Press "Enter" to skip to content

Vətən tarixi

Beğen Yükleniyor.

Tarixi irsimiz

1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verildi. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başladı. Bakıda sadə sərnişin vağzalı binası inşa olundu. 1880-ci il yanvarın 20-də bu yolun təntənəli açılışı oldu. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.

1883

1883-cü ildə Bakı–Yelizavetpol(Gəncə)–Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.

1884

1884-cü ildə Bakıda “Tiflis vağzalı” istifadəyə verildi. İlk vağzal binası, əsasən, neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə təşrif gətirən Rusiya məmurları və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi. Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmir yolu vağzalına ehtiyac var idi. “Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqləndi. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” imperiyanın ən gözəl vağzallarından sayılırdı.

1900

1900-cu ildə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi. 1896-cı ildə Port-Petrovsk(Maxaçqala)–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin texniki-iqtisadi əsaslandırmasında xüsusilə qeyd olunurdu ki, Bakıda istehsal olunan malların Rusiyaya çıxarılması üçün qısa yola ehtiyac böyükdür. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk(Maxaçqala) dəmir yolu inşa olundu. Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 mln. pud (205 min ton) neft, 1901-ci ildə isə 51,6 mln. pud (845 min ton) neft daşınmışdır.

1918

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu. Sonrakı dörd hökumət kabinələrində də yollar naziri vəzifəsini X.Məlik-Aslanov tutub.

1926

1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. 1924 -cü ilin fevralında Bakıda tramvay xətti işə salındı. Tramvayın ucuz nəqliyyat növü olması Bakıətrafı ərazilərə də elektrik dəmir yolunun çəkilməsi ideyasının yaranmasına səbəb oldu. Bakı Soveti bu qərarı 1924-cü il fevralın 29-da qəbul etdi. Fövqəladə səylər hesabına bütün tikinti işləri 18 ay əvəzinə 14,5 aya yerinə yetirildi. 1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Elektrik dəmir yolunun üstünlükləri o dərəcədə aşkar idi ki, əhali məmnuniyyətlə ondan istifadə edirdi. 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.

1941-1945

Azərbaycan dəmir yolları alman-sovet müharibəsi dövründə faşizm üzərində qələbəyə böyük töhfə verdi. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynadı. Azərbaycan lend-lizin (Qərb dövlətlərinin SSRİ-yə göstərdikləri hərbi yardım siyasəti) Transiran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah-sursat, strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları daşınırdı.

1955

1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi faəliyyət göstərib. O cümlədən Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edilir.

1979

1979-cu ildə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Bu layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi. 1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edildi.

1991-1994

Erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsarrüfatına da külli miqdarda ziyan vurulub. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 km-dən artıq dəmir yolu xətti işğal edilib. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı. Qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının müdafiəsinə dəmiryolçular öz layiqli töhfəsini verib. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşub. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları yaralıları ən ağır cəbhə bölgələrindən çıxarır, onlara tibbi yardım göstərirdi.

2009

2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə yaradıldı. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15 fevral 2010-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnaməsi və strukturu təsdiq olundu. 2015-ci il sentyabrın 18-də “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edildi. Bu qərar “Azərbaycan Dəmir Yolları”-nın daha operativ və çevik fəaliyyət göstərməsinə imkan verdi.

2017

2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.

2020

Vətən müharibəsi dövründə gücləndirilmiş iş rejimində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC ölkənin ərazi bütövlüyünün bərpa edilməsində əhəmiyyətli rol oynadı. 44 gün davam edən müharibə ərzində dəmirolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutmuşdurlar: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!” Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.

Həmçinin 2020-ci ildə Abşeron dairəvi xətti tam istifadəyə verildi. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşdü. “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verildi. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.

AZERBAYCAN XALQININ ÜMUMMİLLİ LIDERİ HEYDER ELİYEV

Tarix yalnız böyük şəxsiyyətlərin böyük əməlləri sayəsində yadda qalır. Azerbaycan xalqının tarixinde ve taleyüklü meselelerin hellinde müstesna xidmetleri olan şexsiyyetler, görkemli siyaset ve dövlet xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyətlərdən biri İyirminci yüzilliyin üçde biri qeder ölkemizi idare eden milli lider vəzifəsini daşıyan, dünya miqyaslı siyasətçi HEYDER ƏLİYEV-dir. Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük dühadır, dünyanın hörmət göstərdiyi, güclü və müstəqil, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur. HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifələrinə daxil olmuş, parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunmuşdur. Azərbaycan xalqı dünyanın tarix kitabına bir çox qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.
XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. O,dünyanın nadir simaları arasında layiqli yer tutaraq dünya tarixinin azərbaycanlı Dahisi oldu.
Sadə və zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, min cür cətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olan H.Əliyev həm də Azərbaycan tarixinə xilaskar kimi daxil olmuşdu. O, XX yüzilliyin ən mürəkkəb və ziddiyətli dövrlərində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Bir bahar günündə- dünyaya göz açan Heyder Əliyev xalqına əbədi bahar gətirmiş, öz ömür kitabını şərəfləndirən uğurlara imza atmışdır. Bu ugurları əldə etmək üçün xalqımızın böyük oğlu olduqca çətin və məsuliyyətli yol keçmişdir.
Heydər Əliyev hər zaman məsul vəzifələrdə çalışmışdır. O, dövlət təhlükəsizliyi sistemində yuksək vəzifə tutmuş və general rütbəsini daşımışdır.
1969-cu ilin iyul ayinda Heyder Əliyev Azerbaycan Kommunist Partiyasi Mərkəzi Komitəsinin birinci katibi ve respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrinadək həmin vəzifədə çalışmışdır. 1987-ci ilədək SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Müəyyən siyasi qarşıdurmalar ve fikir ayrılıgı nəticəsində 1987-ci ildə istefa verərək vəzifəsini tərk etmişdir.
SSRİ -nin iflası ərəfəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi baş qaldırmışdı. Təkcə Bakıda deyil Azərbaycanın bütün bölgələrində Mərkəzə qarşı etiraz mitinqləri keçirilirdi. Xalq H.Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. Ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından qurtarılması missiyası H.Əliyevin üzərinə ümummili vəzifə olaraq. O xalqin müdikliyinə, onun birliyinə arxalanaraq hamını birləşdirib ölkəni ağır vəziyyətdən çıxarmağa nail oldu. İlk dəfə 1993-cü il 3oktyabrda, ikinci dəfə 1998-ci il 11 oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildi. “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! Müstəqilliyin əldə olunması
ne qeder çetindirse, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” deyən Ulu Öndər hakimiyyətə gəldikdən sonra da ölkənin hərtərəfli inkişafı üçün bir çox siyasi və iqtisadi tədbirlər həyata keçirildi. İlk növbədə təhlükəsizliyi təmin etmək üçün ordunun möhkəmləndirilməsinə diqqət yetirdi. Torpağının bir hissəsi işğal olunmuş dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da o oldu.
1994-cü ildə Ermənistanla atəşkəs əldə edildi. Uğurlu xarici siyasət nəticəsində Respublikanın daxilində sabitliyin möhkəmlənməsinə şərait yarandı.
1994-cü il sentyabrin 20-də Azərbaycanın iqtisadi dirçəlişinə təkan verən və ulu öndərin şah əsəri olan ” Əsrin müqaviləsi “imzalandı. “İqtisadiyyatı güclü olan dövlet hər şəyə qadirdir” devizi ilə iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görülməyə başlandı.1994-cü ilin mayında maliyyə sistemini nizama salmaq üçün qəti tədbirlər görüldü. Nəticədə infilyasiya kəskin surətdə aşağı düşdü. Müstəqil dövlətimizin 1995- ci il noyabrın 12- də ilk Konstitusiyası qəbul olundu. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı.
H.Əliyev təkcə daxili siyasətdə deyil xarici siyasətdə də uğurlu addımlar atmışdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətinin ana xəttini təşkil edirdi. O, 1993- 98-ci illərdə 33 ölkəyə səfər etmiş, 5 il ərzində Azərbaycanla xarici dövlətlər arasında 431 beynəlxalq sənəd imzalanmış, nəticədə fundamental uğurlara nail olmuşdur.
HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda iqtisadiyyatla yanaşı elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət yetirmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən Heydər Əliyev Azerbaycan gencliyinə və müəllimlərinə cox böyük dəyər verirdi.Təhsil sahəsində yeni proqramlar, dərsliklər yaradılmışdır. Qaçqın və köçkünlər üçün məktəblər təşkil olundu. Gənclərin xarici ölkələrin ali təhsil məktəblərində təhsil almasına şərait yaranmışdır. Ölkədə mədəni maarif işini canlandırmaq üçün tədbirlər görüldü. Beynəlxalq muzeylər Şurasının, Beynəlxalq kitabxanalar şurasının Azərbaycan milli komitələri yaradıldı. C.Məmmədquluzadənin, Niyazinin, H.Cavidin, N.Nərimanovun ev muzeyləri açıldı.
H.Əliyevin Azerbaycanın inkişafı naminə atdıgı addımları saymaqla bitməz. Əsas odur ki, son nəticə göz qabağındadir. Bir sözlə, zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı.. Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Ulu Öndər Heydər Əliyev xalqını çox sevdi, xalqının parlaq gələcəyi üçün, bu günkü gəncliyimiz , sabahkı tariximiz üçün təməl binası qurdu.Azərbaycan xalqı da dünyaya Heydər Əliyev kimi dahi bəxş etdiyi üçün qürurlanır. Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə «Yol» dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz ondan öyrənirlər.
Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. Fikrimi Dahi rəhbərin sözləri ilə yekunlaşdırmaq istəyirəm. O, vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi isə xalqın ürəyindədir!

Share this:

Bunu beğen:

Beğen Yükleniyor.

İlgili

Temmuz 20, 2014 tarihinde Azərbaycan tarixi içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. Yorum yapın.

Yorum yapın

Comments 0

Bir Cevap Yazın Cevabı iptal et

Tarixini unutma

Temmuz 2014

P S Ç P C C P
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

Hava məlumatı

YoWindow.com Forecast by yr.no

Keçidlər

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
  • Elektron Təhsil Müsabiqəsi
  • Tarix fənninə aid testlər və suallar

“ELEKTRON TƏHSIL MUSABİQƏSİ”

Azərbaycan Respublikasının Dövlət Himni

Azərbaycan bugün

Əbədi yaşar Lider Heydər Əliyev

WordPress.com hesabınız var mı? Şimdi oturum açın.

  • Vətən tarixi
  • Özelleştir
  • Takip EtTakip Ediliyor
  • Kaydolun
  • Giriş
  • Kısa adresi kopyala
  • Bu içeriği rapor et
  • View post in Reader
  • Abonelikleri Yönet
  • Bu şeridi gizle

%d blogcu bunu beğendi:

Comments are closed, but trackbacks and pingbacks are open.