Azrbaycan mühacirt dbiyyatında publisistika
Leyla Rəşid
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi İnstitut Elmi Şurasının 4 iyul 2013-cü il tarixli (protokol № 4) qərarı ilə yaradılmış və İnstitut üzrə 10 iyul 2013-cü il tarixli 82 №li əmrə əsasən müvəqqəti struktur vahidi kimi fəaliyyətə başlamışdır. Azərbaycan MEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli 21/6 №li qərarı ilə şöbə daimi struktur vahidinə çevrilmişdir.
Şöbədə Azərbaycan mühacirət ədəbiyyatının tarixi və nəzəri problemləri araşdırılmış, «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar seriyası üçün Məhəmməd Əmin Rəsulzadənin, Alazan Baycanın, Məhəmməd Sadıq Aranın, Teymur Atəşlinin, Abay Dağlının, Ceyhun Hacıbəylinin, Süleyman Təkinərin əsərləri nəşrə hazırlanmışdır.
Ötən müddət ərzində şöbə əməkdaşlarının 4 kitabı (Nikpur Cabbarlının «Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri» (Bakı: Təhsil, 2014), «Azərbaycan mühacirət poeziyası» (Bakı: Elm və təhsil, 2014), «Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» (Bakı: Elm və təhsil, 2015) monoqrafiyaları, «Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə» məqalələr toplusu (Bakı: Elm, 2015)), 80-dən artıq elmi və elmi-publisistik məqaləsi (o cümlədən xarici elmi jurnallarda 3 məqalə) çapdan çıxıb.
Fil.f.d., dos. Vilayət Hacıyev xidməti müqaviləyə əsasən siyasi mühacirətimizin görkəmli nümayəndəsi Hilal Münşinin «Azərbaycan Respublikası (tarixi-siyasi oçerk)» (Berlin, 1930) kitabını alman dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bu əsər «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar seriyasının Hilal Münşiyə həsr ediləcək xüsusi cildində yer alacaqdır.
2016-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan «Azərbaycan mühacirət ədəbiyyatı: problemlər, reallıqlar, vəzifələr» beynəlxalq elmi konfransına hazırlıq işləri sürətlənir.
Linklər
- RƏSMİ SƏNƏDLƏR
- BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
- AMEA İNSTİTUT VƏ TƏŞKİLATLARININ SAYTLARI
- ELM SAHƏLƏRİ ÜZRƏ PROBLEM ŞURALARI
- LİNKLƏR
Azrbaycan mühacirt dbiyyatında publisistika
Leyla Rəşid
Millətin, xalqın ictimai fikir tarixində, mədəniyyətində elə şəxsiyyətlər olur ki, onlar zamanı qabaqlayır, xalqa əsl həqiqəti, doğru yolu göstərən işığa çevrilirlər. Azərbaycan xalqının həyatında belə şəxsiyyətlər çoxdur. Xüsusilə keçən əsrin əvvəllərində, yeni dünyanın dərk edilməsində böyük iş görən ədiblərimiz haqqında bu sözləri demək olar.
“Əkinçi” qəzetinin qoyduğu cığır “Molla Nəsrəddin” ədəbi məktəbini yaratdı, bu məktəbin C. Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, M.S.Ordubadi, Ü.Hacıbəyli və s.kimi yaradıcıları ortaya cıxdı. Bu sırada çoxşaxəli yaradıcılığı olan Üzeyir Hacıbəylini ayrıca qeyd etmək lazımdır. Təəssuf ki, Azərbaycan ictimai fikrinin formalaşma dövrünün dövrün yetişdirdiyi ziyalılardan olan Ü.Hacıbəyli kimi böyük bəstəkarın, yazıçı və publisistin bir sıra əsərlərini tam ortaya çıxarmaq indiyədək mümkün olmamışdir. Sovet ideologiyası onun bir çox əsərlərinə millətçi damğası vurmuşdur. Mir Cəlal, Ə.Mirəhmədov, Ş.Qurbanov, M.Aslanov, A.Abbasov, Ş. Hüseynov kimi tədqiqatçılar onun publisistikasının bir çox cəhətlərini açıqlamışlar. Ədibin irsi, mövzu dünyası müasir. Aktual olduğundan bu gün də tədqiqata ehtiyac duyulur.
Böyük sənətkarların yaradıcılığı, böyük əsərləri daima ilnsanların diqqətini cəlb edir, canlı fikirlər oyadır. Əlbəttə, bu diqqət, bu maraq həmişə eyni səviyyədə olmur: bəzən soyuyub yavaşıyır, bəzən də şiddətlənir, qızışıb alovlanır. Bu da hər zamanın, hər dövrün ictimai mübarizələrinin xüsusiyyətlərindən, ideallarından asılıdır. Hər dövr, hər nəsil öz məqsədləri, ictimai meylləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır, bu irsin köməyi ilə ideallarını yaymağa çalışır.
Tarixin ən çətin mübarizələr dövründə bütün ədəbi növlərdən qabağa çıxan, xalqa yol göstərən publisistika ictimai-fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır. Ü.Hacıbəyli bu sahədə xüsusi xidmət göstərmiş, demokratik fikrin inkişafında diqqətə layiq iş görmüşdür. Onun publisistik əsərlərində, ümumiyyətlə bütün çoxcəhətli yaradıcılıq irsində müstəqil xalqın müstəqil həyatı mühüm yer tutur. 1918-1920-ci illər Azərbaycan Xalq Cumhuriyyəti dövründə bütün yaradıcılığını xalqın müstəqillik yoluna istiqamətləndirmiş böyük sənətkarın publisistikasına bu günün ehtiyaclarından nəzər salmaq çox vacibdir. Ona görə ki, Ü.Hacıbəyli irsi həmişə müasirdir. Belə bir ədəbi irsin yenidən və xüsusilə onun indiyə qədər qaranlıq qalan sahələrini öyrənmək müqəddəs işdir. Bu gün biz Üzeyir bəyin özünün əsl soyadını da deməyə başlamışıq. Sovet dövründə “Hacıbəyov” kimi təqdim edilən Üzeyir bəy imzalarının çoxunu “Hacıbəyli” kimi qoymuşdur.
Qeyd etdiyimiz kimi, Üzeyir bəyin bəzi yaradıcılıq illərini tədqiq etmək uzun müddət qadağan olmuşdu. Xüsusilə onun Azərbaycan Xalq Cumhuriyyəti dövründə “Azərbaycan” qəzetindəki yaradıcılığı arxivlərdə gizlədilmişdir.
1918-1920-ci illərdə çıxan “Azərbaycan” qəzetinin nəşrində müstəsna xidmətləri, rolu olan Ü. Hacıbəyli qəzetə rəhbərlik etməklə onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqil respublika kimi möhkəmlənməsinə çalışmışdır.
Üzeyir bəy kimi böyük publisistin uzaqgörənliyidir ki, onun yazılarının hamısının ruhu bu günkü müstəqil Azərbaycanın üzləşdiyi problemlərlə eyniləşir. Ədibin əsrin əvvəllərində, xüsusilə 1918-1920-ci illərdə qələmə aldığı məsələlər, ictimai həyatın müxtəlif sahələrindəki problemləri əks etdirən əsərləri öz tematik genişliyi, fikir aydınlığı və müasirliyi ilə fərqlənir.
Əsrin əvvəllərindən bu günədək problem kimi mövcud olan Qarabağ məsələsi Ü.Hacıbəyli publisistikasının əsas mövzularından biridir. Dövrün ictimai-siyasi hadisələrini ardicil şəkildə izləyərək bu hadisələrə öz münasibətini bildirən publisistin bu və ya digər yazılarında qeyd olunan məsələ və bu məsələyə müxtəlif prizmalardan yanaşaraq onun şərhi və həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzü və s. öz əksini tapmışdır. Bu baxımdan ədibin “Əyri yol”, “Qarabağ haqqında”, “Fitnələr qarşısında”, “Eyni müamilə gözləyirik”, “Qara təhlükə”, “Qarabag hadisatı”, “Andranikin məsələsi” və s. publisistik yazılarını oxuyarkən göruruk ki, zaman dəyişsə də dərd həmin dərd, bəla həmin bəladır davam edir. “Böyuk Ermənistan” xülyasını həyata keçirmək üçün Azərbaycanı parçalamağa, torpaqlarını işğal etməyə, əhalisini qırmağa cəhd edən qəddar, hiyləgər,təcavüzkar erməni millətçilərinin niyyətini uzaqgörənliklə duyan və onlara layiqli cavab verən Ü.Hacıbəylinin siyasi məzmun daşıyan belə yazıları yazıldığı dövrdəki qədər əhəmiyyətli və aktualdır.
Ü.Hacıbəyli “Kirimirlər”, “Eyni müamilə gözləyirik”, “Nə istəyirlər” kimi məqalələrində də ermənilərin iç üzünü açmışdır.
Müəllif “Eyni müamilə gözləyirik” məqaləsində qeyd edirdi ki, bədnam planlarını, terror və aksiyalarını həyata keçirməkdə olan ermənilərin arxasında xarici bir qüvvə, xüsusi dəstək və gözəgörünməz əl vardır. Yoxsa, “Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad həyasızliq dərəcəsinə çatmazdı.”
Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki publisistikasında dəfələrlə xalqı ehtiyatlı olmağa, istiqlaliyyəti hər cür təcavüzdən qorumağa cağırırdı. Bu yazıları indi oxuduqca sovet imperiyasının onlara nə üçün qadağa qoyduğunu anlamağa başlayırsan. Və bir də ona heyran qalırsan ki, Ü.Hacıbəylinin əsas mövzu dünyası həmişə Azərbaycan azadlığı, ona qarşı yönələn təhlükənin dəf olunması üçün xalqın gözünü açmaq niyyəti olub. Erməni daşnaqlarının böyük faciələr yarada biləcək niyyətlərini, millətin üzərində yaranan qara təhlükəni hiss edən Ü.Hacıbəyli “Azərbaycan” qəzetində xalqı ehtiyatlı olmağa çağırıb yazırdı: ”Ermənilərə etibar yoxdur: çünki daşnaqlar bu milləti etibarsız bir dərəcəyə çatdırıblar. Silahlı üsyanlar törətmək və muharibəyə səbəb olmaq üçün bunlar aşkar və gizli işlər görüb bizi qafil edə bilərlər. Bu qəflət nəticəsində başımıza bəlalar gələ bilər”. Çox təəssüf ki, Üzeyir bəyin bu gün eyni ağrı və həyəcanla səslənən bu xəbərdarlığından yetmiş il bixəbər olub qoynumuzda əfi ilan bəsləmişik.
Millətin azadlığı və bütövlüyü millətin mübarizə ruhundadır. Azərbaycan xalqının bu mübarızə ruhunu sarsıtmaq istəyənlər, Qafqazda müstəqil və güclü bir türk dövlətininin mövcudluğunu gözügötürməyənlər, necə olursa olsun bu tarixi reallıfın qarşısını almaga çalışanlar əvvəllər də olmuş və yenə də vardır. Belələrinə öz məqalələri ilə layiqli cavab verən Ü.Hacıbəyli bu cür bədxahların millətin azadlıq ideyalarını, mübarizə əzmini sarsıda bilməyəcəklərini burgulayaraq yazırdı:”. bir vaxt yetişər ki, ümum millət bir ruh və bir cism olub son və qəti qərarını elan edər”.
Göründüyü kimi, Üzeyir Hacıbəyli Azərbaycanın istiqlalı uğrunda gərgin mübarizədə olmuş xalqın ən qabaqcıl ziyalısı kimi bu mübarizədə “Azərbaycan” qəzetini özünə tribuna seçmişdir. Bu qəzetin saralmış arxiv səhifələri böyük publisistin ürək ağrısı ilə doludur.
Üzeyir bəyin milli azadlıq ideyalarını tərənnüm edən, vətənpərvərlik ruhunda yazılmış publisistik əsərlərini oxuduqca elə təsəvvür yaranır ki, ölməz sənətkar 1990-cı ilin qanlı yanvar günlərində, şəhidlər xiyabanında bizimlə birgə olub, şəhidlərin dəfnində cismən və ruhən iştirak etmiş və “Azərbaycan “qəzetində “Qurtuluş” adlı məqaləsini yazmışdır:” Qurtuluş və xilasımız yolunda canlarını qurban verib, bizə bu dünyada cənnət arzulayıb, özlərini o dünyada behiştə vasil edən möhtərəm şəhidlərin əziz məzarları üzərinə fatiəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir azərbaycanlının müqəddəs borcudur”.
Ana dilinin saflığı, tərəqqisi uğrunda mübarizə aparan, “binaənəleyh dilimizi öyrənməliyik” deyən Ü.Hacıbəyli dil haqqında zaman keçdikcə dəyəri və mənası daha aydın duyulan fikirlər söyləmişdir: ”Bir millətin ki, dili batdı, onda o millət özü də batar, çünki bir milllətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”.
Öz vətənində ana dilinin “hakimi-mütləq” olmamasından narahat olan Üzeyir bəy, vaxtilə ərəb və fars dillərinin, sonradan “taza modaya” görə rus dilinin kütləvi şəkildə işlənməsini ürək ağrısı ilə qələmə almışdır: “Kart vizitləri üzərində adları rusca, dükan qabağındakı elanları əksərən rusca, təqvimləri rusca, blankları rusca. ”
Bu sətrləri oxuyarkən düşünürsən ki, Üzeyr bəy sanki bu gün, müasirimiz olaraq Bakının küçələrini bəzəyən əcnəbi dilindəki ofis, mağaza, bar və restoran adlarını öz gözləri ilə görmüş və gördüklərini qələmə almışdır.
Ədibin öz müasirliyi ilə diqqəti cəlb edən yazılarından biri də “Əyri yol “ sərlövhəli məqalədir. Müəllimlərin adi məişət ehtiyaclarını ödəməyəcək qədər az əmək haqqı almalarına toxunan müəllif haqlı olaraq yazırdı: “Müəllimlərin məvacibi indiki məişət şəraitinə görə o qədər azdır ki, o az pul ilə güzəran etmək dedikcə cətin bir əmrdir. Halbuki təlim və tərbiyə kimi olduqca ağır və məsuliyyətli bir vəzifə ilə mükəlləf olan müəllim bu vəzifəsini layiqincə icra edə bilmək üçün məişət qayğısı kimi əngəl və mümaniətlərdən bilkülliyə asudə olmalıdır.”
Azad mətbuat məsələlərinə toxunan Ü.Hacıbəyli mətbuatın vəzifələrini dəqiq və düzgün şərh etmişdir. Bu baxımdan onun müasir mətbuat üçün də gərəkli olub öz dəyərini itirməyən fikirlərinin yer aldığı “Bir qədər qəzetəçilik dərsi” sərlövhəli felyetonu çox maraqlıdır. Mətbuatı böhtan vasitəsinə, şəxsi qərəz silahına çevirənləri ifşa edən müəllif göstərirdi ki, “qəzet biməna şeylərdən, fitnə və fəsad qovzayan yazılardan” uzaq olmalıdır: ”Doğrudur, qəzetənin başında hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə götürüb qəzetəyə vurdursun”.
Dünənki dərdlərimizdən yazaraq bu günümüzün halını uzaqgörənliklə duyan Üzeyir bəy “Gələcəyi unutmayalım” adlı məqaləsində milləti öz gələcəyi üçün çalışmağa çağıraraq yazırdı: ”Biz gələcəyimizi əziz tutub da onun təmini üçün çalışmalıyıq ki övladımız orada kəsbi-qüvvət etməyə, bari, bizdən qalmış mümaniələrə düçar olmasınlar. Çünki , hər bir millətin gələcəyinin yaxşı yamanlğı millətin özündəndir”.
Müəllifin fikrincə, gələcəyin tərəqqisi və rifahı üçün dünənin və bu günün acıları unudulmayıb bir ibrət dərsi olmalıdır: ”Bu günkü hadisələr bir ibrət kitabı idi ki, açılıb bir para mühüm dərsləri bizə öyrətdi və indi də o kitab yumulub bizə fürsət verdi ki, öyrəndiyimiz dərsi yaxşıca əzbər edək ki, yadımızdan çıxmasın”. Millətimiz ücün xarakterik olan unutqanlıq keyfiyyətinə toxunan ədib daha sonra yazmışdır: “Görək bizdə o şüur olacaqdır ki, aldığımız dərsi yadımızda saxlayıb ondan nəfibərdər olaq”.
Üzeyir bəyin vaxtilə toxunduğu bu problem aktual olaraq qalır. Doğrudan da bizdə “o şüur” hələ də inkişaf etməyib. Bu gün yaşadığımız faciələr, həllini çözə bilmədiyimiz Qarabağ kimi problem məhz unutqanlığımızın nəticəsidir.
Hələ əsrin əvvəllərində bu günümüzü fəna görən Üzeyir bəy təəssüflə qeyd edirdi: “İndiki işlərimizə baxanda və indiki mövqeyimizi nəzərə aldıqa gələcəyimizin halı fəna görünür. Erməni müsəlman ixtişaşı xüsusilə bizdən ötrü böyük bir zərbə oldusa da və bizi qəflət yuxusundan oyandırdısa da , görünür ki, bir dəfə göz açmağa ixtifa edib təkrar mürgüləməyə başladıq”.
Göründüyü kimi, Üzeyir Hacıbəyli publisistikası öz problemləri ilə bu gün üçün də son dərəcə müasirdir. Müstəqilliyin qorunması, Qarabağ məsələsi, dil, təhsil və digər problemlər yazıldığı dövrdəki qədər aktualdır. Məhz bu keyfiyyətlərinə görə Ü.Hacıbəylinin 1918-1920-ci illərdəki publisistikasının hərtərəfli öyrənilməsi məqsədəuyğundur. Bu istiqamətdə atılan addımlar, eyni zamanda, jurnalistikamız, ictimai fikir tariximiz haqqında təsəvvürümüzü genişləndirir, biliyimizi dərinləşdirir.
Comments are closed, but trackbacks and pingbacks are open.