Press "Enter" to skip to content

Azərbaycan xalq cumhuriyyəti 1918-1920

Xarici ölkələrə təhsil almağa göndərilən gənclər

Azərbaycan Xalq Cümhuriyyəti

Rusiya imperiyanın dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) — Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.
1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdi. Buna baxmayaraq o, istiqlal naminə əsrə bərabər iş görmüşdür.
Əvvəla, o Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaratmışdı. Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan və onun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi.
Müstəqillik elan olunandan 1918-ci il iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci il mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi. Onun sədri Məmməd Əmin Rəsulzadə seçilmişdi.
İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri Ə.M.Topçubaşov müavini H.B.Ağayev və katibi Rəhim Vəkilov seçilmişdi.
Məmməd Əmin Ağa oğlu Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Əvvəl «rus-tatar», sonra isə Bakı texniki məktəbində oxumuşdur. O, əvvəllər sosial-demokratiya hərəkatına qoşulmuş, 1904-cü ildə müsəlman sosial-demokrat «Hümmət» təşkilatının yaradıcılarından olmuşdur. 1913-cü ildə «Müsavat» partiyasına daxil olmuş və tezliklə onun liderinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılılarından biri, parlamentdə «Müsavat» fraksiyasının lideri olmuşdur. 1922 1955-ci illərdə mühacirətdə yaşamışdır. Mühacirətdə olarkən «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti»nin keçmişi, təşəkkülü və indıki vəziyyəti» (1923), «Çağdaş Azərbaycan ədəbiyyatı» (1950), «Cağdaş Azərbaycan tarixi» (1951) və b. kitablarını yazmışdı.
1955-ci il martın 6-da Ankarada vəfat etmişdir
Parlamentin əsas heyətini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Bundan başqa parlamentə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan 36 müsəlman deputatı seçilmişdi. Cəmi 17 ay fəaliyyət göstərən Azərbaycan Parlamentinin 145 iclası olmuşdu. Onun 121 iclasına Həsən bəy Ağayev, 23 iclasına isə Məmməd Yusif Cəfərov sədrlik etmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim edilmiş, ondan 230-a yaxını müzakirə olunub qəbul edilmişdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdi. Parlamentdə ən böyük fraksiya M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi «Müsavat» fraksiyası olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinİn fəaliyyəti müddətində 5 dəfə hökumət kabinəsi təşkil edilmişdi. Onun 3-nə F.X.Xoyski və 2-nə isə N.B.Yusifbəyli başçılıq etmişdi.
Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdi, Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu. Görkəmli Azərbaycan yazıçısı C.Cabbarlı hələ o zaman yazdığı «Azərbaycan bayrağına» şerində Cümhuriyyət bayrağının mənasını belə tərənnüm etmişdi:
Bu ay, ulduz boyaların qurultayı, nə demək;
Bizcə böylə söyləmək:
Bu göy boya moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın sarsılmayan inamı,
Ürəklərə dolmalı. Şu al boya azadlığın təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı. Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu
Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış dövlət himninin qəbul edilməsi, milli ordunun yaradılması və türk dilinin dövlət dili elan edilməsi də milli dövlət quruculuğu yolunda mühüm addımlar idi.
Dövlət quruculuğu sahəsində Xalq Cümhuriyyətinin atdığı mühüm addımlardan biri də milli ordunun yaradılması idi. Dost Türkiyə bu sahədə Azərbaycana yaxından kömək etmişdi. Nuru Paşanın başçılığı ilə Gəncədə az müddətdə «xüsusi Azərbaycan korpusu» yaradılmışdı. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi. Ondan 10 mini süvari ordu idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, sonra general Səməd ağa Mehmandarov olmuşdu. Onun müavini general Əliağa Şıxlinski idi.
Xalq Cümhuriyyəti sosial-iqtisadi və mədəni quruculuq sahələrində də mühüm tədbirlər həyata keçirmişdi. Neft sənayesini bərpa etməyə başlamış, Bakı-Batumi neft kəmərini bərpa etmişdi. Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırmışdı, Milli Dövlət Bankını və Teleqraf agentliyini təsis etmişdi.
Hökümət respublika sərvətlərinin xaricə daşınmasının qarşısını almışdı. Milli valyutanın (Bakı bonunun) möhkəmlənməsi üçün tədbirlər görmüşdü.
Əmək birjaları yaratmış, səhiyyənin qaydaya salınması üçün tədbirlər görmüşdü. Səhiyyə və sosial təminat nazirlikləri yaratmışdı.
Aqrar məsələnin həlli sahəsində səylər göstərmişdi. Bu məqsədlə S.Ağamalıoğlu başda olmaqda xüsusi komissiya yaratmışdı.
Mədəni quruculuq sahəsində də tədbirlər həyata keçirmişdi. Hökumətin tərkibində Azərbaycan Xalq Maarifı Nazirliyi yaradılmışdı. Bütün ibtidai məktəblərdə təhsilin ana dilində — türk (azərbaycan) dilində aparılmasına keçilmişdi,
Dərslər rus dilində aparılan siniflərdə məcburi surətdə həftədə 3-4 saat türk dilinin keçilməsinə başlanılmışdı. Əlifba islahatının keçirilməsinə cəhdlər göstərilmişdi. Qızların məktəblərə cəlb olunması genişləndirilmişdi.
İbtidai və orta ixtisas məktəblərinin şəbəkəsi genişlənmişdi. Artıq 1919-cu ilin əvvəllərində respublikada 637 ibtidai və 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi.
Müəllim kadrlarının hazırlanmasına diqqət artırılmışdı. Kişi və qadın pedaqoji məktəbləri açılmışdı. Qori müəllimlər seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürülmüş və müstəqil seminariyaya çevrilmişdi. 1919-cu ilin sentyabrında Bakıda da kişi seminariyası açılmışdı. Respublika məktəblərində işləmək üçün Türkiyədən müəllim kadrları dəvət olunmuşdu. Dərsliklərin hazırlanması və nəşri sahəsində tədbirlər həyata keçirilmişdi.
1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdı. O, həmin il noyabrın 15-dən fəaliyyətə başlamışdı. Oxumaq üçün xaricə 100 nəfər gənc göndərilmişdi.
1919-cu ilin dekabrında «Müsəlman Şərqini öyrənən cəmiyyət» yaradılmışdı. 1919-cu il oktyabrın 15-də Azərbaycan parlamenti «Mətbuat haqqında» qanun qəbul etmişdi. 1919-cu ildə Azərbaycanda 80 qəzet və jurnal nəşr olunurdu. Onlardan 39-u milli dildə idi.
Teatr, klub və mədəniyyət evlərinin şəbəkəsi genişlənmişdi. Nazirlər kabinəsinin 1919-cu il 17 noyabr qərarı ilə teatr dövlət inhisarına keçirilmişdi.
Kitabxanaların şəbəkəsi artırılmışdı. 1920-ci ildə Azərbaycanda ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana fəaliyyət göstərirdi.
Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmışdı. O, dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaratmışdı,
Müstəqilliyin ilk dövründə (1918-ci il may-oktyabr) Türkiyə Azərbaycan istiqlalının möhkəm qarantı olmuşdu. Lakin 1918-ci il oktyabrın 30-da Böyük Britaniya və Osmanlı Türkiyəsi arasında bağlanmış Mudros sazişi Azərbaycan — Türkiyə dostluq münasibətlərinə böyük xələl gətirmişdi. Bu sazişə əsasən Türkiyə Cənub Qafqazdan, o cümlədən Azərbaycandan qoşunlarını çıxarmalı olmuşdu.
AXC hökumətinin Böyük Britaniyanın Bakıdakı nümayəndəliyi ilə də münasibətləri qaydaya salınmışdı. General Tomson və ondan sonra Bakıya gələn Balkanlarda və Qafqazda ingilis qoşunlarının baş komandanı C.Mili AXC hökumətini tanımışdılar.

Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə də münasibətləri qaydaya salmağı vacib saymışdı. Gürcüstan, Dağlılar Respublikaları və İranla münasibətlərin dinc yolla qaydaya salınması belə addımlardan idi. O, Sovet Rusiyası və Ermənistanla da qonşuluq münasibətləri yaratmağa çalışmışdı. Lakin burada ciddi çətinliklərlə rastlaşmışdı. Belə ki, Rusiya Azərbaycana qarşı yenə də müstəmləkəçilik ambisiyalarından əl çəkmir, Ermənistan isə ərazi iddialarını davam etdirirdi.
AXC hökumətinin səyi və cəhdlərinə baxmayaraq həmin dövlətlərlə münasibətlər qaydaya düşmürdü. Bolşevik Rusiyası millətlərin öz müqəddəratını təyin etmək barədə bəyannamə verməsinə baxmayaraq onların müstəqil olmaları ilə barışa bilmirdi.
Azərbaycan hökuməti hələ yarandığı ilk gündən Ermənistanla (Ararat Respublikası) mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etmək niyyətində idi, Azərbaycan Milli Şurası yenicə müstəqilliyini elan etmiş erməni dövlətinə yardım etmək məqsədilə 1918-ci il mayın 29-da əzəli torpağı olan İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımışdı. Buna baxmayaraq bədxah qonşumuz yenə də Azərbaycana ərazi iddialarından əl çəkmirdi. O, Naxçıvanı, Qarabağı, Zəngəzuru və b. əraziləri özünə birləşdirmək siyasəti yeridirdi. O, bu ərazilərdə etnik təmizləmə aparır, azərbaycanlılar yaşayan kəndləri dağıdıb yandırırdı. Erməni qaniçənləri 1918-ci ilin payızında təkcə Zəngəzurda 52 azərbaycan kəndini dağıtmış, 987 evi viran edib yandırmış, 2254 nəfər adamı öldürmüş, 304 nəfəri isə diri-diri yandırmışdılar. Qaniçən Andronikin quldur dəstələri Naxçıvan və Zəngəzurda tuğyan edirdilər. Onlar azərbaycanlılara olmazın əzab və əziyyət verirdilər: azərbaycanlıları diri-diri oda atır, uşaqları süngüyə keçirir, hamilə qadınların qarınlarını yarırdılar. Andronik öz antiazərbaycan siyasətində Rusiyaya güvənirdi. O, 1918-ci ilin yayında Culfanı zəbt edib yandırdıqdan sonra Naxçıvanı Sovet Rusiyanın ayrılmaz hissəsi elan etmişdi. Andronik 1918-ci il iyunun 4-də daşnakpərəst bolşeviklərin təşkil etdikləri Bakı Xalq Komissarları Sovetinin (BXKS) sədri S.Şaumyana göndərdiyi teleqramda öz dəstəsi ilə birlikdə Rusiya Mərkəzi hökumətinin sərəncamına keçməyə və Bakı Kommunasına yardım etməyə hazır olduğunu bildirmişdi. S.Şaumyan isə öz növbəsində ona ünvanladığı teleqramda quldur Androniki «xalq qəhrəmanı» adlandırmışdı.
Andronik Zəngəzurun azərbaycanlılardan təmizlədiyi hissəsində Mərkəzi Gorus şəhəri olmaqla erməni qubernatorluğu təşkil etmişdi. O, bundan sonra paytaxtı Şuşa şəhəri olmaqla «Kiçik Ermənistan» dövləti yaratmaq məqsədilə Qarabağın dağlıq hissəsində başlamış «separatizm» hərəkatına kömək üçün oraya keçmək cəhdləri göstərmişdi. Lakin Laçmda Sultanov qardaşlarının (Sultan və Xosrov) səyi nəticəsində onun qarşısı alınmışdı.
Mudros sazişinə (1918-ci il 30 oktyabr) əsasən Türkiyə qoşunları Azərbaycanı tərk etdikdən sonra ermənilər Zəngəzura, Dağlıq Qarabağa və Naxçıvana iddialarını artırdılar. 1919-cu ilin yanvarında Naxçıvana hücum etdilər. Lakin Şərurda böyük məğlubiyyətə uğradılar. Ermənilər 1919-cu ilin payızında Zəngəzurda yeni vəhşiliklər törətdilər. 110 azərbaycan kəndini yandırdılar. 60 minə qədər azərbaycanlı qaçqın vəziyyətinə düşdü.
Azərbaycan hökuməti buna cavab olaraq 1919-cu ilin oktyabrında general C.Şıxlinskinin komandanlığı altında bölgəyə qoşun hissəsi göndərməyə məcbur oldu.
Naxçıvana erməni təcüvüzünün qarşısını almaq məqsədilə Türkiyənin, xüsusən Kazım Qara Bəkir Paşanın təşəbbüsü və vətənpərvər qüvvələrin səyi ilə 1918-ci ilin payızında Araz-Türk Respublikası yaradıldı (O, 1919-cu ilin aprelinə kimi fəaliyyət göstərmişdi). Onun tərkibinə Naxçıvan, Şərur, Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. bölgələr daxil idi. Paytaxtı Naxçıvan şəhəri idi. Bu Naxçıvanın ermənilər tərəfindən zəbt edilməsinin qarşısını aldı.
Zəngəzur və Qarabağda erməni özbaşınalığına qarşı 1919-cu ilin yanvarında AXC hökuməti tərəfindən Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ genaral-qubematorluğu yaradıldı. General-qubernator vəzifəsinə Xosrov Paşa bəy Sultanov təyin edildi.
Qarşıdurmanı söndürmək üçün 1919-cu ilin noyabrında Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçılarının ABŞ-ın vasitəçiliyi ilə görüşü oldu. Tərəflər mübahisəli məsələləri sülh yolu ilə həll etmək barədə öhdəliklər olan saziş imzaladılar. Lakin Ermənistan yenə də xəyanət edərək Zəngəzurda hərbi əməliyyatlara başladı, 40-dək kəndi talan edib, əhalisini qırdı.
Azərbaycan hökumətinin sülh yolu təşəbbüsünə baxmayaraq Ermənistan 1920-ci ilin əvvəllərində hərbi əməliyyatları gücləndirdi. Ermənilər Novruz bayramı gecəsi Şuşada, Xankəndində, Əskəranda, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun hissələrinə hücum etdilər. Ermənistan tərəfdən də Qarabağa erməni silahlı qüvvələri irəliləməyə başladı.
Ərazi butövlüyünü bərpa etmək üçün Azərbaycan hökuməti də öz növbəsində tədbirlər görməli oldu. General H.Səlimovun başçılığı ilə Azərbaycan hərbi qüvvələri 1920-ci il aprelin sonu üçün Qarabağda baş qaldıran erməni separatçılarının müqavimətini qırdı.
Xalq Cümhuriyyətinin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək, iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer tuturdu. Azərbaycan Parlamenti qalib dövlətlərin Paris Konfransında iştirak etmək üçün başda görkəmli diplomat Ə.M.Topçubaşov olmaqla nümayəndəlik təsdiq etmişdi 1919-cu ilin yanvarında İstanbula yola düşən nümayəndə heyəti həmin il may ayının ortalarında Parisə gəlib çıxdı.
Nümayəndə heyətinin, xüsusən Ə.M.Topçubaşovun diplomatik səyləri sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı. O, dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi.
Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imper ambisiyasından əl çəkmirdi. Hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda «tutmaq bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin» tapşırığını vermişdi. Mudros sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu.
Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı, Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi.
Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi AXC-nin N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də yeni hökuməti təşkil edə bilmədi.
Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər, Onlar Azərbaycanı işğal etmək məqsədini güdürdülər.
İosif Stalin 1920-ci il aprelin 27-də yazmışdı: «. yoldaş Orconikidze bir qədər özünəməxsus xətt yeridir. Lenin (həm də biz) ona Azərbaycan gerçəkliyinə uyğun olmayan göstərişlər veririk. Yəni biz Bakıda qabaqcadan üsyan qalxacağına ümid edirik. Lakin şübhəsiz, buna şans yoxdur. Azərbaycan hüdudlarına soxulmaq gərəkdir. Bakını işğal etdikdən sonra gələcək müstəqillik haqqında danışıqlarda yoldaş Orconikidzenin konstruksiyasında şübhəsiz, Bakının işğalı ilə Azərbaycanın müstəqilliyi haqqında natamam, bir araya uyğun gəlmədiyi əks olunmalıdır. Mənə elə gəlir ki, gələcək (nəzərdə tutulan) müstəqillik ciddi praktiki əhəmiyyət daşımadan yalnız bəyanat kimi ola bilər».
Bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başlamışdılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdular. Onlar axşam saat 21-də Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan yenidən Rusiya tərəfindən, indi Sovet Rusiyası tərəfindən işğal olundu.
Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir. O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu.
Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum idi. O, Azərbaycan xalqı üçün daim cücərən ənənə bəxş etmişdi. İ.Stalinin «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?» sualına cavabında M.Ə.Rəsulzadə demişdi: «çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!».

  • Teqlər:
  • Azərbaycan Demokratik Respublikası
  • , Azərbaycan Xalq Cümhuriyyəti
  • , Azerbaycan Xalq Cumhuriyyeti

Qarabağ

1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir”. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hüquqi-siyasi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: “Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq — Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskunlaşıblar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq”.

Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi. Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər.

1919-cu ilin sonları-1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.

Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. “Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururlar. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmırdı”.

Qarabağın digər qəzası Cəbrayılda da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı.

Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Vaxtı ilə Zaqafqaziya Ölkə Komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns 20 dekabr 1922-ci ildə yazırdı: “. Еще до создания в Карабахе Мусаватской власти (т.е. Азербайджанской Демократической Республики – Я.М., К.Ш.) туда был назначен со стороны турецких властей (т.е. Азербайджанской Демократической Республикой – Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это время появляется новый термин – Нагорный Карабах, созданный дашнаками. Не довольствуясь безграничными бойнями, вызванными в Турецкой Армении, партия “Дашнакцутюн”, после сдачи гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться “до последней капли крови”, но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, именующими себя интернационалистами, организуется правительство Нагорного Карабаха. Если партии “Дашнакцутюн” удалось избежать войны с турками, то вскоре, по настоянию крестьян этого же самого Нагорного Карабаха, пришлось соединить эту часть с низменной частью и весь Карабах подчинить власти мусаватского правительства . “

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin — Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu

Azərbaycan xalq cumhuriyyəti 1918-1920

İstiqlal bəyannaməsinin elan olunması.
Tiflis 1918, 28 may

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov – hərbi nazir, Məmməd Həsən Hacınski – xarici işlər naziri, Nəsib bəy Yusifbəyli – maliyyə naziri və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədov – ədliyyə naziri, Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri, Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri, Xudadat bəy Məlik- Aslanov – yollar naziri və poçt-teleqraf naziri, Camo bəy Hacınski – dövlət nəzarətçisi.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Parlamentin açılışı. Bakı, 1918, 7 dekabr

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra

Bakı Dövlət Universitetinin möhürü

Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Paris sülh konfransında iştirak edən
Azərbaycan nümayəndə heyəti. Paris,1919.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.

Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.

Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Xarici ölkələrə təhsil almağa göndərilən gənclər

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.