Kateqoriya: Durğu işarələri
Məsələn: Məşədi İbad –50 yaşında qoca kişi.
Sitatlar. Durğu işarələri
Bəzən emosiomallığı gücləndirmək üçün sual cümlələrinin sonunda iki və ya üç sual işarəsi qoyulur.
Nida işarəsi. Nida işarəsi qoyulur:
- nida cümlələrinin və yüksək tonla deyilən əmr cümlələrinin sonunda:
- hiss – həyəcanla deyilən xitablardan və nidalardan sonra.
Hiss – həyəcanı daha güclü ifadə etmək üçün bəzən iki və ya üç nida işarəsi qoyulur.
Tire. Tire qoyulur:
- cümlənin həmcins üzvlərindən sonra gələn ümumiləşdirici sözlərdən əvvəl:
- əlavələr ilə onların aid olduqları cümlə üzvləri arasında:
- -əlav cümlələrin hər kik tərəfində
- xəbərlik şəkilçisi buraxılmış və adlıq halda işlənən ismi xəbərdən əvvəl:
- dialoqda replikaların əvvəlində;
- müəllif sözü ilə vasitəsiz nitq arasında;
- zaman, məkan, kəmiyyət hüdudlarını göstərən iki söz arasında (beş-on dəqiqə, ərzində,Baki- İstanbul təyyarəsində)
- Möterizə. Mötərizə içərisində verilir:
- -əlavə sözlər:
- sitat müəllifinin adı,mənbənin adı, əsərin nəşr ili və s:
- dram əsərlərində remarkalar mötərizə içərisində verilir.
- Dırnaqlar. Dırnaqlar arasında yazılır:
- -vasitəsiz nitqlər və sitatlar;
- qəzət, jurnal, ədəbi əsər, musiqi əsəri, gəmi, mehmanxana və s. adları
- cümlədə öz həqiqi mənasında deyil, məcazi mənada, əks mənada, kinayə və ya istehza ilə işlədilən sözlər.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Tire yoxsa defis ?
1. Durğu işarələri haqqında məlumat vermək, onların mahiyyətini, funksiyasını izah etmək.
2. Tire və defisin fərqlərini izah etmək.
3. Tirenin işlənmə yerləri haqqında məlumat vermək.
4. Defisin işlənmə yerləri haqqında məlumat vermək.
Professor Ə. Dəmirçizadənin xatirələrində Səməd Vurğunun vergül üstündə necə çıxılmaz vəziyyətdə qalması haqqında yazılır. Bu vəziyyət aşağıdakı sətirlərdə vergülün unudulması ilə bağlı yaranıb.
Mən and içdim rəhbərimin vicdanındakı,
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Burada şair rəhbərin vicdanındakı şeiriyyətdən danışır, hansı ki, günəşdən də parlaqdır. Lakin bir mətbuat orqanında vergül unudulmuş və şairi sevməyənlər dərhal bundan istifadə etmişlər.
Mən and içdim rəhbərimin vicdanındakı
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Burada isə şairin fikri “rəhbərin vicdanındakı günəşdən daha parlaq bir şeiriyyətə and içilməsi” kimi yozulmuşdur.
Qeyd edilmiş hadisə durğu işarələrinin yazılı niqtimizdəki əhəmiyyətlilik dərəcəsini göstərir. Şifahi nitqimiz qədər yazılı nitqimizin də düzgün, dəqiq olmasına çalışmalıyıq. Səslədirdiyimiz cümlənin avazını, intonasıyasını, vurğusunu, fasiləsini və başqa əlamətlərini yazıda durğu işarələri vasitəsilə göstəririk. Durğu işarələri yazılı nitqimizə müxtəlif məna, məqsəd və psixoloji məna çalarları verir. Mənalı səslənmənin fasilələr halında təzahür edən növünə durğu deyilir.
Durğu işarələrini yerində işlətmədikdə ifadə edilən fikirdə dolaşıqlıq yaranır, şifahi nitqlə yazılı nitq arasında məzmun uyğunluğu pozulur. Yazı zamanı fikirlərimizin aydın başa düşülməsi, düzgün tələffüzü üçün durğu işarələrindən yerində istifadə etməyimiz əsas şərtlərdən biridir.
Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi Punktuasiya adlanır. Punktuasiya latınca “punktum” sözündən olub, nöqtə deməkdir.
−Dilimizdə durğu işarələrinin tarixi haqqında nə bilirik?
−Azərbaycan dilində durğu işarələrinin işlədilməsi ideyasını ilk dəfə M.F.Axundov irəli sürmüş, işarələr təklif etmişdir. Durğu işarələri ilk dəfə “Əkinçi” qəzetində və “Vətən dili” (A.O.Çernayayevski) dərsliyində işlənmişdir.
Hazırda durğu işarələrinin işlədilməsi ilə bağlı əsas çətinliklərdən biri də tire ilə defisin işlənmə məqamları ilə bağlıdır. Əksər hallarda tire defislə qarışdırılır.
−Tire ilə defisin fərqi nədir?
−Tire durğu işarəsi olduğu halda, defis durğu işarəsi deyil. Tire həcmcə defisdən daha böyükdür. Tire sintaktik, defis isə morfoloji anlayışdır. Tiredən daha çox sintaktik kateqoriyalarla, defisdən isə mürəkkəb sözlərin yazılışı və bəzi texniki məqsədlərlə bağlı olaraq istifadə edilir. Buna görə də defis dilçilik ədəbiyyatında orfoqrafik işarə kimi verilir.
−Dilçiliyin punktuasiya bölməsi tədqiq edilməyini gözləyən bölmələrdəndir. Punktuasiya bölməsi ilə bağlı yeni tədqiqat əsərləri yazılmalıdır.
−Yazılı nitqimizdə tiredən hansı məqamlarda istifadə etməliyik?
−Tire (−) [fransızca] uzun üfiqi xətt şəklində durğu işarəsi. Morze əlifbasında da tiredən istifadə olunur. Tire işarəsinin işlənməsi ilə bağlı müxtəlif mənbələrdən topladığım məqamlarla tanış olaq.
1. Dilimizdə sıra saylarını ifadə etmək üçün bəzən ərəb rəqəmlərindən də istifadə olunur. Bu zaman rəqəmdən sonra tire qoyulur və ümumi isim gəldikdə kiçik hərflə yazılır.
Məsələn: 1 – sadə cümlə, 2 – mürəkkəb cümlə v ə s.
2. Ümumləşdirici sözlər və birləşmələr həmcins üzvlərdən sonra işləndikdə yazıda onlardan əvvəl tire (bəzən vergül) qoyulur və bu zaman həmcins üzvlərlə verilən təfərrüatı ümumiləşdirir.
Məsələn: Burda hər şey −çardağın altında qaralan ocaq daşları da, dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlanmış pəncərənin dalında görünən mis dolça da mənə anamı xatırladırdı. (İ.Hüseynov)
3. Dialoqda hər adamın danışığı yeni sətirdən verilir və ondan əvvəl tire işarəsi qoyulur.
−Səncə, bu gövdəli, qollu-qanadlı palıd nəyə görə yerə yıxılıbdır?
−Yəqin ki, bu gecə güclənən küləyə görə.
4. V asitəsiz nitq dialoq şəklində verildikdə dırnaq lazım olmur, vasitəsiz nitqdən əvvəl tire, sonra vergül və tire qoyulur.
Məsələn: −Kaş o qayğısız günlərimi yenidən keçirəydim, yenidən yaşayaydım, −dedi. (Ə.Babayeva) (−V, −m.)
5. Müəllifin sözləri vasitəsiz nitqin arasında işləndikdə ondan əvvəl tire, müəllifin nitqindən sonra isə vergül və tire və yaxud nöqtə və tire qoyulur.
Məsələn: −Boy, allah eləməsin, −demişdi, −Niyə elə deyirsən, qızım. (Ə.Babayeva) (−V, −m, −V.)
6. Vasitəsiz nitq müəllifin sözlərinin arasında işləndikdə vasitəsiz nitqdən əvvəl qoşa nöqtə və tire, vasitəsiz nitqdən sonra onun intonasiyasına uyğun olaraq vergül, nida və ya sual işarəsi və tire qoyulur.
Məsələn: Zöhrə qışqıraraq: −Səni çağırdım ki, yetimlərin yanında qalasan. Çağırmadım ki, mənə dərs deyəsən, −deyərək qapını çırpıb getmişdi. (Ə.Babayeva) (M: −V, −m.)
8. Vasitəsiz nitq ilə müəllifin sözləri bir-birini ardıcıl şəkildə əvəz edə bilir. Bu zaman dialoq nitqində yuxarıda qeyd edilən durğu işarəsi qaydalarından istifadə edilir.
Məsələn: Əhməd bunu gördü və Səlimə gözünü ağartdı: −İşin olmasın, −dedi, −bu saat özü tapacaq. (İ.Şıxlı) ( M: −V, −m, −v.)
9. Mətn arasına girən cümlələr mətndən ya mötərizə ilə ayrılır, ya da onun hər iki tərəfinə tire qoyulur.
10. Mübtəda qrupu ilə xəbər qrupu həcm etibarilə bir-birinə bərabər gələrsə. Onların arasına tire işarəsi qoyulur.
Məsələn: Məhsul yığımında gecikmək –çoxlu itkiyə yol vermək deməkdir.
11. Xüsusiləşən əlavələr əsas üzvdən tire ilə ayrılır (vergüllə də ayrıla bilər).
12. Dram əsərlərinin iştirakçıları barədə məlumat verərkən, addan sonra tire qoyulur.
Məsələn: Məşədi İbad –50 yaşında qoca kişi.
13. Məkan və zaman başlanğıc və bitmə nöqtələrini ifadə edərkən, arada tire qoyulur.
Məsələn: Bakı–Şamaxı yolu, Bakı–Moskva qatarı, 29–30-cu illər, XIII–XVI əsrlər.
Mötərizədə tire ilə ayrılan illər adamın anadan olma və vəfat etmə tarixlərini bildirir.
Məsələn: M.Ə. Sabir (1862–1911).
Bu, hadisələrə də aid olub, onun başlanğıcı və bitmə zamanını bildirə bilər.
Məsələn: Böyük Vətən müharibəsi (1941–1945).
İki isim arasında qoyulan tire ortaqlılıq da bildirir:
Məsələn: Coul–Lens qanunu, İran–İraq müharibəsi, Polşa–Azərbaycan Dostluğu Cəmiyyəti və s.
–Defisdən harada istifadə etməliyik?
–Defis ( – ) [latınca] Yazıda istifadə olunan ən qısa üfüqi xətdir. Azərbaycan dilinin qrammatik qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur:
1. Mürəkkəbləşmiş sözlərin və ifadələrin yazılışında:
ala-bəzək, az-az, ad-san, qeyri-rəsmi, əks-hücum və s.
2. Söz hissələri arasında:
Sətirdən-sətrə keçərkən: işlə-yir, dola-yır, dinlənmiş-dir və s.;
3. Ayrıca yazılan şəkilçinin əvvəlində: -dan, -çı, -lar, -mı, -dı və s.;
4. Rəqəmlə yazılan saylara bitişən şəkilçilərlə rəqəm arasında: 9-cu, 3-cü və s.
–Hansı sözlər defislə yazılır?
1. Tərkibindəki sözlərdən biri, bəzən də hər ikisi ayrılıqda məna verməyən və ya başqa məna verən isim, sifət və zərflər:
dedi-qodu, iş-güc, yara-xora, kol-kos, geyim-keçim, nəm-mün, pal-paltar, sir-sifət, sür-sümük, çör-çöp, adda-budda, qarma-qarışıq, kələ-kötür və s.
2. Hər iki tərəfi -maz, -məz şəkilçisi qəbul etmiş fellərdən əmələ gələn sifət və zərflər:
bitməz-tükənməz, dinməz-söyləməz, və s.
4. Tərkibində qeyri sözü olan sifət və zərflər:
qeyri-adi, qeyri-qanuni, qeyri-iradi, qeyri-kafi, qeyri-müəyyən, qeyri-mümkün, qeyri-rəsmi, qeyri-səmimi, qeyri-təbii, qeyri-üzvi və s.
5. İki sözdən əmələ gəlib birincisi -i (-yi) şəkilçisi qəbul edən isimlər:
vəsfi-hal, nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal və s.
6. Eyni sözün təkrarı ilə əmələ gələn isimlər:
aşıq-aşıq, qoz-qoz, daş-daş, pıç-pıç, top-top, cəh-cəh, civ-civ, cik-cik və s.
7. Mənaca bir-birinə yaxın, ya uzaq, ya da zidd olan ayrı-ayrı sözlərdən əmələ gələn isimlər:
ab-hava, abır-həya, ağız-burun, ad-san, alğı-satqı, alış-veriş, arvad-uşaq, ah-fəğan, bağça-bağ, baş-ayaq, var-yox, qəpik-quruş, qohum-qardaş, dava-dərman, dərə-təpə, əl-ayaq, gecə-gündüz, naz-qəmzə, nəvə-nəticə, od-alov, səs-küy, səs-səda, təhvil-təslim və s.
8. Ölçü vahidlərini bildirən isimlər:
qram-kalori, qram-ekvivalent, kilovat-saat, kiloqram-metr, ton-kilometr və s.
9. Cəhətlər arasını bildirən isimlər:
cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq və s.
10. Müxtəlif mənada işlənib, tərkib daxilində bir məfhum ifadə edən isimlərdən əmələ gətirilən tərkiblər:
alim-geoloq, inqilabçı-yazıçı, kapitan-leytenant, kafe-restoran, general-qubernator, general-leytenant, general-mayor, suvarma-meliorasiya və s.
11. Klassik muğam adlarını bildirən isimlər:
bayatı-qacar, bayatı-əcəm, bayatı-isfahan, bayatı-kürd, bayatı-türk, bayatı-şiraz, mahur-hindi və s.
12. Eyni sadə və ya düzəltmə sifətin təkrarı ilə əmələ gələn sifətlər:
balaca-balaca, dadlı-dadlı, yumru-yumru, yüklü-yüklü, lopa-lopa, pis-pis, yaxşı-yaxşı və s.
13. Mənaca bir-birinə yaxın, ya uzaq və ya zidd olan sifətlərdən düzələn mürəkkəb sifətlər:
adlı-sanlı, almalı-armudlu, allı-güllü, bağlı-bağatlı, daşlı-kəsəkli, evli-eşikli, əməlli-başlı, ətli-qanlı, otlu-sulu, pis-yaxşı, saysız-hesabsız, ucsuz-bucaqsız və s.
14. İki kökdən əmələ gəlib, əlavə əlamət və ya rəng bildirən sifətlər:
ala-babat, ala-bəzək, ala-çiy, ala-qara, al-əlvan, ala-yarımçıq, ala-tala, tünd-qırmızı və s.
15. İki və daha artıq isimdən əmələ gəlib, bütöv bir anlayış bildirən, arasında “və” bağlayıcısı qoymaq mümkün olan sifətlər:
dil-ədəbiyyat (fakültəsi), ticarət-sənaye (mərkəzi), fabrik-zavod (məktəbi), fəhlə-zavod ( məktəbi), fəhlə-kəndli (birliyi) və s.
16. Hər iki tərəfi –i (və ya –vi) şəkilçisi qəbul etmiş sifətdən əmələ gələn sifətlər:
elmi-kütləvi (məqalə), ədəbi-bədii (məcmuə), tarixi-ictimai ( hadisə), ictimai-iqtisadi (vəziyyət), ictimai-siyasi (məsələ), mədəni-kütləvi (iş), siyasi-kütləvi (iş) və s.
17. Qarşılıqlı əlaqə, münasibət bildirən sifətlər:
Azərbaycan-rusca (lüğət), rusca-azərbaycanca (lüğət), farsca-rusca (lüğət) və s.
18. Siyasi cərəyanların, ictimai formasiya, quruluş və s. adlarını bildirən sifətlər:
burjua-demokratik (inqilabı), icma-qəbilə (quruluşu), materialist-dialektik (nəzəriyyə), sosial-demokratik (nəzəriyyə) və s.
19. Qeyri-müəyyənlik bildirən miqdar sayları:
iki-üç, on-on beş, əlli-altmış və s.
20. -i şəkilçisi qəbul edib düzəlmiş sifətlə isim birləşməsindən yaranan mürəkkəb sifətlər:
elmi-tədqiqat (institutu), hərbi-dəniz (qüvvələri) və s.
21. Tərkibində -ıb,-ib, ub, -üb şəkilçili feli bağlama olan fellər:
bəzənib-düzənmək, itib-batmaq, yazıb-yaratmaq, gedib-gəlmək, oturub-durmaq, çalışıb-çapalamaq və s.
22. Tərkibindəki birinci sözü -ar, -ər, (-r), ikinci sözü isə -maz, -məz şəkilçili feli bağlama birləşməsi: başlar-başlamaz, istər-istəməz, işlər-işləməz, yazar-yazmaz, gələr-gəlməz, görər-görməz və s.
23. Eyni sözün (isim, sifət, say və ya zərfin) təkrarı ilə düzələn zərflər:
addım-addım, az-az, asta-asta, acı-acı, beş-beş, qarış-qarış, qəmgin-qəmgin, damcı-damcı, dəstə-dəstə, ehmal-ehmal, iki-iki, yazıq-yazıq, gec-gec, parça-parça, sabah-sabah, səhər-səhər, tez-tez və s.
24. -a, -ə, (-ya, -yə,) şəkilçili eyni felin təkrarından əmələ gələn zərflər:
qaça-qaça, bilə-bilə, gülə-gülə, ağlaya-ağlaya, oxuya-oxuya, işləyə-işləyə, sürüyə-sürüyə və s.
25. Müəyyən mənaya malik olan söz ilə ayrılıqda başqa məna verən və ya heç bir mənası olmayan sözün yanaşmasından əmələ gələn zərflər:
ac-acına, sayır-bayır, uzun-uzadı, xəbər-ətərsiz, dava-dalaş və s.
26. Təkrar olunan sözün, yəni ikinci sözün -a, -ə (-ya, -yə) şəkilçisi qəbul etməsi ilə düzələn zərflər:
baş-başa, qabaq-qabağa, qarşı-qarşıya, daban-dabana, diz-dizə, yan-yana, heç-heçə, çiyin-çiyinə və s.
27. Birincisi -dan, -dən, ikincisi -a, -ə şəkilçisi qəbul etmiş eyni sözün təkrarından və ya müxtəlif sözün yanaşmasından əmələ gələn zərflər:
axşamdan-axşama, açıqdan-açığa, başdan-başa, ildən-ilə, gizlindən-gizlinə, gündən-günə, haçandan-haçana və s.
28. Eyni nitq hissəsinə aid olan müxtəfif mənanlı sözlərin yanaşmasından əmələ gələn zərflər:
az-çox, açıq-aydın, açıq-aşkar, elə-belə, zor-güc, kor-peşman, ora-bura və s.
29. -dan şəkilçisi ilə iki eyni nitq hissəsindən əmələ gələn zərflər:
azdan-çoxdan, altdan-altdan, ordan-burdan və s.
30. Eyni sadə nidaların təkrarından düzələn mürəkkəb nidalar:
hay-hay, bəh-bəh, pəh-pəy, uy-uy, ha-ha-ha və s.
31. Qısaltma sözələrə qoşulan şəkilçilər ya qısaltmadakı sonuncu saitlə, ya da samit hərfin adındakı saitlə ahəng qanunu əsasında uyuşdurulur və şəkilçilərdən əvvəl defis qoyulur:
BMT-də, BDU-ya, ADA-ya və s.
32. Qısaltmanı təşkil edən hərflər yanında konkretləşdirici rəqəm olduqda hərflərlə rəqəm arasında defis qoyulur:
İL-18, QAZ-51, TU-144, və s.
33. Saylar ərəb rəqəmləri ilə yazıldıqda saylara qoşulan şəkilçilərdən əvvəl defis qoyulur:
saat 5-ə qədər, ayın 11-də, 3-cü və s.
34. Ayrıca yazılan şəkilçilərin əvvəlinə defis qoyulur:
-acaq, -əcək, -yacaq, -yəcək, -dır, -dir, -dur, -dür və s.
QEYD: Durğu işarələrinin yazıda səhv işlədilməsi və ya qoyulmaması orfoqrafik normanın pozulması hesab olunur.
Durğu işarələrinin oxunması ideoqrafik yazıya əsaslanır.
İstifadə olunmuş mənbələr:
1. Ə. Dəmirçizadə “Müasir Azərbaycan dili” I hissə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı. “Şərq-Qərb”, 2007
2. Z. İ. Budaqova “Azərbaycan dilində durğu işarələri” Bakı, 2007
3. Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov. “Müasir Azərbaycan dili” IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2017
4. Q. Ş. Kazımov “Müasir Azərbaycan dili”. Sintaksis. Bakı, “Təhsil”, 2007
Mütəmadi olaraq dilimiz haqqında yazılar paylaşacağam, sizə də maraqlı olan dilimizlə bağlı mövzular varsa, şərhlər bölümündə qeyd edə bilərsiniz.
Fariz QULİYEV Durğu işarələri 4 Şərh 26 Dekabr 2017 27 Dekabr 2017 12 Minutes
Son Yazılar
- Yazıçı yazarmı? 28 Dekabr 2017
- Tire yoxsa defis ? 26 Dekabr 2017
- Huzur, Hüzur və Hüzr 20 Dekabr 2017
- Dr. Səid “Bir milyonluq xəyanət” 06 Noyabr 2017
- Dairəvi yanaşma 28 Oktyabr 2017
Comments are closed, but trackbacks and pingbacks are open.