Press "Enter" to skip to content

Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri

Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

Azərbaycan dövlətləri

Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.

Şimali Azərbaycan ərazisində

  • Bakı xanlığı — XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi.
  • Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi.
  • Dərbənd xanlığı — XVIII ərdə indiki Azərbaycan ərazisində mövcud olan xanlıqlardan biri. Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı 1918-ci ildə Rusiyaya birləşdirilib. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min kv. km. idi.
  • Gəncə Xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan Xanlıqlarından biridir. Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.
  • Irəvan xanlığı (ingiliscə: Erivan khanate) — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır vilayətini əhatə etmişdir.
  • Lənkəran xanlığı və ya Talış xanlığı — Azərbaycan xanlıqlarından biri olmuşdur.
  • Naxçıvan xanlığı — 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti. 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi.
  • Qarabağ xanlığı — 1748-1805-ci illərdə müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş feodal dövlət, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.
  • Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü.
  • Şamaxı xanlığı — XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
  • Şəki xanlığı — paytaxtı Nuxa (Şəki) şəhəri olmaqla, 1445-ci ildə yaranmışdır.

Cənubi Azərbaycan ərazisində

  • Ərdəbil xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri.
  • Marağa xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa çəhəri.
  • Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — 1922-ci il). Mərkəzi Maku çəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.
  • Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
  • Sərab xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab çəhəri.
  • Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir. Ən görkəmli xanlarından biri Əmir-Aslan Xan olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.
  • Urmiyə xanlığı (ingiliscə: Khanate of Urmia) – XVIII əsrin ortaları və 1868/1869-cu illər arasında, mərkəzi Urmiyə şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri olmuşdur.
  • Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri. Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı.

Azərbaycanın müasir tarixi

  • Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1918-1920
    Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
  • Azərbaycan SSR (1920-1991)
    Azərbaycan Sovet Sosialist Respublikası
  • Azərbaycan Milli Hökuməti (1945-1946)
    Azərbaycan Milli Höküməti (AMH; ingiliscə: Azerbaijan People’s Government; rusca: Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Sovet ordusu İrandan çəkildikdən sonra, dekabr 1946-da İran ordusunun hissələri Təbriz şəhərinə daxil olaraq Azərbaycan Milli Hökümətinə son qoymuşlar.
  • Müstəqil Azərbaycan (18 oktyabr 1991-ci il)-hazırda mövcud olan bu ölkədə yaşayırıq.
  • Teqlər:
  • Azərbaycan tarixi
  • , Azərbaycan

Tarix

Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq
səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc
nəsil yetişidirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz
tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail
olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən
öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir.

XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.

Şimaldan ̶ Baş Qafqaz dağları, qərbdən ̶ Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən ̶ Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ildə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə — tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan
vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir
tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək
mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin bir məsuliyyət
hissi ilə yanaşmalıdır.

Heydər Əliyev

Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi ̶ İran körfəzi regionuna daxil idi.

Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın — Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə. IV minilliyin sonu-III minillikdə təşəkkül etmiş Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.

Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu-III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydalandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.

Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə, qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.

Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.

Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.

Eramızdan əvvəl I minillikdə-bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.

Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda ̶ Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə ̶ Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.

Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına ̶ Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.

Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.

Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.

Eramızdan əvvəl VIII əsrin sonu – VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində — Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru — Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.

Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. “Tarixin atası” Herodotun (e.ə.V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat sürürdülər. Onlar yeganə bir allaha — Günəş allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan — atdan qurban verirdilər.

İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində uğurla müdafiə etmişdilər.

Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran-Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. “Məğlubğedilməz” Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə “Böyük Kir” ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.

İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı.Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.

Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqlarını ələ keçirmək siyasətinə baxmayaraq dövlətçilik ənənələrimiz davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran imperiyasının uzunsürən işğal rejimi, nə də Makedoniyalı İskəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyəti məhv edə bilmədi.

Makedoniyalı İskəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.

Atropatena dövləti ölkənin cənub vilayətini əhatə edirdi. Burada müstəqil Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İskəndərin yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın cənub torpaqlarını Əhəməni satrapı Atropat hələ Əhəmənilərin hakimiyyəti dövründə müstəqil surətdə idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və ya Atropatena adlanırdı.

Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın İskəndərə qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə — əsas zərbə qüvvəsinə başçılıq edirdi. Bu qüvvələr əsasən Azərbaycanın şimal və cənub torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi. III Daraya qalib gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna bələd olan İskəndər onunla toqquşmaq fikrindən daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə, Makedoniyalı İskəndərin işğalları Azərbaycandan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, öz yurdunu — Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi.

Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub rayonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı.

Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normlarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.

Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda ən güclü şərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min süvari çıxarmışdı.

Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e.ə. 27 – eramızın 14-cü illəri) diplomatik danışıqlar aparmışdılar. Roma imperatoru Kiçik Asiyadakı qonşu erməni çarlığının idarə olunmasını da Atropatena hökmdarlarına tapşırmışdı. Atropatenanın hərbi-siyasi qüdrətindən ehtiyat edən erməni çarları bu dövlətlə münasibətləri pozmağa çalışırdılar. Bu məqsədlə də hələ eməni çarı Tiqran öz qızını Atropatena hökmdarı Mitridata vermişdi. Sonralar erməni çarlığı Atropatenadan asılı hala düşmüş və Atropatena hökmdarları tərəfindən idarə olunmuşdu.

Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda ̶ Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru — Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.

Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı.

Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi.

Ölkədə yaşayan və sayları getdikcə atmaqda olan türk etnosları dövlətin həyatında mühüm rol oynamışdır. Aya, Göyə, Günəşə, tək Allaha — Tanrıya sitayişlə yanaşı, xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.

Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari) aşmışdı.

Albaniya hökmdarlarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları vardı. Öz dövrü üçün möhkəm və təkmil dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.

Ölkə başqa dövlətlərlə də geniş ticarət əlaqələrinə və siyasi münasibətlərə malik idi.

Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmişdi.

Cavanşir və Babək kimi sərkərdələrin
qəhrəmanlıqları böyük vətənpərvərlik
məktəbinə çevrilmiş, Vətənin bütövlüyü,
xalqın birliyinin təcəssümü olmuşdur.

Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq yollarının Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.

İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyanın tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin “Dəmir qapı” adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından (Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də Hun beli adlandırır ̶ Y.M.) keçərək yayılmışdılar. Oğuz müqəddəs Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə “Bayat qapısı” adlanması bunu sübut edir.

Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənubunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi — “Dəmir qapı”nı daim əllərində saxlamağa çalışırdılar.

Başqa ilk mənbələrlə yanaşı, Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı “Kitabi-Diyarbəkriyyə” adlanan oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun Həsənin böyük babası — Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada — Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.

Dədə Qorqud “Kitabi-Diyabəkriyyə”nin müəllifi Oğuzun nəvəsi Xanlar xanı Bayandır xaqanında “Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü”, burada “böyük bir qurultay çağırıb, məmləkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini” yazır. Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə “kafirlərlə müharibə etmiş” və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu “kafirlərin” əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda “kafirlər”lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

“Kitabi-Dədə Qorqud” boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub saxladığını da sübut edir.

Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə — həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş — təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında — Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı Dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənublu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

Dövlət müstəqilliyinin bərpası.

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. 80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi “parçala, hökm sür” siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma “Dağlıq Qarabağ problemini” qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər.

1987-ci ilin oktyabrında Yerevanda “Qarabağ komitəsi” deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda “Miasum” (birləşmə) hərəkatı genişlənirdi.

Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin SSRİ-nin rəhbərliyi, habelə müvəffəqiyyətlə aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Moskva Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərin tələblərini öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur olmuş Azərbaycan xalqının tələbləri ilə eyniləşdirmək, nəticədə kompromis axtarmaq kimi riyakar mövqe tuturdu.

Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar.

İmperiya respublikada hakimiyyət böhranından, bəzi bölgələrdə olduğu kimi, Bakıda da sovet hökumətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakının ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Moskva özü yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov şəxsən rəhbərlik edirdi.

Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Şəhidlər şəhərin ən uca yerində – Dağüstü parkda dəfn edildilər.

Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən sol müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın “Azadlıq” meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı.

Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı.

1991-ci il avqustun 26- dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu. Noyabrın 26-da Ali Sovet Milli Şura haqqında qanuna yenidən baxdı və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri dəyişdirdi. Paritet əsasda 25 nəfər “demblok” nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Heydər Əliyev blokada şəraitində olan Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Onun rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi.

Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi. İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Başlanmış vətəndaş müharibəsini dayandırmaq, müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz nəzarəti altında saxlamaq məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi. Rusiyanın anti-Azərbaycan qüvvələrinə arxalanan polkovnik Əlikram Hümbətov Lənkəranda başçılıq etdiyi hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmişdi. Avqustun 7-də cənub bölgəsində üzdəniraq “Talış Muğan Respublikası” yaradıldığı elan olunmuşdu. “Hökumət” təşkil edilmişdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. Cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənib avqustun 21-23-də elə miqyas aldı ki, Ə. Hümbətov qaçmalı oldu. Üzdəniraq “respublika” ləğv edildi.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi.

1994-cü ilin fevralında Kəlbəcərdə uğurla başlanan “Murovdağ” əməliyyatı bir qrup zabitin satqınlığı üzündən uğursuzluqla nəticələndi. Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub saxlamaq, qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə etmə hüquqi əsas yarada bilən və Azərbaycan üçün alçaldıcı olan bir saziş layihəsi təklif etdi. Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma başladılar. Azərbaycan ordusu bu dəfə də düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi. Lakin ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə bölgəsinin kəndlərini işğal edə bildilər. Bərdə üçün ciddi təhlükə yarandı. Azərbaycan ordusu buraya əlavə qüvvələr gətirməklə düşmən hücumunun qarşısını aldı və əks hücuma keçib bir neçə yaşayış məntəqəsini geri qaytardı.

Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın münaqişəni həll etmək sahəsindəki səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Yuxarı Qarabağın erməni və azərbaycanlı icmalarının niyyətini təsdiq edən Bişkek protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.

Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, Milli Ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun daha da möhkəmləndirilməsindən başlandı.

1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması, Surət Hüseynovun, Cavadov qardaşlarının kölgəsi altında, onların başçılıq etdikləri cinayətkar dəstələrin, Xüsusi Təyinatlı Polis Dəstəsi kimi dövlət strukturlarına daxil olan bir qurumun qanunsuz hərəkətləri fonunda əl-qol açan digər cinayətkar qrupların və ünsürlərin ifşa olunması və zərərsizləşdirilməsi respublikada bütövlükdə cinayətkarlıqla mübarizənin yeni vüsətdə güclənməsinə təkan verdi.

Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.

İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı.

Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 20 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

Nəsimi rayon sakini,

Əməkdar mədəniyyət işçisi

Похожие статьи

  • Azərbaycan çekistləri.

    Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…

  • Azərbaycan haqqında

    Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar “Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi…

  • Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi

    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra…

  • Azərbaycan milli azadlıq hərəkatı

    1 Azadlıq haqqında deyil, qarınla müəyyənləşdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının Azerbaycan Milli Azadliq Herekati 1988 1991 -…

  • Azərbaycan etnoqrafiyası

    AZƏRBAYCAN ETNOQRAFİYASI Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və…

Comments are closed, but trackbacks and pingbacks are open.