Müstəqillik aktı 18 oktyabr 1991
Ulu Öndər həqiqi dövlət müstəqilliyinin bünövrəsini Naxçıvanda qoyub
18 oktyabr 1991-ci il – Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərib. Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub.
Həmin hadisə 1990-cı ilin iyul ayından xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik uğrunda məqsədyönlü siyasi mübarizənin təntənəsi idi. 1991-ci il oktyabr ayının 19-da Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına göndərdiyi teleqramda deyilirdi: “Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası Ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.
1970-1982-ci illərdə quruculuq siyasətinin və fəlsəfəsinin əsasını müstəqillik idealları təşkil edirdi
Dahi şəxsiyyət dünyanın supergüclərindən biri olmuş sovet imperiyası dövründə də Azərbaycanın müstəqilliyi barədə düşünüb, 1969-cu ildə siyasi hakimiyyətə gəldiyi ilk gündən başlayaraq böyük uzaqgörənliklə hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərin həyata keçirilməsinə nail olub, Azərbaycanın gələcək müstəqilliyi üçün təməlləri hazırlayıb. Ümummilli Lider ölkəmizdə sənayeləşmənin əsasını qoyub, kənd təsərrüfatını inkişaf etdirib, yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına nail olmaqla gələcək müstəqil Azərbaycan üçün kadr potensialını yaradıb. Bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Liderin böyüklüyünü başa düşmək üçün vaxtın ucalığında dayanmaq lazımdır. Aradan keçən zaman məsafəsi 1970-ci illərdə atılan addımların əsl mahiyyətini başa düşməyə imkan verir. Ümummilli Liderimiz həmin dövrdə görülən işləri belə qiymətləndirirdi: “Biz bu işləri başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi: Azərbaycanın gələcəyinə baxış idi. Bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır”. Bu fikirlər 1970-1982-ci illərdə Heydər Əliyev quruculuq siyasətinin istiqamətini və fəlsəfəsini özündə əks etdirir”.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra xarici qüvvələrin, daxildəki xəyanətkar qruplaşmaların əməlləri nəticəsində ictimai-siyasi vəziyyət dözülməz həddə çatdırılmışdı. Yanlış kadr siyasəti, dünənki “çayxana elitası”nın bu gün mənsəb uğrunda güzəştsiz mübarizəsi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi sədaqət prinsipi müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsi Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən işğal edilməsinə səbəb olmuşdu. Hakimiyyətə zor və silah yolu ilə gəlmiş bir komanda özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə 1993-cü ildə ölkəni parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyеvin dediyi kimi: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Ulu Öndər həqiqi dövlət müstəqilliyinin bünövrəsini Naxçıvanda qoyub
Azərbaycan əldə etdiyi deklarativ müstəqilliyi həqiqi müstəqilliyə çevirə, bu müstəqilliyi qoruyub inkişaf etdirə, nəhayət, bu müstəqillik idealları üzərində bütöv bir Azərbaycançılıq ideologiyasını ucalda biləcək bir liderə, xilaskara möhtac idi. Həmin xilaskar dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev idi.
Ümummilli Lider həmin dövrdə artıq Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli mübarizəyə başlamışdı. 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoyub, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvanda tarixi qərarlar qəbul edilib, Azərbaycanın bu qədim diyarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa olunub, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, 20 Yanvar hadisələrinə siyasi qiymət verilib.
Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər dövlət müstəqilliyinin formal mahiyyəti ilə kifayətlənərək Sovet İttifaqının qorunub saxlanması üçün 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, ulu öndərimiz Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina edib, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılıb, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək deyib: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
Tarixin sosial sifarişi
Həmin dövrdə gedən proseslərə nəzər yetirdikdə bir daha aydın olur ki, müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkəmizə rəhbərlik edənlər Azərbaycanı çətin vəziyyətə salmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə – 1993-cü il iyunun 9-da Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış tarixin sosial sifarişi idi. Bu qayıdış xalqın istəyi ilə hasil oldu. Böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı uçuruma sürükləyən təhlükələri dəf etdi, insanların nigarançılıqla vuran qəlbinə bir inam və rahatlıq toxumu səpdi. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.
Bir sıra dünya səviyyəli siyasi şərhçilər də vurğulayırlar ki, 1991-ci ilin oktyabr tarixli müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana bu müstəqilliyi, sözün həqiqi mənasında, gətirmədi. Hüquqi akt hələ reallıq deyildi. Ona görə də Azərbaycanın həqiqi müstəqillik tarixi ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəldiyi tarixlə hesablanır.
Lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz
Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən Ulu Öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirib, dövlət müstəqilliyimizi daimi və əbədi edib.
Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yeni tipli iqtisadiyyatın nəzəri-konseptual inkişaf konsepsiyasını yaradıb. Ümummilli Liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını təmin edib. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlayıb. Özəlləşdirmə proqramı uğurla həyata keçirilib, ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkəmiz xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilib. Ölkədə aqrar islahatlar aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilib. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirib: bu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, Azərbaycançılıq və vətəndaş həmrəyliyi yoludur.
Azərbaycanın gələcəyi yalnız Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsindədir
Xalqımız əmindir ki, Azərbaycanın gələcəyi, inkişafı yalnız Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsindədir. 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkiləri bunu bir daha sübut etdi. Həmin seçkilərdə Heydər Əliyev yolunu uğurla davam etdirən cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanıb Prezident seçildi.
Geridə qoyduğumuz illərin nəticələrinə nəzər saldıqda diqqəti cəlb edən əsas məqam ölkədə həyata keçirilən bütün işlərin, çoxcəhətli fəaliyyətin əsas məqsədinin, aparıcı leytmotivinin Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin möhkəmləndirilməsi amilidir. Sosialyönümlü siyasət yeridən ölkə rəhbəri ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı. Statistika göstərir ki, son 16 ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bu gün müstəqil Azərbaycanın səsi nüfuzlu beynəlxalq kürsülərdən gəlir, balanslaşdırılmış xarici siyasət real dividendlərini verir, ölkə Avropanın enerji təhlükəsizliyi sistemində həlledici rola malikdir. İqtisadi qüdrətimiz respublikanı fəal sərmayəçi ölkəyə, regionda əsas söz sahibinə çevirmişdir.
Bu gün müstəqil respublikamızın ən böyük problemi, heç şübhəsiz, torpaqlarımızın 20 faizinin düşmən işğalında olmasıdır. Ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim nüfuzlu beynəlxalq təşkilatlarda, qlobal əhəmiyyətli mühüm tədbirlərdə öz kəskin, qətiyyətli mövqeyini ifadə edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ – tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Aprel və Günnüt zəfərləri qazanan ordumuzun qarşısında da yeni tapşırıqlar qoyur.
Naxçıvan Muxtar Respublikası müstəqilliyin işığında böyük inkişaf yolu keçib
Ölkəmizin müstəqillik qazanmasından ötən 28 ildə dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün çox böyük işlər görülüb. Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. 30 ilə yaxındır, blokada vəziyyətində yaşamasına baxmayaraq Naxçıvan Muxtar Respublikası da müstəqilliyin işığında böyük inkişaf yolu keçib. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yeni tipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilib. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunduğu Naxçıvanda torpaqlar əkilir, tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edirlər. Muxtar respublikanın enerji və hərbi təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edir, təhlükəsiz şəraitdə yaşayırlar.
Bəli, bu gün dinamik inkişaf yolu ilə irəliləyən Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası dövlət müstəqilliyini mühüm tarixi nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.
AZƏRTAC-ın Naxçıvan bürosu
Müstəqillik aktı 18 oktyabr 1991
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları – parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.
Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.
Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər arasında nizama salınmalıdır.
Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.
Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir.
Maddə 5. Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir.
Maddə 6. SSRİ-nin dövlət borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına keçə bilər ki, respublikanın ərazisində təsərrüfat fəaliyyəti nəticəsində və Azərbaycan Respublikasının ixtiyarına keçən SSRİ əmlakı ilə əlaqədar yaranmış olsun.
Maddə 7. SSRİ-nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq hüquqa uyğun olaraq müqavilə üzrə başqa dövlətlərə – SSRİ-nin keçmiş subyektlərinə verilə biləcək hissəsi istisna təşkil edir.
SSRİ-nin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın milli gəliri, təbii və başqa ehtiyatları hesabına yaranmış əmlakı bu əmlakın yaranmasında Azərbaycanın töhfəsinə müvafiq həcmdə, müqavilə üzrə Azərbaycan Respublikasına keçir.
II. AZƏRBAYCAN XALQI
Maddə 8. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 9. Öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur.
Maddə 10. Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının hər hansı hissəsi, hər hansı bir şəxs suveren hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan Respublikasının parlamentinə ümumi, bərabər və birbaşa seçki hüquqi əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Maddə 11. Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.
III. AZƏRBAYCAN DÖVLƏTİ
Maddə 12. Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suverən hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.
Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir.
Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suverən hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.
Maddə 13. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə əsaslanır.
Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının parlamenti tərəfindən həyata keçirilir.
Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası Prezdentinə məxsusdur.
Məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada – hər birinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir.
Maddə 14. Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünə və özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir; yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər.
Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməz.
Maddə 15. Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları qüvvədədir.
Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, icra və məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, qanun və hüquq ilə məhdudlaşdırılır.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir.
Maddə 16. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur: dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək.
Maddə 17. Azərbaycan Respublikası:
1. Azərbaycan xalqının birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır.
2. Sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafı üçün bərabər şərait yaratmalıdır.
3. Dövlət və ya ictimai mənzil fondunun evlərində abad yaşayış sahəsi almaqda və ondan daimi istifadə etməkdə, fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına kömək göstərməlidir.
4. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiq həyat səviyyəsini, binəsiblərin sosial müdafiəsini təmin etməyə çalışmalıdır.
5. Azərbaycan Respublikası vətəndaşlarının həyatına, sağlamlığına, şəxsi azadlığına və təhlükəsizliyinə edilən qəsdlərdən onların müdafiəsini təmin etməlidir.
6. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizəsinə kömək göstərməli, dövlətin əzəli və təbii özəyi olan ailəni, habelə anaları və uşaqları himayə etməlidir.
Maddə 18. Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vahid vətəndaşlığı müəyyən edilir.
Azərbaycan Respublikası öz vətəndaşlarının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyır, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyırlar.
Heç kəs vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının hüquqlarından kənarda olan hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqi müdafiəsinə təminat verilir.
Maddə 19. Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikası insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqatından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir.
Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.
IV. İQTİSADİ MÜNASİBƏTLƏR
Maddə 20. Bütün təbii ehtiyatlar hər hansı şəxslərin və ya təşkilatların mülkiyyət hüquqlarından və mənafeyinə xələl gətirilmədən Azərbaycan Respublikasına məxsusdur.
Maddə 21. Hansı mənbədən gəlirsə gəlsin, Azərbaycan Respublikasının bütün mədaxili vahid ehtiyatlar əmələ gətirir və bu ehtiyatlar qanundan irəli gələn tələblərə və öhdəliklərə əməl olunmaqla, qanunun müəyyən etdiyi məqsədlər üçün və qanunun müəyyən etdiyi qaydada işlədilir.
Maddə 22. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər.
Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir; qanun onların alınması və onlardan istifadə olunması üsullarını, onların fəaliyyət hüdudlarını müəyyən edir.
Xüsusi və kollektiv mülkiyyət məcburi şəkildə özgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilə bilər.
Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmir.
Maddə 23. Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyət bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır.
Maddə 24. Azərbaycan Respublikası kooperasiyaya rəvac verir və müxtəlif kooperativ təşkilatlarının və başqa birliklərin qanuna müvafiq surətdə inkişafı üçün lazımi şərait yaradır.
Maddə 25. Azərbaycan Respublikası bütün formalarda əməyi mühafizə edir. Öz əməyinin kəmiyyət və keyfiyyətinə uyğun olaraq zəhmətkeşin azad və ləyaqətli yaşayış üçün kifayət edən haqq almaq hüququ vardır.
Qanunla müəyyən edilmiş hallardan başqa, məcburi əmək qadağan edilir.
Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq imkanlarından məhrum olan hər bir vətəndaşın dövlətdən kömək və yardım almaq hüququ vardır.
Zəhmətkeşlər həmkarlar ittifaqları təsis etməkdə azaddırlar.
Tətil hüququnu zəhmətkeşlər bu hüququ tənzimləyən qanunlar çərçivəsində həyata keçirirlər.
V. SİYASİ MÜNASİBƏTLƏR
Maddə 26. Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarının seçki hüququ vardır.
Səsvermə şəxsi, bərabər, azad və gizlidir.
Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla bilər.
Maddə 27. Azərbaycan Respublikasının siyasətinin müəyyənləşdirilməsinə demokratik yolla kömək etmək üçün Azərbaycan Respublikasının bütün vətəndaşlarının azad surətdə siyasi partiyalar və digər ictimai birliklər yaratmaq hüququ vardır.
Maddə 28. Siyasi plüralizm prinsiplərinə uyğun olaraq siyasi partiyalar ictimai rəyin formalaşdırılmasında və ifadəsində iştirak edirlər və siyasi fəaliyyətin əsas ünsürləridir. Onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində azaddır.
Maddə 29. Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir.
Maddə 30. Azərbaycan Respublikasının bütün vətəndaşları öz gəlirlərinə uyğun olaraq dövlət xərclərində iştirak etməlidirlər.
Vergi sistemi mütərəqqilik prinsipinə əsaslanır.
Maddə 31. Bütün vətəndaşlar Azərbaycan Respublikasına sadiq olmalı, onun Konstitusiyasına və qanunlarına riayət etməlidirlər.
VI. YEKUN MÜDDƏALARI
Maddə 32. Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.
Похожие статьи
-
Azərbaycan respublikasının mədəniyyət siyasəti.bakı-2000
Azərbaycan respublikasının mədəniyyət siyasəti.bakı-2000 Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda…
-
Azərbaycan respublikasının mustəqilliyinin əsasları
AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSASLARI Qanun qəbul olunduğu kündən qüvvəyə minir. Azərbaycan respublikasının mustəqilliyinin əsasları Azərbaycan Respublikası Ali…
-
Azərbaycan respublikasının statistik göstəriciləri 2010 2016
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər – 2003-2018 2003-cü ildən keçən on beş il ərzində isə Azərbaycan xalqı və dövləti,…
-
Azərbaycan respublikasının konstitusiyası
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür I. Hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan respublikasinin konstitusiyasi…
-
Azərbaycan respublikasının milli təhlükəsizliyinin əsasları
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Ədəbiyyat siyahısı: 1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası….
Comments are closed, but trackbacks and pingbacks are open.