Press "Enter" to skip to content

Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları

Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt texnologiyalarının tətbiqi insan fəaliyyətinin bütün sferalarına daxil olmuşdur. Son dövrlərdə artıq bu texnologiyalar kənd təsərrüfatında da tətbiq olunmağa başlanılmışdır. Bu baxımdan qarşıda duran problemlərdən ən əsası abiotik və biotik stres amillərinin inkişaf dinamikasının qabaqcadan proqnozlaşdırılmasıdır. Bu yanaşmada artıq maşınöyrənmə üsulları tətbiq edilməyə başlanmışdır. Zərərvericilərin hansı ərazilərdə yayılacağını, iqlim faktorlarının onların intensivliyinə təsirini qabaqcadan proqnozlaşdırmaqla epifitotiyaların qarşısını almaq olar. Süni intellekt texnologiyalarına əsaslanan peyk müşahidə sistemləri, yaxud bitkinin vəziyyətini qiymətləndirərək vaxtında gübrələrlə, boy stimulyatorları ilə, zərərvericilrərə qarşı kimyəvi maddələrlə işlənməsini özü idarəedən “ağıllı texnika”nın tətbiqi gələcəkdə məhsuldarlığın artırılmasına çox böyük təkan verəcəkdir (Talavia et al., 2020).

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artmışdır.

Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilmişdir. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır.

Lakin yuxarıda qeyd edilənlərlə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, gələcəkdə maliyyə resurslarının diversifikasiyasının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması məqsədilə istehsalçıların maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi vacib məsələlərdəndir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş prioritetlərdə əhatə edilmiş tədbirlərin həyata keçirilməsini sürətləndirmək zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası:

1.1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərə tutulmuş prioritetlərdə göstərilən aşağıdakı tədbirlərin əhatə edildiyi daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə, bir ay müddətində hazırlayaraq təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1.1.1. kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 3.1-ci prioritet üzrə:

1. kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi;

2. kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması;

3. kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması;

4. kreditlər üçün girov bazasının genişləndirilməsi;

5. kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması;

6. aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması;

7. kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması;

1.1.2. aqrar sığortanın inkişaf etdirilməsi ilə bağlı 3.2-ci prioritet üzrə:

1. kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi;

2. kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi;

3. Sığorta Hadisələri Reyestrinin hazırlanması;

4. karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması;

5. kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta savadlılığının artırılması;

1.1.3. aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi ilə bağlı 3.3-cü prioritet üzrə:

1. aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin hazırlanması;

2. aqrar sahədə investisiya mühitinin yaxşılaşdırılması;

1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş tədbirlər planının qanunvericilik və institusional islahatların həyata keçirilməsini nəzərdə tutan hissəsinin 2017-ci ildə icrasını təmin etmək məqsədilə zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2017-ci il.

Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları

Dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmişdir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixində silinməz izlər qoymuşdur.

Ulu öndərin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırılmasına tam təminat verir.

Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir.

Möhtərəm Prezidentin diqqət və qayğısı sayəsində əvvəlki dövrdə əldə edilmiş müsbət tendensiyalar, yeni iqtisadi və mülkiyyət münasibətləri son 12 ildə daha da inkişaf etdirilmiş, normativ hüquqi baza əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Elmi əsaslandırılmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, həyata keçirilən məqsədyönlü proqramlar kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə də digər analoji proqramlar (“Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və s.) aqrar sahə mütəxəssislərinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulmasını da aqrar sahəyə göstərilən diqqətin nümunəsi hesab etmək olar.

Aqrar sahədə problemlərə kompleks, məqsədyönlü yanaşma istiqamətində atılan addımlar sırasında möhtərəm Prezidentin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, daha sonra Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi-tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılması, elmi idarəetmə sistemində aparılan struktur islahatları, müasir dövrün çağırışları ilə səsləşən yeni tipli sosial-iqtisadi layihələrindən biri kimi elektron kənd təsərrüfatı sisteminin geniş tətbiq edilməyə başlamasını göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli 396 nömrəli fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 nömrəli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Aqrar Elmlər Bölməsinin yaradılması və ona respublikada müvafiq elmi-tədqiqat və təhsil müəssisələrinin elmi fəaliyyətlərinin koordinasiyasının tapşırılması da məqsədyönlü strateji uzaqgörənliyin, siyasi iradənin göstəricisidir.

Aqrar Elmlər Bölməsi yeni iqtisadi münasibətlər və beynəlxalq inteqrasiya şəraitində milli kənd təsərrüfatı tədqiqatları sisteminin dinamik və proporsional inkişaf strategiyasının işlənib hazırlanmasında istinad nöqtəsi və bazis rolunu oynamaqla elmi-texniki fəaliyyətin planlaşdırılması, təşkili və əlaqələndirilməsinin ən mühüm istiqamətlərini əhatə edir. Qısa müddətdə respublikada fəaliyyət göstərən aqraryönümlü bütün təşkilat və elmi-tədqiqat institutları, həmçinin müvafiq fakültələri olan ali təhsil ocaqları ilə geniş əlaqələr yaradılmışdır. 2015-ci ildə aqrar elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında koordinasiyanın təmin edilməsi istiqamətində daha bir addım atılmışdır. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sı və “Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şura”sı yaradılmış və hər iki şura artıq fəaliyyətə başlamışdır.

Bölmənin tərkibinə Azərbaycan Milli Elmlər Akademiyasının 3 elmi-tədqiqat institutu – Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və Eroziya və Suvarma İnstitutu daxil edilmişdir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının digər strukturlarında olduğu kimi bu institutlarda da çox ciddi elmi-nəzəri və təcrübi-innovativ tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir:

  • Azərbaycan torpaqlarının aqroekologiyası, ekoloji qiymətləndirilməsi, torpaq münbitliyinin modelləşdirilməsi, dövlət torpaq kadastrı və onun elmi əsasları işlənib hazırlanmışdır;
  • Azərbaycan dövləti haqqında hərtərəfli məlumatları özündə əks etdirən “Azərbaycan Respublikasının Milli Atlası”, Azərbaycanın Torpaq Atlası və Azərbaycan Respublikasının 140-dan çox xəritədən ibarət Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində “Ekoloji Atlas”ları nəşr etdilmiş, torpaq örtüyünün tamamlanmış sistematikası və müasir torpaq təsnifatı hazırlanmışdır;
  • torpaq münbitliyinin bərpası, mineral və üzvi gübrələrin tətbiqinin səmərəliliyi öyrənilmiş, torpaqda azot itkisinin qarışığını almaq üçün inqibitor, üzvi tullantılardan və bitki qalıqlarından üzvi gübrə alınması prosesini sərtləndirən katalizator maddələr alınmış və patentləşdirilmişdir;
  • Böyük Qafqazın müxtəlif landşaft tiplərinə aid torpaq və bitkilərində əsas mikroelementlərin torpaq-bitki sistemində miqrasiyasının bitkinin növündən və bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişilməsi müəyyən edilmişdir;
  • Azərbaycanın torpaqları eroziyaya uğrama dərəcəsinə görə müəyyənləşdirilmiş və xəritələşdirilmişdir;
  • eroziyanin və onun inkişaf etmə intensivliyinin öyrənilməsi əsasında yamacların mühafizəsini, yüksək və keyfiyyətli məhsulun əldə edilməsini, qış və yay otlaqlarının məhsuldarlığının artırılmasını, meşələrin susaxlayıcı və torpaqqoruyucu rolunun artırılmasını təmin edən kompleks elmi tədbirlər işlənib hazırlanmışdır;
  • kənd təsərrüfatı bitkilərinin mütərəqqi üsullarla suvarılması istiqamətində aparılmış tədqiqatlar əsasında yeni suvarma texnologiyaları işlənib hazırlanmışdır;
  • Azərbaycanın zəngin genetik müxtəliflik xəzinəsinin qorunması üçün 400 cinsə, 1200 növə aid qiymətli nadir bitkilərin 11 mindən çox nümunəsi toplanaraq məlumat bazası yaradılmış, regionda ilk Milli Genbankda mühafizə olunur;
  • kənd təsərrüfatı bitkilərinin 10-dan çox, tut ipəkqurdunun 4 yeni cins, sort və hibridi patentləşdirilərək rayonlaşdırılmışdır;
  • gələcəkdə məhsuldarlığın artırılmasında mühüm rol oynayacaq yeni tipli şaxəlilik əlamətinə malik sintetik buğda növü yaradılmışdır;
  • bitki biomüxtəlifliyi genom səviyyəsində tədqiq olunmuş, bitkilərdə yüksək məhsuldarlıq, keyfiyyət, stressə davamlılıq genləri və müvafiq genotiplər identifikasiya olunmuş, 600-dən çox nümunə kompleks xüsusiyyətləri ilə sezilərək seleksiya proqramlarında səmərəli istifadəyə cəlb edilmişdir;
  • bitkilərdə Azərbaycan üçün yeni 7, elm üçün yeni bir növ virus aşkar edilmişdir ki, bunlar da müasir mübarizə üsullarının inkişafına təkan verəcəkdir;
  • ozonlaşdırmanın genbankda mühafizə edilən bitkilərin irsi tamlığının bərpasına, becərilən bitkilərin inkişafına, keyfiyyətinə və saxlanmasına stimullaşdırıcı təsir göstərdiyi tədqiqatlarla müəyyən edilmişdir.

Həmçinin onu da qeyd etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin institutlarında yaxşı təlim keçmiş gənc alimlər tərəfindən müasir avadanlıqlardan istifadə etməklə və ən yeni metodlara yiyələnməklə dünya standartları səviyyəsində tədqiqatların aparılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda ilk dəfə “Genomika” laboratoriyası yaradılmış və burada bitki genomunun sürətli oxunmasını həyata keçirən yeni nəsil sekvenserləri quraşdırılmışdır. Onların köməyi ilə bitkilərin genomları haqqında əvvəllər mümkün olmayan həcmdə və dəqiqlikdə informasiya əldə edilə biləcəkdir. Habelə, Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Mobil Aqrar Tədqiqatlar laboratoriyası da alınmışdır ki, bu da hərtərəfli multidissiplinar elmi araşdırmaların aparılmasına imkan verir.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyası ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır.

Qeyd edilən sərəncamın icrasına müvafiq olaraq Aqrar Elmin İnkişaf Konsepsiyasının hazırlanması haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən verilmiş 105 saylı, 4 iyun 2014-cü il tarixli sərəncam ölkədə aqrar elm, onun nəzəri-konseptual və tətbiqi problemlərini müəyyənləşdirmək baxımından məntiqi bir addım olmuşdur.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi tərəfindən beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslar keçirilmiş, Azərbaycanda kənd təsərrüfatının və aqrar elmin mövcud vəziyyətinin real qiymətləndirilməsi istiqamətində lazımi təhlillər aparılmış, dünya təcrübəsi öyrənilmiş, nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturunu, orta və uzunmüddətli prioritetlərini və inkişaf perspektivlərini, bunların reallaşdırılması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələrini, yeni idarəetmə və koordinasiya sisteminin konturlarını müəyyənləşdirən İnkişaf Konsepsiyası hazırlanmışdır.

Göründüyü kimi, son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən əsaslı islahatlar və Aqrar Elmlər Bölməsinin bu islahatlara müvafiq olaraq gördüyü işlər nəticəsində Azərbaycanda aqrar elmin təşkilati strukturunun müasir tələblər səviyyəsində qurulması, aqrar elm sahəsində mövcud olan ciddi pərakəndəliyin aradan qaldırılması istiqamətində mühüm və həlledici hesab edilə biləcək addımlar atılmışdır.

Lakin bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş yüksək məqsədlər baxımından kənd təsərrüfatı məhsulları istehsalı, xüsusən də aqrar elm qarşısında hələ görüləsi çox iş vardır.

Hazırda respublikada qeyd edilən istiqamətlərdə fəaliyyət göstərən 11 elmi-tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin strukturuna daxil olan 8, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində 3 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ölkədə həmçinin regional aqrar elm və informasiya məsləhət mərkəzləri və elmi-tədqiqat institutlarının 50-dən artıq təcrübə-istehsalat bazası vardır. Naxçıvan Muxtar Respublikasının “Araz” Elm İstehsalat Birliyi öz fəaliyyətini Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə əlaqələndirir. Bunlardan başqa, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi, Naxçıvan Dövlət Universitetinin, digər universitetlərin müvafiq kafedraları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 2 elmi-tədqiqat institutu aqrar sahə ilə bu və ya digər dərəcədə əlaqədar elmi tədqiqatlar aparırlar.

Son illərdə institutların modernləşdirilməsi ilə bağlı mühüm tədbirlər görülsə də, onların əksəriyyətinin mandatının ölkənin aqrar bölməsinin prioritet istiqamətlərinə uyğunluğuna yenidən baxılmalıdır. Elmi-tədqiqat müəssisələrinin çoxunun maddi-texniki və elmi potensialı zəifdir, binalar, qurğular, maşın və avadanlıqlar müasir tələblərə cavab vermir. İnstitutlar rəqabətqabiliyyətli deyildir, məhsulları, o cümlədən yeni sortlar, cinslər, toxum, ting materialları, texnologiyalar, kadrlar, informasiya dünya standartları səviyyəsindən geridə qalır. Respublikanın mövcud ərazisinin 4,5 milyon hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Lakin bu torpaq sahələrinin müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğraması ölkənin aqrar sektorunun inkişafına maneçilik törədən əsas səbəblərdən biridir.

Ölkəyə hələ də bu və ya digər kənd təsərrüfatı məhsulları, o cümlədən prioritet hesab edilən taxıl və taxıl məhsulları idxal edilir. Müxtəlif (o cümlədən, qadağan edilməsinə baxmayaraq, geni dəyişdirilmiş) bitkilərin toxumlarının və digər əkin materiallarının (xüsusən, F1 hibridlərinin toxumlarının) idxalı bir sıra hallarda rəsmi icazə olmadan aparılır. Gətirilən toxum materiallarının əhəmiyyətli bir hissəsinin F1 hibridlərindən ibarət olması fermerləri xarici şirkətlərdən asılı vəziyyətə salır.

Ölkədə heyvandarlığın vəziyyəti nisbətən qənaətbəxş olsa da, burada da xarici qaramal cinslərindən, onların toxum materialından ciddi asılılıq mövcuddur, külli miqdarda heyvan mənşəli qida məhsulları idxal olunur.

Məhsul istehsalının artımında intensiv amillərin rolu qənaətbəxş deyildir. Bu özünü ilk növbədə məhsuldarlığın artımının arzuolunan tempinin əldə edilməməsində, istehsal xərclərinin strukturunda və səviyyəsində göstərir.

Yuxarıda sadalanan problemlərin həlli aqrar elmin vahid mərkəzdən idarə olunmasını, nəzəri-fundamental və innovativ-tətbiqi elmi araşdırmaların (o cümlədən nanotexnologiyalar, molekulyar və gen səviyyələrində) aparılmasını, dəyişən mühitə davamlı, yüksək məhsuldar və keyfiyyətli bitki sortları və heyvan cinslərinin, mütərəqqi becərmə texnologiyalarının yaradılmasını, iqlim, torpaq, su və s. resurslardan istifadənin, eləcə də kənd təsərrüfatı sistemlərinin idarə edilməsinin optimallaşdırılmasının elmi əsaslarının işlənib hazırlanmasını və daim təkmilləşdirilməsini, sistemə daxil olan strukturların modernləşdirilməsini tələb edir.

Bütün dünyada gedən tendensiyaların təhlili göstərir ki, aqrar sahənin elmi təminatının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində islahatlar intensivləşdirilməlidir. Koordinasiya gücləndirilməli, tədqiqat proqramları, elmi mövzular dövrün yüksək tələbləri baxımından ciddi şəkildə seçilməli və onlar adekvat maliyyə resursları ilə təmin edilməlidir. Təkcə dövlət vəsaiti hesabına rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı tədqiqatları sistemi yaratmaq davamsız ola bilər. Problemləri qlobal şəkildə həll etmək üçün aqrar elm, qismən də olsa, kommersiyalaşdırılmalıdır.

Aqrar elmin maddi-texniki və texnoloji bazasının ən müasir və yüksək səviyyədə modernləşdirilməsi, milli, regional və qlobal elmi mərkəzlərin yaradılması zəruridir. İnstitutların strukturunu mobil vəziyyətə gətirmək, işçilərdən yerində istifadə edilməsinə nail olmaq, ixtisasartırmaya və elmi səviyyənin yüksəldilməsinə olan ehtiyacları aşkara çıxararaq ödəmək, yüksək ixtisaslı gənc alimlərin karyera inkişafını stimullaşdırmaq lazımdır.

Bugünkü dünyada mövcud olan texniki tərəqqi və texnoloji imkanlar problemlərə kompleks, innovativ yanaşmaları, onların həlli üçün yeni texniki vasitələrin və texnologiyaların tətbiqini, multidissiplinar tədqiqatları mümkün edir. Məsələn, son 20 ildə dünyada molekulyar biotexnologiya metodlarından istifadə edilməklə çox sayda bitki sort və formaları yaradılmışdır ki, bunlar da dünya əhalisinin ərzaqla təminatında mühüm rol oynayır. Dünya üzrə olduğu kimi, Azərbaycanın aqrar elmində də ən müasir avadanlıqların istifadəsi ilə toxuma kulturası, gen köçürməsi, molekulyar seleksiya, nano-, bio- və informasiya texnologiyalarının tətbiqi üzrə tədqiqatların aparılması imkanları yaradılmalı, sınaqdan çıxmış texnologiyalar Azərbaycana gətirilməli, onlar yerli şərait nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.

Aqrar elmin qarşısında duran vəzifələrin səmərəli icrası həmçinin yüksək ixtisaslı, müasir biliklərə və dünyagörüşünə yiyələnmiş kadr potensialının yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin modernləşdirilməsi, təhsilin səviyyəsinin dövrün tələblərinə uyğun artırılması vacibdir. Aqrar təhsil sisteminin təkmilləşdirilməsi və yenidənqurulması, ilk növbədə, bu sahədə mütəxəssislərə olan ehtiyacların strateji baxımdan dəqiq müəyyənləşdirilməsindən başlanmalıdır. Mövcud tədris-təlim proqramları müasir elmi-nəzəri və təcrübi əsaslarla (o cümlədən, xaricdə təhsillə bağlı) yenidən işlənib hazırlanmalıdır. Azərbaycan Dövlət Aqrar Universiteti ölkədə kənd təsərrüfatı sahəsində bakalavr və magistr dərəcəli kadrlar hazırlayan ixtisaslaşmış ali təhsil müəssisəsidir. Burada ixtisas sahələri, tədris edilən fənlər kənd təsərrüfatı və onun digər sahələri və regional ixtisaslaşmanın ehtiyacları ilə uyğunlaşdırılmalı, biotexnologiya, qida mühəndisliyi və informasiya texnologiyalarının tədrisinə diqqət artırılmalıdır.

Mövcud mütəxəssislərin peşə hazırlığının artırılması da daim diqqət mərkəzində olmalıdır. Bunun üçün qısamüddətli yerli və beynəlxalq kurslar kifayət deyildir. Ona görə də fermer təsərrüfatlarından tutmuş dövlət qulluğuna qədər müasir standartlara cavab verən məqsədli təlim proqramlarının təşkil olunması və aqrar sahədə çalışan mütəxəssislərin yenidən hazırlanmasında ardıcıllıq zəruridir. Yeni tədqiqat, tətbiq və yayım üzrə açıq və qeyri-mərkəzləşdirilmiş sistemin qurulması hazırlıqlı kadrlar, müasir bilik və vərdişlər, tədqiqata yeni baxış tələb edir. Öz növbəsində bu, sistemə yeni təfəkkür tərzinə malik gənc kadrların cəlb edilməsini təxirəsalınmaz zərurətə çevirir. Hazırda müasir fundamental və tətbiqi tədqiqatların konkret sahələri, layihə idarəetməsi, kompüter texnologiyaları, xarici dillər istiqamətlərində ən müasir elmi biliklərə malik kadrlara xüsusilə kəskin ehtiyac duyulmaqdadır.

Təhsilin səviyyəsinin dünya standartlarına çatdırılması üçün beynəlxalq əməkdaşlığın, müəllim, tələbə, tədris proqramları və təcrübə mübadiləsinin çox böyük səmərəsi ola bilər. Kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasında ən mühüm amil kimi elm və təhsilin inteqrasiyasına nail olunması, müasir elm və tədris-təcrübə sisteminin yaradılması ən vacib məqsədlərdən olmalıdır. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası tərəfindən birlikdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi məqsədəmüvafiq olardı.

Dünyanın əksər inkişaf etmiş ölkələrində “elm-istehsalat-tədris” və yaxud “elm-tədris-təcrübə mərkəzləri” (elm holdinqləri) modelləri təcrübəsi mövcuddur. Azərbaycanda da belə modellərdən istifadə edilməsi üçün real imkan və şəraitlər vardır, onları böyük vəsait sərf etmədən reallaşdırmaq olar. Yüksək peşəkar kadrlar hazırlamaq məqsədilə mövcud elmi-tədqiqat institutlarının gücündən, müvafiq bölgələrdə yerləşən təcrübə bazalarından istifadə edilməlidir. Bu, təhsil müəssisələri ilə elmi idarələrin funksional baxımdan yaxınlaşaraq birgə fəaliyyət göstərməsinə və yeni Elm-Tədris-Təcrübə Mərkəzləri sisteminin yaradılmasına imkan verə bilər. Təhsillə aqrar elmin inteqrasiyası sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında artıq bir sıra ciddi addımlar atılmışdır. Burada Aqrar Elmlər Bölməsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda Bakı Dövlət Universitetinin bir kafedrasının filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin baza kafedrası yaradılmış, kadr hazırlığı və birgə tədqiqatları nəzərdə tutan əməkdaşlıq sazişləri imzalanmışdır. İlk dəfə olaraq magistraturaya seleksiya ixtisası üzrə 2 nəfər gənc qəbul edilmişdir. Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti arasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumları imzalanmışdır. Daha bir müqavilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Elm və tədris mərkəzinin yaradılması haqqında olmuşdur. Bu sahələrdə fəaliyyətlərin daha da intensivləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsində son dövrlərdə tətbiqi-innovativ fəaliyyətlərə də ciddi diqqət verilir. Belə ki, aqrar sektorda inkişafa elmi əsasda dəstək məqsədilə hazırda akademiyanın istifadəsində olan əkinə yararlı, kənd təsərrüfatı təyinatlı torpaqlarda Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə Sənaye Zavodunun bazasında istehsal olunmuş “Azofos” azotlu-fosforlu mineral gübrəsinin və yeni yaradılmış ekoloji təmiz üzvi gübrələrin sınaqdan keçirilməsi məqsədilə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, Mikrobiologiya, Botanika, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarının iştirakı ilə səyyar tədqiqat işçi qrupu yaradılmış, sınaqlar həyata keçirilmiş və yüksək nəticələr əldə olunmuşdur. Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının respublikanın müxtəlif bölgələrində yerləşən dayaq məntəqələri ərazisində yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirilir. Buna bir nümunə olaraq qeyd etmək yerinə düşər ki, Kürdəmir rayonu ərazisində 50 hektar sahədə yüksək keyfiyyətli buğda becərilmişdir. Həmçinin əldə olunan məhsul Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fonduna təhvil verilmişdir.

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprel ayının 4-dən oktyabrın ayının 10-dək Qəbələ rayonunda “Tarla günləri” açıq hava sərgisi keçirilir. Sərgidə iştirak etmək üçün dövlət qurumları, aqrar sektorda fəaliyyət göstərən şirkətlər, toxumçuluq təsərrüfatları ilə bərabər Azərbaycan Milli Elmlər Akademiyasına da 0,40 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma və akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutları bu sərgidə iştirak edirlər və ayrılmış sahənin 0,30 hektarında ekoloji kənd təsərrüfatı üsulları ilə, 0,10 hektarında isə “Azofos” azotlu-fosforlu gübrəsinin tətbiqi ilə nümunəvi təsərrüfat-istehsalat işlərinin yerinə yetirilməsi təmin olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin nəzdində fəaliyyət göstərən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşməklə Azərbaycan Milli Elmlər Akademiyasının istifadəsində olan torpaq sahələrində nümunəvi təsərrüfat istehsalat layihələri həyata keçirilir. Görülən işlərin mütəşəkkil və kompleks formada həyata keçirilməsi məqsədilə bu təsərrüfatın bazasında aqrobiznes sektorunun bütün sahələri əhatə edəcək müasir Aqroparkın yaradılması planlaşdırılır. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli fərmanının 6.3-cü bəndinin icrasına uyğun olaraq aqrar sahədə “Elektron kənd təsərrüfatı” İnformasiya Sisteminin təşkili, fəaliyyəti və bu sistemin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərinin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 408 nömrəli qərarı ilə “Elektron kənd təsərrüfatı” İnformasiya Sistemindən istifadə Qaydaları” təsdiq edilmişdir. Hazırda dövlət ehtiyatlarının iqtisadi qiymətləndirilməsi və onlardan istifadənin uçotunun əsasını təşkil edən torpaq və digər kadastr növlərinin yaradılması və aparılması problemi öz aktuallığı ilə seçilir. Məlumdur ki, bu qəbildən olan işlərin yerinə yetirilməsində coğrafi informasiya texnologiyalarından, ərazilərin vəziyyətinin qiymətləndirilməsində peyk texnologiyaları, lazer skanlaşdırma və rəqəmli metodlardan istifadəyə əsaslanan məsafədən zondlamanın tətbiqi ən yaxşı vəsaitlərdəndir.

Mövcud tədqiqat sisteminin ən zəif tərəflərindən biri informasiya idarəetmə sisteminin tələb olunan səviyyədə mövcud olmamasıdır. Sistemin qurulmasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi potensialından bu sahədə istifadə edilməsinin təmin olunması qarşımızda duran prioritet məsələlərdəndir. Məsələlərin qoyuluşundan göründüyü kimi, müasir çağırışların cavablandırılması yalnız müxtəlif elm sahələrinin qovşağında aparılan fundamental-tətbiqi, multidissiplinar elmi tədqiqatların nəticəsində mümkündür. Bu problemin aradan qaldırılması üçün aşağıdakı zəruri tədbirlər kompleksi həyata keçirilməlidir:

  1. aqrar sahədə informasiyanın toplanması və təhlilinin vahid standartları yaradılmalıdır;
  2. informasiyanın toplanması və təhlili mexanizmi işlənilməli, proqram təminatı inkişaf etdirilməli və heyətin təlimi təşkil edilməlidir;
  3. bütünlükdə informasiya mübadiləsinin sürətləndirilməsi, ona çıxışın asanlaşdırılması və şəffaflığın təmin olunması yaradılmalıdır.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti telekommunikasiya və coğrafi informasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir ki, bundan da aqrar sektorda, xüsusilə yüksək dəqiqlikli əkinçilikdə geniş tətbiq oluna bilər. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair 27 yanvar 2015-ci il tarixində təşkil edilmiş toplantıda ölkə başçısı cənab İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq “Azərkosmos Azersky” peykindən istifadə edərək bu sahəyə öz töhfəsini vermək, yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoymuşdur. Bu baxımdan aqrar sahənin inkişafında baş verən cari dəyişikliklərin müntəzəm vizual nəzarətdə saxlanılması və yüksək dəqiqlikli əkinçilik sisteminin yaradılması məqsədilə kosmik sistemlərdən istifadə edilməklə monitorinqin aparılması imkanlarından yararlanmaq vacibdir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, ölkə Prezidenti İlham Əliyevin ölkədə aqrar sahənin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamların icrasına müvafiq olaraq, respublikada əkinçilik mədəniyyətinin və kənd təsərrüfatı istehsalının yüksəldilməsi, üzvi və mineral gübrə istehsalının və tətbiqinin genişləndirilməsi, suvarma və meliorasiya tədbirlərinin həcminin artırılması, bitkiçilik və heyvandarlıq sahəsində yeni sort və cinslərin yaradılması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan institutların və digər aqraryönümlü sahə institutlarının elmi potensialından səmərəli istifadə etməklə əsaslı tədbirlər sistemi aşağıda göstərilən istiqamətlərə müvafiq olaraq bundan sonra sistemli şəkildə təkmilləşdirilməklə onların modernləşdirilməsinə yönəldilmiş islahatlar daha da intensivləşdiriləcəkdir:

  • aqrar elmin müasir idarəetmə və əlaqələndirmə strukturunun sahənin tələbləri səviyyəsində qurulması və inkişafı;
  • nəzəri-fundamental və innovativ-tətbiqi tədqiqatların ən müasir dünya səviyyəsinə qaldırılması;
  • aqrar elmin innovasiya potensialının səmərəli reallaşdırılması;
  • ekoloji təmiz kənd təsərrüfatının yayılması və inkişafı;
  • fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsi sahəsində AMEA-nın əlaqələndirici rolu;
  • ehtiyatların (torpaq, su və s.) optimal idarəedilməsi sisteminin yaradılması,
  • ekspert şəbəkə və sistemlərinin, “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması və intensiv fəaliyyətinin stimullaşdırılması;
  • aqrar sahənin prioritet istiqamətlərində elm və texnologiyaların inkişafının proqnozlaşdırılmaları;
  • aqrar elmin dövlət əmlakından istifadəsinin effektivliyinin artırılması;
  • aqrar elmin maddi-texniki və sosial bazasının, elmi və texniki kadr potensialının intensiv inkişafı;
  • aqrar elmin hüquqi statusunun yüksəldilməsi və sosial nüfuzunun təmin olunması;
  • aqrar elmin maliyyələşdirilmə mexanizmlərinin optimallaşdırılması, dünya səviyyəsində tədqiqatlarının prioritet istiqamətləri üzrə baza, proqram-məqsədli və müsabiqəli maliyyələşdirmənin optimal nisbətinə nail olunması.

Bütün bunlar məqsədyönlü həyata keçirildikcə aqrar elm ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə real töhfələr verən bütöv bir sistemə, orqanizmə çevriləcəkdir.

Xarici keçidlər [ redaktə ]

  • Akif Əlizadə, Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında. “Azərbaycan” qəzeti, 2015, 31 iyul, s.6

Kənd təsərrüfatının dayanıqlı inkişafında elm, texnologiya və innovasiyaların rolu

Məqalədə kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi məqsədilə elmtutumlu texnologiyaların tətbiqinin və innovativ fəaliyyətin genişləndirilməsinin zəruriliyi göstərilir. Aqrar sahənin innovativ inkişafinın sürətləndirilməsində yeni nəsil texnologiyaların əhəmiyyəti açıqlanır. Eyni zamanda, ölkəmizin kənd təsərrüfatı qarşısında duran vəzifələrin həlli istiqamətində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrin rolu dəyərləndirilir.

Giriş

Bu gün elm, elmtutumlu texnologiyalar və aktiv innovativ fəaliyyət kənd təsərrüfatının əsas aparıcı qüvvəsi olmalıdır. Müasir kənd təsərrüfatının ümumi inkişaf konsepsiyası üzrə yüksək məhsuldar agroekosistemlərin konstruksiyasında və ekoloji təhlükəsizliyin qorunub saxlanılmasında elmi yanaşmalara əsas yer verilməlidir. Qlobal iqlim dəyişiklikləri kontekstində artan əhalinin bugünkü və gələcək tələblərinə cavab verəcək qida məhsullarının istehsalının təmin edilməsi üçün dünyanın inkişaf etmiş ölkələrində rəqəmsal və genom texnologiyalarının tətbiqi ilə ciddi elmi araşdırmalar aparılır. Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutları arasında qarşılıqlı əməkdaşlıq şəraitində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məqsədəuyğundur.

Möhtərəm Prezident ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı inkişafa nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Bu strategiyanın reallaşdırılması üçün ölkədəki mövcud potensial qiymətləndirilməli, məsələnin həllinə elmi-analitik müstəvidən yanaşılmalıdır. Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı islahatlar, siyasi, iqtisadi, sosial sahədə tətbiq edilən texnologiyalar qeyd edilən məqsədə xidmət etməklə artıq öz bəhrəsini verməkdədir.

Dünya alimləri kənd təsərrüfatının inkişafının 2 istiqamətini ayırd edirlər: ekstensiv və intensiv. Ekstensiv istiqamət istifadə edilən resursların artırılmasını, məsələn əkinçilik, otlaq və balıqçılıq sahələrinin genişləndirilməsini nəzərdə tutur. Lakin bütün təsərrüfat əhəmiyyətli ərazilər bu gün praktik olaraq artıq istifadə edildiyi üçün bu istiqamət yüksək xərclər tələb edir. İntensiv istiqamətsə ilk növbədə mövcud resursların bioloji məhsuldarlığının artırılması və biotexnologiyanın istifadəsinə əsaslanır, yeni, yüksək məhsuldar sort və cinslərdən, müasir əkin üsullarından istifadə bu vəziyyətdə həlledici əhəmiyyətə malikdir. Buna görə də əsas təsərrüfat əhəmiyyətli, xüsusən də strateji əhəmiyyətli kulturaların məhsuldarlığını həm kəmiyyət, həm də keyfiyyətcə yüksəltməyə imkan verən yeni texnologiyaların axtarılması tələb olunur. Hansı ki bu texnologiyalar “ikinci yaşıl inqilaba” gətirib çıxaracaqdır.

“Yaşıl inqilab” dövrü qlobal qida təhlükəsizliyinin artırılmasında ekstraordinar epoxa kimi dəyərləndirilir. Bu period kənd təsərrüfatının intensifikasiyası hesabına dünyada qida məhsullarının, xüsusən də buğda, düyü, qarğıdalı kimi dənli bitkilərin istehsalının güclü artımı ilə xarakterizə olunur. İntensifikasiya kənd təsərrüfatı tədqiqatlarına investisiyaların artımı, sintetik gübrələrin və pestisidlərin kütləvi istifadəsi və bu proseslərin mexanizasiyası, yüksək məhsuldar sortların genetik yaxşılaşdırılması kimi proseslərin bir-biri ilə uzlaşdırılması hesabına əldə olunmuşdu. Amma artıq bu inqilabın əlavə təsirləri üzə çıxmağa başlamışdır. Ətraf mühitə göstərilən zərərli təsirlər hesabına bütövlükdə ekosistemlərin keyfiyyəti aşağı düşmüşdür (Aguilar-Rivera et al., 2019).

Buna görə hal-hazırda qarşıda duran əsas məsələ – elmtutumlu innovativ texnologiyaları kənd təsərrüfatında tətbiq etməklə stabil, keyfiyyətli qida məhsullarının əldə edilməsi üçün agroekosistemlərin bütövlüyünü saxlamaqla kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır. “İkinci Yaşıl İnqilab” kənd təsərrüfatına fərqli prizmadan yanaşan yeni nəsil alimlərin ideyalarından asılı olacaqdır (Kasliwal, 2021).

Genom-redaktə texnologiyaları. Genomun redaktəsi -gen mühəndisliyinin ən son uğurlarından biridir. Bu texnologiya xüsusi “molekulyar qayçıların”, elmi dildə desək spesifik dizayn edilmiş endonukleazaların iştirakı ilə genomda müəyyən sahələrin əvəz edilməsi, daxil edilməsi, yaxud kəsilərək götürülməsinə əsaslanır. Bu metodda 4 tip nukleazalardan istifadə edilir: meqanukleazalar, sink barmaqları olan nukleazalar, TALEN nukleazaları və CRİSPR-Cas sistemi.

CRISPR-Cas9 texnologiyası nədir? CRISPR-Cas9 DNT molekulunun müxtəlif sahələrində delesiyalar və ya əlavələr edən yeni texnogiyadır. CRISPR-Cas9 sistemi, DNT-də mutasiya yaradan 2 molekuldan təşkil olunmuşdur: bunlardan biri Cas9 adlı ferment – genomun müəyyən hissələrindən DNT zəncirini kəsir, bir sözlə bu molekul “qayçı” funksiyasını daşıyır. İkincisi gid RNT (İng. guide RNA – gRNA) – kiçik (~20 n.c.) RNT zəncirindən təşkil olunmuşdur. RNT zənciri DNT molekulu ilə əlaqəyə girir və Cas9-un genomun uyğun hissəsinə oturmasına rəhbərlik edir və beləliklə Cas9 fermenti müvafiq nukleotidləri kəsir. Bu mərhələdə hüceyrədə DNT-nin zədələnməsinə qarşı reparasiya mexanizmi işə salınır. Mütəxəssislər DNT molekulunun reparasiya mexanizmindən istifadə edərək hüceyrənin 1-dən artıq genində dəyişiklik yarada bilirlər. Hazırda bu sistem bir sıra heyvan və bitki orqanizmlərində tətbiq edilməkdədir (Prabin & Mousami, 2020). CRISPR-Cas9 sistemi hazırda gen redaktəedilmədə ən sürətli, ucuz və etibarlı sistem kimi tanınır. Bu metodun rekombinativ DNT texnologiyasından əsas fərqi ondadır ki, canlı orqanizmə yad gen daxil edilmir, orqanizmin öz geni dəyişdirilir, yaxud bərpa olunur. Bu zaman yaranan məhsul GMO hesab olunmur!

Yeni nəsil sekvens texnologiyaları. Hal-hazırda effektiv genetik tədqiqatların aparılmasını genomun oxunması mərhələsi olmadan təsəvvür etmək mümkün deyildir. Genom ardıcıllıqları gen və gen şəbəkələrinin identifikasiyası kimi fundamental məsələlərin həllində əvəzedilməzdir. Bitki və heyvan orqanizmlərində təsərrüfat əhəmiyyətli əlamətləri kodlaşdıran gen lokuslarının, mühüm metabolik yolların, siqnalötürmə şəbəkələrinin tədqiqində genomların sekvensi açar rolunu oynayır. Yeni molekulyar bridinq proqramları da məhz dəyərli genlərlə ilişikli marker məlumatlarını əks etdirən genom xəritələrinə əsaslanaraq aparılır. Hal-hazırda artıq 300 bitkinin genomu tam və ya qismən oxunaraq NCBİ-də yerləşdirilmişdir. Yeni nəsil sekvens texnologiyaları əvvəlki metodlarla müqayisədə qısa zaman intervalında nisbətən daha aşağı xərclə genomda nukleotid ardıcıllıqlarını təyin etməyə imkan verir. Yeni texnologiya ekzom sekvensini – zülal kodlaşdıran sahələrin sekvensini də həyata keçirməyə imkan verir. Əgər RNT-sekvensi yalnız ekspressiya olunan genlər haqqında məlumat verirsə, ekzom-sekvensi ekspressiya olunmayan allel genlər haqqında belə zəngin məlumat təqdim edir (Sirangelo & Calabrò, 2020).

Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt texnologiyalarının tətbiqi insan fəaliyyətinin bütün sferalarına daxil olmuşdur. Son dövrlərdə artıq bu texnologiyalar kənd təsərrüfatında da tətbiq olunmağa başlanılmışdır. Bu baxımdan qarşıda duran problemlərdən ən əsası abiotik və biotik stres amillərinin inkişaf dinamikasının qabaqcadan proqnozlaşdırılmasıdır. Bu yanaşmada artıq maşınöyrənmə üsulları tətbiq edilməyə başlanmışdır. Zərərvericilərin hansı ərazilərdə yayılacağını, iqlim faktorlarının onların intensivliyinə təsirini qabaqcadan proqnozlaşdırmaqla epifitotiyaların qarşısını almaq olar. Süni intellekt texnologiyalarına əsaslanan peyk müşahidə sistemləri, yaxud bitkinin vəziyyətini qiymətləndirərək vaxtında gübrələrlə, boy stimulyatorları ilə, zərərvericilrərə qarşı kimyəvi maddələrlə işlənməsini özü idarəedən “ağıllı texnika”nın tətbiqi gələcəkdə məhsuldarlığın artırılmasına çox böyük təkan verəcəkdir (Talavia et al., 2020).

Rəqəmsal fenotipləmə. Bitki seleksiyasında vacib aspektlərdən biri düzgün fenotipləmənin aparılmasıdır. Rəqəmsal fenotipləmə qeyri-invaziv olaraq bitkinin fizioloji vəziyyətini analiz etməyə imkan verir. Rəqəmsal verilənlər alqoritmlərin köməyi ilə analiz edilir ki, bu da nəticənin etibarlılığını dəfələrlə artırır (Omari et al., 2020).

Mikrobiomlar və bioloji pestisidlər. Gen mühəndisliyinin tətbiqi ilə yaradılan faydalı mikroorqanizmlərdən istifadə kənd təsərrüfatını yeni mərhələyə qaldırır. Bu yanaşma iqtisadi cəhətdən sərfəlidir, belə ki, pestisid və gübrələrə sərf olunan xərclər azalır. Məsələn, gen mühəndisliyi yolu ilə yaradılan mikroorqanizmlər birbaşa havadan atmosfer azotunu mənimsəyərək bitkiyə gübrə şəklində verə bilirlər. Bu cür faydalı mikroorqanizmlərin süni şəkildə çoxaldılması hesabına bitkilərin məhsuldarlığını, qeyri-əlverişli iqlim şəraitinə, zərərvericilərə qarşı davamlılığını artırmaq mümkün olacaqdır.

RNT-nin interferensiyası. Artıq alimlər tərəfindən RNT-nin interferensiyasına əsaslanan yeni innovativ metod işlənib hazırlanmışdır. Bu metod RNT-ni bitki yarpaqlarına yeritməklə genlərin ekspressiyasını effektiv şəkildə inhibirləşdirməyə imkan verir. Bitkiyə bu və ya digər stres faktoruna qarşı həssaslıq verən genlərin ekspressiyasının dayandırılması bitkinin əlverişsiz şəraitdə inkişaf etməsinə şərait yaradacaqdır. Belə bitkilər genetik modifikasiya edilmiş bitkilər sırasına aid edilmir, çünki bu texnologiya “yad” genlərin daxil edilməsini həyata keçirmədən müvəqqəti olaraq bitkinin öz genlərini “söndürür”.

“Omiks” yanaşmalar. “Omiks” texnologiyaların inkişafı (genomiks, transkriptomiks, proteomiks, metabolomiks və s.) bitkilərin biologiyası sahəsində tədqiqatlarda inqilabi sıçrayışa gətirib çıxartmışdır. Bu yanaşmalar genlər, metabolitlər, zülallar və tənzimləyici elementlərin inteqrasiyası şəbəkələrindən istifadə yolu ilə bioloji komponentlər arasında qarşılıqlı əlaqənin daha yüksək səviyyədə tədqiq edilməsini mümkün etmişdir. “Omiks” texnologiyaları geniş spektrdə tətbiq olunur. Dəyişən ətraf mühit şəraitində streslə mübarizə aparmaq üçün bitkilər “omiks” profillərini dəyişirlər. “Omiks” verilənlər kombinasiyaları molekulyar səviyyədən bütöv bitki səviyyəsinə kimi bitkidə yaranan prosesləri dəqiq izləməyə imkan verir (Majumdar & Keller, 2020).

Ölkəmizdə aqrar sektorun qarşısında duran mühüm vəzifələrə, aqrar sahədə mövcud olan problemlərin həllində elmin rolunun artırılmasına gəldikdə, Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış “Niyyət Sazişi” böyük əhəmiyyət kəsb edir. Bu baxımdan hər iki qurumun institutları arasında birgə icra olunması planlaşdırılan “Rəqəmsal və genom texnologiyaların tətbiqi əsasında buğdanın quraqlığa davamlı və yüksək məhsuldar rüşeym plazmasının seçilməsi və seleksiya proqramlarında istifadəsi” (rəhbər: AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova), “Molekulyar genetik və xromosom mühəndisliyi metodları ilə pambıq genofondunun zənginləşdirilməsi, iqtisadi əhəmiyyətli yeni sortların yaradılması” (rəhbər: Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov), “Azərbaycan Respublikasında təbii örüş, biçənək və otlaqların davamlı idarəedilmə sisteminin yaradılması ilə onların yem bazasının möhkəmləndirilməsi və bitki biomüxtəlifliyinin qorunub saxlanılması” (Botanika İnstitutu, rəhbər: professor Səyyarə İbadullayeva), “Torpaqların şorlaşması, şorakətləşməsi və eroziyaya uğrama dərəcələrinin və qida maddələrinə tələbatının dəqiqləşdirilməsi” (Torpaqşünaslıq və Aqrokimya İnstitutu, rəhbər: AMEA-nın müxbir üzvü Əlövsət Quliyev) layihələri ölkəmizdə aqrar sahənin inkişafına dəyərli töhfələr verəcəkdir.

Strateji yekun

Kənd təsərrüfatında dayanıqlı inkişaf və yeni yaranacaq təhlükələrlə mübarizə üçün mövcud bilik və texnologiyaların tətbiqi və daim yeni texnologiya və yanaşmaların işlənib hazırlanması üçün investisiyalar qoyulmalıdır. İnkişaf etmiş dünya ölkələrinin praktikası bunu sübut edir. Qida məhsullarının istehsalı sektorunda investisiyalar ekosistemlərin bütövlüyünü saxlamaqla dayanıqlı inkişafın yaxşılaşdırılmasına yönəldilməlidir. Eyni zamanda, elmi tədqiqatların prioritetlərinin düzgün müəyyən edilməsi və stimullaşdırılması da əhəmiyyət kəsb edir.

  1. Omari M.K., Lee J., Faqeerzada M.A., Joshi R., Park E. & Cho B.K. (2020). Digital image-based plant phenotyping: A review. Korean Journal of Agricultural Science, 47(1), 119-130.
  2. Prabin A. & Mousami P. (2020). CRISPR-Cas9 in agriculture: Approaches, applications, future perspectives, and associated challenges. Malaysian Journal of Halal Research. 3. 10.2478/mjhr-2020-0002.
  3. Aguilar-Rivera N., Michel-Cuello C., Cárdenas-González J.F. (2019) Green Revolution and Sustainable Development. In: Leal Filho W. (eds) Encyclopedia of Sustainability in Higher Education. Springer, Cham. https://doi.org/10.1007/978-3-030-11352-0_87
  4. Kasliwal R. “The New Green Revolution: A Just Transition to Climate-Smart Crops,” ORF Issue Brief No. 433, January 2021, Observer Research Foundation.
  5. Majumdar, S. & Keller A.A. (2020). Omics to address the opportunities and challenges of nanotechnology in agriculture. Critical Reviews In Environmental Science And Technology, 1-42.
  6. Talaviya T., Shah D., Patel N., Yagnik H. & Shah M. (2020). Implementation of artificial intelligence in agriculture for optimisation of irrigation and application of pesticides and herbicides. Artificial Intelligence in Agriculture.
  7. Sirangelo T.M., Calabrò G. Next Generation Sequencing Approach and Impact Oon Bioinformatics: Applications in Agri-Food Field. Journal of Bioinformatics and Systems Biology 3 (2020): 032-044.

Похожие статьи

  • Azərbaycanda toxuculuğun inkişafı

    5 May Xalçaçı günü dür – Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada yaşadılır Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini…

  • Azərbaycanda turizimin inkişafı

    Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…

  • Azərbaycan kənd təsərrüfatının tarixi

    Azərbaycan kənd təsərrüfatının tarixi XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə…

  • Azərbaycanda turizmin inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm…

  • Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair

    Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi Əkinçiliyin əsas məsələsi, ən az əmək və vəsait sərf etməklə, vahid əkin…

Comments are closed, but trackbacks and pingbacks are open.