Press "Enter" to skip to content

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycanın iqtisadi-sosial və siyasi-hüquqi sisteminin qurulmasında olduğu kimi, demokratik inkişafa, xüsusilə də, söz və mətbuat azadlığına olan diqqət-qayğısı da özünü yüksək nəticələrdə göstərirdi. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində xüsusilə nümayiş etdirib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.

Azrbaycanda knd tsrrüfatının inkişafı

Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.

Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.

Ulu öndərin gərgin əməyi nəticəsində, Azərbaycan onun hakimiyyətinin birinci erasında-1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı.

Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Məhz bütün deyilənlərin nəticəsində yalnız Azərbaycan, həmçinin keçmiş SSRİ respublikalarından Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir.Bu mənada, ulu öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.

Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçidlə islahatlar həyata keçirməsinin olduqca çətin və mürəkkəb olduğunun bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.

Ulu öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaradıb. Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi.

Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatların təməli qoyuldu. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun da sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi.

Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tankeri dünya bazarlarına çıxarıldı. Ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılmasından ibarət idi. Ulu öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Ulu öndərin qəti əzmkarlığı və Türkiyə, Azərbaycan və Gürcüstan dövlətlərinin birliyi nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.

Bazar iqtisadiyyatının əsas tələblərindən biri də, ilk növbədə, torpaq islahatlarının həyata keçirilməsi ilə bağlıdır. Torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst istehsal fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. Buna görə də, Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi və torpaqların vətəndaşların istifadəsinə verilməsi üçün bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında müvafiq fərmanlar imzalaması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.

O vaxtdan təxminən 23 il keçəndən sonra cəsarətlə demək olar ki, 1993-2003-cü illərdə Heydər Əliyev prezident olduğu on il ərzində aşagıda qeyd olunan strategiyanı müəyyən etmiş və gərgin əməyi sahəsində buna nail olmuşdur.

– 1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejiminə nail olmaqla iqtisadi inkişafın əsas prioritetlərinin formalaşdırılması;

– ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi;

– dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması;

– cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması;

– müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması, ölkənin əsas regional energetik aktora transformasiyasının başlanması;

– “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi;

– həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması;

– müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.

1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Beləliklə də, ulu öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrilmişdir. Heydər Əliyevin prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır.

Azərbaycanın iqtisadi-sosial və siyasi-hüquqi sisteminin qurulmasında olduğu kimi, demokratik inkişafa, xüsusilə də, söz və mətbuat azadlığına olan diqqət-qayğısı da özünü yüksək nəticələrdə göstərirdi. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində xüsusilə nümayiş etdirib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.

Dahi liderin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı,cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və “dördüncü hakimiyyət” funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” Qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Bir sözlə, ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyev şəxsiyyəti, onun xarizması, iradəsi, təcrübəsi göstərilən dövrdə bizim üçün “millət”, “dövlətçilik”, “idarəçilik sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi sistem dəyərlərin təşəkkülündə və möhkəmlənməsində mühüm rol oynadı.

Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsası olmuşdur. Müstəqil Azərbaycanın Əsas Qanununun – Konstitusiyanın müəllifi kimi ulu öndər Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.

Cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış Heydər Əliyev özünün siyasi və dövlətçilik fəaliyyətində hüquqi dəyərlər sistemində insanların hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması qanunlara eyni cür, dürüst əməl edilməsini daim önə çəkmişdir. İlk dəfə respublikamızın rəhbəri seçildiyi 1969-cu ildən başlayaraq ulu öndər cəmiyyətdə qanunun aliliyi prinsipinin bərqərar olması üçün göstərdiyi qətiyyətli mövqeyi ilə Azərbaycanın da daxil olduğu keçmiş İttifaq dövləti miqyasında böyük nüfuz qazanmışdır. Həmin dövrdə hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atılmış, cinayətkarlığa, xüsusən rüşvətxorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı genişmiqyaslı, güclü və səmərəli mübarizə təşkil edilmiş və bu tədbirlər hər yerdə əks-səda doğurmuş, rəğbətlə qarşılanmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycanda ali hüquq təhsilinin haqq-ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili, vətənpərvər, istedadlı, savadlı, dürüst və vicdanlı hüquqşünas kadrların hazırlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Həmin illərdə ali hüquq təhsili almaq istəyinə qovuşmuş yüzlərlə fəhlə-kəndli övladı bu gün də ulu öndərin xatirəsinə böyük rəğbət və ehtiramla respublikamızın hüquq mühafizə sistemində millətimizə və dövlətimizə sədaqətli xidmət nümunəsi göstərir. Ulu öndərimiz Azərbaycanın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda ötən əsrin tarixi gerşəkliyini xatırladaraq demişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on ıllər ərzində təşkıl olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Hamımıza yaxşı məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş, cəmiyyətimizdə qanunçuluğun əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimyyətdə olanların siyasi naşılığı, dövlət idarəçiliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi altına salmışdı. Bu illərdə prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət yaranmış, bu orqanlar öz fəaliyyətini qanun çərçivəsində göstərə bilməmiş, üzərinə düşən vəzifələri həyata keçirməkdə böyük çətinliklərlə üzləşmişlər.

Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlar cəmiyyətdə qanunçuluğa hörmət prinsipinin bərpasına, cəmiyyətin cinayətkar ünsürlərdən təmizlənməsinə, güclü və səmərəli hüquq-mühafızə sisteminin formalaşmasına şərait yaratmşdır. Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə almmaqla sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu cəmiyyətdə öz nüfuzunu bərpa etməyə, yüksək ictimai etimad qazanmağa nail olmuş, dövlətçiliyin etibarlı sütunlarından birinə çevrilmişdir. Müstəqil dövlətçiliyimizin və cəmiyyətimizin cinayətkar qəsdlərdən qorunmasında, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində fəal mövqe tutan prokurorluq orqanları 1994-1995-ci illərdə qanunsuz silahlı dəstələr tərəfindən törədilən dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, cinayətkarların tapılaraq qanun əsasında məsuliyyətə cəlb olunmasına nail olmuşlar.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına, bu orqanlarda şərəflə çahşanlara qayğısını heç vaxt əsrgəməmişdir. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi o, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Fərəh və qürur hissi ilə qeyd etməliyik ki, MDB-də prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkə Azərbaycan olmuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirirək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gun də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində prokurorluq orqanlarının səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırılmış, ölkədə qanunçuluğun möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə bu orqanların rolu artırılmış, kadrların peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Konstitusiyanın qəbulundan sonra, onun 133-cü maddəsinə uyğun olaraq “Prokurorluq haqqında” Qanun layihəsinin hazırlanıb qəbul edilməsi və 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minməsi prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasını, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasını təmin etmişdir. Azərbaycan prokurorluğunda demokratik, hüquqi dövlət quruculuğunun müasir tələblərinə cavab verən köklü islahatlar və səmərəli struktur dəyişikliklərinin əsası ulu öndər Heydər Əliyevin iştirakı ilə 26 aprel 2000-ci ildə keçirilən geniş müşavirədən sonra başlanmış və uğurla icra edilmişdir. Prokurorluğun həyatında müstəsna rol oynamış bu tarixi müşavirədə dövlət başçısının verdiyi tövsiyə və göstərişlər əsasında həyata keçirilən tədbirlər bu orqanın demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması ilə nəticələnmişdir. Həmin müşavirədəki nitqində ulu öndərimiz demişdir: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidır”. Müdrik və uzaqgörən rəhbərin bu tələb və tövsiyəsi hər bir prokurorluq işçisi üçün həyat və fəaliyyət meyarıdır. Ulu öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin beynəlxalq standartlara və demokratik prinsiplərə əsaslanan, milli dövlətçilik ənənələrindən qaynaqlanan möhkəm hüquqi bazasının yaradılması ardıcıl xarakter kəsb etmişdir. Ölkəmizdə dövlət quruculuğu prosesinin dərinləşməsi prokurorluğun cəmiyyətdə və idarəçilik sistemində rolunu daha artırmaq zərurəti yaratmış, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğa və onun dövlətçiliyimizin möhkəmləndirilməsindəki roluna verdiyi yüksək dəyərin təzahürü olan bu hüquq ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatların verilməsi, habelə müvafiq qanun layihələrinin ali qanunverici orqana təqdim edilməsi ilə gerçəkləşdirilir. Ulu öndərin müstəqil, müasir dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə böyük uğurla davam etdirilmişdir. Bu baxımdan, dövlət başçısının prokurorluq orqanlarına inam və etmadının təzahürü olan qərarları da bu orqanların fəaliyyətininin təkmilləşdirilməsində və müasirləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ölkə Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılmış, 3 sentyabr 2004-cü il tarixli “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə” Sərəncamda isə digər hüquq mühafizə orqanları ilə yanaşı, prokurorluq işçilərinin də yüksək dövlət məvacibi ilə təmin edilməsi, onların əmək haqlarının mərhələlərlə artırılması, sosial təminatlarının yaxşılaşdırılması məsələləri əksini tapmışdır. “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması, korrupsiyaya qarşı ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin tamamilə yeni müstəviyə qaldırılmaqla, strukturunun və iş metodlarının təkmilləşdirilməsi və bu quruma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsi möhtərəm Prezidentimizin prokurorluq orqanlarının dövlət idarəçiliyəndəki roluna verdiyi dəyərin bariz göstəricisidir.

Biz, prokurorluq orqanları əməkdaşları ulu öndərimiz tərəfindən əsası qoyulmuş ənənənin sadiq davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyevin diqqətini, qayğısını və dəstəyini daim görür və hiss edir, Baş Prokurorluğun rəhbərliyinin əmr və göstərişlərinə dürüst əməl etməklə öz xidməti vəzifələrimizin icrasında bu etimadı doğrultmağa çalışırıq.

Demokratik cəmiyyətdə öz funksiyalarını yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, bütövlükdə hüquq sisteminin inkişafında fəal və əhəmiyyətli rol oynamaqla ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da qətiyyət və əzmlə işləmək, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin layiqincə qorunmasına xidmət etmək prokurorluğun hər bir əməkdaşının şərəfli borcudur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun

Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlik

və Dövlət Sərhəd Xidmətlərinin istintaq, təhqiqat və

əməliyyat-axtarış fəaliyyətində qanunların

icrasına nəzarət idarəsinin rəis müavini,

baş ədiliyyə müşaviri Rauf Məmmədov

Respublika, fevral 2018-ci il

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.

Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.

2. Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər

Təhsilin sosial-iqtisadi rolu. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün bunlar təhsilin dövlət xərclərində prioritetliyini getdikcə artırmaqdadır. Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliyə malikdir.

Müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür.

Eyni zamanda, sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır.

Təhsilin keyfiyyəti və əhatəliliyi. Orta gəlirli ölkələr arasında rəqabətin güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Digər tərəfdən, yalnız təhsilə cəlb etmə səviyyəsinin artırılması və təhsil infrastrukturunun genişləndirilməsi insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur. Son dövrlərdə bir sıra ölkələr tərəfindən təhsilin inkişafı məqsədi ilə təhsil infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərclənsə də, həmin ölkələrdə təhsilin nəticələrində müsbət irəliləyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməlidir.

Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Müasir təhsil sistemi fоrmal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsil forması ilə yanaşı infоrmal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-fоrmal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarını da nəzərdə tutmuşdur.

Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.

Bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 il təşkil edir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır.

Təhsilin məzmunu. Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır.

Son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Burada ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir.

Müəllim və tədris metodikaları. Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur.

Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.

İdarəetmə. Təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi, adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi və bu zəmində stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi, habelə maliyyələşmə mənbələrinin yetərliyinin təmin edilməsi təşkil edir.

İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir.

Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.

Qloballaşma prosesləri müxtəlif dövlətlərin təhsil sistemlərinin inteqrasiyasını şərtləndirir. Hədəflər kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş kompetensiyalar qrupu əsas götürülür. Artan tələbə – müəllim mübadiləsi nəzərə alınaraq, təhsil standartlarının unifikasiyası məqsədi daşıyan Bolonya prosesi sürətlənir. Ali təhsildə özəl sektorun rolu tədricən güclənir, dövlət maliyyələşdirilməsi özəl sektorun maliyyəsi ilə əvəzlənir. Dövlət maliyyələşdirməsinin həcmi Almaniya, Avstriya və İtaliyada 90 faiz olduğu halda ABŞ, Avstraliya, Yaponiya və Kanadada cəmi 50–70 faiz təşkil edir.

3. Azərbaycan Respublikasında təhsilin vəziyyəti

Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.

Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artmışdır. Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir.

Təhsilin keyfiyyəti və əhatəliliyi. Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur. Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür uzunluğu göstəricisinin artması baxımından böyük nailiyyətlər əldə etmişdir.
Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.

Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir.
Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac vardır.

Ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranmışdır. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.

Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.
Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.

Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.

Təhsilin məzmunu. Ümumi təhsilin dövlət standartları və proqramları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmişdir. Həmin istiqamətdə yeni fənn kurikulumları və dərsliklər ümumi təhsilin I–VI siniflərində tətbiq edilir, VII–XI siniflərində isə həmin məqsədlə işlər davam etdirilir. Məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir.

İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.
Müəllim və tədris metodikaları. Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.

Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilmişdir. Bununla yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır.

İdarəetmə. Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi zəruridir.

Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir.

Təhsilin effektiv idarə olunması məqsədi ilə informasiya sistemi yaradılsa da, onun inkişafına ehtiyac duyulur. Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir.

Təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmək, hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik olmalı və buna müvafiq olaraq cavabdehliyini dərk etməlidir.

Təhsilin maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilməli və təhsil sistemində rəqabət mühitinin inkişafını dəstəkləməlidir. Bunun üçün təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur.

İnfrastruktur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənmiş, bütövlükdə təhsilin infrastrukturu müasirləşmişdir. Bununla yanaşı, təhlillər göstərir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur.

Azərbaycan Respublikasında ümumi təhsilin V–XI sinifləri üzrə şagird–kompyuter nisbəti 2012-ci ildə 20:1 təşkil etmiş, təhsil müəssisələrinin yalnız 37 faizi internet bağlantısı ilə təmin olunmuşdur. Təhsil müəssisələrində internetə çıxış imkanları genişləndirilməklə, təhsildə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi inkişaf etdirilməlidir.

Qlobal iqtisadi inkişafın tələblərinə uyğun şəkildə beynəlxalq təcrübədən istifadə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqini zəruri edir. Bu sahədə mövcud problemlərdən biri Azərbaycan dilində müvafiq tətbiqi kontentin olmamasıdır.

Ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, regionlarda təhsilin bütün pillələri üzrə, o cümlədən ali təhsil pilləsini əhatə edən yeni təhsil ocaqlarının yaradılması və inklüziv təhsilin tətbiqi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına xidmət edəcəkdir.

4. Təhsil sisteminin başlıca vəzifələri

Təhsil sisteminin başlıca vəzifələri aşağıdakılardır:

– ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;
– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

5. Strategiyanın məqsədi

Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.
Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.

6. Strateji istiqamətlər

1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.

7. Strateji hədəflər və tədbirlər

1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
1.1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması:
1.1.1. məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması;
1.1.2. uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması;
1.2. səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması:
1.2.1. 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi;
1.2.2. kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması;
1.2.3. istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması;
1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması;
1.3. cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması;
1.4. ali təhsil müəssisələrinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi:
1.4.1. cəmiyyətin və iqtisadiyyatın tələbatlarına uyğun olaraq hər bir ixtisas üzrə müasir standartların hazırlanması;
1.4.2. qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə müasir kurikulumların hazırlanması;
1.4.3. ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin verilməsi;
1.4.4. ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
2.1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
2.1.1. təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
2.1.2. təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
2.1.3. müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
2.1.4. pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
2.2. təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslarının inkişafı:
2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması;
2.2.2. təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
2.3. müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı:
2.3.1. səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
2.3.2. müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
2.3.3. müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
2.4. şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
2.4.1. istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi;
2.4.2. hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması;
2.5. xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
2.5.1. xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
2.5.2. məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.
3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması.
3.1. Təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması:
3.1.1. tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq təcrübəyə uyğun yenidən müəyyənləşdirilməsi;
3.1.2. təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması:
3.1.2.1. məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması;
3.1.2.2. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;
3.1.2.3. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması;
3.1.2.4. tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi;
3.1.2.5. təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi;
3.1.3. beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin yaradılması;
3.1.4. təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması;
3.1.5. təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi;
3.1.6. ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi;
3.2. təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
3.2.1. təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi;
3.2.2. təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması;
3.2.3. maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;
3.3. təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması:
3.3.1. qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması;
3.3.2. ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin yaradılması və tətbiqi;
3.3.3. beynəlxalq təhsil proqramlarının tanınması və təhsil müəssisələrində dövlət təhsil proqramları ilə yanaşı ödənişli əsaslarla tətbiqi;
3.3.4. təhsil müəssisələrinin reytinq sisteminin yaradılması;
3.3.5. qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması;
3.3.6. keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi;
3.3.7. təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsilverənlər, təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi;
3.4. təhsilin idarə olunmasının məlumat sistemləri və yeni hesabatvermə modelinin yaradılması:
3.4.1. bütün təhsil pillələri üzrə Təhsilin İdarə olunmasının Məlumat Sistemləri və “Tələbə–məzun” sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin edilməsi;
3.4.2. təhsil müəssisələrində məlumat bazalarının, məzun–koordinasiya–informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləndirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi;
3.4.3. əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması;
3.5. qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması:
3.5.1. təhsil müəssisələrində keyfiyyətin monitorinqi (xarici və daxili) və qiymətləndirmə mexanizmlərinin yaradılması;
3.5.2. ümumi təhsilin səviyyələri nəzərə alınmaqla, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsi;
3.5.3. ümumi təhsil müəssisələri şagirdlərinin biliyin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda iştirakının təmin olunması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
4.1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması;
4.2. təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması;
4.3. distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması;
4.4. müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması;
4.5. məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması;
4.6. kampusların yaradılmasının təşviqi;
4.7. ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi;
4.8. təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
5.1. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması;
5.2. təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid;
5.3. dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi;
5.4. büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması;
5.5. təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi;
5.6. mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi;
5.7. təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması;
5.8. ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması;
5.9. aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması;
5.10. müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması;
5.11. tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması;
5.12. müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması;
5.13. təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması;
5.14. təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi;
5.15. məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi.

8. Strategiyanın həyata keçirilməsi

Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Strategiyanın məqsədi və məzmunu kütləvi informasiya vasitələri və digər üsullarla əhaliyə, təhsil müəssisələrinin pedaqoji heyətinə və digər hədəf qruplarına çatdırılır.

Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı beynəlxalq ekspertlər cəlb olunmaqla hazırlanır və təhsil sisteminin hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətləri, seçilmiş prioritetləri, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramlarını, icraya məsul və tərəfdaş qurumları, ara və yekun hədəfləri və icra dövrünü müəyyən edir.

Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə Strategiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.

Comments are closed, but trackbacks and pingbacks are open.