Press "Enter" to skip to content

Azərbayca dilinin dialektoloji məsələri

İllərdən bəri Kərkük və Dərbənd adı çəkiləndə yaddaşımda kərküklü tədqiqatçı Səid İrmağın kəlamı canlanır: “Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir” fikrində böyük bir həqiqət:

Kateqoriya : Dialekt (Azərbaycan dili)

Dilin lüğət tərkibinin qeyri-fəal hissəsinə daxil olan, yalnız müəyyən bölgələrdə işlənən və başa düşülən yerli-məhəlli sözlərə dialekt sözləri deyilir. Belə sözlər dilçiliyin “Dialektologiya” bölməsində öyrənilir. “Dialekt” və “şiva” anlayışları bir qədər fərqli anlayışlardır. Belə ki, dialekt daha geniş ərazini, şivə isə dialekt daxilində daha məhdud bölgəni əhatə edir. Dialektin daxilində ləhcə fərqləri özünü göstərir.

Dialekt və şivə (ləhcə) sözləri, əsasən, məişət (danışıq) üslubunda işlənir. Bədii üslubda isə fərdiləşdirmək, təbii, inandırıcı təsvir etmək üçün obrazın dilində də dialekt sözləri işlədilə bilir. Elə dialekt sözləri də olur ki, bu və digər söz sənətkarı öz əsərində işlətdikdən sonra ümumişlək sözə çevrilir (sayrışmaq, tərəcə və s.).

Əslində dialekt sözləri ədəbi dilin lüğət tərkibinə daxil deyil, yəni onları şərti olaraq ədəbi dilin ümumişlək olmayan sözlərindən bir qrupu kimi götürürük. Lakin nəzərə alanda ki, vaxtilə dilimizdə işlənmiş sözlərin bir qismi sonralar arxaikləşərək keçib dialekt və şivələrdə “yaşayır”, onda ədəbi dilimizin tarixi inkişafını öyrənmək baxımından belə dialekt sözləri də bu gün dilimizdəki fəal sözlər qədər əhəmiyyətli sayıla bilər.

Çağdaş Azərbaycan dilinin dialekt və şivələri

Azərbaycan dilinin dialekt və şivələrinin təsnifi, əsasən coğrafi əlamətlərə görə aparılmışdır:

  1. şərq qrupu dialekt və şivələri (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri);
  2. qərb qrupu dialekt və şivələri (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi);
  3. şimal qrupu dialekt və şivələri (Şəki dialekti, Zaqatala-Qax şivəsi);
  4. cənub qrupu dialekt və şivələri (Naxçıvan, Ordubad dialektləri).

Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.

I. Şərq qrupu: 1. a~e əvəzlənməsi: qaymaq~qeymağ, qayçı~qeyçi; 2. a~o əvəzlənməsi: baba~boba; barmaq~bormağ; 3. o~u əvəzlənməsi: qoşun-quşun; 4. ö~ü əvəzlənməsi: çörək-çürek; 5. Damaq saitlərindən sonra dodaq, dodaq saitlərindən sonra damaq saitlərinin gəlməsi: bacun, aton, gəlsön, alson; 6. Sağır nun (η) səsi işlənmir; 7. Söz ortasında y samiti əvəzinə g samitinin fəallığı: dügmə, ignə, igid, sögüd; 8. Saitlərin ahəngi pozulur: qaraçi, qeytan, oxıdi; 9. Şəkilçilər, əsasən, ikivariantlıdır (dodaq variantlı): gəlübdü, alıbdu, əkdüz; 10. Qeyri-qəti gələcək zamanın inkarında –man, -mən, -mar, -mər şəkilçilərinin işlənməsi: almanam, gəlmənəm, qaçmarsan, almarsuz və s. 11. Bu qrupa aid spesifik sözlər özünü göstərir: tuğ-bayraq, xır-bostan, qəmbər-çay daşı, uruğ-nəsil, meşmeşi-ərik.

II. Qərb qrupu: 1.ə~a –xavar; 2. i~ı – qıymat; 3. Sağır nun (η) səsinin geniş işlənməsi: maηa, saηa; 4. b~v-bava, çovan; 5. c~j- bajı, qoja; 6. Saitlər söz sonunda karlaşır- papax, kəlməx; 7. b~f – bava, çovan; 8. v~y buzoy, toyla; 9. Dodaq ahəngi qüvvətlidir: görmöyüf, qurumuyuf; 10. Təsirlik halda saitlə bitən sözlərin – yı şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu; 11. indiki zaman şəkilçiləri: -er, -or, – ör, aler, quror, görör; 12. Spesifik sözlər: gap eləmək, şennix-kənd, qəlbi-hündür, ayıbalası-çiy kərpic, sorux-döşəkağı və s.

III. Şimal qrupu: 1.ə~e- eyləş, bey; 2. Sağır nun (η) itmək üzrədir; bir sıra şəkilçilər ahəngə tabe olmur: beşlıx, getmax; 3. xüsusi əvəzliklərin varlığı: habu, hu, hunda, mā, sā, mağa, sağa; 4. İndiki zaman: gələ durur, baxa durur; 5. II növ təyini söz birləşmələrinin II tərəfi mənsubiyyət şəkilçisiz işlənir: göz ağrı, baş ağrı, menin göz; 6. spesifik sözlər: tabun, şaqqa- ailə, əqraba, şəhrə-məhəllə, palankeş-süzgəc, ataqar-meşə, quştuqur-pəhləvan

IV. Cənub qrupu: 1.ə çox açıq tələffüz olunur: əv, həylə; 2. a~ə: əyax, qərə, dəğ, bəğ; 3. e~ə: pənir, səvgi, dəyil; 4. x~h: horuz, hurcun; 5. Indiki zaman formaları: -iy, – iri: gəliy, gediri, seviri; 6. Spesifik sözlər: qəzilləməx` – aldatmaq, mavrı-pişik balası, mayıf-şikəst, xudrı-boş və s.

“Dialekt (Azərbaycan dili)” kateqoriyasındakı səhifələr

Bu kateqoriyada 2 səhifə var və onlardan 2 səhifə aşağıda göstərilir.

Azərbayca dilinin dialektoloji məsələri

Azərbaycan dilinin qərib dialektləri

İllərdən bəri Kərkük və Dərbənd adı çəkiləndə yaddaşımda kərküklü tədqiqatçı Səid İrmağın kəlamı canlanır: “Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir” fikrində böyük bir həqiqət:

Kəs qovun dilim-dilim,

Mən dilimnən vaz keçməm,

bayatısı ilə məntiqi bir bağlılıq vardır. Yoxsa əsrlərlə ayrı düşmüş, məktəb və mədrəsəsi yad dildə olan soydaşlarımız hakim xalqın dilini qəbul edər, öz ana dilini unudardılar. Əslində, hakim xalqlar əsrlər boyu buna can atmışlar. Sovet dönəmində Azərbaycanla bağlı Dərbəndin adını çəkmək yasaq idi. İraqda da eyni vəziyyət hökm sürürdü. Türkdilli xalqların nümayəndələrinin Kərkükə ayaq basması qadağan idi. Hakim dairələr onların varlığını danmağa çalışırdılar.

Acı olsa da, etiraf edək ki, tarixin yaddaşı qısa, insanlar isə unutqan olurlar. Əcəba, indi çoxmu soydaşımız bilir ki, İraqda iki milyondan artıq qardaş-bacımız yaşayır?! Görəsən çoxmu soydaşımız bilir ki, indi Rusiya Federasiyasının tərkibində olan Dərbənd və Tabasaran rayonlarının 30 kəndində (biz hələ Dərbənd şəhərini demirik) yalnız azərbaycanlılar yaşayırlar?!

Bu yöndən tarixin keşməkeşləri elm adamlarını daha çox narahat edir. Odur ki, sovetlərin dayaqlarının laxlamağa, qılıncının kəsərinin korşalmağa başladığı 1976-1980-ci illərdə akademiyamızın Dilçilik İnstitutunun direktoru akademik Məmmədağa Şirəliyevin təşəbbüsü və təşkilatçılığı ilə dialektologiya şöbəsinin əməkdaşları – B.Tağıyev (1976-1978), S.Behbudov, Ə.Ağayev, Z.Xasiyev (1976-1980), N.Məmmədov (1976-1979), F.Xalıqov (1980), şöbənin müdiri professor Musa İslamovun rəhbərliyi ilə 7 dəfə həmin kəndlərdə dialektoloji ekspedisiyalarda olmuş, toplanan zəngin material əsasında “Azərbaycan dilinin Dərbənd dialekti” adlı tarixi əsər yazmışdılar. Lakin bir çox başqa əsərlər kimi, bu əsər də çap üzünə həsrət qalmışdı. Belə əsərlərdən biri də “Azərbaycan dilinin Meğri şivəsi”dir. Məlumdur ki, XX əsrin əvvəllərinə qədər bu ərazilər Azərbaycan torpağı olmuş, burada azərbaycanlılar yaşamış, sonralar ermənilərin və himayədarlarının məkrli niyyətləri ilə Azərbaycanı Naxçıvan və Türkiyədən ayrı salmaq üçün həmin yerlər ermənilərə verilmişdir.

Qədim zamanlar bir yana, hətta orta əsrlərdə səyyahların, elm adamlarının, yazarların Azərbaycan haqqında dedikləri hər hansı bir fikri əzizləyə-əzizləyə dəyərləndiririk. O da olsun dəlilə-sübuta ehtiyac duyulmayan “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin Meğri şivəsi” və “İraq-türkman ləhcəsi” kimi tarixi abidələr!

Adları çəkilən ölməz əsərlərin işıq üzü görməsində Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundovun və Dialektologiya şöbəsinin müdiri professor Qəzənfər Kazımovun əməyi az olmamışdır. Bizə qalırsa, gələcək nəsillərə bundan böyük ərməğan düşünmək çətindir.

Yeri gəlmişkən, Dialektologiya şöbəsinin əməkdaşları ilə birgə yazdığım və maddi köməyimlə çap olunan fundamental “İraq-türkman ləhcəsi” (Bakı, “Elm”, 2004, 422 s.) adlı əsərə professor Q.Kazımov sanballı giriş məqaləsi yazmışdır.

Onu da deyim ki, Dərbənd dialekti ilə İraq-türkman ləhcəsi arasında istər fonetik, istər leksik, istərsə də qrammatik cəhətdən oxşar xüsusiyyətlər çoxdur. Bu da təsadüfi deyildir. Əvvələn, ona görə ki, hər iki qərib dialekt Azərbaycan dilinə məxsusdur. İkincisi isə, Azərbaycan Sovet Ensiklopediyasının III cildi, səhifə 418-də göstərildiyi kimi, 1509-cu ildə Şah İsmayıl Dərbəndi tutandan sonra İraqda məskunlaşan Bayat qəbiləsinin bir hissəsini Dərbəndə köçürmüşdü.

Dərbənd dialektinə dair materiallar Dərbənd rayonunun 21, Tabasaran rayonunun 7 sırf azərbaycanlılar yaşayan kəndindən toplanmışdır. Təkcə kənd adlarında sabitləşən toponim və etnotoponimlər xalqımızın keşməkeşli tarixindən xəbər verən qiymətli faktlardır. Dəliçoban, Qaradağlı, Padar, Tatlar, Ulutərəkəmə, Marağa və s. belələrindəndir.

Yuxarıda göstərdiyimiz kimi, əsər Azərbaycan dialektologiya elminin yaranmasında və inkişafında xidmətləri olan, ömürlərini türkologiya elmimizin bu sahəsinə həsr edən alimlərimiz – Musa İslamov, Bəbir Tağıyev, Seyfi Behbudov, Əlimuxtar Ağayev, Zirəddin Xasıyev tərəfindən dialektologiya elminin son nailiyyətləri əsasında yazılmışdır. İlk dəfə olaraq monoqrafik tədqiqə cəlb olunan Dərbənd dialekti üzərində iş “Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqinə aid proqram”a uyğun olaraq aparılmışdır. Əsəri yazarkən alimlərimiz təsviri, müqayisəli və tarixi-müqayisəli metoddan istifadə etmişlər.

Bu qiymətli əsəri dialektoloqlarımız fonetika, morfologiya, sintaksis və leksika fəsillərinə bölərək tədqiq etmişlər. Kitabın sonunda tədqiqatçıların gəldikləri qənaətləri təsdiqləyən, yerli şivədə olan mətnlər və lüğət də verilmişdir. Tədqiqat göstərir ki, Dərbənd dialektinin şivələri fonetik, qrammatik və leksik xüsusiyyətlərinə görə Azərbaycan dilinin şimal-şərq (xüsusən Quba-Xaçmaz) və şimal-qərb (xüsusən, Zaqatala-Qax) rayonları şivələrinə uyğun gəlir.

Qədim dil faktları ilə zəngin olan Dərbənd dialektində qıpçaq qrupu türk dillərinə məxsus xüsusiyyətlər üstünlük təşkil edir ki, bu da əsassız deyildir. Tarixçi Nəsəvinin (XIII əsr) məlumatına görə, Cəlaləddin Xarəzmşahın dövründə Dərbənd ətrafına 50 min qıpçaq ailəsi köçmüşdü.

Məlumdur ki, akademik M.Şirəliyevin Azərbaycan dili dialektlərinin öyrənilməsi yolunda ən böyük arzusu Kərkük və Dərbənd dialektlərinə, eləcə də indi Gürcüstana daxil olan Borçalı mahalının şivələrinə dair materialların toplanması və tədqiqi idi. Hər iki dialektin və Borçalı şivələrinin (Borçalıda şivə materialları toplayan ekspedisiyaya şəxsən o özü rəhbərlik edirdi) öyrənilməsinin təşəbbüskarı akademik M.Şirəliyev idi.

İllərlə öncə namizədlik dissertasiyamı yazarkən elmi rəhbərim akademik M.Şirəliyev olub. “Azərbaycan dilinin Kərkük dialekti” adlı mövzunu da özü seçmişdi. 1962-ci ildə İraqa tərcüməçi işləməyə gedəndə məni yanına çağırdı və özünün hazırladığı “Azərbaycan dilinin dialekt və şivələrinin monoqrafik tədqiqinə dair proqram” və “Bakı dialekti” kitabını mənə verərək dönə-dönə tapşırdı ki, Kərkük dialekti İraq türkmanlarının azərbaycanlı olduğunu göstərə biləcək əsas sübutdur. Bu şansı əldən vermək olmaz.

Akademik M.Şirəliyevin vətəndaşlıq fəaliyyətinin mənasını, xalqımıza olan dərin məhəbbətini sonralar yaşa dolduqca daha yaxşı anladım və “Azərbaycan dilinin Dərbənd dialekti”ni vərəqlədikcə böyük alimin hissini-həyəcanını mən də yaşadım. Elm fədaisi, akademik M.Şirəliyevin ruhu şad olsun. Azərbaycan dilinin hər iki qərib dialekti – Kərkük və Dərbənd dialektləri monoqrafik tədqiqata cəlb olunaraq xalqa çatdırılmışdır. Və bu iş uzun müddət akademik M.Şirəliyevin rəhbərlik etdiyi Dilçilik İnstitutunda yerinə yetirilmişdir. Hər iki fundamental elmi-tədqiqat işinin – tarixi abidələrin əbədiyaşar olacağına şübhə yoxdur. Çünki hər iki qərib dialekt

Torpağım, daşım qərib, –

deyən qardaş-bacılarımızı ovunduran, hər an onların kimliyini yada salan qürbət taleli tarixi abidələrimizdir.

filologiya elmləri doktoru, professor

Azərbaycan.- 2010.- 9 fevral.- S. 7.

Comments are closed, but trackbacks and pingbacks are open.