Press "Enter" to skip to content

Azərbaycan dilində frazeoloji birləşmələr lüğəti

İnsanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxan məna isə məcazi mənadır:

Frazeoloji birləşmələr lüğəti

Dildə iki cür söz birləşməsi mövcuddur : sərbəst və sabit söz birləşmələri. Sabit söz birləşmələri frazeoloji birləşmələr ( frazeoloji vahidlər, frazemlər və ya frazeologizmlər) adlanır. Nitqdə ayrı – ayrı sözlərlə yanaşı, bütövlükdə, müəyyən bir leksik mənanı ifadə edən frazeoloji birləşmələrdən geniş istifadə olunur. Frazeoloji birləşmələr dedikdə, tərkib ə dəyişməz,hazır şəkildə işlənən məcazi mənalı birləşmələr nəzərdə tutulur; Məsələn : lovğalanmaq mənasında gözü ayağının altını görməmək; qorxmaq mənasında siçan deşiyinə girmək; şübhələnmək mənasında gözü su içməmək ; yorulmaq mənasında əldən düşmək və s. belə birləşmələr frazeoloji birləşmələr adlanır.

Frazeoloji birləşmələrin əsas xüsusiyyətləri :

  1. Frazeoloji birləşmələrin tərkibindəki iki və daha artıq söz öz həqiqi mənalarını itirir,birlikdə yalnız məcazi məna ifadə edir. Əgər sərbəst söz birləşmələrinin tərkibindəki sözlər ayrı – ayrılıqda leksik mənaya malik olurlarsa, frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir. Məsələn.; qulaqardına vurmaq – dinləmə ək.
  2. Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanmır, cümlənin sadə üzvü olur,tərəfləri arasında heç bir sintaktik əlaqə olmur. Əsasən, feili xəbər olur. Məsələn.; O, mənə qulaq asmır (birlikdə feili xəbər kimi təhlil olunur).
  3. Frazeoloji birləşmələr dəyişməz olur, dildə hazır şəkildə mövcuddur.
  4. Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir.
  5. Əksəriyyəti bir sözlə ifadə oluna bilir: gözünün odunu almaq – qorxutmaq.

Frazeoloji birləşmələr lüğəti

Dilimiz frazeoloji birləşmələrlə zəngindir.Verilmiş frazeoloji birləşmələri ifadə etdiyi mənaları öyrənməyə çalışın:

  • könlünə yatmaq
  • qəlbinə dəymək
  • fikrə getmək
  • özündən çıxmaq
  • dərdə düşmək
  • hirsi başına vurmaq
  • yada salmaq
  • canına yatmaq
  • qanı qaralmaq
  • yerişinə haram qatmaq
  • gözü su içməmək
  • dil boğaza qoymamaq
  • gözü kəlləsinə çıxmaq
  • ağzına su alıb oturmaq
  • dilini saxlamaq
  • gözünün acısını almaq
  • mənəm – mənəm demək
  • ürəyi düşmək
  • gözünün odunu almaq
  • gözdən dümək
  • gözdən qaçmaq
  • söz vermək
  • könüldən keçmək
  • burnunun ucu göynəmək
  • yola düşmək
  • axırına çatmaq
  • yoldan çıxmaq
  • başına qaxmaq
  • başına vurmaq
  • baş vurmaq
  • söz götürmək

☑️ Frazeoloji birləşmələr omonim, sinonim, antonim olduqda onların məna tayları da frazeoloji birləşmə olmalıdır. Kiminsə yola düşməsi ilə qələmin yola düşməsi omonim ola bilməz.

�� can vermək ↗️ Günəş bitkilərə can verir

↘️Yaralı quş can verir

�� üz vermək ↗️Üz verirsən, astar istəyir

↘️Orada hadisə üz verib

�� ürəyi yanmaq ↗️Ürəyim yanır su istəyirəm

↘️Müəllimin ona ürəyi yanırdı

�� söz vermək ↗️ Çıxış üçün Akifə söz verildi

↘️Söz verdim, gərək əməl edim

�� işə düşmək ↗️Maşın işə düşdü

↘️Yaman yerdə işə düşdüm

Frazeoloji birləşmələrin sinonimliyi :

  • ağzına su almaq – ağzını qıfıllamaq
  • dil – dil ötmək – dilotu yemək
  • burnunun ucu göynəmək – ürəyi istəmək, ürəyi axmaq

Frazeoloji birləşmələrin antonimliyi:

  • xoşu gəlmək – acığı gəlmək
  • üz ağartmaq – üz qaraltmaq
  • dil – dil ötmək – ağzına su almaq

Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlik,canlılıq gətirir. Belə birləşmələrdən əsasən, məişət üslubunda bədii üslubda istifadə olunur.

1.Kömək etmək, yaxşı olmaq, əl etmək,adam olmaq, oxuya bilmək kimi birləşmələr frazeoloji birləşmə sayılırlar. Çünki bunlar tərkibi – mürəkkəb feil hesab edilir.

2. Mənalarında biri həqiqi, digəri məcazi məna olan birləşmələr omonim frazeoloji birləşmələr adlanır. Məsələn.: ” Yola düşmək”

  1. Top yola düşdü – həqiqi məna
  2. Qatar yola düşdü – məcazi məna

Belə frazeoloji birləşmələrə bunları da göstərmək olar: gözü açılmaq,burnunun ucu göynəmək, yerə salmaq, başa vurmaq, yanıb tökülmək və s.

Azərbaycan dilinin leksikası

Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır.

Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir.

Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır.

«İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır.

Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:

  • Həmin sözə yaxın mənalı söz seçməklə: təməl-bünövrə
  • Əşyanın, hərəkətin əlamətlərini izah etməklə: sarıköynək — sarı rəngli quş; şütümək — sürətlə ötüb keçmək
  • Sözün hissələrinin mənasını açmaqla: ovlaq — ov yeri

SÖZÜN HƏQİQİ VƏ MƏCAZİ MƏNASI

Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır.

İnsanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxan məna isə məcazi mənadır:

insanın ayağı (hə qiq u) — kəndin ayağı (məcazi) insanın qolu (həqiqi) — çayın qolu (məcazi) uşaq yatdı (həqiqi) — külək yatdı (məcazi)

Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur.

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir: təyyarə, avtobus

Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözlərə isə çoxmənalı sözlər deyilir: qapının ağzı, yolun ağzı

Çoxmənalı sözlər bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir.

OMONİMLƏR

Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələri ola bilər:

  • — Eyni nitq hissəsi: bağ (isim, isim)
  • — Müxtəlif nitq hissəsi: yol (isim, fel)
  • — Bir neçə nitq hissəsi: sarı (sifət, fel, qoşma)

Hansı sözlər omonim kimi götürülə bilməz?

  1. Ümumi və xüsusi isimlər: qərənfil (gül) və Qərənfil (ad)
  2. Xüsusi isimlər: Araz (çay) və Araz (ad)
  3. Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər: gəli’n (isim) gə’lin (fel)
  4. Yazılışı, tələffüzü eyni, lakin kökləri müxtəlif olan sözlər:
    a) Külək əsir.
    b) Düşmən əsir düşdü.
  5. Səslənməsinə görə eyniləşən sözlər (paronimlər): mətn mətin

Həm çoxmənalı, həm də omonim olan sözlər:

burun, boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, dolu, yol, düz.

SİNONİMLƏR

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.

Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur:

  • İsim: eynək, çeşmək, gözlük; qovun, yemiş
  • Sifət: qəşəng, gözəl, göyçək; hündür, yüksək, uca
  • Fel: oturmaq, əyləşmək; yatmaq, mürgüləmək, yuxulamaq Sinonimlər fikri daha dəqiq ifadə edir və yersiz təkrarın qarşısını alır. Dilimiz sinonimlərlə zəngindir.

ANTONİMLƏR

Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir.

Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aiddir.
işıq-qaranlıq (isim), arıq-kök (sifət), oyanır-yatır (fel)

ÜMUMİŞLƏK VƏ ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR

Hamı üçün məlum olan sözlər ümumişlək sözlər adlanır. Bunlar dilin fəal lüğət fonduna daxildir. Biz gündəlik nitqimizdə, əsasən, belə sözlərdən istifadə edirik: su, hava, duz, çörək, çay, dəniz, qırmızı, sarı, yaşıl

Hamının nitqdə istifadə etmədiyi sözlər ümumişlək olmayan sözlər adlanır və bir neçə qrupa bölünür:

l.Dialekt sözlər

Belə sözlər məhəlli xarakter daşıyır və yalnız bir qrup əhalinin dilində işlənir:

  • necə — hancarı
  • küçə — doqqaz
  • tez — becid
  • qəfildən — lapdan
  • qarğıdalı — kəbə, inəkə, peyğəmbəri, qarqundey,
  • (sütül) xiyar — gülbəsər,
  • yelpənək lobya — maş
  • nəlbəki — zir
  • döşəkcə — nimdər
  • dəsmal — əlardan, təlis
  • hündür — qəlbi
  • daş — qəmbər
  • ip — zivə
  • çörək — əppək
  • nişan almaq — tuşqullamaq
  • nişanlamaq — manşırlamaq

Dialekt sözlərdən bəzən bədii əsərlərdə də istifadə olunur ki, buna dialektizm deyilir.

2.Terminlər

Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir:

  • Azərbaycan dili: fonetika, samit, mübtəda;
  • Ədəbiyyat: süjet, folklor, poema, oçerk;
  • Biologiya: iynəyarpaqlılar, flora, subtropik;
  • Tibb: — angina, validol, qrip, pnevmaniya;
  • Musiqi: forte (ucadan), piano (pəsdən)
  • Riyaziyyat: tənlik

Terminlərin xarakterik xüsusiyyətləri:

  • yığcamlıq
  • yeni söz yaratmaq qabiliyyətinə malik olmaq
  • emosionallığın, sinoniminin, məcaziliyin olmaması

Hər elm sahəsinin, peşənin özünəməxsus terminləri olur. İxtisas sözlərindən, yəni terminlərdən elmi üslubda daha çox istifadə olunur.

Terminlər, əsasən, elmi üslubda işlənir, bəzən isə bədii əsərlərdə də istifadə olunur.

Yalnız terminlər kimi çıxış edən sözlər: metafora, sinekdoxa, fiksaj .

Həm termin, həm də ümumişlək sözlər: güc, bucaq, qüvvə, enerji, zərf, say, fel.

Cəmiyyətin mədəni inkişafı ilə əlaqədar olaraq bəzi terminlər (ixtisas sözləri) ümumişlək sözlərə çevrilir: akvarel, ekran, solo, aspirin, arayış, protokol və s.

3.Arxaizmlər (köhnəlmiş sözlər)

Vaxtilə ədəbi abidələrimizdə, ayrı-ayrı sənətkarların yaradıcılığında işlənib, sonradan köhnələn və öz ümumiş-ləklik xüsusiyyətini itirən sözlər arxaizmlər adlanır: arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), İraq (uzaq), ər/ərən (igid), ayaq (qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), duş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq (getmək), yazı (çöl) və s.

Tarixi proseslə bağlı olan belə sözlərə isə tarixizmlər deyilir:

  • konka — şəhərlərdə dəmir yol üzərində vaqonu atla hərəkətə gətirən nəqliyyat vasitəsi;
  • çuxa — üstdən geyilən, beli büzməli kişi geyimi;
  • dinar — pul vahidi;
  • qorodovoy — keçmişdə aşağı rütbəli polis işçisi; mədrəsə — dini məktəb;
  • dəyə — komacıq;
  • aynalı — patronu üstdən qoyulan təklülə tüfəng; bəndərgah — düşmənin keçə bilməyəcəyi yol, keçid; qənşər — qarşı tərəf;
  • qıçqı — sıxışdırma, sıxma-boğmaya salmaq;
  • dəbilqə — keçmişdə döyüşçülərin başlarına qoyduqları dəmir papaq;
  • çarıq — göndən hazırlanan yüngül ayaqqabı;
  • güyüm — misdən hazırlanmış uzunboğazlı su qabı; təlinə — iri ağac kötüyündən hazırlanmış böyük qab;
  • qalxan — qədim müharibələrdə zərbədən qorunmaq üçün əldə tutulan dairəvi və ya düzbucaqlı sipər;
  • xurcun — palaz kimi toxunan, yaxud parçadan tikilən ikigözlü heybə, torba.
  • Darğa (şəhər hakimi), abbası (pul vahidi), batman (çəki vahidi), ağac (uzunluq ölçü vahidi), koxa da buraya aiddir.

4. Neologizmlər (yeni sözlər)

İctimai həyatda baş verən bir sıra yeniliklərlə əlaqədar olaraq, elmə, texnikaya, mədəniyyətə, məişətə aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadə etməyə ehtiyac yaranır. Belə sözlərə yeni sözlər və ya neologizmlər deyilir:

kosmodrom, sərinkeş, biznesmen, ekologiya, alışqan, telefilm, olay (hadisə), durum (vəziyyət), uçaq (təyyarə), çağdaş (müasir), açıqca (otkrıtka), nəfəslik (fortoçka), dabankeş ( raj ok ) .

Dilin lüğət tərkibinə daxil olan sözlərin bir qismi müəyyən müddətdən sonra ümumişlək sözlərə çevrilir: sərinkeş, telefilm, yetərsay

Bəzi sözlər isə ümumişlək olmayan sözlər sırasında qalır: rotoprint, elektron, nitron

Bəzi sözlər köhnələrək dildən çıxır: komsomol, pioner, kolxoz — bu sözlər XX əsrin 20-30-cu illərində neologizm, 40-80-ci illərində ümumişlək söz, 90-cı illərində isə tarixizm olmuşdur.

QEYD: Köhnəlmiş sözlər və neologizmlər dilin qeyri-fəal lüğət fonduna aiddir.

FRAZEOLOJİ BİRLƏŞMƏLƏR

Nitqdə bütövlükdə müəyyən bir leksik mənanı ifadə edən sabit söz birləşmələrindən — frazeoloji birləşmələrdən də istifadə olunur. Frazeoloji birləşmələr:

  • sabit söz biləşmələridir;
  • hazır şəkildə olur;
  • bir cümlə üzvü olur, bir suala cavab verir;
  • məcazi məna daşıyır

qorxmaq = ürəyi ağzına gəlmək
inanmamaq = gözü su içməmək
qaçmaq = dabanına tüpürmək
yorulmaq = əldən düşmək

Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda, bədii üslubda istifadə olunur. Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir:

Frazeoloji birləşmələrin sinonimliyi:

  • ağzına su almaq — ağzını qıfıllamaq
  • dil-dil ötmək — dilotu yemək
  • burnunun ucu göynəmək — ürəyi istəmək, ürəyi axmaq

Frazeoloji birləşmələrin omonimliyi:

  • can vermək — Yağış təbiətə can verir.
    can vermək — Yaralı quş can verir.
  • üz vermək — Bizə xoşbəxtlik üz verir.
    üz vermək — Üz verirsən, astar istəyir.

Frazeoloji birləşmələrin antonimliyi:

  • xoşu gəlmək — acığı gəlmək
  • üz ağartmaq — üz qaraltmaq
  • dil-dil ötmək — ağzına su almaq

ƏSL AZƏRBAYCAN SÖZLƏRİ VƏ ALINMA SÖZLƏR

Dilimizdə olan sözlər iki yerə bölünür: əsl Azərbaycan sözləri və alınma sözlər.

  • fellər,
  • kökü fel olan sözlər
  • saylar (istisna: həştad, milyon, milyard, trilyon)
  • əvəzliklər
  • qohum-əqrəba adları
  • bədən üzvləri
  • sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilən sözlər.

Alınma sözlərə daxildir: r səsi ilə başlayan, tərkibində j səsi olan, sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilməyən, qoşa samitlə başlayıb qoşa samitlə qurtaran, ön şəkilçi qəbul edən (istisna: nadinc, nakişi), tərkibində üç samit yanaşı işlənən, elm, təhsil və ilahiyyatla bağlı olan sözlər.

Alınma sözləri iki qrupa ayırmaq olar:

  • ərəb-fars dillərindən alman sözlər: qanun, hökm, şüur, müalicə, sahib
  • Avropa dillərindən alman sözlər: traktor, tramvay, velosiped, respublika, demokratiya
    Dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin çoxunda işlədilir ki, bunlar beynəlmiləl sözlər adlanır: parlament, deputat, firma, fonetika

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • leksika
  • , leksikologiya
  • , Azərbaycan dilinin qrammatikası
  • , söz yaradıcılğı

Comments are closed, but trackbacks and pingbacks are open.