Azərbaycan qadını cəmiyyətdə uca tutulur
Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan “Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların — işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştiliklə bağlı olan bir sıra adətlər — odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.
Qədim dövr Azərbaycan ədəbiyyatı
Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.
Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı — “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur.
Məsələn, “Yaradılış” dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb. Əsərdə Tanrı Qara xan obrazı yaradılıb. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı, bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün yeddinci qatında oturub kainatı idarə edən Tanrı türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir.
Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan “Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların — işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştiliklə bağlı olan bir sıra adətlər — odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.
Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi-bədii hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamiyyətdən çox-çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.
VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi. Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi
Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında vətənpərvərlik, doğma yurda bağlılıq hislərinin ifadəsinə geniş yer verilirdi.
Ədalət — zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz onların əsərlərində əksini tapan məsələlərdən idi. Bu sənətkarların təbiət mövzusunda yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi.
Ərəb xilafəti zəiflədikdən sonra Yaxın və Orta Şərq ölkələrində, saraylarda fars dili geniş yayılmağa başladı. Azərbaycanda XI əsrin ortalarından başlayaraq, farsca yazmaq ənənəsi yarandı. Saray ədəbiyyatında qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növlərinə geniş yer verilir, dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Mədhiyyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır, onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət edilirdi. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai-fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya baxımından türk-Azərbaycan dünyagörüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani kimi şairlər məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncələrin ifadəsinə lirik şeirlərində geniş yer verirdilər. Bu sənətkarların yaradıcılığında ictimai-siyasi problemlər, humanist ideyalar da əksini tapırdı.
XI əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Q.Təbrizinin irsi “Divan”dan və “Ət-təfasir” adlı farsca lüğətdən ibarətdir. Şairin “Divan”ına mədhiyyələrlə yanaşı, məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. Gəncədə və Təbrizdə yazıb-yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında iki mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərlidir.
M.Gəncəvi XII əsr ədəbiyyatımızda ictimai-fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkçi insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır.
Ə.Xaqaninin “Divan”ındakı ictimai-fəlsəfi məzmunlu şeirlərdə, “Töhfətül- İraqeyn” poeması, “Mədain xərabələri” qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Ədəbiyyatımızda ilk poema olan “Töhfətül-İraqeyn” əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir:
İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.
“Mədain xərabələri” qəsidəsində şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrünün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür.
Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür:
Şamaxı! Ey mənim sevimli yurdum!
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.
Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin “Xəmsə”si məzmunu, bədii forma kamilliyi, humanist ideyaların ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının, intibah dövrünün zirvəsi sayılır. Nizami yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə Yaxın Şərq ədəbiyyatının inkişafına istiqamət vermişdir.
- Teqlər:
- ədəbiyyat tarixi
- , ədəbiyyatşünaslıq
- , ədəbiyyat
- , Azərbaycan ədəbiyyatı
- , ədəbiyyat nəzəriyyəsi
Azərbaycan qadını cəmiyyətdə uca tutulur
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin material verib. Orta əsrlər Azərbaycan qadını ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində sözünü deyib.
XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə – istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.
2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun olaraq öz təşkilatlarını yaratdılar.
Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.
2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qadın-kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulu qadın məsələlərinin hər zaman Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olduğunun təzahürüdür. Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də deyilənləri bir daha təsdiq edir.
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
Fondun prezidenti Mehriban Əliyeva öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.
Mehriban xanım Əliyeva indiyə qədər çoxsaylı mükafatlara, təltiflərə layiq görülüb. UNESCO və İSESCO-nun “Xoşməramlı səfiri” olan Mehriban Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif edilib. Mehriban Əliyeva 2005-ci ildə ölkəmizdə “İlin qadını” adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə “Heydər Əliyev mükafatı”na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın “Şərəf Legionu” ordeni və UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunub.
Ermənistanın işğal etdiyi ərazilərimizdən qaçqın və məcburi köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) “Türk dünyasına xidmət” mükafatına və 2011-ci il iyunun 24-də isə Krans Montana Forumunun qızıl medalına layiq görülüb. 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatına və Krans Montana Forumunun “Prix de la Fondation” mükafatına layiq görülüb. Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı isə Mehriban Əliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib.
Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülüb. Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçılarının, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib. Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə layiq görülüb. Bütün bunlar ölkəmizin birinci xanımının nəcib əməllərinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə verilən yüksək qiymətlərdir.
Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Azərbaycan ədəbiyyatı haqqında
Qədim Azərbaycan ədəbiyyatı
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) zamanında meydana çıxmış və müəllifi Zərdüşt peyğəmbər hesab edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.
Qədim mifoloji dünyagörüşünə söykənən Dədə Qorqud dastanları b.e. XI əsrdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmışdır. Elmə məlum olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Təpəgöz-Siklop) təkan vermişdir.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır.
VII-VIII əsrlərdə ərəbcə yazmış Azərbaycan əsilli şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir.
Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam etmiş, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirmişlər.
XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi fars dilindən (dəri dilindən) istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir.
XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafın mərhələsinə güclü təsir göstərmişdir. Həmçinin, bu dövrdə poeziya məktəbi də öz formalaşmasını başa çatdırmış və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlmişdir.
XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin qayğısı ilə Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (?-1190) kimi şairlər yetişmişdir.
Orta əsr Azərbaycan ədəbiyyatı
XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.
İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.
Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur.
Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir.
XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmışdır.
Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Əhvədi(1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənmişlər. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.
XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatmışdır. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunmuşdur.
Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatmışdır.
Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Xəlili, Həmidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri1436-1467) adını xüsusi qeyd etmək lazımdır. XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri də Nemətullah Kişvəridir. Şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır.
XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.
Qeyd etmək lazımdır ki, Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlar yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin(1487-1524) xüsusi yeri vardır.
Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır.
XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğurları eyni zamanda şifahi xalq ədəbiyyatının nümayəndələri- Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi, kimi sənətkarların yaradıcılığında özünü göstərir. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.
Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.
XIX-XX əsr Azərbaycan ədəbiyyatı
XIX əsrin ilk onilliklərində baş verən ən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi olmuşdur. Bunun da təsiri nəticəsində mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənmişdir. Beləliklə, ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q. B. Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bu prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).
Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən sənətkarlar arasında Abbasqulu ağa Bakıxanovu (1794-1847), Mirzə Şəfi Vazehi (1792-1852), İsmayıl bəy Qutqaşınlını (1801-1861) göstərmək olar.
Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının -dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov(1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların formalaşmasına təsir göstərmişdir. Bu da təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinin inkişafına səbəb olmuşdur. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan vermişdir.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi.
Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920),Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırmışdılar.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması olmuşdur (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlmişdir. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.
Sovet dövrü Azərbaycan ədəbiyyatı (60-cı illərə qədər)
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və başqalarının adı ilə sıx bağlıdır.
Əhməd Cavad (1892-1937) və Mikayıl Müşfiq (1908-1938) Səməd Vurğunla yanaşı XX əsr Azərbaycan poeziyasının əsas cığırdaşları hesab olunurlar. Süleyman Rüstəm (1906-1989) və Əlağa Vahid (1895-1965) lirikanın inkişafında mühüm xidmətləri olan şairlərdir.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Məmmədhüseyn Şəhriyar, Həbib Sahir, Həmid Nitqi, Bulud Qaraçorlu (Səhənd) kimi Cənubi Azərbaycan şairlərinin rolu da danılmazdır.
Azərbaycan nəsrinin zənginləşməsində Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Mir Cəlal, Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Manaf Sülemanov, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Hüseynov, Ənvər Məmmədxanlı və başqalarının da xidmətləri vardır.
Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər)
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadəkimi nasir və şairlər vardır.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat – 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri və lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabil, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin – başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov,Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri Azərbaycan milli mədəniyyətini zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müasir ədəbiyyatda işğalda olan torpaqların geri qaytarılması, insanpərvərlik, ictimai ədalət və s. kimi ümumbəşəri ideyaların tərənnümü əsas yer tutur.
Hal-hazırda Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslansa da, modernist və postmodernist meyillər də özünü göstərir. Orxan Fikrətoğlunun (“Ögey”, “Çevrilmə” hekayələri, “Üçüncü günün adamı” povesti), Məqsəd Nurun (“Küləkli şəhər”, “Ero-gigiyenik”, “Katastofiklər”, “Rütubət sevgiləri” hekayələri, “Şəhər meri” romanı), Sadıq Elcanlının ( “Zülmət” romanı), Mübariz Cəfərlinin (“Bərpaçı”, “Şahid qatar”, “Uydurma”, “Bənna” povestləri) əsərləri modernizmin, Kamal Abdullanın (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, “Tarixsiz gündəlik” povesti və s.) əsərləri isə postmodernizmin bariz nümunəsi hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, son onillikdə Azərbaycan poeziyasında modernist ruhlu əsərlərin də sayı artmaqdadır.
Похожие статьи
-
Azərbaycan uşaq ədəbiyyatı Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq ədəbiyyatı nümunəsi kimi səciyyələndirə biləcəyimiz bədii nümunələr çoxdur. Qədim…
-
Azərbaycan ədəbiyyatı qısa şəkildə
Azərbaycan ədəbiyyatı/Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan…
-
Azərbaycan şifahi xalq ədəbiyyatı
Azərbaycan şifahi xalq ədəbiyyatı Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir….
-
Azərbaycan ədəbiyyatı tarixi altı cilddə
Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildinin təqdimatı olub – FOTOLAR Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini…
-
Azərbaycan ədəbiyyatı tarixi 6 cilddə
Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi Əlavə dərslik və ədəbiyyat: Həsən Səfəri “Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlərdə”…
Comments are closed, but trackbacks and pingbacks are open.