Press "Enter" to skip to content

Azrbaycanda 1918-ci il soyqırımı

1918-ci ildə Azərbaycanın Bakıdan 200 kilometr şimalda yerləşən Quba regionunda da kütləvi qətliamlar baş verib. Burada erməni bolşevikləri dağ yəhudilərini qırıb. Şahidlərin sözlərinə görə, həmin günlərdə Qubada da çox sayda azərbaycanlı, o cümlədən 3 mindən çox dağ yəhudisi qətlə yetirilib. Bu, yəhudi təqvimi ilə 5679-cu il iyarın 19-da baş verib.

1918-ci ildə Qafqazda baş vermiş, lakin unudulmuş soyqırım

Rusiyada 1917-ci ilin oktyabrında baş vermiş bolşevik inqilabından sonra ruslar üçün neftlə zəngin Bakını itirmək fikri belə, fəlakət sayılırdı. Məsələ ondadır ki, XX əsrin əvvəllərində dünyada hasil olunan neftin 50%-i, Rusiya imperiyasındakı hasilatın isə 95%-i məhz bu şəhərin payına düşürdü.

Bolşeviklərin lideri Vladimir Lenin hətta Sovet Rusiyasının Bakı nefti olmadan yaşaya bilməyəcəyini belə, bəyan etmişdi. Bolşeviklərin erməni lideri Stepan Şaumyan da məhz Bakını və onun neftini tam nəzarətdə saxlamaq üçün şəhərin azərbaycanlı müsəlman əhalisinə qarşı erməni daşnakları ilə ittifaq yaratmışdı. Azərbaycanlılar ölkənin bolşeviklərlə daşnakların nəzarətində olmasına qarşı idilər.

Beləliklə, azərbaycanlı əhaliyə qarşı vəhşiliklər kulminasiya nöqtəsinə 1918-ci il martın sonunda çatıb. Bu, azərbaycanlılar üçün ən faciəvi günlər idi. O zaman baş verənlər tarixdə “Mart soyqırımı” kimi qalıb. Bu soyqırım Azərbaycan tarixinin qaranlıq səhifəsidir. Həmin günlərdə bolşeviklərin dəstəklədiyi erməni daşnakları Azərbaycanın bütün ərazisi boyunca talanlar törədib. Əsas hədəf azərbaycanlı müsəlmanlar, həmçinin Qubada yaşayan dağ yəhudiləri olub.

Kütləvi qətliamlar və bolşevik liderlərinin onun mahiyyətini kiçiltmək cəhdləri

Azərbaycanda tarixən “qara qızıl”, yəni neft olub. Lakin bəzən elə olur ki, “qara qızıl” nəinki insanların rifahınıza xidmət etmir, əksinə, onların ən qəddar düşməninə çevrilir. Bu, neft mərkəzi olan, müxtəlif millətlərdən olan insanları özünə cəlb etmiş Bakıda bir daha sübuta yetirilib.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının neft sənayesi sürətlə inkişaf edirdi. Nəticədə şəhərə erməni miqrantlarının axını başlamışdı. Erməni xalqı hər zaman Rusiya imperiyasına itaət edib. Məhz bu üzdən də imperiya Şərqə doğru genişlənməkdə vasitə kimi ermənilərdən yararlanıb. Bunun fonunda ermənilər Rusiya hökumətindən imtiyazlar da əldə edib.

XX əsrin əvvəllərində erməni sahibkarların və işçilərin sayı sürətlə artırdı. Onlar Bakıda yeni meydana gəlmiş inqilabi və sosial hərəkatlarda da fəal iştirak edirdilər. Lenin tərəfindən Zaqafqaziyanın komisarı təyin olunmuş Stepan Şaumyan da bolşevik cildinə girmiş erməni daşnakı idi. Rusiya imperiyasının dağılmasından sonra o, beynəlxalq proletar şəhər kimi tanınan Bakıda hakimiyyəti ələ keçirmişdi. Bundan sonra o, cəbhədən qayıdan, Rusiya hərbi birləşmələrinin tərkibində olmuş erməni zabitləri və əsgərlərini antiazərbaycan kampaniyasında istifadə etmək məqsədilə öz tərəfində çəkmişdi.

Nəhayət, 1918-ci il martın 30-da keçmiş Bakı zabiti Hayk Ter-Mikaelyan Erməni Şurası və “Daşnaksutyun” partiyası adından çıxış edərək, azərbaycanlıların bolşeviklərə qarşı çıxacağı təqdirdə ermənilərin onların Bakıdan çıxarılmasına yardım göstərəcəyini elan edir. Martın 31-də isə ermənilər hələ azərbaycanlılar yuxudaykən əhaliyə qarşı hücuma başlayır. Qəfil hücuma məruz qalmış azərbaycanlılar nə baş verdiyini anlamır. Ermənilərsə paralel olaraq rusları da qızışdırmağa çalışır – guya azərbaycanlılar şəhərdə yaşayan rusları öldürür. Nəticədə Xəzər dənizində lövbər salmış rus hərbi gəmisi Bakının azərbaycanlılar yaşayan hissəsini atəşə tutur. Amma az sonra ruslar şəhərdə bir nəfər də olsun rusun öldürülmədiyini bilir və atəşi dayandırır.

Yaxşı hazırlanmış və silahlanmış erməni əsgərləri Bakının azərbaycanlılar yaşayan hissəsinə hücum edir. Evlərə soxulan ermənilər uşaqlar daxil olmaqla, dinc insanalrı süngü, bıçaq və digər müxtəlif silahlarla öldürür, onların evlərinə od vurur. Erməni əsgərləri uşaqları diri-diri ocağa belə atır. Şahidlərin sözlərinə görə, ermənilər azərbaycanlı qadınları çubuqla döyür, onların saçını kəsir, lüt və ayaqyalın küçəyə atırmış.

Bu qətliamın araşdırılması məqsədilə yaradılmış komissiyanın hesabatında deyilir ki, öldürülmüş azərbaycanlıların bir çoxunun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Çünki erməni əsgərləri bir çox evlərdə ailənin bütün üzvlərini öldürüb. Bu üzdən ölənlərin adını bilən şəxləri tapmaq çətin olub.

1918-ci il aprelin 3-də Stepan Şaumyan Moskvada fəaliyyət göstərən Xalq Komissarları Sovetinə göndərdiyi məktubda ermənilərin azərbaycanlılara qarşı mart hücumuna bəraət qazandırmağa çalışıb. O iddia edirdi ki, ermənilər azərbaycanlılara milli düşüncələrinə görə deyil, məhz Sovet hökumətinə loyal olduqları üçün hücum ediblər. Lakin həqiqət budur ki, Şaumyan azərbaycanlıların öldürülməsini Sovet hökuməti uğrunda mübarizə kimi təsvir etməklə, əslində bolşevik maskası taxaraq millətçi daşnak təbiətini gizlətməyə çalışıb.

Bakıda azərbaycanlılara qarşı vəhşiliklər bir neçə gün davam edib. Bu, əslində dəhşətli soyqırım aktı idi. Soyqırım nəticəsində 12 min azərbaycanlı müsəlman qətlə yetirilib. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Daha dəqiq desək, Bakıda yaşayan hər 5 azərbaycanlıdan biri bolşeviklərin dəstək verdiyi erməni daşnakları tərəfindən öldürülüb. Silahsız azərbaycanlıların 10 minlik daşnak-bolşevik qüvvələrinə qarşı müqavimət göstərmək şansı əlbəttə ki, yox idi.

Maraqlıdır ki, bu miqyasda soyqırım aktı nadir hallarda xatırlanır.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) araşdırmaları zamanı Bakı yəhudilərinin azərbaycanlıları bu qətliamdan xilas etmək üçün əllərindən gələni etdikləri də üzə çıxıb.

Mart soyqırımı təkcə Bakıda törədilməyib

1918-ci ildə Azərbaycanın Bakıdan 200 kilometr şimalda yerləşən Quba regionunda da kütləvi qətliamlar baş verib. Burada erməni bolşevikləri dağ yəhudilərini qırıb. Şahidlərin sözlərinə görə, həmin günlərdə Qubada da çox sayda azərbaycanlı, o cümlədən 3 mindən çox dağ yəhudisi qətlə yetirilib. Bu, yəhudi təqvimi ilə 5679-cu il iyarın 19-da baş verib.

Ermənilər dağ yəhudilərini niyə qətlə yetirib?

Quba yəhudiləri daşnakların azərbaycanlı müsəlmanlara qarşı mübarizə aparmaq və onlara qoşulmaq təklifini qəbul etmədikləri üçün öldürülüb. Üstəlik, dağ yəhudiləri qırğının qarşısını almağa da çalışırmış. O zaman qarşı tərəflə danışıqlara getmiş yəhudi təmsilçisi qəddarlıqla öldürülüb və bununla da dağ yəhudilərinin qətliamına start verilib.

Yəhudilər Holokost zamanı Babi-Yarda olduğu kimi, Qubada da kütləvi şəkildə qətlə yetiriliblər.

Kütləvi məzarlıq dəhşətli həqiqəti sübut edir

2007-ci ildə dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbə (İsrail hüdudlarından kənarda ən böyük yəhudi yaşayış məntəqəsi) yaxınlığında stadion tikən işçilər kütləvi məzarlıq aşkar edib. Oradan minlərlə müsəlman və yəhudinin sümükləri çıxıb. Bu insalar azadlıq sevgisinə, sülhə şəraitində yaşamaq istəyinə görə öldürülənlərdir.

Ümid edək ki, etnik və dini birgəyaşayış modeli olan Azərbaycanın və orada yaşayan yəhudilərin gələcəyi problemsiz olacaq.

Təəccüblüdür ki, 1915-ci ildə Osmanlı imperiyasında 1,5 milyon həmvətəninin soyqırıma məruz qaldığını iddia edən ermənilər 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri Mart soyqırımında əllərinin olmadığı bildirir, bunu qəsdən inkar edirlər.

Müəllif: Nurit Qrincer

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

1918-ci il 31 mart soyqırımı gerçəkləri

Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını – indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı.
Bu tarixi faktlar Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının “1918-ci il 31 mart soyqırımı gerçəkləri” sərlövhəli məqaləsində yer alır. AZƏRTAC məqaləni təqdim edir.

Soyqırımının səbəbləri

Soyqırımının törədilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq çarizm Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək üçün guya Bakıda Azərbaycanın digər yerlərindən fərqli mədəniyyət olduğunu bildirirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri də məqsədli şəkildə dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda, onları Şərq siyasətində bir vasitəyə çevirdi. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra hakimiyyətə gələn bolşeviklər də davam etdirdilər. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V.İ.Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Təsadüfi deyil ki, 1918-ci il mart ayının ikinci yarısında V.İ.Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi.
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Artıq qeyd edildiyi kimi, bu zaman Cənubi Qafqazda bir-birinə əks olan Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət qazanmağa imkanı verər, Tiflisdə fəaliyyət göstərən antibolşevik Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizinə, Şimali Qafqaza və “dünyanın ürəyi” olan Avrasiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin, demək olar, 3 milyonu türk, müsəlman idi. Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin müsəlman olduqları üçün azərbaycanlıları hərbi xidmətə çağırmaması ilə bağlı idi.

Bəhanə

Stepan Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırımına təhrik edirdi. Hücum üçün bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Sovetinin hərbçiləri tərəfindən tərksilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz olduqdan sonra xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.

Soyqırımın həyata keçirilmə üsulları

Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, həmçinin erməni ziyalıları Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi”.
Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi Rəşid bəy İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar. ”.
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.

Soyqırımının nəticələri: avropalılar və amerikalılar nə dedilər?

Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. Regiona səfər edən ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər. İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər. Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi. ABŞ tədqiqatçıları C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını qeyd edirlər.
Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda təqribən 280-300 min nəfər əhali yaşayırdı. Onun təqribən 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində şəhərə yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir.

Azərbaycan mənbələrində nə yazılır?

Müxtəlif siyasi cərəyanların maraqlarını əks etdirən Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxsaylı məlumat var. Məsələn, partiya mənsubiyyəti baxımından bolşevik olan N.Nərimanov 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində qeyd edirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.

Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən, martda yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdü.
Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrilib və 420 müsəlman kəndi dağıdılıb.

Soyqırımını törədənlər istəklərinə nail ola bildilərmi?

Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu.

Azərbaycanın verdiyi qiymət

Cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə – 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin də gerçəkləşdirilməsinə mane oldu.
Prezident Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixli Sərəncamına uyğun olaraq həmin ilin oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır.

Alacağımız ibrət dərsləri

Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır.

Bizi sosial şəbəkələrdə izləyin

Comments are closed, but trackbacks and pingbacks are open.