Press "Enter" to skip to content

Azərbaycanın ilk səssiz filmi

Milli.Az azens.az-a istinadən bildirir ki, XIX əsrin sonlarında Bakı “qara qızıl” hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlayır. Elə bu vaxtlarda Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun Bakıda nəşriyyatı və fotoatelyesi var idi. O, Bakı mənzərələrini, neft mədənlərini, mədənlərdə baş vermiş yanğınlarla bağlı silsilə şəkillər çəkirdi. O, “Bibiheybətədə neft fontanının yanğını” , “Balaxanıda neft fontanı”, “Şəhər bağında ictimai gəzinti”, “Qafqaz rəqsi” xroniki sujetlərin də müəllifidir.

Azərbaycan Kino Sənətin Tarixi

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s.kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı “Qız Qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına “Azərdaycanfilm” kinostudiyası adlanır.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. “Bismillah” (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), “Vulkan üzərində ev” (1929, rejissor A.İ.Bek-Nazarov, “Ermənikino” ilə birqə), “Hacı Qara” (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə “Bakıda 9 qızıl Ordunun rəsmi keçidi” adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il “Şərq xalqlarının birinci qurultayı” xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: “Sovet Azərbaycanının 3-cü ildönümü” (1923), “Suraxanı neft mədənlərində yanğın” (1923) “Nəriman Nərimanovun dəfni” (1925), “M.Frunzenin Bakıya gəlməsi” (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.

30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət” (1930, 1934, rejissor M.Mikayılov), “Almaz” və “Yeni horizont” (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1940, rejissor S.Mərdanov) və s.

AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR

1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birqə yaratdığı “Mavi dənizin sahilində” (rejissor B.V.Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş “Vətən oğlu” və “Bəxtiyar” (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair “Səbuhi” (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət “Bir ailə” (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş “Sualtı qayıq T-9” (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.

1945-ci ildə Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. “Arşın mal alan” filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.

40-cı illərin sonu 50-ci illərin əvvəllərində “Bakı kinostudiyası”nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız “Fətəli xan” (1947, rejissor V.İ.Dziqan,1959 ildə ekrana buraxılmışdır) və “Bakının işıqları” (1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi və R.Təhmasib) bədii filmləri çəkilmişdir.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar (İ.Qasımov, Ə.Məmmədxanlı, İ.Tağızadə. L.Səfərov, H.Seyidbəyli, Ə.İbrahimov, N.İsmayılov, H.Seyidzadə, Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, K.Nəcəfzadə, C.Əzimov, E.Rzaquliyev, N.Zeynalov və b.). Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı (“Qızmar günəş altında” (1957, rejissor L.Səfərov), “Qara daşlar” (1958, rejissor A.Quliyev), “Kölgələr sürünür” (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), “Onun böyük ürəyi” (1959, rejissor Ə.İbrahimov), “Həqiqi dost” (1959, T.Tağızadə), “Onu bağışlamaq olarmı?” (1960, rejissor R.Təhmasib), “Bizim küçə” (1961, rejissor.Ə.Atakişiyev), “Böyük dayaq” (1962, rejissor H.İsmayılov), “Telefonçu qız”, “Belə ada da vardır” (1962,1963, rejissor H.Seyidbəyli), “Ögey ana” (1959, rejissor. H.İsmayılov).

“Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan” (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.

Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” (1958, rejissorT.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. 60-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. “Koroğlu” (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. “Səhər” (1961, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. “Mahnı belə yaranır” (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. “Məhəbbət dastanı” (1961,rejissor L.Səfərov) “Leyli və Məcnun” mövzuları əsasında çəkilmişdir.

“Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. “Görüş” (1955, rejissor T.Tağızadə), “Sevimli mahnı” (“Bəxtiyar”, 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), “O olmasın, bu olsun” (1965, rejissor H.Seyidzadə), “Romeo mənim qonşumdur” (1963, rejissor Ş.Mahmudbəyov), “Əhməd haradadır?” (1964, rejissor A.İsgəndərov), “Ulduz” (1964, rejissor A.Quliyev), “Arşın mal alan” (1965, rejissor T.Tağızadə), “Qaynana” (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir.

XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur (ssenariçilər R. və M.İbrahimbəyov qardaşları, Anar, A.Axundova, İ.Hüseynov, V.Səmədoğlu, R.Fətəliyev, rejissorlardan A.Babayev, E.Quliyev Q.Mirqasımov, İ.Əfəndiyev, T.İsmayılov, Q.Əzimzadə, Q.Babayev, operatorlar Z.Məhərrəmov, R.İsmayılov, R.Qəmbərov, V.Kərimov, rəssamlar F.Bağırov, R.İsmayılov, aktyorlar H.Məmmədov, Ş.Ələkbərov, H.Turabov, R.Balayev, Ş.Məmmədova və b.). Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, “Bir cənub şəhərində” (1969, rejissor E.Quliyev) filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: (“Uşaqlığın son gecəsi”, “Gün keçdi” (1969,1971,rejissor A.Babayev), “Baş müsahibə”, “Var olun, qızlar” (1971,1973, rejissor E.Quliyev), “Həyat bizi sınayır” (1971, rejissor Ş.Mahmudbəyov), “Xoşbəxtlik qayğıları” (1976, H.Seyidbəyli) və s. filmləri göstəmək olar. 70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür ((“İstintaq”, 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), “Bağlı qapı” (1981), “Park” (1983), “Özgə həyat”(1987), “Ölsəm, bağışla” (1988)). Həmin mövzular “De ki, məni sevirsən” (1977, rejissor M.İbrahimbəyov), “Bizi bağışlayın” (1979, rejissor A.Babayev), “Gümüşü furqon” (1982) , “Şeytan göz qabağında” (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofestivalının mükafatı, Bakı,1988) , “Anın strukturu”, “İşgüzar səfər” (1982, rejissor R.İsmayılov), “Babamın babasının babası”, “Bağ mövsümü” (1985, rejissor T.Tağızadə), “İlıq dənizdə buz parçası” (1983, rejissor Y.S.Qusman), “Gümüş göl əfsanəsi”, “Burulğan”, “Təxribat” (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən açılmışdır. “Yaramaz” 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur.

60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. “Mosfilm” kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən “Ulduzlar sönmür” (1971,rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun “Komsomol poeması”nın motivləri üzrə çəkilmiş “Yeddi oğul istərəm” (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı , 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. “Səmt küləyi” (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, “Axırıncı aşırım” (1971, rejissor K.Rüstəmbəyov), “Qatır Məmməd” (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. “Sevinc buxtası” (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), “O birigün gecə yarısı” (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “Atları yəhərləyin” (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “İşarəni dənizdən gözləyin” (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır.

“Nəsimi” (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. “Dədə Qorqud” (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. “Babək” (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xİlafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. “Nizami” (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, “Qəm pəncərəsi” (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.

Azərbaycan Bədii televiziya filmlərindən “Ad günü” (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı,1979, Azərbaycan SSR Dövlət mükafatı,1980) xüsusilə fərqlənir. “Dantenin yubileyi”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Ötən ilin son gecəsi” (1978,1980,1983, rejissor G.Əzimzadə) “Bilmək istəyirəm” (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” (1981, rejissorAnar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.

Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: “Bizim Cəbiş müəllim” (1970, rejissor H.Seyidbəyli), “Bakıda küləklər əsir” (1974, rejissor M.Dadaşov), “Tütək səsi” (1975, rejissor R.Ocaqov) və s. “Şərikli çörək” (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı,1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun “Mən sizi həyatımdan artıq sevirdim” (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: (“Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər ölkəsində” (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), “Şirin evdən getməsi” (1978, rejissor R.İsmayılov), “Mən mahnı qoşuram”, “Əzablı yollarla”, “Musiqi müəllimi” (1979, 1982, 1983, rejissorT.İsmayılov), “Gəmi saatının sirri” (1982, rejissor R.Şabanov), “İsmayıl bəyin mücrüsü” (1983, rejissor G.Əzimzadə) və s. ) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi (“Əlaqə”, rejissor Ç.Zeynalov) yaradılmışdır.

Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. “Adlı-sanlı Azərbaycan” (1935, rejissor və ssenari müəllifi B.V.Pumyanski, V.Yeremeyev) bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən “Azərbaycan ekranı” kinojurnalı “Ordenli Azərbaycan” (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 30-cu illərin səssiz filmlərindən tammetrajlı “Şərqə yol” (1934, rejissor A.A.Makovski), “Azərbaycan incəsənəti” filmləri diqqətə layiqdir. 1940-cı ildə rejissorlar M.Mikayılov və V.Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə “İyirminci bahar” sənədli filmini yaratdılar.

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları (Ə.Həsənov və b.) və operatorları (M.Mustafayev, M.Dadaşov, S.Bədəlov, V.Y.Yeremeyev, Ç.Məmmədov və b.) cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər.

Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. “Vətən uğrunda” (1943, rejissor Ə.Həsənov), “Qayğı” (1943, A.Quliyev), “Məktuba cavab” (1944, rejissor İ.Əfəndiyev), “Qardaş köməyi” (1944, rejissor A.Dadaşov) və s. 1944-cü ildə “Bakı kinostudiyası” Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən “Xəzərilər” (rejissorlar Q.V.Aleksandrov və N.İ.Bolşakov) tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə “Əbədi odlar diyarı” tammetrajlı sənədli filmini yaratdı.

Müharibədən sonrakı illərdə “Sovet Azərbaycanı” (ildə 36 nömrə; “Ordenli Azərbaycan” kinojurnalının yeni adı) ilə yanaşı “Gənc nəsil” ( ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İ.Qasımov, Ə.Qulubəyov, rejissorlar Z.Kazımova, L.Səfərov, operatorlar A.Nərimanbəyov, T.Axundov, X.Babayev, bəstəkarlar Q.Qarayev, T.Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945-1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən “Arazın o tayında” (1947, rejissorlar İƏfəndiyev, E.İ.Şub) tammetrajlı filmi diqqəti cəlb edirdi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə “Sovet Azərbaycanı” (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu: “S.M.Kirov adına körfəzdə” (Venesiya beynəlxalq kinofestivalının mükafatına layiq görülmüşdür.1955) “Axtaran tapar” (1955, 1969, rejissor S.Məmmədov), “Xoşbəxtlik yolu ilə” “Bizim Azərbaycan” (1957,1959,rejissor M.Dadaşov). “Bakı və bakılılar” (1957,rejissor L.Səfərov), “Azərbaycan mədəniyyətinin baharı” ( 1960, rejissorlar Ç.Məmmədov, X.Babayev), ” M.F.Axundov” (1962, rejissor N.Bədəlov) və s. sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) filmlərini dünya şöhrətli rejissor R.L.Karmen “Bakı kinostudiyası”nda çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor R.L.Karmen, operatorlar Ç.Məmmədov və S.Y.Medinski Lenin mükafatına layiq görülmüşlər (1960).

1960-1970-ci illər sənədli kinosunda Q.Mirqasımov, Y.Əfəndiyev, R.Şahmalıyev, T.Bəkirzadə, N.Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar. Q.Mirqasımovun ” Dəniz” (1965), “Qobustan” (1966), “Bu həqiqətin səsidir”, “Bəstəkar Qara Qarayev” (1967) filmlərində 60-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əhval-ruhiyyə, dəqiq montaj) özünü göstərir.

Həmin filmlərə görə Q.Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür (1967). “Nə yaxşı ki, dünyada Səməd Vurğun varmış” (1967) filminin rejisssoru Y.Əfəndiyevə, ssenari müəllifi İ.Şıxlıya, operator Z.Məmmədova, C.Cabbarlının xatirəsinə həsr olunmuş “Solmaz bir bahar kimi” (1979) filminin rejissoru Ç.Zeynalova Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir.70-80-cı illərdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: “Naxışların yaddaşı” (1973, rejissor İ.Əfəndiyev), “Qızıl balıq” (1975, rejissor Ç.Fərəcov), “Hardasan, yaşıl sahilim” (1983, V.Mikayılov), “Eskulap piyaləsinin sirri” (1984, rejissorT.Bəkirzadə), ” Dirçəlmə” (1984, rejissor Ç.Fərəcov), “Torpaq borcu” (1986, rejissor T.Mütəllimov) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır. Bu baxımdan rejissor T.Bəkirzadənin “Dissonans” (1977, “Abşeron qalaları” (1989), Z.Məhərrəmovun “Baharla birgə” (1978), “Köç” (1983), Ç.Zeynalovun “Səfillər” (1985), “İntizar” (1986), “Əbədiyyətə qovuşan ömür” (1987), R.Nağıyevin “Ölü zona” (1988), V.Mikayılovun “Qışdan sonra gələn bahar” (1989) filmləri diqqətəlayiqdir.

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur. İkinci dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966 ildə “Azərbaycanfilm”də rəssam və rejissor-multiplikator kursları açılmışdır. 1969 ildə “Azərbaycanfilm”də yaradılmış multiplikasiya sexində A.Axundovun Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli “Cırtdan” (rejissor A.Axundov, İ.Əfndiyev) multiplikasiya (cizgi) filmi çəkilmişdir. 70-ci illərdə “Fitnə”, “Cücələrim” (1970,1974, rejissor A.Axundov), “Tülkü Həccə gedir”, “Cırtdanın yeni sərgüzəştləri” (1971,1973, rejissor N.Nərimanov), “Çaqqal çaqqalın oğludur” (1973, rejissor M.Rəfiyev) və s. cizgi filmlər yaradılmışdır. Rejissorlar M.Pənahi (“Bulud niyə ağlayır”,1974, 7-ci Ümumittifaq kinofestivalının mükafatı, “Siçan və Pıs-pısa xanım”, 1974, A.Axundovla birgə; “Günlərin bir günündə”, 1975; “Dınqıl, sazım, dınqıl”, 1976; “Xoruz”, 1977; “Qız qalası haqqında əfsanə”, 1978 və s.), A.Məmmədov (“Daş”, 1978; “Toral və Zəri”, 1979; “Taya”, 1980; “Dəcəl dovşan”, 1981; “Sehrli ləçək”, 1982; “Uçan süfrə”, 1983 və s), A.Məhərrəmov (“Yaratmaq vaxtı çatmışdır”,1984), V.Talıbov (“Təqib”, 1984), R.Şahmalıyev (“Sehrli naxışlar”, 1984), H.Əkbərov (“Talada ev”, 1986), F.Qurbanova (“Bir dəfə axşamçağı”, 1985; “Ağacda oturmuş ana”, 1986; “Seans”, 1987 və s.) və b. maraqlı cizgi filmləri çəkmişlər.1981-ci ildən “Cırtdan-pəhləvan” cizgi filmləri seriyası çəkilir.

1972-ci ildən Azərbaycan televiziyasında da cizgi filmlərinin istehsalına başlanmışdır. Rejissor V.Behbudovun “İlham” 91972, ilk Azərbaycan kukla-cizgi filmi), “Göyçək Fatma” (1973) və “Möcüzələr adası” (1978) cizgi filmləri Ümumittifaq televiziya filmləri festivalında mükafata layiq görülmüşdür. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.

“Azərbaycanfilm” kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974,1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.

AZƏRBAYCAN KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir.

1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər (“Yarasa” (rejissor A.Salayev), “Özgə vaxtı” (rejissor H.Mehdiyev), Vaqif Mustafayevin filmləri).

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.

Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrindən danışaraq tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir.

Xalqımız Heydər Əliyev haqqında, onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli filmlərə maraqla baxır. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov tərəfindən çəkilmiş “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev” filmidir.

MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısna məqsəd qoymuş A.Karpov birinci olaraq Azərbaycan Prezidenti Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının gərgin, mənalı, keşməkeşli həyatının ən vacib anları ardıcıllıqla canlandırmış bu filmin çəkilişində Azərbaycan kino-televiziya xadimləri də iştirak etmişlər.

Prezidentin iş yerində, qaçqınlarla görüşündə, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir.

Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi “Hamıya nümunə olan ömür yolu” filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır.

Son illərdə ssenarist və kinorejissor Vagif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən onun çəkdiyi “Həqiqət anı” filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı “H.Əliyev” filminin 9-nu çəkib. Bunlar aşağıdakılardır:

6. “Əsl məhəbbət haqqında”

7. “Bir həsədin tarixi”

Onlardan “Əsl məhəbbət haqqında” film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. “Bir həsədin tarixi” filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda “Qran-Pri” mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib. Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehtiyevin, Cavanşir Mehtiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.

  • Teqlər:
  • Azərbaycan kinosu

Azərbaycanın ilk səssiz filmi.

Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci il avqustun 2 -də yaranıb.

İndiyə qədər Azərbaycanda 3000-dən artıq film çəkilib.

Milli.Az azens.az-a istinadən bildirir ki, XIX əsrin sonlarında Bakı “qara qızıl” hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlayır. Elə bu vaxtlarda Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun Bakıda nəşriyyatı və fotoatelyesi var idi. O, Bakı mənzərələrini, neft mədənlərini, mədənlərdə baş vermiş yanğınlarla bağlı silsilə şəkillər çəkirdi. O, “Bibiheybətədə neft fontanının yanğını” , “Balaxanıda neft fontanı”, “Şəhər bağında ictimai gəzinti”, “Qafqaz rəqsi” xroniki sujetlərin də müəllifidir.

Araşdırmalardan məlum olur ki, 20 ildən artıq Bakıda yaşamış Mişonun niyyəti heç də Azərbaycanda kino sənətinin əsasını qoymaq deyildi. O fotoqrafiya ilə məşğul olur, şəkillər çəkir, Bakıda nümayiş etdirir sonra isə Fransaya aparırdı. Həmin kinosüjetlərin ikisi ( “Bibiheybətdə neft fontanının yanğını” , “Balaxanıda neft fontanı” ) 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransa kino arxivindən Azərbaycana qaytarılır.

1915-ci ildə tanınmış neft sənayeçiləri olan Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaradırlar. Şəhərin mərkəzində – Birja küçəsi 3 saylı binada (indiki Ü.Hacıbəyli küç.) yerləşən cəmiyyət 1915-1916 cı illərdə bir neçə bədii filmin, eyni zamanda neft sahibkarlarının köməkliyi ilə İbrahim Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayır. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilir.

Azərbaycanda ilk səssiz film olan “Neft və milyonlar səltənətində”ki yazılar iki dildə – Azərbaycan və rus dillərində yazılıb. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzaranını ekranda canlandırır.

Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibrakına çevrilir. Pozğun və qəddar neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn bir kasıbın burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

Filmdə varlı neft sahibkarlarının xoş və firavan həyat sürmələri, yoxsul fəhlələrin acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları – və bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası, neftin insan həyatında oynadığı təzadlı rol barədə müəyyən təsəvvür yaradır.

Təbiət mənzərələri Bakı və Bakı ətrafında, Balaxanıda, Binəqədidə, Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilir. O vaxtı Balaxanıda neft mədəndə baş vermiş yanğın da filmə daxil edilir. Bu yanğın tamaşaçılar üçün çox maraqlı epizodlardan biri olur.

İkiseriyalı bədii filmin birinci seriyası 1916-cı il may ayının 14-də ikinci seriyası isə may ayının 27-də ekranlara buraxılır.

Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında “Fransız elektrobioqrafı”nda (indiki Bakı Universal Mağazası) göstərilib. Filmin ekranlara çıxarılması ilə əlaqdar mətbuatda dərc edilmiş elanlarda belə yazılır: “Görməyə təcil ediniz. Ancaq dörd gündür”, “. Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir”.

“Baku” qəzetində isə belə bir elan dərc edilir: “Fransız elektrobioqrafı, H.Z.Tağıyevin pasajı. Uşaqlar və şagirdlər buraxılmır. Bu il mayın 14-dən Bakının neft mədənlərində çəkilmiş və neft milyonçularının həyatından bəhs edən “Neft və milyonlar səltənətində” filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İ.B.Musabəyovun romanı əsasında çəkilib. Ssenari müəllifi A.D.Panova – Potyomkinadır. Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək.”

Filmdə Lütfəli bəy rolunu ifa edən görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ilk azərbaycanlı kino artisti hesab olunur. Film Ərəblinskinin çəkildiyi ilk və son filmdir.

Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən deyir: “Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı”.

Kinorejissor Məmməd Əlili o dövrlə bağlı xatirələrində yazırdı: “1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlıgilə getmişdim. O, mənə dedi ki, artist Murad Muradov deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən də bir artist çıxsın ortaya.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə – dörd aya çəkib başa vurdular”.

Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə azərbaycan və rus dillərində filmin məzmunu yazılıb, həmçinin, filmdən fotoşəkillər çap olunub. Təəssüflər olsun ki, bu əvəzsiz tarixi film yalnız qəzet resenziyalarında və bukletlərdə qalıb, günümüzə gəlib çıxmayıb.

İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan “Neft və milyonlar səltənətində” filmi də yanıb külə dönür. Amma kinoşünas Aydın Kazımzadə bu ehtimalı təkzib edərək bildirib: “”Filma” şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur.”

“Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilir. Melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir. Filmdə Cəlil rolunda Əliabbas Qədirov, Lütfəli bəy rolunda isə Hamlet Xanızadə çəkiliblər.

1983-cü ildə rejissor Fikrət Əliyevə Leninqradda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafat verilir.
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.