Press "Enter" to skip to content

Azərbaycan beynəlxalq radiosu tarix vəmüasirlik

1. Arbitraj qərarı yazılı formada çıxarılmalı və arbitr və yaxud arbitrlər tərəfindən imzalanmalıdır. Birdən artıq arbitr olduğu arbitraj icraatında həmin qərara arbitraj məhkəməsi üzvlərinin çoxu imza etməli, digər imzaların olmaması səbəbləri isə göstərilməlidir.

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

1. Bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əməl edilməklə, beynəlxalq ticarət arbitrajına tətbiq edilir.

2. Bu Qanunun müddəaları (8,9, 35 və 36-cı maddələri istisna olmaqla) yalnız arbitrajın yeri Azərbaycan Respublikasında olduğu halda tətbiq edilir.

3. Arbitraj aşağıdakı hallarda beynəlxalq sayılır:

arbitraj razılaşması (sazişi) (bundan sonra “arbitraj sazişi” adlandırılacaq) bağlananda onun tərəflərinin müəssisələri ayrı-ayrı dövlətlərdə yerləşirlər;

aşağıdakı yerlərdən biri tərəflərin öz müəssisələrinin olduğu dövlətin hüdudlarından kənarda yerləşir:

a) arbitrajın yeri, əgər bu yer arbitraj sazişində və yaxud ona uyğun müəyyən edilmişdirsə;

b) ticarət münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu hər-hansı yer və yaxud mübahisəli predmetin sıx əlaqəli olduğu yer;

tərəflər qəti razılığa gəlmişlər ki, arbitraj sazişinin predmeti birdən çox dövlət ilə əlaqəlidir.

4. Bu maddənin 3-cü bəndinin məqsədləri üçün:

tərəfin bir neçə müəssisə olduğu halda müəssisə arbitraj sazişinə daha çox münasibəti (aidiyyəti) olan müəssisə sayılır;

tərəflərin müəssisəsi yoxdursa, tərəfin daimi yaşayış yeri nəzərə alınır.

5. Bu Qanun müəyyən mübahisələrin arbitraja verilə bilmədiyini, yaxud bu Qanunda olan müddəalardan fərqli digər müddəalara müvafiq surətdə verilə bildiyini nəzərdə tutan Azərbaycan Respublikası qanunlarının qüvvəsinə aid deyildir.

Maddə 2. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalar ifadə edir:

a) “arbitraj” – daimi arbitraj idarəsi tərəfindən keçirib-keçirilmədiyindən asılı olmayaraq, hər bir arbitraj;

b) “arbitraj məhkəməsi” – təkbaşına arbitr və ya arbitrlər kollegiyası;

c) bu Qanunun 28-ci maddəsi istisna olmaqla, digər hər hansı müddəası tərəflərə müəyyən məsələlər üzrə qərar qəbul etmək imkanı verdiyi halda, tərəflər belə qərarın qəbul edilməsini hər hansı təşkilata (idarəyə) və yaxud üçüncü şəxsə tapşıra bilər;

ç) bu Qanunun müddəalarında tərəflərin razılığa gәlmәsinә və ya razılığa gələ biləcəklərinə dair istinad, yaxud tərəflərin razılığa gəlmələrinə dair hər hansı başqa formada istinad vardırsa, belə saziş bu razılıqda göstərilmiş hər cür arbitraj qaydalarını nəzərdə tutmalıdır;

d) bu Qanunun hər hansı bir müddəasında (25 (a) və 32 (2) maddələri istisna olmaqla) iddiaya istinad vardırsa, o, həmçinin qarşılıqlı iddiaya da tətbiq edilir. Etiraza istinad vardırsa, o, həmçinin belə qarşılıqlı iddiaya aid etiraza da tətbiq edilir.

Maddə 3. Yazılı məlumatların alınması

1. Tərəflər başqa hallar barədə şərtləşməmişlərsə:

a) hər hansı yazılı məlumat adresata şəxsən və ya onun müəssisəsinə və ya onun yaşayış yeri üzrə və yaxud poçt ünvanına çatdırılıbsa, o, alınmış hesab edilir. Əgər bu cür qaydada məlumatın çatdırılması alınmırsa, yazılı məlumat müəssisəsinin məlum olan axırıncı ünvanına və ya adresatın məlum olan axırıncı yaşayış yerinə, yaxud poçt ünvanına sifarişli məktubla, ya belə məlumatların çatdırılmasının digər formalarına uyğun olaraq qeydiyyatdan keçirmək şərti ilə göndərilibsə, o, alınmış sayılır;

b) məlumat belə çatdırmanın baş verdiyi gün alınmış hesab edilir.

2. Bu maddənin müddəaları məhkəmələrdə icraatın gedişində olan məlumatlara tətbiq edilmir.

Maddə 4. Etiraz hüququndan imtina etmə

Hər hansı tərəfin bu Qanunun yerinə yetirilməməsi mümkün olan hər hansı bir müddəasına və ya arbitraj sazişinin hər hansı tələbinin əməl edilməməsi barədə xəbəri varsa və buna baxmayaraq, öz etirazını bildirmədən arbitraj prosesində iştirakına etməyi davam edirsə, və bu etirazın verilməsi üçün müvafiq müddət müəyyən edilibsə, tərəf bu müddət ərzində özünün etiraz hüququndan imtina etmiş sayılır.

Maddə 5. Dövlətin müdaxiləsinin hüdudları

Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunla tənzimlənən məsələlərə dair heç bir məhkəmə müdaxiləsi olmamalıdır.

Maddə 6. Arbitraja münasibətdə müvafiq nəzarət və yardım funksiyalarını yerinə yetirən məhkəmə

Bu Qanunun 11-ci maddəsinin 3-cü və 4-cü bəndlərində, 13-cü maddəsinin 3-cü bəndində, 14-cü maddəsinin 1-ci bəndində, 16-cı maddəsinin 3-cü bəndində, 27-ci maddəsində və 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində göstərilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikasının Ali Məhkəməsi yerinə yetirir. [1]

Fəsil II.
Arbİtraj sazİşİ

Maddə 7. Arbitraj sazişinin anlayışı və forması

1. Arbitraj sazişi – müqavilə xarakteri və yaxud başqa xarakter daşıyıb-daşımamasından asılı olmayaraq, hər hansı bir konkret hüquq münasibəti ilə əlaqədar tərəflər arasında yarana biləcək mübahisələrin hamısının və ya müəyyən mübahisələrin arbitraja verilməsi barəsində tərəflərin sazişidir.

Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər.

2. Arbitraj sazişi yazılı formada bağlanılır.

Saziş o halda yazılı şəkildə bağlanmış hesab olunur ki, o, tərəflərin imzalandıqları sənəddə əks etdirilmişdir və ya məktub mübadiləsi və yaxud belə sazişin təsbit olunmasını təmin edən teletayp, teleqraf və ya elektron rabitəsinin başqa vasitələrindən istifadə olunmaqla bağlanmışdır və digər tərəf buna etiraz etmir. Arbitraj qeyd-şərtinə müqavilədə istinad edilməsi arbitraj sazişi hesab olunur, bu şərtlə ki, müqavilə yazılı şəkildə bağlanmışdır və bu istinad həmin qeyd-şərti müqavilənin bir hissəsinə çevirir.

Maddə 8. Arbitraj sazişi və məhkəmədə mübahisənin mahiyyəti üzrə iddianın təqdim edilməsi

1. Arbitraj sazişinin predmeti olan məsələyə aid qarşısında iddia qaldırılmış məhkəmə hər hansı bir tərəfin mübahisənin mahiyyəti üzrə ilkin ərizəsinin təqdim edildiyi vaxtdan gec olmayaraq, bu barədə tərəflərin xahişi olarsa, arbitraj sazişi etibarsız deyilsə, qüvvəsini itirməmişdirsə və yaxud icrası mümkün olmayan hallar yoxdursa, tərəfləri arbitraja göndərməlidir.

2. Buna baxmayaraq bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş iddianın verildiyi halda məhkəmədə iddianın məhkəmə aidiyyəti məsələsi həll edilənədək arbitraj baxışı başlana və ya davam etdirilə bilər və arbitraj qərarı qəbul edilə bilər.

Maddə 9. Arbitraj sazişi və məhkəmənin təminedici tədbirləri

Tərəflərin arbitraj baxışına qədər və yaxud arbitraj baxışı ərzində təminedici tədbirlərin görülməsi haqqında məhkəməyə müraciət etmələri və məhkəmənin belə tədbirlərin təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi arbitraj sazişi ilə ziddiyət təşkil etmir.

Fəsil III.
Arbİtraj məhkəməsİnİn tərkİbİ

Maddə 10. Arbitrlərin sayı

1. Tərəflər öz mülahizələrinə uyğun olaraq arbitrlərin sayını müəyyən edə bilərlər.

2. Tərəflər bu sayı müəyyən etmirlərsə, belə halda üç arbitr təyin edilir.

Maddə 11. Arbitrlərin təyin edilməsi

1. Tərəflər arasında digər razılıq yoxdursa, heç bir şəxs vətəndaşlığı ilə bağlı arbitr kimi iştirak etmə hüququndan məhrum edilə bilməz.

2. Tərəflər bu maddənin 4-cü və 5-ci bəndlərinə əməl etmək şərti ilə öz mülahizələrinə əsasən arbitr və ya arbitrlərin təyin edilməsi prosedurunu razılaşma əsasında müəyyən edə bilərlər.

3. Bu barədə razılıq olmadıqda:

a) arbitrajda üç arbitr olacağı halda hər bir tərəf bir arbitr təyin edir, təyin edilmiş iki arbitr isə üçüncü arbitri təyin edir. Digər tərəfdən bu barədə müraciət almış tərəf 30 gün müddətinə arbitr təyin etməzsə və yaxud tərəflərin təyin etdiyi iki arbitr təyin edildikləri gündən 30 gün müddətində üçüncü arbitrin seçilməsi haqqında razılığa gələ bilməmişlərsə, tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən təyin edilir;

b) təkbaşına arbitr ilə olan arbitrajda arbitr təyin edilməsində tərəflər razılığa gələ bilmədikdə hər hansı tərəfin xahişi ilə arbitr 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən təyin edilir.

4. Tərəflərin əvvəlcədən razılaşdırdıqları təyin etmə prosedurunda:

a) tərəflərdən bir belə prosedura əməl etmirsə; və yaxud

b) belə prosedura ilə əlaqədar tərəflər və yaxud iki arbitr proseduraya uyğun olaraq razılığa gələ bilmirsə; və yaxud

c) bu prosedurla əlaqədar təşkilat (idarə) da daxil olmaqla üçüncü şəxs prosedura uyğun üzərinə düşmüş hər hansı funksiyanı etmirsə, təyin etmə proseduru haqqında arbitraj sazişində digər qaydalar nəzərdə tutulmayıbsa, hər bir tərəf 6-cı maddədə göstərilmiş məhkəmədən zəruri tədbirlər görülməsini xahiş edə bilər.

5. 6-cı maddədə göstərilən məhkəmə tərəfindən bu maddənin 3-cü və ya 4-cü bəndlərinə uyğun olaraq hər hansı məsələyə aid qəbul edilmiş qərar qətidir, ondan şikayət verilə bilməz.

Məhkəmə arbitr təyin edərkən tərəflərin gəldiyi razılığa uyğun olaraq arbitrin namizədliyinə dair bütün zəruri tələbləri, o cümlədən arbitrin müstəqil və qərəzsizliyinə aid tələbləri nəzərə alaraq, təkbaşına arbitr və yaxud üçüncü arbitr təyin edildiyi hallarda tərəflərin vətəndaşlığına mənsub olmayan, digər vətəndaşlığı olan arbitrin təyin edilməsinin arzu olunduğunu da nəzərə ala bilər.

Maddə 12. Etiraz üçün əsaslar

1. Hər hansı bir şəxsə onun arbitr təyin edilməsi ilə bağlı müraciət edilirsə, həmin şəxs özünün qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr doğura bilən hallar haqqında məlumat verməlidir. Arbitr bu hallar haqqında tərəflərə əvvəlcədən məlumat verməmişdirsə, arbitr təyin edildiyi andan və arbitraj baxışı ərzində ləngitmədən belə hallar haqqında tərəflərə məlumat verməlidir.

2. Arbitrə etiraz yalnız o halda verilə bilər ki, onun qərəzsizliyi və müstəqilliyi barəsində əsaslı şübhələr vardır və yaxud o, tərəflərin sazişindən şərtləşdirilmiş ixtisasa malik deyildir. Tərəf özünün təyin etdiyi və ya təyin olunmasında iştirak etdiyi arbitrə yalnız onun təyin edilməsindən sonra məlum olmuş səbəblərə görə etiraz edə bilər.

Maddə 13. Etiraz prosedurası

1. Tərəflər bu maddənin 3-cü bəndinin müddəalarına əməl etmək şərti ilə öz mülahizələri əsasında arbitrə etirazın proseduru haqqında razılığa gələ bilərlər.

2. Tərəflər arasında belə razılaşma olmadığı halda arbitrə etirazını bildirmək istəyən tərəf arbitraj məhkəməsinin təşkili və yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən hər cür halları bildiyi vaxtdan 15 gün müddətində etirazın səbəblərini yazılı surətdə arbitraj məhkəməsinə bildirməlidir.

Etiraz edilmiş arbitr vəzifəsindən imtina etmirsə, və yaxud digər tərəf imtina ilə razılaşmırsa, etiraz haqqında məsələ arbitraj məhkəməsi tərəfindən həll edilir.

3. Tərəflər arasında razılaşdırılmış hər hansı bir prosedurun və yaxud bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş prosedurların tətbiqi zamanı etiraz haqqında ərizə (müraciət) təmin edilmirsə, etirazla müraciət etmiş tərəf etirazın rədd edilməsi haqqında qərarı aldığı gündən 30 gün müddətində 6-cı maddədə göstərilmiş məhkəmədən etiraz edilmə ilə bağlı qərar qəbul edilməsini xahiş edə bilər; belə qərar qətidir və ondan heç bir şikayət verilə bilməz. Belə xahişə baxılıb müvafiq qərar qəbul edilənə kimi, arbitraj məhkəməsi etiraz edilmiş arbitr də daxil olmaqla arbitraj baxışını davam etdirə və arbitraj qərarı qəbul edə bilər.

Maddə 14. Hərəkətsizlik və yaxud hərəkət mümkünsüzlüyü

1. Arbitr öz funksiyalarını yerinə yetirmək iqtidarında deyilsə, yaxud digər səbəblərdən əsassız olaraq uzun müddət fəaliyyət göstərmirsə ya arbitr özü vəzifəsindən imtina edirsə, və yaxud tərəflərin arasında bu barədə razılıq əldə edilibsə, onun mandatına xitam verilir.

Bu əsasların hər hansı biri barəsində fikir ayrılığı yaranarsa, hər bir tərəf 6-cı maddədə göstərilmiş məhkəməyə mandata xitam verilməsinə aid qərar qəbul edilməsi xahişi ilə müraciət edə bilər; belə qərar qətidir və ondan şikayət verilə bilməz.

2. Bu maddəyə müvafiq olaraq və yaxud 13-cü maddənin 2-ci bəndinə görə arbitr öz vəzifəsindən imtina edərsə, yaxud tərəf onun mandatına xitam verilməsinə razılıq verərsə, belə hal bu maddədə və yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən əsasların təsdiqi kimi qəbul edilməməlidir.

Maddə 15. Yeni arbitrin təyin edilməsi

Arbitrin mandatına 13-cü və yaxud 14-cü maddənin əsasında, arbitrin özünün hər hansı səbəbdən vəzifəsindən imtina etməsi nəticəsində, tərəflərin razılaşması əsasında və ya digər hallar əsasında xitam verilirsə, yeni arbitr əvəz edəcəyi arbitrə tətbiq edilmiş qaydalara uyğun olaraq təyin edilir.

Fəsil IV.
Arbİtraj məhkəməsİnİn səlahİyyətİ

Maddə 16. Arbitraj məhkəməsinin səlahiyyətləri barəsində qərar çıxarmaq hüququ

1. Arbitraj məhkəməsi öz səlahiyyəti barəsində, o cümlədən arbitraj sazişinin mövcudluğu və yaxud etibarlığı barədə hər bir etiraz üzrə özü qərar çıxara bilər.

Bu məqsədlə müqavilənin tərkib hissəsi olan arbitraj qeyd-şərti müqavilənin digər şərtlərindən asılı olmayan razılıq kimi şərh olunmalıdır. Müqavilənin etibarsızlığı haqqında arbitraj məhkəməsinin çıxardığı qərar “ipso jure” arbitraj qeyd-şərtinin etibarsızlığına səbəb olmur.

2. Arbitraj məhkəməsinin səlahiyyətlərinin olmaması haqqında müraciət iddia üzrə etiraz təqdim edilməmişdən əvvəl bildirilməlidir.

Tərəfin arbitr təyin etməsi və yaxud arbitr təyin edilməsində iştirakı tərəfi belə müraciət etmək hüququndan məhrum etmir. Arbitraj məhkəməsinin öz səlahiyyətini aşması haqqında bəyanat arbitraj baxışının gedişində hər hansı bir məsələnin bu səlahiyyəti aşdığı müəyyən edilən kimi verilir. Belə halların hər birində gecikmiş bəyanatı arbitraj məhkəməsi bu şərtlə qəbul edə bilər ki, gecikmənin səbəbini üzürlü hesab etsin.

3. Arbitraj məhkəməsi bu maddənin 2-ci bəndində göstərilən bəyanata dair ya ilkin xarakterli məsələ üzrə olduğu kimi, yaxud da mübahisənin mahiyyətcə həll edilməsi kimi qərar çıxara bilər.

Əgər arbitraj məhkəməsi ilkin xarakterli məsələ üzrə olduğu kimi qərar çıxarsa ki, o, səlahiyyətlidir, tərəflərdən hər hansı biri bu qərar haqqında xəbərdarlıq aldıqdan sonra 30 gün ərzində 6-cı maddədə göstərilən məhkəmədən xahiş edə bilər ki, bu məsələyə dair qərar qəbul etsin. Belə qərardan şikayət verilə bilməz. Bu cür xahiş həll edilənədək arbitraj məhkəməsi arbitraj baxışını davam etdirə bilər və arbitraj qərarı çıxara bilər.

Maddə 17. Təminedici tədbirlərin həyata keçirilməsi sahəsində arbitraj məhkəməsinin səlahiyyətləri

Tərəflər arasında digər razılaşma yoxdursa, arbitraj məhkəməsi hər hansı bir tərəfin xahişi ilə mübahisəli predmetlə bağlı zəruri hesab edərsə, tərəflərin təminedici tədbirləri həyata keçirilməsinə dair göstərişlər verə bilər. Arbitraj məhkəməsi hər hansı tərəfdən belə tədbirlərin təmin edilməsini tələb edə bilər.

Fəsil V.
Arbİtraj İcraatının aparılması

Maddə 18. Tərəflərə eyni münasibət

Tərəflərə eyni münasibət göstərilməlidir və hər bir tərəfə öz mövqeyini ifadə etməsi üçün hər cür imkan verilməlidir.

Maddə 19. Prosedur qaydalarının müəyyən edilməsi

1. Bu Qanunun müddəalarına əməl etmək şərti ilə tərəflər öz mülahizələri əsasında arbitraj məhkəməsində baxışın aparılması proseduru haqqında razılığa gələ bilərlər.

2. Belə razılıq olmadıqda, arbitraj məhkəməsi bu Qanunun müddəalarına əməl etməklə lazım bildiyi qaydada arbitraj baxışını apara bilər. Arbitraj məhkəməsinə verilən səlahiyyətlərə hər bir sübutun mümkünlüyünü, aidiyyətini, mahiyyətini və əhəmiyyətini müəyyən etmək səlahiyyətləri də daxildir.

Maddə 20. Arbitrajın yeri

1. Tərəflər öz mülahizələrinə görə arbitrajın yeri haqqında razılığa gələ bilərlər.

Belə razılıq almadıqda, tərəflər üçün əlverişliliyi və işin mahiyyəti nəzərə alınmaqla arbitrajın yeri arbitraj məhkəməsi tərəfindən müəyyən edilir.

2. Bu maddənin 1-ci bəndinin müddəalarına baxmayaraq, arbitraj məhkəməsi, əgər tərəflər arasında digər razılıq yoxdursa, şahidlərin, ekspertlərin və tərəflərin dinlənilməsi baxımından və yaxud əmtəələrə, digər əmlak və yaxud sənədlərə baxışın keçirilməsi üçün, həmçinin arbitraj məhkəməsi üzvləri arasında məsləhətləşmələr keçirilməsinin əlverişliliyi nəzərə alınmaqla hər hansı bir yerdə öz iclasını keçirə bilər.

Maddə 21. Arbitraj məhkəməsi baxışının başlanması

Tərəflər arasında digər razılıq yoxdursa, konkret mübahisə barədə arbitraj baxışı, həmin mübahisənin arbitraja verilməsi haqqında müraciəti cavabdeh aldığı gündən başlanır.

Maddə 22. Dil

1. Tərəflər öz mülahizələrinə görə arbitraj baxışının aparılacağı dil və yaxud dillər barəsində razılığa gələ bilərlər. Belə razılıq olmadıqda arbitraj məhkəməsi arbitraj baxışında istifadə ediləcək dil və yaxud dilləri müəyyən edir. Belə razılıq, və yaxud bu barədə məhkəmənin qərarında digər hal nəzərdə tutulmayıbsa, tərəflərin hər hansı bir yazılı müraciətinə, iş üzrə dinləməyə, hər hansı bir arbitraj qərarına və yaxud arbitraj məhkəməsinin digər sənədlərinə aid edilir.

2. Arbitraj məhkəməsi sərəncam verə bilər ki, istənilən sənədli sübutlar tərəflərin razılaşdıqları və ya arbitraj məhkəməsinin təyin etdiyi dilə və ya dillərə tərcümə ilə birlikdə təqdim olunsun.

Maddə 23. İddia ərizəsi və iddia üzrə etiraz

1. Tərəflərin razılaşdıqları və ya arbitraj məhkəməsinin təyin etdiyi vaxt ərzində iddiaçı öz iddia tələbini təsdiq edən cəhətlər haqqında, həll edilməli olan məsələlər haqqında və öz iddia tələblərinin məzmunu haqqında bəyanat verməli, cavabdeh isə bu səbəblər üzrə öz etirazlarını bəyan etməlidir, bu şərtlə ki, tərəflər belə bəyanatların zəruri rekvizitləri barəsində digər şərt keçməmiş olsunlar.

Tərəflər öz bəyanatları ilə birlikdə işə aid olduğunu güman etdikləri bütün sənədləri də təqdim edə bilər, yaxud sonradan təqdim edəcəkləri sənədlərə və ya digər sübutlara istinad edə bilərlər.

2. Əgər tərəflər arasında digər razılıq yoxdursa, arbitraj baxışının gedişində tərəflərin hər hansı biri öz iddia tələblərini və ya iddiaya dair etirazlarını dəyişdirə və ya tamamlaya bilər, bir şərtlə ki, arbitraj məhkəməsi yol vermiş ləngiməni nəzərə almaqla, bu cür dəyişikliyə və ya əlavəyə icazə verilməsini qeyri-məqsədəuyğun saymasın.

Maddə 24. Şifahi işəbaxma və yazılı araşdırma

1. Tərəflərin hər hansı digər razılaşmasına riayət etmək şərti ilə arbitraj məhkəməsi sübutların təqdim edilməsi üçün şifahi işəbaxma və ya digər şifahi müzakirələr keçirib-keçirməmək, yaxud yalnız sənədlər və digər materiallar əsasında araşdırma aparıb-aparmamaq haqqında qərar qəbul edir. Lakin tərəflər şifahi işəbaxmanın keçirilməməsi haqqında şərtləşdikləri haldan başqa, arbitraj məhkəməsi, tərəflərin hər hansı biri xahiş edərsə, araşdırmanın lazımi mərhələsində şifahi işəbaxma keçirməlidir.

2. Arbitraj məhkəməsinin mallara, digər əmlaka və ya sənədlərə baxış keçirmək məqsədi ilə təşkil etdiyi hər hansı şifahi işəbaxma haqqında və ya məhkəmə iclası haqqında tərəflərə kifayət qədər vaxtında xəbərdarlıq göndərilməlidir.

3. Tərəflərdən birinin arbitraj məhkəməsinə təqdim etdiyi bütün ərizələr, sənədlər və ya başqa informasiya digər tərəfə verilməlidir.

Arbitraj məhkəməsinin öz qərarını çıxararkən əsas götürə biləcəyi bütün ekspert rəyləri və ya sübut xarakterli başqa sənədlər də tərəflərə verilməlidir.

Maddə 25. Sənədlərin təqdim edilməməsi və tərəflərin gəlməməsi

Tərəflərin digər razılaşmaları yoxdursa, üzürlü səbəblər olmadığı hallarda:

a) iddiaçı 23-cü maddənin 1-ci bəndinə müvafiq olaraq öz iddia ərizəsini təqdim etmədikdə, arbitraj məhkəməsi baxışa xitam verir;

b) cavabdeh 23-cü maddənin 1-ci bəndinə uyğun olaraq iddia üzrə etirazlarını təqdim etmədikdə, arbitraj məhkəməsi belə halı iddiaçının tələblərinin təsdiqi kimi qəbul etmir və arbitraj baxışını davam etdirir;

c) hər hansı tərəf dinləməyə gəlmədikdə və yaxud sənədləşdirilmiş sübutlar təqdim etmədikdə, arbitraj məhkəməsi baxışı davam etdirə bilər və ona təqdim edilmiş sübutlar əsasında müvafiq qərar çıxara bilər.

Maddə 26. Arbitraj məhkəməsinin təyin etdiyi ekspert

1. Tərəflərin arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi:

a) arbitraj məhkəməsi tərəfindən müəyyən edilən konkret məsələlərə dair ona məruzə edilməsi məqsədi ilə bir və ya bir neçə ekspert təyin edə bilər;

b) tərəflərdən iş üzrə hər hansı məlumatı və işə aid olan sənədlərin, malların və digər əmlakın ekspertə təqdim edilməsini və ekspert tərəfindən öyrənilməsi üçün şərait yaratmağı tələb edə bilər.

2. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərin biri xahiş edərsə və yaxud arbitraj məhkəməsi zəruri sayarsa, ekspert yazılı və ya şifahi rəyini təqdim etdikdən sonra dinləmədə iştirak edə bilər. Bu halda tərəflərə ona suallar vermək imkanı verilir və mübahisəli məsələlər üzrə ifadə vermək məqsədi ilə tərəflər şahidləri ekspertlərə təqdim edə bilərlər.

Maddə 27. Sübutların əldə edilməsində məhkəmənin köməyi

Arbitraj məhkəməsi və ya tərəf arbitraj məhkəməsinin razılığı ilə 6-cı maddədə göstərilmiş məhkəməyə sübutların əldə edilməsi üçün köməklik barəsində müraciət edə bilər. Məhkəmə sübutların əldə edilməsi qaydalarına uyğun olaraq səlahiyyətləri daxilində bu müraciəti yerinə yetirə bilər.

Fəsil VI.
Arbİtraj qərarının çıxarılması və İcraatın xİtamı

Maddə 28. Mübahisəsinin mahiyyəti üzrə tətbiq edilən normalar

1. Arbitraj məhkəməsi mübahisəni hüququn elə normalarına uyğun həll edir ki, tərəflər bu normaları mübahisənin mahiyyətinə tətbiq edilə bilən normalar kimi seçmiş olsunlar.

Əgər başqa niyyət ifadə etmirsə, hər hansı bir dövlətin hüququnun və ya hüquq sisteminin istənilən göstərişi həmin dövlətin kolliziya normalarına deyil, onun maddi hüququna bilavasitə istiqamətləndirən göstəriş kimi təfsir olunmalıdır.

2. Tərəflərin hər hansı bir göstərişi yoxdursa, arbitraj məhkəməsi tətbiqini mümkün saydığı kolliziya normalarına uyğun müəyyən edilmiş hüququ tətbiq edir.

3. Arbitraj məhkəməsi “ex aequo et bono” və yaxud “barışıq vasitəçiliyi” qərarını yalnız tərəflər ona belə səlahiyyətlər verdiyi halda qəbul edir.

4. Bütün hallarda arbitraj məhkəməsi müqavilə şərtlərinə uyğun olaraq və bu əqdlərə tətbiq edilən ticarət adətlərini nəzərə almaqla qərar qəbul edir.

Maddə 29. Arbitrlər kollegiyasının qərar çıxarması

Tərəflər arasında digər razılaşma yoxdursa, arbitraj baxışında birdən artıq arbitr olduqda arbitraj məhkəməsinin hər hansı bir qərarı arbitraj məhkəməsi üzvlərinin səs çoxluğu ilə çıxarılmalıdır.

Lakin tərəflər və ya arbitraj məhkəməsinin bütün üzvləri sədrlik edən arbitrə belə səlahiyyət vermişlərsə, prosedur məsələlərini təkbaşına həll edə bilər.

Maddə 30. Barışıq sazişi

1. Arbitraj baxışının gedişində tərəflər mübahisəni aradan qaldırarlarsa, arbitraj məhkəməsi baxışa xitam verir və tərəflərin xahişi əsasında və öz tərəfindən etirazı olmadıqda razılaşdırılmış şərtlər əsasında arbitraj qərarı formasında mübahisənin aradan qalxmasını rəsmiləşdirir.

2. Razılaşdırılmış şərtlərlə arbitraj, qərarı 31-ci maddənin müddəalarına uyğun olaraq çıxarılmalıdır və onun arbitraj qərarı olduğunu göstərməlidir.

Belə arbitraj qərarı, digər hər hansı arbitraj qərarı ilə bərabər hüquqi qüvvəli sayılır və mübahisənin mahiyyəti üzrə olan digər hər hansı arbitraj qərarı kimi icra olunmalıdır.

Maddə 31. Arbitraj qərarının forma və məzmunu

1. Arbitraj qərarı yazılı formada çıxarılmalı və arbitr və yaxud arbitrlər tərəfindən imzalanmalıdır. Birdən artıq arbitr olduğu arbitraj icraatında həmin qərara arbitraj məhkəməsi üzvlərinin çoxu imza etməli, digər imzaların olmaması səbəbləri isə göstərilməlidir.

2. Əsaslandırılmanın göstərilməməsi haqqında tərəflərin razılığa gəldiyi hallar istisna olmaqla və yaxud 30-cu maddəyə uyğun olaraq tərəflərin razılaşdırdıqları şərtlərə müvafiq qərarın qəbul edildiyi hallar istisna olmaqla, arbitraj qərarında onun əsaslandığı motivlər göstərilməlidir.

3. Arbitraj qərarında onun tarixi və 20-ci maddənin 1-ci bəndinə müvafiq surətdə müəyyən edilmiş arbitrajın olduğu yer göstərilməlidir. Arbitraj qərarı həmin yerdə çıxarılmış sayılır.

4. Arbitraj qərarı çıxarıldıqdan sonra onun bu maddənin 1-ci bəndinə müvafiq surətdə imzalanmış surətləri hər bir tərəfə verilməlidir.

Maddə 32. İcraata xitam verilməsi

1. Arbitraj baxışına arbitraj məhkəməsinin çıxardığı qəti qərarı ilə və yaxud bu maddənin 2-ci bəndinə müvafiq surətdə qəbul olunmuş qərarla xitam verilir.

2. Arbitraj məhkəməsi aşağıdakı hallarda arbitraj baxışına xitam verilməsi haqqında qərar çıxarır:

a) iddiaçı öz tələbindən imtina edir (cavabdeh baxışa xitam verilməsinə etiraz etmirsə və arbitraj məhkəməsi mübahisənin qəti aradan qalxmasında cavabdehin qanuni mənafeyini tanımırsa);

b) tərəflər baxışa xitam verilməsi haqqında razılığa gəlirlər;

c) arbitraj məhkəməsi baxışın davam etdirilməsini hər hansı səbəbdən mümkünsüz və lazımsız sayır.

3. 33-cü maddədə və 34-cü maddənin 3-cü bəndində göstərilmiş hallar istisna olmaqla, arbitraj baxışına xitam verilməsi ilə eyni zamanda arbitraj məhkəməsinin mandatına xitam verilir.

Maddə 33. Qərarın izah edilməsi, qərarda düzəlişlər edilməsi, əlavə qərar çıxarılması

1. Tərəflər arasında müddətlər barəsində digər razılıq yoxdursa, qərarın alınmasından 30 gün müddətində:

a) tərəflərdən biri digər tərəfi xəbərdar etməklə arbitraj məhkəməsindən qərarda yol verilmiş yazı xətalarının və hesab səhvlərinin düzəldilməsini, həmçinin çap və yaxud yol verilmiş digər bu cür qüsurların aradan qaldırılmasını xahiş edə bilər;

b) tərəflər arasında əldə olunmuş müvafiq razılaşma əsasında hər hansı bir tərəf digər tərəfi bu haqda xəbərdar etməklə, arbitraj məhkəməsindən qərarın müvafiq hissəsinin və yaxud hər hansı konkret bəndinin izah edilməsini xahiş edə bilər.

Arbitraj məhkəməsi belə müraciəti əsaslı hesab edərsə, onu aldığı gündən 30 gün müddətində müvafiq düzəliş etməli və yaxud izah verməlidir.

Belə izahetmə arbitraj qərarının tərkib hissəsi hesab edilir.

2. Arbitraj məhkəməsi öz təşəbbüsü ilə qərarın verildiyi gündən 30 gün müddətində bu maddənin 1 (a) bəndində göstərilən hər hansı qüsuru aradan qaldıra bilər.

3. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərdən biri bu barədə digər tərəfi xəbərdar etməklə, arbitraj baxışının gedişində qaldırılmış, lakin arbitraj qərarında öz əksini tapmamış tələblər barəsində arbitraj məhkəməsindən əlavə qərar çıxarılmasını xahiş edə bilər.

Arbitraj məhkəməsi xahişi haqlı və əsaslı hesab edərsə, 60 gün müddətində əlavə qərar çıxarmalıdır.

4. Arbitraj məhkəməsi, zəruri olarsa, əlavə qərar çıxarılması, qərarda düzəlişlər edilməsi və yaxud müvafiq izahat verilməsi müddətini artıra bilər.

5. Arbitraj qərarlarında düzəlişlər aparılması, onun izah edilməsi və yaxud əlavə qərar çıxarılmasına münasibətdə 31-ci maddənin müddəaları tətbiq edilir.

Fəsil VII.
Arbİtraj qərarından şİkayət verİlməsİ

Maddə 34. Arbitraj qərarının ləğvi haqqında vəsatət verilməsi

1. Arbitraj məhkəməsinin qərarından şikayət verilməsi yalnız həmin qərarın ləğv edilməsi haqqında bu maddənin 2-ci və 3-cu bəndlərinə uyğun surətdə vəsatət verilməsi yolu ilə həyata keçirilə bilər.

2. Arbitraj qərarı 6-cı maddədə göstərilmiş məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:

a) əgər vəsatət qaldıran tərəf sübutlar təqdim etsə ki:

i) 7-ci maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuşdur və yaxud arbitraj sazişi tərəflərin onu tabe etdirdikləri qanuna görə, sazişdə bu barədə göstəriş olmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə görə etibarsızdır; və yaxud

ii) arbitrin təyin edilməsi və yaxud arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilməmiş və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilməmişdirsə; yaxud

iii) qərar arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır; yaxud qərar arbitraj sazişinin hədlərindən kənara çıxan məsələləri əhatə edir (belə halda arbitraj sazişinin predmetinə aid olmayan məsələləri əhatə edən arbitraj qərarının müvafiq hissələri ləğv edilə bilər); və yaxud

iv) arbitraj məhkəməsinin tərkibi və yaxud arbitraj proseduru tərəflərin bağladıqları sazişə uyğun olmamışdır (belə saziş tərəflərin yerinə yetirməyə məcbur olduqları bu Qanunun müddəalarına zidd olmasa) və yaxud tərəflər belə sazişi bağlamadıqları halda, arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru bu Qanuna uyğun olmamışdır; və yaxud

b) əgər məhkəmə müəyyən etsə ki:

i) Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisə obyekti arbitraj baxışının predmeti ola bilməz; və yaxud

ii) arbitraj qərarı Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. [2]

3. Qərarın ləğv edilməsi haqqında vəsatət, vəsatəti verən tərəfin arbitraj qərarını aldığı gündən başlayaraq 3 aydan gec qaldırıla bilməz, müraciət 33-cü maddəyə uyğun verilmişdirsə – arbitraj məhkəməsi tərəfindən bu müraciətlə bağlı qərar çıxarıldığı gündən başlayaraq 3 aydan gec vəsatət verilə bilməz.

Arbitraj qərarını ləğv etmək xahişi ilə müraciət olunduğu halda məhkəmə, əgər lazım bilərsə və əgər tərəflərdən biri xahiş edərsə, arbitraj məhkəməsinə arbitraj baxışını bərpa etmək və ya arbitraj məhkəməsinin fikrincə, arbitraj məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasları aradan götürməyə imkan verən digər hərəkətlərə əl atmaq imkanı vermək üçün ləğvetmə məsələsi üzrə icraatı özünün müəyyən etdiyi müddətə dayandıra bilər.

Fəsil VIII.
Arbİtraj qərarlarının tanınması və İcra edİlməsİ

Maddə 35. Tanınma və icra edilməsi

1. Hansı ölkədə çıxarılmasından asılı olmayaraq, arbitraj qərarının icrası məcburidir və səlahiyyətli məhkəməyə yazılı vəsatət verildikdə bu maddənin və 36-cı maddənin müddəaları nəzərə alınmaqla icra edilir.

2. Arbitraj qərarına əsaslanan və yaxud onun icra edilməsinə dair vəsatət verən tərəf arbitraj qərarının təsdiq edilmiş nüsxəsini və ya belə nüsxənin lazımi qaydada təsdiq edilmiş sürətini, həmçinin 7-ci maddədə göstərilmiş arbitraj sazişinin əslini və onun lazımi qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.

Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin lazımi qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.

Maddə 36. Tanımadan və ya icradan imtina edilmə üçün əsaslar

1. Arbitraj qərarının hansı ölkədə çıxarılmasından asılı olmayaraq, onun tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:

a) zərərinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etsə ki:

i) 7-ci maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuşdur və yaxud arbitraj sazişi tərəflərin onu tabe etdirdikləri qanuna görə, sazişdə belə göstəriş olmadıqda isə qərarın çıxarıldığı dövlətin qanununa əsasən etibarsızdır; və yaxud

ii) zərərinə qərar çıxarılmış tərəf arbitrin təyin edilməsi və ya arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar olunmamış və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; yaxud

iii) qərar arbitraj sazişində nəzərdə tutulmayan və ya arbitraj sazişinin şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır və yaxud qərar arbitraj sazişinin hədlərindən kənara çıxan məsələləri əhatə edir, arbitraj sazişi ilə əhatə edilən məsələlərə aid olan arbitraj qərarının həmin hissəsi bu qərardan ayrılmaqla tanına və icraya yönəldilə bilər; yaxud

iv) arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru tərəflərin arbitraj sazişinə uyğun olmamışdır və ya belə saziş olmayıbsa, arbitrajın keçirildiyi dövlətin qanununa uyğun gəlməmişdir; və yaxud

v) qərar tərəflər üçün hələ qəti olmamışdır və yaxud qərarın çıxarıldığı dövlətin qanununa uyğun olaraq məhkəmə tərəfindən ləğv edilmiş və yaxud icrası dayandırılmışdır; yaxud

b) məhkəmə müəyyən edərsə ki:

i) mübahisəli obyekt həmin dövlətin qanununa görə arbitraj baxışının predmeti ola bilməz; və yaxud

ii) bu arbitraj qərarının tanınması və icrası Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. [3]

2. Arbitraj məhkəməsinin qərarını tanıyan və icraya yönəldən səlahiyyətli məhkəmədə arbitraj qərarının icrasının xitamı və yaxud dayandırılması haqqında vəsatət verilmişdirsə, qərarın tanınması və ya icra edilməsi tələb olunan məhkəmə bunu lazım bilərsə, öz qərarının çıxarılmasını təxirə sala bilər və arbitraj qərarının tanınmasını və ya icrasını xahiş edən tərəfin vəsatəti ilə digər tərəfi qərarı lazımi qaydada təmin etməyə məcbur edə bilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 18 noyabr 1999-cu il
№ 757-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 may 2005-ci il tarixli 915-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyun 2005-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 476)

2. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712 ) ilə 6-cı maddəsində “İqtisad” sözü “Ali” sözü ilə əvəz edilmişdir.

[2] 10 may 2005-ci il tarixli 915-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyun 2005-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 476) ilə 34-cü maddənin 2-ci bəndinin “b(ii)” yarımbəndində “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikasının Konstitusiyasına” sözləri ilə əvəz edilmişdir.

[3] 10 may 2005-ci il tarixli 915-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyun 2005-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 476) ilə 36-cı maddənin 1-ci bəndinin “b (ii)” yarımbəndində “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikasının Konstitusiyasına” sözləri ilə əvəz edilmişdir.

Azərbaycan

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

İslam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. Azərbaycan dünyəvi dövlət olsa da, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ölkəmizdə islam dini-ənənələri geniş yayılmışdır. Uzun əsrlərdən bəri Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam dəyərlərinə, onun tarixi-dini abidələrinə qayğı göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən bu qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi – Heydər məscidi inşa edilmişdir.

Lakin acı həqiqətdir ki, 30 ilə yaxın dövr ərzində işğal altında qalmış torpaqlarımızda yüzlərlə dini obyektlərimiz erməni vandalizminin qurbanı olmuş, xüsusi təhqir obyektinə çevrilmişdir. Azad edilmiş ərazilərin müşahidəsi zamanı müəyyən olunmuşdur ki, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirilmiş, 60-dan çox məscid, 44 məbəd dağıdılmışdır. Hazırda azad olunmuş ərazilərdə dini-tarixi abidələrimizin də bərpası davam etdirilir.

Sovet imperiyası dağıldıqdan sonra respublikamızda yüzlərlə yeni müsəlman dini icması fəaliyyətə başlamış, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazası əsasında Qafqaz Müsəlmanları İdarəsi təsis olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən müsəlman dini icmaları bu tarixi dini mərkəzdə birləşirlər və təşkilat məsələlərində ona tabedirlər.

Müstəqillik dövründə Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsi və müvafiq təhsil müəssisələrinin formalaşdırılması üçün də münbit şərait yarandı. 1992-ci ildə Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsi təsis olundu.

Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.

2018-ci ilin fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu təsis olundu və BDU-nun İlahiyyat fakültəsi həmin institutun strukturuna daxil edildi. Həmçinin respublikamızın müxtəlif bölgələrində islam dininin ehkamlarını öyrədən orta dini təhsil müəssisələri və dini icmaların tərkibində kurslar açıldı.

Sadalanan faktlar onu göstərir ki, müasir Azərbaycanda ənənəvi islami dəyərlərin qorunub-saxlanılması və yaşadılması üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır.

İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlanır.-Red.) Azərbaycanın ilk üzv olduğu beynəlxalq qurumdur. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq həmin təşkilata üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) üzvü seçilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur.

Azərbaycan dövləti qısa zamanda İƏT və İSESKO kimi nüfuzlu beynəlxalq müsəlman qurumların fəal üzvünə çevrilmişdir. Məsələn, ölkəmizin təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumlar təsis edilmişdir.

2006-cı ildə ölkəmizin İSESKO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İSESKO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İSESKO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır.

Bu gün Azərbaycan İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfələr verir. Dövlətimizin bu istiqamətdə fəaliyyəti isə müsəlman aləmində yüksək qiymətləndirilir. Bakı şəhərinin 2009-cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvanın layiq görülməsi bunun bariz nümunəsidir.

Azərbaycan dövlətinin müsəlman aləmində sülh və birliyin bərqərar olması sahəsində həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini, həmçinin 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. Belə ki “Multikulturalizm ili” çərçivəsində 15 yanvar 2016-cı ildə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək vahid məkanda cümə namazı qılmışlar. “Vəhdət namazı” adlandırılan bu dini mərasimin yerinə yetirilməsi olduqca böyük tarixi əhəmiyyət daşıyır. Müasir dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunan Azərbaycanda vəhdət namazının qılınması və daha sonra bu ibadətin ənənə halına çevrilərək ölkəmizin digər məscidlərində yerinə yetirilməsi, əslində, xalqımızın dünyaya verdiyi bir sülh və həmrəylik mesajıdır. Vəhdət namazının ilk dəfə Heydər məscidində qılınması isə rəmzi məna daşıyır. Çünki məhz ulu öndər Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gördüyümüz kimi, uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu gün də müsəlman aləmində mühüm mövqe tutur. Təsadüfi deyildir ki, respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın üç rəngindən biri, yəni yaşıl rəng, Azərbaycan xalqının İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini İslam dəyərləri olmadan təsəvvür etmək çətindir. İslam dininin ölkəmizin müqəddəratında, xalqımızın taleyində müstəsna, birləşdirici və mütərəqqi rol oynaması danılmaz tarixi həqiqətdir. Xalqımızın genetik yaddaşında dərin iz qoymuş İslam azərbaycanlıların vahid xalq kimi təşəkkül tapmasına, onların milli kimliyinin, dövlətçilik ənənəsinin, mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir.

Azərbaycan xalqı İslam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan İslam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Çünki Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada dinlər və sivilizasiyalararası dialoqun inkişafına, yer üzündə sülh və harmoniyanın bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgə yaşayış və nümunəvi multikulturalizm modeli təqdim edir. Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

Xristianlıq

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda mənsublarının sayına görə ən böyük xristian konfessiyası Rus Pravoslav Kilsəsidir. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir.

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.

Alban-udi kilsəsi. Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, “xristian kilsələrinin anası” hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz “dərvişlərə” çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 180 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı bərpa edilmişdir.

Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam reallaşdıra bilmədilər. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması.

Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. 2020-ci ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi kilsə – Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilib.

Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz Albaniyasında Xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin yeganə varisi Azərbaycan xalqıdır.

Artıq 30 ilə yaxın bir dövrdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə tarixi Alban kilsələri də əsl həqiqi sahiblərinə qovuşub. Onların hər biri icma üzvləri tərəfindən ziyarət olunur. Alban-udi provaslav icmasının sədr müavini Rafiq Danakari Kəlbəcər rayonundakı Xudavəng monastırına vaiz təyin olunub.

Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranıb. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda Katolik icması hərtərəfli dövlət dəstəyi ilə əhatə olunub.

Qeyd edək ki, ilk dəfə Katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçib. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır.

2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılır. 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında əməkdaşlıq Memorandumu imzalanır.

Azərbaycanla Vatikan arasındakı əlaqələrin yüksək olduğunu göstərən nümunələrdən biri də Roma Papası Fransiskin 2016-cı ilin oktyabr ayının 2-də ölkəmizə rəsmi səfər etməsidir.

Protestantlıq. Hazırda ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü – 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Alov” xristian.

Yəhudilik

Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini – iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildə Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilmişdir

Eyni zamanda, Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.