Press "Enter" to skip to content

Dünya birliyinə inteqrasiya – balanslı siyasətdən milli maraqlara doğru

Ötən ilin dekabrında isə Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair saziş imzaladılar. Sənədə görə, Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkiləcək. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Beləliklə, Avropanın enerji xəritəsində köklü dəyişikliklər yaşanacaq. Bu xəritəni çeşidli qaz və neft boru marşrutlarını istifadəyə verərək dəyişən Azərbaycan “qoca qitə”ni yaşıl enerji ilə də təmin edəcək.

Dünya və siyasət ağrılı olsa da, dəyişir: Bakı Forumunun “gizlin”ləri

Bakıda keçirilən X Qlobal Bakı Forumu bir çox məqamlar və aspektlər baxımından bölgə ilə yanaşı, ölkəmizdən uzaq məkanlardakı geosiyasi proseslərə təsir edəcək hadisə oldu. Eyni zamanda, Bakı Forumu Şərq və Qərbin enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlığı və maliyyə sahəsində işbirliyi müstəvilərində birgə əlaqələrin yeni perspektivlərini müəyyənləşdirdi.

Həmçinin, Azərbaycan bölgə dövlətləri və regionla qonşu ölkələrlə yanaşı, dünya birliyinə konkret, faktiki və ciddi messiclər ünvanladı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Forumun sloqanı “Dünya bu gün: Çağırışlar və ümidlər”dir. Qlobal miqyasda bəşəriyyətin üzləşdiyi problemlər, həllini tələb edən müşküllər və çözülməsi mümkün qədər sürətlə aparılması gərəkən çağırışlar fonunda ümidlər, gözləntilər və ən əsası, fəaliyyət planı xüsusi əhəmiyyət kəsb edən amillərə çevrilib.

Bakı Forumunun diqqətçəkən məqamlarına nəzər salaq:

1. Milli müqəddərat və müstəqillik. Forumda Timor-Lestenin dövlət başçısı Joze Manuel Ramuş-Ortanın çıxışı, onun qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlərdən bəhs etməsi dünyanın siyasi xəritəsində qismən yeni yaranmış sayılan dövlətlərin səsi oldu. Timor Lestenin və ya “Şərqi Timor” kimi tanınan məkanın ikinci prezidenti olan Ramuş-Orta adi siyasətçi, yaxud da dövlət xadimi deyil. Timorluların müstəqillik uğrunda mübarizəsini təşkilatçısı olan FRETİLİN təşkilatının banilərindən və rəhbərlərindən biri olan bu şəxs həm də Nobel Sülh Mükafatı laureatıdır.

Ramuş-Ortanın Bakı Forumuna dəvət edilməsi və ona nitq üçün imkan yaradılması Azərbaycanın xarici siyasətindəki innovativ dönüş, həm də yeni mərhələ sayıla bilər və sayılmalıdır da.

Şərqi Timorun milli-azadlıq liderlərindən biri, timorluların canlı əfsanəsi və ən başlıcası, bütün Okeaniya bölgəsi xalqları üçün nüfuzlu siyasətçi olan Joze Manuel Ramuş-Orta bu günədək beynəlxalq hüquqla qlobal siyasətdə antiteza olarq kəskin ziddiyyət təşkil edən iki prinsipin simbioz ola biləcəyinin nümunəsi hesab edilə bilər.

Həmin prinsiplər dövlətlərin ərazi bütövlüyü və sərhəd tozunulmazlığı aksiomunun millətin öz müqəddəratını həll etmək hüququ kimi siyasi teoremdir.

İki ziddiyyətli məqam birləşərək sivil yaşama, normal mövcudluğa təkan verə bilər.

Timor Leste olmuş Şərqi Timor buna misaldır.

Azərbaycan istənilən millətin öz müqəddəratını təyin etmək hüququnu tanıyır və buna sayğı ilə yanaşır. Lakin bir millət taleyini bir məkanda, bir dəfə bəlirləyə bilər. Yəni filippinlilər Argentinada, somalililər Sinqapurda, hutular Norveçdə, suriyalı ərəblər Rusiyada, ruslar isə Avstraliyada kompakt icma halında yaşasalar, sonradan “bu məkan qədim tarixi torpaqlarımızıqdır, öz müqəddəratımızı təyin edirik” deyərək separatçılığa başlaya bilməzlər.

Ermənilər müasir tarixdə müqəddəratlarını təyin ediblər və hazırda Ermənistan var. Belədirsə, onların hər hansı başqa dövlətin ərazisində “müqəddərat həlli”nə başlamaları aprior olaraq qanunsuzluq, separatizm sayılmalıdır.

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.

Azərbaycandakı erməni azlığına gəldikdə isə onlar Ermənistanla yekun sülh sazişi imzalandıqdan sonra normal yaşaya biləcəklər. İndiki səfalət, qorxu, xof və zooloji irqçiliklə millətçilikdən qurtularaq.

2. Nizami Gəncəvi və tarixi irs. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında “Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir” söylədi.

Dahi Azərbaycan şairinin adını daşıyan Mərkəzin təşkil etdiyi Bakı Forumu bölgə üçün geosiyasi “fikir fabrik”inə çevrilməklə yanaşı, mənəvi və tarixi dəyərlərin siyasi maraqlarla müqayisədə daha az önəmli olmadığını da vurğulayır.

Nizami Gəncəvini fars şairi elan edən və ya etməyə çalışanlar tarixi gerçəkləri unudaraq yalanlarını imperativ kimi qələmə verməyə çalışırlar.

Bakı isə iradə və qətiyyətlə bəyan edir ki, mədəniyyətinə, tarixinə və irsinə tam sahib çıxdığı üçün belə manipulyasiyalara imkan verməyəcək.

Eyni zamanda, rəsmi Bakının bu mövqeyi inkişaf etməkdə olan bütün dövlətlər üçün model sayıla bilər. Həmin dövlətlərin tarixi-mədəni irsinin bilərəkdən təhrif olunduğu, mədəni irsinin incilərinin talanaraq başqa ölkələrə aparılaraq indi muzeylərdə nümayiş etdirildiyini nəzərə alsaq, Bakı Forumunda səslənən və Gəncəvi barədə deyilən sözlər qlobal miqyasda çağırışdır.

3. Energetika və enerjidaşıyıcıları. Azərbaycanla Avropa İttifaqı arasında enerjidaşyıcılarının nəqli, xüsusilə də karbohidroen təminatı bazarının diversifikasiyası, Avropanın təbii qaz və xam neft təminatı mənbələrinin sayının artırılması istiqamətində ciddi işlər görülüb.

Belə ki, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyev tərəfindən imzalandı. Bu Memorandum hazırda icra olunur. Xatırladaq ki, Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər Azərbaycan 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.

Ukraynadakı proseslər başlayandan sonra Avropa İttifaqının təbii qaz təminatında ciddi problemlər yaranmışdı. Brüsselin yardımına Bakı yetişdi və hazırda Azərbaycan ixrac qaz boru kəmərlərini genişlənirir.

TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Və təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Ötən ilin dekabrında isə Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair saziş imzaladılar. Sənədə görə, Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkiləcək. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Beləliklə, Avropanın enerji xəritəsində köklü dəyişikliklər yaşanacaq. Bu xəritəni çeşidli qaz və neft boru marşrutlarını istifadəyə verərək dəyişən Azərbaycan “qoca qitə”ni yaşıl enerji ilə də təmin edəcək.

Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq, ölkəmiz beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevriləcək. Bütün bunlarla yanaşı, Azərbaycan yaşıl hidrogen ixrac etməyə hazırlaşır. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Xəzər dənizində ölkəmizinkülək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb. Nəticə – 157 qiqavatlıq resursumuz var. Quruda isə daha 40 qiqavatlıq potensial mövcuddur.

Dünya enerji bazarının, istehsalla istehlakın gələcəyi olan bərpaolunan, yaşıl enerji sahəsində Azərbaycan lider mövqelərdən birini tutmaqda qərarlıdır.

4. Şərq və Qərb. İkinci Dünya Savaşından sonra düşərgələrə parçalanan dünya düzəni “soyuq müharibə” illərində daha da bölündü. “Soyuq müharibə”nin başa çatmasından sonra indi Qərblə Şərq, “Qızıl Milyard”la “Qlobal Cənub” arasında ən kəskin və amansız qarşıdurmanın şahidiyik.

Aralarında uçurum yaranmış mövqelərin, amansız rəqiblərə çevrilmiş ideologiyaların arasında körpü salaraq vəziyyəti normallaşdırmaq istiqamətində görülən işlər arasında Qoşulmama Hərəkatının fəaliyyəti ön plana çıxıb. Bu strukturun ideya təməlini təşkil edən “Bandunq prinsipləri”, yəni sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı Bakı Forumundakı çıxışların, panel müzakirələrinin əsas məzmununu təşkil etdi.

5. Münxen Konfransına dəstək və rəqib. 1963-cü ilin fevralından bəri Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq Təhlükəsizlik Konfransı (Münchener Sicherheitskonferenz) xarici siyasət, qlobal geosiyasət, təhülkəsizlik və müdafiə problemləri ilə bağlı diplomatik, habelə protokol tələblərindən kənar müzakirələrin aparıldığı əsas forum sayılır.

Lakin Bakı Qlobal Forumu son dövrlərdə Münxen Konfransının həm dəstəkçisi, həm də rəqibi olub. İlk baxışdan paradoksal görünsə də, belədir: Münhxendə adətən böyük dövlətlərin və qlobal supergüclərin maraqları prizmasından digər dövlətlərin mənafelərinə olan çağırışlar müzakirə edilirsə, Bakı Forumunda diametral əks vəziyyətdir. Azərbaycan paytaxtında toplaşan indiki və sabiq dövlət, hökumət başçıları, nüfuzlu ekspertlər və analitiklər, siyasi və ictimai xadimlər geosiyasi maraqların xalqların mənafeləri ilə uzlaşmasını təmin etməyə çalışırlar.

Təhlükəsizlik məsələləri baxımından Münxen Konfransına dəstək olan Bakı Forumu inkişaf etməkdə olan dövlətlərin və hüquqlarının təminatını tələb edən xalqların səsini dünya miqyasına çatdırmaqda Almaniyadakı geosiyasi tədbirin rəqibidir.

Səbəb göz önündədir.

Bakı Qlobal Forumu xalqların və dövlətlərin üzləşdiyi çağırışlara ümiddir.

Fəaliyyət sloqanından anlaşıldığı kimi.

Milli.Az

Dünya birliyinə inteqrasiya – balanslı siyasətdən milli maraqlara doğru

Müstəqilliyin ilk illlərində Azərbaycanın dünya birliyinə inteqrasiyası – beynəlxalq təşkilatlara üzvlük, qonşu dövlətlərlə münasibətlərdə balansın təmin edilməsi həyati əhəmiyyət kəsb edirdi. Gənc dövlət olaraq Azərbaycan müstəqilliyini qorumaq, möhkəmləndirmək üçün bəzən ağır öhdəliklər götürməklə beynəlxalq təşkilatlara üzv olur, xarici dövlətlərlə münasibətlərdə mövcud imkanlarını, gücünü nəzərə alaraq güzəştlərə getməli olurdu.

Zaman keçdikcə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi qüdrətini, hərbi gücünü artırdı, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirdi. Artıq bu gün Rəsmi Bakı xarici siyasət metodunda dəyişikliklər edərək balanslaşdırılmış xarici siyasi kursdan milli maraqlara söykənən kursa keçid edib.

İlham Əliyev: “Biz balans axtarmırıq”

Bu barədə ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində bildirib.

“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq. Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, – təbii ki, Ermənistan istisna olmaqla, – dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır”, deyə Prezident İlham Əliyev qeyd edib.

Siyasi ekspertlər hesab edir ki, Azərbaycan nəinki yaxın qonşularla, hətta daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradır. Nəhəng, transmilli layihələri həyata keçirmək üçün rəsmi Bakı coğrafi baxımdan uzaqda yerləşən dövlətlərlə sıx əlaqələr qurmalı, əməkdaşlıq etməlidir.

Elman Nəsirov: “Bütün addımlar milli maraqların müdafiəsinə yönəlib”

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov hesab edir ki, Azərbaycan dünya birliyinin layiqli üzvü olmaqla yanaşı, qonşu və regional dövlətlərlə yaxşı münasibətlər qurur: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür. Sözün həqiqi mənasında,ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərlə sıx əlaqələr qurub. Müsəlman ölkələri digər beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edir. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləyir.

Biz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının üzvüyük. Hərəkat Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Azərbaycanın 155 ölkənin dəstəyi ilə 16 turdan sonra BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi dünyada bizə olan rəğbətin göstəricisi idi. Bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib prinsiplərindəndir. Bu prinsipləri Heydər Əliyev belə ifadə edib: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq”.

Həmsöhbətimiz bildirir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası ərazi bütövlüyümüzün təmin edilməsi üçün vacibdir: “Ölkəmiz Avratlantik Tərəfdaşlıq Şurası, “Sülh naminə tərəfdaşlıq Proqramı” çərçivəsində NATO ilə əməkdaşlıq edir, Separatizmə, terrora, regional təhlükəsizliyə qarşı da birgə mübarizə aparırıq.
Bu gün Azərbaycan Avropa İttifaqı və Avropa Şurası ilə çoxtərəfli əlaqəlar qurub.
Azərbaycanın xarici siyasətində bütün addımlar milli maraqların müdafiəsinə yönəlib. Bizim daxili siyasətdə qazandığımız uğurlar, xarici siyasətdə mövqelərimizi beynəlxalq aləmdə möhkəmləndirməklə tamamlanır. Bu da nəticə etibarı ilə Azərbaycanı daha da gücləndirir. Ermənistan istisna olmaqla biz bütün dövlətlərlə əməkdaşlıq edir, əlaqələr qururuq. Təsadüfi deyil ki, Azərbaycan bu gün çox mühüm layihələrin əsas iştirakçısına çevrilib. Məhz qonşularla bizim mehriban münasibətlərimiz sayəsində bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində Cənubi Qafqazdan iştirak edən yeganə ölkədir. Eyni zamanda, bu gün Azərbaycan Avrasiya nəqliyyat qovşağının mühüm mərkəzinə çevrilib. Bu da bizim tarixi nailiyyətlərimiz sırasındadır. Şübhəsiz ki, Azərbaycan milli maraqlara söykənən siyasəti nəticəsində ciddi nüfuz qazanıb”.

Qeyd edək ki, Azərbaycanın dünyaya inteqrasiyası beynəlxalq təşkilatlara üzvlüyü, böyük iqtisadi layihələrdə iştirakı ilə yekunlaşmır. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli sərgi, forum, konfrans və idman yarışlarını da dünya birliyinə inteqrasiyanın vacib elementlərindən biri saymaq olar. 2012-ci ildə ölkəmizdə keçirilən Evrovision musiqi yarışması, 2015-ci ildə Birinci Avropa Oyunları, “Formula-1” yarışları Azərbaycanın dünyada tanıdılması baxımından böyük fürsət oldu və biz bu fürsətdən yararlana bildik.

Xarici siyasətimizin əsas məqsədi – Dağlıq Qarabağ

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, siyasi ekspert Nizami Cəfərsoyun sözlərinə görə, Azərbaycanın dünya birliyinə inteqrasiyası və qonşu ölkələrlə münasibətlərinin kökündə üç faktor dayanır: “Bunlar milli müstəqilliyin qorunması, ərazi bütövlüyü və suverenliyin təmin edilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Hazırda milli müstəqilliyimizə hər hansı təhlükə qalmayıb. Müsətilliyimizin qorunması və gücləndirilməsi istiqamətində görülən işlər müsbət effektini verib və uğurlu alınıb. Xarici siyasətimizdə əsas məqsədlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı dəstək qazanmaq və real nəticələr əldə etməkdir. Bu sahədə müəyyən problemlər qalmaqdadır.

Rusiya və İranın son siyasəti – Ermənistan prezidenti Nikol Paşinyana isti münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeləri Azərbaycanın milli maraqlarına hec də cavab vermir. Belə olan halda balanslaşdırılmış xarici siyasət bizim milli maraqlarımıza heç də uyğun gəlməyə bilər”.

N.Cəfərsoy qeyd etdi ki, beynəlxalq münasibətlərin elmi nəzəriyyəsini yazan alimlərdən olan Hans Morgentau “dövlətlərarası siyasət” əsərində dövlətlərin xarici siyasi kursları ilə bağlı geniş bilgilər verib: “Balanslaşdırılmış xarici siyasətin özü də milli maraqlardan doğur. Geoiqtisadi, geosiyasi, geomədəni durum, təhlükəsizlik konsepsiyası, daxili reallıqlar xarici siyasətin metodunu müəyyən edir. Yəni biz onsuz da milli maraqlarımıza uyğun olmayan siyasəti balanslaşdırılmış xarici siyasətdə həyata keçirmirdik. Milli maraqlar xarici siyasətin hədəfi, balanslaşdırılmış siyasət isə xarici siyasətin metodudur. Azərbaycanda balanslaşdırılmış xarici siyasəti mərhum prezident Heydər Əliyev tərəfindən həyata keçirilirdi. Çünki o dövrdə dövlətin xarici siyasət qurumları yetərincə inkişaf etməmişdi. Ona görə də, xarici siyasətlə bağlı məsələləri Heydər Əliyev şəxsən müəyyən edir və o qərar verirdi. Yəni hamıya nə çox uzaq-nə çox yaxın siyasət prioritet idi”.

Medianın üzərinə düşən vəzifə

Hazırda Azərbaycanın xarici siyasi kursunda əsas strategiya dünya birliyinə inteqrasiya və qonşularla yaxşı münasibət qurmaqla ölkəmizin siyasi, mədəni və iqtisadi maraqlarını qorumaq, işğalçı Ermənistanı regional layihələrdən təcrid etməkdir. Bu yolla rəsmi Bakı Ermənistana təzyiqləri gücləndirir ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya bilər. Ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik, inkişaf tempi Azərbaycanı daha cəlbedici ölkə edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil.
Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında xarici siyasətdə vacib elementlərdən birinin üzərində xüsusilə dayandı. Söhbət Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq media qurumlarında işıqlandırmaqdan gedir. Bu mənada Azərbaycan jurnalistikasının üzərinə böyük vəzifə düşür. Təəssüf ki, dünyanın inkişaf etmiş ölkələrində erməni əsilli jurnalistlərin sayı azərbaycanlı jurnalistlərin sayından daha çoxdur. Transmilli media qurumlarında fəaliyyət göstərən erməni jurnalistlər əllərinə düşən fürsətlərdən işğalçı Ermənistanın maraqları üçün istifadə edirlər. Azərbaycan dövləti bu boşluğu aradan qaldırmaq üçün jurnalistika fakültələrində xarici dil tədrisinə xüsusi önəm verməli, jurnalistlər üçün dil kursları təşkil etməlidir.

Həmçinin media rəhbərləri, jurnalistlər qonşu dövlətlərlə münasibətlərə xələl gətirə biləcək yazılardan, tele-sujetlərdən uzaq olmalıdırlar.

Ruslan Xəlilov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.