Press "Enter" to skip to content

ELMİ – PEDAQOJİ BLOQ

Elə bu səbəbdən də bugünkü Azərbaycan dili dərslərinin tədrisində bir çox problemlər ortaya çıxır. Bu problemlərin bir qismini sadalamaq istərdim:

Dərs 1- Alman Dilinin Əlifba sistemi

LEKTİON 1 – das Alphabetsystem der deutschen Sprache Alman dili alman dilinin əlifbasını öyrənməkdən başlanır. Yəni əlifbanı bilmədən oxumaq ya mümkün deyil, ya da çox çətindir. Əslində latın qrafikası ilə olan azərbaycan dili əlifbası ilə alman dili əlifbası arasında xeyli oxşarlıq vardır. Yəni məna oxşarlığı deyil, sadəcə qrafika, hərflərin yazılışı oxşarlığı vardır. Misal üçün abend – axşam
Mutter – ana
denken – düşünmək və yüzlərlə digər belə misallar gətirmək olar ki, heç bir çətinlik çəkmədən latın qarafikalı azərbaycan dili sayəsində asanlıqla oxumaq olur. Yəni, alman dilində necə yazılırsa azərbaycan dilində də həmin sözlər olduğu kimi oxunur. Sadəcə azərbaycan əlifbasından fərqlənən bir sıra hərf və səsləri öyrənməklə Siz alman dilində müstəqil oxumağı öyrənə bilərsiniz. Beləliklə gəlin ilk dərsimizə başlayaq. Alman dili əlifbası aşağıdakı hərflərdən ibarətdir:

A B C D E F G H I J K L M N O P Q R S ß T U V W X Y Z Ä Ö Ü
a b c d e f g h i j k l m n o p q r s ß t u v w x y z ä ö ü

Əlifbadan da gördüyünüz kimi bir çox hərflər elə azərbaycan dilində olduğu kimidir. Amma aşağıda verilən hərflər azərbacan hərf və səslər sistemindən fərqlənir: C G H J Q S ß V W X Y Z Ä

#C

1. Alman sözlərində həmişə [ch] və ya [ck] birləşməsi şəklində rast gəlinir. [ck] birləşməsi şəklində rast gəlinərkən sadəcə [kk] kimi oxunur. Məsələn: Ecke – künc,
Acker – əkin 2. Alınma sözlərdə [c] hərfi [k] kimi də oxuna bilir. Məsələn: Club – Klub
Cafe – kafe və s. 3. [ch] birləşməsi şəklində rast gəlinərkən isə 2 formada oxunuşu mümkündür . A) Qalın saitıərdən əvvəl və sonra gələrkən adətən [x], məsələn: Buch – kitab,
Woche – həftə və s. B) İncə saitlərdən sonra rast gələndə rus dilində olan incə [xь] kimi oxunur: dich– səni,
Rechnung– hesab və s. 4. Bəzi alınma sözlərdə isə gah [k], məsələn: Charakter – xarakter, gah da [ş] kimi oxunur. Məsələn: Chef – şef, rəhbər və s.

#G

[g] hərfi hər zaman azərbaycan dilində olan [q] səsi kimi oxunulur. Məsələn: geben – vermək,
grün – yaşıl və s.

#H

[h] hərfi tələffüzündə 3 məqam mövcuddur: 1. Yalnız sözlərin əvvəlində hər zaman azərbaycan dilində olduğu kimi, yəni [h] kimi oxunulur. Məsələn: haben – malik olmaq,
heißen – adlanmaq və s. 2. Bitişik yazılaraq bir söz əmələ gətirən iki sözün ikinci sözünün əvvəlində yenə də hər zaman azərbaycan dilində olduğu kimi, yəni [h] kimi oxunulur. Məsələn: wo/hin– “haraya”,
wo/her -“haradan” və s. 3. Sözlərin ortasında gələrkən heç zaman oxunmur və yalnız özündən əvvəl gələn saitin uzun tələffüz edilməsini tələb edir. Məsələn: nehmen – götürmək,
sehen – görmək” və s.

#J

[j] hərfi hər zaman azərbaycan dilində olan [y] səsi kimi oxunulur. Məsələn: ja – bəli,
jeder – hər kəs və s. Bəzi alınma sözlərdə isə zərbaycan dilində olan [c] səsi kimi oxunulur. Məsələn: Jeans – cins (parca)” və s.

#Q

[q] hərfi əsasən [qu] birləşməsi kimi rast gəlinir və [kv] kimi oxunulur. Məsələn: Quadrat – kvadrat,
Quant – kvant və s.

#S

[s] hərfinin oxunuşunda 4 məqam vardır: 1. Saitlərdən əvvəl [z] kimi oxunulur. Məsələn: sammeln – toplamaq,
senden – göndərmək və s. 2. Sözün əvvlində [s] hərfindən sonra t və ya [p] hərfi gəlirsə bu zaman [s] hərfi [ş] kimi oxunur. Məsələn: Stadt – şəhər,
spenden – iyanə vermək və s. 3. [s] hərfi [sch] birləşməsi kimi rast gəlinərsə bu zaman yenə də [ş] kimi oxunulur. Məsələn: Schule – məktəb,
Schüler – məktəbli və s. 4.[s] hərfi qalan bütün məqamlarda sadəcə azərbaycan dilində olan [s] kimi oxunulur. Məsələn: testen – testdən kecirmək, yoxlamaq, sınamaq,
fassen – tutmaq,
Tagesablauf – günün planı və s.

[ß] hərfi [ss] kimi oxunur. Məsələn: heißen – adlanmaq,
beißen – dişləmək və s.

#V

[v] hərfinin oxunuşunda 2 məqam vardır: 1. [v] hərfi [ver] sözönündə həmişə [f] kimi oxunur. Məsələn: verbringen – vaxt keçirmək
verabreden – razılaşmaq və s. 2. Digər hallarda [v] hərfi azərbaycan dilində olan [v] kimi oxunur. Məsələn: Verb – fel,
Variante – variant və s.

#W

[w] hərfi hər zaman azərbaycan dilində olan [v] kimi oxunur.Məsələn: wir – biz,
wer – kim və s.

#X

[x] hərfi hər zaman [ks] kimi oxunur. Məsələn: Marx – Marks,
Text – mətn və s.

#Y

[y] hərfi əsasən alınma ingilis dilli sözlərdə və bir sıra alman sözlərində rast gəlinir və əsasən azərbaycan dilində olan [y] kimi oxunur. Məsələn: Yacht – yaxta

#Z

[z] hərfi hər zaman [ts] kimi oxunur. Məsələn: Zimmer – otag”,
Zucker – qənd, şəkər ,
tanzen – rəqs etmək və s.

[ä] hərfi hər zaman təxminən azərbaycan dilində olan [e] kimi oxunur. Lakin bəzən qısa, bəzən isə bir qədər uzun tələffüz edilir. Məsələn: Ärger – acıq (burada qısa),
Universität – universitet (burada isə uzun tələffüz edilir) və s.

Hörmətli oxucular yəqin ki, Siz [ä] hərfinin yazılışında [a] hərfinin üstündəki iki nöqtəni gördünüz. Bu iki nöqtə azərbaycan dilində də vardır. Məsələn:[ö] və [ü] hərflərində. Lakin azərbaycan dilində bu iki nöqtəyə ad verilməyibdir. Alman dilində isə bu iki nöqtəyə Umlaut deyilir və alman dilindən tərcümədə səsin dəyişilməsi deməkdir. Yəni Umlautdan istifadə etməklə bir səs başqa bir səsə kecir.

ELMİ – PEDAQOJİ BLOQ

Müəllimlərimiz Azərbaycan dili dərsliyindəki qrammatik bilgilərin azlığından şikayətlənirlər

İxtisasartırma kurslarına gələn müəllimlərlə söhbətlərimiz zamanı Azərbaycan dili və ədəbiyyat dərslərinin tədrisində xeyli problemlər olduğunun şahidi oluruq. Bu yazıda həmin problemlərin qaynağını və onun həlli yollarını müəyyənləşdirməyə çalışmışam.

2006-cı ildən həyata keçirilən kurikulum cəmiyyətə təqdim edildiyi gündən mübahisələrin obyektinə çevrilib. Məncə, layihənin təqdimatındakı yanlışlıq və yanlış anlaşılma bu mübahisələrə səbəb olub. Çünki uzun illər işləyib, böyük təcrübələr qazanmış müəllimlərə bu layihə elə formada təqdim edilib ki, sanki onların indiyə qədər öyrəndikləri və öyrətdikləri lazımsız bir şey imiş.

“Kurikulum gəldisə, bütün indiyə qədər olanları kökündən söküb atacağıq və yenidən yeni və bizə məlum olmayan bir bina tikəcəyik “-kimi bir anlam verdilər. Layihənin mahiyyətini tam dərk etməyənlər bunu bu cür qəbul edərək, ya bilən adamlar kimi təbliğ etməyə başladılar, ya da əks mövqedə duraraq əleyhinə çıxdılar. Bu isə dünyaya inteqrasiya olunmaq üçün həyata keçirilən layihənin doğulandan qüsurlu olduğu görüntüsü yaratdı.

Hamımız qəbul etməliyik ki, bizim çox gözəl dərsliklərimiz və təcrübəli müəllimlərimiz az olmayıb və indi də var. Bu səviyyədə olan müəllimlərimiz təhsilin yeni tələblərindən olan şəxsiyyətyönümlülük prinsipini daim yüksəkdə tutub, təliminin əsas məqsədinə çevirib. Sadəcə proqram və dərsliklərimiz bəzən müəllimlərimizi fənyönümlü dərs keçməyə sürükləyib və düz bildiklərinin istifadəsi üçün imkan verməyib. Elə bu səbəbdən də təhsilə yanaşmanın prinsiplərini dəyişməli idik. Dəyişdik və tanıtımına başladıq. Bu layihə ilə tanış olan müəllimlərin bir qismi gördü ki, deyilənləri artıq o, öz dərslərində həyata keçirir. Elə bu zaman da problemlər yaranmğa başladı.

Əvvəlcədən düzgün təqdim edilməyən layihənin mahiyyətinin “elə bütün müəllimlərin dərslərə bu cür yanaşması” olduğunu inandıra bilmədik. İnandıra bilmədik ki, hələ Seyid Əzim Şirvani 150 il bundan öncə hazırladığı “Uşaqların baharı” dərsliyi ilə millətinə və bəşəriyyətə yararlı övladlar yetişdirməyi qarşısına məqsəd qoyub. Yeni dərsliklər və dərslər də sadəcə bilik öyrətməklə yox, bilikdən bir vasitə kimi istifadə edib insan yetişdirməklə də seçilməlidir. Qəbul edilən kurikulum yox, istənilən inkişaf etmiş ölkələrdən birinin təhsil sistemindən yararlansa idik, yenə təhsilə münasibət sovet təhsilindən fərqli olacaqdı.

Əslində, bu layihənin adını nə qoyuruq-qoyaq, birmənalı olaraq vurğulamaq istəyirəm ki, təhsilə yeni yanaşmağımız çox vacib idi. Çünki kürəsəlləşən dünyadan geri qalmamağımız üçün biz inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməli idik.

Elə bu səbəbdən də bugünkü Azərbaycan dili dərslərinin tədrisində bir çox problemlər ortaya çıxır. Bu problemlərin bir qismini sadalamaq istərdim:

Azərbaycan dili və Ədəbiyyat fənləri üçün yazılmış fənn kurikulumun məzmun standartlarındakı oxşarlıqlara və eyniliklərin olması həmin problemlərdən biri və birincisidir.

Yuxarıdakı cədvəldə gördüyümüz kimi, Azərbaycan dili və ədəbiyyat dərsləri üçün hazırlanmış standartların çoxu müəllimi eyni mətləbə toxunmağa sövq edir. Hazırkı 5-ci sinif Azərbaycan dili dərsliyinin müəllifləri də haqlı olaraq dərsliyin ana sütununu mətnlər üzərində iş əsasında qurub. Bunu görən müəllimlər öz növbəsində haqlı olaraq düşünürlər ki, axı Azərbaycan dili dərsliyi ədəbiyyatdan nə ilə fərqlənir? Bu zaman ənənəvi dərsliklərə söykənərək qrammatik biliklərin azlığından şikayətlənirlər. Və ya heç şikayətlənmir, sadəcə dərsini qrammatik biliklər əsasında qurmağa başlayır. Bu isə layihəni hədəfdən yayındırır? şəxsiyyət yönümlü tədrisdən fənyönümlü tədrisə yenidən meyillənməyə gətirib çıxarır.

“Hörmət etdiyim alimlərimizdən biri yeni 5-ci sinif dərsliyini əlinə alaraq deyir ki, bu boyda kitabda (208 səhifə) qrammatik qaydaları, tərifləri bir yerə toplasan, cəmi 6 səhifə edər. Bunun faciə kimi təqdim edilməsinin özü bir faciədir. Əgər Mübariz İbrahimov kimi qəhrəmanı olan xalqın istənilən bir övladı onun haqqında bir-iki kəlmə söz deyəndə gözlər yaşarmırsa, tüklər biz-biz olmursa, Vətənin keşiyində – səngərdə duran bir əsgər ona uzadılan mikrofona “atama salam, anama salam deyirəm”- deyib, ona baxan milyonlarla insanda mübarizə ruhu, ordumuzun gücünü göstərəcək inam yarada bilmirsə, düşmənimiz erməninin hər hansı bir saytdakı videosunun altında intellektual cavab yazmaqdansa, onu təhqiramiz söyüşlərlə söyürsə, sosial şəbəkələrdəki müzakirələrdə yersiz və ədəbdən kənar ifadələrlə çıxış edirsə, özünün haqlı olduğunu sübut edə bilmirsə, onda biz Azərbaycan dilini niyə öyrədirik? Axı unutmamalıyıq ki, Azərbaycan dili dərsliklərinin üstündə Azərbaycan dilinin qrammatikası yazılmayıb”.

Mənə elə gəlir ki, yaxın gələcəkdə Azərbaycan dili fənni ilə ədəbiyyat fənnini birləşdirib bir kitab halında müəllimlərə və şagirdlərə təqdim etməliyik. Bu zaman şagird dil bilgilərini bədii mətnlər üzərində işləyər, şifahi nitqi, ədəbiyyat və həyat həqiqətlərini isə düzgün tədris edə bilərik. Dünyanın bir çox ölkəsində aşağı siniflərdə ədəbiyyat deyilən xüsusi fənn yoxdur.

Ən azından yeni dərsliklər yazılanda hər iki dərsliyi hazırlayan nəşriyyat ya birgə işləməli, ya da eyni nəşriyyat hər iki dərsliyi bir komplekt kimi tenderə təqdim etməlidir. Çünki hər iki fənnin dərsliyini hazırlayan müəlliflər eyni standarta uyğun tapşırıqlar qoyur və bu da təkrarçılığa gətirib çıxarır. Qeyd etdiyim kimi, əgər Azərbayan dili və ədəbiyyat dərsliklərini hazırlayan müəlliflər birgə işləsə, məktəbdə özlərini laboratoriyadakı kimi hiss edən müəllimlər hər müəllifin icadını şagirdə təqdim etməyə məcbur olmaz və sonda hər ikisi də çaş-baş qalmazlar.

Necə ki, bu gün qalıblar. məsələn 10-cu sinifdəki ədəbiyyat dərslərində Azərbaycan ədəbiyyatındakı intibah dövrü 17-18-ci əsrdə qeyd edildiyi halda, Azərbaycan tarixi dərsliyində bu intibah dövrü 12-ci əsr qeyd edilir. Beləcə bir ölkədə vahid bir sistem üzrə dərs alan şagirdlər tarixçilərə görə bir, ədəbiyyatçılara görə bir başqa cür öyrənməlidirlər. Eləcə də hazırkı 5-ci sinif Azərbaycan dili dərsliyində məcazi mənalı sözün tərifini və ya öyrədilməsini bir cür, ədəbiyyat dərsliyində təşbehi öyrətmək üçün başqa cür təqdim edirik. Əslində isə, hər ikisi eyni nəzəri fikirdir.

Bayaq qeyd etdiyimiz kimi, bəzi müəllimlərimiz Azərbaycan dili dərsliyindəki qrammatik bilgilərin azlığından şikayətlənirlər. Bunun bir səbəbi də müəllimlərimizin ibtidai sinif dərsliklərini izləməməsindən qaynaqlanır. Halbuki ibtidai sinif dərsliklərinə diqqətlə nəzər yetirilsə, görmək istədikləri biliklərin ibtidai formasının həmin dərslikdə verildiyinin şahidi olarlar. Təəssüflər olsun ki, bəzən müəllimlərimiz dərsliklər üçün hazırlanmış metodik vəsaitləri belə diqqətdən qaçırırlar. Axı dərsliklərdə verilməsi mümkün olmayan bir çox əlavə məlumatlar həmin metodik vəsaitlərdə müəllimlərə təqdim edilir.

Dərsə başlamazdan öncə metodik vəsaitə baxmayan bəzi müəllimlərimiz yeni tapşırıq tiplərini işlətməkdə belə çətinlik çəkirlər. Məsələn: Proqnozlaşdırıcı oxu zamanı qoyulan tapşırıqlar, adətən, bu səbəbdən öz işləkliyini itirir. Çünki proqnozlaşdırıcı oxuda şagirdin mətnin müəyyən bir hissəsində dayanaraq, mətnin sujetini öz fantaziyasına görə davam etdirməli olduğu halda, müəllim mətn oxunub bitdikdən sonra həmin suallara qayıdır. Əslində, müəllim öncədən metodik vəsaitlə tanış olsa idi, bilərdi ki, “Sizcə, bundan sonra qəhrəman nə qərar verəcək?” sualını şagird mətnin ardını bilmədən cavablandırmalıdır. Təəssüflər olsun ki, bu problem hələ də davam etməkdədir.

Qrammatik bilgilərin azlığından müəllimlərimiz bir də ona görə narahatdırlar ki, şagirdlər 11-ci sinifdə TQDK-nın qəbul proqramına uyğun imtahan verəcəklər və həmin proqram da sırf qrammatik bilgilərə əsaslanan qiymətləndirməyə söykənir. Amma diqqətdən qaçırmaq olmaz ki, axı bu gün TQDK-nın qəbul proqramı bugünkü 11-ci sinif şagirdinin əvvəldən öyrəndiyi 5-ci sinif dərsliklərinə əsaslanır. Deməli, indi kurikulum layihəsi əsasında təhsil alan şagirdlər hələ 5-ci sinifdədirlər. Onlar 11-ci sinfə çatanda hökmən qəbul proqramı da həmin proqram əsasında hazırlanıb, məntiqi təfəkkürün, dünyagörüşün, inandırmaq qabiliyyətinin, bacarıqların qiymətləndirilməsinə xidmət edəcəkdir.

İkinci bir problemi də müəllimlər onlara təqdim edilən qiymətləndirmə vasitələri zamanı yaşayır. Biz bilirik ki, kiçik summativ qiymətləndirmələr 4-6 həftədən bir keçirilməlidir. Tutaq ki, müəllim dərsi yeni tələblərə uyğun qurdu və tədris etdi. Kiçik summativ qiymətləndirməni isə məktəb rəhbərləri ya kurikulumu bilməyən və bilmədiyi üçün də sevməyən mütəxəssislərə hazırlatdırır, ya da Şərq-Qərb nəşriyyatının 5-ci sinif şagirdləri üçün hazırladığı və Təhsil Nazirliyinin də qrifi ilə çap edilən vəsaitlər əsasında keçirdir. Elə burda da Kərəmi ağlamaq tutur.

Çünki müəllim şagirdə tamam başqa bir dərs keçib, qiymətləndirmə isə buna tamam yaddır və demək olar ki, ziddir. Bu isə çoxluğun istəyinə uyğun olaraq kurikuluma aidiyyatı olmayan bir sistemlə işlənilib. Beləcə dövlətin xərclədiyi pullarla kurslara gedən və sertifikatlar alan bu müəllimlər ruhdan düşür, layihənin ciddiliyini itirdiyini düşünür. Deməli, neçə ildir ki, layihənin həyata keçirilməsi məqsədi ilə beynəlxalq tereninqlərə, kadr hazırlığına, dərsliklərin nəşrinə dövlət büdcəsindən ayrılan vəsait düzgün istifadə edilmir. Və beləcə, dövlət tərəfindən həssaslıqla həyata keçirilən layihə həm müəllimlərin, həm də valideynlərin gözündən düşmüş olur.

Bu isə o deməkdir ki, molla işini bilmirsə, Quran xətalıdır, dərslik yararsızdırsa, müəllim səriştəsizdirsə, ümumilikdə təhsil yararsızdır. Həqiqətdə isə bu, qətiyyən belə deyil. Sadəcə həm dərslik müəlliflərinin, müəllimlərin, həm nəşriyyatların, həm də dərsliklərin qiymətləndirməsi komissiyasının işə daha diqqətlə yanaşması, vətəndaş mövqeyi sərgiləməsi çox vacib məsələdir.

Comments are closed, but trackbacks and pingbacks are open.