Press "Enter" to skip to content

Azərxalça-ya abunə olun

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.

Xalça

Xalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü.

Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi.

Tarixi

Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir.

Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.

2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı

Xalça toxuculuğundan ilk əvvəl təkcə estetik və dekorativ məqsədlərə deyil, əsasən soyuqdan müdafiənin etibarlı üsulu kimi istifadə edirdilər. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi.Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.

Dünyanın ən qədim xalçası

XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandanhamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.

Etimologiyası

Digər türk dillərində olduğu kimi, Azərbaycan dilində düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Xalça sözü düzəltmə isimdir. Bu söz xalı (sözün kökü) sözündən düzəldilmişdir. Söz kökünə -ça şəkilçisi artırılmaqla kiçiltmə (kiçiltmə-əzizləmə) mənalı isim düzəldilmişdir.

Söz kökü olan xalı – ənənəvi xalça məmulatlarının ölçü etibarı ilə ən böyük növü olub, çox vaxt dəst halında toxunardı. Əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, “miyanə xalılar”, yaxud “ortalıq xalılar” adlanmaqla, 2 arşın enində toxunurdu. Kiçiltmə mənalı isim olan xalça – əsasən divara vurmaq, bəzən isə döşəməyə salmaq üçün müxtəlif rəngli yun, ipək, pambıq ipliklərlə toxunmuş naxışlı döşənəcəkdir.

Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalarƏrəb əlifbalı türk ədəbiyyatında “qalı” kimi yazılmış, müəyyən zaman ərzində “xalı” formasını almışdır. “Qalı” sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları “qali” adlandırırlar.

Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçaları gəbə (gəvə, qaba, qebe, kebe, kepe) adlandırırlar. “Gəbə” sözünə əsasən istər Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsədə bu günkü yazılı ədəbiyyatda rast gəlinir.

Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalarolduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka’ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də “qalın” (“qalin”) adlandırırlar.

Məlum olduğu kimi türk xalqları ilk öncə xovsuz xalçalar (palaz, kilim, cecim, sumax və s.) toxumuşlar ki, bu növ xalçalar olduqca yüngül, nazik və yumuşaq idilər. Xovlu xalçalar isə xovsuzlara nisbətən iki-altı dəfə qalın və ağır, sıx toxunuşlu, dözümlü idilər. Qeyd edildiyi kimi xovlu xalçalar xovsuz xalçalardan xeyli sonra yarandığından xovlu xalçaları xovsuz xalçalardan fərqləndirmək məqsədi ilə onu “qalın” adlandırmışlar

Hal hazırda Azərbaycanın Quba rayonunun ərazisində böyük olmayan xalını yerli əhali “qalınça” (yəni xalça) adlandırırlar. Aparılan uzun müddətli tədqiqatların nəticələri göstərir ki, şərq xalqları xalça termininə aid onlarla bir-birindən bir az fərqli terminlərdən istifadə edirlər (yerli dialektlər bura daxil deyildir). Bu xalqlar arasında ən çox hamı tərəfindən başa düşülən və istifadə edilən “qalı”, “xalı” və “halı” terminləridir .

Orta Asiyada, Qafqazda, həmçinin Kiçik Asiyada türklər qədim vaxtlardan öz qızlarını ərə verərəkən onların cehizinin içərisində xalça və xalça məmulatlarını ən bahalı və dəyərli əşyalar sayardılar.

Xalça növləri

Süjetli xalçalar

Xalçalar insanların həyat tərzi ilə sıx bağlı idi. Azərbaycan xalçaları da azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olmuşdur. Xalça insanı bütün həyatı boyu – həm kədərində, həm də sevincində müşaiyət edirdi. Azərbaycanda hər bir əhəmiyyətli tarixi yaxud hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar və toy yaxud yas mərasimləri üçün toxunan xalçalar.

Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçaları əsasən aşağıdakı növlərə ayrılır:

  • Xalça məmulatları, buraya mərfəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz torbası, çul, örkən, çömçədan, yun corablar, pərdələr və s. daxildir.

Əsas məqalə: Xalça məmulatları

  • Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq “məişət xalçaları” adlandırırlar. Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.

Əsas məqalə: Xovsuz xalçalar

  • Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.

Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək mərhələni əks etdirir. Məişətdə işlətmək üçün nəzərdə tutulan pərdələri, taxtüstləri və digər bu kimi əşyalarda xovlu xalçalar növünə daxildir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar digər xalça növlərindən xüsusilə seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Xovlu xalçalar bu gün də müxtəlif ölçülərdə toxunur.

  • Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. O zaman dekorativ sənətin müxtəlif sahələrində işləyən rəssam – miniatürçülərin və sənətkarların əsas qüvvələri Təbrizdə cəmləşmişdir.

Xalça toxumaq üçün alətlər

Xalça toxumaq üçün aşağıdakı alətlər lazımdır:

  1. Həvə və ya toxmaq (toxucuların sayına uyğun);
  2. Kirkid və ya daraq (toxucuların sayına uyğun);
  3. Qayçı (toxucuların sayına uyğun);
  4. Bıçaq (toxucuların sayına uyğun);
  5. Qarmaqlı bıçaq (toxucuların sayına uyğun);
  6. Divar hanası, yaxud da yer hanası.

Həvə xalça, palaz və s. toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldanvə s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq da adlandırırlar.

Keçmişdə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan hazırlanan dişli həvələrdən istifadə edirdilər.

Primitiv həvələrin (toxmaqların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir.

Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.

Xalçanın hər kvadratmetrində olan ilmələrin (düyünlərin) sıxlığına uyğun olaraq metal həvələrdəki (toxmaqlardakı) dişlərin sayını, qalınlığını və onun çəkisini nəzərə alırdılar.

Kirkid xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar.

Adətən, ikinci arğacı salmaq üçün də kiriddən istifadə edirdilər. Əvvəllər kirkidi ağacdan və yaxud da buynuzdan hazırlayırdılar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkitin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir kirkidlərin ilk nümunələri meydana gəlmişdir.

Xalça toxunuşunun ilk dövrlərində qayçıdan istifadə edilməsədə sonralar xalçaların xovunun hamarlığını əldə etmək üçün evdə işlənən adi qayçılardan istifadə edildi. Əvvəllər adi qayçıların istifadəsi xalçanın keyfiyyətinə yaxşı təsir etsədə barmaqların sərbəst hərəkətini çətinləşdirdi. Belə qayçılar xalçanın keyfiyyətini bir qədər aşağı salırdı. Adi qayçılar tədricən təkmilləşirdi və XIX əsrdə xüsusi xalça qayçıları meydana gəldi. Hal-hazırda Azərbaycan xalçaçılığında yüngül və rahat qayçılardan istifadə edilir. Bu cür qayçının qolları sərbəst hərəkət edir, qolların arxasındakı halqalar kəsici hissələrə nisbətən hündür olur . Texniki normalara uyğun gələn xovun əldə edilməsi üçün bu cür qayçılar çox rahatdır.

Əvvəllər ilmələrin bağlanması və xovun kəsilməsi barmaqlarla, heç bir qurğu olmadan həyata keçirilirdi. Bu isə xalçanın toxunuş keyfiyyətini aşağı salır, estetik səviyyəsinə təsir göstərir. Xalça toxuculuğunun inkişafı nəticəsidə iplərin kəsilməsi üçün əvvəlcə sadə bıçaqlar tətbiq olumağa başladı.

Yaxın keçmişə qədər xalça toxuculuğu zamanı ipliklərin kəsilməsi məqsədilə dəmirçilərin düzəltdiyi sadə bıçaqlardan istifadə edilirdi. Toxuculuq inkişaf etdikcə ipliklərin kəsilməsi üçün adi mətbəx və cib bıçaqları, XIX əsrin əvvəlində isə qarmaq bıçaqlardan istifadə edilməyə başlanmışdır.

Adi bıçaqlar kənd yerlərində əsas hallarda köhnə dəryazdan (kərənti) hazırlanırdı. XIX əsrin əvvəlində istifadə edilməyə başlanan müasir bıçaq – qarmaq, kəsən hissə və tutacaqdan ibarətdir və bıçağın qarmağından səhvi düzəltmək, ilmələri açıb yenidən bağlamaq üçün də istifadə olunur. Müasir bıçaq – qarmaq vasitəsilə əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsir.

Sadə bıçaqların sapı (tutacaqları) adətən ağacdan, təsadüfi hallarda sümükdən olardı. Müasir bıçaqların sapı (tutacaqları) isə ağacdan, plasmasdan və ya fibradan hazırlanır. Bundan başqa hər bir toxucu öz əlinin ölçüsündən asılı olaraq bıçaqların sapının (tutacağının) və tiyəsinin uzunluğunu müəyyənləşdirirdi.

Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur.

İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.

Divar hanası

Adi bıçaq və qarmaqlı bıçaqdan əlavə xalça toxuculuğunda və xalçaların restavrasiyası zamanı bölgülü sapı (tutacağı) olan bıçaqlardan da istifadə edilir. Toxucular bu bıçaqlardan xovun uzunluğunu, xalçanın sıxlığını, eləcə də bəzək detallarını ölçmək üçün istifadə edirlər.

Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası (üfiqi dəzgahlar) və divar hanası (şaquli dəzgah). İlk öncə yer hanası meydana gəlmiş, toxuculuqda ondan geniş istifadə edilmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur:

  1. “Qılınc” adlanan zərbə aləti (1 ədəd).
  2. Köndələn dolağac (2 ədəd).
  3. Dirək (mıxça) (4 ədəd).
  4. Vərəngalan (1 ədəd).
  5. Küjü (kücü) ağacı (1 ədəd).
  6. “Çatma” adlanan qollar (3 ədəd).
  7. Asma iplər (2 ədəd).
  8. Ağız çubuğu (1 ədəd).
  9. Çarpaz çubuq (1 ədəd).

Daha sora yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Divar hanası isə aşağıdakı hissələrdən ibarət olur:

  1. Qollar (2 ədəd);
  2. Oxlar (2 ədəd);
  3. Yan ağacları (2 ədəd);
  4. Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır.
  5. Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır..
  6. Küjü ağacı (1ədəd)

Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgah olan divar hanası ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.

Xalça toxumaq üçün məmulatlar

Xalça toxuculuğunda istifadə edilən materiallara (təbii və süni olmasından asılı olmayaraq) və onlarda əmələ gələn müxtəlif növ ipliklər xalça toxuculuğu məmulatları adlanır. Xalça toxuculuğunda istifadə edilən məmulatların alınması mənşəyi və kimyəvi tərkibinə görə iki qrupa bölünür: təbii məmulatlar və süni məmulatlar. Təbii məmulatlar elə materiallardan alınır ki bunlar əsasən təbii yolla insanın bilavasitə iştirakı olmadan təbiətin özündə formalaşmış materiallardan hazırlanır. Təbii materiallar üç qrupa bölünür: 1-bitki mənşəli məmulatlar 2-heyvan mənşəli məmulatlar 3-mineral mənşəli məmulatlar. Süni məmulatlar isə zavod şəraitində əsas etibarı ilə kimyəvi yolla insanların bilavasitə iştirakı ilə alınır. Süni məmulatlar təbii, yaxud süni materialların mürəkkəb kimyəvi və fiziki emalı nəticəsində alınır.

Qədim xalçaların toxunması zamanı ancaq təbii iplikdən, həmçinin təbbi məmulatlardan istifadə edilmişdir. Belə xalçaları toxumaq üçün aşağıdakı məmulatlar lazımdır:

Müxtəlif növ (əsasəndə zərif növlü), müxtəlif rəngdə (ağ, qara, boz, çal, qonur, qumral və s. rəngdə olmaqla) yun, müxtəlif rənglərdə rənglənmiş ipliklər (ipək, pambıq), əriş və arğaclar.

Xalça toxunuşunda yun, ipək, pambıq ipləri ilə yanaşı ağac qabığı və budağı, at quyruğu, kənaf, qızıl və gümüş tellər, qiymətli daş-qaşlar, qadının baş tükü və s. tətbiq olunur.

Əllə toxunmuş qədim xalçaların istehsalında ən tez-tez rast gəlinən material qoyun yunudur. Düzgün ipliyin seçilməsi və onun işlənməsi çox vacibdir, çünki yun ipinin keyfiyyətindən xalçanın möhkəmliyi, yumşaqlığı və rəng çalarların parlaqlığı asılıdır. Son dövrlərdə çox vaxt, arğac bünövrəsi üçün pambıq iplikdən istifadə olunur. Xalçaların istehsalında ipəkqurdunun baramasından hazırlanmış ipəkdən də istifadə olunur. İpək daha davamlı olduğu üçün ondan alınan ipliklər daha möhkəm olur və bu ipliklər mürəkkəb naxışlı xalçaların istehsalında işlənilir. Süni boyaların geniş yayılmasına baxmayaraq, xalçaçılıq sənayesində bəzi fərdi toxucular və istehsalçılar bu günə qədər, keçmişdən qalmış adətlər üzrə hazırlanan, təbii boyalardan istifadə edirlər.

Müasir xalçaların toxunuşu zamanı müxtəlif təbii və süni iplik materiallardan, eləcədə onların qarışığından istifadə edilir. İplik materialların seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görnüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyərinin ucuz olması nəzərə alınır. Bu nöqteyi-nəzərdən əsasən poliamidin (neylon) və polipropilendən, yun və yun qarışıqlardan, poliesterdən və bunlara bənzər digər süni ipliklərdən daha çox istifadə edilir.

Yundan ipliklərin alınması

Yundan ipliklərin alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

  1. Yunun təmizlənməsi
  2. Yunun daranması
  3. Əlçimlərin əyrilməsi
  4. Kələflərin hazırlanması

İstifadə ediləcək yun təmiz olanadək yuyulmalıdır. Yunun ilkin yuyulması məqsədilə bəzən yazda, əsasən isə payız qırxımı zamanı qoyunları qırxmazdan əvvəl bir neçə dəfə çayda yuyurlar. Adətən yapağı (yazda qırxılmış yun belə adlanır) yundan istifadə edilir. Bu yun daha keyfiyyətli və daha zərif olur.

Yunun yuyulması çox zəhmət tələb edən prosesdir. Yunu kənd və rayonlarımızda adətən, çay qırağında, bulaq başında yuyurlar. Bəzi rayonlarda yunun yuyulması hətta yağış suyu ilə həyata keçirilirdi. Yunun yağsızlaşdırılması üçün onu əvvəlcə ilıq suda, sonra soyuq suda yumaq lazımdır. Yunun yuyulma prosesində ənənəvi olaraq iki nəfər həyata keçirir. Yunu hissə–hssə böyük daşın üstünə qoyur, üzərinə su tökür və ağır ağacla, dəyənəklə vururdular. Bəzən yunu ayaqlarla döyəcləyirlər. Bu proses yundan tərtəmiz su axana qədər davam edir. Yun yalnız bundan sonra yuyulmuş hesab olunur və elə çayın sahilində daşların, otların, kolların, hətta xüsusi olaraq sərilmiş palazların üzərində qurudulur. Yunun yuyulması evdən kənarda həyata keçirilən yeganə prosesdir.

Yuyulmuş yun quruyandan sonra onu əvvəlcə ağacdan hazırlanmış nazik çubuqlarla (yun çubuğu) çırpır və daha sonra didilir. Bunun üçün yaxın qonşularla iməcilik edilir. Didilmə zamanı yun müxtəlif yad əşyalardan (tikan, pıtraq və s-dən)təmizlənir.

Yunun daraqda daranması mühüm hazırlıq əməliyyatlarından biridir. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyırlar. Daranma zamanı yun sümək və ya əlçim (əlçək) şəklinə salınır.

Yunun daranması aşağıdakı kimi həyata keçirilir: bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə iki tərəfə dartılır. Sonra alınmış iki yun dəstəsini yenidən üst-üstə qoyub əməliyyatı təkrar edirlər. Proses bütün yun dəstəsi daranana qədər və yun telləri bir-birinə paralel olana qədər davam etdirilir. Yunun daranma proses ağır zəhmət tələb etdiyinə görə onu yaxın qohumların və qonşuların köməyi ilə həyata keçirirdilər. Belə qarşılıqlı kömək iməclik adlanırdı.

Yun daranması prosesi başa çatdıqdan sonra hazır əlçimlər əyrilməyə hazırlanır. Əlçimlərin əyrilməsi yunun növündən və nəzərə alınmış ipliyin növündən asılı olaraq əyiricilik əsasən üç üsulla: əl ilə (daha kustar usulla), cəhrə ilə (kustar üsulla) və yeni dəzgahlar (müasir üsulla) vasitəsi ilə yerinə yetirilir.

Əyrilmiş iplik nisbətən yoğun və tiftikli olan düyçələr şəklinə salınır.

Düyçələrdə ki, ipliyin daha yaxşı hamarlığını əldə etmək üçün onu “kırtız” (“qırtız”) adlanan xüsusi alətlə cilalayırdılar (kırtızlayırlar). Bu metal çubuğun köməyi ilə sapın həddən artıq xovluluğu və müxtəlif növ bərkimləri aradan qaldırılır, iplik eyni qalınlıqda və eyni hamarlılıqda olur. Bu iş üçün bəzən cağ və yaxud da mildən də istifadə edilirdi. “Kırtızlanıb” (“qırtızlanıb”) hazırlanmış ip düyçələrindəki iplər iki qat olmaq şərtilə yumaqlanır.

Xalçanı toxumaq üçün istifadə ediləcək ipliklər yumaqlandıqdan sonra ipliyin yaxşı boyanması üçün kələflənməlidir. Bunun üçün əsas halda bardaş quraraq əyləşir, ip yumaqlarını soldan sağa və yaxudda əksinə olmaqla dizlərin ətrafına dolayaraq kələfləyirlər. Bu zaman iki üsuldan: sadə və mürəkkəb üsuldan istifadə edilir. Sadə üsul – ipliklər dizlərin ətrafına dairəvi sarınmaqla, mürəkkəb üsul isə – ipliklər dizlərin ətrafına səkkizvari şəkildə sarınmaqla icra edilir.

Sonda kələf qılçalardan çıxarılır, ipliyin son ucundan tutmaqla qolu yarımbükülü vəziyyətdə saxlayır və əlin içərisindən keçirməklə dirsəkdən 8-10 dəfə qatlayırlar (ipliui qırmamaq şərti ilə). Qatlanmış ipliyi qoldan çıxarıb hazır kələfin ortasından keçirib ilgək vurmaqla bağlayırlar. Bu gələcəkdə kələfləri yumaqlayan zaman işi asanlaşdırır.

İpliklərin boyanması

Xalça toxunması zamanı ipliklərin boyanması əsas işlərdən biri hesab olunur. Qədim zamanlardan başlamış XIX əsrin axırlarından XX əsrin əvvəllərinə qədər toxucular müxtəlif bitkilərin yarpaq, çiçək, tumurcuq, meyvə, toxum, qabıq, oduncaq, kök və digər hissələrindən çox sənətkarlıqla alınan boyaq məhsulları hazırlayıb yun, ipək və pambıq ipliklərin boyanmasında istifadə etmişlər. Hələ qədim zamanlardan ipboyama (boyaqçılıq) üsullarının ibtidai vəziyyətdə olmasına baxmayaraq boyanmış iplər öz rənglərinin möhkəmliyi, şuxluğu, rəng müxtəlifliyi, dolğunluğu ilə seçilirdi.

İpliklərin boyanması prosesini üç əsas mərhələyə ayırmaq olar: ipliklərin boyanmaya hazırlığı mərhələsi, ipliklərin boyanbması mərhələsi, boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi mərhələsi.

Boyanmış ip kələfləri

Qədim Azərbaycan ərazisində hələ qədim dövrlərdən bəri boyamanın sirlərinə bələd olması haqqında hətta Herodot (e.ə. V əsr) belə yazırdı: “…O yerlərdəki meşələrdə ağaclar elə yarpaqlarla örtülüb ki, həmin yerlərin adamları bu yarpaqları yuyub və su ilə qarışdırdıqdan sonra əmələ gələn məhlul ilə öz geyimləri üzərində naxışlar çəkirdilər: bu naxışlar yuyulmurdu və materiyada, əsasən yun parçalarda elə bil əvvəlcədən toxunub.” Duzlu bataqlıqlarda çox qeyri-adi həşərat olan “qırmız böcək” əldə edib, məhz ondan çox qiymətli tünd qırmızı rəngi alırdılar. Yazın erkən çağında çöl çiçəklərini, otun köklərini, payızda isə sarı rəngi almaq üçün tut ağacının saralmış yarpaqlarını yığırdılar. Sarı rəngi həmçinin yabanı almanın qabığından, sarı-yaşıl rəngi isə kəndəlaşın meyvələrindən alırdılar. Yun ipliyi boyamaq üçün şalğamaoxşar soğanın qabığından, üzüm tənəyinin, yovşan və zirincin qısa budaqları, narın qurudulmuş qabığı və təzəcə yetişən qozun yaşıl qabığından istifadə edirdilər. Minerallar, həmçinin ağaclar – çinar, palıd, söyüd ağacı və başqaları “boyayıcı potensiala” malik idilər.

Adətən ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu boyaqçıdan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, göy, sürməyi, qara, ağ kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, “boyaqotu” kolunun köklərindən və müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan qabığı, alma qabığı, sarıçöp və payızda yığılmış tut yarpaqlarından, qırmızı və çəhrayı rəngləri almaq üçün boyaqotudan, sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan istifadə edilir.

İpliklərin boyama, həmçinin boyanmaya hazırlıq prosesi zamanı daha keyfiyyətli boyanmış ip almaqdan ötrü ipin keyfiyyətinə xüsusi fikir verməli, boyaq bitkilərini vaxtlı-vatında toplamalı, boyaq məhlulunu keyfiyyətli hazırlamalı, iplikləri boyanmaya hazırlamaq üçün aşqarlamaq (rəngablamaq) lazımdır. Aşqarlamaq (rəngablamaq) üçün boyaqçılar adətən ip kələflərini zəy məhluluna və yaxud da zəy məhluluna turş alça lavaşanası qarışdırılmış məhlula salınırdı. Alça lavaşanası olmadıda onu alça, ərik və zoğal suyundan hazırlanmış turş qatıməhluldan, eləcə də ayran, duz, zəy və ya sirkə kimi bərkidici maddələrdən istifadə etmək olar.

Bundan başqa, hər bir meyvənin, hər bir ağacın və hər bir bitkinin toplanması və istifadə olunma vaxtını bilmək lazım idi. Çünki bundan rənglərin açıq və ya tünd alınacağı asılıdır. Payız fəslində qoz, kələndaş, yazda isə – palıd, söyüd və alma ağacının dövrü idi. Zəfəran, alça və heyvanı yalnız çiçəkləndiyi vaxt istifadə etmək lazım idi. Lakin bəzi çiçəkləri isə əksinə, yalnız solduqdan sonra istifadə etmək olardı. Onları yığıb qurudurdular və boyaq maddəsi kimi istifadə etmək üçün uzun müddət saxlayırdılar. Onları yalnız müəyyən miqdarda müəyyən qablarda, məsələn mis qazanlarda qaynatmaq lazım idi. Bütün bunların öz mənası var idi: oksidləşmə prosesləri ilə əlaqədar kimyəvi reaksiyalar və mis qazanlarının yavaş-yavaş qızması və soyuması xüsusiyyəti. Hər bir halda bir çox yüzillik ərzində insanlar tərəfindən yığılan qiymətsiz təjrübənin qanunları yün ipliyinin yüksək keyfiyyətli boyanmasını və nətijə etibarilə, yüksək keyfiyyətli materiala malik xalçaların toxunmasını təmin edirdi. Yun və yun ipliyinin əyrilməsi də heç də asan proses edyildi – bütün bunlar minillik təjrübəyə, müdafiə olunmamış dissertasiyaların, yazılmamış tədqiqatların və nəşr olunmamış kitabların nətijələrinə, həmçinin bir çox nəsillər tərəfindən aparılan diqqətli müşahidələrinin nətijələrinə əsaslanır.

İpliklərin boyanmaya hazırlığı prosesi başa çatdıqdan sonra ipliklərin boyanması prosesi başlayır. İpliklərin boyanması adətən payız fəslinin sonlarına təsadüf edərdi. Buna birinci səbəb bütün boyaq bitkilərinin, meyvələrin və digər bitki hissələrinin toplanıb başa çatdırılmasıdır.İkinci səbəb isə heyvandarlıqla məşğul olan əhalinin boş vaxtının qış fəslində daha çox olmasıdır.

İplikləri boyaq bitkiləri ilə boyamaq üçün aşağıdakı üsullar mövcud olmuşdur: birincisi bəzi boyaq bitkiləri ipliklərlə birlikdə qaynadılır; ikincisi isə bəzi bitkilərdən əvvəlcə məhlul hazırlanır, sonra isə ipliklər həmin məhlulda qaynadılır.

İpliyi boyamaq üçün əvvəlcə ip boyanacaq qabın seçilməsi lazımdır. Adətən ipliklər küpədə, mis qazanlarda və s.-də boyanır. Boyaqçılar uzun illərin təcrübəsinə əsaslanaraq boyama işini paxır mis qazanlarda aparmağa üstünlük verirdilər. Bu üsul ilə boyama işində mis boyaq məhluluna təsir edir və aşqarlama(rəngablama) işinə öz təsirini göstərirdi.

İplikliklərin boyanmasında sonuncu mərhələ boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi mərhələsidir. Boyanmış ipliklərin rəngini tündləşdirmək, açıqlaşdırmaq və möhkəmləndirmək üçün kül suyundan, mal sidiyindən və mineral sulardan istifadə edilirdi. Boyadılmış ip bu məhlullarda bir sutkaya qədər saxlanılırdı. Bu iş bəzən hazır toxunmuş xalçalar üzərində icra edilirdi.

1871-ci ildən etibarən dövlət tərəfindən alizarin boyaları satışa buraxıldı. Artıq 1872-ci ildə boyaq sənayesində anilin rənglərindən kütləvi surətdə istifadə edilməyə başlandı. Süni boyaqların – alizarin və anilin maddələrinin kəşfi ilə əlaqədar olaraq, boyaq bitkilərinin demək olar ki, hamısı boyaqçılıqda sıradan çıxdı. Ancaq bu süni boyaqlar heç də təbii boyaq bitkilərini əvəz edə bilmədi. Belə ki, ucuz qiymətə, boyama texnologiyasının asanlığı, rənglərin əlvanlığı ilə fərqlənən süni boyalarla boyanmış ipliklərin rəngi keyfiyyətsiz olur və tez solur, günəş şüasının təsirinə olduqca tez məruz qalır, əsasların və turşuların təsirinə acizdir, sabun və müxtəlif kimyəvi yuyucularla təsir etdikdə rənglər bir-birinə qarışır. Bütün bu amillər xalçaların daxili və xarici bazarlarda qiymətinin tamamilə aşağı düşməsinə səbəb oldu.

Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və açıq hava şəraitində qurudulması üçün əlverişli hava şəraiti hər zaman nəzərə alınmışdır. Ona görə də hava şəraiti hər zaman yaxşı olanda bu işlər yerinə yetirilir. İpliyə boyaq maddəsini tam hopması, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amillərdən biridir.

Boyanmış iplikdə ki, rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələrin, güllü-çiçəkli bağların, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələr toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.

Xalçanın toxunması

Xalçanın toxunma prosesi bir neçə hissədən ibarətdir:

  • Xalçanın toxunmasına hazırlıq işləri;

Xalçanı toxuyan şəxs xalça toxumaq üçün məmulatlar hazırlayan zaman gələcək xalçanın ölçüsünü, onun ilmələrinin sıxlığını, naxışların və kompozisiyanın xarakterini (çeşnisini) və bir çox digər amilləri nəzərə almalıdır.

Haqqımızda

Texniki və bədii xüsusiyyətlərinə görə Azərbaycanın xovlu və xovsuz xalçalarını aşağıdakı dörd tipə bölmək olar:

“Quba-Şirvan” tipi

Quba-Şirvan xalça tipinə aid olan bu üç qrupun (Quba, Şirvan, Bakı) texnologiyasının oxşarlığına baxmayaraq xalçaların naxışları bir- birindən fərqlənir. Quba və Bakı xalçalarına nisbətən Şirvan xalçalarında insan, heyvan təsvirlərinə, məişət əşyları və şərti elmentlərin təsvirinə daha tez-tez rast gəlmək olar. Quba – Şirvan növlü xalçalarda bəzi haşiyə ornamentlərində memarlıq ornamentlərinə də təsadüf olunur, xalçalar əsasən zəngin və mürəkkəb çeşnilərə, ahəngdar, ağır rənglərə malikdir. Tipin xalçaları sıx, yumşaq və qısa xovlu, ilmə hündürlüyü 3mm-dən 6mm-dək olur.

“Quba-Şirvan” tipli xalçalar üç qrupa bölünür.

Quba qrupu

  • Quba. Burada toxunan “Köhnə Quba”, “Quba”, “Alpan”, “Xırdagülçiçi”, “Alçaqgülçiçi” xalçaları və Quba sumaxları böyük şöhrət qazanmışdır.
  • Dəvəçi. Dəvəçidə toxunan “Qaraqaşlı”, “Şahnəzərli”, “Mollakamallı”, “Ləçədi”, “Biliçi”, “Pirəbədil”, “Çarax”, “Uqah” məşhurdur.
  • Qonaqkənd. Bu rayonda “Orduc”, “Afurca”, “Yerfi”, “Qımıl”, “Çek”, “Qırız”, “Çimi”, “Xaşı”, “Qonaqkənd”, “Arslan”, “Xan”, “Sallamasöyüd” xalça kompazisiyaları geniş yayılmışdır.

Şamaxı qrupu

  • Burada “Şirvan”, “Şamaxı”, “Qabıstan”, “Ərciman” və “İsrafil” xalçalar geniş yayılıb.

Mərəzə

  • “Mərəzə”, “Nabur”, “Çuxanlı”, “Cığırlı” və “Çəmçəmli” xalçaları daha çox istifadə olunur.
  • Burada “Biço”, “Qəşəd”, “Pirhəsənli” xalçaları məşhurdur.

Kürdəmir

  • Burada əsas etribarilə “Kürdəmir”, “Şilyan”, “Sor-sor” xalçaları toxunur.

Qazıməmməd

  • Buranın “Hacıqabul”, “Şirəlibəy” xalçaları, həmçinin palaz və kilimləri geniş şöhrət qazanmışdır. “Şəki”, “Zaqatala”, “Balakən”, və bədii texniki xüsusiyyətlərinə görə Şirvan xalçalarına oxşayan “Qəbələ”, “Salyan” xalçaları da həmin qrupa aiddir.

Bakı – Abşeron qrupu

Bu qrupa aşağıdakı rayonların xalçaları daxildir.

Abşeron yarımadası

  • “Bakı”, “Xiləbuta”, “Xiləəfşan”, “Suraxanı”, “Novxanı”, “Görədil”, “Qala”, “Fatmayı”, xalçaları geniş yayılıb.
  • Bu rayonda “Fındığan”, “Qədi” xalçalarını həmçinin burada istehsal olunan zililəri göstərmək olar.

“Gəncə- Qazax” tipli xalçalar

Texniki cəhətdən oxşarlıqlarına baxmayaraq Gəncə-Qazax tipli xalçalar öz bədii xsusiyyətlərinə və ölçülərinə görə fərqlənir. Gəncə xalçalarının ornamentləri Qazax xalçalarının ornamentlərinə nisbətən mürəkkəbdir. Qazax xalçaları Gəncə xalçalarından xeyli dərəcədə böyük olur. Gəncə-Qazax xalçaları əsasən 3 kv.m-dən 10kv.m-dək olur. Bəzən bu rayonlarda Qarabağ və İran Azərbaycanı üçün səciyyəvi olan “xəli gəbə dəsti”nə, yəni xalça dəstinə rast gəlmək olur. Gəncə- Qazax tipli xalçaların kompozisiyası əsas etibarı ilə daha sadə, ornament elementləri isə Quba – Şirvan növlü xalçalara nisbətən daha həndəsi olur. Rəng xüsusiyyətlərinə gəldikdə isə demək olar ki, Gəncə- Qazax xalçalarında sarı, yaşıl, narıncı rənglərə daha tez-tez rast gəlinir. Qazax xalçalarında ilmələr “qullabi ilmə” və “dolma ilmə” üsulu ilə vurulur, ilmələri sıx deyil, amma hündür olur, orta ölçülü həmin xalçalar öz möhkəmliyi ilə fərqlənir. Gəncə-Qazax tipli xalçalarda ilmənin hündürlüyü 6mm-dən 12mm-dək olur.

Gəncə-Qazax tipli xalçalar iki qrupa bölünür.

Gəncə qrupu

  • Bu qrupa aşağıdakı rayonların xalçaları daxildir: Gəncə. Bu zonada “Gəncə”, “Qədim Gəncə”, və “Samux” xalçaları geniş yayılıb.

Goranboy

  • Burada“Çaylı”, “Şadlı”, “Fəxralı” xalçaları məşhurdur. Gədəbəy. Bu rayonda “Gədəbəy” və “Çıraqlı”, Azərbaycanın qərbində Çaykənddə və Gölkənddə istehsal olunan “Qaraqoyunlu” xalçaları da bu qrupa daxildir.

Qazax qrupu

Qazax

  • Xovlu xalçalardan burada “Qazax”, “Salahlı”, “Şıxlı”, “Kəmərli”, “Dəmirçilər”, “Qaymaqlı”, “Göyçəli”, “Öysüzlü”, “Dağkəsəmən” xalçalaları, xovsuz xalçalardan vərni və zililər geniş yayılmışdır.

Borçalı

  • Gürcüstan respublikasının azərbaycanlılar yaşayan ərazilərdə geniş yayılmış xalçalara misal olaraq “Borçalı”, “Qarayazı”, “Qaçağan”, “Qaraçöp” və “Qaraqoyunlu”xalçalarının misal göstərmək lazımdır.

“Qarabağ” tipli xalçalar

Qarabağ xalçaları kompozisiyaların müxtəlifliyi, həndəsi və nəbati elementləri ilə fərqlənir. Qarabağda “Xəli-gəbə” dəsti xalça komplekti geniş yayılmışdır. Qarabağ xalçaları başqa tipli xalçalara nisbətdə daha böyük olurlar. Burada aadətən 2-20 kv.m ölçülü xalçalar istehsal olunur. Bu xalçalarda ilmələrin hündürlüyü 6-10 mm-ə qədərdir. Qarabağ tipli xalçaların kompozisiyası Gəncə-Qazax tipli xalçaların kompozisiyasına nisbətən daha mürəkkəb olur. Qeyd edildiyi kimi, Qarabağ xalçalarında ən çox həndəsiləşmiş nəbati ornamentlərə rast rast gəlinir. Qarabağ xalçalarında ən çox qızılı sarı, qırmızı, al qırmızı, palıdı və çəhrayı rənglərdən istifadə olunur. Qarabağ xalçaları “qullabi ilmə” üsulu ilə toxunur. Onların əksəriyyəti iri və uzun olur. Qarabağ xalçalarında ilmələr orta və az sıxlığa malik olsa da, bu xalçalar xeyli möhkəmliyi və qalınlığı ilə fərqlənir. Qarabağ xalçaları bədi xüsusiyyətlər və toxunma üsuluna görə Təbriz xalçalarına bənzəyir.

Qarabağ tipli xalçalar üç qrupa bölünür

Qarabağ qrupu

Bərdə

  • Bu rayon “Bərdə”, “Xanqərvənd”, “Aran”, “Qoça”, “Çələbi”, “Buynuz”, “Dəryanur”, “Açma-yumma”, “Şabalıd buta”, “Balıq” xalçaları həmçinin şəddə, vərni, zililəri ilə məşhurdur. Qoca sənətkarlar həmin qrupa aid olan xalçalara Aran xalçaları deyirdilər. Texniki və bədii xüsusiyyətlərinin oxşarlığına görə Naxçıvan xalçası da bu qrupa aid edirlir.

Ağcabədi

  • Bu rayonda xovlu xalçalardan “Ləmbəran”, “Qarabağ”, “Xantirmə”, xovsuz xalçalardan isə çeçim geniş yayılmışdır.

Şuşa qrupu

Bu qrupa geniş şöhrət qazanmış “Malıbəyli”, “Ləmpə”, “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulut”, “Gül yaylıq”, “Nəlbəkigül”, “Muncuq” və “Zərməxmər” xalçaları daxildir. Qarabağın xüsusilə qədim tarixə malik Bərdənin xalça sənəti XVIII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, burada daha geniş miqyasda inkişaf etməyə başlamışdır. Buna görə də sənətşünaslar Qarabağ xalçalarının əksəriyyətini Şuşaya aid edirlər.

Cəbrayıl qrupu

Bura – “Xanlıq”, “Qaraqoyunlu”, “Qubadlı”, “Kürd”, “Qasımuşağı”, “Bəhmənli”, “Muğan”, “Talış” xalçaları, həmçinin xovsuz xalçlar, kilimlər daxildir.

“Təbriz” tipli xalçalar

Təbriz xalçalarının və xalça məmulatlarının hazırlanması üçün xammal rolunda yun, ipək, pambıq və kətan çıxış edir. Təbriz sənətkarları öz xalçalarında rəngli metallardan da istifadə edirdilər. XV – XVII əsrlərdə ipəkdən, qızıl və gümüş saplardan əyrilmiş iplikdən toxunan Təbriz xalçaları dünya muzeylərində saxlanır. Orta əsrlərdə Təbriz sırf ipəkdən toxunan, relyef işləmələrlə toxunan xalçaların, ikitərəfli və daha mürəkkəb toxunuşlu, orijinal xüsusiyyətləri olan xalçaların istehsal mərkəzi idi.Təbriz xalçaları müxtəlif formatda, müxtəlif ölçüdə və sıxlıqda olur – ən kiçik xalçalardan (30x30sm) ən böyük xalılara (60x70metr) qədər. Bəzən 100 metrlik xalılara da rast gəlmək olar. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 25×25 ilmədən 100×100 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60000 ilmədən 100000 ilməyə qədər). Xovun hündürlüyü də müxtəlif olur – 1-15mm.

Təbriz tipli xalçalar iki qrupa bölünür.

Təbriz qrupu

  • Bu qrupa Təbriz, Görevən, Heris, Baxşayış, Ləçəkturunc, Əfşan, Ağaclı, Qərəcə, Ovçuluq, Dördfəsil – kimi ərazilərdə toxunan xalçalar aid edilir.

Ərdəbil qrupu

  • Mir, Açma-yumma, Şeyx-Səfi, Ərdəbil, Şahabbası, Sarabi və Zəncan ərazilərində toxunan xalçalar aid edirlir.

Əsl əl işi xalçanın toxunması və ərsəyə gəlməsi üçün bəzən toxuculara aylarla vaxt lazımdır.

Xalçanın toxunmasına mərhələlərlə hazırlıq görülür. İlk olaraq xammal yəni ip hazırlanır: yunun qırxılması, pıtraq və digər bitki mənşəli qarışıqlardan təmizlənməsi, daranması, əyrilməsi və boyanması.

  • Qədimdən qırxımdan öncə qoyunların çayda yuyulması onların yunlarının qırxım öncəsi təmizlənməsi məqsədilə həyata keçirilirdi. Bəzi bölgələrdə isə qoyunlar köç yolunu gəldikdən sonra xüsusi hazırlanan vannaya salınıb çimizdirilirdi. Bu çimizdirmə zamanı köç yolunda heyvana yığılan bit-birə və gənə tamamilə təmizlənir. Yun qırxımı adətən yazda (aprel-iyul) və payızda (avqustun sonu-sentyabrın əvvəlləri) aparılır. Beləliklə, yaz qırxımı qışlaqda başlanır və dağlarda yaylaqda tamamlanır, payız qırxımı isə bütünlüklə yaylaqda aparılır. Keyfiyyətli yun ipliyin hazırlanması üçün əsasən yaz qırxımının uzun lifli, zərif yunundan istifadə edilir.
  • Növbəti mərhələdə təmizlənmiş və daranmış yundan cəhrədə ip əyrilir. Müasir dövrümüzdə istehsalın kütləvililiyini nəzərə alaraq, xalça istehsalı üçün zəruri olan yun və pambıq ipliklərin böyük həcmdə istehsalı məqsədilə əyirici-boyaq fabrikləri yaradılmışdır.
  • İplərin boyanmasında bitki mənşəli boyaqlarla yanaşı, heyvan və mineral mənşəli təbii boyaqlardan da istifadə olunur. İplər xüsusi boyaq qazanlarında rənglənir. Xalçaların kütləvi istehsalı üçün kimyəvi tərkibli boyaqlardan da geniş istifadə edilir.
  • Yalnız müxtəlif rənglərdə boyanmış ipliklər hazır olduqdan sonra hər hansı bir çeşni (naxışların texniki rəsmləri) üzrə uzun sürən toxuma prosesinə başlanılır.

Xalçaçılıq

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq.
Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.

Xalçaçılığın tarixi

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid «Dünyanın sərhədləri» əsərində, XII əsrə aid «Kitabi-Dədə-Qorqud» dastanında, klassik şairlərimiz Nizami və Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub. Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əks olunub. Buna misal olaraq XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir. Xalçalarımız haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar düzülüb-qoşulub. Uzun illərdir xalçaçılıqla məşğul olan Nəzakət Qəhrəmanovanın sözlərinə görə, qədimdə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirmişlər: «Elçilər isə istəməyə gəldikləri qızın toxuduğu xalçaya baxmaqla təkcə onun qabiliyyətini deyil, həm də xasiyyətini də müəyyənləşdirirmişlər.

Xalça növləri
Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir. Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.

Xalçaçılıq məktəblərimiz

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz məktəbləridir. Bu məktəblərin hər biri isə ayrı-ayrı məntəqələrə bölünür.

  1. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb.
  2. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir.Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.
  3. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.
  4. Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.
  5. Qazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır.
  6. Qarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
  7. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur «Şeyx Səfi» xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır. Çox təəssüf ki, bün Təbriz xalçaçılıq məktəbinin nümunələri dünyada daha çox İran xalçaları kimi tanınır.

Xalçaçılıq ənənəsinin bərpası
Xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə hələ 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Bu gün həmin muzeydə 6 mindən artıq xalça, 15 mindən artıq eksponat var. Onların hər biri müxtəlif bölgələrin xalça ənənələrini özündə ehtiva edir. Azərbaycanda xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın mərhum xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. L.Kərimov uzun illər xalçaları tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb.
2004-cü ildə «Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» Qanun qəbul edilib. Sözügedən qanundan irəli gələn vəzifələrin icrası Azərbaycanda xalçaçılığın inkişafına inam yaradıb.

  • Teqlər:
  • xalça
  • , Azərbaycan mədəniyyəti
  • , xalçaçılıq
  • , xalçaçılıq sənəti
  • , Azərbaycan xalçası

Похожие статьи

  • Azərbaycan şifahi xalq ədəbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatı Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir….

  • Azərbaycan xalçası

    Məşhur xalçalar “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və…

  • Azərbaycan xalqının yaranması

    Azərbaycan xalqının yaranması Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları…

  • Azərbaycan tarixi 7 cildde 5 ci cild

    Azərbaycan tarixi 7 cildde 5 ci cild Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Bəzək şeyləri metaldan, şüşədən, gildən, pastadan, müxtəlif…

  • Azərbaycan xalq musiqi yaradıcıllığı

    Azərbaycan xalq musiqisi Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir…

Comments are closed, but trackbacks and pingbacks are open.