Press "Enter" to skip to content

Azərbaycanı regionun siyasi və iqtisadi güc mərkəzinə çevirən siyasət – ANALİZ

Qarabağ bölgəsində böyük quruculuq və bərpa işləri başlayır. Burada yeni şəhərlər, kəndlər salınır, istehsal müəssisələri yaradılır, bölgənin aqrar və turizm imkanlarından, faydalı qazıntı resurslarından səmərləli istifadə üçün proqramlar hazırlanır. Bu işlər həm də ölkəmizə xarici sərmayənin artması ilə müşayiət olunur. Bu da son nəticədə iqtisadi artımı sürətləndirəcək.

siyasielmler

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri

Posted on Noyabr 24, 2010 by siyasielmler

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin mil­li iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bun­ların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini ar­tırmağa çalışırlar. Beynəlxalq əmək bölgüsünün üs­tünlüklərindən maksimum istifadə edilmədən, xarici iq­tisadi əlaqələrin bütün formaları intensiv şəkildə geniş­ləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsas­lı dönüş aparmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə öz aralarında bey­nəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.

Müstəqil Azərbaycan Respublikasında müxtəlif mül­kiyyət formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması, əmək bölgüsü və kooperasiyasının geniş vüsət alması və s. milli iqti­sa­diya­tımızın beynəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyektiv zərurət yaradır.

Beləliklə, Azərbaycanın neft sənayesinin yaxın onilliklərdə inkişafı Azərbaycan Respublikası Prezidentinin Neft Strategiyası çərçivəsində imzalanmış müqavilələrlə təmin edilmişdir. Neft sektorunun bütün əhəmiyyətinə baxmayaraq, ümumi daxili məhsulun formalaşmasında onun payı hələlik 18-19 %-dir. Bundan əlavə, Azərbaycanda xarici investisiya bank sektoruna da yatırılmışdır. Belə ki, respublika ərazisində xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərməkdədir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Bundan əlavə “Nabukko” layihəsinin gündəmdə olması ölkə ərazisinə xarici investorların marağını daha da artırır.

Son illərdə xarici ticarətin inkişafında yüksək göstəricilərə nail olunmuşdur. 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 11766,9 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 5708,6 milyon ABŞ dolları, ixracın həcmi isə 6058,3 milyon ABŞ dolları təşkil etmişdir.

Bu dövr ərzində Azərbaycan Respublikası 137 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmişdir.

İxrac-idxal əməliyyatlarının 28,5 %-i Avropa Birliyi, 25,5 %-i MDB ölkələri ilə, 46 %-i isə digər dövlətlərlə aparılmışdır.

Xarici ticarət əlaqələrinin 47,4 %-i Avropa, 44,6 %-i Asiya, 7,7 %-i Amerika, 0,2 %-i Afrika qitəsi ölkələri, 0,1 %-i isə Okeaniya ilə aparılmışdır. Azərbaycana xarici ölkələrdən 61,4 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.

Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturuna nəzər salsaq, burada İtaliya, İngiltərə, Almaniya və Fransanın xüsusi çəkisinin böyük olduğunu görərik:

2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 110,3 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 35,1 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 75,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz 40,1 milyon ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 199 milyon 721 min ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 192 milyon 509 min ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 7 milyon 213 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 185 milyon 296 min ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 81,8 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 81,3 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 506,2 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 80,8 milyon ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,2 %, o cümlədən idxalda 2,47 %, ixracda isə 15,5 % təşkil etmişdir.

2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının İtaliya Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 82 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 141 milyon ABŞ dolları, ixracın həcmi isə 941 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu müsbət 800 milyon ABŞ dolları olmuşdur.

2000-2007-ci illərdə xarici investisiyalar 6,9 dəfə artmışdır. Xarici investisiyalar ölkə üzrə bütün investisiyaların 58,3%-ni təşkil etmişdir. Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların mənbələrini maliyyə kreditləri, neft sənayesinə qoyuluşlar, birgə müəssisələr və xarici firmalara investisiyalar təşkil edir. Xarici investisiyaları yönəldən dövlətlər içərisində Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya üstün mövqeyə malikdirlər. Xarici investisiyalar əsasən mədənçıxarma sənayesinə (90,6%) yönəldilmişdir. Gələcəkdə qeyri-neft sektorunun payının artırılması onun səmərəliliyini yüksəldə bilər.

2009-cu ildə ölkənin həm iqtisadi həm də sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 7358,7 mln. manat investisiya yönəldilmişdir. Bunların 5881,4 mln. manatı daxili investisiyalar, 1477,3 mln. manat isə xarici investisiyalar təşkil etmişdir. Xarici investisiyanın 73% qeyri neft, 27% isə neft sektorunun payına düşür. Xarici investisiyanın 87,3%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarının payına düşür.

Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər-politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)

Azərbaycanı regionun siyasi və iqtisadi güc mərkəzinə çevirən siyasət – ANALİZ

Son 15 ildə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradıb.

Məhz son 15-20 ildə həyata keçirilmiş iqtisadi islahatlar ölkəmizin ardıcıl şəkildə baş verən qlobal böhranlar qarşısında dayanıqlığını təmin etdi. Son 2 ildəki pandemiya dövründə isə müəyyən bir müddət iqtisdiyyatın bəzi sahələrində iş dayandı, iqtisadi aktivlik azaldı, lakin vaxtında formalaşdırılmış iqtisadi maliyyə bazası ciddi problem yaranmasına imkan vermədi.

Nəinki bir çox ölkələrdə olduğu kimi iqtisadi tənəzzül baş vermədi, əksinə, iqtisadi inkişaf davam etdi. İqtisadi inkişafa stimul verən proseslərdən ən əsası, həyata keçirilən düzgün islahatların nəticəsidir. Ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində inkişaf edir. Nəticədə, özəl sektorun payı ümumi daxili məhsulda getdikcə artır.

Həm dövlət büdcəsində, həm də ixracda qeyri-neft sektorunun, eləcə də özəl sektorun payı da getdikcə artır. Nəzərə alsaq ki son illərdə qlobal böhranlar və pandemiya fonunda neftin qiyməti kəskin ucuzlaşmışdı, buna baxmayaraq iqtisadiyyatımız axsamadı, qeyri-neft sektorundakı artım itkilərin yerini kompensasiya edə bildi.

Hazırkı şəraitdə neftin dünya qiymətinin normal həddə – 70 dollar ətrafında stabilləşməsi nəticəsində büdcədə nəzərdə tutulandan artıq valyuta ehtiyatlarının respublikamıza daxil olması fonunda ölkəmizin maliyyə imklanlarını artırır, Neft Fondunun gəlirlərini çoxaldır və sosial layihələrə ayrılan vəsaitlərin həcmini yüksəldir.

Dayanıqlı iqtisadi artımın təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşması inkişaf strategiyasının ən başlıca istiqamətlərindəndir. Bir sözlə, ölkənin bütün bölgələrində, kənd və qəsəbələrdə bu məqsədlərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranıb.

Ötən il müzəffər Ali Baş Komandanımızın başçılığı altında qəhrəman ordumuz tərəfindən ölkəmizin və xalqımızın ən böyük probleminin həll edilməsi- Qarabağın 30 illik düşmən işğalından azad edilməsi ümumi iqtisadi inkişafımız üçün də böyük üfüqlər açdı.

Qarabağ bölgəsində böyük quruculuq və bərpa işləri başlayır. Burada yeni şəhərlər, kəndlər salınır, istehsal müəssisələri yaradılır, bölgənin aqrar və turizm imkanlarından, faydalı qazıntı resurslarından səmərləli istifadə üçün proqramlar hazırlanır. Bu işlər həm də ölkəmizə xarici sərmayənin artması ilə müşayiət olunur. Bu da son nəticədə iqtisadi artımı sürətləndirəcək.

Ələtdə Azad İqtisadi Zonanın yaradılması, Zəngəzur dəhlizinin açılması isə ölkəmizi həm beynəlxalq nəqliyyat tranzit qovşağına, həm regional iqtisadi əməkdaşlığın baza məkanına çevirəcək.

Sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində davamlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşması məqsədi dayanır. Bu siyasət isə neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi və sosial-iqtisadi modernləşməyə əsaslanan inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Bu siyasət nəticəsində, özəl sektorun inkişafına mane olan bürokratik əngəllər aradan qaldırılıb, sahibkarlara dövlət qayğısı artırılıb, özünüməşğulluq proqramları, aqrar sektora subsidiyalar, sahibkarlığa güzəştli kreditlər və sair yardımlar ölkədə istehsalı artırıb, məşğulluq problemini aradan qaldırıb.

Yeni stretaji inkişaf proqramının bəzi prioritetləri bəllidir. Sürətli iqtisadi inkişafın və artan maliyyə imkanlarının fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi, infrastrukturun daha da möhkəmləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və təbii ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi önə çəkiləcək. Dövlət qarşıya qoyduğu bütün məsələlərin həllində qətiyyətlidir və xalqın iradəsinə güvənir.

Neft strategiyasını hərtərəfli inkişaf kursuna çevirən Azərbaycanın təcrübəsi bu mənada yeni inkişaf etməkdə olan dövlətlərə nümunə göstərilir. Beynəlxalq maliyyə və konsaltinq təşkilatları inkişafın Azərbaycan modelinin formalaşdığını dəfələrlə bəyan etmişlər. Onların mülahizələrinə görə dünya iqtisadiyyatında indiyə qədər mövcüd olan çoxsaylı modellərə biri də əlavə olunmuşdur. Bu model Azərbaycanın timsalında bərqərar olmuş və yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələr üçün model kimi tətbiq oluna bilər.

Siyasətin əsas məqsədini iqtisadiyyatın inkişafı ilə bağlayan dövlətimizin başçısı İlham Əliyev xüsusi olaraq vurğulayır: “Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, güclü dövlət yaradaq. Çünki iqtisadiyyat hər bir dövlətin təməl sistemidir. Güclü iqtisadiyyatı olan ölkə isə siyasi cəhətdən müstəqil olur və öz maraqlarını daha da uğurla müdafiə edə bilir. Azərbaycanın uğurlu xarici siyasəti bizim həm siyasi, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində qəbul olunur və bu təşəbbüslər Azərbaycanı daha da gücləndirir və güclü mərkəzə çevirir. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm kı, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu, onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilib”.

Son bir neçə ildə ölkəmizdə əldə olunan sürətli inkişaf tempi, güclü ordu quruculuğu, sosial siyasətin yüksələn xətlə inkişafı və sair bu kimi amillər onu göstərir ki, Azərbaycan Avropa ilə Asiyanın arasında yeni bir güc mərkəzi kimi ortaya çıxıb və bir çox məqamlarda həlledici söz sahibidir. İstər iqtisadi, istərsə də digər sahələrdə Azərbaycan bir mərkəzə çevrilmək üzrədir- Avrasiyanın yeni mədəni, siyasi, iqtisadi mərkəzinə.

İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri tədbirlər görmək bacarığı özləmizə beynəlxalq arenada öz nüfuzunu artıraraq böyük rəğbət qazandırmışdır. Qeyd olunanlar bir daha göstərir ki, Prezident İlham Əliyevin dövlətçilik strategiyası Azərbaycanı yeni uğurlara və yeni zirvələrə daşıyır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.