Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR
Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq
Category : SOCAR
wholly state-owned national oil company headquartered in Baku, Azerbaijan
- business
- gas station chain
- Azerbaijan
Subcategories
This category has the following 6 subcategories, out of 6 total.
I
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ingiliscə: SOCAR) — dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.
Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və “Azərneftkomitə”, “Azərneftkombinat” (sonralar “Azərneft”, “Azərneftzavodlar” və “Azərneftmaşınqayırma” birliklərinə ayrılmış), “Azərneftçıxarma” Birliyi adlanmışdır.Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.
Tarixi
Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965-1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən “Azərneft” adlandırılmışdır. Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır. ARDNŞ 1992-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəyin fərmanı əsasında qurulmuşdur. Fərmana əsasən iki dövlət müəssisəsi, “Azərneft” və “Azərneftkimya” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kimi birləşdirilib. ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri birləşdirilərək “Azneft” İstehsalat Birliyi yaradılmışdır.
Şirkətin funksiyası
ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18-20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3-5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Azərbaycanda neft hasilatının 2005-ci ildən başlayaraq sürətlə artacağı gözlənilir. Proqnozlara görə, Azəri-Çıraq-Günəşli layihəsi üzrə neft hasilatının ən yüksək səviyyəsi 2010-cu ildə olub. Belə ki, həmin il neft hasilatı 54,9 milyon tona çatdırılib. Şahdəniz layihəsi üzrə isə 2010-cu ildə 2,1 milyon ton kondensat hasil olunacaq. Hazırda ARDNŞ-də 58.945 nəfər, o cümlədən 50 nəfəri elmlər doktoru, 392 nəfəri elmlər namizədi elmi dərəcəsinə malik olan 17.500 mühəndis, texnik və mütəxəssis çalışır. ARDNŞ respublikanın neft və neft məhsullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək imkanına malikdir. Bunu təmin etmək üçün ARDNŞ müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. ARDNŞ həm quru, həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrlara malikdir.
2012-ci il yanvarın 27-də dünyanın aparıcı maliyyə nəşrlərində və internet saytlarında ARDNŞ-nin Avrobond buraxmaq niyyətində olduğu barədə açıqlama verilmişdir. Avrobondların yerləşdirilməsi və tədavülü Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda həyata keçirilməklə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək. Buraxılışın hüquqi rejimi ABŞ-ın 1933-cü il tarixli “Qiymətli kağızlar” haqqında qanununun “Regulation S” hissəsinə uyğundur. Bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər. Avrobondların buraxılması ilə bağlı müvafiq qaydalara əsasən, dünyanın aparıcı reytinq şirkətləri buraxılacaq qiymətli kağıza reytinq dərəcəsi şamil etməlidir. Artıq Fitch Ratings və Moody’s şirkətləri tərəfindən ARDNŞ Avrobondlarına müvafiq olaraq BBB-(exp) və Ba1 reytinq dərəcələri şamil olunmuşdur.
Fəaliyyət
ARDNŞ-nin fəaliyyəti əsas olaraq 6 sahəyə bölünmüşdür. Bunlar:
- Neft-qaz yataqlarının kəşfiyyatı
- Neft-qaz hasilatı
- Neftin və təbii qazın emalı
- Neft kimyası
- Enerjidaşıyıcıların nəqli
- Xidmətlər
ARDNŞ-yə tabe olan Azərneftyağ Neft Emalı Zavodu yanacaq və yağların istehsalı üzrə ixtisaslaşmışdır. Burada neftin emalı nəticəsində benzin, kerosin, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator, digər müxtəlif yağlar və bitum istehsal olunur. Son 2 ildə burada istehsal olunmuş bütün yanacaq distillatları təkrar emal üçün Heydər Əliyev adına BNEZ-ə nəql olunur. 2010-cu ildə zavodda 215,2 min ton ilkin emal benzini, 174,9 min ton kerosin, 599,8 min ton dizel distillatları, 1,3 min ton mühərrik yağı, 27,6 min ton sənaye yağı, 7,9 min ton turbin yağları, 14,1 min ton transformator yağı, 36,2 min ton digər yağlar və 241,4 min ton bitum istehsal olunmuşdur. Heydər Əliyev adına BNEZ-də xam neftin emalı yanacaqların üstün istehsal sxemi ilə aparilir. Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. Qaz Emalı Zavodunda “Azneft” İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 milyard m³ təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir. “Azərikimya” İB-nin strukturuna “Etilen-Polietilen” zavodu, “Səthi Aktiv Maddələr” zavodu, “Üzvi Sintez” zavodu, “Mexaniki Təmir” zavodu, “Kimyalayihə” institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. “Azərikimya” İB-in istehsal olunmuş məhsullara – propilen, polietilen, butilen-butadien fraksiyası, propilen oksidi, propilen qlikol, izopropil spirti, pirokondensat, maye xlor və qələvi aiddir.
Şirkətin inzibati binası
Dövlət Neft Şirkətinin aparatının yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Ş.S. Fətullayevin “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma” adlı kitabında bu binanın inşası ilə bağlı deyilir: “Bağça küçəsi Azneft meydanından başlayaraq şəhərin mərkəzi hissəsini tamamlayırdı. Tikililər bu meydandan Bayıla tərəf uzanırdı. Meydan getdikcə öz memarlıq simasını dəyişməyə başlayırdı. Bu dəyişikliklər meydanın əsas hissələrindən biri olan Kakarev sahəsi adlandırılan ərazidə 1890-cı illərin əvvəllərində Tiflis memarı P. Şternin layihəsi əsasında üçmərtəbəli bina inşa edilməsindən sonra daha da sürətləndi.
ARDNŞ-nin yeni inzibati binasının layihəsi(ing. SOCAR Tower)
Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarında isə binanın tikintisinə başlanır. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı”.
İngilis dilində çıxan “Azərbaycan memarlığının inkişafı” jurnalında isə bu möhtəşəm tikili barədə digər faktlar verilib. Məqalədə binanın tanınmış milyonçu Mir Tağı Babayevə məxsus olduğu bildirilir: “Tikilinin sahibi Mir Tağı Babayevin ilkin peşəsi heç də neft sahəsi ilə bağlı deyildi. O, xalq musiqisinin, xüsusilə muğamın vurğunu olan çox istedadlı və tanınmış xanəndə idi. Onun taleyi bir gecənin içində dəyişir. Belə ki, həmin gün Mir Tağı tanınmış ailələrdən birinin toy məclicində oxumalı imiş. Onun sənətinin pərəstişkarı olan bəyin qohumlarından biri xanəndəyə torpaq sahəsi hədiyyə edir. Bundan sonra Mir Tağı Babayevin neft sahəsində karyerası başlanır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və neft hasilatına başlayır. Onun 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.
Mir Tağı Babayev bu möhtəşəm binanı da neft gəlirləri hesabına alır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər onun bütün mülklərini müsadirə edir. Mir Tağı Babayevin özü isə Fransaya mühacirət etməli olur. Bəzi məlumatlara görə, o, Fransada ömrünün sonuna qədər müflis vəziyyətdə yaşayır. Digər məlumatlara əsasən isə, hobbisi hələ lap əvvəllərdən zinət əşyalarını kolleksiya etmək olan Mir Tağı özü ilə Fransaya gətirdiyi daş-qaşların satışından əldə etdiyi vəsait hesabına yaşayıb. Sovet hakimiyyəti illərində bu bina “Azneft”in sərəncamına verilmiş, Azərbaycan müstəqillik əldə etdikdən (1991-ci il) sonra isə burada Dövlət Neft Şirkətinin aparatı yerləşdirilmişdir. Son illərdə binada təmir-bərpa işləri aparılmışdır”.
2010-cu ilin oktyabr ayında Prezident İlham Əliyev şirkətin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etdi.
Bina 42 mərtəbədən ibarət olacaq (2- yeraltı, 40- yerüstü). Binanın hündürlüyü 200 metr olacaq və 5 hektar ərazini əhatə edəcək. Bina rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq. Binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanan virtual şəraitdə sınaqdan keçirilib. Binanı Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti layihələşdirib. İnşaat işləri ilə isə Heerim Architects & Planners Co. Ltd şirkəti məşqul olacaq. Binanın ümumi dəyəri 235 milyon dollar təşkil edir. İnşaat işlərinin 32 aya başa çatması gözlənilir. Yeni inzibati binada bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yerüstü və yeraltı dayanacaqlar, texniki sahələr və idman zalı fəaliyyət göstərəcək. ARDNŞ artıq Heydər Əliyev prospektində yeni binanın inşası üçün yer alıb.
Rəhbərlik
ARDNŞ-nin hal-hazırki rəhbəri Rövnəq Abdullayevdir. Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, İqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımaov, Emal üzrə vitse-prezidenti David Məmmədov, Sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti [[Rəhman Qurbanov]], Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovdur.
Layihələri
BTC neft kəməri
ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Kəmərin tikintisi 2005-ci ildə başa çatdı və 2006-cı ilin may ayının 28-də, Azərbaycanın Respublika günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. Kəmərin tikintisi 3 milyard dollara hesablansa da, tikinti real olaraq daha baha dəyərə, 4 milyard ABŞ dollarına başa gəlmişdir. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstanbul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstanprezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.
Xəzərdə Dənizində Çıraq Neft Platforması
4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoyl, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində (“plato dövrü”ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı nəzərdə tutulub. “Şahdəniz” yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və marketinqinin idarə edilməsi məqsədilə Norveçin “Statoyl” şirkətinin operatorluğu ilə Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin “Botaş” şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər “Şahdəniz” qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2007-ci il mart ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür (105 sm). Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan–Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.
BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki, bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə “Şahdəniz” qazının Türkiyədən əlavə, Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin yaradıb.
Xarici ölkələrdəki fəaliyyəti
ARDNŞ bir neçə şəhərdə öz nümayəndəliklərini açıb. Bu şəhərlər arasına İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi, Kiyev şəhərləri aiddir. Rumıniyada ARDNŞ neft-kimya emalı kompleksi tikməyi nəzərdə tutur. Bu zavodda istehsal olunan məhsullar Avropa ölkələrinə göndəriləcək. ARDNŞ-nin Almaniya və Avstriyadakı nümayəndəlikləri Nabukko layihəsinin reallaşdırılması istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq edirlər. İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Trading SA 2008-ci ildə açılmışdır. Onun əsas funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə frankıdır.
2007-ci ildə Türkiyə hökuməti ölkədə ən böyük neftayırma zavodlarından biri olan Petkim zavodunu özəlləşdirməyə çıxarıb. Tenderin qalibi ARDNŞ, Türkiyənin Turcas və Səudiyyə Ərəbistanının İnjas şirkətlərinin qurduğu konsorsium olub. Müəssisənin özəlləşdirilməsinin dəyəri 1,6 milyard dollar olub. Konsorsium 2015-ci ilə qədər zavodun yerləşdiyi ərazidə daha böyük gücə malik ikinci bir neftayırma zavodu tikməyi və mövcud müəssisənin emal gücünü artırmağı planlaşdırır. Konsorsium bu məqsədlə 10 milyard dollar xərcləməyi nəzərdə tutur.
Azərbaycan Dövlət Neft Şirkəti 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma məntəqəsi açmaq niyyətindədir. 2015-ci ilə qədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salacaq.
16 noyabr 2011-ci ildə ARDNŞ Exxon Mobil şirkətinin İsveçrə filialı olan Esso Schweiz GmbH-ı satın alır.
SOCAR Energy Georgia MMC
ARDNŞ-nin daha bir törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulmuşdur. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır, bundan başqa ARDNŞ 3 il dalbadal (2008, 2009, 2010-cu illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyən şirkət olub. Təkcə 2010-cu ildə ARDNŞ Gürcüstan büdcəsinə 100 milyon ABŞ dolları miqdarında vergi ödəyib. Bundan başqa ARDNŞ Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi də açıb. Hal-hazırda Gürcüstanda ARDNŞ-ə məxsus yanacaqdoldurma məntəqələrinin sayı 60-a çatıb. Həmçinin 2010-cu ildə əldə edilən razılaşmaya əsasən SOCAR Energy Georgia şirkəti Gürcüstan Futbol Federasiyasının baş sponsoru olmuşdur. 2013-cü ilin dekabr ayında ARDNŞ Gürcüstanda 114-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verdi.
Törəmə şirkətləri
- Umeo – Azərbaycan neftininn Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiysk limanına daşınmasını təmin edir.
Strukturu
- Azneft İB
- Azərbaycan Neft Təsərrüfatı Jurnalı
- Azərikimya İB
- Azəriqaz İB
- Bakı Ali Neft Məktəbi
- Ekologiya İdarəsi
- Fontana Qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsi
- Geofizika və Geologiya İdarəsi
- Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
- Heydər Əliyev adına Neft Emalı Zavodu
- Karbamid Zavodu
- Kompleks Qazma İşləri Tresti
- Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
- Neft Qaz Emalı Neft Kimya Kompleksi
- Neft Kəmərləri İdarəsi
- Neftqazelmitədqiqatlayihə İnstitutu
- Neftqaztikinti tresti
- Nəqliyyat İdarəsi
- Qaz Emalı Zavodu
- Qaz İxrac İdarəsi
- Sosial İnkişaf İdarəsi
- Sərmayələr İdarəsi
- Təhlükəsizlik İdarəsi
- Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi
- İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
- Əmək şəraiti normalaırının işlənməsi idarəsi
Birgə Müəssisələr
- Atəşgah Sığorta Şirkəti QSC
- AzFen BM
- AzGerneft MM
- AzLab MMC
- Azneftqaztikinti MMC
- Azərbaycan Con Braun QSC
- Azəri Drillinq Kompani MMC
- Azəri M İ Drillinq Fluids BM
- Bakı Gəmiqayırma Zavodu MMC
- BosŞelf MMC
- Caspian Pipe Coatings MMC
- Ekol Mühəndislik Xidmətləri QSC
- Karlina Oversiz Korporeyşn MM
- Kaspian Drillinq Kompani MM
- Kaspian Geofizikal Kompani MM
- Kaspian Şipyard Kompani Limited
- Kros Kaspian Oyl and Qaz Lojistiks MMC
- SOCAR Fuqro MMC
- İnterfaks Azərbaycan MMC
- Enerci Solujnz Qrup QSC
- Oyl and Qaz ProSev MMC
- SARMATİA MMC
- SOCAR Construction MMC
- SOCAR Foster Viler Mühəndislik Xidmətləri
- SOCAR Gas İmport Export
- SOCAR Turkey Enerji A.Ş.
- SOCAR AQŞ MMC
- SOCAR Bağlan MMC
- SOCAR Cape MMC
- SOCAR Energy Georgia MMC
- SOCAR KPŞ MMC
- SOCAR Petroleum MMC
- SOCAR ÜMİD MMC
- SOCAR DALĞIC MMC
- SOCAR KBR MMC
- SUPRA Holdinq MMC
Şəffaflıq
Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency İnternational) və Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) 2011-ci ildə açıqladıqları hesabatda ARDNŞ şəffaflığa görə ən aşağı dərəcəni, “0” balını alıb. ARDNŞ ilə yanaşı ən aşağı dərəcəni Rusiyanın Qazprom şirkəti də alıb. Hesabata görə ARDNŞ antikorrupsiya proqramları barədə ümumiyyətlə ictimaiyyətə məlumat vermir. Təşkilat kimi açıqlıq baxımdan isə ARDNŞ-nin göstəricilərinin bir qədər yaxşı, təxminən 50 faiz olduğu göstərilib. Amma bu da ümumi dünya göstəricisindən aşağı nəticədir. Açıqlıq baxımdan dünyada neft-qaz şirkətlərinin orta göstəricisi 65 faizdir.
SOCAR: Azərbaycanın ən böyük şirkətinin böyük problemləri
Müstəqil tədqiqatçı və vətəndaş cəmiyyəti fəalıdır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin və “İqtisadi Forum” Ekspert Qrupunun üzvüdür. Beynəlxalq və yerli mediada tez-tez Azərbaycan iqtisadiyyatı və vətəndaş cəmiyyətinə aid məsələlərə dair çıxışlar edir.
Avqustun 6-da ölkə prezidentinin və bir neçə nazirin iştirakı ilə keçirilən, koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərin və sosial-iqtisadi vəziyyətin müzakirəsinə həsr olunmuş virtual müşavirədə dövlət şirkətlərinin səmərəsiz işləməsi ilə bağlı səslənən iradlar bu şirkətlərin özəlləşdirilməsi məsələsini yenidən gündəmə gətirdi. Dövlət şirkətlərinin özəlləşdirilməsi və ya uzunmüddətli icarəyə verilməsi ilə bağlı fikirlər dövri olaraq hökumətin tədbirlərində səsləndirilir. Xüsusilə də dünya bazarlarında neftin qiymətinin ucuzlaşması fonunda dövlət büdcəsinin yükünün azaldılması zəruriliyi ortaya çıxır və bu zaman diqqət dövlət şirkətlərinin özəlləşdirilməsi mövzusuna yönəlir. Kommunal, nəqliyyat və neft sektoruna xarici və ya yerli özəl investisiyaların cəlbi büdcə yükünün azalması ilə yanaşı həmin sektorların səmərəliliyinin artırılmasını təmin edə bilər. Azərbaycanda neft sektoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inhisarındadır və virtual müşavirədə irad bildirilən şirkətlərdən biri də SOCAR idi.
Azərbaycanda neft və qaz hasilatı sənayesində dövlətin iştirakı SOCAR vasitəsilə həyata keçirilir. SOCAR təkcə dövlət şirkəti deyil, həm də Azərbaycanın ən böyük şirkəti və vergiödəyicisidir. Şirkət təkcə 2019-cu ildə dövlət büdcəsinə 1,409 milyard manat, Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat məbləğində vergi ödəyib. Büdcə daxilolmalarının bir qayda olaraq 6-8%-i, vergi gəlirlərinin 15-17%-i bu şirkətin payına düşür. 2019-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə daxil olmuş vergi və digər icbari ödənişlərin 76,4%-i SOCAR-ın payına düşüb. 2018-ci ilin sonuna şirkətdə çalışan işçilərin sayı 51125 nəfər olub. Ötən il şirkətin aktivlərinin həcmi 65,4 milyard AZN, ümumi gəlirləri isə 83,8 milyard AZN olub. Gəlirlərin 61%-i xam neftin, 26,5%-i neft məhsullarının, 4,7%-i neft-kimya məhsullarının, 4,9%-i təbii qazın satışı hesabına formalaşıb. Şirkət gəlirlərin əsas hissəsini (76%) İsveçrədəki fəaliyyəti nəticəsində əldə edib. Ümumi gəlirlərin cəmisi 7,3%-i Azərbaycanda formalaşıb.
SOCAR istehsal-satış zənciri boyunca şaquli inteqrasiya edilmiş şirkətdir və əsasən quruda və Xəzər dənizinin Azərbaycan sektorunda axtarış, kəşfiyyat və işlənmə, emal, daşınma və pərakəndə satış fəaliyyətlərini həyata keçirir. Daxili pərakəndə fəaliyyəti ilə yanaşı, həmçinin Gürcüstan, Rumıniya, İsveçrə və Ukraynada pərakəndə fəaliyyət həyata keçirir. Dövlət SOCAR-a daim maliyyə və strateji dəstək göstərir. Şirkətlə dövlət arasında illərboyu böyük həcmli maliyyə axınları mövcuddur. Dövlət şirkətə kapitalının artımına maliyyə dəstəyi verir, subsidiya ayırır, investisiya yatırır, kreditlə təmin edir, vergi güzəşti verir. SOCAR isə dövlətə vergi ödəyir, investisiya yatırır. Bir sıra hallarda SOCAR-ın büdcəyə ödənişi onun büdcədən aldığı vəsaitdən az olub. Məsələn, 2018-ci ildə şirkətin büdcə ödənişi 1,425 milyon manat olduğu halda büdcədən aldığı vəsait 1,486 milyon manat olub.
Neft-qaz hasilatı yenidən artır
Azərbaycanda hər il orta hesabla 38-40 milyon ton neft, 30 milyard kubmetrdən çox qaz istehsal olunur. 2009-2017-ci illərdə SOCAR-ın texnoloji imkanlarının artmasına, yeni yataqların aşkar edilməsinə rəğmən neft istehsalında azalma olsa da, 2017-2019-cu illərdə artım baş verib. Bu müddətdə SOCAR tərəfindən hasil edilən neftin pik səviyyəsi 2009-cu ildə (8,5 milyon ton), ən aşağı həddi (7,4 milyon ton) 2017-ci ildə qeydə alınıb. Son 10 ildə şirkətin neft hasilatı ümumilikdə 9,2% azalıb. Ölkə üzrə ümumi neft hasilatında SOCAR-ın payı 17-21% arasında dəyişib. 2019-cu ildə ümumi neft hasilatında SOCAR-ın payı son 10 ildə ən yüksək həddə (20,5%) qalxıb. Buna səbəb ölkə üzrə neft hasilatının azalması fonunda SOCAR-ın hasilatının artmasıdır.
Qrafik 1. İllik neft hasilatı (2009-2019), min ton
Mənbə: SOCAR-ın illik hesabatları
Qaz hasilatında uzun müddət azalma olsa da son illər artım baş verir. 2010-ci ildə şirkətin qaz hasilatı 7,18 milyard kubmetr olduğu halda 2019-cu ildə 6,82 milyard kubmetrə qədər azalıb. Son 10 ildə qaz hasilatının azalması 5% olub. Halbuki bu müddətdə ölkə üzrə qaz hasilatı əsasən artma (35,1%) istiqamətində olub. SOCAR-ın hasil etdiyi təbii qazın ölkə üzrə hasilatda payı 2010-2019-cu illərdə 27,2%-dən 19,2%-ə düşüb. Buna səbəb ölkə üzrə hasilatın artım tempinin şirkətin hasilatının artım tempini üstələməsidir.
Qrafik 2. İllik qaz hasilatı (2010-2019), milyon kubmetr
Mənbə: SOCAR-ın illik hesabatları
2020-ci ildə SOCAR 7.6 milyon ton neft, 7.2milyard kubmetr qaz hasil etməyi planlaşdırsa da OPEC+ razılaşmasının şərtlərinə əsasən, may-iyun aylarında gündəlik hasilatı17 min barel həcmində azaldaraq 100min barel səviyyəsinə endirib. Sonrakı dövrlərdə tədricən artıraraq, 2020-ci ilin II yarısında ümumi hasilata gündəlik 5min barel, 2021-ci ildən etibarən isə daha 6min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111 min barel səviyyəsinə çatdırılması qərarı qəbul edillib. Fitch Ratings beynəlxalq Reytinq Agentliyinin proqnozuna görə, SOCAR 2020-ci ildə neft hasilatını 11% azaldacaq.
SOCAR-ın son 10 ildə istehsal etdiyi neft emalı məhsulları daha çox daxili bazara hədəflənib. 2009-ci ildə neft məhsullarının 56,6%-ni ixrac etdiyi halda, 2018-ci ildə ixracın payı 18%-ə düşüb. Şirkətin 2013-cü ildə daxili bazarda satışı ən yüksək həddə – 74% olub.
SOCAR-ın illik hesabatları göstərir ki, şirkət tərəfindən 2009-2018-ci illərdə istehsal olunan xam neftin maya dəyəri 85,9%, təbii qazın maya dəyəri isə 27,5% bahalaşıb. 2009-cu ildə 1 ton xam neftin maya dəyəri 63,4 manat olduğu halda, 2018-ci ilin sonuna 117,9 manata qədər artıb. Bu müddətdə təbii qazın 1000 kubmetrinin maya dəyəri 45,2 manatdan 57,6 manata yüksəlib.
Qrafik 3. İstehsal olunan xam neft və təbii qazın maya dəyərinin dinamikası, 2010-2019
Mənbə: SOCAR-ın illik hesabatları
Hüquqi statusda qeyri-müəyyənlik, idarəetmədə korporativsizlik
SOCAR dövlət şirkətidir və 100% iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Şirkətin təşkilati-hüquqi forması xüsusi formadır və dövlət müəssisəsi kimi qeydiyyatdan keçib. SOCAR-ın Nizamnaməsinə görə, şirkətin strukturuna Rəhbərlik, Şirkətin Şurası və 5 Komitə (Audit, Risklərin idarə edilməsi, Satınalmalar, Kadrların idarə edilməsi, İnformasiya təhlükəsizliyi komitələri) daxildir. Şirkətin rəhbərliyi kateqoriyasına şirkətin prezidenti, birinci vitse-prezidenti və 11 vitse-prezident də olmaqla 13 nəfər daxildir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Şirkətin rəhbərliyinə daxil olan prezident, birinci vitse-prezidentlər və bütün vitse-prezidentlər – dövlət və hökumət başçısı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Şirkətin rəhbərliyi kateqoriyasına daxil olan 13 şəxsdən 11-i hakim siyasi partiya olan Yeni Azərbaycan Partiyasının üzvüdür. Şirkətin rəhbəri hətta partiyanın rəhbər vəzifəsində təmsil olunur.
Uğurlu təcrübələrdə dövlət şirkətlərinin rəhbər şəxslərinin siyasi müstəqilliyinə önəm verilir. Təbii Resursların İdarəedilməsi İnstitutunun ekspertlərinin hazırladıqları Qiymətləndirmə Sistemində qeyd edilir ki, dövlət şirkətlərinin səmərəliliyi üçün korporativ idarəetmə səviyyəsinin yüksək olması ilə yanaşı qərar qəbulunun siyasilərin yox, müstəqil və peşəkar menecer və rəhbərlər tərəfindən verilməsi əsasdır. Bu o deməkdir ki, hökumət və dövlət şirkəti müstəqil və biznesyönümlü qərarların verilməsi ilə dövlət orqanları tərəfindən nəzarət arasında düzgün balansın tapılmasına nail olmalıdır. Dövlət şirkətlərində uğurlu rəhbərlik şəffaf və dəqiq müəyyən olunmuş prosedurlar əsasında seçilən mütəxəssis və siyasi baxımdan müstəqil olan şəxslərdən ibarət olmalıdır. Dövlət şirkətləri rəhbərliyə üzvləri himayədarlıq yox, texniki təhlil əsasında təyin etməlidir. Siyasətin təsirini gələcəkdə də azaltmaq üçün üzvlərin səlahiyyət müddətinə limitin tətbiqi məqsədəuyğun olardı. Ancaq SOCAR-ın Nizamnaməsində rəhbər vəzifədə çalışan şəxslərin bilik və bacarıqlarına, o cümlədən yaş həddinə və iş təcrübəsinə dair hər hansı meyarlar nəzərdə tutulmayıb. Eyni zamanda rəhbər vəzifələrdə çalışanlar üçün səlahiyyət müddəti də müəyyənləşdirilməyib.
SOCAR-ın hesabatlarında dövri olaraq vurğulanır ki, şirkət Korporativ idarəetmə prinsiplərinə əsasən, mərkəzləşdirilmiş idarəetmə sistemi tətbiq edir. Ancaq araşdırmamız göstərir ki, SOCAR-ın idarəçiliyi korporativ idarəetmə standartlarına uyğun gəlmir. Dərinə getsək görərik ki, hətta şirkətin istinad etdiyi Mülki Məcəllənin tələbləri ilə tam uyğunluq təşkil etmir. Məcəllədə korporativ idarəetmənin vacib elementləri əksini tapsa da SOCAR-ın idarəetmə strukturunda buna rast gəlmək olmur.
Mülki Məcəlləyə görə, təsərrüfat cəmiyyətlərində ali idarəetmə orqan onların iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı hesab olunur. Ümumi yığıncaq Cəmiyyətin 3 ildən artıq olmayan müddətə direktorlar şurasını (və ya müşahidə şurasını) və (və ya) təftiş komissiyasını (müfəttiş) yaradır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Bundan başqa Cəmiyyətin kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) icra orqanı yaradıla bilər. İcra orqanı cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. İcra orqanı müşahidə şurası və ya Nizamnamədə bu səlahiyyət müşahidə şurasına verilməyibsə, ümumi yığıncaq tərəfindən müəyyənləşdirilir.
Hazırda SOCAR-ın idarəetməsində ümumi yığıncaq və müşahidə şurası mövcud deyil. Faktiki olaraq bu funksiyanı ölkə prezidenti həyata keçirir. Şirkətin idarə heyəti funksiyasını isə kollegial idarəetmə orqanı olan Şirkət Şurası (ŞŞ) icra edir. ŞŞ-nin tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslər daxildir. ŞŞ-nin iclaslarına şirkətin prezidenti sədrlik edir. Şirkətdə qarşılıqlı nəzarət mexanizmləri mövcud deyil, nəzarət ancaq birtərəfli – şirkətin prezidenti tərəfindən sərəncamında olan strukturlara nəzərdə tutulur.
SOCAR-da audit fəaliyyəti Şirkətin Prezidenti yanında yaradılmış Audit Komitəsi tərəfindən həyata keçirilir. SOCAR-ın Audit Komitəsi daxili audit siyasətini və strategiyasını müəyyən edir və həyata keçirilməsini təmin edir. Audit Komitəsinin 3 üzvü var. Bunlar SOCAR-ın vitse-prezidentləri və hüquq idarəsinin rəhbəridir. Komitəyə Şirkətin Şurasında təmsil olunan vitse-prezident rəhbərlik edir. Halbuki Mülki Məcəllənin 107-ci maddəsinə görə, Audit komitəsi cəmiyyətin direktorlar şurası (müşahidə şurası) tərəfindən yaradılır və ona tabedir.
Göründüyü kimi korporativ standartlarda daxili audit bölmələri icraçı orqana (idarə heyəti) deyil, nəzarət edən quruma direktorlar şurasına (müşahidə şurasına) tabedir. Bu tabeçilikdə məqsəd icra prosesinə nəzarət etmək, şəffaflığı təmin etməkdir. SOCAR-ın nümunəsində isə icraçı qurumun rəhbəri həm daxili nəzarət bölməsini yaradır, həm də ona nəzarət edir. İcra qurumunun fəaliyyətinə isə daxili nəzarət yoxdur.
Azərbaycanda uzun müddət bank və təsərrüfat cəmiyyətlərinə münasibətdə korporativ idarəetmə standartlarının tətbiqini nəzərdə tutan 2 sənəd – Banklarda korporativ idarəetmə standartları və Azərbaycan korporativ idarəetmə standartları qüvvədə olub. Ancaq Nazirlər Kabinetinin Qərarı ilə 2019-cu ildə Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları təsdiq edilib. Qərarda qeyd edilir ki, bu Qaydalar və Standartlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən təsdiq edilmiş Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair Qaydalar və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Ancaq SOCAR-ın mövcud təşkilati-hüquqi forması bu sənədin ona tətbiqini sual altına qoyur. Çünki qeyd olunan Qaydalar və Standartlar səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri üçün nəzərdə tutulub. SOCAR-ın kommersiya qurumu olaraq təşkilati-hüquqi forması isə tam aydın deyil və bu, qüvvədə olan Mülki Məcəllənin tələbləri ilə ziddiyyət təşkil edir. Məcəllənin 64-cü maddəsinə görə, kommersiya təşkilatı qismində təsərrüfat ortaqlıqları və cəmiyyətləri nəzərdə tutulur. Belə qurumlar onları yaradan təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatları hesab olunurlar. Məcəlləyə görə, təsərrüfat ortaqlıqları və cəmiyyətləri yaradılarkən cəmiyyətin firma adında cəmiyyətin adı ilə yanaşı məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti sözləri göstərilməlidir.
SOCAR-ın firma adında onun təşkilati-hüquqi statusu “dövlət şirkəti” şəklində göstərilib. Şirkətin dövlət qeydiyyatı 1992-ci ildə o vaxt qüvvədə olan qanunvericilik əsasında həyata keçirilib. Hazırda qüvvədə olan Mülki Məcəllə isə 2000-ci ildə qəbul edilib. Təəssüf ki, şirkətin Nizamnnaməsi 2003-cü ildə yenilənsə də bu amil nəzərə alınmayıb. Şirkətin isə hansı kateqoriyaya – təsərrüfat cəmiyyəti, yoxsa ortaqlıq aid edilməsi aydın deyil. Ən azı qanunvericilik firma adında hansı kateqoriyaya aid olduğunu yazmağı tələb edir.
Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq
SOCAR-ın Nizamnaməsinə 2014-cü ildə edilmiş dəyişiklik nəticəsində maliyyə hesabatının dərci məcburi öhdəlik kimi daxil edilib. Nizamnamənin 6.1-1-ci bəndinə əsasən, Şirkət birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir. SOCAR 2008-ci il yanvar ayının 1-dən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçib. 2009-cu ildən başlayaraq Şirkət hər il rəsmi internet saytında kənar audit şirkəti tərəfindən hazırlanmış maliyyə hesabatlarını yerləşdirir. Şirkət rəsmi internet saytında maliyyə hesabatı ilə yanaşı mütəmadi olaraq İllik hesabat və Davamlı inkişaf üzrə hesabat tərtib edərək yerləşdirir. İllik və davamlı inkişaf üzrə hesabatlardan fərqli olaraq maliyyə hesabatı “maşın oxuyan” formatda yerləşdirilmir və bu da ondan istifadəni çətinləşdirir.
Qanunverici orqan olan Milli Məclisin SOCAR-ın fəaliyyətini məhdud şəkildə yoxlamaq və nəzarət etmək səlahiyyəti var. SOCAR-ın asılı olduğu instansiya yeganə olaraq Azərbaycan Respublikası prezidentidir. Şirkət buna görə də fəaliyyəti barədə digər qurumlar, o cümlədən parlament qarşısında hesabat vermir. Parlament isə öz növbəsində SOCAR-ı Hesablama Palatasının məhdud səlahiyyəti çərçivəsində SOCAR-ı yoxlaya bilir. Hesablama Palatası haqqında Qanunun 2.1-ci maddəsində Palatanın fəaliyyət dairəsi kimi eyni zamanda hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək daxil edilib. Ancaq bu vaxta qədər dövlətdən hər il kifayət qədər vəsait alan SOCAR-ın fəaiyyətinin yoxlanılması ilə bağlı məlumat yoxdur.
Beynəlxalq təcrübədə hər hansı şirkətin eyni audit şirkəti ilə uzun müddət işləməsi şəffaflıq baxımından məqbul hesab edilmir və bu investorlarda həmin şirkətin şəffaflığı barədə inamsızlıq yaradır. SOCAR-ın saytında 2009-cu ildən sonra maliyyə hesabatları yerləşdirilib. Bu müddətdə yalnız bir şirkət – Ernst and Young Holding şirkəti tərəfindən audit aparılıb. Məlumat üçün deyək ki, Dövlət Neft Fondu fəaliyyət göstərdiyi 2002-2019-ci illərdə indiyədək 3 audit şirkəti ilə işləyib. Bunlar Ernst and Young Holding (2002-2006, 2010-2012), Deloitte and Touche (2007 – 2009) və Pwc (2013-2019) şirkətləridir.
Ümumiyyətlə bir audit şirkəti ilə uzunmüddətli iş təcrübəsi keçmiş SSRİ-yə məxsus dövlət şirkətlərində geniş yayılıb. Məsələn, Qazaxıstanın KazMunayQaz şirkəti də ancaq Ernst and Young Holding şirkəti ilə işləyib və 2005-2019-cu illəri əhatə edən dövrlərin auditini bu şirkətə həvalə edib. Rusiyanın nəhəng Gasprom şirkəti 1998-2014-cü illərdə PWC, 2015-2019-cu illərdə FBK ilə əməkdaşlıq edib. Ukraynanın Naftoqaz şirkəti isə 3 şirkətlə işləyib. Fəaliyyətinin ilk illərində kənar auditor olaraq əvvəlcə yerli BDO LLC (2001-2003, 2010-2011), daha sonra Ernst and Young Holding (2004-2009) və Deloitte & Touche USC (2012-2019) kimi dünya səviyyəli şirkətlərin xidmətindən yararlanıb. KazMunayQaz şirkəti 2020-ci ilin I rübü üzrə audit hesabatını, Gasprom və Naftoqaz şirkətləri isə müstəqil auditdən keçməyən maliyyə hesabatlarını saytlarında yerləşdiriblər. Ancaq SOCAR-ın hesabatlılığı ancaq illik maliyyə hesabatlarını yerləşdirməklə məhdudlaşır.
Gələcəyə strategiyasız baxış
SOCAR-ın məramı əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyəti qabaqcıl təcrübəyə uyğun, dünyanın şaquli inteqrasiya olunmuş iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir. Belə bir iddialı məramın qarşılığında Şirkətin yaxın və ortamüddətli dövr üçün hədəflərini nəzərdə tutan ayrıca hər hansı inkişaf strategiyası mövcud deyil. Şirkətin fəaliyyəti çox şaxəlidir və qarşısında xeyli sayda vəzifələr qoyulub. Ötən əsrin 90-cı illərində SOCAR-ın əsas hədəfi Azərbaycan neftinin xarici bazarlarda satışını təmin etmək və müasir texnologiyaları mənimsəmək idisə, yeni əsrdə, xüsusilə də onun ikinci dekadasında hədəf olaraq Azərbaycan qazının Avropa bazarlarında satışına nail olmaq, özünün emal və satış imkanlarını daha da artırmaq olub.
SOCAR-ın fəaliyyəti daha çox hökumətin qəbul etdiyi strategiyalarda rol almaq və töhfə vermək olub. Məsələn, Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramında SOCAR qarşısında işlənmədə olan yataqların istismarının intensivləşdirilməsi, müasir mədən-geofiziki və neft-mədən avadanlıqlarının istehsalata tətbiqinin sürətləndirilməsi məsələləri başlıca vəzifələr kimi qoyulub.
Ancaq Şirkətin yaxın və ortamüddətli dövrdə qarşıya qoyduğu hədəflər və buna nail olmaq üçün fəaliyyət planını əks etdirən vahid bir sənədin – strategiyanın olmaması SOCAR-ın gələcəkdə dünyanın enerji sektorunda hansı rola malik olacağını planlaşdırmaq və hansı digər sektorlara daxil olmaq niyyətinin olub-olmadığını müəyyənləşdirməyi çətinləşdirir. Şirkət rəhbərliyi dövri olaraq mətbuatda belə bir strategiyanın hazırlandığını bildirirlər, ancaq ictimai olaraq bu sənədlərə rast gəlmək olmur. Məsələn, şirkət prezidenti açıqlamasında qeyd edir ki, Azərbaycanda həyata keçirilən enerji strategiyasının aparıcı qüvvəsi olan SOCAR indiyə qədər görülmüş işlərin məntiqi davamı olaraq 2011-ci ildən 2025-ci ilə kimi uzunmüddətli strateji inkişafa dair Kompleks Planını tərtib edib. Üstündən bir neçə il keçdikdən sonra SOCAR prezidenti növbəti dəfə yeni Strategiyanın hazırlanması anonsunu verib. O, açıqlamasında SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başladığını və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırdıqlarını bildirib. Ancaq bu barədə məlumatlar ancaq xəbər həcmində məhdudlaşır.
Müqayisə üçün qeyd edək ki, Rusiyanın Qazprom şirkəti 2018-ci ildə elektroenergetika sahəsində 2018-2027-ci illəri əhatə edən Strategiya qəbul edib. Qazaxıstanın “KazMunayQaz” şirkətinin 2025-ci ilə kimi inkişaf Strategiyası mövcuddur. Dünya bazarlarında bərpaolunan enerjinin payının sürətlə artdığı bir dövrdə neft-qaz hasilatı üzrə ixtisaslaşmış bp şirkəti 2030-cu ilə qədər olan strategiyasının əsas hədəflərini açıqlayıb. Strategiyanın əsas məğzini ənənəvi enerjidaşıyıcıların yerini tədricən yaşıl enerjiyə verilməsi təşkil edir. Bunun üçün az karbonlu texnologiyalara investisiyaları artırmaq və neft və qaz hasilatını azaltmaq planlaşdırılır.
Son illərin tendensiyası
SOCAR-ın fəaliyyəti cəmiyyətin daim diqqət mərkəzində olub və müxtəlif müzakirələrə yol açıb. Vətəndaş cəmiyyəti, o cümlədən KİV bu qurumdan lazımi məlumatları əldə etməkdə çətinlik çəkir. Şirkət fəaliyyəti barədə maliyyə və fəaliyyət hesabatları yerləşdirməsinə rəğmən ictimaiyyətə açıq olmaqda maraqlı görünmür. Şirkətin birgə və törəmə müəssisələrinin maliyyə və proqram fəaliyyəti barədə hesabatlara rast gəlinmir.
SOCAR-ın fəaliyyətində son illər aşağıdakı tendensiyalar müşahidə edilir:
1. SOCAR sürətlə böyüyür, neft sektoru ilə yanaşı qeyri-neft sektoru seqmentinə də daxil olur və ölkə iqtisadiyyatı üçün böyük riskə çevrilir.
2. Dövlətin xarici borclarını üstələyən borc öhdəlikləri artmaqda davam edir və onların qaytarılması ölkənin valyuta bazarının sabitliyinə təhlükə yaradır.
3. Dünyanın enerji seqmentinin sürətlə dəyişməsi, bərpaolunan enerjinin payının artması fonunda Şirkətin gələcəyə baxışlarını və hədəflərini müəyyənləşdirən və onun inkişafını nəzərdə tutan orta və uzunmüddətli vahid Strategiya sənədi mövcud deyil.
4. Hesabatlarında korporativ idarəetmə sistemlərini tətbiq etdiyini daim vurğulayan Şirkət korporativ idarəetmə standartlarına uyğun gəlməyən idarəetməyə malikdir.
5. Şirkətin fəaliyyətinə qanunverici orqan tərəfindən nəzarət yox dərəcəsindədir.
6. Şirkətlə dövlət arasındakı maliyyə axınlarını tənzimləyən aydın, dəqiq normativlər mövcud deyil.
SOCAR-ın xarici borcları ildən-ilə artır. 2019-cu ilin sonuna uzunmüddətli borc öhdəlikləri 11,4 milyard dollar təşkil edib. Halbuki 2017-ci ildə bu göstərici 9,5 milyard dollar, 2018-ci ildə 9,7 milyard dollar olub. Şirkətin borc cəlbi 2020-ci ildə də davam edib. Cari ilin yanvar-may aylarında şirkət 1 milyard 82 milyon manat həcmində borcu ödəmək üçün əlavə olaraq yerli və beynəlxalq banklardan ümumi məbləği 1 milyard 71 milyon manat olan yeni uzunmüddətli və qısamüddətli kreditlər cəlb edib. Məlumat üçün qeyd edək ki, Azərbaycan dövlətinin 2020-ci il 1 iyul tarixinə birbaşa və şərti öhdəliklər üzrə borcunun həcmi 9 813,3 milyon ABŞ dollarına bərabər olub.
Bütün bunları nəzərə alaraq SOCAR-ın fəaliyyətində idarəetmənin səmərəliliyinin artırılması, şəffaflıq və hesabatlılığın təmin olunması vacibdir. İlk növbədə şirkətin təşkilati-hüquqi formasının dəqiqləşdirilməsi və səhmdar cəmiyyəti formasında yenidən təşkil edilməlidir. Şirkətin idarəçiliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hazırladığı Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair Qaydalara əsaslanan korporativ idarəetmə standartları tətbiq edilməlidir. Bu addımların davamı olaraq müvafiq qanunvericiliyə şəffaflıq və hesabatlılıq öhdəliklərinin dəqiq və aydın çərçivələrini müəyyənləşdirən dəyişikliklər edilməlidir. İnformasiya əldə etmək haqqında Qanuna dəyişiklik edilərək SOCAR informasiya sahibləri kateqoriyasına, şirkətin maliyyə və əməliyyat məlumatları isə açıqlanması zəruri olan informasiyalar siyahısına daxil edilməlidir. Eyni zamanda SOCAR-ın qanunverici orqan olan Milli Məclis qarşısında hesabatlılığı artırılmalıdır. Atılmalı vacib addımlardan biri də şirkətin orta (5 illik) və uzun müddətli (15-20 illik) dövrə hədəflənmiş vahid İnkişaf Strategiyasının işlənib hazırlanmasıdır. Getdikcə sərhədsiz böyüyən SOCAR-ın şaquli inteqrasiya olunmaq hədəflərinin məhdudlaşdırılması, “Azəriqaz” İB-nin şirkətin tərkibindən çıxarılaraq müstəqilləşməsi məsələsi nəzərdən keçirilməlidir.
Sonda qısaca olaraq SOCAR-ın özəlləşdirilməsi məsələsinə toxunmaq istəyirəm. Dövlət Neft Şirkətinin özəlləşdirilməsi müzakirələrinin başlanğıcı ötən əsrin sonlarına təsadüf edir. Ancaq indiyədək bu fikirlər cəmiyyətdə müzakirə səviyyəsindən irəli getməyib. Hökumət isə ümumiyyətlə neft sektorunun özəlləşdirilməsi məsələsini müzakirə etməyə həvəs göstərmir. SOCAR-ın ölkə iqtisadiyyatında rolunu və sosial yükünü nəzərə alsaq yaxın zamanlarda dövlətin öz şirkətini satmaqda maraqlı olmadığını proqnozlaşdırmaq olar. Ancaq şirkətin xarici borcunun ölkənin xarici borcunu üstələməsi və növbəti dekadalarda neft-qaz kimi ənənəvi enerji resurslarına tələbatın əhəmiyyətli azalması bu şirkətin gələcəyini bir qədər dumanlı göstərir. Hökumət bu barədə ciddi düşünməlidir…
Похожие статьи
-
Azərbaycan respublikası dövlət neft şirkəti socar
SOCAR haqqında SOCAR AQŞ təsis edildi Azərbaycan respublikası dövlət neft şirkəti socar Zəngin İrs, Davamlı İnkişaf Son xəbərlər SOCAR AQŞ qabaqcıl…
-
Azərbaycan respublikası dövlət neft şirkəti 2018
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir,…
-
Azərbaycan respublikasının gömrük məcəlləsi 2018
Azərbaycan respublikasının gömrük məcəlləsi 2018 Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük…
-
Azərbaycan respublikasının əmək məcəlləsi 2018
İlham Əliyevdən YENİ VACİB QƏRAR MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR VERGİLƏR 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının…
-
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə…
Comments are closed, but trackbacks and pingbacks are open.