Press "Enter" to skip to content

Geyim qaydaları nə deyir: Dress-kodun 6 əsas növü

Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbafta, xara, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı, mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. adlar altında məşhur idi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda, kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

Milli geyimlərimiz

Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır. Xalqın maddi mədəniyyətini, na xas xüsusiyyətləri əks etdirir geyimlər. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda, ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bugün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.

İbtidai geyimlər
Ən qədim insan geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Bu geyimlərin əyinlərinə ola bilməsi üçün heyvanların sümüklərini nazikləşdirərək dəriyə keçirib sap əvəzi istifadə edirdilər. Həmçinin gil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir.

İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdilər. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Sonrakı dövrlərdə Hindistanda istehsal olunmuş ilk kətan parçayla isə dəbin tarixində çevriliş oldu.

Qədim Misirdə geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi idi. Belə ki, Qədim Misirdə qulları bel ətrafında bağlanmış parçadan, kəndliləri sadə, quldarları isə bəzəkli geyimlərindən və qızıl zinət əşyalarından tanımaq olardı.

Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl geyimlərdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.

İlk olaraq ətəklər meydana gəlib. Ətəklərdən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilonlular, assuriyalılar və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində, qonşu torpaqları ələ keçirmək uğrunda mübarizədə və daim müharibədə keçirdiklərinə görə ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi şalvarlar meydana gəldi.

Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə hesab edilirdi ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Cəmiyyətdə bu cür düşüncələr İntibah dövrünə qədər mövcud idi. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərdən idi.

Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşlərinin nəticəsində bir çox Şərq geyim üslubları, parçalar və bəzək əşyaları Qərbə yol tapdı.

Milli geyimlər
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.

Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır.

XVII əsrdən etibarən Azərbaycan ipəkçilik və parçaçılıq sahəsində məşhur idi. Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.

Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbafta, xara, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı, mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. adlar altında məşhur idi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda, kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

XVI — XVII yüzilliklərdə Azərbaycan geyimləri zəngin inkişaf yolu keçmiş, milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. Geyimin forması onun yiyəsinin ailə vəziyyətini də əks etdirirdi. Subay qızların geyimləri evli qadınlardan fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.

Bu dövrdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu.

Kişilər ayaqları dar, yuxarı getdikcə enlənən şalvar geyinirdilər. Şalvarların rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. Bu dövrdə qadınlar da dabana qədər uzanan şalvarlar geyinirdilər. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.

XVIII əsrdə qadın geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Cavan gəlinlər isə daha gözəl və zəngin geyinirdilər.

Kişi geyimləri isə köynək, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi. Bir sözlə, geyimlər onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi.

Ləyaqət rəmzi papaqlar
Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə seçilirdi. Bura ipək kəlağayılar, çalmalar, naz-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.

Kişilərin isə əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

Kişinin başından papağı vurub salmaq onu və bütün nəslini təhqir etmək demək idi. Papağın formasına görə onun sahibinin sosial vəziyyətini müəyyənləşdirmək olardı.

Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab edilirdi.

P.S. Tarixən bütün Şərq ölkələrində insanı geyiminə görə qarşılayıblar. Günümüzdə də bu ənənə bir çox ölkələrdə mövcudluğunu saxlayır. Yalnız bunu nəzərə alsaq, geyimin nə qədər mühüm bir vasitə olduğunu düşünmək yetər.

Mənbə: «Discovery Azərbaycan» jurnalı

Geyim qaydaları nə deyir: Dress-kodun 6 əsas növü

Psixoloqların bildirdiyi kimi: bir insanın həmsöhbətində özü haqqında ilkin təəssürat yaratması üçün 30 saniyə, bu təəssüratı dəyişdirmək üçün isə 5 il lazımdır. Buna görə də karyeranız iş bacarıqlarınız və təcrübələrinizlə yanaşı, nə cür pencək geyinməyinizdən və ya ayaqqabınızın rəngindən, qalstuku necə bağlamağınızdan və köynəyinizin rəngindən asılı olacaq. Bu səbəbdən də qarderobunuzda yalnız gündəlik geydiyiniz cins, sviter və futbolkalar yox, həm də bir neçə ciddi kostyum və köynək olmalıdır. Eyni qaydalar qadın qarderobuna da aiddir. Dress-kod – bu söz çoxlarına tanışdır, lakin heç də hamı onun nə mənaya gəldiyini tam anlamır. Belə götürsək, dress-kod Sizin obrazınızın vəziyyətə uyğunluğunun zəruriliyidir. İnsan həyatı boyunca özü də bilmədən müəyyən geyim normalarına əməl edir. Bu, məktəbli formasından başlayır, ardından institut illəri və iş fəaliyyətində də davam edir, müxtəlif rəsmi tədbirlərdə və ya bayramlarda əməl olunur. Razılaşın ki, təntənəli tədbirə şort və maykada getməzsiniz və ya idman məşqinə işgüzar kostyumda yollanmazsınız. Həyat boyu uyğun geyim qaydalarına riayət etmək ehtiyacı ilə düşünə biləcəyinizdən də çox qarşılaşırıq. Dress-koda əməl etməsi daha çox vacib olanların təxmini siyahısı belədir: – siyasətçilər – iş adamları – müəllimlər – dövlət qurumlarının işçiləri – bank sektorunun işçiləri – fəaliyyətlərinin xarakterinə görə müştərilər və ya tərəfdaşlarla əlaqəda olan şirkətlərin işçiləri. Dress-kodun, onun təyinatının nə olduğunu və ona əməl etməməyin nələrə səbəb ola biləcəyini anlamağa çalışaq. Niyə həmişə bunu nəzərə almalıyıq? “Dress-kod” termini Böyük Britaniyadan dünyaya yayılıb və müəyyən olunmuş geyim tərzini ehtiva edib. Müasir dünyada insanın üslubuna və imicinə getdikcə daha çox diqqət yetirilir. İşlə bağlı müraciət edərkən iş görüşməsində və ya ilk görüşdə diqqəti cəlb edən ilk şey nədir? Əlbəttə ki, bu, xarici görünüşdür. Qarderobumuzun hər şeyi, hər detalı və aksesuarı, seçilmiş rəng, üslub – bütün bunlar haqqımızda düşündüyümüzdən də çox şey söyləyə bilər. Anadangəlmə üslub və harmoniya duyğusu olan insanlar var. Onlar üçün özlərinin lazımlı imiclərini yaratmaq və uyğun geyimi seçmək heç bir problem yaratmır. Ancaq bunu olduqca çətin proses kimi yaşayan insanlar da var və artıq belə hallarda bu məsələni öyrənmək lazımdır. Harmonik obrazın nəyə əsaslandığını anlamaqla müstəqil olaraq haqqınızda çox şey söyləyəcək, individuallığınızı və cəlbediciliyinizi vurğulayacaq öz üslubunuzu yarada bilərsiniz. Dress-kodun hansı növləri var? “Report” bu məqalədə sizə dress-kodun əsas və ən çox yayılmış növləri barədə məlumat verəcək. WHITE TIE (və ya ULTRA-FORMAL) Dress-kodun bu tərzi ən sərtidir. İndi artıq buna tez-tez rast gəlinmir. Onu artıq “nəsli kəsilməkdə olan” da adlandırmaq olar. Bu üslubun qaydalarının əksəriyyəti yarandığı vaxtdan – 19-cu əsrdən bəri dəyişməyib.

Kişilərin qara frak, ağ qalstuk-kəpənək, ağ jilet, ağ əlcək, cib saatı və qara laklı dəri ayaqqabılardan ibarət geyimi nəzərdə tutulur. Tünd jilet yolverilməzdir. Qadınlar üçün isə döşəməyədək uzanan paltar, əlcəklər, corablar, hündürdaban qapalı ayaqqabı, xəz bel örtüsü, zinət əşyaları, kiçik çanta tövsiyə olunur. Açıq saçlar, bijuteriya, saatlar, açıq əllər yolverilməzdir. BLACK TIE Bu gün bu üslub ən geniş yayılmışıdır. Belə geyimdən təxminən axsam saat 8-də başalayan rəsmi qəbulda, teatr və ya opera premyerasında, xeyriyyə tədbirində, toyda istifadə etmək olar.

Kişilərə icazə verilir: qara smokinq, qara kəpənək, qol düymələri, laklı olmayan ipli qara ayaqqabılar. Qadınlar isə dizin altından olan kokteyl paltar və ya uzun axşam paltarı (uzun paltar yalnız xanımı bəy müşayiət edərsə, geyilir), hündürdaban ayaqqabılar, zinət əşyalarından istifadə etmək lazımdır. COCKTAIL Bu kateqoriyadakı tədbirlər, bir qayda olaraq, gündüz vaxtı başlayır və təxminən axşam saat 8-dək davam edir. Bu, hansısa təqdimat, açılış, sərgi, premyera ola bilər. Bunlar əvvəlkilər kimi təntənəli xarakter daşımırlar. Ancaq yenə də əsas qaydaları unutmamalıyıq:

Kişilər üçün: qalstukla klassik tünd kostyum, klassik ayaqqabı. Qadınlar üçün: dizə qədər və yuxarı kokteyl paltarı, şalvarlı kostyumlar, hündürdaban ayaqqabılar və ya səndəllər. Zinət əşyaları kimi həm qiymətli, həm də süni daşlara icazə verilir, lakin bütün dəsti geyinmək arzuolunmazdır, bir-iki əşya ilə kifayətlənmək daha yaxşı olardı. BUSINESS BEST və BUSINESS TRADITIONAL Dress-kodun bu tipi ciddi iş tərzini təmsil edir. Əksər hallarda vacib görüşlər, danışıqlar, konfranslar üçün təyin olunur.

Kişilər üçün aşağıdakılar məqbuldur: işgüzar kostyumu (adətən, tünd mavi rəngli, nazirk xətlərin olmasına icazə verilir), ağ köynək (qol düymələri ilə olsa, daha yaxşı olar), qalstuk, klassik qara ayaqqabı. Qadınlar üçün: boz, göy və ya bej rəngli şalvarlı və ya yubkalı kostyum, yüngül bluz-köynək, qara rəngli və ya kostyum rəngindəki alçaqdaban ayaqqabı. A5 (və ya AFTER FIVE) Dəvətnamədə A5 kodu varsa, özünüzü itirməyin, bu, sadəcə axşam saat 5-dən sonra başlayan geyim kodunun işarəsidir. Bu halda paltar seçimində bir az sərbəst olmaq mümkündür. Bu, korporativ tədbirlər, after party və digər qeyri-rəsmi tədbirlər ola bilər.

Kişilər üçün: kostyum (ciddi olması mütləq deyil), klassik cins, velvet şalvar, keyfiyyətli trikotaj, klub gödəkçələri, qalstuk (mütləq deyil), klassik ayaqqabılar, mokasin ayaqqabı. Qadınlar üçün: kokteyl paltarı, üst geyim və ətək, ətəkli və ya şalvarlı zərif kostyum, hündürdaban ayaqqabı. CASUAL Bu, gündəlik geyimi nəzərdə tutur. Hər gün iş vaxtı xaricində geyindiklərimiz. Burada heç bir qadağa yoxdur və tam seçim azadlığı mövcuddur.

İdman matçına və ya şəhər kənarında piknikə getməyə hazırlaşırıqsa, nə etməliyik? – Təntənəli yox, əyləncəli tədbirə, piknikə və ya idman tədbirinə dəvət edilmişsinizsə, qeyri-rəsmi üslub uyğun olardı – cins, futbolka, reqlan, idman ayaqqabısı və s. Belə tədbirlərə gedərkən onun xarakterinə diqqət eləmək lazımdır. Paltarda qəbuledilməz birləşmələr Yalnız rəsmi qəbullarda deyil, həm də gündəlik həyatda geyilməsi qəti qadağan olunan paltar və aksessuarlar var. Məsələn: – qəsdən göstərilən loqotiplər – dərin sinə dekoltesi – şəffaf parçalar – çəkələk – açıq ayaqqabı ilə corab. Özümüz öz obrazımızı yarada bilərik Obraz – vəziyyətdən və başqalarına necə təsir bağışlamaq istədiyimizdən asılı olaraq, yaratdığımız şeydir. Çox vaxt özümüzü həyatımızın digər sahələrinə necə təsir edə biləcəyini dərk etmədən bir obraza sürükləyirik və ondan necə çıxacağımızı bilmirik, ya da bəzən bunu istəmirik. Lazımi obrazlar yaratmaq da ustalıqdır və bunu öyrənmək olar. Bəs onda harmonik obraz nədir? Hər şeydən əvvəl, bu, insanın öz-özüylə harmoniyasıdır, özünü bir şəxsiyyət kimi anlamasıdır. Paltar rənglərini təbii koloritinizlə uyğunlaşdırmaq, rəngi idarə etmək bacarığı. Özünü hiss etmək, paltarları bədən tipinizlə uyğunlaşdırmaq. Obrazınızın vəziyyətlə, statusunuzla və yaşınızla uyğunluğu. Geyim üslublu olan insan paltarın köməyi ilə özü haqqında demək istədiyini deyən və bu anda daxili və xarici baxımdan harmonik görünən insandır.

Comments are closed, but trackbacks and pingbacks are open.