi yer tutur.
Beynəlxalq Telekommunikasiya İttifaqı – Azərbaycanın BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi – Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirməkdədir. Belə ki, RİTN-in təşəbbüsü ilə 5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycanın dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmişdir və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, həllər, xidmətlər Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir. 24-27 oktyabr 2011-ci il tarixlərində “ITU Telecom World-2011” sərgi-forumunda Azərbaycanın Milli İKT Pavilyonunun təqdim edilməsi məqsədilə 180 m2-lik stend (ikimərtəbəli) icarəyə götürülmüş, RİTN-in nümayəndə heyəti, rabitə və İKT sahəsi üzrə ixtisaslaşmış 20-dən çox milli şirkət sərgidə iştirak etmişdir.
BTİ-nin Baş katibi cənab Həmədan Ture təşkilata rəhbərliyi dövründə daim ölkəmizə isti münasibəti ilə fərqlənmiş, dəfələrlə Azərbaycana səfərlər etmiş və BTİ ilə yeni, daha yüksək səviyyədə əməkdaşlığın əsasını qoymuşdur. Bu səfərlər zamanı cənab H.Turenin Prezident İlham Əliyev tərəfindən qəbul edilərək ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparması dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğuna bariz nümunədir.
Ümumdünya Poçt İttifaqı – BMT-nin ixtisaslaşmış agentliklərindən olmaqla dünyanın 192 ölkəsini bir təşkilatda birləşdirərək, ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyən və inkişaf strategiyasını müəyyənləşdirməklə əlaqələndirici funksiyasını həyata keçirir.
Azərbaycan 01 aprel 1993-cü il tarixindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür. Qurumun Administrativ Şurası (Council of Administration – CA) təşkilatın əsas idarəedici orqanıdır, ÜPİ-nin fəaliyyət proqramının koordinasiyasını, ÜPİ Aktlarının hazırlanması və həyata keçirilməsinə, büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. ÜPİ-nin Konqresində dünyanın 5 coğrafi regionu üzrə cəmi 40 üzv seçilir. Azərbaycan ÜPİ-nin Buxarest (2004) Konqresində və Cenevrədə (2008) keçirilmiş Konqresdə CA-ya üzv seçilmişdir. ÜPİ-nin baş direktoru cənab Eduard Dayan 2005-ci ilin may ayında və 2010-cu ilin dekabrında Bakıda olmuş, Dünya Bankının dəstəyi ilə ölkəmizin poçt şəbəkəsində həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin başlanğıc və yekun mərasimlərində iştirak etmişdir.
Nəticə olaraq deyə bilərik ki, son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur. Hər il müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə (sərgi, konfrans, forum və s.) iştirak olunmuş, məhsuldar görüşlər keçirilmiş və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər aparıcı təsisatların illik hesabatlarında öz əksini tapmışdır.
Ölkəmizin regionun lider dövləti kimi Cənubi Qafqaz regionu üzrə layihələrin həyata keçirilməsi prosesində təşəbbüskarlığı və dominantlığı rabitə və İKT sahəsinə də sirayət etmişdir. TAE, TASİM kimi layihələrin reallaşdırılması, habelə RİZ-lərin yaradılmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir və bu layihələrin uğurla həyata keçirilməsi son nəticədə ölkəmizin və bütövlükdə regionun inkişafına yeni təkan və münbit zəmin verəcəkdir.
Regional Rabitə Birliyi – 1991-ci ilin 17 dekabr tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən Regional Rabitə Birliyi yaradılmışdır. Sözügedən təşkilatın əsas vəzifəsi müstəqillik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, yeni müstəqil dövlətlər arasında elektrik və poçt rabitəsi sahəsində əməkdaşlığın həyata keçirilməsi olmuşdur. Müxtəlif komissiyalardan ibarət olan Regional Rabitə Birliyinin daimi fəaliyyətdə olan icraiyyə orqanı Moskva şəhərində yerləşən İcraiyyə Komitəsi, ali orqanı isə Rabitə Administrasiyaları Başçılarının Şurası sayılır. Şuranın sədri Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovdur.
Avropa İttifaqı (Aİ) – Avropa İttifaqı formal olaraq 1993-cü ildə Maastrixt müqaviləsinə əsasən təsis edilsə də, təşkilatın təməlini 6 təsisçi dövlət – Fransa, Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən 1951-ci ildə yaradılan Avropa Kömür və Polad Birliyi və 1957-ci ildə Roma müqaviləsinə əsasən yaradılan Avropa İqtisadi Birliyi təşkil edib.
Aİ-nin Baş qərargahı Brüssel (Belçika) şəhərində yerləşir, Avropa Komissarlığının (icraedici orqan) Prezidenti Jan-Klod Yunkerdir (Belçika).
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin əsası təsis edildiyi tarixdən etibarən qoyulub. Lakin münasibətlərin hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə çoxtərəfli əməkdaşlıq platforması olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb (6 iyul 2016-cı il tarixində qüvvəyə minmişdir). Hazırda Aİ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır.
Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq:
Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində
- 2013-cü ildən etibarən Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) Proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində ŞT Proqramına üzv olan 6 ölkənin rəqəmli bazarlarının Avropa İttifaqı ölkələrinə uyğunlaşdırılması məqsədilə “Rəqəmli bazarların harmonizasiyası” (Harmonisation of Digital Markets-HDM) təşəbbüsü həyata keçirilməyə başlanıb. Təşəbbüs çərçivəsində 2015-ci ilin iyun ayında Lüksemburqda üzv ölkələrdə rəqəmli bazarlarda mövcud vəziyyətə dair müzakirələr aparılıb və tədbirin yekununda Birgə Bəyannamə qəbul edilib.
- Bəyannamədən irəli gələrək Avropa Komissiyası tərəfindən “İqtisadi inteqrasiya və Avropa İttifaqının siyasətinə uyğunlaşma” platforması çərçivəsində Rəqəmli bazarların uyğunlaşdırılması paneli təsis olunub. 18-19 noyabr 2015-ci il tarixində Brüssel şəhərində rəqəmli bazarların uyğunlaşdırılması panelinin ilk iclası keçirilib.
- Rəqəmli bazarların uyğunlaşdırılması paneli çərçivəsində 2016-2017-ci illər üçün Təbirlər Planında Azərbaycan tərəfi elektron gömrük (e-customs) prioritet istiqaməti üzrə ŞT Proqramına daxil olan ölkələr arasında əsas icraçı, kiçik və orta sahibkarlar üçün elektron ticarət (e-commerce for SMEs) istiqaməti üzrə isə Belarus tərəfi ilə birgə əsas icraçı seçilmişdir. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təklif olunan “İKT yönümlü texnoparklar arasında əməkdaşlıq üçün regional şəbəkənin yaradılması” layihəsi Tədbirlər Planına daxil edilib.
- 05-06 oktyabr 2016-cı il tarixlərində Brüssel şəhərində Azərbaycan tərəfinin koordinator olduğu “İnnovasiya və tədqiqat üçün İKT infrastrukturu” istiqaməti üzrə tədbir keçirilib.
- 17-18 oktyabr 2016-cı il tarixlərində Brüsseldə Avropa Komissiyasının rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottingerin, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və ya nazir müavinlərinin iştirakı ilə Nazirlər Toplantısı və HDM Panelin növbəti iclası keçirilib. Nazir müavini Elmir Vəlizadə iştirak edib. Tədbirdə HDM Panel çərçivəsində EU4Digital şəbəkəsinin yaradılması elan edilmiş, növbəti illər üçün tədbirlər planı qəbul edilmiş və toplantının sonunda Rəqəmli Cəmiyyət üzrə Bəyannamə oxunub.
- 2012-ci ilin sentyabr ayında ŞT çərçivəsində yaradılan Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (Eastern Partnership Regulators Network-EaPeReg) çərçivəsində 2014-cü ildə ŞT ölkələri ilə Aİ-yə üzv ölkələrin elektron rabitə tənzimləyicilərini birləşdirən Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri (BEREC) arasında əməkdaşlıq mexanizmlərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb. Azərbaycan EaPeReg çərçivəsində “müşahidəçi” qismində fəaliyyətini davam etdirir.
Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində əməkdaşlıq
- Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt-komitənin və ədliyyə, azadlıq, təhlükəsizlik və demokratiya üzrə alt-komitənin iclaslarında mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.
“Yeni telekommunikasiya texnologiyalarının tətbiqi üzrə dövlət tənzimləməsi” adlı TAİEX layihəsi ilə bağlı əməkdaşlıq
- 03-07 iyul 2017-ci il tarixlərində Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) yardım aləti çərçivəsində Almaniyanın İqtisadi İşlər və Energetika Nazirliyinin rəsmisi cənab Andres Hartlın Bakıda ekspert missiyası təşkil edilib. Ekspert missiyası çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzində yeni telekommunikasiya texnologiyalarının tətbiqi üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Aztelekom” MMC-nin və “Baktelekom” nümayəndələrinin iştirakı ilə ardıcıl təlimlər təşkil olunub.
“Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsi ilə bağlı əməkdaşlıq
- 17 mart 2017-ci il tarixində nazirliyə daxil olan məktubda adıçəkilən ekspertin hazırladığı “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi layihəsi üzrə Texniki Tapşırıq” və “Azərbaycanda Elektron Xidmət Sisteminin Qiymətləndirilməsi və Tövsiyələr” adlı hesabat təqdim edilib.
- “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsinin ümumi məqsədi e-xidmətlər (E-Ticarət və E-Hökumət) sisteminin daha da inkişaf etdirilməsində Azərbaycan hökumətinə dəstəyin göstərilməsidir. Layihə çərçivəsində aşağıdakı məqsədlərə nail olmaq nəzərdə tutulub:
- Texniki spesifikasiyaların (E-Ticarət, E-Hökumət, Açıq Hökumət Məlumatları), strategiya və tədbirlər planının hazırlanmasında dəstəyin göstərilməsi;
- E-imza və e-ödəniş xidmətlərinin beynəlxalq standartlar əsasında texniki cəhətdən daha da inkişaf etdirilməsində və təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
- E-Ticarət, e-Hökumət, Açıq Hökumət Məlumatları üzrə hüquqi-tənzimləyici çərçivənin təkmilləşdirilməsi;
- Azərbaycanın Etimad Nişanı Sisteminin yaradılması.
Nəqliyyat sahəsində əməkdaşlıq üzrə:
Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq
- Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində ŞT ölkələri ilə Aİ arasında nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə 2011-ci ilin sentyabr ayında ŞT Proqramının “İqtisadi İnteqrasiya və Aİ Siyasətinə Uyğunlaşma” üzrə 2-ci Platforması tərkibində Nəqliyyat Paneli yaradılıb.
- Panelin iclasları zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan Respublikası üzərindən keçən hissəsi (avtomobil və dəmir yolu) Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) əsas şəbəkələri (core networks) hissəsinə daxil edilib. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsi qənaətbəxş şəbəkələr (comprehensive networks) hissəsinə daxil edilib.
- Həmçinin tədbir zamanı Trans-Avropa Nəqliyyat Dəhlizləri Elektron İnformasiya Sisteminə (TENtec) qoşulmaqla bağlı Avropa Komissiyası tərəfindən tərəfdaş ölkələrə müraciət ünvanlanmış və sözügedən sistemə qoşulmaq üçün danışıqların aparılması məqsədilə tərəfimizdən bu sahədə müvafiq ekspert təyin olunub.
Qanunvericiliyin uyğunlaşdırılması sahəsində əməkdaşlıq
- Azərbaycan Respublikasının qoşulduğu “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə (AETR) müvafiq olaraq ölkə ərazisində “Beynəlxalq avtomobil daşımalarında rəqəmsal taxoqraf sisteminin tətbiqi məqsədilə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”, “Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda” və “Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları” Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, bu qaydaların tətbiqi və rəqəmsal taxoqraf şirkət və sürücü kartlarının verilməsi işlərinə başlanılıb.
Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq
- Azərbaycan Avropa İttifaqının Qonşuluq Siyasəti Proqramına qoşulmuş və bu çərçivədə 2006-cı il 14 noyabr tarixində Brüssel şəhərində Fəaliyyət Planı qəbul edilib.
- Aİ üzv dövlətlərinin təcrübəsi nəzərə alınmaqla qəbul edilmiş normativ hüquqi aktların tətbiqi və yeni qanunvericilik sənədlərinin hazırlanması, habelə bu sahədə mütəxəssislərin hazırlığı və kadr potensialının artırılması prosesinə texniki köməklik göstərilməsi məqsədilə Aİ-nin sadələşdirilmiş Tvinning aləti və Texniki Yardım və Məlumat Mübadiləsi (TAIEX) çərçivəsində əməkdaşlıq həyata keçirilir.
“Azərbaycan – Avropa İttifaqı Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi
- 06 – 07 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Brüsselə rəsmi səfəri çərçivəsində “Strateji Tərəfdaşlıq haqqında Saziş”in imzalanmasına dair razılıq əldə olunub. Sözügedən Saziş layihəsinin vacib tərkib hissələri olaraq, nəqliyyat və İKT sahələri üzrə danışıqlar davam etdirilməkdədir.
Beynəlxalq Nəqliyyat Forumu (BNF) – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (1961) ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Nəqliyyat Forumu 1953-cü il 17 oktyabr tarixində 19 dövlətin iştirakı ilə Belçikanın Brüssel şəhərində imzalanmış təsis Protokoluna uyğun olaraq Avropa Nəqliyyat Nazirləri Konfransı kimi fəaliyyətə başlamışdır.
2006-cı ilin may ayında İrlandiyanın Dublin şəhərində keçirilmiş Nəqliyyat Nazirləri görüşündə imzalanmış Dublin Bəyannaməsinə əsasən, təşkilatın adı Beynəlxalq Nəqliyyat Forumu adlandırılmış və 2007-ci il yanvarın 1-dən Forum öz işinə başlamışdır.
Hökumətlərarası xarakter daşıyan təşkilata hal-hazırda 54 üzv və bir müşahidəçi dövlət daxildir.
Forumun əsas məqsədi üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübənin öyrənilməsi, nəqliyyatın inkişafı üçün dövlətlərarası dialoqun yaradılmasından ibarətdir. Forum nəqliyyatın bütün sahələrinin qlobal səviyyədə inkişafına şərait yaratmaqla dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır.
Forum nəqliyyat sahəsində əməkdaşlığın bir çox sahələri – avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, aviasiya, dənizçilik, nəqliyyatda təhlükəsizlik və digər sahələr üzrə müxtəlif mövzularda illik görüşlər keçirir. Forumun İllik Zirvə Toplantıları ənənəvi olaraq Nəqliyyat Nazirləri səviyyəsində Almaniyanın Leypsiq şəhərində keçirilir.
Beynəlxalq Nəqliyyat Forumunun işi 6 orqan tərəfindən təşkil edilir. Foruma Baş Katib (Yanq Tae Kim – Koreya Respublikası) rəhbərlik edir. Forumun mənzil-qərargahı Parisdə yerləşir.
Azərbaycan Respublikası təşkilatda 1995-ci ildən 1998-ci ilə kimi müşahidəçi, 1998-ci ilin 9 aprel tarixindən isə tamhüquqlu üzv statusuna malikdir.
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 2015-ci ilin 26 may tarixində Almaniyanın Leypsiq şəhərində keçirilmiş Nəqliyyat Nazirlərinin növbəti Sammitində Foruma üzv ölkələrin beynəlxalq avtomobil daşımaları ilə məşğul olan müəssisə və ya fərdi sahibkarlarına münasibətdə vahid tələblər tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyası barədə sənəd qəbul edilmişdir. Keyfiyyət Xartiyası beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinin sürücülərinin, eyni zamanda hüquqi və ya fiziki şəxslərin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, həmçinin vahid tələblərin pozulmasına görə nəzarət və inzibati cərimələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycanın sözügedən Xartiyaya qoşulması ilə bağlı dövlətdaxili proseduralar həyata keçirilir.
Azərbaycan nümayəndə heyəti 31 may – 2 iyun 2017-ci il tarixində Almaniyanın Leypsiq şəhərində keçirilən 10-cu Beynəlxalq Nəqliyyat Forumu Sammitində iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti Sammitin müxtəlif mövzularda keçirilən seminarlarında, nazirlər toplantılarında və plenar iclasda iştirak etmişdir. Ölkəmizdə sahə ilə bağlı həyata keçirilən dövlət siyasəti, nəqliyyat infrastrukturunun inkişafı, həyata keçirilən və perspektiv layihələr, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı barədə məlumat verilmişdir.
İqtisadi Əməkdaşlıq Təşkilatı – Azərbaycan Respublikası 1992-ci ilin 28 noyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul olunub. Təşkilata Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan da üzvdür. İƏT-in Baş qərargahı Tehranda yerləşir, hazırkı Baş katibi isə İbrahim Akçadır (Türkiyə).
İƏT-in əsas məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir. Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir.
İƏT çərçivəsində nəqliyyat və İKT sahələrində işçi qrupları mövcuddur.
İKT üzrə işçi qrup çərçivəsində əməkdaşlıq:
- 11-13 noyabr 2012-ci ildə Tehran şəhərində İƏT-in İKT üzrə birinci Nazirlər Toplantısı keçirilmiş, tədbirdə nazir müavini İltimas Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmiş, yekunda Tehran Bəyannaməsi qəbul edilib.
- İƏT-in İKT üzrə ikinci Nazirlər Toplantısı 2017-ci ilin 5 dekabr tarixində Bakı şəhərində keçirilib. İclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda işçi qruplarının iclaslarında müzakirə olunan məsələlərin yekunu olaraq tövsiyə sənədi kimi Bakı Bəyannaməsinin qəbul olunması müzakirə edilib. Qeyd edilib ki, müzakirələr üzv ölkələrdə İKT-nin inkişafına təkan verəcək.
Nəqliyyat üzrə işçi qrup çərçivəsində əməkdaşlıq:
- İqtisadi Əməkdaşlıq Təşkilatının prioritet istiqamətlərindən biri 1998-ci il 9 may tarixində Almatı şəhərində keçirilmiş İƏT-in 5-ci Sammitində imzalanmış Tranzit Nəqliyyatı Çərçivə Sazişinin həyata keçirilməsidir. İƏT üzvü olan 10 ölkədən 9-u artıq bu Sazişə qoşulub. Saziş 2006-cı il 19 may tarixindən qüvvəyə minib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 04 dekabr tarixli № 559-İQ nömrəli Qanunu ilə bu Saziş təsdiq edilib.
- Azərbaycan Respublikası Tranzit Nəqliyyatı Çərçivə Sazişi üzrə əlaqələndirici təyin edilib. Tranzit nəqliyyatı məsələlərinin monitorinqinin və koordinasiyasının həyata keçirilməsi üzrə Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyətinin daha da artırılması məqsədi ilə Hüquq, Sığorta, Dəmir yolu, Avtoyol və Tranzit ticarəti üzrə alt komitələr yaradılıb.
- İƏT regionun nəqliyyat və kommunikasiya sisteminin və əsas nəqliyyat dəhlizləri olan “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsinin iştirakçısıdır. Layihə üzrə Yüksəksəviyyəli İşçi qrupunun ilk iclası 22 may 2013-cü il tarixində Bakı şəhərində keçirilib.
- Layihənin reallaşdırılması region dövlətləri üçün daha yeni imkanlar, o cümlədən regionda ümumi dəmir yolu şəbəkəsinin yaradılmasına, dəmiryol xətlərinin modernləşdirilməsinə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və İƏT dəmir yolu şəbəkəsinin Avropa və Yaxın Şərq dəmir yolu şəbəkəsinə birləşdirilməsinə imkan yaradacaqdır.
- Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə iştirakçı dövlətlər arasında Yüksəksəviyyəli İşçi Qrupun yaradılması qərara alınıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyanın ikinci ən nəhəng beynəlxalq təşkilatıdır və 4 qitəni təmsil edən 57 üzvü vardır. İƏT 1969-cu ildə təsis edilmiş və əsas məqsədi İslam dünyasının maraqlarını müdafiə etmək, iqtisadi inkişaf və sülhü təşviq etməkdən ibarətdir. Baş qərargahı Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində yerləşir, Baş katibi isə 2016-cı ildən etibarən Yusif Əl-Otaymendir (Səudiyyə Ərəbistanı).
Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İƏT-ə üzv seçilib. İƏT-ə üzv dövlətlərlə Elm və Texnologiyalar üzrə Komitə (COMSTECH) və İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) çərçivəsində əməkdaşlıq edilir.
COMSTECH və COMCEC çərçivəsində əməkdaşlıq üzrə tarixçə:
- 26-26 noyabr 2011-ci ildə Elm və Texnologiyalar üzrə Komitənin (COMSTECH) 29-cu iclası Bakı şəhərində keçirilib;
- 19-22 dekabr 2016-cı il tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş İslam ölkələri informasiya nazirlərinin 11-ci toplantısında nazir müavini iştirak edib;
- İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) çərçivəsində İƏT-ə üzv dövlətlərlə əməkdaşlıq əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bununla belə COMCEC daxilində nəqliyyat-kommunikasiya alt-qrupu mövcuddur və alt-qrupun fəaliyyətində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) də iştirak edir. Sessiyanın gündəliyinə İƏT ölkələrində transmilli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məsələsi daxil edilib.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (International Road Transport Union, IRU) 1948-ci il 23 mart tarixində Cenevrədə yaradılıb. İttifaq milli assosiasiyalar şəbəkəsinə malikdir. Hazırda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının 72 dövlətdən olan 180 üzvü var. Bütün milli avtonəqliyyat assosiasiyaları İttifaqın həqiqi üzvləridir.
Ölkəmizdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) 1993-cü ildə yaradılıb, IRU-nun həqiqi üzvüdür.
IRU-nun mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşir, Prezidenti isə cənab Kristian Labrotdur.
Avtomobil nəqliyyatı ilə sıx əlaqədə olan sahələr, o cümlədən, avtomobil, yanacaq, şin və informasiya sistemləri istehsalçıları isə İttifaqın assosiativ üzvləridir.
İttifaqın rəhbər orqanı – Direktorlar Şurası, İcraedici orqanları – Rəyasət heyəti və Baş katiblikdir.
Təşkilatın əsas məqsədi:
- Avtomobil daşıyıcılarının və ümumilikdə avtomobil nəqliyyatı iqtisadiyyatının maraqlarına uyğun olaraq beynəlxalq avtomobil nəqliyyatının inkişafına yardım etmək;
- Peşəkar nəqliyyatçıların maraqlarının qorunması və onların əməyinin yüngülləşdirilməsi;
- Birbaşa və ya dolayısı ilə avtomobil nəqliyyatı ilə bağlı problemlərin öyrənilməsi və həlli istiqamətində iş aparılması;
- Yol hərəkətinə, gömrük rəsmiləşdirilməsinə, daşıma müqavilələrinə, yol hərəkəti təhlükəsizliyinə aid olan reqlamentləşdirmələrin unifikasiyası və sadələşdirilməsi məsələlərinin işlənib hazırlanması.
İttifaq BMT-nin mandatına uyğun olaraq TIR gömrük tranzit sisteminin fəaliyyət göstərməsini təmin edir.
TIR (Transport International Routers fransız termininin abreviaturasıdır) sistemi 4 əsas prinsip üzərində qurulub:
- Yüklər gömrük tərəfindən plomblanmış təhlükəsiz nəqliyyat vasitələrində və ya konteynerlərdə daşınır;
- Yol boyu “risk”ə görə bütün rüsum və vergilər beynəlxalq zəmanət hesabına ödənilir;
- Yüklər beynəlxalq miqyasda qəbul edilmiş, göndərilən ölkədəki səlahiyyətli assosiasiyadan (Azərbaycan Respublikasında – “ABADA”) alınan və göndərmə, tranzit və təyinat dövlətlərində tanınan “karnet”lə müşayiət olunur;
- Göndərilən ölkədəki gömrük nəzarəti tədbirləri tranzit və təyinat ölkələrində məqbul hesab edilir.
TIR sistemi hələ 1949-cu ildə yaradılıb. TIR Konvensiyası 1978-ci ildə qüvvəyə minib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı ildə qoşulub.
IRU çərçivəsində Yeni Avropa-Asiya Yerüstü Nəqliyyat Təşəbbüsü (NELTI)
Layihə tarixi İpək Yolunun bərpa olunması və Avropa-Asiya nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətində IRU tərəfindən həyata keçirilən tədbirlərin növbəti mərhələsidir. Layihənin əsas məqsədi Çindən Qərbi və Mərkəzi Avropa ölkələrinə kommersiya məqsədli avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.
Layihənin rəsmi başlanğıcı 2008-ci il 16 sentyabr tarixində Daşkənd (Özbəkistan) şəhərində olub. Layihə – Şərqdən Çin, Qazaxıstan, Qırğızıstan, Qərbdən Hollandiya və Belçikaya kimi, Şimaldan Baltikyanı dövlətlər, Cənubdan İran və Türkiyəyə kimi 24 ölkənin ərazisini əhatə edir.
Layihə üzrə yüklərin üç marşrut üzrə daşınması nəzərdə tutulur: Şimal, Mərkəz və Cənub marşrutları.
Ölkəmizin ərazisindən keçən Mərkəzi marşrutun uzunluğu təxminən 5100 km-dir. Bu marşrut üzrə Mərkəzi Çindən başlayaraq Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstandan keçməklə Avropa Birliyinə avtomobillərin yığılması üçün hissələrin və pambığın daşınması nəzərdə tutulur. Çatdırılma müddəti 14-18 gün təşkil edir.
2009-cu il 11 iyun tarixində Almatı şəhərində keçirilən 5-ci Avropa-Asiya konfransında NELTI layihəsinin pilot fazasının nəticələri təhlil olunarkən istər təşkilatçılar, istərsə də iştirakçılar tərəfindən layihənin yüksək effektivliyi qeyd olunub və 2009-cu ilin iyul ayından ikinci fazaya start verilməsi barədə qərar qəbul edilib.
Bundan əlavə Şimal və Mərkəzi marşrutun bir neçə variantı müəyyən edilib (Qazaxıstan – Rusiya – Belarus – Avropa Birliyi, Qazaxıstan- Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa Birliyi). Cənub marşrutuna isə Əfqanıstan da əlavə olunub.
NELTI layihəsinin Mərkəzi marşrutunun reallaşdırılması GUAM dövlətləri başçılarının 2008-ci il 1 iyul tarixində Batumi şəhərində keçirilmiş Sammitində dəstəklənib.
2010-cu il 18-19 mart tarixlərində Bakıda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının NELTI layihəsi çərçivəsində yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.
Tədbirdə IRU tərəfindən Əfqanıstandakı sülhməramlı qüvvələrin kontingenti üçün Avropadan daşınacaq qeyri-hərbi və humanitar mənşəli yüklərin NELTI layihəsinin Azərbaycan Respublikası ərazisindən keçən Mərkəzi marşrutu üzrə daşınması ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Tədbirlə yanaşı, Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Asiya, Avropa və əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə anlaşma memorandumu imzalanıb.
İşçi Qrupun toplantısının işində IRU, ATƏT, GUAM, TRACEKA, BMT AİK-in və digər beynəlxalq qurumların nümayəndələri də iştirak edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı – Azərbaycan Respublikası 1992-ci ilin 25 iyun tarixindən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.
Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir.
QDİƏT-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələlərə dair iki işçi qrup – İKT və elm və texnologiya üzrə işçi qrupları fəaliyyət göstərir. Hər iki işçi qrup 1994-cü ildə yaradılıb.
İKT və elm və texnologiya üzrə işçi qruplar çərçivəsində əməkdaşlıq üzrə tarixçə:
- Azərbaycan Respublikası 1 iyul 2014 – 30 iyun 2016-cı il tarixlərində QDİƏT-in elm və texnologiya üzrə İşçi Qrupuna əlaqələndirici ölkə qismində rəhbərlik edib. Bu dövr ərzində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı, 9 ölkənin və QDİƏT Daimi Beynəlxalq Katibliyinin iştirakı, PABSEC və Almaniyanın müşahidəçiliyi ilə 01-02 dekabr 2014-cü il tarixlərində Bakı şəhərində İşçi Qrupun iclası, 03 dekabr 2014-cü il tarixində isə Nazirlər Toplantısı keçirilib, İşçi Qrupun 2014-2018-ci illər üçün Fəaliyyət Planı, həmçinin Bakı Bəyannaməsi qəbul edilib.
- Azərbaycan Respublikası 1 iyul 2009 – 30 iyun 2011-ci il tarixlərində QDİƏT-in informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə İşçi Qrupuna əlaqələndirici ölkə qismində rəhbərlik edib. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, 9 ölkənin, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin, Regional Rabitə Birliyinin baş direktoru Nuriddin Muxitdinovun və QDİƏT Daimi Beynəlxalq Katibliyinin iştirakı, ABŞ-ın müşahidəçiliyi ilə 02-03 noyabr 2009-cu il tarixlərində Bakı şəhərində İKT üzrə İşçi Qrupunun iclası, 04 noyabr 2009-cu il tarixində isə Nazirlər Toplantısı təşkil olunub, TASİM layihəsinə dair xüsusi təqdimat keçirilmiş, həmçinin Bakı Bəyannaməsi qəbul edilib.
Nəqliyyat üzrə işçi qrup:
Qara Dəniz Dairəvi Avtomagistralı Layihəsi
2007-ci il 19 aprel tarixində Belqradda QDİƏT üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası zamanı “Qara Dəniz Dairəvi Avtomagistralının (QDDA) koordinasiyalı inkişafı üzrə Anlaşma Memorandumu” imzalanıb. QDDA əsas və yardımçı yol infrastrukturunun təmiri, yenidən qurulması, reabilitasiyası, müasir standartlara uyğunlaşdırılması və yenisinin tikintisini əhatə edir. QDDA-nın uzunluğu təqribən 7000 km nəzərdə tutulmuşdur. QDDA-nın marşrutunun Azərbaycan ərazisindən keçən hissə əsas marşruta daxil olan hissə kimi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi (503 km) və Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi (208 km) yolları müəyyən edilib.
Qara Dəniz regionunda multimodal bərə və sərnişin xətlərinin inkişafı
“Qara Dəniz regionunda multimodal bərə və sərnişin xətlərinin inkişafı haqqında Anlaşma Memorandumu” layihəsi ilə bağlı müzakirələr davam etdirilir. Multimodal bərə daşımaları orta və uzaq məsafələrə sərnişinlərin və yüklərin mərhələlərlə, bir neçə nəqliyyat növü ilə çatdırılmasının ən rahat və yayılmış formasıdır. Bu baxımdan, Anlaşma Memorandumu sərnişinlərin və yüklərin çatdırılmasına tələb olunan vaxtın azaldılması, yollarda və sərhəd-keçid məntəqələrində sıxlığın aradan qaldırılması, malların yükləmə-boşaldılma sayının minimuma endirilməsi, eləcə də daşıma xərclərinin azalması yolu ilə daşımaların həcminin artırılması məqsədini daşıyır. Anlaşma Memorandumu dəmir yolu-dəniz və avtomobil-dəniz yolu ilə bərə yükdaşıma xətlərinin, sərnişin bərə və kruiz xətlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın hədəflərini, prinsip və istiqamətlərini müəyyən edir.
“QDİƏT İcazəsi” layihəsi
2009-cu ilin fevral ayında İstanbulda QDİƏT regionunda malların avtomobil nəqliyyatı ilə daşınmasının sadələşdirilməsi təşəbbüsü irəli sürülsə də, üzv dövlətlərin qanunvericilikləri arasında ziddiyyətlərin olması səbəbindən öz həllini tapmayıb. Bununla belə, üzv dövlətlərin ərazisi ilə birbaşa tranzit daşıma yerinə yetirməyə imkan verən QDİƏT icazəsinin işlənib hazırlanması razılaşdırılıb. “QDİƏT İcazəsi” layihəsi bir çox üzv dövlətlər tərəfindən qəbul edilsə də, Azərbaycan bu layihəyə qoşulmayıb:
- Azərbaycan Respublikası QDİƏT-ə üzv dövlətlərlə beynəlxalq avtomobil daşımalarını həyata keçirmək məqsədilə, ikitərəfli, tranzit və üçüncü ölkə/ölkədən giriş-çıxış üçün “İcazə”ləri mübadilə edir (Albaniya və Ermənistan istisna olmaqla);
- Üzv dövlətlərlə mübadilə edilən “İcazə”lər Azərbaycan avtomobil daşıyıcılarının ehtiyaclarını tam ödədiyini və eləcə də QDİƏT üzv dövlətlərin də Beynəlxalq Nəqliyyat Forumunun (BNF) üzvü olduqları səbəbindən bu daşımalar onlar tərəfindən ikitərəfli və BNF-nin (keçmiş ECMT) çoxtərəfli “İcazə”ləri əsasında həyata keçirildiyini nəzərə alaraq, bu sahədə əlavə çoxtərəfli icazələrdən istifadə edilməsinə zərurət yoxdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana şəhərlərində dövlət başçılarının iştirakı ilə beş zirvə görüşü keçirilib.
Nəqliyyat üzrə işçi qrup çərçivəsində əməkdaşlıq tarixçəsi:
Nəqliyyat Nazirlərinin iki toplantısı (03 iyul 2014-cü il, Bakı şəhəri və 22 may 2014-cü il, Astana şəhəri) keçirilib. Eyni zamanda, nəqliyyat nazirlərinin müavinləri səviyyəsində yaradılmış Əlaqələndirmə Şurasının da iki iclası keçirilib. Bu sahədə fəaliyyət göstərən işçi qrup bu günə qədər 7 dəfə toplanıb.
Hazırda, Türk Şurası çərçivəsində üzv dövlətlər arasında qarışıq daşımaların təşviqini və bu sahədə normativ hüquqi bazanın gücləndirilməsini nəzərdə tutan kombinəedilmiş daşımalar haqqında sazişin razılaşdırılması istiqamətində iş aparılmaqdadır.
Azərbaycan alimlərinin beynəlxalq əlaqələri genişlənir
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyevin rəhbərliyi altında Avropa Birliyində BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərçivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“na həsr olunan ikiillik layihə uğurla həyata keçirilir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bir il müddətində layihə çərçivəsində yerinə yetirilən tədqiqatların nəticələri və maliyə prosesləri barədə hesabat vermək üçün layihənin iştirakçısı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov UNİCRİ-nin İtaliyanın Turin şəhərindəki baş ofisinə dəvət olunub. Burada azərbaycanlı alim layihələrin monitorinqi və qiymətləndirməsi şöbəsinin rəhbəri xanım İtziar Arispe, kimyəvi, bioloji, radioloji və nüvə materialları üzrə baş məsləhətçi Horst Stoebel və layihələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirən, proqramın rəhbəri Odhran James McCarthy ilə görüşüb. Ə.Məmmədov bir il ərzində layihə çərçivəsində yerinə yetirilmiş işlər, layihənin maliyə dəstəyi ilə alınmış cihazlar və kimyəvi reagentlər, Bakı şəhərində layihə çərçivəsində bitkilərin virus və fitoplazma xəstəliklərinin molekulyar diaqnostikasına həsr olunmuş iki elmi-praktiki seminar, Azərbaycanın müxtəlif bölgələrində aparılmış monitorinqlər, toplanmış bitki nümunələri və alınmış nəticələr barədə geniş məlumat verib.
Eyni zamanda, proqramın rəhbəri Odhran James McCarthy ilə layihənin maliyyə hissəsi geniş analiz edilib və ikinci il üçün ayrılacaq maliyyənin miqdarı və şərtləri müəyyənləşdirilib. Sonda layihə bir daha nəzərdən keçirilib və sonrakı il ərzində tamamlanmalı olan işlərin planı dəqiqləşdirilib.
Qeyd edək ki, 2013-cü ilin sonunda Horst Stoebel və Odhran James McCarthy layihə ilə bağlı Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsində olublar. Şöbənin fəaliyyət istiqamətləri, buradakı şəraitlə yaxından tanış olan qonaqlar layihənin uğurlu nəticələrinə ümid etdiklərini bildiriblər.
Comments are closed, but trackbacks and pingbacks are open.