Press "Enter" to skip to content

Azrbaycan irsi pasportlaşdırma xalq oyunları novruz balaban

Tahir Orucov
filalogiya üzrə fəlsəfə doktoru

Azrbaycan irsi pasportlaşdırma xalq oyunları novruz balaban

Azərbaycan folklorunun tarixi çox qədimlərə, Azərbaycanın müxtəlif ərazilərində – Qarabağda (Azıx, Tağlar), Naxçıvanda (Qazma), Kəlbəcərdə (Zar), Qazaxda (Daşsalahlı, Aveydağ, Damcılı) və s. ilk insan məskənlərinin meydana çıxması ilə eyni vaxta təsadüf edir. Bu anlamda Azərbaycan dünyanın ən zəngin folklor məkanlarından birinə malikdir. Folklorun, başqa sözlə xalq ədəbiyyatı nümunələrinin yaranmasında bütün xalq iştirak edir. Belə ki, hər bir məsəl, lətifə, nağıl, mahnı, bayatı, xalq oyunu, xalq tamaşası xalqın gündəlik həyatının məhsuludur və folklorşünaslıq elminin predmetidir. Bu baxımdan aparılan tədqiqatlar sübut edib ki, Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, o cümlədən folklorunun inkişafında və təkamülündə doğma vətənimizin ayrılmaz bir hissəsi olan Qarabağın folklor mühiti əvəzsiz və böyük rolu oynayıb.
Qarabağ folklorunu dərindən öyrənmək üçün əvvəlcə bu regionun tarixi ərazilərini, hüdudlarını müəyyənləşdirmək vacibdir. Çünki bunu aydınlaşdırmadan burada baş verən ədəbi-mədəni hadisələri də tam şəkildə təsəvvürə gətirmək mümkün deyil. Azərbaycan Sovet Ensiklopediyasının III cildində oxuyuruq: “Qarabağ – Azərbaycanda tarixi vilayətdir. Kiçik Qafqaz dağlarından başlamış, Kür və Araz çayları arasındakı ərazini əhatə edir. “Qarabağ” adı mənbələrdə XII əsrdən başlayaraq çəkilir. SSRİ ərazisində ən qədim insan məskənlərindən biri Qarabağda aşkar olunub. Şərqi Zaqafqaziyada geniş yayılmış Xocalı-Gədəbəy mədəniyyətinin zəngin abidələri də ilk dəfə Qarabağda tapılıb. Qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ Qafqaz Albaniyasına daxil idi. Qarabağda alban tayfaları (utilər və qarqarlar) yaşayırdılar. Qarabağ uzun müddət Sasani əsarətinə qarşı mübarizə mərkəzlərindən biri olub. IV əsrdə Qarabağın dağlıq hissəsində xristianlıq yayılmağa başladı. Ərəb işğalından sonra Qarabağın düzənlik hissəsində və şəhərlərdə yaşayan əhali islam dinini qəbul etdi. Qarabağın dağlıq hissəsi – Arsaxda yaşayan əhali isə xristianlığı saxladı. Bu vəziyyət Qarabağ əhalisinin etnik tərkibinin formalaşmasının iki istiqamətdə getməsinə mühüm təsir göstərdi. Qarabağ X əsrdən Şədaddilərin, XI əsrin ortalarından isə Səlcuqilərin, hakimiyyətinə keçdi. XII əsrin ikinci yarısından etibarən Qarabağ Eldəgəzlər dövlətinin tərkibində idi. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində Xaçın feodal knyazlığı yarandı. Sonrakı əsrlərdə bu knyazlıq Xəmsə adlanan beş məlikliyi birləşdirirdi”.
Göründüyü kimi, Qarabağ ərazisi tarixi hadisələrin gedişatından asılı olaraq zaman-zaman dəyişsə də, genişlənib sıxılsa da, tarixçilərimiz qədim mənbələrdən sübut etmişlər ki, Qarabağ ərazisi Araz və Kür qovuşandan (İki çayarası) Xuan qalasınadək, indiki Qırmızı körpü civarlarında (Borçalı qəzasının əhatə etdiyi torpaqlar da nəzərə alınmaqla) bir tərəfi isə Cermuxa qədər, Göyçə gölü sərhədlərində, o biri yandan isə Sisakan, Gorus, Mehri-Zəngəzur dağ silsiləsi boyunca Qarabağa daxil olub, qədim Aran-Arsaq ərazilərini əhatə edib. Bu ərazi Qarabağın həm aran, həm də dağlıq hissələrini təşkil edir. Tədqiqatçı Q.Qeybullayev bu münasibətlə yazır: “Eramızın birinci əsrində Alban çarı Aran Arazdan Xuan qalasınadək Alban ovalığı və dağlarını irsən aldı. Qarabağ, o cümlədən indiki Dağlıq Qarabağ son iki min il ərzində Azərbaycanın tərkib hissəsi olub”.
Azərbaycanın hər yerində olduğu kimi, Qarabağ ərazisində də ilk ədəbi nümunələri el şairləri yaradıb və bu da öz əksini folklorda tapıb. Azərbaycan türk-oğuz folklorunun elə janrları var ki, daha çox Qarabağ regionu ilə bağlıdır. Azərbaycanın əvəzsiz sənət nümunəsi olan “Dədə Qorqud” dastanına diqqət yetirdikdə açıq-aydın görünür ki, boylardakı hadisələrin əksər hissələri Qarabağ ərazisində baş verib və dastanda adı çəkilən yer adlarının – toponimlərin bir qismi tarixən də, indinin özündə də, Qarabağda olub.
Qarabağ folklor mühiti öz mövzu əhatəsinə, məzmun müxtəlifliyinə, özünəməxsus xüsusiyyətlərinə görə seçilmiş, hər zaman zənginliyi ilə tanınıb. Bu tükənməz söz xəzinəsinin toplanması, sistemləşdirilməsi, tədqiqi və öyrənilməsi həmişə folklorçuların, tədqiqatçıların, alimlərin, dilçilərin, ədəbiyyatşünasların diqqət mərkəzində olub. Qarabağdan toplanan folklor nümunələrində regionun coğrafi mənzərəsi, orada yaşamış əcdadlarımızn ilkin həyat və məişəti, adət-ənənələri öz əksini tapıb.
Qarabağın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Xalq oyunlarının tarixi çox qədimlərə getməklə yanaşı, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadıb. Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyunları, eləcə də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar var. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də, Avropa və Asiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərq rəssamla-rının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə təsadüf edilir.
Bir çox xalq oyunlarını – “Çövkan”, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bə-növşə bənövşə” və s. oyunları indi də uşaqlar, həm də gənclər həvəslə oynayırlar. Tədqiqatçıların yazdıqlarına görə, Azərbaycan xalq oyunlarında kişilərlə yanaşı bəzən qadınlar da iştirak etmişlər. Bu barədə Nizaminin “Xəmsə”sində müəyyən məlumatlar verilir. Qadınların kişilərlə yanaşı “Çövkən” və digər xalq oyunlarında iştirakını XVI əsr miniatürlərindən də aydın görmək olur. Azərbaycanda geniş yayılmış bu oyunlar Qətran Təbrizinin, Xaqani Şirvaninin və bu kimi digər klassik şairlərimizin əsərlərində də öz əksini tapıb.
Qarabağda geniş yayılmış milli xalq oyunlarından biri də “Çövkən”dir. Buna bəzən “Çovqan” və ya “çövkən” də deyilib. Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb, yüzillər ərzində, Azərbaycan,Orta Asiya, İran, Türkiyə, İraq və qonşu ölkələrdə məşhur olub. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdad, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərirlər.
Çovqan Azərbaycanın qədim və milli oyunudur. Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. “Kitabi-Dədə Qorqud” boylarından və Nizami Gəncəvinin “Xsrov və Şirin” və “Şərəfnamə” əsərlərindən məlum olur ki, Azərbaycanda çovqanın tarixi, hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır. Nizami tarixi sənədlər əsasında yazdığı “Şərəfnamə” əsərində çövkan oyunu haqqında məlumat verir. Çövkan oyununun adı oyunda işlədilən alətin adı ilə ad-landırılıb. Bu da ağacdan hazırlanmış, çövkan adlandırılan alətdir. Oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Azərbaycanda çövkan oyununda təkçə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin çövkan meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Əsərdə Şirin ilə bərabər oynayan qızlar da təsvir edilib.
Qarabağda geniş yayılan xalq oyunlarından biri də “Dirədöymə” oyunudur. Bu oyunun oynanılması qaydası isə belədir: Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə (püşk) atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.
Qarabağda məşhur olan bəzi xalq oyunları isə şeirlə ifa olunurdu. Bu isə, heç şübhəsiz ki, oyunu daha maraqlı edirdi. Belə oyunlara “Sanama” “Motal-motal” , ”Tapın görək”, “Yelləncək”, “Öcəşmə”, “Püşk “(çöp) və s. oyunları misal göstərmək olar. “Sanama” – Azərbaycanda, eləcə də Qarabağda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda, eləcə də adi günlərdə dəstələrə bölünmədən oynanılan oyunlarda “başçı” seçmək üçün başlanğıc formaya deyilir. Belə ki, dəstələrə bölünməklə oynanılan bütün oyunlar halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. “Ənzəli”,”Eşşək beli sındırdı” , “Yeddi ağac” və s. belə oyunlara misal ola bilər. Bu oyunları başlayarkən, “başçı”, “aparıcı” və ya “işçi” seçmək üçün sanamadan istifadə edirlər. Püşk yolu ilə yaxud ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O, bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu “başçı seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalar dan istifadə edirlər. “İynə-iynə”, “Motal-motal”, “Əmim oğlu” və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələrindəndir. Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilirdi.

Tahir Orucov
filalogiya üzrə fəlsəfə doktoru

“Avroviziya-2023”-də Azərbaycanı TuralTuranX dueti təmsil edəcək Mədəniyyət

  • 7 Mart 11:24
  • 1 827

“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın doğum günüdür Mədəniyyət

  • 7 Mart 11:24
  • 1 813

Ilk qaynaqlarda xalq oyunlarına dair

Azərbaycan zərdüştlüyün vətəni olduğu kimi, ən qədim dövrlərdən bəri zəngin milli oyunların da vətənidir. “Avesta”ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, yeniyetmələrin sağlam, gümrah böyüməsi, onların at çapma, güləş, ox atma yarışlarında iştirakının tarixi ən qədim dövrlərə gedib çıxır.
Ilk dəfə Zərdüşt dininə iman gətirənə “Küştasp” və ya “Avesta”da yazıldığı kimi “Veyştasp” – sürətlə gedən ata və oyunun sahibinə deyilirdi. Hətta Zərdüştün əsl adı “Hənna” idi ki, bu da “qoca dəvə saxlayan” mənasını verir. “Avesta”da qoçaqlıq, güclü olmaq haqqında geniş bəhs edilir. Zərdüştilər bellərinə müqəddəs belbağı bağlayır və ona “koşti” deyirdilər. “Koşti” sonralar fars dilində “güləş” mənasını daşımışdır. Belbağı at quyruğu tükündən toxunmuş 72 sap ilməkdən ibarət idi. 7-15 yaş arasında olan hər bir zərdüşti 72 sap ilməyi olan belbağını kətan parçadan olan ağ, nazik köynəyinin üstündən belinə bağlayır və onu gündə bir neçə dəfə açır, yenidən bellərinə bağlayırdılar. Bu vaxt onlar “koşti” adlanan duanı oxumalı idilər. Dua vasitəsi ilə tövbə də edirdilər. Duanın bir yerində deyilirdi: “. qüvvətli olmağı əziz tuturuq, ona görə ki, onun gücü ilə düşməni aradan aparırıq”. Məbud “Avesta”dan parçalar oxuyur, sonra hamı meyvələrdən yeyirdi.
Zorxanada güləş vaxtı manqalda üzərlik yandırma mərasimi zərdüştilərdən qalma adət-ənənədir. Idman oyunlarının müqəddəsləşdirilməsi də zərdüştiliklə əlaqədardır. “Avesta”da deyilir: “Ey Məzdəkə pərəstiş edən zərdüştilər, torpaqdan yaxşı bəhrə götürmək üçün əl və ayaqlarınızı bacarıqla işə salın, düzgünlüklə, yaxşı işləyin”. “Avesta”da bacarıq, pəhləvanlıq, qəhrəmanlıqdan tez-tez söhbət açılır, çoxlu pəhləvanların adı çəkilir.
“Avesta”da pəhləvanlardan düşmən üzərində qələbə çalmaq üçün dözümlü, iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Həm də gözəl, yorğa gedən, bərk qaçan atlara malik olmaq vacib şərtlərdən sayılmışdır. Bundan əlavə, gələcək sağlam nəsil yetişdirmək üçün qəhrəmanların hündürboy, gözəl, qədd-qamətli olmaları zəruriyyətindən də bəhs edilir.
“Avesta”da “dəvrə” sözü sağlam mənasında işlədilmiş Zərdüştilər ata müqəddəs heyvan kimi baxırdılar. Ona görə də şahlarının adlarının ikinci hissəsi “asp” – “at” mənasında olmuşdur. Məsələn: Vəyitasp, Çamasp, Löhrasp, Puroşasp və s. Buna görə də gözəl, sürətlə gedən atları qoruyan iranlılar, azərbaycanlılar, yüksək rütbəli şəxsiyyətlər və pəhləvanlar Allaha ibadət etdikdən sonra ondan qüvvətli və sürətlə gedən atlar istəyirdilər. Işıq, müharibə və qələbə allahı Mehr oz əhdinə etibarlı olan adamlara sürətlə gedən atlar bağışlayırdı. Cəngavərlər at üzərində yəhərdə oturub, döyüşə gedərkən Mehr allahına ibadət edib, ondan qələbə çalmasına kömək etməyi arzulayırdılar.
Bəhram Ahura allahı isə güc, biliyə inam, ağır işlərdə yaxşı işləmək üçün qüvvət, bacarıq bağışlayırdı.
Insanlar Azərbaycanda neçə-neçə min illər bundan əvvəl məskunlaşmış və müstəqil həyat sürməyə başlamışlar. Iki milyon yaşı olan Azərbaycanın qədim sakinlərinin yalnız 2-3 minilliyi haqqında yazılı məlumata təsadüf olunur. Insan nəslinin “ünvanı” daşlarda, qayalarda çəkilən cizgilərdə-rəsmlərdə, düzəldilən əşyalarda və s. olmuşdur. Bunu Qobustan qayalarında daha əyani görmək olar. Qobustan insanların ilk əmək aləti, yaraq, bəzək qaynağı və sığınacaqlarından biri olmuşdur. Təbii qüvvələr qarşısında aciz olan insan daşlara, qayalara pənah gətirmiş, mağaraları özünə məskən seçmişdir.
Oyunlar ibtidai insanların formalaşmasında əvəzedilməz əməllərdən biri kimi qiymətləndirilir. Ibtidai insanlar formalaşdıqca onların oyunları da sadə formadan mürəkkəb formaya düşmüşdür. Azərbaycan oyunları yarandığı dövrdən xalqın adət-ənənələrini özündə əks etdirmişdir.
Tarixin bütün mərhələlərində Azərbaycan xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf etmiş, cəmiyyətin iqtisadi inkişafı ilə bağlı olmuşdur. Hələ qədim zamanlarda Azərbaycanda fiziki tərbiyə spesifik vərdişə yiyələnmək bacarığına, işgüzarlığın artırılmasına və sağlamlığın mohkəmləndirilməsinə, nəticədə hərbi hazırlığa doğru yönəldilmişdi. Qaynaqlardakı məlumatlar göstərir ki, qədim zamanlarda Azərbaycanın ərazisində nizə və ox atmaqla, qılınc oynatmaqla, güləşmə və s. ilə məşğul olmuşlar. Həmin idman növlərindən güləş dözümlülüyün və dikər fiziki hərəkətlərin inkişafı üçün əsas olmuşdur. Fiziki hərəkətlərin bu növü təkbətək döyüşün və digər vuruşların taleyini həll edirmiş.
Milli oyunlar bugünkü Azərbaycan ərazisində müxtəlif qədim tayfaların, o cümlədən türklərin-xəzərlərin, hunların məskunlaşma dövründən başlayıb sonrakı bütün tarixi inkişafı ilə əlaqədar formalaşma mərhələsi keçmişdir. Bu gün də bir sıra qədim qaya rəsmlərində, habelə Qobustan və s. yerlərdə ilkin xalq oyunlarının müəyyən izləri vardır. Milli oyunlar əcdadlarımızın həyatının çox müxtəlif inkişaf mərhələlərini, ilkin həyat şəraitini, görüş və etiqadlarını, mərasimlər dünyasını əks etdirir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dünyasını əks etdirmək baxımından da maraq doğurur. Elə oyunlar vardır ki, onlar xalqın arzu və ideyalarını müəyyənləşdirmək məqsədilə yaranmış və bu günə qədər gəlib çatmışdır. Milli oyunlarda xalqın psixologiyası, əhval-ruhiyyəsi, zülm və istismara qarşı mübarizəsi əks olunmuşdur.
Professor A. Nəbiyev haqlı olaraq yazır ki, Azərbaycan xalq oyunları mövzu, məzmun, yaranma yolu və formaları etibarı ilə çox zəngindir. Təbiidir ki, onların bir çoxu daha erkən dövrün təsəvvürləri ilə bağlı olmuş, ibtidai dövrün səciyyəvi cəhətlərini özündə əks etdirmişdir. Şübhəsiz ki, unudulmuş, dəyişikliklərə uğramış bir çox oyun süjeti bizə bütöv halda gəlib çatmamışdır. A.Nəbiyev yazıya alınmış xalq oyunlarını aşağıdakı qayda üzrə təsnif etmişdir:
1. Rəqsdaxili oyunlar;
2. Mərasim oyunları;
3. Məişət oyunları;
4. Ictimai məzmunlu oyunlar;
5. Uşaq oyunları.
Bunlardan əlavə:
1. Cıdır oyunları;
2. Meydan oyunları;
3. Atüstü oyunlar;
4. Otüstü oyunlar;
5. Yekbə oyunlar;
6. Sim oyunları;
7. Kəndirbaz oyunu;
8. Gözbağlıca oyunu;
9. Zorxana oyunları;
10. Milli güləş;
11. Şahmat, nərd və dama oyunları.
Təsnifat qrupuna daxil olan hər bir oyunun özünəməxsus fərdi xüsusiyyəti olduğu kimi, oyunların da ortaq, ümumi cəhətləri çoxdur.
Xalq oyunları cəldlik, gözəllik, qıvraqlıq aşılayan, yüksək humanist duyğular təlqin edən, şəri məhkum etməyi, yaxşını qorumağı və ona kömək etməyi tərənnüm edən folklor janrlarındandır. Bunlarda bəzən çox qədim dövrün məişət həyatının bir lövhəsi, bir anı, bir əyləncəsi təsvir edilir ki, onun vasitəsilə də xalqın ümumi mədəni səviyyəsini, inkişafını, böyük bir dövrün ictimai həyatını müəyyənləşdirmək mümkün olur.
Xalq oyunlarının tarixini tədqiq etmək üçün ilk növbədə qısa da olsa, Azərbaycanın siyasi, ictimai tarixinə nəzər salmaq lazımdır, çünki xalq oyunlarının inkişafı bir tərəfdən iqtisadi inkişaf ilə əlaqədar idisə, digər tərəfdən müharibələrə hazırlıqla əlaqədar (milli güləş, ox atmaq, at çapmaq, çövkan, qopuq oyunu, kəndirbazlıqda müxtəlif oyunların nümayişi, yortma qaçış və s.) olmuşdur.
Xalq oyunlarının tarixini dərindən tədqiq etmək üçün ilk növbədə ərəb, fars dillərindəki ilk qaynaqlardan, etnoqrafik və epiqrafik materiallardan, arxeoloqlarımızın qazıntı nəticəsində aşkara çıxardıqları maddi-mədəniyyət abidələrindən istifadə etmək lazım gəlir. Ilk orta əsri işıqlandıran başlıca mənbələr -Sasani dövründən qalmış kitabələr, gümüş və mis qablar, sinilər, möhürlər və digər mədəniyyət abidələrinin tədqiqi bir sıra dəyərli məlumatlar əldə etməyə imkan verir. Burada geyim, oyun-əyləncələr, musiqi, xüsusilə dövrün etiqadları haqqında bilik vardır. Həmin əsərlərin və yazıların çox hissəsi bizə gəlib çatmışdır. Onlardan biri 1X-X1 əsrlərdə yazıya köçürülmüş “Avesta” ədəbiyyatıdır.
Ərəbdilli qaynaqlarda Azərbaycanın ictimai, iqtisadi, siyasi tarixi ilə əlaqədar, yeri gəldikcə mədəniyyət tariximizə, milli adət və ənənələrimizə, müxtəlif mərasimlərə də toxunulmuşdur. Azərbaycan xalqının mədəniyyəti haqqında verilən qeydlər pəhləvi, ərəb və türk dillərində bizə çatmışdır. Bu mənbələrdə zərdüştlük və xalq bayramları haqqında verilmiş məlumatlar bir-birini tamamlayır. Həmin dövrlərin məhsulu olan bir sıra ərəb və fars dilli müəlliflərin əsərlərində xalqımızın bayramlarının, oyun və əyləncələrinin Azərbaycan sərhədlərindən xeyli uzaqlara yayılması haqqında da danışılır. Belə mənbələrdə mənəvi mədəniyyətlərimizin, etiqadlar, bayramlar, oyun və əyləncələrin tədqiqinə kömək edən bir sıra xəbərlərə də rast gəlirik.
Ibn-Əl-Əsir (1160-1234) özünün dərin məzmunlu, iri həcmli “Əl-Kamil-Fit-tarix” adlı əsərində Azərbaycanın ictimai, iqtisadi və siyasi tarixi ilə yanaşı, mənəvi mədəniyyəti barəsində də zəngin məlumat vermişdir. Bu əsərdə monqolların Azərbaycana hücumu, onlar tərəfindən bir sıra şəhərlərin dağıdılması bütün təfərrüatı ilə verilmişdir.
Azərbaycan xalqı orta əsrlərə qədəm qoyarkən yeni qəsbkarlarla üzləşməli olmuşdur. III əsrin ortalarında qüvvətlənməyə başlayan Sasani imperiyası bir sıra qonşu əyalətləri, o cümlədən Atropateni, Albaniyanı öz tərkibinə daxil edə bilmişdir. Atropaten və Albaniya iqtisadi cəhətdən imperiyanın digər Yerlərinə nisbətən üstün idi. Sasani imperiyası tərkibində oirləşən feodal dövlətlərinin mədəniyyəti şöhrətli “Sasani mədəniyyəti” addanan mədəniyyətin yaranmasına səbəb olmuşdur.

  • Teqlər:
  • zərdüştilik
  • , xalq oyunları

Comments are closed, but trackbacks and pingbacks are open.