Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı
Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir.
Azərbaycan Xalq Cümhuriyyəti və milli-mədəni intibah
Ötən əsrin əvvəllərində Şərqdə bir Günəş doğdu. 1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu. Az yaşadı, amma əsrlərə bərabər işlər gördü. Cəmi 23 ay ömür sürdü, amma çox şərəfli və mürəkkəb bir yol keçdi. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.
Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda,
milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. Bu, XX əsrin əvvəllərində yalnız hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə əsl fenomen idi. O dövrün ən mütərəqqi mətbu orqanlarından biri sayılan “İstiqlal” qəzetinin başlığında böyük türk şairi Tofiq Fikrətin epiqraf kimi verilmiş məşhur “Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!” misraları AXC-nin məram və niyyətini çox gözəl əks etdirirdi. Amalı millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını rəhbər tutaraq həyatın bütün sahələrində, xüsusən xalq maarifi və mədəniyyət sahələrində geniş islahatlara başladı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə demokratiyanın, elmin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Məsələn, AXC hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi. Sənəddə rus dilinin də dövlət müəssisələrində keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin 28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.
İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48 780 nəfərə çatdı.
Azərbaycan hökuməti və parlamenti mətbuat və nəşriyyat işinin də dövrün tələblərinə uyğun qurulması üçün bir sıra qərarlar qəbul etdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılmasının, çap məhsulunun nəşrinin və satılmasının azad olduğu bildirilirdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet və jurnal çıxmışdır. “Molla Nəsrəddin”, “İstiqlal”, “Azərbaycan”, “Açıq söz”, “İqbal”, “Dirilik”, “Təkamül”, “Mədəniyyət”, “Qurtuluş” kimi mətbu orqanlar milli ideyaların carçısı idi. Təsadüfi deyildir ki, o dövrdə Azərbaycanda söz, mətbuat və vicdan azadlığı yüksək səviyyəyə çatmışdı. Cümhuriyyətin əvvəlcə Ukraynada, daha sonra Türkiyədə səfiri olan Yusif Vəzir Çəmənzəminli “Bu gün yazıçıya nə gərəkdir?” sualına cavabında müasir dövrümüzlə səsləşən “Dil azadlığı, qələm azadlığı” cavabını vermişdi.
Hazırda dünyanın ən aparıcı informasiya agentlikləri ilə bir sırada duran, ən nüfuzlu informasiya agentlikləri qurumlarının üzvü, yerli və xarici kütləvi informasiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan, gün ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində fasiləsiz surətdə dəqiq və operativ informasiyalar hazırlayan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1920-ci il martın 1-də yaradılmış AzərTAc AXC dövründə qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu həmişə şərəflə yerinə yetirmişdir. Ayrı-ayrı illərdə müxtəlif adlar altında fəaliyyət göstərsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz tarixinə sadiq qalaraq AzərTAc adını geri qaytarmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Professional teatrımızın tarixi 1873-cü ildən başlasa da, yalnız cümhuriyyət dövründə dövlət teatrı statusu aldı. Öz binası olmadığı üçün Mayılov qardaşları teatrı binasının məcburi surətdə, lakin ədalətli qiymətləmilli teatrımız üçün alınması barədə qərar qəbul edildi. O dövrdə teatr tamaşaçılar qarşısına zəngin repertuarla çıxırdı. Bu səhnədə Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlının əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də oynanılırdı. Azərbaycan aktyorları ölkənin hüdudlarından kənara qastrol səfərlərinə çıxırdılar. Türkiyə qəzetləri yazırdı ki, “Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər”.
Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Hacı İbrahim Qasımov, Xəlil İbrahim, Mehdi bəy Hacınski kimi yaradıcı ziyalılar teatr tənqidi ilə məşğul olur, bu sahədə baş verən prosesləri izləyir, teatr sənətinin inkişaf problemlərinə dair məqalələr yazırdılar.
“Leyli və Məcnun” operası ilə Azərbaycan professional musiqisinin təməlini qoymuş, sonralar bir sıra dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə “Dağıstan”, tərəkəməsayağı “Azərbaycan” adlı xoreoqrafik əsərlərini və Cümhuriyyət şairi Əhməd Cavadın sözlərinə “Azərbaycan” marşını bəstələmişdir. Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edildi. Daha bir böyük bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə yazdığı “Şah İsmayıl” operası məhz Cümhuriyyət dövründə böyük uğurla səhnələşdirildi.
Qurulduğu gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi əhəmiyyət verən AXC hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da türkləşməyin, islamlaşmağın və müasirləşməyin rəmzi kimi yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayrağın təsdiq edilməsi barədə qərar qəbul olundu. 1919-cu il 23 mart tarixli qərarı ilə hökumət dövlət gerbi və möhürünün layihələrini yaratmaq üçün müsabiqə elan etdi.
Dövlət gerbinin, orden və medalların hazırlanmasına ilk peşəkar heykəltəraş Zeynal Əlizadə cəlb olunmuşdu. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında parlamentin binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk edilmişdi.
Bu dövrdə milli rəssamlıq sənətinin inkişafına da xüsusi diqqət yetirilirdi. Karikaturaçı rəssam Əzim Əzimzadənin, rəssam Bəhruz Kəngərlinin əsərlərində dövrün problemlərini ayna kimi əks etdirilir, cəhalət, nadanlıq, erməni cəlladlarının vəhşilikləri ifşa olunurdu.
Bütün bu sadalananlar Cümhuriyyət illərində ədəbiyyat, dil və mədəniyyət quruculuğu sahəsində atılmış addımların çox cüzi bir hissəsi, əslində dəryada bir damladır, lakin o dövrün mədəni mühiti barədə insanda dolğun təəssürat yaratmaq üçün yetərlidir. AXC-nin bir çox təşəbbüs və ideyaları 1920-ci ilin aprel işğalı nəticəsində yarımçıq qaldı, lakin buna baxmayaraq, qısa bir müddətdə gördüyü möhtəşəm işlərlə xalqımızın yaddaşına əbədi həkk olundu.
Müstəqilliyini itirərək bu dəfə 70 il müddətinə sovet imperiyasının tərkibinə qatılan Azərbaycan mürəkkəb, ziddiyyətli hadisələrin bir-birini əvəzlədiyi o illərdə böyük məhrumiyyət və itkilərə, repressiyalara və soyqırıma məruz qalmasına baxmayaraq, yaşayıb-yaratdı, inkişaf etdi, böyük nailiyyətlər qazandı, iqtisadi, elmi və mədəni yüksəlişə nail oldu.
Məhz əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş dövlətçilik ənənələrinin, mədəni, elmi, iqtisadi kadr potensialının mövcudluğu xalqımıza öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa, SSRİ-nin tərkibində Rusiyanın çoxsaylı vilayətlərindən biri deyil, 15 respublikadan biri olmağa, onun süqutundan sonra isə yenidən dirçəlib Azərbaycan Respublikası kimi tarixin səhnəsinə çıxmağa imkan verdi.
AXC-nin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyev vermişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.
Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı
1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya imperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atıldı.
Bu dövrdə hökumətdə təmsil olunan fədakar insanların ağır siyasi vəziyyətdə apardığı iqtisadi siyasət öyrənilməsi vacib olan şərəfli səhifələrimizdəndir. Cümhuriyyət dövrün mürəkkəb problemlərinə baxmayaraq, bolşevik-daşnak talanları nəticəsində dağılmış iqtisadiyyatı bərpa etməyə başladı. O dövrdə müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq, iqtisadiyyatını inkişaf etdirmək çətin olsa da, Azərbaycan Xalq Cümhuriyyəti də elan edildiyi ilk günlərdən etibarən iqtisadiyyatın inkişafını əsas diqqət mərkəzində saxladı və bu istiqamətdə məqsədyönlü addımlar atdı.
Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. O cümlədən neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi.
Cümhuriyyət hökumətinin 1919-cu il mayın 4-də Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələrinin yaradılması haqqında və 1919-cu il iyunun 23-də Kubanla əmtəə mübadiləsi haqqında qəbul etdiyi qərarlarla əmtəə mübadiləsində iştirak etmək üçün təşəbbüs, yerli şəxsi sənaye və ticarət cəmiyyətlərinə verildi. Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və iqtisadi əlaqələrində barter üsulundan istifadə edilirdi. Belə ki, gətirilən malların əvəzinə neft, pambıq, yun, ipək, gön verilirdi. Azərbaycan neftinin qonşu ölkələrə və Batumi limanı vasitəsilə Qərbi Avropaya ixracı qaydaya salındı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edildi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu.
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar – “Bakı bonları” buraxıldı (o vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi).
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, AXC dövründə iqtisadiyyatın stabilləşməsi, eləcə də maliyyə sektorunun formalaşması üçün milli valyutanın dövriyyəyə buraxılmasına ehtiyac var idi. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. O zamanlar Cənubi Qafqazda 3 valyutadan istifadə olunurdu. 1918-ci ilin sentyabrında Azərbaycan öz milli valyutasını – Azərbaycan bonu və ya manatını dövriyyəyə buraxdı. Bu pullar Bakıda çap olunurdu. Pul nişanlarının emissiyasının səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Cümhuriyyət dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdi.
Manatın dövriyyəyə buraxılması Cümhuriyyət dövründə dövriyyəyə milli valyutanın daxil olmasına imkan verdi. Milli valyutanın nominal dəyəri türk lirəsinə uyğun olaraq formalaşırdı. Belə ki, əvvəlcə 1 türk lirəsi 40 manat həcmində, sonralar isə 20 manat həcmində müəyyənləşdirildi. Bu da milli valyutanın alıcılıq qabiliyyətinin artırılması məqsədi daşıyırdı. Milli valyutanın dövriyyəyə buraxılması maliyyə sisteminin formalaşdırılması üçün bir baza yaratdı. 1919-cu ildə artıq Azərbaycan manatı digər valyutalar, o cümlədən ABŞ dolları, eləcə də Avropada istifadə olunan valyutaların məzənnələri formalaşdı ki, bu da manatın dönərliliyinin təmin edilməsi istiqamətində atılmış addım idi. Təbii ki, Nobel səhmləri də manata satılırdı. Bu da manata olan inamın formalaşdırılması baxımından çox vacib idi. 1919-ci ildə maliyyə sektorunun tənzimlənməsi üçün Azərbaycanda xüsusi dövlət bankı formalaşdırıldı. Bu bankın məqsədi özəl bank sektorunun inkişafını dəstəkləmək, eyni zamanda, maliyyə sektorunun inkişafını tənzimləməkdən ibarət idi. “Doğrudur, həmin dövrdə maliyyə-kredit sisteminin inkişafı kifayət qədər çətin idi. Çünki həmin dövrdə ölkənin gəlirləri aşağı idi. Cümhuriyyət dövrünün çox qısa müddəti – 23 ayı əhatə etməsi də nəticə etibarilə islahatların davam etdirilməsinə imkan yaratmadı. Lakin 1919-cu ilin sonlarından başlayaraq Azərbaycanda maliyyə sisteminin, eləcə də özəl bank sektorunun formalaşması istiqamətində addımlar atılmağa başladı. Belə ki, ilk bank olaraq Bakıda Tacir Bankı, Bakı İran Bankı formalaşdırıldı ki, bu da özəl bankçılığın inkişafı üçün bir baza yaratdı. Bu, ölkədə milli valyutanın dövriyyəsinin genişləndirilməsi və dönərliliyin təmin edilməsi ilə yanaşı, eyni zamanda, bankçılığın inkişafına ünvanlandı. Lakin çox təəssüf ki, Cümhuriyyət dövrünün 23 ayı əhatə etməsi maliyyə sektorunda aparılan islahatların davam etdirilməsinə imkan vermədi”, – deyə ekspert qeyd edib.
Cümhuriyyət dövründə uğurlu beynəlxalq iqtisadi əlaqələrin qurulması siyasi və iqtisadi müstəqillik əldə etmiş xalqların qarşısında duran əsas vəzifələrdən idi. Bu məsələnin həlli həm daxili, həm də xarici amillərdən asılı olduğu üçün xeyli çətin və müəyyən vaxt tələb edirdi. Belə çətinliklərlə AXC də üzləşdi. AXC-nin İstiqlal Bəyannaməsində xarici ölkələrlə, xüsusən qonşu dövlətlərlə iqtisadi əlaqələr yaratmaq, bu əlaqələri genişləndirmək zərurəti nəzərdə tutulurdu. Təsadüfi deyil ki, AXC-nin liderləri, ümumiyyətlə, Azərbaycan məsələsinə yalnız bir millət və xalqın məsələsi kimi baxmırdılar. “Müsavat” partiyası öz məramnaməsində Azərbaycanın müstəqilliyi və inkişafında xarici faktorlara çox böyük əhəmiyyət verirdi.
1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə vergi polisinin yaradılması nəzərdə tutulsa da, hökumət bu qurumun təsis olunmasını məqsədəuyğun hesab etməmişdi. Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlarından biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə, Zaqatala quberniyaları daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi Müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin zirvəsidir. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatdı.
Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir.
Cəmi 23 ay yaşamağına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaddaşlarda tariximizin ən şanlı və parlaq səhifələrindən biri olaraq qalacaq.
Qəlbimizdə azadlıq və istiqlaliyyət duyğularını gücləndirən, müstəqilliyimizə zəmin yaradan Cümhuriyyətimizin 100 yaşı mübarək.
Yazı “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”.
Azərbaycan xalq cümhuriyyəti dövründə iqtisadiyyat
Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirirdi. Onun iqtisadi platformasında mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu.
Xalq Cümhuriyyətinin aqrar proqramının əsasını aqrar islahatı haqqında parlamentə təqdim olunmuş qanun layihələri təşkil edirdi. Bir qanun layihəsində torpaqların əvəzsiz paylanması, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi nəzərdə tutulurdu.
Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, Bakı-Culfa dəmiryolunun inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.
Yeni əsaslarda beynəlxalq iqtisadi əlaqələrin qurulması da hökumətin qarşısında duran mühüm məsələlərdən idi. Xarici ölkələrlə, xüsusilə yaxın qonşularla iqtisadi əlaqələr yaratmaq və bu əlaqələri genişləndirmək nəzərdə tutulurdu.
Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi.
Cümhuriyyətin xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Gürcüstanla bağlanan müqavilə mühüm əhəmiyyətə malik idi. 1918 il dekabrın 26-da bir illik müddətə bağlanan bu müqaviləyə əsasən, böyük ehtiyac olan məhsulların, bu respublikaların tələbatları çərçivəsində gömrük vergiləri qoyulmadan alınıb-satılmasına, habelə Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına icazə verilirdi. Azərbaycanın Ermənistandakı Diplomatik Nümayəndəliyinin vasitəsi ilə orada ağır vəziyyətdə yaşayan azərbaycanlı əhalinin ehtiyaclarının qarşılanması üçün ərzaq məhsulları və maddi vəsait göndərilmişdi.
1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalanmışdı. Lakin Rusiya müqavilənin şərtlərinə əməl etmədi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın öncül sahəsi sayılırdı. Çünki bu zaman neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Odur ki, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində sosial məsələlər xüsusi diqqət mərkəzində idi. Bu, təsdiq olunan qanunlarda, həyata keçirilən konkret tədbirlərdə özünü göstərirdi.
Dövlətin sosial siyasəti iki baxış üzərində qurulmuşdu. Birincisi, hər bir Azərbaycan vətəndaşının iqtisadi fəallıq göstərməsi və gəlir əldə etməsi üçün şərait yaratmaq, beləliklə, yoxsulluğu minimum həddə endirmək. İkincisi, cəmiyyət üzvlərinə elə bir gəlir əldə etməyə təminat yaradılsın ki, onlar bu gəlirlə özlərinin ictimai-zəruri ehtiyaclarını ödəyə bilsinlər. İnflyasiya ilə əlaqədar olaraq əhalinin müxtəlif təbəqələrinin maaşlarının artırılması məsələsi hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi.
Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, onlara tibbi xidmət göstərilməsinin təşkili və bununla bağlı başqa məsələlərə xüsusi diqqət göstərilirdi.
Yeni xəstəxanaların açılması, həkim və başqa tibb kadrlarının hazırlanması, yoluxucu xəstəliklərin qarşısının alınması, əhalinin dərman vasitələri ilə təminatı üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı.
1918-ci il oktyabrın 30-da Bakı ticarət limanı idarəsinin fəaliyyəti bərpa edildi. Ticarət gəmiləri ilə Bakı ilə Port-Petrovsk (Mahaçqala), Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi.
1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycanı tərk etdikdən sonra Bakı limanı və ticarət donanması da Cümhuriyyət hökumətinin sərəncamına keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladılar.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısına qoyduğu sosial-iqtisadi inkişaf proqramının tam həyata keçirilməsinə 1920-ci il aprel işğalı imkan vermədi.
Похожие статьи
-
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və…
-
Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…
-
Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…
-
Azərbaycan xalq cümhuriyyəti 1 cild
Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…
-
Azərbaycan xalqının cümhuriyyəti dövründə elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti dövründə altı tələbə tibbi təhsil almaq üçün Almaniya və Fransaya göndərilib Ali təhsil almaq üçün xarici ölkələrə tələbə…
Comments are closed, but trackbacks and pingbacks are open.