Press "Enter" to skip to content

BAKI ŞƏHƏRİNİN TARİXİ

1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir. Bütün bunların nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri genişlənirdi. Bakı şəhərinin belə intensiv inkişafı şəhərin formalaşmasında mühüm rol oynamışdır.

Azərbaycan coğrafiya tarixi

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun özü haqqında çox maraqlı məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, Dədə Qorqud dastanı və həmçinin yerli alban alimlərindən Moisey Kalankatlı (VII-VIII) ölkəmiz haqqında xeyli bilgilər vermişlər. Moisey Kalankatlınun «Albanların tarixi» əsərində göstərilir ki, I-VII əsrlərdə Albaniyanın ərazisi şimalda Baş Qafqaz dağlarından başlayaraq cənubda Araz çayınadək, qərbdə İberiyadan şərqdə Xəzər dənizinə qədər uzanırdı. İnzibatı bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdür. Kürün sol sahilində Qəbələ, Şəki, Kambisiena (Mingəçevir rayonunda), sağ sahilində Arsax, Uti, Qardman, Sakasena, Paytakaran, Syunik və b. əyalətlər (nahanqlar) yerləşirdi. Xəzər sahili boyu Dərbənddən Beşbarmaq dağınadək olan əraziləri Çola, ondan qərbə Lpinə, Həcəri və b. əyalətlər tuturdu. İri Alban yepiskoplarının mərkəzləri olan Qəbələ, Şəki, Partav (Bərdə), Paytakaran (Beyləqan) haqqında ətraflı məlumatlar verilirdi. Müəllif Albaniyanın əlverişli təbii şəraiti, kənd təsərrüfatının əsas sahələri, sənətkarlığı, ticarət yolları, qonşu xalqları və s. haqqında dəyərli tarixi-coğrafi məlumatlar vermişdir. «Dədə Qorqud» kitabı Azərbaycan xalqının tarixinin işıqlı bir dövrünü VI-VII əsrləri əhatə edir. Bu dastan təkcə tarixi əsər olmaqdan ziyadə, həm də tarixi-coğrafi-etnoqrafik anlayış və hadisələri, çoxlu yer adlarını əhatə edən geniş məzmunlu bir əsərdir. Türklərin yayıldığı əraziləri, qonşuları, əhalinin müxtəlif mərasimləri, məşğuliyyət sahələri, şəhərləri, yolları və s. haqqında dastanda dolğun məlumatlar verilir. Özü də kitabda coğrafi hadisələri əhatə edən ayrıca tarixi-coğrafi bölmə vardır. «Dədə Qorqud» ön Asiyada, Qafqazda, xüsusilə Azərbaycanda yaşayan oğuz türklərinin tarixini bədii dildə qələmə alan bir dastandır. Burada təsvir olunan hadisələr Böyük türk ellərinin (L.Qumilyova görə «Türkyurd») və onların yenilməz sərkərdələrinin göstərdikləri mərdlik və qəhrəmanlıqları ilə bağlıdır. Bu gün həmin dastan bütün türk ölkələrinin tarixi-coğrafi və mədəni birliklərinin inkişaf etdirilməsində böyük rol oynayır. İngilis alimi Luis Qorfrey «Dədə Qorqud kitabı»nın ingiliscə tərcüməsində «Kitabın» məzmununda söylənilən fikirlərə uyğun, onun fəaliyyət dairəsini əks etdirən xəritə düzəltmişdir. Alim bu xəritə ilə «Dədə Qorqudun» məzmununu və tarixi dəlillər əsasında çox gərgin bir həqiqəti də göstərmişdir: bu ərazi hələ «Dədə Qorqud»dan min il qabaqkı Türk imperiyasının torpaqlarına uyğun gəlirdi. Görünür ingilis alimi bizim tarixi heç də bizdən pis bilmirdi. Turan imperiyası, sonra Midiya dövləti süquta uğrasa da İşgit-Oğuz-Türk övladları Mərkəzi və Ön Asiya torpaqlarında yenə də azad nəfəs alır, atlarını istədikləri səmtə çapırdılar. Oğuzlar bu torpaqları qorumaq, onu genişləndirmək və s. məqsədlərlə Qara dəniz sahillərinə, Abxaziya elinədək gedib çıxırdılar. «Dədə Qorqud» kitabında təsvir olunan, qələmə alınan hadisələrin baş verdiyi məkan – Gəncə, Şəmkir, Dərəşam, Göyçə, Qaradağ və başqaları. Göstərilən dastan Azərbaycanın ərəb işğalı ərəfəsini və işğalın ilk illərində bu işğala qarşı türklərin apardıqları mübarizələr dövrünü əhatə edirdi. Azərbaycan haqqında daha zəngin və ardıcıl coğrafi məlumatlar orta əsrlərdə toplanmışdır. Ərəblər tərəfindən istila edildikdən sonra Azərbaycan daha çox öyrənilməyə başlanır. IX əsrdən başlayaraq bir çox ərəb səyyahları Azərbaycanı səyahət etmiş, ölkə haqqında zəngin məlumatlar toplamışlar. Onlardan Əbdülqasım İbn-Xardadbeh, İbn-Rusta, Qüttəma-İbn-Cəfər, Əl-Məsudini (IX-XII əsrlər) və b. göstərmək olar. X əsr səyyahı İbn-Xaukal «Dövlətin yolları» kitabında verdiyi xəritələrdə Xəzər dənizi və onun Azərbaycan sahillərini dəqiq əks etdirmişdir. Kitabın xəritə və təsvirlərində Azərbaycan adları çox dəqiq, təhrifsiz verilmişdir. Məşhur ərəb alimi İbn-Xardadbeh (820-912) də «Yollar və məmləkətlər haqqında» əsərində Azərbaycan coğrafiyasına böyük yer ayırmışdır. Əl-İstəxari 930-933-cü illərdə yazdığı «Məmləkətlərin yolları» kitabında Azərbaycan şəhərləri, onun dəniz sahilləri, Qəbələ, Bərdə, Şamaxı və Şəki şəhərlərinə gedən yollar və s. haqqında məlumat vermişdir. Əl-Məsudi (X əsr) Azərbaycan əhalisini, onun şəhərlərini, xüsusilə Gəncə, Şəki, və b. dəqiq təsvir etmişdir. Ərəb islam mədəniyyətinin təsiri altında olan bir sıra qeyri ərəb ölkələrinin alim və səyyahları da Azərbaycan haqqında qiymətli məlumatlar toplamışlar. Məsələn, məşhur Xarəzm alimi, riyaziyyatçı, astronom və coğrafiyaçıƏl-Biruni (973-1051-ci illər) Şirvan, Bərdə, Dərbənd, Təbriz, Beyləqan, Bakı, Urmiya, Naxçıvan və s. onlarla obyektlər haqqında bilgi vermişdir. O, bir sıra Azərbaycan şəhərlərinin dəqiq coğrafi koordinatlarını təyin etmiş, ilk dəfə Xəzərin böyük göl olduğunu söyləmişdir. Orta əsr azərbaycanlı alim və səyyahları da öz ölkələri barədə yığcam məlumatlar vermişlər. Şərqin məşhur alimi, dövlət xadimi Nəsrəddin Tusi (1201-1274) riyaziyyatçı astronom olsa da, ətraf mühit haqqında da qiymətli fikirlər söyləmişdir. Coğrafiya elmində mühüm yer tutan məşhur Azərbaycan alimi Əbdürrəşad Bakuvi (XIV əsrin II yarısı – XV əsrin I yarısı) Azərbaycana və bir sıra başqa ölkələrə səyahət etmiş, gördüyü yerlər haqqında gərəkli fikirlər söyləmişdir. Ə.Bakuvinin yazdığı coğrafi əsərlərin əksəriyyəti itmişdir. Onlardan bizə ancaq «Əcib-Əl-Malik», «Əl-Kaxar» («Möhtəşəm padşahın möcüzələri və abidələri»), «Qalxiz -Al-Asar» kitabı və b. gəlib çatmışdır. Sonuncu kitab dünya coğrafiyasına aid qiymətli əsərdir. Burada o dövrdə bütün Şərq ədəbiyyatında qəbul edilən xüsusi rayonlaşdırmadan və bu tipli rayonlaşdırmanın dünyanın xüsusi iqlimlərə bölünməsilə aparılmasından geniş bəhs olunur. Hər iqlimə daxil olan ölkələr, yerlər, şəhərlər haqqında coğrafi təsvirlər verilir, coğrafi şəraitin və iqlimin insan həyatına təsiri məsələlərinə də toxunulur. Həmin kitabda Azərbaycan IV-V iqlim zonasına daxil edilmiş və onun təbiəti, şəhərləri (Bakı və ətrafı, Bərdə, Dərbənd, Şirvan, Ərdəbil və s.) təsvir olunmuşdur. L.S.Berq Xəzərə aid məruzələrinin birində Ə.Bakuvini Xəzərin əvəzedilməz tədqiqatçısı adlandırmışdır. O, nəinki Azərbaycan və Xəzər haqqında, həmçinin bir sıra digər ölkələr barədə də qiymətli məlumatlar vermişdir. XIII-XV əsrlərdə Azərbaycanın öyrənilməsində Marko Polo və digər Venesiya tacirlərinin rolu böyük olmuşdur.Marko Polo Azərbaycanı başdan-başa «şəhərlər və qalalar» ölkəsi adlandırmış və onun təsərrüfat sahələri, ticarəti, sənətkarlığı və coğrafi yerləri haqqında geniş məlumat toplamışdır. O, dövrdə qiymətli ticarət malı hesab olunan ipəyin Azərbaycanda geniş yayıldığını, onun emalının iri mərkəzləri inkişaf etdiyini göstərirdi. Polonun səyahətnaməsində deyilirdi ki, burada şəhərlər, qalalar olduqca çoxdur; çoxlu ipək var. Burada ipək və zərxana, parçalar toxunur; belə gözəl parçalara heç yerdə rast gəlməzsən. Hər şey burada boldur. Əhali ticarət və sənətkarlıqla məşğul olur. İtalyan-Venesiya tacirləri Azərbaycana su yolu: Qara-Azov dənizləri, Don-Volqa çayları və Xəzər dənizi ilə gəlirdilər. Xəzər dənizi, Kür çayı və onun ağzında çoxlu balıq olması haqqında məlumatlar verilirdi. Hələ orta əsrlərdə Yaxın və Orta şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olan qədim Azərbaycan şəhəri Təbriz haqqında məlumatlar xüsusilə qiymətlidir. O zamanlardan Təbrizin əlverişli coğrafi mövqeyi olduğuna görə buraya Hindistan, Bağdad, Mosul və b. yerlərdən müxtəlif mallar gətirilirdi və buradan isə Avropaya çoxlu ipək aparılırdı. Beləliklə, Təbrizin Asiya-Avropa yollarının və ticarətinin əlaqələndiricisi rolunu oynadığı aydın görünürdü. Elə tarixi İpək yolunun buradan keçməsi də deyilənləri təsdiqləyirdi. Sonralar Azərbaycan, onun Səfəvilər və Ağqoyunlu dövlətləri haqqında yenə də Venesiya tacirlərindən Katerino Zeno, Ambrocco Kontari və ingilis səyyahı Antonio Cenkinson ətraflı məlumatlar veriblər. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn səyyahlar haqqında prof. Yaqub Mahmudov özünün «Səyyahlar Azərbaycana gəlir» (Bakı, 1977) adlı dəyərli kitabında geniş məlumat vermişdir. XVIII əsrin birinci yarısından başlayaraq bir sıra Şərq ölkələrinə səyahət etmiş, onlar haqqında çox qiymətli kitablar yazmış, Azərbaycan coğrafiya alimi və səyyahı Hacı Zeynalabidin Şirvani (1780-1837) coğrafiya tarixində xüsusi yer tutur. O, XVIII əsrin ikinci yarısından başlayaraq 40 il səyahət etmiş, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda, digər yerlərdə Şimali Afrika və Cənubi Avropa ölkələrində olmuşdur. Fars dilində iki hissədən ibarət «Riyazüs-səyahə» («Cənnət bağı səyahətləri») və digər iri həcmli coğrafi və fəlsəfi məzmunlu ensiklopedik xarakterli əsərlərin müəllifidir. Əsərlərində Yaxın və Orta Şərq ölkələri, Hindistan, Efiopiya, Orta Asiya və Azərbaycanın coğrafiyası, tarixi, etnoqrafiyası, incəsənəti, mədəniyyəti, abidələri, ədəbiyyatı və bəzi görkəmli şəxsiyyətləri haqqında qiymətli məlumatlar vermişdir. Yer kürəsinin iqlim qurşaqları və iqlim tipləri, onların təsərrüfata, insanların həyatına, davranış və məişətinə göstərdiyi təsirdən öz dövrünə görə yüksək elmi fikirlər söyləmişdir .

Əzizağa Əhmədov

BAKI ŞƏHƏRİNİN TARİXİ

Bakı – Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) Bakuyə, Bakuh, Baku, rus məxəzlərində (15 əsr) Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə kimi qeyd edilir.

Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi.

X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar.

Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.

Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu – XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşıyırdı. 1191 ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü.

XII əsrin sonu ” XIII əsrin əvvəli Bakı şəhərinin feodal inikşaf dövrü idi. Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər. XII əsrin birinci yarısında şəhərin qala divarları çəkildi. Şəhərin müdafiə sisteminə Qız qalası da daxil idi.

XII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər. İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı, görünür, başqa şəhərlərə nisbətən az zərər çəkmişdi. Hərçənd, monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu.

Lakin sonralar, XIII əsrin sonunda, XIV-XV əsrlərdə Bakı Xəzər dənizində başlıca liman və Dərbəndilər sülaləsi Şirvanşahlar dövlətinin paytaxtı olduqda o, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi. Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi. Bu, feodal şəhərinin tərəqqi dövrü idi.

XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa ” Xəzər yolunun açılması ilə əlaqədar Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı.

XVI əsrin sonlarında ” XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Mərkəzi hakimiyyətin güclənməsi XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan feodal ara çəkişmələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakınının şəhər həyatının inkişafına əlverişli təsir göstərdi. Şəhərə çoxlu əcnəbi tacirlər və səyyahlar gəlirlər. Onlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını, ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirlər. Şəhərin sosial həyatında tacirlərin rolu artır. Şəhərin və ölkənin bütün daxili və xarici ticarəti onların əlində cəmlənmişdi. Bakı Xəzər dənizində mühüm liman idi. Buradan tranzit yolu ilə, Avropaya, Rusiyaya və digər ölkələrə başlıca olaraq, Şamaxı ipəyi və başqa sənətkarlıq məmulatları daşınırdı. Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir. Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də, bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir.

Bakıda şəhər həyatının XVIII əsrin birinci yarısı ərzində davam edən düşkünlüyü təkcə ticarət yollarının dəyişməsi, feodal ara müharibələri və ölkənin dağılması ilə deyil, həm də, Şərqdə odlu silahın yayılması və neftin hərbi texnikada istifadə olunmasına ehtiyacın aradan qalxması ilə bağlı neft ixracının azalması ilə izah edilir. XVIII əsrin II yarısında Bakıda şəhər həyatının və ticarətin bir qədər dirçəlməsi müşahidə olunur. Bakı xanlığı 1806-cı ildə çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərin inkişaf dövrü başlanır.

1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış Gülüstan müqaviləsi ilə Şimali Azərbaycanın, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Şəhərin yüksəliş dövrü isə əsasən neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.

1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağıdıldıqdan sonra Bakı paytaxta çevrilir. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. Yuxarıda qeyd eydiyimiz amillərin təsiri nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı artaraq 214 min nəfərə çatmışdır.

Neft sənayesının inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildı Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi.

Birinci Dünya müharibəsi, ondan sonra baş vermiş hərbi müdaxilələr bütün Respublikanın və eləcədə Bakı şəhərinin iqtisadi və sosial həyatına çox mənfi təsir göstərmişdir. Belə ki, 1913-1920-ci illər arasında şəhər əhalisinin sayı 1,3 dəfə azalmış və 1920-1945-ci illərdə də bu azalma davam etmişdir. Bunun da əsas səbəbi İkinci Dünya müharibəsi və onunla əlaqədar olaraq təbii artımın aşağı düşməsi idi.

1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir. Bütün bunların nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri genişlənirdi. Bakı şəhərinin belə intensiv inkişafı şəhərin formalaşmasında mühüm rol oynamışdır.

Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində XII əsr “Qız Qalası” (“Gözətçi qülləsi”, “Göz qülləsi”), “Qala divarları”, qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş “Şirvanşahlar sarayı” (Xan sarayı), XIV-XVI əsrlərə aid “Buxaralılar karvansarayı” və “Hindistanlılar karvansarayı”, “Cümə məscidi” və s. misal göstərmək olar.

Hal-hazırda Bakı şəhərinin ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.