Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar
“Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi məsəllər çox məşhurdur.
Azərbaycan haqqında
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-dən özünün dövlət müstəqilliyini bərpa edərək dövlətçilik fəaliyyətini uğurla davam etdirir. Xəzər dənizi hövzəsinin qərbində yerləşən Azərbaycan şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Azərbaycan Respublikasının ərazisi rəsmən 86 600 kv.m-dir, əhalisi isə 10 000 000 nəfəri ötmüşdür. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, və digər əhəmiyyətli təşkilatların üzvüdür.
Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan ərazisində ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəl yaşadığına dair ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur.Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdır.
Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynamışdır.Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində və ölkənin iqtisadi-mədəni tarixində mühüm rol oynamışlar.III əsrdə Azərbaycan ərazisi Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti tərəfindən işğal edildi. İşğallar ölkəyə İrandan və Ərəbistandan İran və ərəb mənşəli əhalinin köçüb gəlməsinə səbəb oldu. Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynadılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdi. Həmin dövrdən başlayaraq türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilərək əlaqələndirici rol oynayır, xalqın formalaşması prosesində iştirak edirdi. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu olmuşdur.
Azərbaycan xalqı XI əsrdə tam formalaşmışdır.IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, X əsrdə isə Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yaranmışdır. XI əsrdən etibarən isə Azərbaycan ərazisi Səlcuqların yürüşlərinə məruz qalmış və bütün Azərbaycan torpaqları vahid Səlcuq dövləti altında birləşdirilmişdir. Bu dövrlərdə yaranan və fəaliyyət göstərən Azərbaycan Atabəylər Dövləti çox böyük əraziləri birləşdirərək Azərbaycan dövlətçiliyində böyük rol oynamışdır. XIII əsrdən isə Monqollar Azərbaycan ərazisinə yürüş etməyə başlamışlar. Bunların nəticəsi olaraq monqol əsilli Hülakülər dövləti bu ərazilərdə hökmranlıq etməyə başlamışdır. Hülakülər sülaləsinin ardınca isə Azərbaycan ərazisində Cəlairilər sülaləsinin hakimiyyət dövrü başlamışdır.
Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar
Rusiyanın “Vestnik Kavkaza” portalında Azərbaycanın təbiəti, mətbəxi, mədəniyyəti, milli adət-ənənələri, müasir tikililəri barədə “Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC maraqlı fotoşəkillərlə müşayiət olunan məqaləni təqdim edir.
X X X
Bakıda “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunları keçiriləndən sonra Avropada heç kəsin şübhəsi qalmadı ki, Azərbaycan – Avropa ilə Asiyanı birləşdirən müasir dövlətdir. Britaniyanın ən qədim gündəlik nəşri olan “The Daily Telegraph” qəzeti “Səyahətlər” rubrikasında Azərbaycana həsr edilmiş materialda bu ölkənin mədəniyyətinin və onun mentalitetinin bəzi cizgilərini açıqlayır.
Bu ölkədə fəsəlini xoşlayırlar
İçlikli fəsəlinin bir növü olan qutab Azərbaycanın milli yeməyidir. Onun içərisinə balqabaq, tərəvəz, ət və ya sadəcə ətirli göyərti doldurur, sonra bükərək tavada və ya sacda bişirirlər. “Nutella”nı unudun, Azərbaycan fəsəliləri çox dadlıdır.
Qədim insan məskəni
Azərbaycanın qərbində yerləşən Azıx mağarasının lap dibində arxeoloqlar 1,5 milyon il bundan əvvəl hazırlanmış alətlər aşkar ediblər. Mağara kompleksinə daxil olan altı zalda çoxlu sayda qədim əşyalar var. Mütəxəssislərin fikrincə, bu mağaralarda iki milyon il ərzində insan yaşayıb.
Sərhədlərdə problemlər
Azərbaycanın qərbindəki sərhədi keçəndən sonra qondarma muxtar respublikaya – Dağlıq Qarabağa düşürsünüz. Dağlıq Qarabağ Azərbaycanın tərkibində beynəlxalq miqyasda tanınmış bölgədir. O, qeyri-adi dərəcədə gözəl dağ zirvələri, regionun vadilərində bitən tut və üzüm bağları ilə məşhurdur.
Azərbaycanlılar çayı mürəbbə ilə içirlər
Azərbaycanda heç bir məclis çaysız keçmir. Çayın yanında çoxlu əlavələr olur. Adətən çayı mürəbbə ilə içir, ona kəklikotu, limon, nanə və ya qızılgül suyu əlavə edirlər.
Şirin çay olmasa, toy da olmayacaq
Elçilik zamanı çay hadisələrin sonrakı inkişafının indikatorudur. Əgər çay şəkərsiz verilsə, bu, o deməkdir ki, müzakirələri hələ davam etdirmək lazımdır. Əgər çay şirindirsə, deməli toy olacaq
Qəhrəman atlar
Sürətli yerişi, ağıllı davranışı və dözümlülüyü ilə məşhur olan Qarabağ atı Azərbaycanın milli rəmzi hesab edilir. Bu endemik heyvan dünyada ən qədim cinslərdən biridir.
Əslində ölkə çox böyük deyil
Azərbaycanın ölçüləri onunla həmsərhəd olan Türkiyə, İran və Rusiya ilə müqayisədə kiçikdir. Lakin ərazisi 86,600 kvadratkilometr olan Azərbaycan Uelsdən təxminən 4 dəfə böyükdür.
Ölkədə atalar sözlərini xoşlayırlar
“Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi məsəllər çox məşhurdur.
Azərbaycanda metal dirəklər üzərində tikilmiş bir şəhər var
“Neft daşları” qəsəbəsi əvvəlcə Xəzər dənizində yeganə buruq vışkası və bir neçə piyada cığırı şəklində yaradılmışdı. Bu gün isə o, metal dirəklər üzərində ucaldılmış bütöv bir şəhərdir. Burada mağazalar, mədəniyyət mərkəzləri və mehmanxanalar var.
Qaz ehtiyatları tükənməzdir
Yanardağ deyilən odlu dağda yerdən püskürən alovun mənbəyi çox böyük yeraltı qaz yataqlarıdır. Bakının yaxınlığında yerləşən bu dağ əsrlər boyu səyyahları və işğalçıları özünə cəlb edib. XIII əsrdə tədqiqatçı Marko Polo burada gördüyü əsrarəngiz yanğınlar barədə yazıb. Təbii qaz Azərbaycanda ciddi gəlir mənbəyidir: 2013-cü ildə 29 milyard kubmetr mavi yanacaq hasil edilib.
Üzümlüklərin sayı-hesabı yoxdur
Azərbaycan neft-qaz satışından çox böyük mənfəət əldə etməsinə baxmayaraq burada, həmçinin dənli bitkilər, üzüm və pambıq da yetişdirilir, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar.
Bu ölkənin valyutası avroya oxşayır
Azərbaycanın valyutası manat avro əsginaslarına çox oxşayır – həm ölçülərinə, həm rənglərinə, həm də şriftlərinə görə. Lakin hər bir əsginasın milli eyniyyətini göstərən müxtəlif aspektlər var: beş manat dəyərində əsginasın üzərində mili himndən bir parça yazılıb, 20 manatlıq əsginaslar qılınc, qalxan və dəbilqə rəsmləri ilə bəzədilib.
Azərbaycanlılar güclü millətdir
Bakıya yolunuz düşsə armrestlinq yarışlarında iştirak edə bilərsiniz. Ölkənin peşəkar liqasını Armrestlinq Federasiyası təmsil edir. Bakının idman zallarında və barlarda bu məşğuliyyətə çox ciddi yanaşırlar.
Lax yumurta iyi gəlir? Təqsir vulkanlardadır
Azərbaycanda 400-dən çox palçıq vulkanı var. Dünyanın heç bir başqa ölkəsində bu qədər vulkan yoxdur. Vulkanlar püskürəndə alovun hündürlüyü 1 kilometrə çatır. Sakit vəziyyətdə vulkanlar qabarcıqlar şəklində zərərli qazlar buraxır.
Azərbaycanda yaxşı xalçaları xoşlayırlar
Azərbaycanda xalça muzeyi 2014-cü ildə Bakıda, dəniz sahilində açılıb. Muzeyin binası nəhəng ölçülü bükülü xalça formasında layihələşdirilib. Muzeydə ölkənin bütün guşələrindən gətirilən və bütün dövrlərə aid xalçaları görmək olar. Burada xalçalarla tanışlıq xalça istehsalı prosesinin nümayişi ilə müşayiət edilir.
Musiqi ilə müşayiət edilən milli oyun
Çövkan polo oyununu xatırladır: oyunçular at belində, əllərində ucu əyri ağac olmaqla oynayırlar. Lakin polo ilə oxşarlıq yalnız bundan ibarətdir. Çövkan oyunu musiqi ilə müşayiət edilir və bütün oyunçuların əynində milli kostyumlar – genbalaq şalvar, tikməli nazik köynək, başlarında papaq olur.
Bütün uşaqlar mil ilə toxumağı bacarır
Ənənəvi “Yeddi gözəl” turnirinə hazırlıq çərçivəsində qızlar lap erkən yaşdan bəzi geyimləri mil ilə toxumağı öyrənirlər. Qızlar sürətlə corab toxumaqda yarışırlar. Kimin toxuduğu corab daha tez hazır olsa və yaxşı olsa, turnirin qalibi həmin qız olur.
Bakılılar çox bənzərsiz adamlardır
Azərbaycanın paytaxtını öz qeyri-adi memarlığına və insanların zinət əşyalarını xoşlamalarına görə çox vaxt Dubayla müqayisə edirlər. Bakının ən mühüm memarlıq nümunələri Zaha Hadid tərəfindən layihələndirilmiş möhtəşəm Heydər Əliyev Mərkəzi, SOCAR-ın baş ofisinin yerləşdiyi güzgülü göydələn və Azərbaycanın neft və qaz ehtiyatlarının rəmzi olan Alov qüllələridir.
Paytaxtda qayıqla üzmək olar
Bakıda “Kiçik Venetsiya” deyilən süni su kanalı var. Kanal boyunca restoranlar və əyləncə müəssisələri yerləşir. “Kiçik Venetsiya”da körpülər və keçidlərlə birləşən adalar var, lakin ona tamaşa etməyin ən yaxşı üsulu qondola qayığına minməkdir.
Rus dilinin uzun tarixi var
Azərbaycanlılar Azərbaycan dilində danışır, lakin rus dili burada geniş yayılıb. İngilis dilində danışanlar da çoxdur. Burada tərcüməçiyə ehtiyac yoxdur.
Çörək müqəddəsdir
Çörək köhnələndə azərbaycanlılar onu zibil qutusuna atmırlar. Onlar çörəyə hörmət əlaməti olaraq onu başqa tullantılardan ayırıb xüsusi kisələrə yığırlar. Əgər sizin əlinizdəki çörək yerə düşübsə, ənənəyə görə çörəkdən üzr istəmək əlaməti olaraq onu qaldırıb öpmək lazımdır.
Sonuncu kolxozlardan biri bu ölkədədir
Sovet dövrünün qalığı sayılan İvanovka kolxozu bütöv bir icma ilə təmsil olunub. (Nikitin adına kolxoz Azərbaycan üçün həqiqətən nadir hadisədir. 1996-cı ildə ölkədə aqrar islahat keçirildi, torpaq xüsusi mülkiyyətə verildi. Lakin Nikitin kolxozunun üzvlərinə heç kəs toxunmadı. Bakıda qərara aldılar ki, bu insanlar kollektiv şəraitdə yaşayıblar, qoy bundan sonra da belə yaşasınlar. Bu istisna həmin icmanı qoruyub saxlamaq, rus əhalinin arzusuna uyğun olaraq onların yığcamlığını saxlamaq xatirinə edildi. – Redaktorun qeydi)
Uşaqları duzlu suda çimizdirirlər
Hesab edirlər ki, əgər təzə doğulmuş uşaqları duzlu suda çimizdirsəniz, onlar güclü, namuslu və cəsur olacaqlar.
Azərbaycan haqqında maraqlı faktlar
Azərbaycan haqda bilmədiyimiz hələ nə qədər maraqlı və eyni zamanda, təəccübləndirici məlumatlar var. Bəs siz bunları bilirsinizmi?
Odlar Yurdu
Azərbaycanı həm də “Odlar Yurdu” adlandırırlar. Bunun bir neçə səbəbi var. “Azərbaycan” sözünün təxmin edilən mənalarından biri “alov qoruyucusu” deməkdir. Bundan başqa, ölkəmiz neft və təbii qaz ehtiyatları ilə zəngindir və qədimdə atəşpərəstliyin mərkəzi olmuşdur. Bu gün də Yanardağ və Atəşgahı ziyarət edənlər və Alov qüllələrini görənlər bu adın həqiqiliyinə əmin ola bilərlər.
Multikultural ənənələr
Azərbaycan qədim İpək Yolunun üzərində yerləşdiyi üçün karvan yolları ilə müxtəlif xalqlardan olan çoxsaylı tacir və səyyahlar ölkəmizdən keçiblər. Məhz bu, xalqımızın tolerant və fərqli mədəniyyətlərə hörmətlə yanaşmasında mühüm amillərdən olmuşdur. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif dinlərə etiqad edənlər, eləcə də azsaylı xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Qadınların seçki hüququ
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin və xalqımızın tarixində mühüm iz buraxıb. Məhz AXC dövründə – 1918-ci ildə qadınlara seçki hüququnun verilməsinə dair qərar qəbul olunmuşdur. Bununla da, Azərbaycan müsəlman Şərqində bu yenilikçi addımı atmış ilk ölkə olmuş və hətta əksər Qərb ölkələrini də qabaqlamışdır. AXC ənənələrini bu gün Azərbaycan Respublikası davam etdirir.
Palçıq vulkanları mərkəzi
Azərbaycan palçıq vulkanlarının sayına görə dünya rekordçusudur – hesablamalara görə, ölkəmizdə 350-dən çox palçıq vulkanı mövcuddur. Bu da dünyadakı bütün palçıq vulkanlarının təxminən yarısı deməkdir. Bu qeyri-adi landşaft formasına Bakı ətrafı, Xəzər dənizi və sahillərində daha çox rast gəlinir. Dünyanın ən böyük palçıq vulkanları da Azərbaycandadır.
Miniatür Kitab Muzeyi
Dünyanın ilk Miniatür Kitab Muzeyi İçərişəhərdə yerləşir. Bu qeyri-adi muzey dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Zərifə Salahovanın şəxsi kolleksiyasının nümayiş olunduğu bu muzeydə 5500-dən artıq kitab sərgilənir. Muzeyin ən kiçik eksponatı isə yalnız lupa ilə oxumaq mümkündür.
Neft nailiyyətləri
Azərbaycan neft sənayesi tarixində bir sıra ilklərə imza atıb. 1901-ci ildə Bakı dünya neftinin yarısından çoxunu, İkinci Dünya Müharibəsi illərində isə SSRİ-də hasil olunan neftin təxminən 75%-ni, tank və təyyarələr üçün yanacağın böyük hissəsini təmin etmişdir. İlk neft tankeri, neft boru xətti, avtomatik üsulla qazılmış neft quyusu da Bakının zəngin neft tarixi ilə bağlıdır.
Xəzərin sahilində
Azərbaycan şərq sərhədləri dünyanın ən böyük gölü Xəzərin suları yuyur. Xəzər yalnız neft və qaz yataqları ilə deyil, həm də nərə balıqlarının təbii məskəni kimi tanınır. Bakı, Lənkəran və Xaçmazda mövcud çimərliklər isə yerli və xarici turistlərin sevimli istirahət mərkəzləridir. Bakı Xəzər sahilində ən böyük şəhərdir. Burada regionun ən böyük limanı fəaliyyət göstərir və Avropanın ən uzun dənizkənarı bulvarlarından biri yerləşir.
Heydər Əliyev Mərkəzi
Dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzi onun son işlərindən biridir. Bu memarlıq incisi 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülüb. Görünüşü, forması və bəyaz rəngi ilə hər kəsin qəlbini fəth edən bu bina müasir Bakının simvoluna çevrilib. Mərkəzdə maraqlı muzeylər və sərgilərə baş çəkə, konsertlərin tamaşaçısı ola bilərsiniz.
Qarabağ atı
Azərbaycanın əvəzolunmaz qürur mənbəyi Qarabağ atıdır. Bu atlar sürətli və dözümlü olduqlarına görə yüksək qiymətləndirilir. Qarabağ atlarının şabalıdı rəngi isə onların fərqləndirici əlamətlərindəndir. Ağdamda Qarabağ atı cinsinin inkişaf etdirilməsi üçün Qarabağ Atçılıq Kompleksi fəaliyyət göstərir. 1956-cı ildə Qarabağ atı Britaniya kraliçası II Yelizavetaya hədiyyə olaraq verilmişdir.
Xalçaçılıq
Azərbaycanda özünəməxsus naxış, rəng və motivləri ilə seçilən yeddi xalçaçılıq məktəbi mövcuddur. Azərbaycan xalçaları mürəkkəb toxunma texnikası, saplarının təbii rənglənmə metodu və uzunömürlü olmasına görə bütün dünyada məşhurdur. Dünyanın ən iri xalça kolleksiyalarından biri məhz Azərbaycan Xalça Muzeyində qorunur. Bu muzey formasına görə bükülmüş xalçanı xatırladır.
Похожие статьи
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
AZƏRBAYCAN ETNOQRAFİYASI Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və…
-
Azərbaycan iii-ix əsrlərdə Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada,…
-
Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri
Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi….
-
Azərbaycan tarixi mehman abdullayev bdu
Azərbaycan Respublikası Alban-Udi-Xristian İcmasının sədri, BDU-nun Kompleks geoloji və geofiziki tədqiqatlar elmi-tədqiqat laboratoriyasının böyük elmi…
Comments are closed, but trackbacks and pingbacks are open.