Azərbaycan Milli Elmlər Akademiyası
Belə tarixi şərtlər nəticəsində ərəb və fars sözləri ilə dolu olan ağır klassik dini üslub xanliqlar dövrünə qədər davam etdi. Yalnız xanlıqlar dövründə bəsit şiə təbliğatı ilə məşğul olan az savadlı, ərəb-fars dillərini pis bilən mərsiyə şairləri klassik üslubda özləri də bilmədən reforma apardılar. Onlar ərəb və fars sözlərini xalq dilində işlənən aydın sözlərlə əvəz etməyə başladılar. Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Əliağa Vahid yaradıcılığında klassik ədəbi dilin müasir ədəbi dilə uyğunlaşdırılması prosesi başa çatdı.
Klassik Azərbaycan ədəbi dili
Farsca yazmaq və oxumaq Quranı öyrənmək üçün təbii və düzgün yol idisə, onda XIII əsrdə klassik Azərbaycan ədəbi dili nə üçün yarandı? İlk növbədə, Azərbaycan türklərinin islamı qəbul və ona yiyələnmə prosesini sürətləndirmək üçün. Səlib yürüşləri və müharibələri səngiyəndən sonra missionerlik həm xristian, həm də müsəlman dünyasında güclü hərəkat şəklini aldı. Allahın dinini yaymaq müsəlmanlar arasında da müqəddəs hünər sayılırdı.
Bu məqsədlə həmişə şifahi təbliğatdan başqa dini yeni qəbul edən tayfaların dilində yazılmış mətnlərdən də istifadə olunurdu. Müsəlmanlığı qəbul etmək tək Allaha inamdan başqa islamın mürəkkəb ehkam və qanunlarını mənimsəmək tələb edirdi. Bunun üçün külli miqdar ərəbcə olan islam terminologiyasını bilmək lazım idi. Quranın milli dillərə tərcüməsinin qadağan edilməsi bu işi çox çətinləşdirirdi. Belə halda müsəlman sufilərinin fars və ərəb dilində yaratdıqları dini ədəbiyyat köməyə gəldi.
Sufi ədəbiyyatı islamda heç zaman rəsmi statusa malik olmamışdır. Amma qeyri-rəsmi və formaca alleqorik bir söz sənəti kimi poeziya şəklində mövcud olmuşdur. Sufilik xristianlıqda dərin kökləri olan panteist Allah təlimi ilə qırılmaz şəkildə bağlı idi. Panteistlər mövcud olan bütün varlığı canlı vəhdət sayırdılar. Sonralar bu canlılıq anlayışı Allah anlayışına çevrildi. Sayılırdı ki, Allah hər şeyi yaratmaqla hər şeydə öz yaradıcı cövhərindən əlamət və qəlpələr qoymuşdur. Ona görə şərqdə Allah haqqında bütün vücudatın vəhdəti, birləşdiricisi təsəvvürü yarandı və qısaca “vəhdəti-vücudat” adı aldı. Hər bir sufi özünü Allahdan qopma bir qəlpə sayır və Allaha qovuşmaq, Allaha qayıtmaq arzuları barədə qəzəllər yazırdı. Alleqorik səkildə sufi qəzəlində şair Aşiq kimi, onun can atdığı Allah isə Məşuqə obrazında verilirdi. Bundan başqa müsəlman aləmində Allaha müraciətlə yazılan ilahilər, nət və minacat kimi lirik formalar da var idi. Bunların hamısı ərəb və fars dillərində idi.
XII-XIII əsrlərdə Azərbaycan türkləri kütləvi səkildə islam dinini qəbul etdikdən sonra sufi dərvişləri yuxarıda qeyd olunan dini lirika nümunələrini ana dilimizə tərcümə və təbdil etməyə və nəğmələr şəklində oxumağa başladılar. Klassik dini üslub bu yolla, islami bilikləri təbliğ etmək niyyəti ilə ilk sufi dərvişlərim missionerliyinin nəticəsi kimi meydana çıxdı. Allaha məhəbbət, ona yaxınlıq, onu dərk etmək, ona qayıtmaq arzuları sufi poeziyasının əsas motivləri idi.
Klassik ədəbi dildə isimlər və təyinlər əsasən ərəb və fars sözlərindən ibarət idi. Fellər və sintaktik normalar, cümlə quruluşu və söz sırası isə türk dillərinə məxsus qanunlarla verilirdi. Nə üçün belə idi? Klassik şeirdəki isim və sifətlərin türk dilindəki qarşılığını işlətmək olmazdımı? Bu sadəlövh sualı çox zaman şagirdlər və tələbələr, dini terminologiyanın təbiətini bilməyən insanlar verirlər. Monoteizm iudaiz-min, xristianlığın və islamım vahid mətn ənənəsindən gələn ümumu termin, xüsusi və dini adlar və anlayışlar bazasına əsaslanır .Ona görə islam dininin əsaslarını şərh edən termin bazası o zamankı Azərbaycan türkcəsinə dəqiq tərcümə oluna bilməzdi.
Belə tərcümə üçün əvvəlcə Quranın özü Azərbaycan türkcəsinə tərcümə edilməli və bu tərcümənin kanonik variantı rəsmən qəbul olunmalı idi. Lakin islam ortodoksları Quranın dilində və mətnində ilahi sirlər olduğunu əsas gətirərək Quranın milli dillərə tərcüməsini və milli dillərdə Quran ehkamlarının oxunmasını qadağan edirdilər. Beləliklə, Quranın rəsmən milli dillərə və Azərbaycan türkcəsinə tərcümə olunmamağı onun anlayış və terminlərinin də tərcüməsiz qalmasına səbəb olurdu. Nəticədə şairlər, ilk sufi dərvişləri və tərcüməçilər sufi qəzəliyyatı Azərbaycan dilinə çevirəndə, əksər hallarda, Qurandakı termin və məfhumları fərdi qaydada tərcümə etməkdən çəkinirdilər. Yeganə çıxış yolu qalırdı: quranın termin və anlayışları çevrilmirdi. Azərbaycanca klassik sufi qəzəllərində islamın terminləri nəinki tərcümə olunmur, onlar ərəb əlifbasında Quranda olan şəkildə yazılırdı. Bu qayda və ənənə sabitləşəndən sonra klassik şeir dilinin indi bizə məlum olan ağır, ərəb-fars sözləri ilə dolu olan leksikonu formalaşdı. Bu leksikon müəyyən mənada qaçılmaz idi, çünki keçmiş zamanlarda, sufi ədəbiyyatının Azərbaycan dilinə ilk təbdil və tərcümələri yaranan vaxtda islamı sufi poeziyanın dilini türkləşdirmək mümkün deyildi.
Qeyd etmək lazımdır ki, XIII-XIV əsrlərdə belə təşəbbüslər oldu: bunları əks edən parlaq ədəbi abidə Qazi Bürhanəddinin adı ilə adlanmış divan-müntəxəbatdır. Burada xalis türk sözlərindən ibarət olan qəzəllərə təsadüf edilir. Şübhə yoxdur ki, həmin qəzəllər şüurlu bir türkcələşdirmə-nin nəticəsi idi. Biz bu meyli yuxarıda adı çəkilən kitabımızda xüsusi terminlə — sadəlövh türkcələşdirmə adlandırmışıq. Ona görə sadəlövh adlandırmışıq ki, türk sözlərini işlətməklə islami terminlərin yekməna anlaşılmasına nail olmaq mümkün deyildi. Bunun üçün türk dilində ibtidai və orta təhsil sistemi lazım idi. Yalnız bu təhsil sistemini keçmiş adamlar türkcəyə çevrilmiş islamı terminləri yekməna səkildə başa düşə bilərdilər. Lakin türk leksikasına əsaslanan ədəbi dil və dini üslub olmadan bu mümkün deyildi. Belə ədəbi dil və dini üslub isə ancaq Quranın Azərbaycan türkcəsinə kanonik tərcüməsi nəticəsində formalaşa bilərdi.
Ona görə sadəlövh türkcələşdirmə meyli klassik dini üslubun formalaşdığı ilk onilliklərdə özünü göstərdi. Sonradan ərəb-fars dillərindən sufi qəzəlləri türkcəyə çevirən dərvişlər və tərcüməçilər bu yoldan imtina etdilər. İslam ruhaniləri Quran ehkamlarını yekməna ifadə edən termin bazası üzərində təkid etdilər. Çünki bu dil ağır və qəliz olsa da, mətnlərin və ehkamların yekməna şəkildə anlaşılmasını təmin edirdi.
Belə tarixi şərtlər nəticəsində ərəb və fars sözləri ilə dolu olan ağır klassik dini üslub xanliqlar dövrünə qədər davam etdi. Yalnız xanlıqlar dövründə bəsit şiə təbliğatı ilə məşğul olan az savadlı, ərəb-fars dillərini pis bilən mərsiyə şairləri klassik üslubda özləri də bilmədən reforma apardılar. Onlar ərəb və fars sözlərini xalq dilində işlənən aydın sözlərlə əvəz etməyə başladılar. Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Əliağa Vahid yaradıcılığında klassik ədəbi dilin müasir ədəbi dilə uyğunlaşdırılması prosesi başa çatdı.
Klassik ədəbi dil ibtidai savadlı adamların başa düşməsi üçün çətin bir dil idi. Lakin bu ədəbi dil Azərbaycan xalqının orta əsrlərdə yaratdığı ədəbi, fəlsəfi, dini, elmi, tarixi əsərlərin dili kimi milli mədəniyyətimizin yaranmasında və sonrakı nəsillərə çatdırılmasında misilsiz rol oynadı. Bu Azərbaycan mədəniyyətinin islami epoxasının, qızıl əsirlərinin dilidir, qiymətsiz milli sərvətimizdir.
Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı, Bakı, 2008
- Teqlər:
- Azərbaycan dilinin tarixi
Azərbaycan Milli Elmlər Akademiyası
XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixində mürəkkəb ictimai-siyasi və mədəni hadisələrlə zəngin olan bir dövrdür. Ana dilində elmin inkişafı, elmi-kütləvi ədəbiyyatların, dərsliklərin çap edilib yayılması, xüsusilə, elmi üslubun formalaşması bu dövrlə bağlıdır. Yeni ictimai-siyasi görüşlər, elm və mədəniyyətin sürətli inkişafı, orta və ali məktəblərin, elmi-tədqiqat müəssisələrinin təşkili, mətbuatın sayının artması, dərsliklərin, elmi əsərlərin Azərbaycan dilində yazılması dilin ictimai funksiyasının genişlənməsinə təkan verirdi. Lakin dövrün tələblərinə uyğun Azərbaycan dilində müəyyənləşmiş sistemli elmi dil yox idi. Ona görə də elmi əsərlərdə, dərsliklərdə və terminoloji lüğətlərdə terminləri ifadə etmək üçün ərəb və fars dillərinə məxsus o qədər söz və tərkiblər işlədilirdi ki, onları başa düşmək üçün xüsusi izahlar tələb olunurdu.
Həmin illərin tələbləri nəzərə alınaraq N.Nərimanovun və S.Ağamalıoğlunun təşəbbüsü ilə respublikada Azərbaycan dilində elmi dili formalaşdırmaq, tədris üçün dərsliklərin yaradılması və terminoloji işə rəhbərlik etmək, ədəbi dili inkişaf etdirmək üçün xüsusi orqan – Azərbaycan Xalq Komissarları Şurası yanında İstilah Komissiyası təşkil olundu. Komissiyanın sədri Tağı Şahbazi təyin edildi. Lakin komissiyanın tələbləri ilə Tağı Şahbazinin prinsipləri uyğun gəlmədiyinə görə o istefa verdi. Qafur Rəşad, Tağı Şahbazi dilə daxil olan sözlərin demək olar ki, hamısı üçün, hətta beynəlmiləl terminlər üçün də qarşılıq yaratmağa çalışırdılar. 1923-cü ildə Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və Səmədağa Ağamalıoğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyasında həmin dövrdə lazımi ehtiyacları ödəmək məqsədi ilə müxtəlif sahələrə – riyaziyyat, coğrafiya, kimya, iqtisadiyyata aid bir sıra terminlər lüğəti hazırlanıb nəşr edildi. Bu illərdə Azərbaycan dilini ərəb-fars mənşəli sözlərdən təmizləmək üçün prinsiplər hazırlanırdı. Onlar yeni terminlərin yaradılmasının əsas yolunu bütün terminlərin əvvəlinin, yaxud axırının Azərbaycan dilinin qrammatik qanunlarına uyğun bir formaya salınmasında görürdülər. Odur ki, terminologiyada işlənən ərəb-fars sözlərinin yerinə “azərbaycanca sözlər”in qoyulması prinsipini əsas götürürdülər. Nəticədə lüğətlərdə Azərbaycan dilində çoxdan işlənən elmi-texniki terminlər süni – mənası dərk edilməyən sözlərlə əvəz olunmuşdur. Bunun nəticəsi idi ki, keçən əsrin 20-ci illərində Azərbaycan dilində ictimai-siyasi, elmi-texniki və s. terminlər yaradılarkən purizmə yol verilmişdir. Onlar ədəbi dilin lüğət tərkibini, xüsusən də terminologiyanı ərəb və fars sözlərindən təmizləməyi, ədəbi dili xalq danışıq dilinə yaxınlaşdırmağı və onun əsasında inkişaf etdirməyi qarşılarına məqsəd qoymuşdular. Eyni zamanda, termin yaradıcılığı prosesində ayrı-ayrı məfhumların funksiyası nəzərə alınaraq adlandırılması üsulundan da geniş istifadə edirdilər. Bununla belə, onlar (puristlər) dilimizdə olan hər cür alınma terminlərə qarşı çıxır, ehtiyac duyulan terminlərin hamısını Azərbaycan dilinin daxili imkanları əsasında yaratmağa çalışırdılar. Əgər xalq dilində nəzərdə tutulan anlayışların ifadəsi üçün terminlər yoxdursa, onları xalq dilinə məxsus söz kökləri əsasında süni yolla yaratmaq prinsiplərini əsas götürdüklərinə görə belə terminlər (Qırılğan, baxovibax, nəsnək, naçılıq) lüğətlərdə olsa da, dildə, terminologiyada özünə yer tapa bilmədi. Purizm meyillərinin əmələ gəlməsi ilə əlaqədar mətbuatda termin yaradıcılığı məsələləri geniş müzakirə olunmağa başlandı. 1923-cü ildə “Kommunist” qəzetində həftədə bir dəfə “Dilimizin istilahı” adı ilə xüsusi vərəqə nəşr edilmişdir.
Terminologiya Komissiyasının fəaliyyəti 1926-cı ildə keçirilmiş I Ümumittifaq Türkoloji qurultayından sonra daha da güclənmişdir. Qurultayda tarix, etnoqrafiya, əlifba, orfoqrafiya, dil tarixi və bir sıra mühüm məsələlərlə yanaşı, türk dillərində terminologiya yaradılması məsələsi geniş müzakirə olunmuşdur. Qurultayda terminologiya ilə bağlı beş məruzə dinlənilmişdır. Bu məruzələrdən H.B.Zeynallının “Türk dillərinin elmi terminologiyasının sistemi haqqında” məruzəsi diqqəti cəlb edir. Məruzənin əsasını türk dillərində, o cümlədən də Azərbaycan dilində elmi-texniki terminlər yaradılması və başqa dillərdən terminlər alınması prinsipləri təşkil edirdi.
Türkoloji qurultayda bir sıra mübahisələr həll edilsə də, Azərbaycan dilinin terminologiyasının inkişafı düzgün müəyyənləşdirilə bilmədi. Bu nəzərə alınaraq 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı yanında Baş Elmi Müəssisələr İdarəsi yaradılmış və terminologiya ilə bağlı məsələlər həmin idarəyə tapşırılmışdı. 1929-cu ildə Baş Elmi Müəssisələr İdarəsi yanında Dövlət Terminologiya Komitəsi təşkil olundu. Terminologiya Komitəsi bir sıra praktik məsələləri həll etdikdən sonra 1930-cu ilin əvvəllərində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun yanına köçürülmüş, burada terminologiyanın inkişafı və orfoqrafiya lüğətinin hazırlanması üçün elmi prinsiplərin müəyyənləşdirilməsi üzrə iş aparılmağa başlanılmışdır. Bu məqsədlə də komitə respublikanın ali məktəblərində çalışan mütəxəssisləri də bu işə cəlb etdi. Terminologiya Komitəsi üç bölmədən və bir bürodan ibarət idi. Terminologiya ilə sıx əlaqədar olan, Azərbaycan məktəbləri və mətbuatı üçün həlledici əhəmiyyət kəsb edən orfoqrafiya məsələləri də o zaman Terminologiya Komitəsinə həvalə edilmişdi. Komitədə daimi işçilərdən əlavə, xüsusi məsləhətçilər və termin toplayan işçi qrupları da yaradılmışdı. Terminlər əvvəlcə müvafiq bölmələrdə müzakirə olunur, sonra isə Terminologiya Komitəsinin təsdiqinə verilirdi. Həmin dövrdə Terminologiya Komitəsi hazırladığı on minə qədər sözdən ibarət terminləri müxtəlif elm sahələri üzrə bülletenlərdə nəşr etdirmişdi. Terminologiya Komitəsinin qarşısına vəzifələr qoyulmuşdur.
Terminlər yaratmaqla bərabər, elmi-ədəbi dili də təkmilləşdirmək. Bununla əlaqədar isə bir çox problemləri həll etmək: 1.Azərbaycan ədəbi dilinin əsasını təşkil edən dialektləri müəyyənləşdirmək. 2.Azərbaycan dilində terminlər yaradılarkən üç mənbəyə əsaslanmaq; a) bilavasitə Azərbaycan dilinin daxili imkanlarına əsaslanmaq; b) Avropa dillərinə; c) ərəb və fars dillərinə.
Lüğətlərin tərtibində elmi prinsiplər əsas götürülmüşdür. Belə ki, lüğətlərdə terminlərin bir neçə variantda işlənməsi, onların başqa dillərdən tərcüməsiz Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılması meyli üstünlük təşkil edirdi. Terminologiya Komitəsində “Fəlsəfə terminləri” lüğəti nəşr olunduqdan sonra Azərbaycan KP-nın XIII qurultayında kəskin tənqid olundu və 1944-cü ildə Azərbaycan Xalq Komissarlar Sovetinin yanına köçürülərək fəaliyyətini davam etdirməyə başladı.
Təəssüf ki, nəşr olunmuş lüğətlər günün tələbini ödəmirdi. Bu dövrdə terminologiyada aşağıdakı nöqsanlar diqqəti cəlb edir: 1) Azərbaycan dilində alınma terminlərin işlədilməsində müəyyən elmi prinsip gözlənilməmişdir. 2) Heç bir ehtiyac olmadığı halda ərəb və fars terminləri dilə qaytarılmışdır. 3) Terminlər yaradılarkən onun birmənalı olmasına fikir verilməmişdir. 4) Bir çox hallarda konkret termin əvəzinə onun izahı verilmişdir. 5) Bəzən eyni məfhumu ifadə etmək üçün müxtəlif terminlər işlədilmişdir. Bunların aradan qaldırılması üçün 1948-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan dilində terminologiya yaradılmasını qaydaya salmaq, bu sahədəki hərc-mərcliyi aradan qaldırmaq, elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. Həmin ildə Terminologiya Komitəsinin vəzifələrinin müəyyənləşdirilməsi üçün Azərbaycan Mərkəzi Komitəsi ilə birlikdə EA-da konfrans keçirildi. Terminologiyanın nizama salınmasında Bakıda çağırılmış dil konfranslarının da müəyyən rolu olmuşdur. Professor M.Ş.Şirəliyevin məruzəsində terminologiyaya ehtiyac olmadan əcnəbi sözlərin gətirilməsi zərərli bir prinsip kimi tənqid edilərək yazılırdı ki, Azərbaycan dilinin ruhuna uyğun olmayan, ehtiyac hiss edilməyən əcnəbi sözləri dilimizdən təmizləmək lazımdır.
Termin yaradıcılığında bu prinsiplərin əsas götürülməsi rus və beynəlmiləl terminlərə elmi dildə geniş yer verilməsinə imkan yaratmışdır. Bu illərdə Terminologiya Komitəsinin tapşırığı ilə respublikamızın bütün elmi-tədqiqat institutları və ali məktəbləri öz sahələrinə aid lüğətlər tərtib etməyə başladılar. Elmin müxtəlif sahələrinə aid rusca-azərbaycanca 200-ə qədər terminoloji lüğət nəşr edilmişdir.
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli elmi inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbi olmuşdur.
2000-ci ildə AMEA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi Terminologiya Komissiyası adlandırılmışdır. Bu illərdə terminologiyanın inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, elm və texnikanın, iqtisadiyyatın, mədəniyyətin bir çox sahələrinin Azərbaycan dilində terminologiyasının formalaşması, eləcə də texnikanın yeni yaranan informatika, elektron təhsil, aviasiya, avtomatlaşdırma və s. sahələrdə terminlərin yaranması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və milli-mənəvi inkişafına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcası dilimizdə terminologiyanın yaranma mənbələrində baş verən dəyişiklikləri nəzərə alaraq, onun inkişafını düzgün istiqamətləndirməkdir. Azərbaycan MEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının fəaliyyəti bu vəzifələr nəzərə alınmaqla qurulmuşdur. Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində Terminologiya Komissiyası mühüm missiya daşıyır. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, yaranması və tətbiqinin sürətləndirilməsi, dildəki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsi dövrün tələbidir.
Lüğətlər tərtib edən zaman nəzərə alınmışdır ki, ingilis dili dünya miqyasında geniş yayılmış beynəlxalq ünsiyyət vasitəsidir. Eyni zamanda, respublikada indiyə qədər elm və texnikanın müxtəlif sahələrinin inkişafında rus dilinin rolunun (azərbaycan-ingilis-rus) nəzərə alınması vacibdir. Bu baxımdan terminoloji lüğətlər tərtib edən zaman türk dilinin də cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Demək, Azərbaycanca, ingiliscə, rusca, türkcə terminoloji lüğətlərin tərtibi günün tələbidir. Bu nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasının qərarı ilə son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə doxsana qədər terminoloji lüğət nəşr edilmişdir .
Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarəti təşkil etməkdir. Komissiyada məktubla müraciət olunan bir sıra mübahisəli sayılan, müxtəlif variantlarda işlədilən terminlərin optimal variantı seçilib müzakirə yolu ilə dəqiqləşdirilir.
Azərbaycan dilinin dövlət dili statusu alması müstəqil və yeni təhsil sisteminin yaradılması, bazar iqtisadiyyatına keçid, qloballaşma prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Təəssüflər olsun ki, elm və texnikanın bütün sahələri üzrə hələ də belə terminoloji lüğətlərin hazırlanmasına böyük ehtiyac var. Lakin son vaxtlar lüğətlərin bir qismi Terminologiya Komissiyasının ayrı-ayrı bölmələrində müzakirə olunmadan, elmi prinsiplər nəzərə alınmadan nəşr olunur və təbii ki, onlar lüğətlərin tərtibinə verilən tələblərə cavab vermir. Odur ki, lüğətlərin tərtibi üçün nəzəri prinsiplər müəyyənləşdirilməlidir. Dilin qorunmasında və zənginləşməsində mövcud olan problemlərdən başlıcası dilin terminologiyasının inkişafını düzgün istiqamətləndirməkdir. Bu nəzərə alınaraq 2012-ci il mayın 29-da Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Eyni zamanda, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixli qərarla “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”ni təsdiq etmişdir. Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyasını yerinə yetirir.
Bununla yanaşı, Terminologiya Komissiyası təkcə respublikada deyil, respublikadan kənarda Azərbaycan dilinin qorunması istiqamətində də mühüm işlər aparır. Komissiyaya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyindən daxil olmuş məlumata əsasən əməkdaşlarımız türk dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində keçirilən ilk iclasında iştirak etmişdir. Bu toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvləri seçilmiş, türk dillərinin ortaq əlifbası qəbul edilmiş və terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir.
5 sentyabr 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaradılan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminar keçirilmişdir. Seminarda türkdilli respublikalarda terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. Türk dillərinin ortaq terminologiyasının yaradılması əsas problem kimi geniş şəkildə müzakirə olunmuşdur. Türk dilləri üçün ortaq terminoloji lüğətlərin hazırlanması məqsədəuyğun hesab edilmişdir.
Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı, terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsi dilin inkişafına təsir göstərir. Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində köklü dəyişmələrə səbəb olmuşdur. Belə ki, əvvəllər ölkəmizdə terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə ciddi nəzarət olunurdu və informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, ölkə daxilində çap materialları, xüsusilə, dərslik və dərs vəsaitləri, müxtəlif səviyyəli ekspertiza mərhələlərindən keçirdi. Digər tərəfdən, TV-lər, radiolar və digər kütləvi informasiya vasitələri müəyyən tələblərə cavab verməli idi. Ancaq son zamanlar ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlbi mühüm vəzifələrdən hesab edilir. Bütün bunlar göstərir ki, qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin qorunması və inkişafı prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış fərmanı da hazırda məhz bu nəcib işə xidmət edir.
Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova
“Azərbaycan” qəzeti, 14 noyabr 2013-cü il
Похожие статьи
-
Azərbaycan dili və əlifbası Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz…
-
Güvən nəşriyyat Azərbaycan dili qayda kitabı İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir: Azerbaycan Danışıq Dili – f.m.Ağayeva – baki -1987…
-
Azərbaycan dili toplu 2 hisse suallar
G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….
-
Azərbaycan dili/Giriş Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII…
-
Azərbaycan dili qaydalar 2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və…
Comments are closed, but trackbacks and pingbacks are open.