Press "Enter" to skip to content

Azərbaycan solunun qısa tarixi – I hissə

Azərbaycanda qadın haqları ilə bağlı müddəlar ilk dəfə “Hümmət” partiyasının nizamnaməsində qeyd olunmuşdu. Millətçi və mühafizəkar partiyalar qadın haqları məsələsinə skeptik yanaşırdı. Qadınların siyasi həyatda roluna mənfi baxış hakim idi. Azərbaycandakı partiyalardan təkcə “Hümmət” partiyasının qadın qolu var idi (Sultanova, 1970:27). Rusiyadakı qadınların seçmə və seçilmə hüququ ilk dəfə Fevral inqilabından sonra, konkret desək, 1917-ci ilin iyulun 20-də qəbul edilmişdi (Saarinen, Ekonen, Uspenskaya, 2014:40). Bu o deməkdir ki, Azərbaycan qadınları bu haqqı hələ Azərbaycan Demokratik Respublikası qurulmasından əvvəl əldə etmişdi. Bu hüquqdan ilk dəfə isə 1917-ci ilin noyabrın 26-28-də Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilər zaman istifadə edildi (Balayev, 1998:63). Lakin ADR-in qurulmasından qısa müddət sonra Osmanlının təzyiqi ilə qadınlara verilən seçki hüququ əllərindən alındı. Yalnız ingilislərin Zaqafqaziyaya gəlməsindən 2 gün sonra – 1918-ci ilin noyabrın 19-da seçki hüququ haqqında qanunla yenidən bu haqq qadınlara geri verildi (Həsənli, 2009:162). Bu qəbul edilmiş qanun ADR hökumətinin mövqeyini əks etdirmirdi. Parlamentə “Daşnaksütyun” partiyası üzvlərinin qəbulu, eləcə də qadına seçki hüququ tanınması ingilislərin rəğbətini qazanmaq üçün həyata keçirilmişdi. İran nümayəndə heyətinin rəhbəri olan Seyid Ziyaəddin Təbətabainin 23 dekabr 1919-cu ildə Həsən bəy Ağayevlə söhbətində bunu müşahidə etmək mümkündür: “Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın sədri Həsən bəy Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iştirakını bu gün Azərbaycanın tələblərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya inqilabından sonra orada yaşayan bütün millətlərə bu hüquq verilib və biz də geri dönə bilmərik. İkincisi erməni və digər qeyri müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əgər müsəlman qadınlarını bu hüquqdan məhrum etsək, seçkilərdə çoxluq müsəlmanların əlində olmayacaqdır. Bununla belə, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlar seçilmək hüququndan məhrum olsunlar”. (Mehdiyev, 2017:113-114). Göründüyü kimi, qadınlara seçki hüququ onların haqqı olduğu üçün deyil, seçkidə çoxluqda olmaq üçün lazım idi. ADR-in mövcud olduğu 23 ay ərzində heç bir seçki keçirilmədi, qadınların siyasətdə rolu ümumiyyətlə yox idi. Bundan başqa, ADR dövründə şəriət qanunları hakim idi. Evlilik yaşı 9 qəbul olunmuşdu, müvəqqəti nikah (siğə) geniş tətbiq olunurdu. Şəfiqə Qaspıralı həyat yoldaşı olmuş ADR Baş naziri Nəsib bəy Yusifbəylidən siğə evliliyi səbəbi ilə boşanmışdı (Əhmədova, 2013:26).

Azrbaycanın qısa tarixi

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülaim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.

Memarlıq tarixdir – insanlıq tarixi. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.

Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ə. IX-VII yüzillər), daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər əmələ gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrın tədqiqi göstərir ki, VII yüzildən eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) dövrümüzədək gəlib çatmışdır.

Qafqaz Albaniyası dövründə (e.ə. IV yüzil – eramızın VII yüzili) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi (“uzun divarlar”), Çıraqqala (VI yüzil), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI yüzillər), Qum kəndindəki bazilika (təqribən VI yüzil), Mingəçevirdəki məbədlər kompleksi (VII yüzil) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Dəvəçi rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.

Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə “bu yerlərin Bağdadı” adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.

XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.

XV yüzilin sonu – XVI yüzilin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.

XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların “imzaları” qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.

XVII-XVIII yüzillərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif aidiyyətli binaların tikintisi genişləndi. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edildi. Karvansaralar Şərqdə, o cümlədən Azərbaycanda özgün ictimai tikili olmuşdur. Həmin çağda Azərbaycan şəhərlərinin strukturunda yaşayış evləri və məscidləridən sonra karvansaralar və onlarla bilavasitə bağlı olan ticarət tikililəri önəmli yer tuturdu. XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.

XIX yüzil Azərbaycan memarlığı rus şəhərsalma sənəti əsasında şəhərlərin böyüməsi və inkişafı, Gəncə, Şamaxı, Bakı kimi şəhərlərin baş planlarının işlənib hazırlanması ilə səciyyələnir. Bu prosesə uyğun olaraq, şəhər tipli yaşayış evləri inkişaf edir.

Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb elədi. XIX yüzilin ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması və yayılması Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi. Artıq XIX-XX yüzillərin ayrıcında neft sənayesinin sürətli inkişafı dövründə Bakı-Rusiya imperyasının iri şəhərlərindən birinə çevrilmişdi.

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, indiki Rəsulzadə, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi.

20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur.

Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işəlri aparıldı və yeni binalar tikildi.

50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintində sənaye bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə kombinatlarında hazırlanan sənaye əsaslı eyni tipli evlərin tikintisi tutdu.

Məhz bu üsulun sayəsində qısa müddət ərzində iri yaşayış massivləri salındı.

1960-cı illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.

Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılmışdır. Bunların tam əksəriyyəti ümummilli liderimiz o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir.

Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük üzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bu günkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır. 60-cı illərin sonu – 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), “Bakı” (H.Məcidov), “Qarabağ” (E.R.Mixisedekov), “Azərbaycan”, “Moskva”, “Abşeron” mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivinin binası (Ş.Zeynalova, Y.Qədimov), “Nigah sarayı” (İ.Əliyev) “Gülüstan” şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), “Şərq bazarı” ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), “Şərq bazarı” kompleksinin 2-ci növbəsi (U. Revazov, P. Yarinovski), 18 mərtəbəli Hesablama Mərkəzi (T. Xanlarov, H. Muxtarov) və s. tutum-məkanquruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir.

Bakının sürətlə genişlənməsi nəticəsində şəhərin ayrı-ayrı rayonları arasında nəqiliyyat əlaqəsi çətinləşdiyindən metropoliten tikintisi zərurətə çevrildi. Maraqlıdır ki, hələ Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər idi.

Bununla belə, son yüz ildə Azərbaycanın memarlıq irsi böyük itkilərə uğramışdır.

Bu azmış kimi 1990-cı ildən Ermənistanın Azərbaycana qarşı başladığı Qarabağ müharibəsi nəticəsində ümumi Qarabağ və ətraf rayonlar (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam) işğal olundu. Bu ərazilərdə qalan çoxsaylı Azərbaycan abidələri məhv edildi.

Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (196 8), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs. (1980) Nardaran kəndi (1992), Qədim Şabran şəhəri (2002), Qax r. İlisu kəndi (2002), Ordubad r. Arpaçay vadisi (2002), Şabran rayonu Çıraqqala (2002), Şəki rayon Kiş kəndi (2003), Hacıqabul rayon Pir Hüseyn xanəgahı (2004) Azərbaycan memarlığı tarixi qoruğu elan edilmişdir.

Azərbaycan solunun qısa tarixi – I hissə

Azərbaycanda sosializmin tarixi ilk olaraq Məzdəkilər hərəkatı (481-529) ilə başlayıb. Hərəkatın lideri Məzdək insanlar arasında bərabərlik, mülkiyyətin ləğv edilməsi və ailə institutunun dağılması mövzusunda fikirləri ilə məşhurlaşmışdı. O, eyni zamanda dünya tarixində ilk sosialist şəxsiyyət hesab edilir (Bradley, 2008:48). VI əsrdə məhv edilən məzdəki ideologiyası 200 ildən sonra ərəb işğalına müqavimət çərçivəsində yenidən formalaşdı. Öz mübarizəsində qırmızı bayraqdan istifadə edən məzdəkilərin davamçısı olan xürrəmilər utopik sosialistlər idi (Petruşevski, 1966:277). Bu səbəbdən Sovet dövründə xürrəmi hərəkatı və onun lideri Babək ölkədə geniş formada təbliğ edildi, haqqında filmlər çəkildi, heykəllər qoyuldu. Lakin nə Məzdək, nə də Babək müasir Azərbaycan xalqını təmsil etməyib. Onlar mübarizələrini İran çərçivəsində aparırdı.

Şimali Azərbaycanın 1828-ci ildə Çar Rusiyasına birləşdirilməsindən sonra Avropa ilə birbaşa əlaqənin yaranması ölkədə siyasi ideologiyaların formalaşması ilə nəticələndi. Xüsusilə general Yermolovun məktəblərdə fars dilini qadağan edərək onun yerinə türk dilini (indiki Azərbaycan dili) təşviq etməsi yeni inteligensiyanın yaranmasında böyük rol oynadı (Mirzə Fətəli Axundov, 2005:30-31). Azərbaycanın ilk sosialisti Həsən bəy Zərdabi hesab edilir. O, Rusiyada formalaşan aqrar sosializmin bir forması olan narodniklərdən təsirlənmişdi (Swietochowski, 1988:48). 1875-ci ildə nəşr edilən “Əkinçi” qəzeti sosialist xarakterli yazılar yayımlayırdı. Qəzetin iki il sonra Çar hökuməti tərəfindən bağlanma səbəblərindən biri də bu idi (Sakal, 1999:5). XX əsrin əvvəllərində Azərbaycanda sosialist hərəkatı gücləndi. 1906-cı ilin fevralında nəşr edilən “İrşad” qəzeti ölkədəki radikal solu təmsil edən ilk mətbu orqan idi. Qəzet Fransa inqilabının rəsmi şüarından – “Liberte, Egalite, Fraternite” (Azadlıq, Bərabərlik, Qardaşlıq) istifadə edirdi (Swietochowski, 1988:86-87). Yakobin diktaturasından təsirlənən bu qəzetdə Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Məşədi ƏzizbəyovSultan-Məcid Əfəndiyev işləyirdi.

Partiya çərçivəsində mübarizə

XX əsrdə Rusiyada güclənən sosialist hərəkat öz təsirini Zaqafqaziyada da göstərdi. 1904-cü ildə qurulan “Hümmət” partiyası islam dünyasında ilk sosial-demokrat təşkilat idi (Bayramov, 1987:73). Rusiya Sosial Demokrat Fəhlə partiyasının (RSDFP) bolşevik qanadının qolu kimi fəaliyyət göstərən bu partiya faktiki olaraq müstəqil fəaliyyət göstərirdi. Partiyanın əsas üzvləri Əsədulla Axundov, Məşədi Əzizbəyov, Məhəmməd Əmin Rəsulzadə, Sultan-Məcid Əfədiyev idi.[1] Daha sonra onlara Nəriman Nərimanov da qoşuldu. Xalqların öz müqqəddəratını təyinetmə hüqunu əsas prinsip hesab edən “Hümmət” partiyası Azərbaycanın müstəqilliyinin tərəfdarı olan yeganə partiya idi (Sovokin, 1987: 227). “Müsavat” partiyası isə yarandığı dövrdə əvvəlcə Rusiyada yaşayan bütün müsəlman xalqların ölkə daxilində mədəni muxtariyyətini, Gəncədəki Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşdikdən sonra isə Azərbaycanın Rusiya daxilində ərazi muxtariyyətini istəyirdi (İsxakov, 2004:514). Sağçıların solçularla siyasi fərqliliyi özünü 1-ci dünya müharibəsi zamanı göstərdi. “Hümmət” partiyası müharibəyə imperialist savaş olduğu üçün qarşı çıxdı. “Müsavat” partiyası isə Çar Rusiyasının Osmanlının daxil olduğu “Üçlər İttifaqı”na qarşı müharibəsini dəstəkləmişdi (Altstadt, 2013:74).

Sosialistlər 1917-1920-ci illərdə

Çar Rusiyasının 1917-ci ilin martında dağılmasından sonra Azərbaycanda “Hümmət” partiyasının aktivliyi artmağa başladı. Lakin ilk dəfə bu dövrdə sosialistlərin dövlət idarəçiliyi məsələsində mövqelərində fərqli fikirlər ortaya çıxdı. 1917-ci ilin iyulunda “Hümmət” partiyası iki hissəyə bölündü. Bakıdakı “Hümmət” bolşevik mövqesində qaldı. Tiflisdə formalaşan “Hümmət” isə menşevik qanadına keçdi. Tiflisdəki menşevik qrupunun əsas üzvləri İbrahim Əbilov, Səməd ağa AğamalıoğluƏliheydər Qarayev idi (Nikolayeviç,1996:172). Bir müddət sonra Tiflisdə “Hümmət”in bolşevik qanadı formalaşdırıldı. Bu qrupun üzvləri Əşrəf Yüzbaşov, Yusif Axundov, Nağı Bağırov, Teymur NovruzzadəƏli Tağızadə idi (Quliyev, 1985:289). Lakin onların Gürcüstandakı kütlələlərə təsiri minimal şəkildə qaldı. Ümumiyyətlə, bolşeviklərin Zaqafqaziyada ən güclü olduqları ərazi Bakı idi. Bu səbəbdən onlar 1917-ci il noyabrın 2-də burada hakimiyyəti ələ keçirərək Bakı Sovetini qurdular (Suny,1990:163). Bakı Soveti RSFSR-in tərkibində formalaşmış qurum idi (Topornin, 1987:225). Müəyyən dövr ərzində kommunanın idarəetməsində bolşevik Nəriman Nərimanov, Məşədi Əzizbəyovsol eser Mir Həsən Vəzirov kimi azərbaycanlılar iştirak etsə də Bakı Soveti heç vaxt Azərbaycan solunun bir hissəsinə çevrilmədi. Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri Stepan Şaumyan ideoloji olaraq özünü bolşevik adlandırsa da daha çox rus millətçisi kimi hərəkət edirdi. O, dövlət dilinin rus dili olmasını müdafiə edirdi, xalqların öz müqqəddəratını təyinetmə hüququnu isə qəbul etmirdi. Bu səbəbdən Lenin onu tənqid etmişdi (Akopyan, 1973:91-96). Şaumyanın mövqeyi azərbaycanlı əhali arasında sosialist ideologiyanın yayılmasına imkan vermədi. Bu isə Bakı kommunasının 1918-ci ilin iyulun 31-də süquta uğramasında böyük rol oynadı. Bakı kommunasının ləğvi ilə “Hümmət”in bolşevik qanadı ağır zərbə aldı. Bu təşkilatın bütün rəhbərləri (Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Mövsüm Qədirli, Ayna Sultanova, Qəzənfər Musabəyov) Rusiyaya getdilər.[2] “Hümmət”in menşevik qanadı isə Tiflisdən Bakıya köçdü. Menşeviklərdən Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov Azərbaycan Demokratik Respublikası parlamentində təmsil olundular. Əliheydər Qarayev həm Gürcüstan, həm də Azərbaycan parlamentində deputat olmuş yeganə şəxsiyyət idi.[3] (Quseynov, 1976:14).

Bundan başqa, Azərbaycan parlamentində “Hümmət”(m) partiyası ilə müttəfiqlik edən Müsəlman Sosialist Bloku fəaliyyət göstərirdi. Bu blokun əsas üzvləri Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Camo Hacınski, Məhəmməd Məhərrəmov idi (Həsənli, 2009:33). Müsəlman Sosialist Bloku sosial sahələrdə menşeviklərlə ittifaqda olsa da ADR hökumətinə daha çox loyal münasibət göstərirdi. Hökumət ən çox menşevik qanaddan güclü təzyiqə məruz qalırdı. Sosial sahələrdə fərqliliyə baxmayaraq milli məsələlərdə Sosialist Blok birlikdə hərəkət edirdi. Belə ki, 1919-cu ildə ADR hökumətinin Britaniyanın protektoriatı formasında İranla birləşmə qərarına sosialistlər sərt formada qarşı çıxmışdı. Bu layihə istər İran, istərsə də Azərbaycan parlamentində təsdiqlənmədiyi üçün reallaşmadı (Starr, 1994:282). 1919-cu il mayın 1-də Bakıda menşeviklər və bolşeviklər “Müstəqil Sovet Azərbaycanı” şüarı ilə şəhərin küçələrinə çıxdılar. Bu mitinqdən 1 gün sonra “Müstəqil Sovet Azərbaycanı” layihəsi Bakı partiya təşkilatının proqramı kimi təsdiqləndi (Aqayan, 1974:9). Anastas Mikoyan mayın 22-də Leninə yazdığı məruzəsində Bakı təşkilatının Azərbaycanın müstəqilliyini tanıdığını bildirdi. 1919-cu ilin mayın 28-də müstəqilliyin bir illiyi münasibəti ilə keçirilən tədbirlərə menşeviklər də qatıldı. Onlar mitinq zamanı fəhlələri öz tərəfinə çəkərək “Yaşasın müstəqil Azərbaycan Sovet Sosialist Respublikası” şüarları səsləndirmişdi (Karayev, 1926:20). Menşeviklərə bu məsələdə sol eserlərin partiyası dəstək verirdi. Bu partiyanın fəal üzvləri Ruhulla Axundov, Səid Qazıbəyov, Həbib Cəbiyev, Əli Bayramov idi (İskenderov, 1963:29).

Sol eserlər bolşeviklərdən fərqli olaraq proletariat diktaturasının əleyhinə idi və kommunizmə inanmırdı. Bu qrup Azərbaycan SR-in müstəqilliyinin tam tanınmasının, onun idarəçilərinin azərbaycanlılardan təşkil edilməsinin tərəfdarı idilər. Milli məsələlərdə bolşeviklərlə yaxınlıq onların 1919-cu ilin iyun ayında “Hümmət”(b) partiyasına qoşulması ilə nəticələndi (Mamedova, 2004:36). Bu dövrdə artıq Rusiyada Azərbaycanın müstəqilliyini tanıması məsələsi ciddi müzakirə olunurdu. Anastas Mikoyan, Serqo Orconikidze kimi bolşeviklər Azərbaycanın müstəqilliyinin lehinə idi (Aqayan,1974:8). Nəticədə 1919-cu ilin iyulun 19-da Rusiya SFSR Azərbaycan Sovet Respublikasının müstəqilliyini tanıdı. Azərbaycanın müstəqilliyinin tanınmasından sonra ölkədəki bütün sol partiyaları vahid mərkəzdə formalaşdırılması prosesinə başlanıldı. Lakin bu məsələ ciddi fikir ayrılıqlarına səbəb oldu. Mirbəşir QasımovDadaş Bünyadzadə vahid Azərbaycan Kommunist Partiyasının yaradılmasını qəbul etsələr də bu partiyaya rusların və ermənilərin üzv olmasına razı deyildilər. Onlar partiya məsələsini milli məsələ hesab edirdi. (Baberovski, 2010:116). Sol eserlərin nümayəndəsi Ruhulla Axundov da bu məsələdə sərt mövqedə idi. Menşeviklər isə ümumiyyətlə vahid partiya olmağın əleyhinə çıxış edirdi. Sonda kompromis əldə olundu. 1920-ci il fevralın 11-də və 12-də keçirilən ilk qurultayda sol partiyalar Azərbaycanda Kommunist Partiyasının qurulduğunu elan etdilər. Mirzə Davud Hüseynov Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri seçildi (Balayev, 1998:59). Azərbaycan KP-nin yaranması ölkədə kommunistlərin mövqeyini xeyli gücləndirdi. Onlar adətən gizli görüşlərini fəhlə klubunda həyata keçirirdi. ADR hökuməti martın 15-də Dadaş Bünyadzadə, Sumbat Fətəlizadə, Qasım İsmayılov, Əli Bayramovun içində olduğu bir çox kommunisti həbs edərək fəhlə klubunu bağladı (Bayramov, 1984:170). Bu hadisə hökumətə qarşı çox güclü etirazlara səbəb oldu. Qazax mahalında üsyan edən Müseyib Əliyevin rəhbərliyindəki dəstə Tovuz və Qazaxı ələ keçirdi. Müsavat hökumətinə qarşı ikinci uğurlu üsyan Qaryagində (indiki Füzuli) baş verdi.

Mart ayının sonunda isə Zəkəriyyə Balaxlinski Zaqatalada rəhbərliyi ələ keçirərək Bakıya tabe olmadığını bildirdi (Sumbatzade, 1972:212). Müsavat hökumətinin çökməsində sosialist nazirlər də böyük rol oynadı. Fəhlə klubunun bağlanmasına etiraz edən Əhməd bəy PepinovCamo bəy Hacınski istefa verdi (Agamaliyeva, Xudiyev, 1994:85). Həbs edilmiş kommunistlərdən Əli Bayramovun başı kəsilmiş formada meyidinin tapılması minlərlə insanın küçələrə çıxması ilə nəticələndi. “Əhrar” partiyasının rəhbəri Aslan bəy Qardaşovun koalisiyadan çıxmasından sonra hökumət dağıldı. Çarəsiz qalan “Müsavat” partiyası sol fraksiyasının üzvü olan Məmməd Həsən Hacınskiyə hökumət qurmağı təklif etdi. Hacinski bolşeviklərlə danışıqlar apardı və nazir vəzifələri təklif etdi. Lakin güclərinə arxayın olan bolşeviklər bundan imtina etdilər. Hacinski hökuməti qura bilmədiyi üçün “Müsavat” partiyasından istefa verdi və bolşeviklərin tərəfinə keçdi. General Əliağa Şıxlinskinin bolşeviklərlə əməkdaşlıq etməsindən sonra hökumət orduda mövqeyini itirdi (İbragimov, 1975:76). Bu vəziyyətdə Həmid Sultanovun rəhbərliyindəki Azərbaycan İnqilab Komitəsi aprelin 27-də Xəzər donanması, Azərbaycan milli ordusunun bolşeviklərin tərəfinə keçmiş qüvvələri və Anadolu türklərindən ibarət “Yardım alayı”nın sayəsində Bakıda nəzarəti tam olaraq ələ keçirdi. Parlamenti mühasirəyə alan kommunistlər dərhal hakimiyyətin bolşeviklərə verilməsini tələb etdilər. Çarəsiz vəziyyətdə qalan ADR hökuməti aprelin 27-i axşam saat 23:25 radələrində təslim oldu (Darabadi, 2013:255). Çevrilişə dəstək kimi nəzərdə tutulan XI Qızıl Ordu aprelin 28-də səhərə yaxın Bakıya gəldi. Beləliklə, 1919-cu ilin iyulun 19-da Nəriman Nərimanovun rəhbərliyində formalaşan Azərbaycan SSR hökuməti 9 ay sonra Bakıya köçdü.

Dil məsələsi

XX əsrin əvvəllərində Azərbaycan ziyalıları arasında əsas müzakirə mövzularından biri dil məsələsi olmuşdur. Bu dövrdə ölkədə 2 cür xətt tərəfdarları – “Füyuzat” və “Molla Nəsrəddin”çilər bir-biri ilə aktiv şəkildə mübarizə aparırdılar. “Füyuzat”çılar danışıq dilinin Osmanlı türkcəsində olmasını, sosialistlər isə sadə danışıq dilində olması tərəfdarı idi. Bütün Şərqdə populyar olan “Molla Nəsrəddin” jurnalı sosialist təmayüllü idi (Dekhoda, 2016:3). Dil məsələsi sonrakı dövrdə də sosialist “Hümmət” ilə millətçi “Müsavat” arasında ciddi rəqabət mövzusuna çevrildi. Təsadüfi deyil ki, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının rəsmi dili Osmanlı türkcəsi elan edilmişdi (Shaffer, 2002:39). Azərbaycan Milli Şurasının 1-ci sədri olmuş Məhəmməd Əmin Rəsulzadə BDU-da “Osmanlı ədəbiyyatı tarixi” fənnini tədris etmişdi (Yagublu, 2015:122).Yalnız Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra əhalinin danışdığı dil rəsmi status qazandı. “Müsavat” partiyasının liderlərindən olan Mirzə Bala Məmmədzadə öz yazdığı kitabda bu qərara etiraz edərək danışdığımız dili “proletar küçə jarqonu” adlandırmışdı (Mehmetzade, 1991:55). Sosialistlərlə müsavatçıların mübarizəsi təkcə dildə deyil, eyni zamanda əlifba məsələsində gedirdi. Rəsulzadə Azərbaycan SSR-in ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçidini tənqid etmişdi (Karakılıç, Aydın, 2010: 188-189).

Qadın haqları

Azərbaycanda qadın haqları ilə bağlı müddəlar ilk dəfə “Hümmət” partiyasının nizamnaməsində qeyd olunmuşdu. Millətçi və mühafizəkar partiyalar qadın haqları məsələsinə skeptik yanaşırdı. Qadınların siyasi həyatda roluna mənfi baxış hakim idi. Azərbaycandakı partiyalardan təkcə “Hümmət” partiyasının qadın qolu var idi (Sultanova, 1970:27). Rusiyadakı qadınların seçmə və seçilmə hüququ ilk dəfə Fevral inqilabından sonra, konkret desək, 1917-ci ilin iyulun 20-də qəbul edilmişdi (Saarinen, Ekonen, Uspenskaya, 2014:40). Bu o deməkdir ki, Azərbaycan qadınları bu haqqı hələ Azərbaycan Demokratik Respublikası qurulmasından əvvəl əldə etmişdi. Bu hüquqdan ilk dəfə isə 1917-ci ilin noyabrın 26-28-də Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilər zaman istifadə edildi (Balayev, 1998:63). Lakin ADR-in qurulmasından qısa müddət sonra Osmanlının təzyiqi ilə qadınlara verilən seçki hüququ əllərindən alındı. Yalnız ingilislərin Zaqafqaziyaya gəlməsindən 2 gün sonra – 1918-ci ilin noyabrın 19-da seçki hüququ haqqında qanunla yenidən bu haqq qadınlara geri verildi (Həsənli, 2009:162). Bu qəbul edilmiş qanun ADR hökumətinin mövqeyini əks etdirmirdi. Parlamentə “Daşnaksütyun” partiyası üzvlərinin qəbulu, eləcə də qadına seçki hüququ tanınması ingilislərin rəğbətini qazanmaq üçün həyata keçirilmişdi. İran nümayəndə heyətinin rəhbəri olan Seyid Ziyaəddin Təbətabainin 23 dekabr 1919-cu ildə Həsən bəy Ağayevlə söhbətində bunu müşahidə etmək mümkündür: “Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın sədri Həsən bəy Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iştirakını bu gün Azərbaycanın tələblərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya inqilabından sonra orada yaşayan bütün millətlərə bu hüquq verilib və biz də geri dönə bilmərik. İkincisi erməni və digər qeyri müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əgər müsəlman qadınlarını bu hüquqdan məhrum etsək, seçkilərdə çoxluq müsəlmanların əlində olmayacaqdır. Bununla belə, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlar seçilmək hüququndan məhrum olsunlar”. (Mehdiyev, 2017:113-114). Göründüyü kimi, qadınlara seçki hüququ onların haqqı olduğu üçün deyil, seçkidə çoxluqda olmaq üçün lazım idi. ADR-in mövcud olduğu 23 ay ərzində heç bir seçki keçirilmədi, qadınların siyasətdə rolu ümumiyyətlə yox idi. Bundan başqa, ADR dövründə şəriət qanunları hakim idi. Evlilik yaşı 9 qəbul olunmuşdu, müvəqqəti nikah (siğə) geniş tətbiq olunurdu. Şəfiqə Qaspıralı həyat yoldaşı olmuş ADR Baş naziri Nəsib bəy Yusifbəylidən siğə evliliyi səbəbi ilə boşanmışdı (Əhmədova, 2013:26).

Azərbaycan qadınları real hüquqlarını ölkədə Sovet hakimiyyətinin qurulmasından sonra əldə etdilər. Bir qadına bir kişi ilə bərabər işləmək və istirahət etmək, bərabər maaş, sosial sığorta və təhsil almaq hüquqlarına zəmanət verildi. 18 yaşına çatmış bütün qadınlara səsvermə hüququ verildi. Konstitusiyaya uyğun olaraq qadınlar və kişilərə bərabər əməkhaqqının tətbiqi, analıq və uşaqlıq hüquqlarının qorunması, evlilik və boşanma ilə bağlı qərarlar və qadınların kişilərlə bərabərliyini təsdiq edən bir sıra digər fərmanlar verildi. 21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman hazırlandı. Çoxarvadlılıq, müvəqqəti nikah (siğə), qızların evlənməyə məcbur edilməsi qadağan edildi, şəriət qanununa görə əvvəllər tətbiq edilən qızlar üçün evlilik yaşı 9-dan 16-ya qaldırıldı (Hayat, 2014:88). Qısa müddət sonra isə bu yaş 18-ə yüksəldildi. 1921-ci ilin mayında qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 79-cu maddəsində iqtisadi, dövlət, mədəni həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi qeyd edildi. Konstitusiyanın qəbulundan sonra keçirilən seçkilərdə ilk dəfə olaraq qadınlar iştirak etdi. Qadınların dövlət idarəetməsində təmsil edilməsi hökumət tərəfindən təşviq olundu. Ayna Sultanova ilk qadın nazirimiz oldu (Sultanova,1965:71-76). Sonrakı illərdə Züleyxa Seyidməmmədova, Tahirə Tahirova, Elmira Qafarova, Kübra FərəcovaZüleyxa Hüseynova kimi qadınlar nazir vəzifəsinə kimi yüksəldilər.

Ərazi məsələlərdə Azərbaycan kommunistləri

“Hümmət” partiyası milli kommunist təşkilat olduğu üçün onun istər Rusiya, istərsə də İran, Türkiyə, Dağıstan və hətta Ermənistan bolşeviklərinə güclü təsir göstərmişdi. Təsadüfi deyil ki, hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmamışdan 1 il əvvəl Anastas MikoyanSergey Kirov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, regionun Ermənistana birləşmə tərəfdarlarını isə millətçi daşnaklar adlandırmışdı (Quliyev,1989:17; Kirov,1936:143-145). Lenin 1919-cu ildə Dadaş Bünyadzadənin rəhbərliyi altında nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağın harda yerləşdiyini bilmədiyini və bu məsələdə tam olaraq Nərimanova və onun bu məsələdə biliyinə arxalandığını bildirmişdi (Baberovski, 2010:116). Bu səbəbdən Bakıda Sovet hakimiyyəti qurulduqdan qısa müddət sonra Ermənistana öz ordusunu Qarabağdan, eləcə də Zəngəzurdan çıxarılması üçün nota təqdim edildi (Quliyev,1989:31). Ultimatum yerinə yetirilmədiyi üçün qısa müddət sonra Azərbaycan xarici işlər komissarı Mirzə Davud Hüseynov Ermənistana müharibə elan etdi. Azərbaycan Qırmızı Ordusu XI Qızıl Ordu ilə birlikdə başladığı hərəkat zamanı Dağlıq Qarabağa nəzarəti bərpa etdi. 1920-ci ilin dekabrında Ermənistanın sovetləşməsindən sonra regionda vəziyyət dəyişdi. RSFSR-in Qarabağ və Zəngəzuru Azərbaycan ərazisi kimi tanıması Ermənistanda böyük üsyana səbəb oldu. Ölkədə Sovet hakimiyyəti devrildi. Üsyanın lideri Qareqin Njde Zəngəzurda və ona bitişik Qarabağ ərazisində (keçmiş Hadrut rayonunun cənubu) Dağlı Ermənistan Respublikasını formalaşdırdı (Saparov, 2014:109). Bu amil bəzi Rusiya kommunistlərinin Qarabağ məsələsində mövqeyinin dəyişməsi ilə nəticələndi. Lakin Sovet Ordusunun yenidən Zəngəzuru ələ keçirməsi və Nərimanovun etirazı nəticəsində Dağlıq Qarabağ Azərbaycanda saxlanıldı. Zəngəzurda vəziyyət daha qarışıq idi. 1918-1920-ci illərdə regiona iki qrup nəzarət edirdi. Ermənilər Gorusda, azərbaycanlılar isə Dondarlı kəndində öz komitələrini qurmuşdular (Hovannisian, 1971:86). 2 il ərzində heç bir tərəf digərinə öz hakimiyyətini tanıtdıra bilmədi. 1921-ci ildə Zəngəzur regionu ilə bağlı məsələdə yekun qərar verildi. Bölgə iki hissəyə bölündü. Azərbaycanlılar və kürdlər yaşayan Şərqi Zəngəzurda Kürdistan qəzası yaradıldı. Qərbi Zəngəzur isə Ermənistanda saxlanıldı. Azərbaycanın Qərbi Zəngəzura iddiasını zəiflədən əsas amil 1918-1920-ci illərdə regionda aparılan etnik təmizlik idi (Baberovski, 2010:166). Kütləvi qırğın nəticəsində bölgədə sadəcə 6 faiz azərbaycanlı əhali qalmışdı.

Eyni dövr ərzində Naxçıvanda ciddi döyüşlər gedirdi. 1918-1920-ci illərdə ADR-in tərkibində olmayan Naxçıvan əhalisi faktiki olaraq daşnaklara qarşı təkbaşına mübarizə aparırdı (Hille,2010:173). 1920-ci ilin yaz aylarında bölgənin xeyli hissəsi daşnakların əlində idi. İyunun birinci yarısında Naxçıvan kəndliləri RSFSR-ə və Azərbaycan SSR-ə müraciət edərək daşnaklara qarşı azadlıq mübarizəsində onlara yardım göstərməyi xahiş etdilər (Sadıqov, 1995:16). XI Qızıl Ordu rəhbərliyi Ermənistanla danışıqların heç bir nəticə verməyəcəyini yəqin etdikdən sonra iyul ayının 19-da Naxçıvana hərbi kampaniya başlatdı. 8 gün davam edən döyüşlərdən sonra bolşeviklər Naxçıvan şəhərinə daxil oldular. 28 iyulda Naxçıvanda müstəqil Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) elan edildi. Bu respublika Azərbaycan SSR və RSFSR ilə yaxın hərbi-iqtisadi ittifaqda idi (Bagirov, 1965:51). Buna baxmayaraq, Naxçıvanın hələ kiçik hissəsi nəzarət altına alınmışdı. Ermənistan hələ də əraziyə olan iddian əl çəkmək istəmirdi. Regionun digər hissəsi 1920-ci ildə Türkiyənin Ermənistana müharibə elan etməsi və bu müharibəyə RSFSR ilə Azərbaycan SSR-in qoşulmasından sonra azad edildi. Bu müharibə Ermənistanın sovetləşməsi ilə nəticələndi. Ermənistan SSR dekabrın 28-də Naxçıvanı müstəqil Sovet respublikası kimi tanıdı və Naxçıvan ərazisində yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu təsdiqlədi (Saparov, 2014:102). Ermənistan İnqilab Komitəsinin bu qərarının Leninin təzyiqi ilə verildiyi güman edilir. Lenin bu barədə belə deyirdi: “Ermənistandakı Sovet hakimiyyəti xalqın iradəsini əks etdirir. Bu səbəblə zəhmətkeş Naxçıvan əhalisi də xalqların müqəddərat haqqından istifadə edərək öz taleyini özü seçməlidir.(Madatov,1968:95).1921-ci ilin əvvəllərində keçirilən referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu Azərbaycana birləşmək istədiyini bildirdi (Altstadt, 1992:116). Naxçıvanın muxtariyyəti 1921-ci il martın 16-da imzalanan Moskva, 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsi ilə təsdiqləndi. Naxçıvan məsələsinin həllindəki roluna görə, Nərimanov Moskva danışıqlarına ezam edimiş Azərbaycan nümayəndəsi Behbud Şahtaxtinskiyə təşəkkür etdi (Həsənli, 2012:369-370).

ADR-dən miras qalan digər mübahisəli ərazi məsələsi isə Zaqatala qəzası və Ağstafa regionu idi. 1920-ci ilin mayın 7-də imzalanan Moskva müqaviləsi ilə RSFSR Gürcüstanın müstəqilliyini de-yure tanıdı. Müqavilənin 3-cü bəndi Zaqatala qəzası ilə bağlı idi. Region Gürcüstan ərazisi qəbul edilmişdi. Bu qərara Azərbaycan SSR hökuməti etiraz etdi. Eyni zamanda Nərimanovun təsirində olan bir çox məşhur bolşeviklər Azərbaycanın lehinə açıqlamalarla yadda qaldılar. Gürcü əsilli Serqo Orconikidze Leninə yazdığı məktubunda müqavilədə Zaqatala ilə bağlı bəndi təxribat adlandıraraq regionun Azərbaycanın tərkibinə verilməsini tələb etmişdi (Mustafazadə, 2006:144-145). 11-ci Qızıl Ordu Hərbi Şurası üzvləri İvar Smilqa və Sergey Kirov bu məsələdə Azərbaycanı dəstəkləyən bəyanat verdilər. Etirazlardan sonra Zaqatala ilə bağlı hissə 5 gün sonra müqavilədən çıxarıldı. Ərazinin taleyinə qarışıq komissiya ilə aydınlıq gələcəkdi. Lakin regionda baş verən üsyanlar və təxribatlardan sonra Gürcüstan üzərinə hərbi kampaniya başladı. Azərbaycan SSR, Ermənistan SSR, RSFSR və Türkiyənin 1921-ci ilin fevralında həyata keçirdiyi ortaq əməliyyatı zamanı Gürcüstan işğal edilərək ərazisi bölüşdürüldü. Yeni formalaşdırılan Gürcüstan SSR hökuməti Zaqatala regionunu Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qaldı (Rəhmanzadə, 2008:126). Bundan başqa, ADR dövründə işğal edilən indiki Ağstafa rayonunun bir hissəsi (Poylu stansiyasına qədər) də Azərbaycana geri verildi.

İstifadə edilən ədəbiyyat

Azərbaycan dilində

Rəhmanzadə, Ş. F. (2008). Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın Şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri).

Həsənli, C. (2012). Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920–1939). Bakü: Adiloğlu.

Sadıqov, Səid (1995) Naxçıvan Muxtar Respublikası tarixindən.

Cəmil, H. (2009). Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti 1918-1920. Bakı, Garisma MMC.

Əhmədova F. (2013) Nəsib bəy Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahidi.

Mehdiyev, R. (2017) ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər.

Axundzadə, M. F. (2005), Seçilmiş əsərlər, III cild.

Türk dilində

Suny, R. G. (1990). Bakü Komünü: Rus Devriminde Milliyet ve Sınıf. Trans. Kudret Emiroğlu). İstanbul: Belge Publications.

Yagublu, N. (2015). Mehmet Emin Resulzade Ansiklopedisi. “Azerbaycan Kültür Derneği” Yayınları.

Mehmetzade, M. B. (1991). Milli Azerbaycan Hareketi. Azerbaycan Kültür Derneği.

KARAKILIÇ, C., & AYDIN, O. (2010). AZERBAYCAN’DAKİ LATİN ALFABESİ TARTIŞMALARINA TÜRKİYE’DEKİ AZERBAYCAN MATBUATININ BAKIŞI (1923-1930). Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, 17(43), 181-203.

Sakal, F. (1999). Ağaoğlu Ahmed Bey (Vol. 187). Turk Tarih Kurumu Basmevi.

Swietochowski, T. (1988). Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık.

İngilis dilində

Altstadt, A. L. (2013). The Azerbaijani Turks: power and identity under Russian rule. Hoover Press.

Bradley, M. (2008). Iran and Christianity: historical identity and present relevance. Bloomsbury Publishing.

Dehkhoda, A. A. (2016). Charand-o Parand: Revolutionary Satire from Iran, 1907-1909. Yale University Press.

Hille, C. (2010). State building and conflict resolution in the Caucasus. Brill.

Hovannisian, R. G. (1971). The republic of Armenia: the first year, 1918-1919 (Vol. 1). Univ of California Press.

Nfa, F. H. (2014). Azeri women in transition: Women in Soviet and post-Soviet Azerbaijan. Routledge.

Saarinen, A., Ekonen, K., & Uspenskai︠a︡, V. I. (Eds.). (2014). Women and Transformation in Russia. London: Routledge.

Saparov, A. (2014). From conflict to autonomy in the Caucasus: The Soviet Union and the making of Abkhazia, South Ossetia and Nagorno Karabakh. Routledge.

Shaffer, B. (2002). Borders and brethren: Iran and the challenge of Azerbaijani identity. MIT Press.

Starr, S. F. (1994). The legacy of history in Russia and the new states of Eurasia. ME Sharpe Inc.

Rus dilində

A. Г. Караев. (1926). Из недавнего прошлого: материалы к истории азербайджанской коммунистической партии (б.). ” Bakinskij rabočij.

Akopi͡an, G. S. (1973). Степан Шаумян: Жизнь и деятельность. 1878-1918. Политиздат

Агамалиева, Н., & Худиев, Р. (1994). Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг. Баку: Сабах.

Агаян, Ц. П. (1974). Некоторые особенности образования независимых советских республик Закавказья. Լրաբեր Հասարակական Գիտությունների, 8, 3-15.

Баберовски, Й. (2010). Враг есть везде. Сталинизм на Кавказе

Багиров, Ю. А. (1965). Из истории советско-турецких отношений (1920-1922).

Байрамов, К. М. (1987). Рабочий класс Азербайджана в борьбе за победу Великого Октября. Баку: Азгосиздат.

Байрамов, К. М. О. (1984). Массовые рабочие организации Азербайджана в борьбе за победу Советской власти (1917-1920 гг.).

Балаев, А. (1998). Азербайджанское национальное движение в 1917-1918 гг. Elm.

Гулиев Д.П (1985) Очерки истории Коммунистической партии Азербайджана, Т.1.

Гулиев Д.П (1989) К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, 1918-1925: документы и материалы. Азернешр.

Гусейнов А. (1976) Алигейдар Караев (биографический очерк). Азербайджанское гос. изд-во.

Дарабади, П. (2013). Военно-политическая история Азербайджана (1917-1920 годы). Izdatelʹskiĭ dom” Kavkaz”.

Ибрагимов, С. Д. (1975). Генерал Али Ага Шихлинский: жизнь и деятельность. Azernešr.

Искендеров М. С(1963) Очерки истории Коммунистической партии Азербайджана.

Исхаков, С. М. (2004). Российские мусульмане и революция (весна 1917 г.-лето 1918 г.). Издательство” Социально-политическая мысль”.

Киров, С. М. (1936). Статьи, речи, документы. Партиздат ЦК ВКП (б). Т. 1.

Madatov, G. A. (1968). Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР. Изд. АН АзССР.

Мамедова, Ш. (2004). Интерпретация тоталитаризма: сталинизм в Азербайджане: 1920-1930. Изд-во “Адилоглы”.

Мустафа-заде, Р. С. (2006). Две Республики. Азербайджано-российские отношения в 1918-1922 г. МИК.

Николаевич, К. Д. Л. Н. (1996). Политические партии России. Конец XIX-первая треть XX века. Энциклопедия. Отв. ред. ВВ Шелохаев.

Петрушевский, И. П. (1966). Ислам в Иране в VII-XV веках:(курс лекций). Ленинград Изд-во Ленингр. ун-та.

Совокин, А. М. (1987). Революция пролетарская, революция народная. Изд-во полит. лит-ры.)

Султанова, А. (1970). Счастье азербайджанки. Монография. Б., Азернешр.

Сумбатзаде, А. С. (1972). Социально-экономические предпосылки победы Советской власти в Азербайджане. Наука.

Топорнин, Б. Н. (1987). Социалистические конституции: становление и развитие. Nauka.

Шаумян, С. Г. (1978). Избранные произведения в 2-х т. Т. 2.

[1] Məhəmməd Əmin Rəsulzadə 1905-1906-cı illərdə bolşevik idi (Şaumyan, 1978:260).

[2] Bakıda bolşeviklərin çox kiçik hissəsi qaldı. Bunlar Haşım Əliyev, Yusif Məlikov, Əbdül Bağı Məmmədzadə idi.

[3] 1918-ci ilin oktyabr ayından dekabra kimi Gürcüstanda, 1918-ci il dekabrından 1920-ci ilin aprel ayına kimi isə Azərbaycanda deputat olmuşdu.

Comments are closed, but trackbacks and pingbacks are open.