Press "Enter" to skip to content

Azərbaycan ədəbiyyatı xronologiya

Şirindil Alışanlı: – Mən bir fakt deyim. Biz ədəbi tənqid kursunu bitirmişik. 72-ci ildə Sov.İKP-nin qərarı çıxdı, onda bizi ədəbiyyatşünas və tənqid kurslarına böldülər. 5 nəfər idik. Bizə dərs deyirdilər: Bəkir Nəbiyev Seyfulla Əsədullayev, Qulu Xəlilov. Bir gün Qulu Xəlilov dedi ki, sabah Arif müəllimi gətirəcəyəm sizinlə görüşə. Qulu müəllim girmişdi qoltuğuna, gəldi oturdu, biz də beşcə nəfərik. Ona suallar verirdik, çox rahat, təmkinlə, çox yavaş-yavaş cavab verirdi. Düz doxsan dəqiqə bizlə söhbət elədi. Sadəliyi, ədəb-ərkanı, məntiqi doğrudan da mif yaratmağa əsas verirmiş.

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığı: nəzəri-metodoloji problemlər və mülahizələr – “Ədəbiyyat qəzeti”nin müzakirə saatı:

Milli müstəqillik qazandığımız iyirmi beş ildə bir çox sahələrdə, eləcə də humanitar düşüncə sferasında bir çox təbəddülatlar nəzərə çarpdı. Bu təbəddülatlar hansıdır? Ədəbiyyatşünaslıq elminin tarixi təcrübəsi haqda nə bilirik? O, bu tarixi təcrübə əsasında nəzəri-metodoloji prinsiplərə təshihlər edə bilirmi? XX əsrdən bu yana Azərbaycan ədəbi-estetik fikrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hansı ədəbiyyatşünaslıq konsepsiyaları var? Yəni bu gün də ədəbi-bədii nümunəyə yanaşmada onların mövqeyi dominantdır? Suallar çoxdur. Onlara cavab aramaq üçün “Ədəbiyyat qəzeti”nin müzakirə saatına qoşulurlar: professorlar, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Zaman Əsgərli və Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktorları “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Elnarə Akimova (moderator), İradə Musayeva və Xəzər universitetinin dosenti Dilbər Zeynalova.

Elnarə Akimova: – Şirindil müəllim, “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” kitabınızda qeyd edirsiz ki, 80-ci illərin sonlarına qədər Azərbaycan ədəbiyyatşünaslığı rus ədəbi, elmi-nəzəri fikri vasitəsilə dünya ədəbi təfəkküründə baş verən proseslərlə əlaqədə, ünsiyyətdə idi. 90-cı illərdən başlayaraq, bu imkanlar bir az da genişləndi. Bəs ədəbiyyatşünaslıq elmi milli bədii, ictimai düşüncənin daşıyıcısı kimi hansı fərdilik kəsb etdi?

Şirindil Alışanlı: – Ötən əsrin 20-ci illərində Azərbaycan ədəbiyyatşünaslığında, mən heç ədəbi tənqidi ondan ayırmıram, şübhəsiz ki, plüralizm var idi. Bizim ədəbiyyatşünaslarımızın bir qismi Türkiyədə oxumuşdu, xüsusilə də Fuad Köprülünün yaradıcılığı ilə tanış idilər. 20-ci illərdəki ədəbiyyatşünaslıq ciddi ədəbiyyatşünaslıq idi. Xüsusilə, Hənəfi Zeynallı ilə Əmin Abid ədəbiyyatın öz mahiyyəti ilə məşğul idilər, onları daha çox poetika məsələləri düşündürürdü.

Bizim ədəbiyyatşünaslıq elmimizə Fuad Köprülünün ciddi təsiri olmuşdur. Onun böyük rus alimi Bartoldla ünsiyyətinin də elmi bəhrələri var. Bartold Türkiyədə iki dəfə olmuşdur. Respublikadan əvvəlki dövrdə və sonra Bartoldun təklifi ilə Köprülü Rusiya Elmlər Akademiyasına seçilmişdir. Bizim ədəbiyyatşünaslığın, xüsusən klassik ədəbi irslə bağlı konsepsiyanın formalaşmasında F.Köprülünün rolunu vaxtı ilə akademik Həmid Araslı yüksək dəyərləndirmişdir.

Azər Turan: – SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçiləndə Fuad Köprülünün 35 yaşı vardı. Onun Akademiyaya üzv seçilməsi ilə bağlı 1925-ci ildə Bartold və başqa rus alimlərinin imzaladıqları təqdimatda yazılır ki, Köprülüzadənin tədqiqləri sayəsində türkoloji elm sahəsi istər tarix, istərsə də dil baxımından keçmiş vəziyyəti ilə ölçülməyəcək dərəcədə yüksəlmişdir. 1948-ci ildə isə Köprülü mühüm siyasi səbəblərə görə SSRİ EA-nın üzvlüyündən xaric edilmişdi. 1950-ci ildən sonra Xarici İşlər Naziri vəzifəsində çalışdığı dövrdə Sovet hökuməti onu yenidən eyni Akademiyaya üzv seçmək qərarına gəlir. SSRİ səfirinin bu barədə Köprülü ilə danışıqları olur. Köprülü isə bütün təklifləri rədd edir.

Şirindil Alışanlı: – Demək istəyirəm ki, bizim ədəbiyyatşünaslığımız o vaxtlar klassik ədəbiyyatşünaslıq tipi kimi formalaşırdı. Ədəbiyyatşünaslıq öz problemləri ilə məşğul idi. Əmin Abidi götürün. Biz tarixi poetikanın ikinci cildini hazırlayanda heca vəzninin müəllifi ətrafında prof. Kamil Allahyarovla fikir mübadiləsindən sonra Ə.Abidin elmi dövriyyədə olmayan heca vəzni haqqındakı məqaləsi üzərində dayandıq və Kamil müəllimin transliterasiyası ilə kitaba daxil etdik. Hənəfi Zeynallının Cavid haqqında məqalələri də, folklor haqqında məqalələri də – bunlar səviyyəli ədəbiyyatşünaslıq idi.

Ə.Abidin prof. B.Əhmədov tərəfindən çapa hazırlanmış “Seçilmiş əsərləri”, lap bu günlərdə nəşr edilmiş “Azərbaycan türklərinin ədəbiyyat tarixi” əsərləri sübut edir ki, 20-ci illərin ədəbi-nəzəri fikrinin elmi təcrübəsi uzun illər dövriyyədən kənarda qaldı. Sonra hakim ideoloji sistem ki gəldi, ədəbiyyatşünaslığı əsasən siyasi rupora çevirdi. Bizim ədəbiyyatşünaslıq və tənqid Rusiya ilə nəfəs alırdı. Onun nümayəndələri getdilər Rusiyada oxudular, təhsil aldılar, aspirant oldular, gəldilər. Onların böyük bir qismi ideoloji aspektdə düşünür və yazırdılar. Və 60-cı illərə qədər bizim ədəbiyyatşünasların, tənqidçilərin əksəriyyəti Rusiya ədəbi-elmi fikrinin ideoloji qolu ilə yaxından ünsiyyətdə idilər. Onların fetişləşdirdiyi ədəbiyyatşünas Georgi Lomidze idi, Zoya Kedrina və Metçenko və digərləri idi. Lamidze SSRİ xalqları ədəbiyyatı şöbəsinin müdiri, SSRİ Ali Attestasiya Komitəsinin üzvü idi, yəni nüfuzlu adam idi. Amma əslində onlar indiki mənada ciddi ədəbiyyatşünas deyildilər. Onlarda sosioloji təhlillər üstün idi.
Bizim ədəbiyyatşünaslığımız XX əsr boyu rus ədəbiyyatşünaslığının təsiri altında olub. Bütün mövzular da, problemlər də bu zəmində elmi fikrə gəlib.
60-cı illər rus ədəbiyyatşünaslığının, eləcə də dünya filoloji fikrinin nüfuzlu mərkəzlərindən biri M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu idi. 60-70-ci illər dövrünü bu İnstitutun “qızıl dövr”ü hesab edirlər. Dünya Ədəbiyyatı İnstitutunda “İstoriya vsemirnoy literaturı” kimi fundamental əsər hazırlanırdı. Ona akademik Konrad rəhbərlik edirdi. Dünya elmində etiraf olunmuş üç cildlik “Ədəbiyyat nəzəriyyəsi” də bu illərdə hazırlanırdı.
Elnarə Akimova: – Neçənci ildə yaranmışdı 3 cildlik ədəbiyyat nəzəriyyəsi?
Şirindil Alışanlı: – 60-cı illərdə. Bu fundamental iş idi. Bizim ədəbiyyatçünaslar da, ciddi ədəbiyyatçünasları deyirəm, bununla tanış olmağa başladılar. Biz bir az gec qayıtdıq bu ədəbiyyatşünaslıq qoluna. Tutaq ki, Y.Borevin “O tragiçeskom” əsəri. Bu kitab Almaniyada çıxmışdı, burada hələ təzə-təzə oxunurdu. O zaman Rusiya ədəbiyyatşünaslığa və estetikaya bir dəstə cavan gəldi. Bunlar kim idi? Averintsev, Meletinski, Borev, Qey, Qasparov, Boçarov, Kojinov, Urnov və digərləri. O vaxt M.Baxtinin əsərləri (F.Rable haqqında əsərindən başqa) dərc edilməmişdi. B.Kojunovla S.Bocarov tarixi bir iş gördülər, bu böyük alimin əsərlərinin nəşrinə başladılar. Və Baxtinin polifonizm, xronotop, roman haqqında konsepsiyası ədəbiyyatşünaslıq və estetikada yeni mərhələnin əsasını qoydu. Dediyim yeni nəsil ədəbiyyatşünasların müəllifliyi ilə üç cildlik “Ədəbiyyat nəzəriyyəsi” yazıldı. Və təsadüfi deyilki, Yaşar müəllim “Azərbaycan ədəbiyyatında faciə janrı” əsərini dediyim kitabın yuxarıda dediyim kitabın – Y.Borevin faciə haqqında monoqrafiyasının metodoloji prinsipləri əsasında yazmışdı. Elnarə xanım, deyirsiz, 90-cı illərdə ədəbiyyatşünaslığın hüdudları genişləndi. Əslində, 90-cı illərdə bizim ədəbiyyatşünaslıq elmi səviyyəcə sürətlə aşağı endi. Nəzəri-metodoloji cəhətdən yüni konsepsiya yaranmadı.
Elnarə Akimova: – Mən deyirəm əlaqələr genişləndi.
Şirindil Alışanlı: – Bəli, əlaqələr genişləndi.
Elnarə Akimova: – Bəs nə baş verdi?
Şirindil Alışanlı: – Bizimkilər getdi Türkiyəyə, İrana, gediş-gəliş açıldı.
Zaman Əsgərli: – Mən genişləndi deməzdim, çox cəhətdən məhdudlaşdı. Sovet dövründə Moskvadakı V.İ.Lenin adına, Leninqraddakı Saltıkov-Şedrin adına kitabxanalar dünyanın ən böyük və zəngin kitabqoruyucu məkanlarından idi. Bu kitabxanalarda hər dildə və hər bir elm sahəsinə aid kitablar və bədii əsərlər saxlanılır və tələbnamə ilə oxuculara verilirdi. Həmin kitabxanaların ayrıca şərq fondu, mətbuat fondu, Şərqşünaslıq İnstitutunun əlyazmalar şöbəsi vardı ki, orada ərəb, fars, türk, hind, özbək, urdu, çin dillərində çox qiymətli əlyazmalar saxlanılırdı. Bunlardan başqa Tiflis, İrəvan, Kazan, Daşkənd, Səmərqənd şəhərlərindətürk dünyasının böyük şəxsiyyətləri, eləcə də Azərbaycan şairlərinin, alimlərinin yaradıcılığına, bioqrafiyasına dair çox müxtəlif sənədlər, əlyazma əsərləri saxlanılırdı ki, 90-cı illərdə bu sənədlərdən və əsərlərdən istifadə etmək imkanı xeyli məhdudlaşdı. Deyə bilərlər ki, indi internet var və oradan hər məlumatı almaq olar. Əvvələn, mən dediyim kitabların və sənədlərin (məsələn, Ərdəbildən, Şeyx Səfi kompleksindən aparılmış kitabların) internetdə heç adı da yoxdur. İkincisi, ədəbiyyatşünasa “quru” məlumat yox, əsərin, yaxud sənədin özü lazımdır ki, onun məğzini, mahiyyətini öyrənə bilsin. Əks halda elmi düşüncənin fərdiyyətindən, özünəməxsusluğundan danışmaq çətindir; indi həm klassik, həm də müasir ədəbiyyatdan yazılanların əksəriyyəti bir-birinin təkrarıdır.

Şirindil Alışanlı: – Bilirsən nə mənada genişləndi, Zaman, mühacirət simpoziumu keçirildi, Türkiyəyə gediş-gəliş artdı. Amma məsələ bundadı ki, rus ədəbiyyatşünaslığı, filoloji fikri bu iki ölkələrin hamısından qabaqda idi. Bizə zəngin faktiki material gətirildi. Türkiyədə tekstoloji iş çox yaxşı təşkil olunub. Onlar tekstə çox fikir verirlər, nəşrlərə, kommentariyalara. Və bu baxımdan materiallar gəldi. Rusiyanın özündə də müəyyən bir durğunluq oldu. Əvvəlki mərhələdə onların bir 4 cildliyi də çıxdı: “Teoriya literaturnıx stiley”. O da ədəbiyyat nəzəriyyəsi şöbəsinin çox fundamental işi idi. Sonra o şöbəyə 8 il Y.Borev rəhbərlik elədi. Niyə nəzəriyyə şöbəsindən danşıram? Çünki əsas aspekt oradan başlayırdı. Hamı o şöbəyə baxırdı.
Zaman Əsgərli: – Gördüyün şöbə o idi də (gülüşmə).
Şirindil Alışanlı: – Hə. Averintsev o şöbədə deyildi, amma həmişə o şöbədə iştirak edirdi. Averintsev idi, Miletinski idi, bir də Mixaylov idi. A.V.Mixaylovu indi də yaxşı tanımırlar, amma o da (Mixaylov) 8 il şöbə müdiri olmuşdu və orijinal əsərlər müəllifidir. Sonra 4 cildlik ədəbiyyat nəzəriyyəsi nəşr etdilər. Onlar 3 cilddə kitab buraxdılar: “Teoretiko-literaturnıe itoqi XX veka”. Hansı konsepsiyalar olub XX əsr rus ədəbiyyatçünaslığında, nəzəri fikrində, onların rolu nə olub. Onu da çox sanballı müəlliflər yazdılar. Bizim ədəbiyyatşünaslıq da 60-cı illərin ikinci yarısından sonra yüksəliş dövrü keçirtdi. 70-ci illərdə də. Nizami adına Ədəbiyyat İnsitutunun “inkişaf dövrü” 60-70-ci illər idi. Zaman müəllim də, mən də instituta gələndə artıq 76-77-ci illərdə, burada vaxtilə məşhur realizm müşavirəsi olmuşdu: “Realizm v literaturax narodov Vostoka”, renessansı barədə müşavirə hazırlanırdı. O vaxt sizə deyim ki, Azər müəllim, sizin bəlkə yadınızda olar, hər doktorluq işinin müdafiəsi bir hadisə olurdu. Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası”, Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” kitabı ki, fundamental kitabdır, o da onun doktorluq işinin mətni idi, Məmməd Cəfər müəllimin “Azərbaycan romantizmi” və “H.Cavid” – ayrı-ayrı kitablardır, birləşdirib doktorluq etmişdi. Yaşar Qarayevin “Azərbaycan realizminin inkişaf mərhələləri”. Fəridə Vəlixanova “Azerbaydjanskaya sovetskaya poeziya na russkom yazıke”, Arif Abdullazadənin “XX əsr Azərbaycan şeirinin üslubları” H.Araslının “Nizami və Türk ədəbiyyatı”, Azadə xanımın fundamental tədqiqatları, Y.Qarayevin, Elçinin, A.Hüseynovun, həm də, tənqidçilik fəaliyyətləri ədəbi-nəzəri fikrin yeni mərhələsini müəyyən etdi, klassik və müasir ədəbiyyatı tədqiq etməyin yeni təhlil prinsiplərini dövriyəyə gətirdilər.
Elnarə Akimova: – Özümüzün orijinal konsepsiyamız olmayıb?
Şirindil Alışanlı: – Orijinal deyəndə ki, burda inkisari-xəyala dalmaq lazım deyil, biz balaca ölkəyik, biz nələrə nail olmuşuqsa, onların özü də böyük şeydir. Bizim rəhmətlik S.Vurğun M.F.Axundovdan sonra yeganə şəxsiyyətdir ki, onun nəzəri irsi dünya nəzəri fikrinin dövriyyəsinə gəlib. Axundovdan sonra bizim heç bir ədəbiyyatımızın Rusiyada ciddi bir ədəbiyyatşünasın əsərində mənbə kimi görməzsən. Ancaq Azərbaycan ədəbiyyatı ilə bağlı oçerklərdə rast gələ bilərsən. Amma S.Vurğunun “Prava poeta”sı və digər məqalələri Rusiyada çıxandan sonra, həmçinin Yazıçılar İttifaqındakı məruzəsi, onun irəli sürdüyü konsepsiyalar: yaradıcılıq metodu konsepsiyası, şairin hüquqları məsələsi, yaradıcılıq azadlığı məsələsi. Onun 1954-cü ildəki məruzəsi, çox orijinal bir hadisə idi. Sizə 20 nəfərdən çox sanballı rus, ukrayn, Orta Asiya alimlərinin adların çəkə bilərəm ki, onlar S.Vurğunla bilavasitə mübahisə eləyib, ona əsaslanıb, fikirlərini genişləndirib. Deyirlər ki, ictimai statusuna görə Mirzə İbrahimovla və S.Vurğun akademik seçiliblər. Elə deyil. O vaxt ictimai statusu böyük olan çox adam var idi. Amma Səməd Vurğun və M.İbrahimov həm də humanitar fikrə istiqamət verən alim idilər. Çünki humanitar fikirdən kənarda ədəbiyyatşünaslıq yoxdur. S.Vurğun 1955-ci ildə, Akademiyanın onilliyində məruzə eləyib: “İctimai elmlər qarşısında duran vəzifələr”. Gedin təzədən bir oxuyun, görün, o ağılda indi tək-tük adamlar var. Kiçik bir məqaləsində müharibə dövrü ədəbiyyatını ümumiləşdirib, təhlil edib. Elə ümumiləşdirmə aparıbdır ki, deyək ki, birinci mərhələ nə idi öndə? Müharibəyə çağırış, ikinci mərhələdə müharibənin hadisələri, lövhələri gəldi ədəbiyyata, üçüncü mərhələdə müharibənin fəlsəfi məzmunu, ictimai məzmunu: “Qalib gələcəkmi cahanda kamal?” Rus və Azərbaycan ədəbiyyatşünaslığın inkişaf mərhələlərinə belə qayıdışı ona görə etdim ki, çağdaş ədəbi-nəzəri fikrin qaynaqları haqqında müəyyən təsəvvür yaransın, digər tərəfdən ədəbiyyatşünaslıq tariximizi təmsil edən şəxsiyyətlərin zəhmətini düzgün dəyərləndirək.
Elnarə Akimova: – Zaman müəllim, Şirindil müəllim XX əsrdən bu yana Azərbaycan ədəbi-estetik fikrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən ədəbiyyatşünaslıq konsepsiyalarından, tarixi təcrübədən danışdı. Bəs bu gün ədəbi-nəzəri fikrin hansı yeni metodoloji prinsiplərə, təhlil və qiymətləndirmə üsullarına ehtiyac var?
Zaman Əsgərli: – Mən ədəbiyyatşünaslıq əsərinin hökmən hansısa metodoloji prinsip əsasında yazılmasını qəbul edə bilmirəm. Elmi tədqiqat metodları var. Mövzuya uyğun tədqiqat metodunu seç və yaz. Sovet dövründə elm adamlarını marksizm-leninizm metodologiyası əsasında yazmağa məcbur edirdilər və tədqiqatçıların da çoxu K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərindən xəbərsiz halda qeyd edirdilər ki, əsərimi marksist metodologiya əsasında yazmışam. Hər bir metodologiya bütün zamanlar üçün əsas götürülə bilməz və tədqiqatçını müəyyən çərçivəyə daxil edir, sərbəstliyə buxov olur. 90-cı illərdə marksist metodologiyadan imtina edəndən sonra bizdə nə baş verdi? O baş verdi ki, başladılar görkəmli sənətkarların hamısını təftiş eləməyə. S.Vurğun belədi, S.Rüstəm belədi, M.Rahim belədi, bunlar satqın olublar, bunlar danos yazıblar və s. Mən bu yolun tərəfdarı deyiləm. Ola bilər ki, hər hansı bir sənətkarın şəxsiyyətində, xarakterində, hərəkətində bu gün üçün bağışlanmaz bir hal baş versin. Amma o hadisəni həmin dövrün özünün tələbləri baxımından qiymətləndirmək lazımdır. O günahlar ona görə baş verirdi ki, onlara hazır metodologiya, “resept” verirdilər. Sosialist realizmi bir baxımdan resept idi. Yəni bundan kənara çıxmaq olmaz, sən bu cür yazmalısan. Düzdür, biz dərsliklərdə oxumuşuq ki, sosialist realizmi yazıçının qarşısına heç bir yaradıcılıq məhdudiyyəti qoymur, o hər hansı sahədən istəsə, necə istəsə yaza bilər, yazıçı üçün sənətkarlıq yolları açıdqır. Amma əslində belə deyildi və mən indi də “sən ancaq belə yazmalısan”, fikrinin tərəfdarı deyiləm. Həqiqəti yazmaq lazımdır. İstəyirsən klassik ədəbiyyatdan, istəyirsən müasir ədəbiyyatdan, istəyirsən ədəbi tənqiddən yaz. Amma həqiqəti yaz, özü də namusla yaz! Yazıçı və şair kimi ədəbiyyatşünasa da sərbəstlik verilməlidir, onlara da yaradıcılıq azadlığı vermək lazımdır. Kimdən istəyir ondan sitat gətirsin, necə istəyir o cür sitat gətirsin. Yəni həqiqəti üzə qoymaq lazımdır.
Elnarə Akimova: – O həqiqət qorunur bizim ədəbi mühitdə?
Zaman Əsgərli: – O həqiqət bu dəqiqə, mənim fikrimcə, ideal səviyyədə qoruna bilmir. Bu dəqiqə konyunktura çox yayılıb həddindən artıq.
Elnarə Akimova: – Məsələn, bu günün konyunkturası nədir Zaman müəllim?
Zaman Əsgərli: – Bu günün konyukturası elə bil ki, müstəqillik dövrünün problemlərini göstərmədən, müstəqillik dövrünün təzadları haqqında heç bir söz açmadan mübaliğələrə varmaqdır.
Şirindil Alışanlı: – Zaman müəllim, bir şeyə aydınlıq gətirək. Elnarə xanımın verdiyi sualdan bir az qaçdıq. Niyə? Elnarə xanım deyir ki, hansı metodoloji prinsiplər, təhlil üsullarına ehtiyac var?
Zaman Əsgərli: – Üzr istəyirəm, təhlil başqa, metodoloji prinsip başqa söhbətdir. Metodoloji prinsip sovet dövründə marksist-leninçi metodologiya idi. Tənqid də buna əsaslanırdı, nəzəriyyədə də buna əsaslanırdı və s.
Şirindil Alışanlı: – Bilirəm, Zaman, Elnarə xanım bizdən ədəbiyyatşünaslıq məktəblərini soruşur. Bundan gedir söhbət.
Zaman Əsgərli: – Azərbaycanda ədəbiyyatşünaslıq məktəbləri olmayıb, indi də yoxdur. Mən təxminən 20 il bundan əvvəl belə bir məqalə yazmışdım: “Ədəbiyyatşünaslıq məktəbləri Azərbaycanda nə üçün yaranmır?” Verdim rəhmətlik Şamil Salmanova. O dedi ki, Zaman, mən məsləhət bilmirəm bunu çap elətdirəsən. Dedim nəyə görə? Dedi sən bu məqaləni çap elətdirəndən sonra ən azı 50 düşmən qazanacaqsan.

Azərbaycan ədəbiyyatşünasları içərisində bədii əsəri sosioloji baxımdan, sənət nöqteyi-nəzərindən, bədii quruluşuna, dil və üslub xüsusiyyətlərinə görə təhlil edib, qiymətləndirənlər olub. Ancaq biçimlənmiş ədəbiyyatşünaslıq məktəbinə çevrilmiş konsepsiya olmayıb. Bizdə qədim dövr, orta əsrlər, yeni dövr, sovet dövrü ədəbiyyatlarının hətta Rusiyada, Türkiyədə, İranda, Özbəkistanda tanınan görkəmli nümayəndələri olub: Ə.Əlizadə, F.Qasımzadə, H.Araslı, M.Arif, M.Cəfər, Ə.Sultanlı, M.Rəfili, Mir Cəlal, M.Quluzadə, Ə.Mirəhmədov, Y.Qarayev. Lakin onların heç biri xüsusi ədəbiyyatşünaslıq məktəbi yarada bilməyib, bəlkə də buna imkan verməyiblər. Baxmayaraq ki, hərəsinin 10-15 yetirməsi olub, ali məktəbdə yüzlərlə tələbəyə dərs deyiblər. Əgər xüsusi konsepsiyalar yoxdursa, onda dominantlıqdan danışmağa dəyməz. Biz sələflərimizin və müasirlərimizin səmərəli fikirlərinin hamısından faydalanmalı, onlara qədirşünaslıqla yanaşmalıyıq, Konsepsiya olaraq həqiqətnəvislik, “düzü düz, əyrini əyri” (M.Ə.Sabir) prinsipi, vətənpərvərlik, xalqa, millətə, dövlətə sevgi, elmə sədaqət missiyası əsas olmalıdır. Tələbəlikdən üzübəri Firidun bəy Köçərliyə qibtə etmişəm, Əli Sultanlını və Mikayıl Rəfilini sevmişəm, Əziz Mirəhmədov və Yaşar Qarayevdən öyrənmişəm. Onlar ədəbiyyatşünaslıqda xüsusi üslub yaratmış alimlərdir. Ümumiyyətlə, mənim nəzərimdə iki ədəbiyyatşünasın təhlil üsulu başqalarınkından fərqlənir.
Elnarə Akimova: – Kimlərdir, Zaman müəllim?
Zaman Əsgərli: – Onlardan biri Əziz Mirəhmədov, biri də Yaşar Qarayev idi. Onlar Ədəbiyyat İnsitutuna rəhbərlik eləyəndə çox əla bir iş alınırdı. Amma onların aralarını elə vurdular ki, düşmən elədilər. Bizdə bu dəqiqə xüsusi ədəbiyyatşünaslıq konsepsiyası yoxdur. Mən onu görmürəm. Kiminsə fikirlərinə istinad eləmək var. Bir dəfə Elçin Əfəndiyevin yazısında bir fikir oxudum. O, Məhəmməd Biriya haqqında yazırdı ki, Biriyanın əsərlərini çap eləmək lazımdır, haqqında kitab da yazmaq lazımdır. Amma Biryanın həm də öz qiymətini vermək, ədəbiyyatda yerini göstərmək lazımdır. Sən Biryanı aparıb Şəhriyarla, S.Vurğunla, R.Rza ilə bir yerə qoyanda hökmən sənin biliyinə, düşüncələrinə şübhə ilə yanaşacaqlar. Bu mənada mən deyirəm ki, bizim konsepsiyamız həqiqət olmalıdır. Həqiqəti görəndə başqasının da gördüyünə fikir vermək lazımdır. Gör bir başqası necə görür? O səhv görür, ya sən səhv görürsən? O doğru düşünür, ya sən doğru düşünürsən?
Şirindil Alışanlı: – O həqiqət-nəvislik istənilən anlamda olmalıdır. İstəyirsən struktural-semantik təhlil elə, istəyirsən bütöv sistemli təhlil elə, istəyirsən poststruktural təhlil elə, yəni həqiqətə əsaslanmaq lazımdır. Amma məsələ belədir ki, o həqiqəti nə formada üzə çıxardırsan.
Zaman Əsgərli: – O elmi təhlilin üsullarıdır, metodlarıdır.
Şirindil Alışanlı: – Yox, bilirsən, necə, biri var ideologiya, biri var metodologiya. İndi deyirlər Azərbaycançılıq əsasında yazmışam. Bu azərbaycançılıq bizim dövlətin ideologiyasıdır. Amma metodologiya, yəni məktəblər. Rusiyada neçə məktəb var idi? 30-cu illərdən formalistlərə qadağan etdilər. Hətta Baxtinin birinci kitabı çıxanda Medvedyev imzası ilə çıxdı. Rusiyada 2-3 məktəb vardı da. Lotmanın məktəbidir – struktural-semotik, bir də dünya ədəbiyyatı institutunda, bütöv-sistemli təhlilin tərəfdarları. Bunlar hamısı metodoloji məsələlərdir.
Zaman Əsgərli: – Sən nəyə görə son dövrləri götürürsən? Rusların Bartoldu var idi, Bertelsi, Lixaçovu var idi. Hamısı da məktəb yaratmışdılar.
Şirindil Alışanlı: – O məktəb başqa məktəb idi. Biri var metodologiyaya əsaslanır ki, bunlar tamam başqa təhlil üsulu seçirlər. Lotmanın məktəbi başqadır – struktural-semantik təhlildir. Bartold tarixçi idi, yazırdı, özü də əsasən marksist tarixçi idi. Bertelsin özünü fetişləşdiribdilər. Bertelsin kitabları mənim stolumun üstündədir. Bertels qeyri-adi bir tədqiqatçı deyil. Amma Rusiyada Baxtin ortaya çıxınca bir Lotman məktəbi vardı, bir də Lixaçov məktəbi. Dünya ədəbiyyatı İnstitutunda doğru metodoloji prinsip hazırladılar: bütöv – sistemli təhlil, yəni formal ədəbiyyatşünaslıq məktəbinin də təcrübəsi götürülməklə ədəbiyyat yarandığı ictimai kontekstdən ayrı götürməməlidir. Yadıma yaxşı düşdü. 1980-ci ildə Ədəbiyyat İnstitutun Elmi Şurasında hermenevtika haqqında çıxış etdim. Bunun artıq metodikadan metodologiyaya çevrildiyini izah etməyə çalışdım. Xüsusən sinfilik nəzəriyyəsinin ədəbiyyat tarixinə tətbiqindəki yanlışlıqları göstərməyə çalışır, yəni mədəniyyəti “bir mədəniyyətdə iki mədəniyyət” prinsipi ilə təhlil etməyin nəticəsi nə idi: romantizm iki cəbhəyə bölünürdü: mütərəqqi, mürtəce. XX əsrin əvvəlləri ədəbiyyatı az qala düşmən ədəbi məktəblər kimi təhlil olunurdu. İlk sözü rəhmətlik Kamal Talıbzadə dedi: Sinfilik ədəbiyyatşünaslığımızın əsas kateqoriyalarından biridir. Yaşar müəllimin yekun sözü: Sinfiliyin tətbiqindəki yanlışlıqlardan danışmaq olar, ancaq onu inkar etmək yanlışdır. Ümumiyyətlə, tarix boyu siniflər olub. İndi tək marksistlər demir ki, bunu hamı deyir. Elə götürün Stendalın əsərlərini, V.Hüqonun irsini, bizim klassikləri. Ortaya qoyulanların hamısı ayrı-ayrı siniflərin psixologiyasıdır, əhval-ruhiyyəsidir, mübarizəsidir. Ancaq ədəbi fikir tarixini ədəbiyyatın immanent qanunauyğunluqları ilə dəyərləndirmək, ona əsaslanmaq lazımdır. Ədəbiyyatda cəmiyyətin ayrı-ayrı təbəqələrinin, siniflərin dünyagörüşü, psixologiyası varsa, həyat tərzi varsa, bu o demək deyil ki, bunu sinfilik prinsipi ilə dəyərləndirmək lazımdır.
Zaman Əsgərli: – Sənin dediyin o söhbət ki, var, bizim ədəbiyyatşünaslıqda fitri formada əvvəldən var idi. Azərbaycan ədəbiyyatşünasları hər hansı bir əsəri əvvəlcə məzmununa, mövzu və ideyasına, sonra bədii keyfiyyətlərinə, strukturuna, dil və üslubuna, nəhayət müasirliyinə görə qiymətləndirirdilər.
Şirindil Alışanlı: – Deməli, yaradıcılıq psixologiyası baxımından. Ədəbiyyatşünaslardan çox “yazıçı tənqidi” ki, deyirlər, məsələn, Süleyman Rəhimovun kitabına baxın, Rəsul Rzanın kitabına baxın. Yəni bunlar yaradıcılıq psixologiyasını daha yaxşı veribdilər, nəinki Məmməd Arifin 3 cildliyində verilən kimi. Orada elə detallar tapırsan ki, görürsən ki, yazıçı yazıçı yoldaşının elə yaradıcılıq məqamlarını şərh edir ki, tənqidçi-ədəbiyyatşünas onların üzərindən keçir.

Elnarə Akimova: – İradə xanım, sözü sizə verək. Ədəbiyyatşünaslığın problemləri, nəzəriyyənin problemləri ilə bağlı İradə xanım tez-tez çıxış edir mətbuatda. İstərdim mövzu ilə bağlı fikirlərini bildirsin. İradə xanım, Azərbaycan ədəbiyyatşünaslığının üç yaradıcılıq laboratoriyası olan sahə: folklor, klassik və müasir ədəbiyyat. Bunların hansında müstəqillik dönəmindən sonra köklü düşüncə dəyişimi baş verdi? Məsələn, belə deyək, çağdaş ədəbi fakta münasibətdə hansı yeni dəyərləndirmə prinsipləri bərqərar oldumu? Yaxud klassik ədəbiyyatın yeni gözlə oxunuşu hansı kontekstdə baş tutdu? Bədii faktı dünyanın qəbul edəcəyi elmi prinsiplər müstəvisində təhlil etməyin metodoloji meyarları müəyyənləşdimi?

İradə Musayeva: – Şirindil müəllim də, Zaman müəllim də əslində bizi maraqlandıran və bizim üçün gərəkli olan çox şeyi dedi. Və təbii ki, bu gün bizim müzakirəyə çıxardığımız, qaldırdığımız problemlər əsasında bu müəlliflər bizim inandığımız, etimad göstərdiyimiz müəlliflərdir. Ona görə də maraqla dinlədik. Amma bir az çox uzaqlaşdıq məsələnin məğzindən. Çünki biz, əslində Dilbər xanım da, mən də bu gün çoxlu konkret problemlərlə, ədəbiyyatşünaslığın çox konkret və bizə tədrisdə mane olan, şəxsən mənə əsərləri təhlil edəndə tənqidçi kimi mane olan, “baryerə” çevrilmiş çoxlu problemlərlə üzləşirik. Daha doğrusu, ədəbiyyatşünaslıqda problem siyahısı ilə. İndi məsələn, Şirindil müəllim rus tənqidindən, nəzəriyyəsindən və müəlliflərindən danışır, bu da yaxşıdır, belə bir şey də bizə lazımdır ki, bizim rus ədəbiyyatşünaslığından da geniş şəkildə xəbərimiz olsun. Amma bu qədər sırf rus ədəbi-estetik baxışlarına aludəlik isə çox vaxt bizi özümüzün konkret problemlərimizdən uzaqlaşdırır. Tutaq ki, Qorxmaz Quliyev çox yaxşı nəzəriyyəçi və ədəbiyyatşünasdır. Onun postmodernizm haqqında maraqlı yazıları var. Amma bu adam bu günkü Azərbaycan ədəbiyyatını oxumur, təhlil də eləmir.

Şirindil Alışanlı: – Bir dəqiqə, Qorxmaz müəllimlə biz 40 ildir tanışıq. Namizədlik işini də bir yerdə müdafiə eləmişik, ailəvi dostuq. Onun erudisiyasına, mütaliyə mədəniyyətinə yaxşı bələdəm. Amma Qorxmaz müəllim Azərbaycan ədəbiyyatını çox yaxşı bilir. Onun C.Məmmədquluzadə və dünya dramaturgiyası ilə bağlı yazıları sübut elədi ki, bu cür təhlil etmək lazımdır: Müasir ədəbiyyatşünaslığın səviyyəsi budur. Onun digər dərslikləri isə maarifçilik işidir. Mən sizə bir söz deyim, əgər bir xalqın dilində Hegelin “Estetika”sı yoxdursa, biz nədən danışırıq? Müasir ədəbiyyatşünaslıq – Zaman, mən, Kamran, Muxtar və s. – bunlar elə rusların kitablarını oxuyurdular, bir şey öyrənirdilər. İndiki gələnlər heç rusca da bilmirlər. Məsələ ondadır.

İradə Musayeva: – Cəlil Məmmədquluzadə müasir ədəbi prosesə aid deyil, təbii ki. Mən bu günün canlı, nəfəs alan ədəbiyyatından danışıram. Söhbət nədən gedir. Yəni tanınmış alimlərin, professorların bizim əlimizdə olan ədəbiyyatşünaslıq kitabları (bunların çoxu akademiyadan gəlir), akademiyanın Ədəbiyyat İnstitutunda şöbələrinizdə müzakirə olunur, olunmur, bilmirəm. Müzakirə olunursa, lap pis, müzakirə olunub çap olunursa o şəkildə, əlbəttə, təəccüblüdür. Olunmursa, məsuliyyət cavabdehliyi daha yoxa çıxıbsa, onda üçqat pis. Bu müəlliflər Təhsil Nazirliyindən qrif alıb kitablarını rəsmi icazəli vəsait kimi çap etdirir, kitablarının ilk səhifələrində redaktor kimi say-seçmə adamların adını yazırlar, hansısa elmi şuradan keçdiyini, “professor” titullu rəyçilərin rəy verdiyini çəkinmədən göstərirlər. Və bu kitablar kitabxanalara yerləşdirilir, kataloqlara salınır. Tələbə gedib oradan bizim verdiyimiz ədəbiyyat siyahısı ilə müraciət edəndə onların əlinə bu kitabları da verirlər. Dilbər xanım deyir ki, mən tələbəyə cani-dildən dərsi deyirəm, tələbə o kitablarla tanış olandan sonra şikayətlənir ki, bildiklərimi də qarışdırdım. Yəni bilirsiniz, biz həqiqəti demək istəyəndə titullar bizə mane olur. İddialı müəlliflərin özləri haqqındakı əminliyi ilə ortaya qoyduqları iş üst-üstə düşmür. Biz müəllim kimi bu işin fəhləsiyik. Biz bu kitablardan, bu qədər ciddi bir sahəyə bu cür yanaşmadan çox narazıyıq. Birinci bu. İkinci, siz çıxış elədiniz akademik səviyyədə, çox gözəl. Amma ədəbiyyatşünaslıq tədrisdən, eləcə də ədəbiyyatın özündən çox təcrid olunub. Elə bil aralarında xüsusi bir sədd var. Böyük əksəriyyət otaqlarda oturub kitabdan-kitaba köçürür, yeni, diqqəti cəlb edən başlıqlarla kitabını çap etdirir. Biz də bunları oxuyuruq, başa düşmədiyimiz bir şəkildə ya qoyuruq kənara, ya sətirlərin altından xətt çəkib örtürük, ya tənqidi qeydlər götürürük, çox əsəbiləşəndə də bir məqalə yazırıq çıxıb gedir. Şirindil müəllim, dissertasiya mövzuları var ki, bu sahə ilə bağlı, mücərrəddən-mücərrəd . Biz isə oraya məbədgah kimi baxırdıq, bizim ədəbiyyatşünaslıq elmimiz elmi-nəzəri, tarixi, tənqidi düşüncələri, yenilikləri, qabaqcıl ideyaları ordan istehsal edir, biz də istehlak edirik guya. Universitetlərin kafedralarında müəllimlər gileylənib keçir, ədəbi söhbətlərdə elmi problem kimi yox, bəzən gündəlik məişət söhbəti səviyyəsində danışılır bu barədə. Ciddi və tələbkarlıqla yanaşılmasa, bu müəlliflər bir az da iddialı şəkildə nəşrlərini genişləndirəcəklər. Sizin istehza ilə yanaşdığınız, bizim tənqid etdiyimiz müəlliflərdən elələri var ki, həmin yarıtmaz ədəbiyyatşünaslıq kitabını 4 dəfə böyük tirajla çap etdirib.

Zaman Əsgərli: – Şifahi ədəbiyyat, klassik və müasir ədəbiyyat ədəbiyyatşünaslığın mənbəyi deyil, tədqiqat sahələri, tədqiqat obyektləridir. Şifahi ədəbiyyatı folklorşünas alimlər öyrənirlər. 90-cı illərdən başlayaraq xeyli nümunələr toplanıb, nəşr olunub. Qəzənfər Paşayev, Hüseyn İsmayılov, Muxtar İmanov, Məhərrəm Qasımlı, Seyfəddin Rzasoy, Cəlal Bəydilli şifahi xalq ədəbiyyatının və aşıq yaradıcılığının müxtəlif məsələlərinə aid doktorluq əsəri yazıb, monoqrafiyalar çap etdiriblər. Klassik ədəbiyyatın tədqiqi araşdırıcıdan xüsusi zəhmət və bacarıq tələb edir. Müstəqillik dövründə Nizami Gəncəvinin sənət dünyasından və şöhrətindən bəhs edən yeni kitablar çıxıb. Mən mərhum Azadə xanımın “Nizami və onun poeziya sələfləri” (1999), Teymur Kərimlinin “Nizami və tarix” (2003), Nüşabə Araslının “Nizaminin poetikası” (2004), Siracəddin Hacının Nizami əsərlərinin şərhinə və təfsirinə həsr olunmuş kitablarını qeyd edə bilərəm. Orta əsrlər və yeni dövr Azərbaycan ədəbiyyatından bəhs edən kitablar içərisində İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə mühiti və müasirləri” (1997), Paşa Kərimovun “XVII əsr Azərbaycan lirikası” (2012), Raqub Kərimovun “Qasım bəy Zakir və müasirləri” (2013), Şamil Vəliyevin “Füyuzat ədəbi məktəbi” (1999), Alxan Bayramoğlunun “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat” (2003), Tehran Əlişanoğlunun “XX əsr Azərbaycan nəsrinin poetikası” (2006), Təyyar Salamoğlunun “Azərbaycan romanının poetikası” (2005), Şirindil Alışanovun “Müasir humanitar təfəkkür və azərbaycan ədəbiyyatşünaslığı (2011), Kamran Əliyevin, Azər Turanın Cavid haqqında kitabları yaxşı ədəbiyyatşünaslıq əsərləridir.

Mətnşünas alimlərimiz də dinc oturmayıblar; mərhum Ofeliya Bayramlının zəhməti sayəsində “Füyuzat” jurnalının tam mətni, Əli bəy Hüseynzadənin əsərləri, Əziz Mirəhmədov, Turan Həsənzadə, Elmira Qasımova kimi tədqiqatçıların əməyi sayəsində “Molla Nəsrəddin” jurnalının 8 cildliyi çağdaş əlifbaya çevrilərək çap olunub.

İradə Musayeva: – Bayaq dedim ki, ədəbiyyatşünasların əksəriyyəti ədəbi prosesi izləmir, hətta elələri var ki, özlərinə sığışdırmır hansısa gənc bir istedadın haqqında fikir bildirsin. Professor və ya akademikdirsə onlar sanki ancaq xalq yazıçılarını oxumalı və onlardan yazmalıdır. Bu yaxınlarda Kulis.az saytında Orxan Bahadursoy adlı gənc bir şairin şeirlərini oxudum. Diksindirici poetik məqamlar vardı ki, məni çox sevindirdi. Çox sevindim, imkan olan kimi həmin şeirlərin haqqında yazacam, yəqin ki. Amma biz onları ədəbiyyat, müzakirə, “ədəbi hesabat” mövzusuna salmağı sanki, qeyri-ciddi bir yanaşma kimi qəbul edirik. Halbuki, haqqında kitablar bağlanan çox qocaman şairdən daha çox şairdir bu cavan oğlan.

Elnarə xanım sual verdi, ədəbiyyatşünaslığın sahələri ilə bağlı. Folklorşünaslıq tədqiqatlarından tutmuş bütün sahələrdə vəziyyət kifayət qədər dramatikdir. Hələ də ümumtürk abidələrinin, xüsusən “Kitabi Dədə Qorqud”un tədqiqatında qərb, rus, türk qorqudşünaslarının yazdıqlarından, dediklərindən artığına rast gəlmirik. Məsələn, dastançılıq ənənəsi və klassik ədəbiyyatla bağlı çoxlu kitab, monoqrafiya, dissertasiya adı çəkə bilərsiniz. Mahiyyətə, yenidən, müstəqillik dövrü dediyimiz zamanda yenidən tədqiq edib fundamental fikirlər ortaya qoymaq məsələsinə gələndə Azərbaycandan kənarda da əks-səda doğura biləcək kitab tapmayacaqsınız. Halbuki bu kitabları yazmaq üçün – klassik irsə, folklor ədəbiyyatına yenidən və azad təfəkkürlə baxıb yazmaq üçün heç bir maneə yoxdur. Bizə daha rus sovet ideoloqları heç nəyi diktə etmir.

Şirindil Alışanlı: – Sizin dediyinizdə müəyyən həqiqət var. Lakin ədəbiyyatşünaslıq öz işini görür. Birinci, bizim klassiklər pis-yaxşı çap olunub, bizim mühacirlər çap olunur, əlimizin altındadır, qadağan olunmuş ədəbiyyatlar var idi, çap olunub. Əli bəy Hüseynzadənin bir kitabını tapmırdıq ki, oxuyaq. Çap olunub, 2 cildliyi də, ayrı-ayrı əsərləri də. Mən demək istəyirəm ki, dərslik problemi artıq Akademiyadan asılı problem deyil. Əvvəllər, sovet dövründə ədəbiyyatla bağlı dərslik çıxanda “Maarif” nəşriyyatı birinci göndərirdi Ədəbiyyat İnstitutuna. Müvafiq şöbələrdə müzakirə olunurdu. Ya rəyçi kimi, ya redaktor kimi iştirak olunurdu, onun müəllifləri seçilirdi. Sizə bir fakt deyim ki, Həmid Araslının orta məktəb dərsliyi, o vaxt hamımızın oxuduğumuz, ikinci müəllifi də Heydər Eyvazov idi. O Heydər müəllim Buzovna qəsəbəsində bir məktəb müəllimi idi, ədəbiyyat müəllimi idi. Həmid müəllimin dərsliyinə hər dəfə tədris prosesində “uşaq bunu qavraya bilmir, bu söz belə” və s. kimi qeydlərinin hamısını yazıb göndərmişdi, axırda Həmid müəllim onu özünə “həmmüəllif” elədi. Bu dərsliyi yazıb ki, məktəbdə mənimsənilsin də. Mən bəzən kitabı oxuyuram, bəzən özümçün də çətin olur. Zaman müəllim də deyir ki, oxuyanda heç nə başa düşmürəm. Amma dərslikdə bizdən soruşan yoxdur. Mən o dərsliklərlə, sözün düzü, tam tanış deyiləm. Mən rus sektoru üçün yazılmış bir-iki Azərbaycan dili dərsliyinə baxdım, dəhşətdir. Yəni ki, o adamlar düz deyirsiniz, oturub ədəbiyyat nəzəriyyəsi yazmalıdı, bu işin məsuliyyəti onların üzərinə düşür. Elnarə Akimova çox sağ olsun, o vaxt mənim məqaləmə bir fikir yazmışdı.

Azər Turan: – Hə. “Bir müsahibəyə sözardı”.

Şirindil Alışanlı: – Çox yaxşı da yazmışdı. Deməli, orada mən ədəbiyyat nəzəriyyələrinin adlarını çəkmədən ümumi problemlərdən yazmışdım. Çox böyük incikliklər oldu, bizi belə saymırlar, filan. Ay qardaş, başına dönüm, mən sənə deyirəm ki, bu adamlar yuxarıda dediyim o ədəbiyyat nəzəriyyəsi kitablarının heç birini görməyiblər. Nə 3 cildliyi, sonra çıxan 4 cildliyi. Hər halda, rusların ədəbiyyatşünaslığı dünyada ən qabaqcıl ədəbiyyatşünaslıqdır. Digər tərəfdən ədəbiyyat haqqında nəzəri aspektdə istənilən qədər yazmaq olar, bu hər bir müəllifin hüququdur. Dərslik isə elmdə qəbul olunmuş, sabitləşmiş, nəticələr və konkret proqram əsasında yazılmalıdır. Həm də dərslik müəllifi pedaqoq kimi, auditoriya qarşısında “dayanıb” yazmalıdır.

Zaman Əsgərli: – Mən çox üzr istəyirəm, sənin dediklərində müəyyən həqiqət var. Vaxtilə Yaşar müəllim mənə belə bir söz dedi ki, Zaman, biz hər hansı xarici ədəbiyyatşünaslıqdan fakt kimi istifadə eləməliyik, amma onların prinsiplərini öz ədəbiyyat kitablarımıza gətirməli deyilik.

Şirindil Alışanlı: – Unudulmaz Yaşar müəllim bunu necə deyib bilmirəm. Onun Faciə janrı haqqında, eləcə də realizm haqqında tədqiqatları mövcud tədqiqatların elmi təcrübəsi əsasında yazılmışdır.

Zaman Əsgərli: – Sən deyirsən ki, guya kimsə o ədəbiyyat nəzəriyyəsindən xəbəri olsaydı, Azərbaycan üçün yaxşı ədəbiyyat nəzəriyyəsi yazardı?

Şirindil Alışanlı: – Zaman, bütün elmlər öz tarixi təcrübəsi zəminində inkişaf edir. Məsələn, “Formal məktəb” öz tarixi missiyasını yerinə yetirdi. Və nəzəri inkişafın sonrakı mərhələsindən xəbərsiz ədəbiyyat adamı ilə necə danışasan? Yaxşı bizdə yazırlar ki, “hekayə ədəbiyyatın diş ağrısıdır”. Bunu tərcümə elə, adama nə deyərlər? Ədəbiyyat nəzəriyyəsi dünya ədəbiyyatının kontekstində yaranır. Bu, tək Azərbaycan ədəbiyyatına aid deyil ki. Sən xarakterdən danışırsan, fabuladan danışırsan, obrazdan danışırsan.

Zaman Əsgərli: – Sənin fabula haqqında yazdığın dünya ədəbiyyatında (özü də “dünya ədəbiyyatı” dünya ədəbi-nəzəri fikri mücərrəd anlayışdır) heç kəsin diqqətini cəlb etməyəcək. Ona görə ki, dünya ədəbi-nəzəri fikrində bu haqda çox yazılıb və yaxşı yazılıb.

İradə Musayeva: – Qəribə tendensiya yaranıb. Kim ağlına gələni sübut etmək istəyirsə, konkret sitatlar və faktlarla deyil, “bütün dünyada belədir”-tezisi ilə, əsaslandırmasız şəkildə məsələnin üstündən ötüb keçir. “Bütün dünyada belədir” – necədir, bilmirik, açmırlar. Şirindil müəllim, Siz deyirsiz ki, Akademiya filan-filan işləri görüb, klassik ədəbiyyatı çap eləyib. Məsələ ondadır ki, o klassik ədəbiyyat ki, çap olunub, onun “ön sözlər”ini, izahlarını və s. oxuyanda məlum olur ki, bu yenə sovet dövrünün əldə olan materialları əsasında hazırlanıb. Hələ də Nizamidə sosializm, kommunizm ideyası “tapanlar” var, hələ də Nəsimi “ateistdir”, hələ də “Leyli və Məcnun”ları qadın hüquqsuzluğu aspektindən təhlil edirlər və s.

Şirindil Alışanlı: – “Dünya ədəbi-nəzəri fikri” necə mücərrəd anlayışdır? Onda dünya ədəbiyyatı tarixi necə anlayışdır? Klassiklərimiz yeni əlifba ilə nəşr edilərkən müəyyən qədər tələsikliyə yol verilib. Onlar çap olunanda Elmi Şurada müzakirə edib bu sahədəki tanınmış mütəxəssislərə tapşırıblar. Mövcud elmi steriotiplərdən ayrılmağın çətinlikləri var. Ona görə də dünya ədəbi-nəzəri fikrini öyrənmək lazımdır. Milli ədəbi fikrin nailiyyətlərini dünyaya çatdırmağın yeganə yolu budur.

İradə Musayeva: – Mən başa düşürəm. O adamlar da götürür İbn Səlam kimi müsbət obrazı antipod kimi təqdim edir, ya da “feodal-patriarxal cəmiyyət” dən, quldan-quldardan yazırlar. Anlamırlar ki, klassik ədəbiyyat sufi fəlsəfə yönündən araşdırılmalıdır əslində və yeni metodologiya ilə.

Şirindil Alışanlı: – Klassik irsi bu yöndə dəyərləndirməyin də ifratları var. Y.Qarayev doğru yazırdı ki, indi sufizm yoxdur, ancaq Füzuli var, indi sosialist realizmi yoxdur, ancaq C.Cabbarlı yaşayır. O, həm də deyirdi ki, ədəbiyyat tarixini hər dövrün meyarları ilə təftiş etmək olmaz.

Zaman Əsgərli: – İradə xanım deyir ki, ədəbiyyatşünaslıq kitabları qaydasında deyil. Guya deyilən fikirlərin hamısı səhvdir. Belə yanaşma əsassızdır.

Elnarə Akimova: – Dilbər xanım, ədəbiyyatşünaslıq elmi və onun dərsliyi. Son ədəbiyyat nəzəriyyəsi kitablarında olan vəziyyət hansısa inkişafın göstəricisindən xəbər verirmi? Ədəbi-nəzəri düşüncəmiz yeni təfəkkür tərzindən çıxış edib meyarlarını ortaya qoymağa müvəffəq olurmu? Sizcə, bu sahədə hansı konseptual məsələlərin tədqiqinə ehtiyac var?

Dilbər Zeynalova: – Təşəkkür edirəm, problemin tam ortasındayam. Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyat tarixinin də, ədəbi tənqidin də müəyyən ənənələri olub. Amma ədəbiyyat nəzəriyyəmiz Avropa və rus nəzəri fikrindən qidalanıb. Bu gün əlimizdə olan ədəbiyyat nəzəriyyəsi dərslikləri əvvəlkilərin (M.C.Paşayev, P.Xəlilov) anlaşılmaz hala salınmış variantıdır, guya onlardan yararlanmayıblar. Amma nəzəri anlayışları da təhrif ediblər. Faciə burasındadır ki, dərslik müəlliflərinin (N.Şəmsizadə, X.Əlimirzəyev, V.Əhməd) yanaşmasında heç bir yeni nəzəri-estetik konsepsiyalar yer almayıb. Bu barədə İradə xanım faktlarla çıxış etdiyindən, təkrarlamaq istəmirəm. Problem yaradan məsələlərdən biri də odur ki, ədəbiyyatşünaslığın əsasları kimi təqdim olunan dərsliklərdə nə ədəbiyyat tarixinin, nə də ədəbi tənqidin meyar və prinsipləri yer almayıb, dərslik ədəbiyyat nəzəriyyəsinə giriş adlansa, daha doğru olardı. Bilirsinizmi, problem yalnız ədəbiyyat nəzəriyyəsində deyil. Ədəbiyyat tarixçiliyində də problem var, Zaman müəllim. Yəni ədəbiyyat tarixçiliyimizin dövrləşdirilməsi hansı meyar və prinsiplərə söykənir,bəlli deyil .Kitabların üzü yenilənir, mahiyyət əvvəlki kimi qalır. Maraqlıdır, nə üçün bütün elmlərin öyrədilməsində ibtidaidən aliyə, yaxud asandan çətinə doğru prinsipi əsas götürülduyü halda, ədəbiyyat tarixində çətindən asana gedirik. Məsələn, klassik adlandırdığımız dövr adətən fəlsəfəsi ilə də, dili ilə də. mövzuları ilə də indiki gənclərdən kifayət qədər uzaqdır. Ədəbiyat tarixini öyrətməyə Nizami, Füzuli Nəsimi Xətayi kimi mürəkkəb dünyabaxış sisteminə malik olan sənətkarlarla başlayırıq. Olmazmı bu günümüzün işığında keçmişi dəyərləndirək? Bu günki gənclik yaşadığı zamandan baş çıxarmadan keçmişi neçə öyrənə, dəyərləndirə bilər? Müşahidələrimə əsasən deyə bilərəm ki, orta məktəbi bitirib universitetə qəbul olan gənclər üçün B.Vahabzadə ilə ədəbiyyat bitir, qapanır.

Zaman Əsgərli: – Onun günahı bizdə deyil.

Dilbər Zeynalova: – Yox, mən demirəm ki, sizdədir. Bu müzakirənin də məqsədi o deyil ki, biz rus nəzəri fikrinin nümayələrini sadalayaq, onlardan sitatlar gətirək. Mən Borevin aspirantı olmasam da, adları çəkilən müəlliflərin bütün nəzəriyyə kitabları ilə tanışam. Özü də indi yox. Təhsil aldığım M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitunda bu dərliklərdən öyrənmişik. İndi də sağ olsun Qorxmaz müəllim, onun qərb ədəbiyyatşünaslıq konsepsiyaları ilə bağlı kitabları köməyimizə gəlir.

Zaman Əsgərli: – Bağışlayın ki, sözünüzü kəsirəm. Siz ədəbiyyat tarixi haqqında dediniz, bizdə ədəbiyyat tarixi düzgün dövrləşdirilməyib.

Dilbər Zeynalova: – Bəli, məni narahat edən məsələlərdən biri də budur.

İradə Musayeva: – Dövrləşdirmə məsələsi subyektiv rəy əsasında olmamalıdır.

Zaman Əsgərli: – Qədim dövr Azərbaycan ədəbiyyatı islamaqədərki ədəbiyyatdır. Bizimkilər deyirlər ki, o dövrdən əlimizdə nümunə yoxdur. Nümunə yoxdur, axtar, tap! Orta əsrlər dünyada IV-V əsrlərdən başlayır, bizdə islamdan sonra, VIII, IX, X əsrlərdən başlayır. Əgər biz ədəbiyyatımızın qədim dövrünü Nizami hesab ediriksə, onda bizim ədəbiyyatın tarixi, məsələn rus ədəbiyyatının tarixindən fərqlənmir. Çox cavan bir ədəbiyyatımız meydana gəlir. Qaldı ki, ədəbiyyatşünaslığın ali məktəbdə öyrədilməsi və ədəbiyyatşünaslıq haqda kitabların yazılması. Bəri başdan deyim ki, hər bir dərslik müəyyən proqram əsasında yazılır. Proqramda nə tələb olunursa, o da dərslikdə verilməlidir. Azərbaycanda orta əsrlərin “Qəvaidi-ədəbiyyə”lərindən fərqlənən ilk dərslik nümunələrinin yazılmasına təşəbbüsləri XX əsrdə H.Cavid, A.Şaiq kimi ziyalılar göstəriblər. Sonralar M.Rəfili, C.Xəndan kimi şair-alimlər ali və orta məktəblər üçün ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər yazıblar. Daha sonralar “Ədəbiyyatşünaslığın əsasları” adlanan kitablar nəşr olunub. Bu kitabların məzmunu 1950-ci illərdə nəşr olunan kitabların təxminən eynidir. Belə çıxır ki, ədəbiyyat nəzəriyyəsinin, ümumiyyətlə ədəbiyyatşünaslığın əsasları ədəbi növlər, janrlar, ədəbi cərəyanlar haqqında məlumatdan ibarət olmalıdır. Əslində isə “Ədəbiyyat nəzəriyyəsi” kitablarında ilk növbədə bədiilik, estetiklik, onları səciyyələndirən amillər, sənət-həyat münasibətləri, estetikliyin təzahür formaları izah olunmalıdır. Onu da deyim ki, “Ədəbiyyatşünaslığa giriş”, “Ədəbiyyat nəzəriyyəsi, “Ədəbiyyatşünaslığın əsasları” kitablarında deyilənlər əsasən bir-birinin təkrarıdır. İlk növbədə alimlər müəyyənləşdirməlidir ki, ədəbiyyatşünaslığın əsasları nədən ibarətdir, bu fənnin tədrisi prosesində tələblərə nə öyrədilməlidir? “Ədəbiyyatşünaslığa giriş”in predmeti nə olmalıdır? “Ədəbiyyat nəzəriyyəsi”ndə adları çəkilən fənlərdən fərqli olan hansı məsələlərə diqqət yetirilməlidir? Yoxsa üç fənnin üçündə də eyni məsələlərdən danışmaq tavtologiyadır.

Azər Turan: – Bəzən təəccüb doğurur. “Ədəbiyyat nəzəriyyəsi” kitablarımız, az qala, ədəbiyyatşünaslıq terminləri lüğəti kimi çıxır. Bizim “Ədəbiyyat nəzəriyyəsi” kitablarımız tutaq ki, Rene Vellekin “Ədəbiyyat nəzəriyyəsi” kitabı ilə heç müqayisəyə gəlmir. Vellek sistemli ədəbiyyat nəzəriyyəsinin banisidir, dünyanın qəbul etdiyi alimdir. Onun bir fikri var, deyir: – “Ədəbi tənqid dağın ətəyidir, ədəbiyyat tarixi dağın görüntüsüdür, ədəbiyyat nəzəriyyəsi dağın zirvəsidir”. Ədəbiyyat nəzəriyyəsi ədəbiyyata, ədəbi prosesə, ədəbi tənqidə, ədəbiyyat tarixinə zirvədən baxır.

Dilbər Zeynalova: – Ədəbiyyat nəzəriyyəsi elmi tədqiqatlar üçün açar rolunu oynayır. Ədəbiyyat nəzəriyyəsini bilməyən silahı olmayan tədqiqatçıdır.

Zaman Əsgərli: – O Vellekin kitabını iki nəfər yazıblar. O kitab məndə var, oxumuşam, yaxşı kitabdır, maraqlı kitabdır. Mən nəyi demək istəyirəm. “Ədəbiyyatşünaslığın əsasları” – kitabı oxuyanda belə çıxır ki, ədəbiyyatşünaslığın əsasları ədəbi növləri, ədəbi janrları, tutalım məktəbləri – bunları öyrətməkdən ibarətdir. Qoşma qəzəl, budur, qəsidə budur. Elə deyil axı. “Ədəbiyyatşünaslığın əsasları” kitabının giriş hissəsində yazırlar ki, ədəbiyyatşünaslıq, tutalım klassik bölgüyə görə 3 bölmədən ibarətdir. Deyək ki, ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. İndi mətnşünaslıq da, poetika da ora daxildir, mənbəşünaslıq da, hamısı oraya daxildir. Sən ədəbiyyat nəzəriyyəsi haqqında 2-3 səhifə məlumat verirsən, ədəbiyyat tarixçiliyi haqqında 2 səhifədə demirsən. Ədəbi tənqidin prinsipləri haqqında, vəzifəsi haqqında, aparılması haqqında heç nə demirsən. O mənada sizin dərsliklərdən narazılığınızla razıyam. Dərsliklərdə çatışmayan məsələlər çoxdur. Amma dərsliklərin yazılmasında təkcə müəllif günahkar deyil. Bir də görürsən ki, o tərəfdən Azər zəng eləyir ki, İradə xanım dərsliyin müəllifi olmalıdır. Onunla yazırsan, yaz, yazmırsansa. Bu tərəfdən digər bir müəllim zəng eləyir ki, Dilbər xanım dərsliyin həmmüəllifi olmalıdır, əks təqdirdə mümkün deyil. Biri də o yandan zəng edir ki, bilirsən, Boloniya sisteminə görə hökmən ora bir dənə orta məktəb müəlliminin adını salmalısan. Orta məktəb müəllimi, üzr istəyirəm, eləsi olur, bu dəqiqə bir dənə ərizə yaza bilmir, adını, familiyasını yaza bilmir. Orta məktəb müəllimi seçmək lazımdırsa, mənə ixtiyar versinlər seçim. Deyirlər ki, dəqiq filankəs olmalıdır. Ya da adını çəkmirlər, deyirlər ki, belə olmalıdır.

İradə Musayeva: – Zaman müəllim, orta məktəb dərsliyində ədəbiyyat bir cür dövrləşdirilir, tələbə test imtahanının verir gəlir, birinci kursda dərslikdə tamam başqa bir dövrləşdirmədir. Bu məsələ hansı elmi müəssisədə, institutda, ya akademiyada həll olunmalıdır, bilən yoxdur.

Zaman Əsgərli: – Bu artıq təhsilimizin problemidir.

İradə Musayeva: – Hələ biz təhsilin və tədrisin ədəbiyatımıza yanaşmasındakı problemi ortaya gətirsək, günlər lazım olar.

Şirindil Alışanlı: – Akademiyanı bu dəqiqə sayan yoxdur.

İradə Musayeva: – Onda nə oldu, Şirindil müəllim, müstəqillik dövrünün azad düşüncə ilə fəaliyyət göstərən ziyalılarının əqidəsi? Təhsil Nazirliyini sayan yox, Akademiyanı sayan yox. Bizim dərdimizə kim əlac edəcək?

Şirindil Alışanlı: – Mənim bu saat evdə stolumun üstündə 20 adda ədəbiyyat nəzəriyyəsi var. Nə vaxt istəsəniz mən onları göstərə bilərəm sizə. Mən Türkiyədən, Rusiyadan kitablar gətirmişəm. Son zamanlar adlar yaxşı yadımda qalmır. 90-cı illərdən sonra rusların ki, mütəxəssisləri vardı, bütün dilləri bilənləri vardı, onlar bütün filosofları, estetikləri götürüb tərcümə ediblər. Ona görə deyirdim biz balaca xalqıq ki, bizim bu dəqiqə elə potensial gücümüz yoxdur. Bizim bunların hamısını tərcümə eləyib çatdırmağa potensial imkanımız yoxdur. Tərcümə olunanların da çoxu bizə lazım deyil. Ruscadan da elə şeylər tərcümə edirlər ki, rusca oxuyursan başa düşürsən, Azərbaycanca oxuyursan başa düşmürsən. Biz vaxtilə “Tarixi poetika” şöbəsində isləyirdik ki, bu məsələləri həllinə kömək edək. Birinci, mükəmməl bir ədəbiyyat nəzəriyyəsi müntəxəbatı buraxmaq lazımdır. Bütün dünyada buraxılıbdır. İstəyirsiz proqrama uyğun olsun. Yəni bu kitabı əlinə götürən adam bilməlidir ki, bu alimlərin, klassiklərin hansı əsərləri bizə lazımdır. Hamısını oxumaq mümkün deyil axı. Onu mütəxəssis seçir. Ruslarda ondan çox müntəxəbat var. Həm ədəbiyyatşünaslığa giriş üçün, həm ədəbiyyat nəzəriyyəsi üçün, tarixi poetika üçün və s. Biz də müntəxəbat hazırlamağa başladıq. İki qovluq tərcümə hazırdır. Çox yaxşı mütəxəssislər də tərcümə elədi, yarımçıq qaldı. Bu ədəbiyyat nəzəriyyəsi müntəxəbatı gərək əldə ola ki, sonra onun əsasında da müvafiq proqrama uyğun ədəbiyyat nəzəriyyəsi yazılsın. Həm bizim bədii təcrübə nəzərə alınsın, həm dünya elmi təcrübəsi nəzərə alınsın.

Elnarə Akimova: – Bəlkə, Şirindil müəllim, problem elə bundadır, ədəbiyyat nəzəriyyəsi kollektiv zəka kimi ortaya gəlmir. Hərə fərdi ədəbiyyat nəzəriyyəsi kitabı yazır, onlar da belə.

Zaman Əsgərli: – Bəli, bu bütün dünyada belədir. 10 nəfər oturur bir yerdə dərslik, nəzəriyyə kitabı yazır.

Dilbər Zeynalova: – Amma ümumi yanaşma, konsepsiya olmalıdır.

İradə Musayeva: – Bəli. Mövzular mütəxəssislər arasında bölünə bilər. Məsələn, cərəyanları bir müəllif, məcazlar sistemi ya vəznləri digər müəllif və s. Tədris, auditoriya praktikası və akademik nəzəriyyə birləşsə uğurlu dərsliklər hazırlana bilər ədəbiyyatşünaslıqla bağlı.

Şirindil Alışanlı: – Moskva Dövlət Universitetinin buraxdığı “Ədəbiyyatşünaslığa giriş” kitabı var, 800 səhifəlik. Onu 10 nəfər yazıb. Məsələn, dramı dram mütəxəssisinə veriblər yazıb, yaradıcılıq metodunu həmin sahənin mütəxəssisinə veriblər. Bu çox yaxşı bir dərslikdir. Yaxud mən deyərdim ki, o, ən mükəmməlləri, ədəbiyyat nəzəriyyəsi kitabları ki, onlardan 1-2-sini tərcümə eləmək, dərslik kimi çap eləmək daha yaxşıdır. Digər tərəfdən, şəxsi “Ədəbiyyat nəzəriyyəsi” olanlar dünyanın etiraf etdiyi müəlliflərdir. Və ədəbiyyat nəzəriyyəsinin bir çox kateqoriyalarını tədqiq edən müəllif qəbul edilmiş konsepsiyalara əsaslanmaqla dərslik yazır. Yenə də deyirəm, dərslik kimi yox, fərdi nəzəri görüşlər əsasında da kitablar yazılmalıdır və bunu heç kimə qadağan etmək olmaz.

Zaman Əsgərli: – Bizdə o işləməyəcək.

Dilbər Zeynalova: – Məsələ tərcümə də deyil. Belə tərcümələr var. Məsələn, Qorxmaz müəllim Fukonu da, Ekonu da, Bartı da tərcümə edib. Amma bunun tətbiqi olmalıdır. Məsələn, tədqiqatçı yazır ki, “müqayisəli tarixi metoda əsaslanır”. Özü də bütün dissertasiyalar bu metodla “yazılır” .Görəsən müqayisəli tarixi metodun hansı prinsipləri var, onu da bilirmi? Bayaq dediniz hermenevtika. Hermenevtika mətnin şərhidir də. Amma biz nə yazırıq, mətni “oxuya”, şərh edə bilirikmi?

Şirindil Alışanlı: – Tək mətnin şərhi deyil. Hermenevtika artıq metodikadan metodologiyaya çevrilib. Hermenevtika böyük bir məktəbdir.

Dilbər Zeynalova: – Dünya ədəbiyyatını da bilmək yaxşıdır, o konsepsiyaları da. Amma onları biz Azərbaycan ədəbiyyatşünaslığına tətbiq eləmiriksə, deməli, heç nə eləmirik də. Mənim dediyim budur.

Şirindil Alışanlı: – Ədəbi-nəzəri düşüncəyə yeni konsepsiyanın gəlişi vaxt tələb edir. Gərək ədəbiyyatşünas alim bunu qavramağa hazır olsun. Qorxmaz müəllim dünyanın görkəmli alimlərinin əsərlərini tərcümə etməklə böyük iş görür. Heç olmasa postmodernizm deyə dad döyənlər onun yaradıcılarının irsi ilə tanış olurlar. Rusiyanın mötəbər universitetlərində bu saat ədəbiyyat nəzəriyyəsi şöbələri “Tarixi və nəzəri poetika” adı kimi fəaliyyət göstərirlər. Vaxtilə mən deyirdim ki, poetikaya keçmək lazımdır. Ədəbiyyatın inkişafı nəyin əsasında olur? Poetik sistem əsasında olur. Məsələn, Broytman və Tamarçenko. Broytman rəhmətə gedib. Çox güclü alimlərdir. Birdən-birə üzə çıxdılar onlar, parladılar. Onların kitabları nədir? “Teoretiçeskaya poetika”, “İstoriçekaya poetika”. Hərəsinə də aid bir müntəxəbat hazırlayıblar.

Dilbər Zeynalova: – Böyük məktəbdir amma tətbiq etməyi bacarmırıqsa, o zaman hansı böyüklükdən danişmaq olar? Tələb edin ki, dissertasiyalarda tətbiq etsinlər

Zaman Əsgərli: – Bilirsiniz, bu söhbət 30 il bundan əvvəl ortaya atıldı. Bunu ortaya atan rəhmətlik Əliağa Kürçaylı olub. Ona da birinci etiraz edən İmamverdi Əbilov olub. İkisi də rəhmətə gedib. Rəhmətlik Ə.Kürçaylı ədəbiyyatın tədrisi ilə bağlı yazmışdı ki, Füzulini 8-ci sinif şagirdi oxuyub başa düşmür. Amma 10-cu sinifdə bəlkə başa düşə. Ona görə daha yaxşı olar ki, biz sadədən mürəkkəbə doğru gedək.

Dilbər Zeynalova: – Bəli, bəli, bütün elmlərdə belədir. İbtidaidən aliyə doğru. Biz çətindən asana gəlirik.

Zaman Əsgərli: – Ona da Azərin atası, rəhmətlik İmamverdi Əbilov bir dənə yağlı cavab yazdı ki, şair pedaqoji işə qarışmaz (gülüşmə).

Şirindil Alışanlı: – Onu bilirsiz harada eləmək olar? 9-cu sinifdən başlayır da tarixlər. Ədəbiyyat tədrisi başlayır 3-4-cü sinifdə. Bütün siniflərdə nümunələr verilir də. Ədəbiyyat tarixi xronologiya baxımından bir az çətindir. Amma aşağı siniflərdə həzm elətdirsələr, uşaqlar hazır olar.

Zaman Əsgərli: – Ədəbiyyat tarixi mənim fikrimcə, 2-3 cür yazıla bilər. Birinci, xronoloji tarixdir. Qədim dövr, orta əsrlər, yeni dövr, müasir dövr. Bir də ədəbiyyat tarixi belə yazıla bilər. Tutalım, romantizm dövrü, realizm dövrü, bu cür yazıla bilər.

Dilbər Zeynalova: – Mən də bunu təklif etmək istəyirdim. Nə üçün biz ədəbi prosesi yaradıcılıq prinsiplərini, ədəbi-estetik cərəyanları əsas götürmürük?Niyə bundan qaçırıq?

Zaman Əsgərli: – Heç kəs qaçmır.

Dilbər Zeynalova: – Ədəbiyat tarixi kitablarımızda tarix sanki ədəbiyyatı nəfəs almağa qoymur. Ədbiyyat Tarixin ağuşunda boğulur. Bəlkə hər şeyi öz adı ilə adlandıraq? Məsələn, Orta əsərlər Azərbaycan ədəbiyatı tarixi yerinə təriqət ədəbiyyatı, yaxud irfan ədəbiyyatı, XIX əsr ədəbiyyatı əvəzinə- Maarifçilik dövrü Azərbaycan ədəbiyyatı, XX əsr ədəbiyyat tarixi yerinə -Modern Azərbaycan ədəbiyyatı və s.

Azər Turan: – Ədəbiyyatşünas – ədəbiyyat nəzəriyyəçisi də, tənqidçi də mütləq mənada fəlsəfəni, tarixi, teolojini, özü də bütün cərəyanlar, xalqlar və bütün dinlər baxımından dərindən bilməlidir. Məsələn, bir mətni oxuyanda onun orijinal olmadığını nədən bilə bilərik? Müəllif yazır, görürsən ki, bu katolik düşüncəsidir. Bunlar fransız ədəbiyyatından gələn anlayışlardır. Azərbaycanda məsələn, 2000-ci illərdə yazılmış bir şerin demək olar ki, eynisinə XVI əsr fransız şerində təsadüf edib təəcüblənmişəm. Teolojini, indiki halda katolik düşüncəsini, katolik dünyadərki və obrazlar sistemini bilməyən ədəbiyyat tənqidçisi də bu şeirdəki yeniliklərdən yazıb. Dediyim kimi, ədəbiyyat nəzəriyyəçisi zirvədən baxmalı olduğu üçün təsəvvürlərini də zirvəyə uyğun zənginləşdirməlidir. Təkcə ədəbiyyatı deyil, teolojini də, psixologiyanı da, tarixi də, fəlsəfəni də. ən mükəmməl şəklidə bilməlidir. Yaxud bayaq xatırlatdığım Rene Vellekin kitabında, az qala, bütün aspektlərə nəzər yetirilib. Məsələn, Aleksandr Poup həm qozbel, həm də təlxəkdi. Bayron topal idi. Prust nevrozluydu. Con Kits qısa boylu idi. Tomas Vulf çox uzundu. Balzak yazmağa başlarkən keşiş cübbəsi geyərmiş. Prust və Mark Tven yataqda uzanmış vəziyyətdə düşünüb yazardılar və s. İlk baxışda adi görünən bütün bu detallara qədər hər şey o kitabda ədəbiyyat nəzəriyyəsinin predmetinə çevrilib. Amma bizdə bu yoxdur. “Ədəbiyyat nəzəriyyəsi” kitablarımızda yazıçının şəxsi səciyyələrinə nəzər yetirilmir, bunun yaradıcılığa hansı miqyasda təsir göstərməsi bizim nəzəriyyə kitablarımızda söhbət mövzusu olmur. Yaxud romantizmlə bağlı tədqiqatları götürək. Əgər ədəbiyyat nəzəriyyəsini yazan alim bilmirsə ki, romantik sənətkar, məsələn, Hüseyn Cavid nə üçün yalnız gecələr yazıb o zaman onun romantizmlə bağlı fikirləri tam mənzərəni ifadə edə bilməyəcək. Gecə romantik sənətkarların bütün dünya çapında görünən yaradıcılıq anı və necə deyərlər, romantik sənətkarın özünə ayırdığı zaman müddətidir. Bunun şüuraltıyla ciddi əlaqəsi var. Bu sadə, sıradan bir hadisə deyil.

Şirindil Alışanlı: – O sırf yaradıcılıq psixologiyası məsələləridir.

Azər Turan: – Bu həm də ədəbiyyat nəzəriyyəsi məsələsidir.

Şirindil Alışanlı: – Yaradıcılıq psixologiyasının kateqoriyaları elə ədəbiyyat nəzəriyyəsinin də kateqoriyalarıdır. Nəzəriyyə üzrə bizdə mütəxəssislər Sovet dövründə, Azər, Seyfulla Əsədullayevin Ədəbiyyat nəzəriyyəsi üzrə müdafiə şurasında sonra 3 il heç kim müdafiə etmədi. Çəkinirdilər. Yaşar müəllimin realizmlə bağlı avtoreferatını apardım verdim bizim şöbə müdirinə ki, bu hansı indekslə müdafiə eləsin? AAK Ekspert Şurasının sədri bizim şöbə müdiri idi. Nikolay Konstantinoviç Qey. Baxdı dedi ki, “qoy ədəbiyyat tarixi üzrə müdafiə etsin”.

Elnarə Akimova: – Şirindil müəllim, son zamanlar ədəbiyyat nəzəriyyəsi adı ilə çıxan kitablardan hansını səmərəli hesab edirsiniz?

Şirindil Alışanlı: – Yazılan hər bir əsərdə nəsə rasional bir şey tapmaq olar. Ədəbiyyat nəzəriyyəsi dərsliyi, proqram əsasında yazılmalıdır. Amma dərsliyi mənimsəmək üçün elə dildə yazmalısan ki, uşaq onu qəbul eləyə bilsin. Burada ustalıq lazımdır. Bizim tanıdığımız, Paspelov idi, Timofeyev idi, Abramoviç idi. Bunlar bütün ömürlərini dərsliklərə, ədəbiyyat nəzəriyyələrinə sərf etmişdilər. Bir dərsliyin də on nəşri olurdu. Bu müəlliflərin dərslikləri artıq öz ömrünü başa vurub. İndi Xalizev, Broytman və Tomarenkonun dərslikləri Ali məktəblərdə tədris edilir. Ədəbiyyatşünas və tənqidçilər üçün M.Qorki adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi 4 cildlik “Ədəbiyyat nəzəriyyəsi” məncə faydalı və bu sahədəki tarixi elmi təcrübəni ümumiləşdirən fundamental nəşrdir. Bizdə sırf ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan adam azdır. İndi mənə müəyyən şeylər Azərbaycan ədəbiyyatından müəyyən bilgilər lazım olanda Mir Cəlal müəllimlə Pənah Xəlilovun kitabını açıram, çox normal, adam dilində yazılıbdır ki, hekayə nədir, qəzəl nədir və s. İndi bax, ortada olan 2-3 dənə ədəbiyyat nəzəriyyəsi var. Əliyar Səfərlinin bir lüğət kitabı çıxıb, Zaman müəllimin bir lüğət kitabı çap olunub. Məncə bunu Azər müəllim, ayrıca bir söhbətin predmeti eləməyə dəyər.

Elnarə Akimova: – Şirindil müəllim, son illər ədəbiyyatşünaslıqla bağlı çıxan konkret hansı əsərlər ədəbi prosesi dəyərləndirmədəki qəlibləri aradan götürməyə yönəlib?

Şirindil Alışanlı: – Dünya nəzəri fikrini təmsil edənlərin adlarını eşitmək başqa şeydir, onların tarixi təcrübəsi ilə milli ədəbi fikir tarixini öyrənməyin problemləri başqa. 1989 və 2006-cı illərdə “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan ədəbiyyatının tarixi poetikası” kitabları, eləcə də “Bədii təsvir sisteminin təkamülü” adlı nəşri üç ildir gecikən III kitab da ədəbiyyat tarixini və ədəbi prosesi dəyərləndirmədəki qəlibləri, illərlə vərdişə çevrilmiş təhlil üsullarını aradan götürməyə yönəlib. “Tarixi poetika və ədəbiyyatşünaslığın müasir mərhələsi” adlı məqalədə qeyd edilir ki, ədəbi-nəzəri fikrin müasir durumu və bədii əsərin, ədəbi prosesin təhlil üsullarının hazırkı yararlığı tarixi poetika istiqamətində tədqiqatlara çağırışın yaşarılığını və tarixi mənasını təsdiq etdi.

Bu kitabları ən görkəmli mütəxəssislər yazıblar və dünya nəzəri fikrinin milli ədəbi tarixi təcrübəyə tətbiqi sahəsində böyük nailiyyətdir. Məhz tarixi-müqayisəli ədəbiyyatşünaslığın prinsiplərinə əsaslanan, tarixi poetika sahəsində ədəbiyyatşünaslığımızın milli təcrübəsi zəminində elmimizdə yeni sözdür. Digər bir neçə faktı da xatırlatmaq istərdim. “Ədəbi-nəzəri fikir iki əsrin qovşağında”, “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri”, “XX əsr ədəbiyyatı məsələləri” seriyasından nəşr olunmuş III kitabla tanış olunsaydı, bu problemlər haqqında təsəvvür başqa cür olardı. Son iyirmi ildə məhz Akademiyada ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri gündəlik elmi mübahisə və müzakirələrin mövzusu olmuşdur.

Elçin “Sosrealizm bizə nə verdi”, “Ədəbiyyat söhbətləri” və digər əsərlərində ədəbiyyatşünaslığımızın, dilçiliyimizin və mən deyərdim ki, humanitar fikrimizin sovet dövründəki təcrübəsinə, nailiyyət və qüsurlarına obyektiv qiymət vermişdir. Nəyisə inkar etmək yersiz mənəmlik ideyasıdır. Ən yaxşısı ortaya konkret tədqiqat qoymaq, öz bildiklərini də orada sübut etməkdir.

Zaman Əsgərli: – Şübhəsiz, görülən işlərə tarixi zəmində qiymət vermək lazımdır. Əgər müəllif hər hansı bir müəllif mövcud ədəbiyyatdan istifadə eyləyib bir metodik vəsait ortaya qoyursa, ondan həm tələbələr, həm müəllimlər istifadə eləyə bilirlərsə, bəhrələnə bilirlərsə, pisləmək lazım deyil.

İradə Musayeva: – Zaman müəllim, söhbət ondan gedir ki, yəni bu ədəbiyyatşünaslar ya bir-birini oxumur, ya bir-birinin kitablarına səmimi münasibət bildirmir, ya da məsələn, tutaq ki, elə qeyri-obyektiv yazılar yazırlar ki, münasibətin konkret olaraq xarakteri bəlli olmur. Elə bil anlaşma müqaviləsi bağlayıblar öz aralarında, başqaları üçün mətləblər qaranlıq qalır. “Nə şiş yansın, nə kabab” prinsipi. Başdan ayağa paradoks. Məqalənin başlığında yazır ki, çox gərəkli, vaxtında, müstəqillik dövrünün tələblərinə uyğun şəkildə yazılmış kitabdır, dəyərlidir, əhəmiyyətlidir. Ortasında pisləyir, sübut etmək istəyir ki, yarıtmaz bir kitabdır. Sonda yenə təntənəli təriflər. Biri var kitabı təhlil prosesində həm mənfini, həm də müsbəti göstərmək, biri də var öz şəxsi münasibətini və kitaba yox, şəxsiyyətə münasibətini bildirmək. Bir də son illər bu “müstəqillik” ifadəsinin bu qədər mənasızcasına, yeri gəldi, gəlmədi işlədilməsi yaxşı hal deyil, məncə. Necə ki vaxtilə tələb edirdilər ki, hər mətnin əvvəlində marksizm-leninizm nəzəriyyəsindən sitat olsun, ardınca da Brejnyevdən. Ədəbiyyatşünaslıqla bağlı olan kitabların fəsillərinin 10-dan 7-si, 8-i bu ifadə ilə əlaqələnir. “Müstəqillik dövründə filan şey” deyimə, şablona çevrilib artıq. Kitabı açıb görürsən ki, bu “müstəqillik” kəlməsi anlayış kimi deyil, eləcə söz kimi daxil olub ora, desinlər ki, məqalə, ya kitab zamanın tələbinə uyğundur. İçində müstəqillik dövrü deyilən zamandan əsər-əlamət yoxdur. Məzmunla forma arasında az qala 50 il fərq var. Yeni bir cəmiyyət. Bu yeni cəmiyyətin yeni ədəbiyyatının, yeni insanının, fərqi yoxdur – pisdir, korazehindir, satqındır, qəhrəmandır, igiddir, fəraridir – hər nədirsə, mən kiməmsə, mən bu müstəqillik dövrünün məhsuluyam – bu insanın ədəbiyyatını normal elmi təfəkkürlə öyrənmək lazımdır. İndi mənim ədəbiyyatım yaranır, yaxşı-pis. Və bu ədəbiyyatın da, bu insanın da ədəbiyyatşünaslığı olmalıdır. Məsələn, yazırsız ki, kitabların başlığında -“müstəqillik dövründə nəsr”, mən açıram oxuyum görüm ki, bu müstəqillik dövrünün aliminin, ədəbiyyatşünasının gözündə “mən”im, yəni ədəbiyyat mətnindəki obrazım nə cür görünür? Məni nə cür təhlil edirlər? Məlum olur ki, alimim qayıdır Mikayıl Rəfiliyə, ən axırıncı gəlir dayanır Məmməd Arifdə, XX əsrin 60-70-ci illərində bayaq dediyiniz Akademiyanın “qızıl dövrü”ndə. Mən yenə bir oxucu olaraq, bir insan olaraq, müstəqillik dövrünün məhsulu olaraq, uğursuz məhsulu və ya uğurlu məhsulu olaraq, fərqi yoxdur, oxuduğum ədəbiyyatın düzgün təhlilini, qiymətləndirilməsini, nəzəriyyəsini və ya tənqidini görmürəm bu ədəbiyyatşünaslıq haqqındakı kitablarda. Mahiyyətə varıb araşdırmalıyıq: bu müstəqillik nədir, bu müstəqillik kimi yetişdirdi, zamanın siması ədəbiyyatda əks oluna bilirmi, bu cəmiyyətin ədəbi-estetik düşüncəsindəki meyarlar necədir. Bir çox ədəbiyyat alimləri var ki, o qədər iddialıdırlar, müasir ədəbiyyatı da oxumurlar, inanın. Akademiyanın (siz Akademiyanı təmsil etdiyiniz üçün bu elmi müəssisənin adını tez-tez misal çəkirəm), Ədəbiyyat İnstitutunda çalışan alimlərin neçə faizi müasir dövrü oxuyur? Ya hazırkı ədəbi prosesin problematikasını sistemli şəkildə izah edə bilər? İnkişaf və ya tənəzzül hansı nöqtələrdədir? Bu günün yazar gəncləri var ki, onlar bu dəqiqə ədəbiyyat nəzəriyyəsini bunlardan daha yaxşı bilir, hamısından olmasa da çoxundan yaxşı bilir.

Şirindil Alışanlı: – İradə xanım, “bunlar” deyəndə kimi nəzərdə tutursunuz?

İradə Musayeva: – Yenidən həmin adları çəkmək istəmirəm, yazmışam yazılarımda, kimləri konkret tənqid eləmişəm, onları nəzərdə tuturam. Bu kitabların başlıqları ilə mahiyyəti düz gəlmir. Ədəbiyyatşünaslıq kitablarından gedir söhbət. Fəsillərin başlığını oxuyuram, deyirəm “Allaha şükür, axtardığımı tapdım”. Kitabın içərisinə baxanda görürəm ki, nə? Hər şey var və heç nə yoxdur. Qrammatik cəhətdən düz qurulmayan cümlələr və sadəcə rus, dünya ədəbiyyatşünaslığından adlar çəkməklə, terminlərdən istifadə etməklə, savadlı görünmək cəhdləri, guya qeyri-adi üslub nümayişi və yenə bizim ədəbiyyatdan xəbərsizlik.

Şirindil Alışanlı: – Dediyiniz müstəqillik dövrünün ədəbiyyatı, onun təhlili, dəyərləndirilməsi ilə əlaqədar bu günlərdə ictimaiyyətə təqdim olunmuş, Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanmış sanballı II cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabları sizi düşündürən bir çox məsələlərə aydınlıq gətirir. Bu ikicildlikdə sizin maraq dairənizdə olan müxtəlif nəsillərdən olan yazarların yaradıcılığı əhatə olunub. Bu kitabların əhatə dairəsi olduqca genişdir. Və sizlərin sərəncamındadır. Mənim mövqeyim belədir ki, son 25 ilin ədəbi prosesinin qəbul edilən, mübahisə doğuran yaradıcılıq problemləri, ədəbi prosesi təmsil edən bütün nəsillərdən olan yazıçıların əsərləri bu ikicildlikdə geniş təhlil edilib və sizi narahat edən sualların çoxuna burada cavab tapacaqsınız. Digər tərəfdən axı, müstəqillik dövrünün ədəbiyyatşünası – bu nisbi bir şeydir. Ədəbiyyatşünaslıq hər gün yaranmır. Ədəbiyyatşünaslıq min illər boyu sinkretik başlanğıcdan fərdiliyə doğru yol keçib. Bu 25 ilin təzə bir ədəbiyyatşünaslığı yaranmayıb. XX əsr ədəbiyyatşünaslığını inkar edənlər onu ifrat şəkildə təhrif edirlər. Vaxtilə demişəm, indi də deyirəm, bəzi müəlliflər “sovet dövrü” və “sosialist realizmi ədəbiyyatı” arasında “Çin səddi” çəkmək istəyirlər. Guya realizm, romantizm və modernizm kimi ədəbi cərəyanlara mənsub yazıçıların hamısı eyni istedadın sahibi olmuşlar. İndi də sosialist realizmi yoxdur ki! Hamıya yaradıcılıq azadlığı verilib. Niyə M.Şoloxov yoxdur? Niyə XX əsr kimi xalqımızın tarixində faciələrlə dolu bir zamanın bədii epoxasını işartılarını verən əsər ortaya çıxmır.

Şübhəsiz ki, müstəqillik dövrünün ehtiva etdiyi siyasi, iqtisadi, mənəvi institutlar mövcuddur. Əbədiliyinə varlığımız kimi inandığımız müstəqilliyin ədəbi problemləri isə saysız-hesabsızdır. Bunları çözələməyə günlər lazımdır. Müstəqillik dövrünün ən sanballı nümunələrini elə sovet dövrünün yazıçıları yaradırlar. Siz tənqidin nöqsanlarından danışa bilərsiniz. İndi müstəqillik dövrünün adamının əksini ədəbiyyatşünaslıqda necə görə bilərsiniz? Müstəqillik dövrünün adamını təsvir eləyən ədəbiyyat varmı? Bu haqda düşünməyə və olanları təhlil etməyə dəyər. Ədəbiyyat birdən-birə bu formasiyadan keçdi o birinə və yeni, gözlənilməz ədəbiyyat yarandı. Bu mümkün deyil. Əksəriyyət inersiya ilə yazır.

İradə Musayeva: – “Sovet dövrü ədəbiyyatı” olduğu kimi, “müstəqillik dövrü ədəbiyyatı” və ədəbiyyatşünaslığı da olmalıdır və var. Keyfiyyət və mahiyyət sonra aydınlaşır, əsas odur ki, qəbul etməliyik: bu adda, bu xarakterdə ədəbiyyat var. Bu tarixi prosesdir, bizim istəyimiz və ya istəməməyimiz əsas sayılmamalıdır. Biz tarixi gedişata ancaq ədəbi-estetik və bədii-intellektual yanaşma metodları, nəzəriyyələri və mətnləri ilə – yeni təfəkkür tərzindən doğan tezislərlə təsir edə bilərik. Ədəbiyyat missiyasız bir kateqoriya deyil, nə də ədəbiyyatşünaslıq.

Şirindil Alışanlı: – Digər tərəfdən, hər şey istedadla yazılmış sənət əsərindən asılıdır. C.Cabbarlı yaşadığı dövrdə camaat niyə teatra gedirdi, teatrdan çıxmırdı. Çünki özünü görürdü, öz xarakterini görürdü orada. Bütün tiplər həmin dövrdəydi. İndi gedirsən müasir həyatdan yazılan əsərə baxırsan, görürsən həyat tamam başqa şeydir, orada göstərilən tamam başqa. Bu ədəbiyyatın problemidir. Bunu tənqid aydınlaşdırmalı və izah etməlidir, təhlil eləməlidir.

İradə Musayeva: – Ədəbiyyatşünaslıq kitablarında çox özünütəkzib var. Bayaq mən onu başladım, yarımçıq qaldı. Məsələn, siz bu kitabınızda (“Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”) yazmısınız ki, 7 cildlik Azərbaycan tarixi çox vaxtında yazılmış dəyərli əsərdir. Sonra yazmısınız ki, burada heç nə tapa bilmirik, daha sonra yenə tərifləyirsiniz.

Şirindil Alışanlı: – Mən əsaslı tənqidlə mübahisə etməyə hazıram. Ancaq mənim fikirlərimin təhrifini gözləmirdim. Bu mövzuda məqalə və çıxışlarımdakı mülahizələrimin davamı kimi yekun rəyim belədir: “XX əsr ədəbi-nəzəri fikrinin yekunları və son beş ildə çoxcildliklərin nəşr edilməsi və ya nəşr prosesində olması elmi mübahisələr üçün meydan yaradır. Xüsusən nəşri başa çatmış yeddicildlik “Azərbaycan tarixi”ni buna misal göstərmək olar. Bu nəşrin böyük ictimai-siyasi əhəmiyyəti artıq tarixi fakt kimi götürülməlidir. Bu çoxcildlik müasir tarixi dövrləşdirmə üçün nümunə ola bilməz və belə bir missiyanı da öz üzərinə götürməmişdir. Burada mədəniyyət, elm, təhsil də daxil olmaqla bütün tariximiz ictimai formasiyalar nəzəriyyəsinin prinsipləri ilə araşdırılıb, hətta sovet humanitar fikrində mövcud nəzəriyyələr də axıracan nəzərə alınmayıb”. Məncə, hər şey aydındır. Eyni problem “Ədəbiyyat tarixi”, “Fəlsəfə tarixi” çoxcildliklərində də mövcuddur. Bizim ədəbiyyat tarixini mən nəşr eləmirdim. Niyə nəşr eləmirdim? Baxdım ki, birinci cild folklor oçerklərdir. Tarixi ədəbi proses izlənmir. Bir ilə qədər saxladım, dedim bu ədəbiyyat tarixi deyil. Bizim milli ədəbiyyatımız əsas Qurbanidir, Xəstə Qasımdır, Aşıq Ələsgərdir. Bəs Aşıq Ələsgər XIX-XX əsrlər ədəbi prosesində iştirak eləmir? Yenə də o cür saxladılar.

Zaman Əsgərli: – O konsepsiya səhv konsepsiyadır.

Şirindil Alışanlı: – Səhv konsepsiyadır. Mən onları demişəm. Mən özümü heç vaxt təkzib eləyə bilmərəm. Mən onlara deyirəm ki, bu mövcud olan imkanlar müqabilində 7 cildliyi çap elədik. 2002-ci ildə qurtardıq. Düzdürmü? VII cildin redaktəsinə bir il vaxtım getdi. Onu bir zülmlə başa gətirdik. 2002-dən bəri neçə il keçib? 13 il. Bir dənə təzə dövrləşdirmə qoysunlar ortaya. Dövrləşdirmə bu saat bütün dünyada ən çətin, ən problemli məsələlərdən biridir. “Azərbaycan ədəbiyyatı tarixi” VI və VII cildlərini mənə tapşırmışdılar. İki il strukturunu müzakirə eləmişik. Götürmüşük 20-30-cu illəri, 37-yə kimi. Ondan sonra 40-50-dir, 60-80-ci illər – bunlar mərhələlərdir. Sonra gəlir artıq müstəqillik illəri.

İradə Musayeva: – Dünyada ədəbi-estetik cərəyanlar və bunların bizim ədəbiyyatda izləri məsələsi var. Biz hələ indi-indi başlayırıq yazmağa ki, sən demə, bizdə modernizm olub, bizim xəbərimiz olmayıb. Sovet dövründə modernist dünyagörüş olub. Musiqidə, rəssamlıqda, sənətin digər sahələrində maraqlı nümunələr olub. Amma bu barədə yazılmayıb, əhatəli şəkildə. Təsəvvür edin: sənət olub, amma onun nəzəriyyəsi işlənməyib, tarixi çevrəsi müəyyənləşməyib, tənqidi-estetik dəyərləndirməsi olmayıb. Heç olmasa, geriyə qayıdış da olsa, yenidən nəzərdən keçirək, görək nəyimiz var, nəyimiz yox və necə davam edək.

Şirindil Alışanlı: – Hansı ölkələrdə yaradıcılıq cərəyanları, o cümlədən modernizm, onun qolları – ekspressionizm, kubizm, futurizm, abstraktonizm, dadaizm, sürrealizm, pop-art və s. incəsənətin əsas növlərində öz əksini tapıb, onların ideya-bədii prinsipləri, fəlsəfi-sosial qaynaqları da yüzlərcə tədqiqatın mövzusu olub. Bu adlar əsasında bədii nümunələr axtarmağa lüzum yoxdur. Əgər ədəbi materialın təhlili ilə sübut edə bilən varsa, buyursun. Digər tərəfdən, XX əsr Azərbaycan, ümumilikdə sovet ədəbiyyatı dünya ədəbiyyatının bir qolu idi. Və dünyada baş verən proseslər ədəbi fikrə də təsir edirdi. Bunlar ədəbiyyata yeni bədii ifadə imkanları verirdi, lakin fəlsəfi-bədii sistemi olan cərəyan kimi formalaşa bilmədi.

Dilbər Zeynalova: – 60-cı illərə hamımız deyirik yenidir. O zaman bu “yeni”nin mahiyyətinə varmaq lazımdır, ya yox? Zənnimcə, 60-cı illərdə ədəbiyyatşünaslıq əhəmiyyətli və eyni zamanda perspektivli bir mərhələyə qədəm qoyur. Milli ədəbiyyatşünaslıq uzun illər məruz qaldığımız marksist nəzəri və metodoloji ehkamlardan xilas olmağa çalışır. Beləliklə də, Qərb sənət nəzəriyyələri, yaradıcılıq cərəyanları ədəbiyyatımıza daxil olur. Hər bir milli ədəbiyyat kimi, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatı axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə qoşulur. Yəni modernizm də, postmodernizm də bizim ədəbiyyatdan yan keçməyib.

Elnarə Akimova: – Hər yenilik modernizm deyil amma. Məncə də, 60-cı illərdə modernizmdən sohbət gedə bilməz. Bunun ilk meyilləri yarana bilərdi olsa-olsa.

Şirindil Alışanlı: – Bayaq dedim ki, bizdə modernizm ədəbi cərəyan kimi olmayıb.

İradə Musayeva: – Necə olmayıb? Məsələn, Ələkbər Salahzadə kimi modernist şairi necə inkar etmək olar?

Azər Turan: – Ələkbər Salahzadə modernist şair deyil.

Şirindil Alışanlı: – Onun şeirlərində orijinal düşüncə tərzi var. Əgər Ələkbər Salahzadənin bir şair kimi varlığı modernizmə bağlıdırsa, bu onun bir şair kimi nüfuzunu qaldırırsa, olsun modernist.

Dilbər Zeynalova: – Ələkbər Salahzadəni modernist kimi qəbul etmirsiz, o zaman Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin estetikasını necə izah edirsiniz? Realizmdi, romantizmdi, ya sosrealizmdi? Yaxud İ.İsmayılzadənin, Ə.Kərimin, V.Səmədoğlunun, S.Əhmədlinin yaradıcılığını hansı sənət cərəyanının meyarları ilə dəyərləndurmək lazımdır? Sizə elə gəlmirmi ki, adlarını çəkdiyimiz (çəkmədiklərimiz daha çoxdur) sənətkarlar onlara zorla qəbul etdirilmiş dəyərlərdən imtina etməyə cəhd etmiş və yaradıcılıqlarının müəyyən mərhələsində buna nail olmuşlar.

Şirindil Alışanlı: – Bizim mübahisələrimiz var və yox dilemması üzərində qurulub. Geniş təhlilə də vaxt yoxdur. Vaxtilə “Azərbaycan” jurnalında V.Səmədoğlunun şeirləri dərc olunmuşdu. Yazıçılar İttifaqında yaradıcılıq müşavirəsində çalışdım bunları təhlil edim. Poeziyamızda yeni intonasiya çalarları, insanın iç dünyasının dərində olan qatlarına qayıdışı təqdir etdim. Rəhmətlik Mirzə müəllim dedi ki, “oğlum, bunlar ölüm şeirləridir”. Çıxışımın bəzi hissələri “Ədəbi proses” məcmuəsində nəşr edilmişdir. Deyirsiniz mətnə işləmək. Bəs bunlar nə idi. Əslində indi ölüm şeirlərindən çox başqa ovqatda şeirlər oxuyuram. V.Səmədoğlunun o şeirlərində modernist poeziyanın birbaşa təsirin axtarmağı artıq bilirəm. Bu poeziyamızdakı ümumi tendensiyadan artıq V.Səmədoğlunun fərdi düşüncə, yaşam tərzindən gəlirdi.

Digər tərəfdən tənqid tarixinə obyektiv nəzər salsaq, görərik ki, dediyiniz müəlliflərin yaradıcılığındakı yeni meyillər vaxtilə dəyərincə qiymətləndirilib. Y.Qarayev, A.Məmmədov, K.Vəli, N.Cabbarov, R.Əliyev, V.Yusifli və bir çox tənqidçilər bu məsələlərə dönə-dönə qayıdıblar. Əli Kərim haqqında Rəhim Əliyevin 1976-cı ildə yazdığı “Adiliyin böyük poeziyası” adlı məqaləsi konservativ düşüncəli ədəbiyyat adamlar tərəfindən qısqanclıqla qarşılandı.

İradə Musayeva: – XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında, mətbuatında, ümumiyyətlə, mədəniyyətində, incəsənətində və s. sahələrdə modern təfəkkürlə yaratmaq, yazmaq ənənəsi formalaşmışdı. Sadəcə qısa oldu, sovet hakimiyyəti hər şeyi dağıtdı. 60-cı illərdə isə yenidən geriyə (XX əsrin əvvəllərinə) qayıdış və müasir, dünya modernizminə boylanma və bəhrələnmə prosesi baş verdi.

Elnarə Akimova: – Bəli, bu fikirlə mən də razılaşıram ki, XX əsrin əvvəllərində modernist yanaşma təzahürləri ədəbiyyatımızda olmuşdu. Cavid, Hadi şerində, Ə.Hüseynzadə yanaşmasında ələlxüsus. Amma 60-cı illərdə modernizmdən söhbət gedə bilməz.

Dilbər Zeynalova: – Bu fikirləri inkişaf etdirərək, demək istəyirəm ki, 60-cı illərdən xeyli qabaq XX əsrin 20-ci illərində, Ə.Nazim, M. Rəfili o dövrkü ədəbi ictimaiyyət üçün məcburi olan ideoloji mövqe və poetik prinsiplərdən kənara çıxırdılar və buna görə ciddi şəkildə tənqid olunurdular. Mehdi Hüseynin məqaləsi də var bu barədə: “Bizdə futurizm cərəyanı”. Özü də futurizm modernizmin ən radikal meyillərindən biri idi.

Azər Turan: – Cəfər Cəfərov 1965-ci ildə Azərbaycan yazıçılarının IV qurultayında söylədiyi “Ədəbi tənqid haqqında” məruzəsində etiraf edirdi ki, ədəbi tənqid, Rəsul Rzanın, onun ardınca və ya müstəqil gedən ayrı-ayrı gənclərin hərdənbir modernizm dumanında azdığını görür. Modernizm yox idisə, bəs belə mülahizələr nə üçün idi? Mehdi Hüseynin də bir məqaləsində Rəsul Rza yaradıcılığı ilə bağlı belə bir yanaşma diqqətimi cəlb edib. Doğrudur, sonralar Rəsul Rza “Rənglər” silsiləsini yazdı. “Rənglər”in estetik içəriyi modernizm estetikasının bir sıra vacib çalarlarını ehtiva edir. Özəlliklə “Rənglər”in rəng və səs palitrası modernizm estetikasına tabe tutulub. Burada Qogenin ləpirləri, Vaq-Qoqun “Günəbaxanlar”ı, Deqanın “Rəqqasələr”i, Debyüssinin “Kürən saçları” var. Təbii ki, sovet dönəminin şairi bundan artığına gedə bilməzdi. Hətta altmışıncı illərdə tənqidçi İslam İbrahimov “Rənglər”in “düşüncələr axını” üsuluyla yazıldığını qeyd etmişdi. Bu isə indi hamı bilir ki, modernizmin əsas üslub özəlliklərindən biridir.

Deməli, məsələ düşünüldüyü qədər də sadə olmayıb. Demək ki, modernizmə meyil varmış. Rəsul Rzada doğrudur, bu, bəlli səbəblərə görə tam vüsətlə gəlişmədi. Siyasi sistem, siyasi sistemdən öncə isə ilk növbədə marksist ədəbi tənqid özü buna imkan vermədi. Rəsul Rzanın 1956-cı ildə yazdığı “İnsan” şeri çağdaş şerimizdə bunun ən uğurlu başlanğıcı ola bilərdi. İmkan verilsəydi, Türkiyə poeziyasına modernizm estetikasını gətirən İkinci Yeni ilə yanaşı Azərbaycanda da modernizm cərəyanı ədəbi fakta və hərəkata çevrilə bilərdi.

Elnarə Akimova: – Azər müəllim, dediyiniz kimi, bu dönəmi modernizmə meyil mənasında qəbul etmək olar. Amma sırf modernist ədəbiyyat deyil.

Şirindil Alışanlı: – Yuxarıda xatırlanan məqalələr rus sovet ədəbiyyatşünaslığında “naturalizm və formalizm” əleyhinə 1935-ci ildə başlanan kompaniyadan irəli gəlirdi. Bədii forma axtarışları formalizm kimi dəyərləndirilirdi. Rus ədəbiyyatında bu məktəblər mövcud olmuşdu və onun ənənələrinə qarşı mübarizə də vardı. Hətta avanqardizmə mənsub olanlar 1940-1950-ci illərdə gizli fəaliyyət göstərirdilər və “Sintaksis” adlı dərgiləri də gizli nəşr edilirdi. Bizdə belə təşkilatlanmış ədəbi təmayül olmamışdır. M.Rəfili, Ə.Nazim, hətta Rəsul Rza da bu kompaniyanın hədəfinə çevrilirdilər və bu o demək deyildir ki, bizdə formalizm məktəbi olub.

Azər Turan: – Bizim də ədəbiyyat XX yüzilin əvvəllərində modernizmə yönəlmək iddiasındaydı. Lakin hadisələrin sonrakı gedişi bu prosesi əngəllədi və nəhayət, məhv etdi. Sistemdir də bu. Keçən dəfə bir toplantıda ötəri bir polemika oldu. Hörmətli akademiklərimizdən biri dedi ki, məzmun dərinləşməlidir, tədbirdə iştirak edən bir şair isə israr etdi ki, poeziya tarixi müəyyən mənada elə formalar tarixidir. İndi fikirləşirəm, poeziya tarixi formalar tarixdirsə, bəs necə oldu Məhəmməd Hadi əski qəlibdə özünün və milli poeziyanın modernist düşüncəsini qoya bildi ortaya. Yaxud Bodler. XİX əsrin ortalarında ənənəvi qəliblərdə və ölçülərdə təkcə fransız şerinin deyil, ümumən dünya şerinin ahəngini dəyişdirdi, poeziyada modernizmin bütün spektrini qoydu ortaya. Dərindən düşünək, modernizmin ilk örnəyini dekadans tərzində Bodler yaradırsa, yenə də dediyim kimi, ənənəvi fransız şerinin qəlibləri səviyyəsində dünya ədəbiyyatı modernizmə yönəlirsə, yaxud bizdə, məsələn, Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin, Hadinin baxışlarında modernist yanaşmalar varsa və bu, Əli bəy Hüseynzadənin bəlkə də Azərbaycan ədəbiyyatında ilk intellektual nəsr nümunəsi olan “Siyasəti-fürusət”ində daha qabarıq görünürsə, deməli, qəlib önəmli deyil. Önəmli olan sənətkarın ruhi yapısıdır.

Şirindil Alışanlı: – Azər, romantizmdə axı bir yaradıcılıq tipi var, ədəbi cərəyan var, bir də yaradıcılıq metodları var. Bu H.Cavid və başqaları Türkiyənin təsiri ilə, türk romantizminin təsiri ilə formalaşdılar. H.Cavid, Əli bəy, Hadi də.

Azər Turan: – Şirindil müəllim, dediyinizdə böyük həqiqət var. Amma orası da var ki, 60-cı illərə qədər modernizm anlayışı türk poeziyasında tam şəkildə gəlişə bilməmişdi. O barədə bəlkə hələ heç söhbət belə getmirdi. Halbuki Tofiq Fikrət “Qayyayi-Vücud” şerini artıq 1899-cu ildə yazmışdı. Modernizmdən qabaq isə türk ədəbiyyatına pozitivizm daxil olmuşdu, amma İkinci Yeni hərəkatına qədər – 1950-ci illərə qədər Türkiyədə modernizm cərəyanı oturuşmadı. İkinci Yeni Edip Canseverin, Cemal Süreyyanın, Sezai Karakoçun və b. timsalında türk poeziyasına modernizm estetikasını gətirdi. Məsələn, tutaq ki, Birinci Yeni – Qəribçilər, o sırada hətta Orxan Vəli tam modernist hesab olunmur Türkiyədə. Halbuki mənə görə Orxan Vəlinin “İstanbulu dinliyorum” şeri modernist bir estetikada yazılmış şeirdir. Amma Türkiyədə, türk ədəbiyyatşünaslığında belə bir yanaşa məqbul hesab olunmaz. Türkiyədən deyil, Azərbaycandan baxanda Nəcib Fazil Qısakürəyin “Kaldırımlar” şeri sırf modernizm estetikasında yazılmış örnəkdir. Rəsul Rza “İnsan” şerindən iki il sonra, yəni 1958-ci ildə Qısakürəyin “Otel odaları” şerini də Azərbaycan türkcəsinə uyğunlaşdırıb “Ədəbiyyat qəzeti”ndə dərc etdirdi. Bu, sovet dövrü poeziyamızda modernizmə stixiyalı deyil, düşünülmüş, açıq cəhd idi.

İradə Musayeva: – Ədəbiyyatşünaslıq ədəbiyyatdan çox geridə qaldığı üçün bədii mətn yaradıcılarının yazdığının içindən böyük prosesləri əks etdirən məqamları, nümunələri tapıb çıxarda bilmirik. Məsəlçün deyirəm, Sabir Əhmədli yazarların, Salam kimi şairlərin bir tənqidçisi yoxdur ki, onun spesifik sənətkarlıq istedadını ortaya qoysun.

Şirindil Alışanlı: – Əksinə ədəbiyyatşünaslıq son illər qadağan olunmuş ədəbiyyatın tədqiqi və nəşrində vətəndaşlıq işi görür. Əgər tənqidi nəzərdə tutursunuzsa geninə-boluna meydan var, ancaq tənqidi hərəkətə gətirən sanballı əsər qıtlığı yaranıb. Sabir Əhmədlinin əsərlərini bizim görkəmli tənqidçimiz Arif Hüseynov 60-70-ci illər postsovet məkanı ədəbi prosesi fonunda təhlil edib. Yazıçının “Gedənlərin qayıtması” əsərinin əlyazmasını oxuyub rəy yazmışam. Bu yazıçı ədəbi tənqidin yüksək qiymətini alıb. İctimai diqqətdən kənar qalması tək bunlarla məhdudlaşmır.

Dilbər Zeynalova: – Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanıın arxitektonikası sosrealizmin tələb və prinsiplərinə cavab vermir. Əsərə sosrealizmin təhlil prinsiplərindən yanaşmaq kökündən yanlışdır. Yeni əsərlər yaranıb, təhlil prinsipləri isə köhnə olduğundan, dəyərləndirmə doğru-düzgün olmayıb. Sonra da deyirik ki, niyə dünya ədəbi fikrinə çıxa bilmirik. Ümumiyyətlə, bizim ədəbiyyatımız səhv konsepsiyaların dar çərçivəsində ilişib qalıb.

Şirindil Alışanlı: – Modernizmin mahiyyəti nədir?

Dilbər Zeynalova: – Modernizm məzmunda və formada ənənəvi ədəbiyyatı inkar edir. Bizim ədəbiyyatımızda da təxminən belədir.

Şirindil Alışanlı: – Bəs bunu belə deyirsən, sonra da deyirsən ki, belədir. Cavid kimi inkar eləyirdi? Heç kimi inkar eləmirdi. Bu romantizmin öz prinsipləri vardı.

Dilbər Zeynalova: – Cavid romantizmi Füzuli romantizmi deyil axı.

Şirindil Alışanlı: – O başqa şeydir.

İradə Musayeva: – O tərif deyil ki, yəni hər cərəyan biri digərini mütləq şəkildə inkar etməlidir – deyək. Yeni baxış, yeni təfəkkür tərzi ilə və yeni ifadəetmə formatında yaradıcılıqlar ortaya gələndə, əlbəttə istər-istəməz inkar stixiyası olur ortada.

Şirindil Alışanlı: – Bu başqa məsələdir. M.F.Axundov da Füzulini “qəbul etmirdi”. Şübhəsiz ki, yaradıcılıq məktəbləri daxilən bir-birinə bağlı olub, modernizmdə isə klassik ənənə “yeni ədəbiyyat yaratmaq” təşəbbüslərinin irəli gələn, klassik estetik meyarların inkarı ilə nəticələnən sənət konsepsiyasına çevrilib.

İradə Musayeva: – Şirindil müəllim, siz indi əvvəl oxuduqlarınıza o gözlə baxın, modernizmi görəcəksiniz. Özü də biz “cərəyanlar olub” demirik. Modernizmin nümunələri və təbii ki, nümayəndələri olub. Əslində normal yanaşma ilə təhlillər aparılsa, sistemli və dünya ədəbiyyatı ilə müqayisəli şəkildə, bu modernizmin tarixi gedib M.F.Axundova çıxacaq.

Şirindil Alışanlı: – Ələkbər Salahzadəni hələ siz oxumayanda mən yaxşı tanıyırdım. Ələkbər Salahzadənin şeri R.Rza ədəbi məktəbinin davamı olan bir şeydir. Vəssalam. Bunun daha nə modernizmi? Modernizm kimi bir şey yoxdur axı. Elə bir dənə terminin adını əzbərləyək, deyək ki, modernizmdi.

İradə Musayeva: – İsa İsmayılzadənin özündə, Vaqif Səmədoğluda, Vaqif Bayatlıda, yəni bunların hamısında var poetik obyektə modernistik yanaşma. Sadəcə bizim beynimizdə ki, sovet ədəbiyyatı tendensiyası ilə baxış mexanizmi var, o imkan vermir başqa cür düşünməyə.

Şirindil Alışanlı: – Yox, bunlar o dalğa ilə gəliblər də. Bunların bir qrupuna estradnik deyirdilər. Bizimkilər gedib Moskvada oxuyurdu, Xəlil Rzası da, Söhrab Tahiri də, Cabir Novruzu da və b. Bunlara deyirdilər estradniklər o vaxt. Bu estradnikləri də çox vaxt qəbul eləmirdilər. 60-cı illərdə poeziyada müxtəlif qollar vardı, üslubi təmayüllər vardı, amma bunu modernist adlandırmaq ki, bunlar modernist yazıçılardır, bu belə deyil.

İradə Musayeva: – Yaxşı, o adını çəkdiyim şairlərlə həmin dövrdə yaşayan, tutaq ki, N.Kəsəmənlini, Tofiq Bayramı, Nəbi Xəzrini, B.Vahabzadəni, Cabir Novruzu ayırıb onların yaradıcılığını fərqləndirmirsinizsə, nə deyim. Əlbəttə forma başqadır, mahiyyət və məzmun başqa. Sərbəst şeir məsələsinə əsaslanıb demirəm ki sərbəstdə nə varsa modernizmə aiddir, yox. Sərbəst şerə qalsa, gərək Orxon-Yeniseydən başlayaq.

Zaman Əsgərli: – Siz “Azərbaycan ədəbiyyatında modernizm olub, ya olmayıb? – məsələsini az qala söhbətimizin baş mövzusuna çevirdiniz. Yeni ədəbiyyat yaratmaq uğrunda cəhdlər bütün zamanlarda olub. Həqiqi istedadlar köhnəliyi həmişə inkar ediblər, yenilikçi olublar. Yenilikçilik baxımından Ə.Haqverdiyev özünün “Pəri Cadu” əsəri haqqında yazır ki, XIX əsrin 90-cı illərinin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna uyğun olması məni artıq həvəsə gətirdi və mən Şərq həyatından götürülmüş simvolik bir əsər tetromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət, 1901-ci ildə “Pəri Cadu” nam əsərimi yazdım”. Əli bəy Hüseynzadə simvolist ədəbiyyatı dekadans hesab edir və “Siyasəti-fürusat” əsərini yaradır. Bu əsərlərin modernist üslubda olduğunu bilmək üçün xüsusi və əsaslı tədqiqat aparmaq lazımdır. Əgər yenilikçiliyi, novatorluğu modernizm saysaq, onda gərək Sabiri ən böyük modernist hesab edək. 1920-1930-cu illərdə Azərbaycanın gənc şairləri, məsələn, M.Rəfili, M.Müşfiq, S.Rüstəm futurist şeirlər yazıblar. Amma onlar bu yolu davam etdirmədilər və futurizm bizim şeirdə ədəbi cərəyana çevrilmədi. Rəsul Rzanın poetik qüdrəti onun modernist, yaxud realist şair olmasında deyil: Rəsul Rza bəşəri duyğuları, insanı, onun mənəvi və maddi yaşantılarını böyük sənətkarlıqla əks etdirən xeyirə qardaş, şərə düşmən olan milli sənətkardır. Əgər onu və davamçılarını modernist hesab edirlərsə, təəccüblənmək lazım deyil. Ədəbiyyatşünaslıq fikir meydanıdır. Qoy fikirlərini desinlər və sübut etsinlər. Məncə, Azərbaycan şerində bu dəqiqə yetkin halda heç postmodernizm də yoxdur. Onun meyllərini, bəzi əlamətlərini görürük.

Dilbər Zeynalova: – Əslində böyük sənətkarlar heç bir estetik konsepsiyanın çərçivələrinə sığmırlar. Demək istəyirəm ki, Azərbaycan ədəbiyyatını fərqli görmə bucaqlarından və metodoloji prinsiplərdən çıxış edərək dəyərləndirmək lazımdır. Bu Azərbaycan ədəbiyyatının inteqrasiya imkanlarını da üzə çıxarmağa imkan verir. Modernizm totalitar düşüncənin ideoloji prinsiplərinin rəhbər tutulduğu bir dövrə təsadüf etdiyindən ona qarşı dözümsüzlük özünü açıq-aydın büruzə vermış, mürtəce burjua sənəti ilə realist sənət arasında mubarizə kimi dəyərləndirilmişdir. Ona görə də modernizmin əsas müddəları və yaradıcılıq prinsipləri bizim ədəbi-nəzəri fikirdə geniş vüsət ala bilməmişdir. Amma bu o demək deyil ki, ədəbi-bədii nümunələr yaranmamışdır. Postmodernizmə münasibət isə.

Elnarə Akimova: – Mövzudan uzaqlaşmayaq, məncə.

İradə Musayeva: – Məncə də, qayıdaq ədəbiyyatşünaslığın ümumi problemlərinə. Ədəbiyyatşünaslıq əslində “ədəbi qanunnamədir”, belə demək olarsa.

Zaman Əsgərli: – Bizim ədəbiyyatşünaslığın indiki səviyyəsi bəzi sahələrdə XX əsrin 60-cı, 70-ci illəri səviyyəsindən aşağıdır. Baxmayaraq ki, son illərdə həm ədəbiyyat tarixinə, həm ədəbi tənqidə dair müxtəlif kitablar çap olunub. “Azərbaycan ədəbiyyatı tarixi”nin dörd cildi çıxıb. Amma Mirzağa Quluzadənin yazdığı “Füzulinin lirikası” monoqrafiyası indi də bu sahəyə aid ən sanballı kitabdır.

İradə Musayeva: – Sabir Əliyevin “Füzuli poetikası” kitabı da yaxşıdır.

Zaman Əsgərli: – Gözəl kitabdır, amma Sabir Əliyevin yazdıqları Mirzağa Quluzadənin dediklərinin inkişafıdır. Daha sistemli təhlilidir. Ancaq onun kitabının adı ilə məzmunu tamam fərqlidir; Kitabın adı “Füzulinin poetikası”dır. Lakin orada poetikadan heç nə yoxdur. Füzulinin ədəbi-nəzəri görüşləri izah olunur.

Şirindil Alışanlı: – M.Quluzadənin “Füzulinin lirikası” onun ən fundamental əsəridir. M.Cəlalın “Füzuli sənətkarlığı”ndan sonra Füzulişünaslıq bu əsərin fonunda inkişaf etmişdir.

Elnarə Akimova: – Zaman müəllim, deyirsiz ki, 60-70-ci illərə baxanda bu gün səviyyə aşağıdı. Məncə, biz zaman amilini də nəzərə almalıyıq. 90-cı illərdə çox çətin, xaotik proseslərdən keçdik millət olaraq. Azərbaycan ziyalısında bir çaşqınlıq dövrü başladı.

Zaman Əsgərli: – Mən dedim ki, bəzi sahələrdə.

Azər Turan: – Düşüncə sistemimiz zədələndi. Fuad Köprülü 29 yaşında “Türk ədəbiyyatında ilk mütəsəvvüflər” kitabını yazmışdı. Və ümumiyyətlə, müasir türk filoloji düşüncəsi bütövlükdə o kitabın üzərində bərqərardır. Yəni bunu biz də etiraf etməliyik. Çünki bir sıra mənalarda düşüncələrimiz ortaq zəminlər üzərində gəlişib və mənə elə gəlir ki, biz Fuad Köprülünü həm də Azərbaycan ədəbi-elmi faktı kimi dəyərləndirməliyik. Tədqiqatlarımızın sferasına onu mütləq daxil etməliyik. Köprülünün dili də bizim ədəbiyyatımızın dilidir. Əgər Yunus Əmrədən, Əhməd Yəsəvidən vaz keçəriksə ədəbiyyatımızın ümumi mənzərəsi görünməyəcək. Görünməyəcəksə, deməli, Köprülüsüz bizim ədəbiyyat tariximiz də yazıla bilməz. Etiraf edək ki, Əhməd Yəsəvini də, Yunus Əmrəni də biz ən əvvəl Fuad Köprülüyə istinadən tanımışıq. Eləcə də, tutaq ki, şəxsən mənim Əli bəy Hüseynzadə, Hüseyn Cavid barədə yazdıqlarım yetmiş illik sövet dönəmində deyilənlərə deyil, Fuad Köprülünün dediklərinə istinad edir.

Şirindil Alışanlı: – Olar bir şey deyim? İcazə verin sizin bundan əvvəlki müzakirədəki bir məqamı tənqid eləyim. Sizin dəyirmi stolda dövrləşdirmədən gedirdi söhbət. Klassik dövr farsdilli ədəbiyyatdan danışır Səadət Şıxıyeva. Danışırlar, amma o vaxt biz təklif elədik, nəzər almadılar, Azərbaycan ədəbiyyatı tarxinin I cildi olmalıdır ümumtürk ədəbiyyatı, ortaq mədəniyyəti, ortaq abidələr. Bunlar birinci olmalıdır. Sənin dilin, Azərbaycan dili və ədəbiyyatı oradan gəlir də. Orxon-Yenisey abidələri, Kutadqu-bilig və s. Oğuznamənin özündə Azərbaycan şerinin formalaşması üçün elə məqamlar var ki. Bir cild ortaq dəyərlər olmalıdır. Orada mübahisə gedir ki, Nəsimi bizimdir. Nəsimi, əgər kim oxuyub onu dərk eləyirsə, bu türk ədəbiyyatıdır da. Füzulinin özünü sən necə tutub ala bilərsən türkün əlindən? Bunlar deyirlər ən çox azəri dilinə yaxın dildə yazıb. Nəsimini əgər türkmənlər də türkmən hesab edirsə, oxuyurlarsa, qoy oxusunlar da. İndi Nəsimidi, Füzulidi, bunlar bizim böyük klassiklərimiz olduğuna görə onlar əgər oxuyurlarsa, bəhrələnirlərsə, oxusunlar. Nəsiminin bizim ədəbiyyat tariximizdə böyük təsiri var. Füzuli də Azərbaycan xalqının bədii şüurunun inkişafında elə iştirak edibdi ki, bunu bizdən çıxarmaq mümkün deyil. Ona görə türkmən deyir ki, Nəsimi türkmən şairidir, qoy desin də. Burada qadağan olunası bir şey yoxdu. Biz heç nə itirmirik. Türklər Füzulini çap eləyiblər, baxmısız? Bir səhifədə orijinalı, digər səhifədə tərcüməni veriblər. Çox gözəldir. Füzuli bizim varlığımızdır da, ədəbi prosesə daxil olub. Amma o cür mübahisə eləmək ki, mən getdim filan yerdə cavab verdim ki, Nəsimi bizim şairimizdir.

İradə Musayeva: – Onlar demir axı ümumtürk. Onlar deyir ki, məsələn, tutaq ki, “türkmən şairi Nəsimi” və yaxud da “türk şairi Nəsimi”. Söhbət onun davasıdır.

Azər Turan: – Əfsus ki, çoxları Cağatay nəslindən olduğu ehtimal edilən Qul Əlinin “Qisseyi-Yusif”indən xəbərsizdir. Şeir zövqümüzün sanki yerində olduğunu isbatlamaq üçün Əbdürrəhman Caminin “Yusif Züleyxa”sı barədə danışmaqdan doymayan bizlər uzun illər unutduq ki, az qala, Nizaminin dövründə və Caminin yazdığı “Yusif və Züleyxa” mövzusunda bizim öz ana dilimizdə – türkcə yazılmış bir “Qisseyi-Yusif”imiz var. Nə dəxli varmış ki, Qul Əli Xarəzmli bir oğuz türkü – bir yəsəvi dərvişidir, yaxud bir kuman türküdür, oğuzdur, yaxud qıpçaqdır? Nə fərqi var ki, bu əsər Orta Asiyada, yoxsa Tatarıstan civarında yazılıb? Harda (və hətta kim tərəfindən) yazılmasından asılı olmayaraq o, Şərqi Türküstandan tutmuş Krıma qədər, Qafqazlardan Anadoluyacan hamının anlayacağı bir türkcədədir. Bəlkə də ortaq türkcənin ilk örnəklərindən biridir. Hələ üstəlik, heç “Qutadqu Bilig” kimi də deyil, əruzun istilasına uğramayıb, heca ölçüsündə yazılıb…

İradə Musayeva: – 50-ci illərdə ümumtürk abidələrini “Dədə-Qorqud” da daxil olmaqla qadağan elədilər ki, mürtəce abidələrdir. Bu da tendensiyalı bir şey idi. İndi imkan yaranıb onların Azərbaycan alimlərinin qələmi ilə yenidən tədqiq olunması üçün. Dissertasiya mövzularının seçilməsi də ədəbiyyatşünaslığın inkişafı naminə yox, doktorantın əziyyət çəkmədən müdafiə etməsi üçün seçilir. Daha çox da qeyri-elmi, mücərrəd, anlaşılmaz mövzular. Dilbər xanım onlardan bir neçəsinin adını çəkmişdi bu yaxınlarda. Məsələn, “Sovet dövrü memuar və tərcümeyi-hal ədəbiyyatı və Azərbaycan qadını”.

Şirindil Alışanlı: – Əvvəla, bizim qorqudşünaslığın nailiyyətlərini obyektiv dəyərləndirmək lazımdır. “Dədə Qorqud”un yubileyi ilə bağlı onlarca sanballı əsər nəşr olunurdu. S.Əlizadə, T.Hacıyev, K.Abdulla, N.Cəfərov, S.Cəmşidov, K.Kamal və başqa alimlərimizin tədqiqatları qorqudşünaslığın yeni mərhələsini şərtləndirdi.

Dissertasiya mövzularında konyunktura həmişə olub, indi də var. Vaxtilə, daha doğrusu, 2001-ci ildə bu mövzuda yazmışdım ki, ədəbi şəxsiyyətlər, ədəbi əlaqələr, folklor və yazılı ədəbiyyatın əlaqələri, ədəbi tənqidin nümayəndələri barədə yazılmış və yazılmaqda olan onlarca dissertasiyanın predmetə yanaşma üsulu, struktur oxşarlığı, çeynənmiş təhsil arsenalı, ədəbiyyatşünaslıq elmi üslubunun az qala söz yığını ilə əvəz edilməsi müşahidə olunur. Keçən on beş ildə elə ciddi dəyişiklik hiss olunmur. Şübhəsiz, bütün tədqiqatları da eyni mövqedən dəyərləndirmək olmaz. Vaxt hər şeyi yerinə qoyur. Hər on ildən 5-10 cilddi əsər elmi dövriyyədə qalır. Yaşar müəllimin 5 cildliyini çap elədik. Mən demirəm Yaşar müəllimin yazdıqları ehkamdır. Amma Yaşar müəllim məsələn, nə deyirdi? Deyirdi, ədəbiyyat tarixini hər dövrün meyarları ilə təftiş eləmək olmaz. Yaşar müəllim deyirdi ki, indi nə sufizm var, nə də sosrealizm. Amma Füzuli var, C.Cabbarlı yaşayır.

Elnarə Akimova: – Yəni hər sənətkarın poetikasını incələmək daha doğrudur.

Şirindil Alışanlı: – Yəni bunlar sənətin bədii mahiyyəti ilə bağlıdır. Safurə xanım Quliyeva 20-30-cu illərin poeziyasından yazır. “Azər” poemasını tamam təzədən təhlil eləyir. Poemada müəllif mövqeyini mətnin alt qatlarında axtarır. Romantizmi romantik estetikanın hüdudları prinsipləri fonunda dəyərləndirməyəndə mətnə nəzəri müddə arasında uçurum yaranır. Safurə xanımın mətn üzərində yeni müşahidələri 2006-cı ildə sizin qəzetin səhifələrindəki qənaətimin əminliyinə inamımı bir daha artırdı. “Romantik kimi formalaşmış A.Şaiq hər on-on beş ildən bir öz bədii təfəkkür tipini, öz üslubunu dəyişə və “zəmanəyə uyğunlaşdıra” bilməzdi. Və yaxud, H.Cavidi “inqilab qatarına” oturmaq istəyən ədəbi tənqid siyasi müdaxilənin vasitəçisinə, icraçısına çevrilirdi. H.Cavid bu qatara otura bilməzdi. Çünki onun bədii dünyagörüşü və poetik sistemi zirvə məqamında idi”. Bu mənada ədəbiyyatın o alt qatlarını şübhəsiz ki, təhlil eləmək lazımdır, işıqlandırmaq lazımdır. Mətni dəyərləndirmək hər dəfə onu oxuyan ədəbiyyatşünasın, tənqidçinin yaş dövründən hazırlıq səviyyəsindən də asılıdır. Məsələn, siz cavanlığınızda oxuduğunuz bəzi əsərləri indi oxusanız tamam başqa şeylər tapacaqsınız. Mənim çox böyük arzumdur, oturum Nizaminin “Xəmsə”sini bir də oxuyum. Lap elə istənilən klassiki. Cavan vaxtı o cür dərk eləmirdik. İndi başqa cür dərk edirik.

Dilbər Zeynalova: – Bizim dediyimiz də odur də. Eyni şeyə gəlib çıxdıq. Dediyim odur ki, ədəbiyyatşünaslıq sənətkarın yaradıcılığı, hətta konkret bədii əsərin bədii-estetik keyfiyyətləri və xüsusiyyətləri haqqında konkret fikir formalaşdırmalıdır.

İradə Musayeva: – Dünya ədəbiyyatında böyük yazıçıların nəzəriyyəçiliyi var. Tutaq ki, Dostoyevskidə oxuduqlarımız, lap müasir dövrdə Eko, Nabokovun özü. Bizdə tutaq ki, bəzi xalq yazıçılarının ədəbiyyatla bağlı görüşləri var ki, adam oxuyanda, çox təəccüb edir. Yəni bunu da dəstəkləmək, bunlara rəy vermək düz deyil. Tutaq ki, bizim istinad nöqtəmiz, ədəbiyyatı çiynində aparan yazıçılar var ki, hər şeyi, bütün cərəyanları da ona tətbiq edirlər ki, filankəsdə həm sosializm var, həm modernizm var.

Şirindil Alışanlı: – Cərəyanları tətbiq eləmək olmaz. Ədəbi cərəyanın estetik prinsipləri materialın içindən çıxmalıdır.

İradə Musayeva: – Bilirəm, amma eləyirlər. Ədəbiyyatşünaslar təqdim eləyirlər. Onun haqqında məqalə yazanda elə eləyirlər. Sonra bu adamların kitabları çıxır ədəbiyyatşünaslıq adında, ədəbiyyatşünaslıq görüşləri. Tutaq ki, 15 cildliyi var. 2 cildi həsr olunur onun ədəbiyyatşünaslıq görüşlərinə onlar bunu yazırlar və bunlara rəylər verilir. Sonra professorlar, alimlər bunun haqqında silsilə resenziyalar, nələr, nələr yazır. Mən sizə ona görə ünvanlanıram ki, çünki siz buradasınız. O demək deyil ki, siz eləyirsiniz. Sadəcə məqamdır, dərdimizi demək istəyirik.

Şirindil Alışanlı: – 2 il bundan qabaq demişdim ki, indi Azərbaycanda “muzdur” ədəbiyyatşünaslıq var. “Muzdur” ədəbiyyatşünaslar, tənqidçilər var. “Muzdur” sözünü də işlətmişəm. Daha bundan artıq nə deyərlər ki? Bunun arxasında nə durur?

Bizim yazıçıların içində orijinal tənqidi görüşləri olanlar var: C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, R.Rza, M.Hüseyn, İ.Əfəndiyev. O gün Anar müəllimin bir məqaləsini oxudum. “Vurğunluq” idi adı. 1986-cı ildə yazılıb. “Ədəbiyyat qəzeti”ndə təkrar nəşr edilib. İnandırıram sizi ki, S.Vurğun haqqında ən yaxşı yazılmış əsərlərdən biri budur. Həmişə bir mif yaratmışdılar ki, R.Rza ilə S.Vurğun düşmən olub, ailələr sevməyib bir-birini, qısqanclıq var.

İradə Musayeva: – Olub, amma.

Şirindil Alışanlı: – Bilirəm, ədəbi mübarizələr olub. Amma, Anar müəllim burada böyük məhəbbətlə S.Vurğunu təhlil edib. Bu bədii publisistik bir essedir. Tapıb oxuyun. İnandırıram sizi ki, çox heyrətamiz yazıb. Materialın seçilməsi, S.Vurğunun sənətinin yaşayan tərəfləri hansıdır, özü də elə incə şəkildə deyir ki, hansılar yaşamayacaq, heç adamın ruhu da incimir.

İradə Musayeva: – Bir də şişirdilmiş fiqurlar var ey, məsələn, biz universitetdə oxuyanda auditoriyaya girən müəllim deyirdi ki, nəhəng Məmməd Arif, nəhəng Cəfər Xəndan, qorxurduq. Mifləri yaradılmışdı sanki. Orta məktəb dərslikləri ilə bağlı Zaman müəllim, sizinlə ayrıca müzakirə keçirmək lazımdır, problemli məsələlər çoxdur orda. Bir neçə il öncə Pənah Xəlilovun da iştirakı ilə proqram müzakirə edirdik, dərsliklər və proqramlar. Çox heyrət elədim, Pənah müəllimə dedik ki, olmaz axı belə, elə müəllif var ki, ən pis əsərini salıblar dərsliyə. Məsələn, B.Vahabzadənin çox zəif bir şeirini misal gətirdik o zaman. Pənah müəllim dedi ki, vallah neyləyim zəng elədim ki, sənin hansı əsərini salım dərsliyə? Mənə dedi ki, bunu sal. Deməli, meyara baxın. Müəllifin arzusu dərslik prinsiplərini arxa plana keçirir. Tutaq ki, müəllif şerini hansısa nostalji hisslə yazıb və ya sevgilisinə yazıb, müəllifə bu xoş gəlir. İstəyir onun özü üçün doğma olan dərdi, xatirəsi dillərdə gəzsin, bəs ədəbi-estetik və təlim-tədris prinsipləri?

Şirindil Alışanlı: – İradə xanım, dediyinizdə həqiqət var. Əlbəttə, klassiklərin toxunulmazlığını müəyyən edən səbəblər var. Birincisi, mən bir yazımda istəmişəm əsaslandıram ki, ədəbi mif, mifləşdirmə məsələsi var. Dəyərləndirməyə mane olan nədir? Mifləşdirmə məsələsidir. Yəni ki, istəyirsən yazıçı olsun, istəyirsən ədəbiyyatşünas olsun, müəyyən adamları mifləşdiribdilər. Gənc tədqiqatçı “mif” qarşısında geri çəkilir, müəyyən həqiqəti desə də eşidilmir.

İradə Musayeva: – Bir də ki, Şirindil müəllim. Həmid Araslı və başqaları ilə bağlı bir problem də var. Düzdür, bunlar tamam başqa tədqiqatçılardır. Amma bunların da klassiklərə münasibətində o qədər yanlış şeylər var ki. Amma bunları da elə bil toxunulmaz elan eləyiblər.

Şirindil Alışanlı: – İradə xanım, digər ədəbiyyatşünaslarımızın xidmətlərinə kölgə salmadan onu nəzərə alaq ki, Qədim və Orta əsrlər ədəbiyyatı, XIX əsr ədəbiyyatı, XX əsrin əvvəlləri ədəbiyyatı və sovet dövrü ədəbiyyatı kursları H.Araslı, F.Qasımzadə, C.Xəndan, M.Cəlal, F.Hüseynov və Məmməd Arif tərəfindən yaradılmışdır. İndi yeni materiallar və nəzəri prinsiplərlə təshihlər etməyi heç kimə qadağan etmək olmaz.

Zaman Əsgərli: – Mən də o fikirlə razıyam ki, inkar yox, səmərəli tərəflərini inkişaf etdirmək gərəkdir.

Şirindil Alışanlı: – Mən bir fakt deyim. Biz ədəbi tənqid kursunu bitirmişik. 72-ci ildə Sov.İKP-nin qərarı çıxdı, onda bizi ədəbiyyatşünas və tənqid kurslarına böldülər. 5 nəfər idik. Bizə dərs deyirdilər: Bəkir Nəbiyev Seyfulla Əsədullayev, Qulu Xəlilov. Bir gün Qulu Xəlilov dedi ki, sabah Arif müəllimi gətirəcəyəm sizinlə görüşə. Qulu müəllim girmişdi qoltuğuna, gəldi oturdu, biz də beşcə nəfərik. Ona suallar verirdik, çox rahat, təmkinlə, çox yavaş-yavaş cavab verirdi. Düz doxsan dəqiqə bizlə söhbət elədi. Sadəliyi, ədəb-ərkanı, məntiqi doğrudan da mif yaratmağa əsas verirmiş.

İradə Musayeva: – Şirindil müəllim, ədəbiyyatşünaslıqla bağlı kitablarda mətnlərdən çox uzaqdüşmə var. Elə bil nəzəri şeyləri deyirlər, amma bədii mətnə tətbiq eləmirlər, ədəbiyyata tətbiq eləmirlər. Ümumi, havadan asılı nəzəriyyələr çoxdur.

Şirindil Alışanlı: – Yox, bir var ki, mətnin təhlili ilə məşğul olmaq. Siz Mixail Baxtina baxın, görün bir dənə əsərin təhrifi var? Roman haqqında yazıb. Romanın təsnifatını verib, roman vospitaniya, roman ispıtaniya. Sadəcə bu adam teoretik idi. Amma tərpətsəydin, Baxtin bütün dünya ədəbiyyatının romanlarının məzmununu deyərdi.

İradə Musayeva: – Zaman müəllim, siz 90-cı illər nasirlərindən ən çox kimi təqdir eləyirsiniz? Məsəlçün, nələri oxumusunuz?

Zaman Əsgərli: – Mən Elçin Hüseynbəylini oxumuşam, bir romanını da heç başa düşməmişəm, aclıqdan danışır, nədən danışır. Əlabbasın əsərlərini oxumuşam. O birilərdən də Anarı, Elçini.

İradə Musayeva: – Mən 90-cı illərin gəncliyini deyirəm.

Zaman Əsgərli: – Gəncliyi çox oxumamışam. Bir də mən axı tənqidçi deyiləm, ədəbiyyatşünasam. Tənqidçi və ədəbiyyatşünas ayrı-ayrı anlayışlardır. Mən başqa işlə məşğulam, siz başqa.

Elnarə Akimova: – Əslində, mən o fikirlə razıyam, tutaq ki, Zaman müəllim borclu deyil müasir ədəbiyyatı da izləsin. Onun öz sahəsi var, öz sahəsinin mütəxəssisi oldu yetərlidi.

Şirindil Alışanlı: – Orxan Fikrətoğlunun “Vaxt” kitabına mən müqəddimə yazmışam. Siz oxumusunuz o müqəddiməni?

Elnarə Akimova: – Oxumuşam, bəli

Şirindil Alışanlı: – O postmodernist ədəbiyyatın nümunəsidir. Onun qiymətini vermirlər. Onun hekayələri, ssenariləri, dilinin tutumu, leksikonu çox gözəldir. Çox gözəl yazıçıdır Orxan. Orijinal yazıçıdır.

İradə Musayeva: – Ədəbi prosesdən gedir söhbət, canlı, hal-hazırda olan ədəbi proses. Orxanın ehtimal ki 50 yaşı olar, mən lap müasirləri deyirəm. Bax, ədəbi səs gəlir ey, haradan gəlir bu ədəbi səs?

Dilbər Zeynalova: – Bəli, yeni ədəbi-bədii nümənələr yaranır. Sizin dediyiniz kimi, İradə xanım, əgər yeni nəfəs gəlirsə, ədəbiyyatşünaslıq da bu əsərləri adekvat dəyərləndirməlidir.

Şirindil Alışanlı: – Onunla da siz məşğul olun, bizim ona nə səhhətimiz imkan verir, nə də onları oxumağa vaxtımız. İradə xanım, indi mən sizə bir sual verim. Vaqif Səmədoğlunun poetikasına da baxmışam, oxumuşam, yazılarınızı da izləyirəm, öz yerində. Bax, indiki bu ədəbiyyat ki, var ey, ədəbi proses, bunların paradiqması nədir? Bunlar nə amalla yaşayırlar? Yəni ki, hər dövrün bir ictimai paradiqması olub. Məsələn, Fransa burjua inqilabı. Bərabərli, qardaşlıq, dostluq – bununla gəlmişdilər də. Bütün fransız romantiklərinin də tarixə münasibəti onunla olub. İndi paradiqma nədir?

İradə Musayeva: – Şirindil müəllim, keçən dəfə bir söhbət oldu. Yəni sizi sınamaq üçün demirəm. Mənimçün də aydın deyil ki, bax indi bu yazıçı oturub yazır, hansı ideal uğrunda yazır.

Şirindil Alışanlı: – Yox, indi bu kapitalist münasibətləri formalaşıbdır, bazar iqtisadiyyatıdır, ədəbiyyatın özündə həyatın, varlığın özü ilə bağlı heç bir paradiqma yoxdur.

İradə Musayeva: – Olar sualınıza cavab verim?

Şirindil Alışanlı: – Buyurun.

İradə Musayeva: – Deməli, bu gənc yazarlar ki var, bunlara bu dəqiqə səviyyəli, elit dediyimiz ədəbiyyatşünaslıq alimləri, tənqidçiləri, tarixçiləri, nəzəriyyəçiləri, “uşaq” kimi baxırlar. Onların isə çoxunun artıq 35-40 yaşları var. Ağızlarının danışığını bilməyən, əqidəsiz, filan – belə baxırlar. Amma məsələ ondadır ki, biz birinci bilməliyik ki, bu insanlar ki, yetişib, məsəlçün deyirəm, bu insanlar bax, bu müstəqillik dövrü dediyimiz zamanın doğuşudur. Bəlkə biz onlara daha səmimi və inamla yanaşsaq, ədəbiyyat da, ədəbiyyatşünaslıq da nəsə qazanar bu ədəbi ünsiyyətdən. Yəni biz bunlara alim kimi yox, bir insan kimi yaxınlaşaq ki, necə oldu ki, bu insan belə doğuldu? Bu ədəbi nəslin uğursuzluğunun səbəbini aydınlaşdıraq, əgər doğrudan da istedadları bizi qane etmirsə. Bunlarda belə söyüşlə, pornoqrafiya ilə yazmaq tendensiyası hansı təsirdən oldu? Bunlarda klassiklərə və ənənəyə mənfi münasibətin hansı ədəbi-estetik ya ictimai səbəbi var və s. Məsələn, bu ədəbi nəsil niyə C.Məmmədquluzadədə səhv axtarır, niyə məsələn, Şirindil müəllimi, İradəni qəbul eləmir? Bunun, sosial tərəflərini, maddi tərəflərini, psixoloji tərəflərini araşdırmaq maraqlı olmazmı? Ədəbiyyat insanın mənəvi aləmi ilə məşğuldur. Amma biz bu ədəbiyyatı yaratmaq istəyənlərlə mənəvi cəhətdən qohum olmaq istəmirik.

Şirindil Alışanlı: – Həmin o uşaqların taleyi bilirsiniz niyə elədir? Yoxdu da, bu həyatın paradiqması yoxdur.

İradə Musayeva: – Ay sağ olun, onlar “itirilmiş nəsil” taleyini yaşayırlar.

Şirindil Alışanlı: – Rus ədəbiyyatında vəziyyət bizdən də pisdi.

İradə Musayeva: – Əzilmiş insanların da ədəbiyyatı var da.

Şirindil Alışanlı: – Onlar niyə elə yazırlar? Ona görə ki, həyatın gələcəyi haqqında onların paradiqmaları yoxdur.

İradə Musayeva: – Müstəqillik illərində çox istedadlı yazarlar ədəbi prosesə gəliblər. Onları bəzən istehza ilə qarşılayır, həyat, sənət haqqında sərbəst düşüncələrini qəbul etmirlər. Məncə, gəncləri ardıcıl oxumaq, onlara xüsusi diqqət ayırmaq lazımdır.

Şirindil Alışanlı: – Əvvəla, sizin elmi inadkarlığınız, öz mövqeyini cəsarətlə müdafiə etməyiniz mənə gənclik illərimi xatırladır. İndi ədəbiyyatımızın yaradıcılıq problemlərindən danışmağın zamanıdı və “Ədəbiyyat qəzeti” bu baxımdan yaxşı nümunə göstərir.

Elnarə Akimova: – Söhbəti burda da bitirək. Məncə, müasir ədəbiyyatşünaslığımızın tarixi təcrübəsi və müasir durumu ilə bağlı bir çox problemlərə toxuna və aktuallandıra bildik. Toxuna bilmədiklərimiz də qalsın növbəti söhbətlərimizə. O ki, qaldı yeni nəsil ədəbiyyatına – bu gəncliyin problemləri nədir, hansı ziddiyyətlərdən keçib, nə istəyir və s. kimi suallara cavabı elə gənclərin özlərini bura dəvət etməklə aydınlaşdırarıq. Hamınıza təşəkkür və uğurlar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Azərbaycan ədəbiyyatı xronologiya

20-10-2019 11:01

XIX-XX əsr Azərbaycan ədəbiyyatı

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888) və Xurşud Banu Natəvandır (1830-1897). Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.
Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Təkcə onu göstərmək kifayətdir ki, Mirzə Fətəli Axundzadə ilə demək olar ki, eyni dövrdə yaşayıb-yaratmış cənublu şair Seyid Əbülqasım Nəbatinin (1812-1873) yaradıcılığı minillik Şərq poeziyasının ənənələrinə söykənərək, bütün estetik gözəlliyi ilə yanaşı, sufizm ideyalarını təbliğ etməkdən o yana getmirdi.
Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.
A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfinin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən “Nəğmələr”i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.
Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının – dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının ən qabaqcıl ənənələrini davam etdirərək, təkcə bir yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış edir, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir. M.F.Axundzadə, bəzi tədqiqatçıların yanlış olaraq düşündüyü kimi, heç də rus çarizminin apologeti kimi çıxış etməmiş, lazım gəldikdə üstüörtülü şəkildə, ezop dili ilə Rusiya imperializminin müstəmləkə siyasətini kəskin tənqid etmişdir. Onun “Kəmalüddövlə məktubları” (1865), “Aldanmış kəvakib” (1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət quruluşundakı nöqsanları deyil, eyni zamanda, ədibin özünün də içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb göstərirdi.
Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında S.Ə.Şirvani (1835-1888), N.Vəzirov (1854-1926), Ə.Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, H.Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) “Sələbiyyə” (“Tülkünamə”), Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” (1888), Zeynəlabidin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Hacı ağa Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşud Banu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın c.Məmmədquluzadə (1866-1932), M.Ə.Sabir (1862-1911), H.cavid (1884-1944), M.Hadi (1880-1920), A.Səhhət (1874-1918), A.Şaiq (1881-1959) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar. Bunların arasında realist ədəbiyyatın C.Məmmədquluzadə və M.Ə.Sabir, romantik şeirin M.Hadi, A.Şaiq, dramaturgiyanın H.Cavid kimi nümayəndələri Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında daha böyük rol oynamışlar. Böyük ədib və ictimai xadim C.Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ildə Tiflisdə nəşrə başlayaraq, iyirmi beş ilə yaxın bir dövr ərzində ədəbi-mədəni və ictimai-siyasi həyatda möhtəşəm rol oynamış “Molla Nəsrəddin” jurnalı və onun realist-yumoristik sənət üslubu ilə paralel olaraq görkəmli publisist, filosof və ictimai xadim Ə.Hüseynzadənin (1864-1940) redaktorluğu ilə 1906-1907-ci illərdə cəmi 32 sayı çapdan çıxmış “Füyuzat” jurnalı ciddi və romantik üslubla xalqa xidmət, millətin maariflənməsinə və inkişfaına qulluq mövqeyində durmuşdular.
Bu dövrün ədəbi simaları arasında Cəlil Məmmədquluzadə (1866-1932), “Hophopnamə” müəllifi Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan ədəbiyyatının ideya-estetik inkişafında daha çox xidmət göstərmişlər. cəhalət, mövhumat, xurafat, nadanlıq əleyhinə onların yazdıqları realist satirik əsərlər bu gün də öz əhəmiyyət və aktuallığını qoruyub saxlayır.
M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və “Müsibəti-Fəxrəddin” (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və “Dağılan tifaq”, “Bəxtsiz cavan” (1900), “Ağa Məhəmməd şah Qacar” (1907) faciələri, Nəriman Nərimanovun (1870-1925) “Şamdan bəy”, “Nadanlıq”, “Nadir şah”, Cəlil Məmmədquluzadənin “Ölülər” (1909), “Anamın kitabı” (1920) əsərləri ilə zənginləşdi.
Dramaturgiyada romantik-tarixi mövzuda isə Hüseyn Cavid (1882-1944) 1910-1918-ci illər arasında “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis” kimi ölməz əsərlərini yaratdı.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan C.Məmmədquluzadə, A.Şaiq, Ə.Haqverdiyev, Ü.Hacıbəyovla yanaşı bu zaman C.Cabbarlı, Ə.Cavad, Ümmigülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Ü.Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Kateqoriya: Karusel / Tənqid-fikir

Tarix: 20-10-2019 11:01

Azərbaycan Tarixinin Xronologiyası

“Azərbaycanın xronoloji tarixi” adlı bu tədris vəsaiti Azərbaycanla bağlı mühüm tarixi, mədəni və iqtisadi hadisələrin xronoloji xülasəsini özündə əks etdirir. Vəsaiti hazırlamaqda məqsədim müəllimlər, tələbələr, şagirdlər üçün əlavə tədris vəsaiti təqdim etmək, abituriyentlər, imtahanlara hazırlaşanlar və ümumiyyətlə, Azərbaycanın tarixi və mədəniyyəti ilə maraqlanan bütün şəxslər üçün yardımçı olmaq, Azərbaycanın tarixini təbliğ etməkdir.
Azərbaycan ibtidai-icma quruluşu dövründə
• 120-100-40-30-cu minilliklər – İbtidai icma quruluşunun formalaşması
• 1,5 min. il—150—120 minilliklər — Quruçay mədəniyyətinin dövrü
• Təxm. 40—35 min—12—10 min il — Paleolit dövrü
• 10—12 min il əvvəl — Qobustanda həyatın başlanması
• 10—12 min il—8 min əvvəl — Mezolit dövrü
• e.ə. 7—6 minilliklər — Neolit dövrü
• e.ə. 6—4 minilliklər — Eneolit dövrü
• e.ə. 4 minilliyin əvvəli — Bəsit dulus çarxının meydana gəlməsi
• e.ə. 4 min. II yarısı—2 min. sonu — Tunc dövrü
• e.ə. 4 min. sonu—3 minillik — Erkən tunc dövrü. Kür-Araz mədəniyyəti.
• e.ə. 3 min. yarısı — Əmlak və sosial bərabərsizliyin artması.
• e.ə. 3 min. axırıncı rübü—2 min. I yarısı — Orta tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü.
• e.ə. II min. I yarısı — Şəhərsalma mədəniyyətinin təşəkkülü
• e.ə. II min.—I min. əvvəli — Naxçıvan mədəniyyəti
• e.ə. XIV—VIII əsrlər — Son tunc və ilk dəmir dövrü
• e.ə. XIV—VIII əsrlər — Xocalı-Gədəbəy mədəniyyəti
• e.ə. XIV—VII əsrlər — Muğan mədəniyyəti
• e.ə. XIII—XII əsrlər — Borsunlu kurqanı
• e.ə. XII—XI əsrlər — Sarıçoban kurqanı
• e.ə. VII—V əsrlər — İnkişaf etmiş dəmir dövrü

Yükləməyə Keç [71,75 Kb] [ : 1203] –>

Comments are closed, but trackbacks and pingbacks are open.