TƏHSİL KOMPASI
Azərbaycanın bu dövrdəki ərazisi, sahəsi barədə (vilayət kimi) müxtəlif mülahizələr mövcud olsa da, dövrün mənbələrində bu barədə cüzi və həm də dolaşıq faktlara təsadüf olunur. Bu baxımdan tanınmış alim, dövlət xadimi Həmdullah Mustovfi Qəzvininin (XIV əsr) məlumatı maraqlıdır. Müəllif Azərbaycan ərazisinin uzunluğunun 95 fərsəng (təx. 617 km), eninin 55 fərsəng (təx. 357 km) olduğunu yazır. Buradan Azərbaycanın 220.269 kv.km əraziyə malik olduğu müəyyənləşir. Həmdullah Qəzvininin ölkə ərazisini göstərən bu məlumatında müəyyən uyğunsuzluqlar nəzərə çarpır. İlk növbədə, müəllif Azərbaycan dedikdə tarixi Atropatena (müasir Cənubi Azərbaycan) ərazilərini nəzərdə tutmuşdur. Bu cəhət onun Azərbaycan ərazisindəki tümənlər barədəki şərhində də özünü göstərir. Belə ki, o, bu bölmədə yalnız müasir Cənubi Azərbaycana aid (Naxçıvan istisna olmaqla) şəhərlərdən bəhs edir. Digər tərəfdən, onun əsərində vahid Azərbaycanın digər əraziləri — Arran, Muğan, Şirvan, Güştasfi əraziləri ayrı-ayrılıqda şərh olunur. Deməli, Azərbaycanın vahid ərazisi yuxarıda göstərilən 5 ərazinin məcmuundan ibarət olduğu qəbul edilməlidir.
7-15 əsrlərdə Azərbaycanın tarixi-siyasi coğrafiyası
XIII-XV yüzilliklər Azərbaycan tarixşünaslığında monqol, qaraqoyunlu və ağqoyunlu tayfalarının yürüşləri və Azərbaycanda və ətraf ərazilərdə dövlət təsis etmələri ilə səciyyəvidir. Bu əsrlərin tarixi-siyasi coğrafiya baxımından vahid dövr kimi götürülməsi bir sıra tarixi hadisələr ilə bağlıdır. Bilindiyi kimi, XIII əsrin ilk rübündə Azərbaycan monqol yürüşlərinə məruz qalır, Atabəylər dövləti süqut edir və son nəticədə ölkədə monqol hökmranlığı başlanır. XV əsrin sonunda isə Ağqoyunlular dövləti süquta uğrayır və 1501-ci ildə səfəvilər hakimiyyətə gəlirlər. Bu dövrü xarakterizə edən digər cəhətlər də vardır. Belə ki, həmin əsrlərdə hakimiyyətdə olan sülalələr monqol-türk və türk mənşəli olmaqla yanaşı, Azərbaycana gəlmə sülalələrdir. İkincisi, onların qurduğu dövlətlər geniş əraziləri əhatə etmiş və Azərbaycandan idarə olunmuşlar. Deməli, nəzərdə tutulan dövr tarixi-coğrafiya baxımdan müəyyən tarixi-coğrafi kəsik (dövr) kimi maraqlıdır.
Qeyd olunduğu kimi, Azərbaycanda bu dövrdə Hülakular (1256-1357), Cəlairilər (1359-1410), Qaraqoyunlular (1410-1468) və Ağqoyunlular (1468-1501) dövlətləri fəaliyyət göstərmişdir. Həmin dövlətlərin tərkibində Şirvanşahlar dövləti vassal asılılığı şəraitində öz fəaliyyətini davam etdirmiş və Şəki hakimliyi XIV əsrin sonlarında müstəqilləşə bilmişdir. Monqolların həyata keçirdikləri 3 yürüşün son nəticəsi kimi, 1256-cı ildə Hülakular (Elxanilər) dövləti təşəkkül tapdı və çox geniş əraziləri öz tərkibində birləşdirə bildi. Onun banisi monqol şahzadəsi Hülaku xan (1256-1265) idi. Dövlətin sərhədləri Fars körfəzindən Dərbəndə,Misir hüdudlarından Amu-Dərya çayına kimi uzanırdı. Onun tərkibinə Azərbaycan, Ərəb İraqı, Əcəm İraqı, Kerman, Gürcüstan, Kiçik Asiya (Rum), Ermənistan, Kürdüstan, Fars, Xuzistan, Xorasan və s. vilayətlər daxil idi. Paytaxtı Marağa, Təbriz, Sultaniyə və yenidən Təbriz şəhərləri olmuşdur. Cəlairilər dövləti nisbətən yığcam əraziləri əhatə edirdi və Azərbaycan, Ərəb İraqı, Əcəm İraqı, Ermənistan və Kürdüstan vilayətlərini birləşdirirdi. Bu dövlətin də paytaxtı Təbriz (əvvəl Bağdad) şəhəri idi. Qaraqoyunlular Azərbaycan, Ermənistan, Ərəb İraqı və Əcəm İraqının bir hissəsini, Ağqoyunlular isə Cənubi Azərbaycan, Qarabağ (Arran), Ermənistan, Kürdüstan, Diyarbəkr, Ərəb İraqı, Əcəm İraqı, Luristan, Fars və Kerman vilayətlərini birləşdirmişdi. Bu dövlətlərin paytaxtları da Təbriz şəhəri olmuşdur. Şirvanşahlar dövləti öz tarixi ərazilərində -Kürdən şimalda fəaliyyətini davam etdirirdi.
Azərbaycanın XIII-XV əsrlərdəki tarixi-siyasi coğrafiyasının şərhinə başlamazdan əvvəl həmin dövrü, eləcə də bütün son orta əsrləri xarakterizə edən bir məsələyə diqqət yetirilməsi va-cibdir. Söhbət Azərbaycanın, bir vilayət kimi, göstərilən dövlətlərin fəaliyyətindəki rolundan gedir. Qeyd olunduğu kimi, türk və türk-monqol qəbilələrinin idarə etdikləri həmin dövlətlər çox geniş ərazini əhatə etmiş və bir sıra vilayətləri birləşdirmişlər. Azərbaycan bu dövlətlərin mərkəzi vilayəti, Azərbaycan şəhərləri — Təbriz, Marağa onların paytaxt şəhərləri olmuşdur. Deməli, göstərilən dövlətlərin bütün ərazisi, vilayətləri, torpaqları Azərbaycandan — Təbrizdən idarə olunmuşdur. Təbriz təkcə Azərbaycan vilayətinin deyil, adı çəkilən dövlətlərin mərkəzi şəhəri, paytaxtı kimi fəaliyyət göstərmişdir. Hülakular, eləcə də, sonrakı dövlət başçıları Azərbaycana yüksək qiymət vermiş, öz iqamətgahlarını bu vilayətdə qurmuşlar, Qarabağı əsas məskənlərinə çevirmişlər və deməli, dövlət işlərinin idarəsi Azərbaycanda cəmlənmişdir. Bütün bunlar Azərbaycanın bir vilayət kimi həmin dövlətlərin fəaliyyətində yüksək və aparıcı mövqe tutduğunu göstərir. Bununla əlaqədar daha bir məsələni dəqiqləşdirmək vacibdir. Ənənəvi tarixi ədəbiyyatda Azərbaycanın İran ərazisi olması vurğulanır və İran tərəfi tarixən Azərbaycan üzərində hegemonluğundan bəhs edir. Əslində isə tarixi-real şərait bunun əksini göstərir. Monqol hökmranlığından başlayaraq XVIII əsrin ortalarına qədər İran ərazisi mərkəzi vilayəti Azərbaycan, paytaxtı Təbriz olan, türk-monqol və türk mənşəli sülalələr tərəfindən idarə olunan dövlətlərin, imperiyaların ətraf vilayətləri statusunda olmuşdur və Azərbaycandan (Təbrizdən) idarə edilmişlər. Belə olduğu halda İranın Azərbaycan üzərində deyil, əksinə Azərbaycanın İran üzərində nüfuzundan danışmaq məntiqi olardı. Onu da yadda saxlamaq lazımdır ki, istər Xilafətin hakimiyyəti və IX-XII əsrlərdə, istərsə də xanlıqlar dövründə Azərbaycanın İrandan asılılığı nəzərə çarpmır. Deməli, bütün son orta əsrlərdə Azərbaycan İran ilə əlaqələrində aparıcı mövqedə durmuşdur.
XIII-XV əsrlərdə Azərbaycanın aparıcı mövqe tutduğu dövlətlərin tərkibində «Ərmən» adlı kiçik bir vilayət mövcud olmuşdur. İlk mənbələrdə onun adı «Ermənistan» deyil, «Ərmən» və ya «Ərminiyyə» kimi verilir. Dövrün tanınmış tarixçi-coğrafiyaşünas alimi Həmdüllah Mustovfi Qəzvini (1281-1345) Ərmən vilayəti və xüsusilə də, «Böyük» və «Kiçik» Ərminiyyələr barədə maraqlı məlumat verir. Müəllif «Ərmən», «Ərminiyyə» adlandırdığı bu vilayətin 2 hissədən -«Böyük Ərminiyyə» və «Kiçik Ərminiyyə»dən ibarət olduğunu xəbər verir. Onun yazdığına görə, Kiçik Ərminiyyə İran ərazisinə daxil deyil. Böyük Ərminiyyə isə Kiçik Ərminiyyədən şərqdə yerləşməklə İrana (yəni Hülakular dövlətinin tərkibinə) daxildir və dövlətin bir tümənini (Əxlaq tümənini) təşkil edir. Böyük Ərminiyyənin hüdudları Kiçik Ərminiyyə (qərbdə), Rum, Diyarbəkr, Kürdüstan, Azərbaycan (tarixi Atropatena) və Arrana kimi çatırdı. Mərkəzi Əxlaq (İxlat) şəhəri idi. Dövlətə 39 tümən vergi ödəyirdi (hansı ki, təkcə Azərbaycan əlaləti — tarixi Atropatena ərazisi bu dövrdə 9 tümənə bölünmüşdü və dövlətə 1000 tüməndən artıq vergi verirdi). Əxlat tüməninin tərkibinə Əxlat, Ərciş, Xəradin, Van, Vəstan və s. kimi şəhər, qala, qəsəbə və başqa məskənlər (müəllif 18 ad sadalayır) daxil idi .Alimin məlumatından göründüyü kimi, «Böyük Ərminiyyə» Hülakular dövləti tərkibində kiçik inzibati vahid — təkcə bir tüməndən (Əxlat tüməni) ibarət idi və onun şərq hüdudları Arran, Azərbaycan (tarixi Atropatena) və Kürdüstanla sərhədlənirdi.
XIII-XV əsrlərdə Azərbaycanın ərazisi, dövlətlərin mərkəzi vilayəti kimi, təxminən eyni vəziyyətdə qalmışdır. Həmin dövrdəki Azərbaycan ərazisi, digər dövrlərə nisbətən, daha yığcam olması ilə də diqqəti cəlb edir. İstər Sacilər, Atabəylər dövründə, istərsə də Səfəvilər və xanlıqlar dövründə Azərbaycan ərazisi daha geniş hüdudlara malik idi. Xüsusilə ölkənin qərb və şimal-qərb istiqamətlərində bu cəhət bariz şəkildə nəzərə çarpır. Başqa dövrlərdən fərqli olaraq, XIII-XV əsrlərdə bu istiqamətdə torpaqlarımız Göycə gölü ilə məhdudlaşmış və Göycə mahalının yalnız şərq hissəsi Azərbaycan vilayətinə daxil olmuşdur. Buna səbəb, əlbəttə, monqol yürüşləri və həmin dövrdə xristian aləminin, ilk növbədə ermənilərin Azərbaycana qarşı məkrli siyasətləri idi. İlk monqol xanlarının islama biganə münasibəti, erməniləri və xristianlığı dəstəkləməsi Azərbaycan sərhədlərinin qərb istiqamətində daralmasına gətirib çıxardı. Bu işdə hələ 1253-cü ildə Qaraqorumda bağlanmış erməni-monqol sazişi az rol oynamadı. Həmin dövrdə müəyyənləşmiş Azərbaycan sərhədləri, hüdudları, demək olar ki, XV əsrin sonuna kimi ciddi dəyişikliyə düçar olmadı.
Azərbaycanın bu dövrdəki ərazisi, sahəsi barədə (vilayət kimi) müxtəlif mülahizələr mövcud olsa da, dövrün mənbələrində bu barədə cüzi və həm də dolaşıq faktlara təsadüf olunur. Bu baxımdan tanınmış alim, dövlət xadimi Həmdullah Mustovfi Qəzvininin (XIV əsr) məlumatı maraqlıdır. Müəllif Azərbaycan ərazisinin uzunluğunun 95 fərsəng (təx. 617 km), eninin 55 fərsəng (təx. 357 km) olduğunu yazır. Buradan Azərbaycanın 220.269 kv.km əraziyə malik olduğu müəyyənləşir. Həmdullah Qəzvininin ölkə ərazisini göstərən bu məlumatında müəyyən uyğunsuzluqlar nəzərə çarpır. İlk növbədə, müəllif Azərbaycan dedikdə tarixi Atropatena (müasir Cənubi Azərbaycan) ərazilərini nəzərdə tutmuşdur. Bu cəhət onun Azərbaycan ərazisindəki tümənlər barədəki şərhində də özünü göstərir. Belə ki, o, bu bölmədə yalnız müasir Cənubi Azərbaycana aid (Naxçıvan istisna olmaqla) şəhərlərdən bəhs edir. Digər tərəfdən, onun əsərində vahid Azərbaycanın digər əraziləri — Arran, Muğan, Şirvan, Güştasfi əraziləri ayrı-ayrılıqda şərh olunur. Deməli, Azərbaycanın vahid ərazisi yuxarıda göstərilən 5 ərazinin məcmuundan ibarət olduğu qəbul edilməlidir.
Dövrün anonim mənbəyi «Əcaib əd-dünya» əsərində isə Arranın ərazisi barədə məlumat əks olunmuşdur. Burada Arranın uzunluğunun 40 fərsəng (təx. 260 km), eninin 30 fərsəng (təx. 195 km) olduğu göstərilir və məlum olur ki, Arran əyaləti 50.700 kv.km əraziyə malik idi. Muğan, Şirvan əraziləri barədə mənbələrdə faktlara təsadüf olunmur. Bununla yanaşı, Şirvan və Muğan ərazilərinin Arran ərazisindən təxminən 2 dəfə çox olduğu nəzərə çarpır.Odur ki, bu əyalətlərin təxminən 100.000 kv. km əraziyə malik olduğunu söyləmək mümkündür. Belə olduğu halda, həmin əsrlərdə Azərbaycan vilayətinin vahid şəkildə Azərbaycan, Arran, Şirvan və Muğan ərazilərinin cəmindən ibarət olub təxminən 370.000 kv. km sahəyə malik olduğunu qəbul etmək olar.
XIII-XV əsrlərdə Azərbaycan vilayətinin sərhədləri barədə mənbələrdə müəyyən faktlara təsadüf olunur. Orta əsrlərin başqa dövrlərinə nisbətən daha yığcam əraziyə malik olsa da, Azər-baycanın bu dövrdəki sərhədlərinin dəqiqləşdirilməsi ölkənin ümumiyyətlə orta əsrlərdəki hüdudlarını təsəvvür etməyə imkan verir. Belə ki, bu dövrün Azərbaycanı nisbətən dar çərçivədə olsa da, müasir dövrdəki vəziyyətimiz ilə müqayisədə çox geniş əraziləri əhatə etmişdir.
İlk mənbələrdən əldə olunan faktlar XIII-XV əsrlərdə Azərbaycan vilayətinin (vahid şəkildə) sərhədlərini aşağıdakı kimi müəyyənləşdirməyə imkan verir: Xəzər dənizi — Gilan vilayəti -Zəncanın şərq və cənub hüdudları — Savucbulaq, Uşniya şəhərlərinin və Ruyendiz qalasının cənub istiqaməti — Urmiya, Salmas, Xoy, Maku şəhərlərinin qərbi — Dvin şəhəri — Göycə gölü -Debed çayı — Hunan (Xnarakert) qalası — Şəki mahalının qərbi və şimalı — Şirvanın şimalı -Dərbənd mahalının şimalı — Xəzər dənizi.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan vilayətinin sərhədləri yaxın qonşularımız tərəfindən heç də birmənalı qəbul olunmur və torpaqlarımıza qarşı müxtəlif iddialar irəli sürülür. Erməni, gürcü və rus iddiaları bu baxımdan daha çox diqqəti cəlb edir. Onlar öz iddialarına «elmi don» geyindirməkdən də çəkinmirlər. S.Yeremyan, D.Musxelişvili, V.Yeqorov, M.Berdzinişvili və s. müəlliflərin cəhdləri buna canlı sübutdur. Ermənilər Arran ərazisinin onlara məxsus olduğunu və bəzən də, Ermənistanın şərq hüdudlarının Xəzər dənizinə kimi uzandığını iddia edirlərsə, gürcülər Gürcüstan ərazilərinin Ağsu aşırımına qədər çatdığını vurğulayırlar. Rusiyanın iddiası isə Dərbənd ərazisi ilə bağlıdır. V.Yeqorov Qızıl Ordanın XIII-XIV əsrlərdəki tarixi coğrafiyasına həsr etdiyi əsərində Dərbəndin həmin dövrdə Azərbaycanın deyil, Qızıl Ordanın, dolayısı ilə Rusiyanın tərkibində olduğunu göstərir. A.Şıxsəidovun fikrincə isə Dərbənd əsasən Şirvanın tərkibində qalmışdır. Vilayətlərarası sərhədlər məsələsində Azərbaycan-Ermənistan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya mübahisələrinə müəyyən aydınlıq gətirmək, qarşı tərəflərin iddialarının səbatsızlığını göstərmək məqsədilə XIII-XV əsr mənbələrindən əldə olunan faktlara müraciət etmək məqsədəuyğundur:
– «Dvin Arran vilayətində, Azərbaycanın uzaq hüdudlarında şəhərdir» (Yaqut əl-Həməvi);
– «Şeyx Həsən Çobani Şərur və Dvin [ərazisini] Naxçıvana kimi Əkəncinin oğlu Hacı bəyə verdi» (əl-Əhəri);
– «Nəşəva — Azərbaycanda və bəzilərinin dediyi kimi, Arranda şəhərdir. O Ermənistanla sərhəddədir» (Yaqut əl-Həməvi);
– «Orada Arran adlanan böyük ölkə vardır… Onun qərb qonşusu Ermənistandır» (İoann de Qalonifontibus);
– «Arran və Muğan əyalətlərinin şərhi. Bu əyalətlərin iqlimi isti və rütubətlidir. Onlar Ermənistan, Azərbaycan və Xəzər dənizi ilə sərhədlənirlər» (Həmdullah Qəzvini);
– «Göycə dənizi Azərbaycanın Ermənistanla sərhəddində yerləşir» (Həmdullah Qəzvini);
– «Hunan [Gürcüstanın] Arran ilə sərhəddində təpənin üstündə möhkəmləndirilmiş qaladır» (Həmdullah Qəzvini);
– «Teymurun ordusu Şəmkürdən Aladağa tərəf üz tutdu. Tebeder (Debed) çayının kənarında Gürcüstan sərhəddinə çatdı» (Şərəfədin Əli Yəzdi);
– «O (Sultan Cəlaləddin) gürcülərdən, Tiflisi yandırdıqları üçün qisas almaq məqsədilə geri qayıtdı və Səfiəddini Şirvanın şəhərləri Şəki və Qəbələyə vəzir təyin etdi» (Nəsəvi);
– «Bab əl-əbvab və ya sadəcə əl-Bab Şirvan Dərbəndidir. Şəhərin yaxınlığında Qurd adı ilə tanınan böyük dağ vardır. Onun zirvəsinə hər il çoxlu odun yığırlar ki, lazım gəldikdə tonqal qalayıb Azərbaycan və Arran sakinlərini düşmənin hücumundan, əgər onlar qəfil hücum etsələr, xəbərdar etsinlər» (Yaqut əl-Həməvi);
– «1265-ci ildə o (Abaqa xan) əvvəlcə öz qardaşı Yuşumutu Dərbənd, Şirvan və Muğana göndərdi ki, həmin əraziləri düşməndən qorusun» (Fəzlullah Rəşidəddin);
– «Həmin vaxtda Abaqa xan Mazandaranda qışlaqda idi, Yuşumut isə özünəməxsus olan Dərbənd və Arran vilayətlərində idi» (Fəzlullah Rəşidəddin);
– «Sultan Əbu Səid 1328-ci ildə Dərbəndi əmir Əkənciyə verdi» (əl-Əhəri);
– Qızıl Orda qoşunu 1335-ci ildə Kür çayının kənarından geri çəkilərək «özlərini Dərbəndə çatdırdılar və oradan öz ölkələrinə getdilər» (Həmdullah Qəzvini);
– «1367-ci il: Şeyx Üveys Cəlairi Dərbəndə kimi bütün Şirvanı zəbt etdi. Oranın hakimləri Hacı Fəramərz və Hacı Firudin gəldilər və sultan onları əzizlədi, çoxlu hədiyyələr verdi, şərəfləndirdi. Sultan nə qədər sağ idi, onlar itaətdən çıxmadılar» (Zeynəddin Qəzvini).
İlk mənbələrin məlumatı yuxarıda adı çəkilən yerlərin sərhəd zonası təşkil etdiyini və ya Azərbaycanın tərkibində olduğunu bir daha təsdiq edir.
Siyasi cəhətdən Hülakular, Cəlairilər, Şirvanşahlar dövlətləri, Şəki məlikliyi, Arsax-Xaçın knyazlığı kimi dövlət qurumlarının fəaliyyət göstərdiyi Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından Azərbaycan, Muğan, Arran və Şirvan kimi böyük əyalətlərə bölünmüşdü. Azərbaycan adı ilə həm bütöv-vahid ölkə ərazisi, həm də onun cənub hissəsi, tarixi Atropatena ərazisi tanınırdı; daha doğrusu, Azərbaycan əyaləti vahid Azərbaycan vilayətinin tərkib hissəsi idi. Azərbaycan vilayətinə daxil olan Azərbaycan əyalətinə Qaradağ və Talış mahalları, Şirvanın tərkibinə Şəki, Arranın tərkibinə Qarabağ, Güştasfi, Arasbar mahalları daxil idi. Naxçıvan ərazisi tümən statusu ilə Azərbaycan əyalətinin tərkibində idi.
Azərbaycan əyaləti, yəni tarixi Atropatena torpaqları eyni zamanda tünıəıı sistemi ilə də müxtəlif inzibati-ərazi vahidlərinə bölünmüşdü. Həmdullah Qəzvini Azərbaycan əyalətinin 9 tümənə bölündüyünü xəbər verir və onların 8-nin adını çəkir. «Tümən» termini ilə pul vahidi, 10 minlik qoşun hissəsi mənaları ilə yanaşı, inzibati-hərbi ərazi vahidi də anlaşılırdı. Hər bir tümən müəyyən ərazini əhatə etməklə yanaşı dövlətin hərbi hissələrinə 10 minlik qoşun verməli idi. Azərbaycan əyaləti tümən sistemi ilə Təbriz (əsas şəhərləri Təbriz, Ucan, Təsuc), Ərdəbil (Ərdə-bil, Xalxal), Pişkin (Pişkin, Xiyav, Anad, Ərcək, Əhər, Təkalifə, Kələnbər), Xoy (Xoy, Salmas, Urmiya, Uşniya), Sarab (Sarab, Məyanic, Gərmrud), Marağa (Marağa, Bəsavu, Dehxarqan, Nilan), Mərənd (Mərənd, Dizmar), Naxçıvan (Naxçıvan, Azad, Ordubad, Makuyə, Əncan) tümənlərə bölünmüşdü. 9-cu tümənin adı mənbədə öz əksini tapmamışdır. Həmin tümənlərdə 30 şəhər mövcud idi.
Azərbaycan vilayəti qaraqoyunlular və ağqoyunlular dövründə əvvəlki, monqollar dövründəki hüdudlarında qalırdı və əsaslı dəyişikliyə düçar olmamışdı. Onun şimal sərhədləri Dərbənd və Şəki ərazilərinin şimalından, qərb sərhədləri Göycə gölü, Dvin, Maku, Xoy, Salmas, Urmiya, Uşniya şəhərlərinin qərbindən keçirdi. Cənub və cənub-şərq sərhədləri də əvvəlki əsrlərdəki kimi qalırdı. İnzibati ərazi bölgüsü baxımından ölkə Azərbaycan, Arran, Muğan, Şirvan, Şəki əyalətlərinə ayrılırdı. Həmin əyalətlərin tərkibində Qaradağ, Qarabağ, Şərur, Çuxursəəd, Güştasfi mahalları var idi. Göstərildiyi kimi, bu dövrdə Arran əyaləti, ərəb dövrünün Arranından fərqli olaraq, yalnız iki çayarası ərazini, Kür ilə Arazın qovuşduğu yerdən Göycə gölünə kimi əraziləri əhatə edirdi. Qarabağ, Güştasfi, Arasbar mahalları buraya daxil idi.
XIII-XV əsrlər Azərbaycanı ölkədə gedən etnik proseslər baxımından da diqqəti cəlb edir. Mütəxəssislərin qeyd etdikləri kimi, monqol istilalarına qədər Azərbaycan əhalisinin əsas hissəsi (Şirvan istisna olmaqla) türkdilli əhalidən ibarət idi. Bununla bərabər, Azərbaycanda irandilli xalqlar, Dağıstan xalqları, alban qəbilələri və s. qruplar yaşayır və ölkənin bu və ya digər bölgələrində çoxluq təşkil edirdilər.
Qeyd etmək lazımdır ki, albanlar Cənubi Qafqazın gürcü, erməni və s. tayfaları ilə yanaşı müstəqil etnik qrup kimi mövcud olmuşlar və onlardan, ilk növbədə ermənilərdən asılı vəziyyətdə deyildilər.
Bilindiyi kimi, monqol yürüşləri dövründə Azərbaycana bir sıra monqol-türk qəbilələri gəlmiş və onların əksəriyyəti yeni ərazilərdə məskunlaşaraq qalmışdır. Azərbaycanın Hulakular dövlətinin mərkəzi vilayəti, Marağa və sonra Təbrizin paytaxt şəhəri olması, Qarabağın elxanilərin istirahət ərazisinə çevrilməsi gəlmələrin çoxunun bu diyara axışmasına səbəb oldu. İlk mənbələrin məlumatı və toponimik materiallar əsasında bu dövrdə Azərbaycana 20-dən artıq qəbilənin gəlib məskunlaşdığını söyləmək olar. Tədqiqatçıların araşdırmaları sulduz-çobani, cəlairi, qurqan, səqait, kingit, curiat, sunit, tənkqut, ildurkin, uryankqat, onqut, tatar, hərtəkan, oyrat, eləcə də cirkin, tamqalıq, dolan, alar, alət, uran və s. qəbilələrin həmin ərazidə sakin olduqlarını göstərir. Azərbaycanın Sulduz mahalı, Sulduz şəhəri, Xan-Çobanlı, Cəlayir, Qurqan, Sumqayıt, Küngüd, Corat, Zunut, Tanqıt, Elciqan, Uriyad, Onqutlu, Tatar, Tatarlı, Xartaqan, Aratkənd, Cirkin, Damqalı, Dolanlar, Alar, Ələt və sairə toponimlərində həmin tayfaların izləri mühafizə olunmuşdur. Tarixi ədəbiyyatdan göründüyü kimi, bu dövrdə budat, bayat, qacar, avşar, kumanı kimi qəbilələr də Azərbaycana gəlib məskunlaşmışlar. Alman şərqşünası B.Şpulerin qeyd etdiyi kimi, onların arasında türk qəbilələri əsaslı yer tuturdu. M.Baharlının fikrincə, hülakularla XIII əsrdə İrana 200.000 türk ailəsi gəlmişdir. Deməli, bu dövrdə təxminən 1 mln.-a qədər türk İrana gəlmiş və buradan ətraf ərazilərə və ilk növbədə Azərbaycana yayılmışlar. Onların əsas hissəsini Qərbi Türkistandan gəlmiş türk qəbilələri təşkil edirdi.
Mənşəcə oğuz tayfalarından olan qaraqoyunlulara baharlılar başçılıq edirdilər. Qaraqoyunlular ilk vaxtlarda Van gölündən cənubda məskən salmış, tədricən Ərzincan, Sivas, Kürdüstanda möhkəmlənmişlər və sonra Azərbaycana gəlmişlər. Baharlılar qaraqoyunluların süqutundan sonra ağqoyunlulara tabe olmamış, onların bir qismi Hindistana getmiş, bir hissəsi isə Xorasanda məskunlaşmışdır. Türkdilli tayfa birləşməsi olan ağqoyunluların tərkibində isə bayandur, pornək, mosullu, qacar və s. tayfalar əsas yer tuturdu. Tarixi faktlardan göründüyü kimi, XIII-XV əsərlərdə Azərbaycana gələn tayfalardan bir qismi, xüsusilə, sulduz-çobani, cəlairi, baharlı, bayandur və s. tayfalar ölkə əhalisinin etnik tərkibinə təsir göstərmiş və türkdilli əhalinin sayca nəzərə çarpacaq dərəcədə artmasına səbəb olmuşlar. M.Naxçivaninin (XIV əsr) yazdığına görə, onun dövründə dövlət sənədləri hər xalqa öz dilində, o cümlədən türklərə türkcə çatdırılırdı. Bu hal türklərin ölkədə həlledici mövqe tutduqlarından xəbər verir.
Göstərilən əsrlərdə Azərbaycanda əhalinin dini görüşləri kəskin xarakter almışdı. Məlum olduğu kimi, monqollara qədər Azərbaycan əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət idi və islam dininə sitayiş edirdi. Bununla yanaşı, ölkədə xristian, yəhudi dinlərinə sitayiş edənlər də az deyildi. Əsasən büdpərəstlərdən və şamanizmə sitayiş edənlərdən ibarət monqol-türk qəbilələrinin Azərbaycana axını yerli əhali ilə gəlmələrin dini baxışlarının üzləşməsinə və ciddi qarşıdurmanın meydana çıxmasına səbəb oldu. Azərbaycanda islam-xristian-yəhudi-bütpərəst qarşıdurması baş verdi. 1258-ci ildə Bağdadda Abbasilər xilafətinə son qoyan monqollar Azərbaycanda da islama biganə münasibət bəslədilər; onu dövlət dini statusundan məhrum etdilər. İslam dini 40 ilə yaxın rəsmən tanınmadı. Monqollar ölkədə bütpərəstliyin yayılmasına cəhd etdilər, bu dinin geniş təbliğinə başladılar. Dövlətin bir çox ərazilərində, o cümlədən Xoyda, Marağa, Salmasda bütxanalar inşa olundu, bütpərəst din xadimlərinin — bəxşilərin hazırlanması və hərtərəfli fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradıldı. İslama qarşı mübarizədə bütpərəst-xristian-yəhudi ittifaqı meydana gəldi. İlk monqol xanlarının dini siyasəti islamın zəifləməsinə səbəb oldu. Lakin XIII əsrin sonlarında Qazan xanın, məcburiyyət qarşısında qalıb islam dinini qəbul etməsi və bütün gəlmə monqol-türk qəbilələrini bu dinə cəlb etməsi islamın tərəqqisi ilə nəticələndi. Xristian, yəhudi dinləri və xüsusilə, bütpərəstlik öz mövqelərini əldən verməli oldular. İslam dini yenidən dövlət dini statusu kəsb etdi, qaraqoyunlular və ağqoyunlular dövründə daha da qüvvətləndi.
XIII-XV əsrlər Azərbaycanı bir çox iri, iqtisadi cəhətdən inkişaf etmiş şəhərləri ilə də diqqəti cəlb edir. Bu əsrlərdə ölkədə 45-ə qədər iri şəhər var idi. Marağa, Təbriz, Şamaxı daha çox inkişaf etmişdi və həmin əsrlərdə mövcud olmuş dövlətlərin paytaxt şəhərləri idilər. Bunlardan başqa Azərbaycanda Ərdəbil, Mərənd, Əhər, Urmiya, Salmas, Xoy, Dehxarqan, Naxçıvan, Maku, Sarab, Miyanə, Beyləqan, Bərdə, Bakı, Gəncə, Qəbələ, Mahmudabad, Şəmkür, Şəki, Şabran və s. şəhərlər, Əlincə, Sainqala, Surxab, Gülüstan, Qəleybuqurt, Gürcüvan, Gələsən-görəsən, Kiş və başqa qalalar var idi. Əlincə Azərbaycan xalqının azadlıq mübarizəsindəki rolu ilə diqqəti cəlb edir.
Azərbaycan (ümumiyyətlə, Hülakular dövlətinin ərazisi) dünya əhəmiyyəti kəsb edən karvan-ticarət yollarının kəsişdiyi məkana çevrilmişdi. Hülakular dövlətinin ərazisindən aşağıdakı əsas karvan yolları keçirdi: Əsas cənub yolu, Əsas şərq yolu, Əsas şimal yolu, Əsas qərb yolu, Əsas cənub-qərb yolu. Təbrizdən şaxələnən karvan yolları bütün istiqamətlərə uzanır, həm dövlətin daxili vilayətlərini, həm də qonşu dövlətləri birləşdirirdi. Təbrizdən cənub-şərqə gedən yol Zəncandan keçib (uzunluğu 41 fərsəng, təx. 270 km) Sultaniyəyə, oradan isə Şərq ölkələrinə gedirdi. Miyanədən cənub-şərqdə olan Sərcam yaşayış məntəqəsində bu yolun bir qolu qərbə tərəf istiqamətlənib Marağa, Uşniya şəhərlərindən keçərək Qara dənizə tərəf uzanırdı. Təbrizdən şimal-qərbə tərəf gedən karvan yolu da Mərənd-Xoy-Sukmanabad şəhərlərindən keçərək qərbə tərəf istiqamətlənirdi (29 fərsəng, təx. 200 km). Təbrizdən başlanan digər karvan yolu şimal-şərqə tərəf gedirdi. Uzunluğu təxminən 260 km (40 fərsəng) olan bu yol Əhər, Bərzənd şəhərlərindən keçərək Bacrəvana çatırdı. Azərbaycanın cənub-şərqində Zəncanda karvan yolu iki istiqamətə ayrılıb, onlardan biri, göstərildiyi kimi, Təbrizə çatırdı (270 km), digər qolu isə Təbrizdən yan ötərək Kağızkonan — Xalxal — Ərdəbil — Ərşad — Vərənd istiaqmətindən Bacrəvana çatırdı (təx. 340 km, 52 fərsəng) və burada Təbrizdən gələn digər yolla birləşirdi. Bacrəvandan şimala gedən karvan yolu yenidən şaxələnirdi: Biləsuvar — Mahmudabad — Şamaxı — Niyazabad — Dərbənd şəhərlərindən keçən Əsas şimal yolu ölkəni Qızıl Orda və başqa şimal dövlətləri ilə birləşdirirdi. Bacrəvandan şimal-qərbə tərəf istiqamətlənən ticarət yolu isə Beyləqan — Bərdə — Gəncə — Şəmkir kimi şəhərləri və çoxlu yaşayış məskənlərini keçərək Tiflisə doğru gedirdi. Təxminən 370 km (56 fərsəng) uzunluğu olan bu karvan yolu Azərbaycanın şimali-qərb vilayətlərlə və dövlətlərlə ticarətində əsas rol oynayırdı. Azərbaycandan keçən karvan yollarının ümumi uzunluğu 2.000 km-dən çox idi və bu yollar ölkədə ticarətin inkişafında mühüm mövqe tuturdu.
tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI
- Teqlər:
- Azərbaycan tarixi
TƏHSİL KOMPASI
CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020
SON YAZILAR
Post Top Ad
- AZƏRBAYCAN DİLİ
- BİOLOGİYA
- COĞRAFİYA
- FİZİKA
- İBTİDAİ SİNİF
- İNFORMATİKA
- İNGİLİS DİLİ
- KİMYA
- RİYAZİYYAT
- TARİX
- MƏNTİQ
- KURİKULUM
- DÖVLƏT QULLUĞU
- MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
- HAZIRLIQ KURSLARI
- REPİTİTORLAR
- DƏRSLİKLƏR
- BƏDİİ ƏDƏBİYYAT -PDF
- BƏDİİ ƏDƏBİYYAT PDF 2
- HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
- ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
- KİTAB GÖNDƏR
- XƏBƏR
- ARAŞDIRMA
- MARAQLI
- BLOG YAZILARI
- DÜNYA TƏHSİLİ
- SƏNƏDLİ FİLMLƏR
- FORUM
- Haqqımızda
- KSQ , BSQ , TESTLƏR
Home TARİX 5 – ci sinif Azərbaycan tarixi – Tarixi şəxsiyyətlər-Öyrədici vasitə
Comments are closed, but trackbacks and pingbacks are open.