Press "Enter" to skip to content

Azərbaycan folkloru antologiyası

Aşıq, illər ayrısı,

Mədəniyyət

Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir.

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını — ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim Türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloji mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında “Kosa-Kosa”, “Qodu-Qodu”, “Novruz”, “Xıdır Nəbi” və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

Azərbaycan folklorunun özəlliklərindən birini onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divani lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya “barmaq” vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində hecaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklorun yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.

Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir.

Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri “Kitabi-Dədə Qorqud”, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları — “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə — XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları — “Qurbani”, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər”, qəhrəmanlıq dastanı “Koroğlu” bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə — XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

Folklor örnəkləri əsas etibarilə anonim — müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümayəndələri “ustad aşıqlar” termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdı.

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada təkcə tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi — qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, təşnə çəkdiyi qandan “doyunca içsin. “

“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, “Dədə Qorqud” dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

Müasir dövrümüzdə də Azərbaycan folkloruna diqqəti yönəltmək və onun tanıtımını təşkil etmək üçün dövlət səviyyəsində dəyərli işlər görülür. Çünki keçmişi olmayan millətin gələcəyi də olmaz.

Azərbaycan folklorunun tədqiqi

Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunmuşdur. Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşağında yaranmış, elə həmin üslublara uyğun olaraq da növlərə bölünmüşdür.

Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cü illər arasını əhatə edir. Bu dövrdə “Vedomosti”, “Tiflisskiye vedomosti”, “Novoe obazreniye”, “Kafkazskiy vestnik”, “Kafkaz” qəzetləri, XIX əsrin yetmişinci illərindən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunmuşdur. 1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan “Əkinçi” və sonralar çapa başlayan “Kəşkül” qəzetləri də bu işi layiqincə davam etdirdilər.

Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəaliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olmuşdur. Həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan Hənəfi Zeynallı (“Azərbaycan atalar sözü və məsəlləri” (1926), “Azərbaycan tapmacaları ” (1928) kitablarının müəllifidir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən tədqiqatçılardan hesab olunur.

Folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olmuşdur. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir.

20-30-cu illər ərzində folklorumuzun toplanması və nəşr işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olmuşdur. O, 1927-ci ildə “El aşıqları” kitabını və Azərbaycanda ilk dəfə olaraq “Koroğlu” dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirmişdir. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927-1928-ci illər ərzində iki cildlik “El şairləri” kitabını nəşr etdirmiş, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən gözəl nümunələrini yazıya almışdır. 1929-cu ildə “Aşıqlar” adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından “Koroğlu” dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirmişdir.

İkinci Dünya savaşından dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırmaçılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.

Azərbaycan folklorunun çağdaş vəziyyəti

Folklor xalqın yaddaşı və taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Azərbaycan folklorşünaslığının müasir durumunu obyektiv şəkildə səciyyələndirmək üçün onun işini ilk növbədə keçən əsrdə görülmüş işlərlə müqayisə etmək lazım gəlir. Beləliklə, Azərbaycan folklorşünaslığı XX əsrə bu nəzəri-praktiki nəticələrlə yekun vurdu: Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğrunda millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır bir mübarizə apardılar. “Yoxdur millətimin xətti bu imzalar içində” məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər. Çoxsaylı folklor mətnləri toplandı və çap edildi. 20-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri baxımdan inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan folklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrübi baxımdan istiqamət verdilər. 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, o cümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azərbaycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəqqi inkişafına balta çalındı. Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşünaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının standartlarına uyğunlaşdırmaqdan, bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət idi. Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz fəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas etməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi. XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş “avtoritetlər”in sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi. Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından əsrin sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin arasında dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən işıqlı yolun əsasını qoydu. Azərbaycan Respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyevin iradəsi ilə yaradılmış AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur. “İlkin folklor nəşrləri” seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xüluflu, B.Behcət və bu kimi millət fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar aparılmaqdadır. XX əsr Azərbaycan folklorşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübə AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan folklorşünaslığının bütün mütərəqqi ənənələrinin varisi və davamçısı, bütün naqisliklərinin inkarçısıdır. AMEA Folklor İnstitutu yarandığı gündən çox böyük işlərə imza atmış, folklorumuzun toplanması, nəşri və tədqiqi istiqamətlərində çoxsaylı işlər görmüşdür. Həmin işlərin sayı və çeşidi zəngindir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu milli hədəflər naminə, millətin hədəfləri naminə, “Azərbaycan Folkloru Külliyyatı”nın nəşrinə başlamış və ilk altı cildi çapdan buraxmışdır. “Azərbaycan Folkloru Külliyyatı” öz cari hədəfində yeni əsrin, strateji hədəfində isə minilliyin proyektidir. Bu ilk cildlərlə Azərbaycan folklorşünaslığının bütöv XX əsr boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdıra bilmədiyi milli proyektin bünövrəsini qoymuşdur.

Ümumiyyətlə Folklor İnstitutu folklor mətnlərinin çapını aşağıdakı nəşrlərlə həyata keçirir:

1.Azərbaycan folkloru Antologiyası;
2.Azərbaycan folkloru Külliyyatı;
3.Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər;
4.”Dədə Qorqud” dərgisi.

Bütün bunlarla bərabər, burada hər il “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq folklor konfransı keçirilir. Buraya dünyanın hər yerindən folklorşünas alimlər dəvət olunur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan folklorşünaslıq elmi də durmadan inkişaf edir.

Azərbaycan folkloru antologiyası

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan folkloru antologiyası: XIII cild: Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012

Qarabağ: folklor da bir tarixdir, VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Zərdabi LTD” MMC, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810851
Q 4603000000 Qrifli nəşr

© Folklor İnstitutu, 2013

TƏRTİBÇİDƏN
Biz Qarabağ folklorunun toplanmasına hələ “Şəki folklor mühiti” adlı dissertasiyamızı yazarkən başlamışdıq. O zaman Şəkidə məskunlaşmış qarabağlılardan da xeyli material toplayaraq araşdırmaya cəlb etmişdik. Sonralar, daha dəqiq desək, 2008-ci ildə bir təsadüf nəticəsində, Bakının Yeni Yasamal rayonunda məskunlaşan Cəbrayıl rayon sakinləri ilə görüşdük, Hacı Qaraman ocağının nümayəndələrindən və ziyarətçilərdən iki kaset folklor materialı toplaya bildik.

2012-ci ilin yayında Tərtər rayonuna, həmin ilin payızında isə Şamaxı rayonuna folklor ezamiyyələri zamanı da Tərtər və Kəlbəcər folkloruna aid xeyli material qeydə ala bildik. 2013-cü ildə Biləsuvar rayonunun Cəbrayıl qəsəbələrinə növbəti ezamiyyəmiz də uğurlu alındı. Biləsuvar rayonunda Cəbrayıl sakinlərinin məskunlaşdığı 11 qəsəbə var. Bu qəsəbələr bir-birinə yaxın ərazilərdə yerləşdiyi üçün toplama aparmaq daha asan oldu. Topladığımız materiallar bizdə Qarabağ folkloru haqqında müəyyən təsəvvür yaratdı.

Aldığımız təəssürata əsasən əvvəlcə Qarabağ folklor söyləyiciləri haqqında bir neçə söz demək istəyirik. Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ camaatı da olduqca istiqanlı, qonaqpərvərdir. Hansı qapıya getdiksə, ev sahiblərini gülərüz, xoşsifət gördük. Qarabağlı söyləyicilərimiz bəzi bölgələrimizdən olan folklor söyləyiciləri ilə müqayisədə daha komplekssiz, daha sərbəst danışırdılar. Bütün bunlarla yanaşı, bəzən gəlişimizin məqsədini yanlış anlayan, danışıqlarının televiziya və yaxud da radioya da veriləcəyindən ehtiyat edərək informasiya verməkdən çəkinən söyləyicilərlə də qarşılaşdıq. Hətta əvvəl bizi polislə hədələyən, gəlişimizin məqsədini anlayandan sonra bizə xeyli informasiya verən söyləyicilərə də təsadüf etdik. Elə söyləyicilər də olurdu ki, söylədikləri mətnlərin kitabda öz adlarından deyil, başqalarının adından getməsini istəyirdilər. Bunun da müxtəlif səbəbləri var idi. Ya mətndə işlətdikləri və özlərinin qeyri-etik saydıqları ifadələr və ya şəxsi həyatlarından gətirdikləri misallar (bu, daha çox etnoqrafik mətnlərdə olurdu), danışdıqları mətnlərdən kimlərinsə xəbər tutacağı qorxusu və s. onları buna vadar edirdi. Toplunun əvvəlki cildlərində də vurğulanan “söyləyici ilə bir neçə saatlıq, qaçaraq ünsiyyət onun bütün potensialını üzə çıxarmağa imkan vermir” fikrini burada xatırlatmaq istərdik. Söyləyici birdən-birə qarşısında yad adam görəndə çaşır, üstəlik danışdıqlarının yazılmasını biləndə bir az da həyəcanlanır, nitqi dolaşır, daha quru və rəsmi danışmağa başlayır və s. Bu da istər-istəməz ona bildiyi mətnləri xatırlamağa mane olur. Belə söyləyicilərlə bir-iki saat deyil, bəzən günlərlə söhbət aparmaq lazım gəlir. Bununla demək istəyirik ki, toplama işi bir neçə saatın, bir neçə günün deyil, günlərin, ayların məhsulu olduğu zaman daha uğurlu nəticələr əldə etmək mümkün olur. Fikrimizi daha aydın izah etmək üçün Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində (bu qəsəbədə Kəlbəcər rayonundan didərgin düşmüş həmvətənlərimiz məskunlaşıblar) Kəlbəcər rayonunun Əsrik kənd sakini, 1927-ci il təvəllüdlü Üreyqa Qaraş qızı Verdiyeva (Roza nənə) ilə söhbətimizi olduğu kimi veririk: “Bir yol yığılmışdıx dedığım bu qarının yanına. Belə 10-12 qızdı, gəlindi. Alax çəhmağa getmişdıx. Hamı yığılmışıx bi boş otağa. Qarı düşdü ortalığa:

Yeri, yeri, dam üsdə yeri,

Qızıl cam üsdə yeri.

Çıx sinəm üsdə yeri.

Bizdən bir gülüş qopdu. Qarıdan nə sözdər çıxır. Biri də çıxdı birin oxudu:

Mən belə dosdu neynirəm?

Dost mənnən küsdü, neynirəm?

Özü xayın, qəlbi pisdi,

Mən belə dosdu neynirəm?”

Söyləyici yuxarıdakı bayatıları deyərkən qəfildən coşdu, əllərini sinəsi bərabərinə qaldırıb çırtıq çala-çala, avazla oxumağa başladı. Onun bu hərəkəti o qədər qəfil alındı ki, biz video-aparatı hazırlamağa belə macal tapmadıq. Xatırladaq ki, biz həmin qadınla beş gün ünsiyyətdə olmuşuq. Ən qəribəsi bu idi ki, söyləyici qadın əvvəlki üç gün ərzində çox utanmış, yalnız bizə isinişdikdən sonra danışmağa başlamışdı. Onu da xatırladaq ki, söyləyici ailə üzvlərinin yanında danışmaq istəməmiş, ikimiz tək qaldığımız vaxt suallara cavab vermişdi. Ailə üzvlərinin yanında danışmağa utanan, təkbətək qaldıqda isə xeyli mətn danışan söyləyicilərlə başqa bölgələrimizdə də qarşılaşmışıq. Biz iki gün ərzində Üreyqa Qaraş qızı Verdiyevadan 121 bayatı, bir tapmaca, bir oxşama, xeyli sayda aşıq şeiri, dastanlardan parçalar və bir neçə rəvayət mətni qeydə ala bildik. Üreyqa (Roza) nənə sonda söhbətimizdən razı qaldığını “Dolu ürəhlər boşaldı, a qızım, çox sağ ol”, – deyə bildirdi.

Folklor söyləyicisi ilə bir neçə gün ünsiyyətdə olmaq söyləyiciyə bildiyi mətnləri daha yaxşı xatırlamağa imkan verir. Söyləyici günlərlə mətn söyləməyə köklənir, hətta toplayıcı yanında olmayanda belə ona danışacağı mətnləri düşünür. Bəzən elə olur ki, yanına bir gündə ikinci dəfə qayıtdığımız söyləyici bütün günü fikirləşdiyini, danışdıqlarından başqa mətnləri də xatırladığını bizə sevinə-sevinə deyir, hətta əlində tutduğu kiçik kağız parçalarını göstərərək mətnlərdən nə isə, məsələn, bayatıların birinci misralarını, hansısa folklor obrazının adını və s. qeyd etdiyini bildirirdi. Hərdən də elə olurdu ki, ailə üzvləri söyləyiciyə mətnləri xatırlamağa kömək edir, “Ay nənə, bizə danışdığın filan nağılı niyə danışmırsan bəs?”, – deyə onu həvəsləndirirlər. Qarabağ folklor örnəklərini toplayarkən elə söyləyicilərlə də qarşılaşdıq ki, onlar özlərindən sonra sözləri xatirə qalsın deyə bildikləri mətnləri evdəkilərə yazdırmış, biz getdiyimiz zaman həmin dəftərləri göstərib: “Ay bala, dedim, ölüm-itim dünyasıdı, qoy yazdırım, mənnən də nəsə qalsın, dayna”, – deyərək yazdırdıqları vərəqləri, bəzən də dəftərləri bizə göstərirdilər. “Ay bala, nə yaxşı gəlib çıxdın, səni mana Allah göndərip. Elə dünən oturub gileylənmişdim ki, bir bu qədər şeyi özümnən qəbrə aparacam, bir yazan da yoxdu”, – deyə gəlişimizdən məmnunluğunu gizlətməyən söyləyicilərlə də qarşılaşırdıq. Qeyd edək ki, yazdırılan mətnlər arasında bayatılar üstünlük təşkil edirdi. Qəribə burası idi ki, bəzən söyləyicilər bir neçə il, hətta bir neçə ay bundan qabaq öz dillərindən yazıya alınmış mətnləri bizə söyləməkdə çətinlik çəkir, “Ay bala, huşum gedib ey”, “təzyiq, şəkər məndə ağıl qoyub ki” kimi cümlələr işlədirdilər. Amma evdəkilərin yazılmış mətnin birinci cümləsini oxumaları kifayət edirdi ki, söyləyici mətnin qalanını desin. Söyləyicilərdən mətn yazılmış vərəqləri, dəftərləri istədiyimiz zaman tərəddüd edir, bəzən də üzünü köçürüb qaytarmaq şərti ilə verə biləcəklərini deyir, hətta bunun üçün bizə vaxt da qoyurdular.

Mətnlər söylənərkən üzümüzdə məmnun ifadəni görən bəzi söyləyicilər: “Xoşuna gəlir, yoxsa yalannan belə eliyirsən? Eyy, hələ sən ağlaşmada durasan gennən, üzünü tutasan mana. Görərdin xalan nə füğan eliyir”, – deyərək daha da həvəslə danışırdılar.

Söyləyicilərə gəlişimizin məqsədini izah edərkən bəzən “Şirin danışım, yoxsa Vətənin dağılmasından?”, – deyə sual verirdilər. Demək olar ki, rastlaşdığımız əksər söyləyicilər “şirin danışmaqla” yanaşı, torpaqlarımızın işğalından da danışırdılar. Hansı janrda nümunə danışmaqlarından asılı olmayaraq, orada hökmən qaçqınlığa, yurd həsrətinə aid detallar olurdu. Danışılan nümunələrdə həm də ayrıca müharibə xatirələri vardır ki, bunların bir qismini kitaba daxil etmişik.

Bəzən ətrafdakıların “çox şey bilir” deyə nişan verdikləri söyləyicilər “Yox, ay bala, oğullarımın icazəsin almamış mən danışa bilmərəm”, “Axı mənim uşaxlarım da yazandılar, jurnalisdilər. Saa danışınca onnara danışaram ki, onnarın adınnan çap olunsun da”, – deyib folklor mətni danışmaqdan imtina edirdilər.

Qarabağda bayatı janrının aktivliyini nəzərə alaraq, həmin janrla bağlı bəzi qənaətlərimizi paylaşmağı məqsədəuyğun sayırıq. Söyləyicilər bayatılara Qarabağa aid toponimləri əlavə etməklə onları bir növ “özününküləşdirirdilər”. Onların bayatılara əlavə etdiyi söz və ifadələri mətndə olduğu kimi saxlamaq qərarına gəldik. Onu da qeyd edək ki, söyləyicilər bizim xahişimizdən sonra (bəzən heç soruşmadan da!) bayatıların söylənmə auditoriyaları barədə də məlumat verirdilər. Nəzərə alaq ki, vaxtilə Azərbaycan bayatılarının söylənildiyi kontekst haqqında məlumat verilmədiyi üçün bayatılarımız, sadəcə, harada və nə üçün söyləndiyi məlum olmayan dörd misralı şeir parçalarına çevrilmişdir. Bu da müasir dövrdə istər-istəməz bayatının funksiyasını anlamaqda çətinlik yaradır. Odur ki, söyləyici əlavələrini mətnin içərisində kursivlə verməyi məqsədəuyğun saydıq. Bunlar bayatının formasını pozsa da, mətnin təbiiliyini, canlılığını qoruyub saxlamağa xidmət edir:

Yeri, yeri, çisginim, yeri,

Dumanım, çisginim, yeri.

Yaxşı Soltannıda keçirdiyimiz günnərimiz getdi,

İndi yeri, pis günüm, yeri.

Aşıq, illər ayrısı,

Bülbül güllər ayrısı.

Ay Soltannıda qoyup gəldiyimiz qavırrar,

Bir günüüzə dözməzdim,

İndi oldum illər ayrısı.

Adətən, söyləyicinin mətnə əlavəsi özünü daha çox üçüncü misrada göstərir. Bu misra sərbəst misra olduğu üçün söyləyici əlavələrinə xüsusi imkan yaranır:

Mən aşığam, al mənnən,

Sarı mənnən, al mənnən.

Mən bu cana borşduyam, məni nahax yerə

gejihdirdin,

Gə bu canı al mənnən.

Elə ellərimiz dağıldı, evlərimizdən oldux,

qaşqın düşdüh, adımıza qaşqın dedilər,

Onda ürəyimi aldımışam.

Bəzən söyləyici fikirlərini bu janrda ifadə etmək üçün qətiyyən formaya, ölçüyə fikir vermir, bayatıya istədiyi qədər söz və ifadə artırır. Burada söyləyicinin bayatı mətnini pis bilməsindən söhbət gedə bilməz, sadəcə, məqsəd duyğuların ifadəsidir, ona görə də hərdən məşhur bayatılarımız belə formasını dəyişir. Məsələn, aşağıda nümunə kimi verdiyimiz məşhur bayatının müasir formasına baxaq. Qeyd edək ki, hər iki variant Cəbrayıl rayonundan olan söyləyicilərin dilindən qeydə alınıb:

Aman fələh, dad fələh,

Heç olma gəl şad, fələh.

Bizə verdığın zəhərdən,

Bir özün də dad, fələh.
Fələh, fələh, dad, fələh,

Hurrey, fələh, şad fələh,

Bizim bu cahılları qırdın,

bizə köşkünnüh, qaşqınnıx qismət elədin,

Bizə pişirdiyin plovdan

Bircə sən də dad, fələh.

Bəzi hallarda söyləyici əlavələri bayatıda misraların sayının beşə, altıya çatmasına səbəb olur:

Qardaşı ölən qızdar bilir.

Göynən uçan üş qardaş.

Xançalı gümüş, qardaş.

Xeyrim-şərim olanda, ay qardaş,

Saçım sənə üzəngi,

Gəl qapımda düş, qardaş.

Qarabağdan toplanmış bayatıların kiçik bir qismi də cavab tələb edən bayatılardır. Müasir dövrdə belə bayatılara az rast gəlməyimiz həmin nümunələrin dəyərini bir az da artırır. Hiss olunur ki, bu bayatılar hansısa mərasimdə (aşağıdakı misallarda yasda) söylənmiş, mərasim özü unudulmuş, orada söylənmiş folklor mətnlərinin parçaları isə hələ də xalq arasında dolaşmaqdadır:

Əli bellilər, haray,

Şana tellilər, haray!

Balam ölüf, dəhnədən arxım üçüf,

Əli bellilər, haray!

Əli belli neynəsin,

Şana telli neynəsin?

Bir adam ki Allah-taaladan hebelə ola,

Ona əli belli neynəsin?

Ceyran, çölə bir də gəl!

Ördəh, gölə bir də gəl!

Nənən, dədən ağlamaxdan ölür, bala,

səni ant verrəm Allaha,

Bizim elə bir də gəl!
Sizin elə gəlmərəm,

Ceyran, çölə gəlmərəm,

Ördəh, gölə gəlmərəm!

Gəlmişəm qoşa dayılarımın yanına, gəlmişəm

xalamın yanına,

Ay nənə, tay sizin elə gəlmərəm!

Xatırladaq ki, biz bu bayatıları deyişmə formasında deyil, bir söyləyicinin ifasında qeydə alırdıq. Amma ehtimal etmək olar ki, bu bayatılar vaxtilə deyişmə formasında oxunmuşdur.

Bəzən söyləyicilər müasir dövrlə bağlı bayatılar da söyləyirdilər. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovla bağlı deyilən bayatılar bu fikrin sübutudur.

Kitaba salınmış bayatıların bir səciyyəvi cəhəti də müəyyən hissəsinin Hacı Qaraman ocağının nümayəndələrinin dilindən deyilməsidir. Bu halla Cəbrayıl rayonunun Sirik kəndindən olan söyləyicilərin repertuarında rastlaşdıq.

Qarabağlılardan xeyli layla da qeydə almışıq. Bunların böyük əksəriyyəti məlum layla mətnləridir. Söyləyicilər laylaları daha çox şeir kimi deməyə meyilli idilər. Hərdənbir bizim xahişimizdən sonra laylaları avazla oxuyurdular. Cəbrayılın Sirik kənd sakini, təxminən 80 yaşlı Ayna Xıdır qızı Əhmədovanın söylədiyi mətnlər isə dini zikrlərin layla formasında ifadəsi idi. Biz də həmin mətnləri “Dini şeirlər” bölməsində deyil, “Laylalar” bölməsində verdik.

Bəzən söyləyicilərdən nəvələrinə nağıl danışıb-danışmadığını soruşanda, “Eh, ay bala, indi nağıla qulağ asan var? Bütün günü oturullar telvizorun qavağında” – deyə gileylənirdilər. Buna baxmayaraq, qarabağlılardan xeyli nağıl qeydə ala bildik.

Mifoloji mətnləri danışan bəzi söyləyicilər danışdıqları mətnə o qədər də inanmır, “hamsı əfsanə şeylərdi”, “əvvəllər olufdusa da, indi elə şeylər yoxdu” kimi ifadələr işlədir, bəzən də “guya”, “guya da” kimi şübhə bildirən sözlərdən istifadə edirdilər. Ancaq bu, mütləq hal deyil. Söyləyicilərin əksəriyyəti danışdıqlarını baş vermiş hadisələr kimi qəbul edir, onları məhz özlərinin, yaxınlarının, qonşularının, kənddə və yaxud da qonşu kənddə kimlərinsə başına gələn hadisələr kimi qələmə verirdilər.

Digər bölgələrimizdə olduğu kimi, qarabağlı söyləyicilərimiz də alqışları həvəslə söyləyir, qarğış deməkdən isə çəkinirdilər. Çəkinməyin səbəbi o idi ki, alqış və ya qarğış söyləməyi xahiş etdikdə onlar həmin sözlərin (alqış və qarğışların) bizə ünvanlanacağını zənn edirdilər. Buna baxmayaraq, müəyyən qədər alqış və qarğış nümunəsi qeydə ala bildik. Qarabağdan qeydə aldığımız alqış və qarğışların arasında “Kitabi-Dədə Qorqud”la səsləşən mətnlərin olduğunu da müşahidə etdik:

Axar sular həmməşə axsın.

Qoyun olanda deyirlər, dırnağı bərk olsun.

Mal olanda deyirlər, höörü qalın olsun.

Yediyin yağ olsun,

Mindiyin bir köhlən daylağ olsun,

Gəzdiyin yaylağ olsun!

Atının dalınca qulun səhməsin.

Yükün binə tutmasın.

Yükün kölgə salmasın.

Yükün yığılmasın və s.

Kitaba “Bazar sözləri” və “Xörək sözləri” adlı bölmələr də daxil etmişik ki, bunları ilk təcrübə saymaq olar. Bu tipli mətnlər xalq arasında geniş yayılsa da, nisbətən az toplanan materiallar qrupuna aiddir. Görünür, bu materialların az toplanması həmin mətnlərin ezamiyyələr zamanı qeydə almağın çətinliyi ilə bağlıdır. Çünki atalar sözlərində olduğu kimi, bu mətnləri də toplamaq digər mətnlərlə müqayisədə daha çox vaxt tələb edir. Digər bir tərəfdən bu janrlar hər kəs tərəfindən deyil, daha çox müəyyən peşə sahibləri tərəfindən söylənilir. Odur ki, bu nümunələri iş prosesində (məsələn, bazar sözlərini elə bazarda) qeydə almaq daha effektiv nəticə verir.

Qarabağlılardan xeyli tapmaca da topladıq. Bunların bir qismi də riyazi məsələ formasında qurulan tapmacalardır. Digər bölgələrimizdə olduğu kimi, bu ərazidə də elə tapmacalarla qarşılaşmaq mümkün idi ki, müxtəlif tapmacaların açması eyni əşyadır. Bəzən də eyni tapmacanı söyləyicilər müxtəlif cür cavablandırırdılar.

Qarabağ folklorunun ən maraqlı janrlarından biri də oyunlardır. Azərbaycanda mövcud olan əksər oyunlar, demək olar ki, Qarabağ bölgəsində də mövcuddur. Ancaq bəzən Qarabağda digər bölgələrdə rastlaşmadığımız oyunlarla da qarşılaşırıq. Onlardan biri – “Cəhribəyim” oyunu üzərində dayanmaq istəyirik. “Cəhribəyim” oyununun adını Tərtər rayonunda eşitsək də, haqqında heç bir məlumat ala bilməmişdik. Cəbrayıl rayonu sakinlərdən isə bu oyun barədə xeyli material toplaya bildik. “Cəhribəyim” oyunu bu rayonda XX əsrin təxminən 50-ci illərinədək aktiv şəkildə oynanılarmış. İndi isə “Cəhribəyim” yalnız bəzi söyləyicilərin hafizərində, o da sönük şəkildə yaşayır. Qeyd edək ki, “Cəhribəyim” oyunu ilə bağlı xatirələri daha çox Cəbrayıl rayonunun Nüzgar, Sirik, Böyük Mərcanlı kəndlərinin sakinlərindən toplamışıq. Bəzi söyləyicilər bu oyunun yalnız qadınlar tərəfindən oynanıldığını vurğuladılar, bəziləri isə uşaqlar tərəfindən də ifa olunduğunu qeyd etdilər. Nüzgarlı söyləyicinin isə dediyinə görə, “Cəhribəyim” oyunu oynanılan yerlərə uşaqları və kişiləri buraxmazmışlar. Onların verdikləri məlumata görə, “Cəhribəyim”i oynayan qadınlar çöməlib oturmuş vəziyyətdə, gedə-gedə oxuyarmışlar. Ətrafda dayanıb sadəcə, oyuna tamaşa etməklə kifayətlənənləri isə oyun iştirakçıları qucaqlarına alaraq kolluğa, qanqallığa atarmışlar və bu, həmin adamlar tərəfindən heç də narazılıqla qarşılanmazmış. Sirik kəndindən olan söyləyicilər isə oyunun ayaqüstə, “didişmə” formasında oynanıldığını deyirdilər. Bir qadın o tərəfdən, bir qadın isə bu tərəfdən oxuya-oxuya gələrmiş, bir-birinə yaxınlaşdıqda isə “didişərmişlər”. Sözlərindən qalan parçalar da oyunun hərbə-zorba xarakterli olduğunu sübut edir:

Palazqulax Cəhribəyim.
Halay qurax, Cəhribəyim,

Gəlin quraq Cəhribəyim,

Hu, Cəhribəyim, hu, Cəhribəyim.

Qarı küsər, payın kəsər, Cəhribəyim .

Təəssüf ki, rastlaşdığımız heç bir söyləyici orada oxunan mahıların tam mətnini söyləyə bilmədi. Onlardan bəziləri həmin mahnılarda “hu, hu” nidasının bol olduğunu xüsusi qeyd edirdilər.

Söyləyicilər hətta həmin oyunu oynayan qadınlardan ikisinin – Sirik kənd sakinləri Mirvari və Qara Balaxanımın adını xüsusi qeyd etdilər. Həmin qadınlar bu oyunun ən gözəl ifaçıları hesab olunurmuşlar. Cəhribəyim oyununun necə yaranması ilə bağlı bir mətn də qeydə aldıq. Həmin mətndən aydın olur ki, ilk dəfə nahaq şərə düşmüş bir qadın şərdən qurtardıqdan sonra sevindiyindən yerdə çöməltmə oturaraq hoppana-hoppana bu oyunu oynamışdır. Bəzi söyləyicilər oyunun Axır çərşənbədə oynanıldığını, bəziləri isə həm adi günlərdə, həm Axır çərşənbədə, həm də iməciliklərdə oynanıldığını deyirdilər. Bəzən də müxtəlif sanamaların sözlərini (Usubbı, ay Usubbu və s.) də “Cəhribəyim”i oynayarkən oxunan sözlər kimi qələmə verirdilər.

Qarabağ folklorunun ən aktiv janrlarından biri də seyidlər, ocaqlarla bağlı söylənən rəvayətlərdir. Cinsindən, yaşından, təhsil səviyyəsindən asılı olmayaraq, demək olar ki, hər bir söyləyici bu janrda mətnlər danışa bilirdı. Tərtər rayonunda Bəyimağa, Seyid Yasin ağa, Seyid Yusif ağa və s. seyidlərlə bağlı rəvayətlər, Kəlbəcər rayonunda Seyid Usub ağa, Seyid Rza ağa, Şıx Həsən və b. adamlarla bağlı mətnlər, Cəbrayıl rayonunun sakinləri arasında isə Hacı Qaraman ocağı ilə bağlı rəvayətlər daha geniş yayılmışdır. Burada Hacı Qaraman ocağını xüsusilə qeyd etmək istəyirik. Cəbrayıl rayonunun, xüsusilə də Sirik kəndi və ətraf kəndlərin sakinləri Hacı Qaramanın və bu ocağın digər nümayəndələrinin adı çəkilən mətnləri daha həvəslə danışırdılar. Onlar arasında bu ocağa böyük məhəbbət və sonsuz inam müşahidə etdik. Həmin ocağın nümayəndələrindən danışanda “Onlara canım qurban, ay bala” – deyə ağlamsınan nə qədər söyləyici ilə rastlaşdıq.

Qarabağ lətifələri bir sıra xüsusiyyətlərinə görə maraq doğurur. Bu layihə əsasında çap olunmuş kitablara Azərbaycan folklorunun klassik lətifə qəhrəmanları Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı xeyli lətifə salınmışdır. Eləcə də Qarabağ folklorunun yerli lətifə qəhrəmanları ilə bağlı lətifələr də bu kitablarda kifayət qədərdir. Bizim topladığımız materialların arasında da xeyli lətifə vardır. Qarabağ lətifələrində maraqlı cəhətlərə rast gəlmək mümkündür. Bu lətifələrdən birində iki süjet birləşib. Lətifədə göstərilir ki, Mollanın xəbərdarlığına məhəl qoymayan oğlan ağacdan yıxılır və Molladan əcəlinin çatıb-çatmadığını öyrənmək istəyir. Mollanın cavabından sonra əslində lətifə tamamlanmalı idi, ancaq buraya daha bir süjet – qəbirdə yatma əhvalatı salınaraq lətifə davam etdirilir. Qarabağ lətifələrində həm də klassik lətifə qəhrəmanlarının müasir lətifələrdə iştirakını müşahidə etdik. “Mollayla aşıq”, “Mollayla rəis” bu tipli lətifələrə misal ola bilər. Qarabağlılar arasında Şəki lətifələri də söylənilir. “Ha indi kto tam?” adlı lətifə dediyimiz fikrin sübutudur.

Eyni süjetin müxtəlif folklor janrlarında təzahürü Azərbaycan folklorunda özünü göstərən haldır. Bu hadisə ilə Qarabağ folklorunda da rastlaşdıq. Vaxtilə Şəkidən topladığımız “Aldanmış vəkil” adlı nağılın Qarabağ ərazisində lətifə variantını müşahidə etdik (“Hamıya dız, maa da dız?”). Bu kitabın “Nağıllar” bölməsinə salınmış “Korun nağılı” və “Lətifələr” bölməsində verilmiş “Molla Nəsrəddinin fırıldağı”mətnləri də eyni süjet əsasında qurulmuşdur.

Təbii ki, Qarabağ folkloru yalnız yuxarıda adlarını sadaladığımız janrlarla məhdudlaşmır. Orada Azərbaycan folkloruna aid bütün janrlarla, həm də onların ən orijinal nümunələri ilə qarşılaşmaq mümkündür.

Toplama zamanı bizə göstərdikləri köməyə görə Tərtər rayonunun Evoba kənd sakini Azad Talıb oğlu Orucova və ailəsinə, Kəlbəcər rayonunun Əsrik kənd sakini Ayaz Məlik oğlu Verdiyevə və ailəsinə, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Kamil Məhəmməd oğlu Nəcəfova və ailəsinə, eləcə də Cəbrayıl rayonunun Şahvəlli kənd sakini Məhəmməd Əhməd oğlu Maqsudova və keçmiş tələbələrim Gülnar Akif qızı Həsənovaya, Eldəniz Kamil oğlu Nəcəfova dərin minnətdarlığımızı bildiririk.

MİFOLOJİ MДTNLДR, ДFSANД

VД RДVAYДTLДR
İNSANIN YARANMASI
I mətn

Dünya suyumuş, birdən suların yarsı quruyuf torpağ oluf. Əmmə birinci cannı balıxlar olufdu. Mən elə billəm ki, palçıxdan yaradıfdı qurban olduğum sifdə adamı. Soora bulara üfürüf can verif. Sifdə Adəmi yaradıv özü də. Soora fikirrəşif ki, ə, bı bir nəfər nağayrajax, mən niyə bir nəfər yaratdım da? Heyvannarı çüt-çüt yaradırmış: bir dişi, bir erkəh. Görür kü, adamı bir dənə – kişi xeylağı yaradıf da. Bunu nağayrajax? Soora qurvan olduğumun ağlına gəlif, Havvanı Adəmin qavırğasınnan yaradıf. Onçün deyillər ki, yarı insan. Qabırğadan yarandığına görə arvad ərin yarısı sayılır. Həə, durup arvadı da yaradıf, nəysə, bu da oluf Həvva ana. Bıllara da qəşşəh cənnət bağı yaradıf. İndi biz belə olmuyajıymışığ e. Deməh, cənnət bağı yaradıfdı, bıllara da deyifdi ki, bax bı gözəl bağları, meyvələri sizə yeməh yaratmışam da, bağ sizin olsun. Bı meyvələri yeyin, amma ortada deyif, bi dənə ağac var, ona toxunmuyun da. Qurban olduğum deyif ki, o, sizə ayit deyil da. Bı cənnətin hamısı sizindi. Bırda meyvələrdən nə isdəsaaz var. Bı ağaca toxummuyun. Bıllar da bir gün, beş gün, nəysə, gəzif-dolanıf yeyiflər. Bir də bu kor şeytan gəlif cənnətə, Həvva ananı yoldan çıxardıf. Deyifdi ki, o bi dənə ağaç var ha, onu Qurban olduğum özünə saxlıyıf, onu sizə niyə vermir? O yaxşı şeydi ki, onu sizə vermir da. Sizə ayrısın verir. Ged o almadan ye. Arvad gedif. Onçun deyillər ki, arvad öləndə dərin basdırıllar. Arvadın nəfsi, tamahı itidi kişininkinnən. Arvat gedif, tamahı durmuyuv almadan alıf yeyif, həmən bı qadağan olunmuş ağaşdan. Yeyif, soora kişini də yoldan çıxardıf. Deyifdi ki, Adəm, yaxşıdı, gə, sən də dad. Adəm də gəlif almadan dadıfdı. Bəs demillər, arvatdar kişini yoldan çıxardır? Həə, bax ordan yaranıf o məsəl. Soora Allah-taalaya ayan oluf ku, qadağan olunmuş sahəyə girif da bullar. Qurban olduğum bılları cənnətdən qovuf. Deyif ki, indi gedin, sizə cəza verəjəm. İndi özuuz bilərsiiz, mən sizə dedim cənnətdə durun, bı ağaca dəymiyin. Siz dəydıız, məni eşitmədıız, şeytanı eşitdıız. İndi bılları cənnətdən qovuf, deyiv özuuz bilin, nə yeyərsıız, nağayrarsıız. Qida qəbul eləməy, ifraz eləməy onnan soora yaranıfdı. Şeytana ləhnət, şeytan heylədi dayna. Şeytan Həvvanı yoldan çıxardıf.

Похожие статьи

  • Azərbaycan folkloru

    Азербайджанский фольклор – Azerbaijani folklore Азербайджанский фольклор ( азербайджанский : Azərbaycan folkloru) – это народная традиция…

  • Azərbaycan şifahi xalq ədəbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatı Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir….

  • Azərbaycan xalq yaradıcıllığı

    Azərbaycan xalq yaradıcıllığı Gülara, saya gəlməz, yazsaq dəftərə Şifahi xalq yaradıcılığı Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin…

  • Azərbaycan uşaq ədəbiyyatı antologiyası 1 cild

    Azərbaycan uşaq ədəbiyyatı antologiyası 1 cild Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur….

  • Azərbaycan musiqi tarixi

    Musiqi tarixi Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların,…

Comments are closed, but trackbacks and pingbacks are open.