Press "Enter" to skip to content

Vəli Baxşəliyev: Qədim insanlar Naxçıvanda 500-300 min il bundan əvvəl məskən salıblar

Bu yadigarın Şərq memarlığı üçün məktəb olduğunu vurğulayan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi bildirib ki, Əcəmi yaradıcılığının təsiri ilə 1196-cı ildə inşa edilən Azərbaycanın Marağa şəhərində Göy günbəz, Culfadakı Gülüstan türbəsi (XIII əsr), XIV əsrdə tikilən Qarabağlar, həmçinin Bərdə və Salmas türbələri, türk mühəndisi və memarı Koca Sinan Əbdülmənnan oğlunun İstanbulda memarı olduğu türbələr (XV əsr) bu gün də dünyanı heyrətləndirməkdədir. Memar Koca Sinan 1514-1535-ci illərdə Türkiyə ordusunun tərkibində yeniçəri korpusunda hərbi xidmətdə ikən Azərbaycanda və onun ayrılmaz hissəsi Naxçıvanda olub. Bu haqda alman sənətşünası E.Dits məlumat verib.

Şərq memarlığının inciləri – Naxçıvan türbələri – FOTO

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün həmin abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, son 21 ildə muxtar respublikada 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında Naxçıvan memarlıq məktəbinin inciləri olan türbələr xüsusi yerə malikdir. AMEA Naxçıvan Bölməsinin alimlərinin dəyərli elmi məqalələrində bu barədə ətraflı məlumatlara rast gəlmək mümkündür. Bu türbələrin beynəlxalq miqyasda tanıdılması üçün işlər davam etdirilir. Xəbər verdiyimiz kimi, Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün sənədlər toplusu artıq ISESCO-ya təqdim edilib.

Yüksək bədii təfəkkür məhsulu, nadir gözəllik və zəriflik abidəsi – Möminə xatın məqbərəsi

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə xatın məqbərəsidir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Möminə xatın məqbərəsi ilə bağlı aparılan araşdırmalar haqqında” məqaləsində yazıb ki, hicri tarixi ilə 582-ci ilin Məhərrəm ayında (Miladi 1186-cı il) görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən bu məqbərə dünyanın monumental abidələrindəndir. Orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin yaradıcısı Əcəmi Naxçıvani inşa etdiyi abidələrin üzərində özünü “Əbubəkr oğlu Əcəmi, naxçıvanlı memar” kimi təqdim edib.

Musa Quliyev qeyd edib ki, Möminə xatın Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Eldəniz Şəmsəddinin (hakimiyyətdə olduğu illər – 1136-1174) həyat yoldaşı, Məhəmməd Cahan Pəhləvanın (hakimiyyətdə olduğu illər – 1174-1186) və Qızıl Arslanın (hakimiyyətdə olduğu illər – 1186-1191) anasıdır. Bəzi müəlliflər yanlış olaraq Möminə xatını Cahan Pəhləvanın xanımı kimi yazırlar. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Zahidə xatın olub. Cəlaliyyə isə onların qızıdır.

Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində həyat yoldaşının və oğlanlarının yaxın köməkçisi olub. Elə bu sədaqətinə görə əri Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli məqbərə tikdirmək qərarı verib. Möminə xatın 1175-ci ildə Naxçıvanda əbədiyyətə qovuşub, ondan bir ay sonra Şəmsəddin Eldəniz Atabəy dünyadan köçüb. Özülü 1175-ci ilin oktyabrında qoyulan məqbərənin inşası onların sədaqətli oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən 1186-cı ildə başa çatdırılıb.

XII əsr Azərbaycan mədəniyyətinin və ictimai fikrinin çiçəkləndiyi bir dövrdə yaşayıb yaratmış memarın inşa etdiyi bu abidə o qədər zərif, o dərəcədə yüksək bədii təfəkkür məhsuludur ki, ona tamaşa etməyə gələni öz cazibəsində saxlaya bilir. Çünki məqbərədə riyazi təfəkkürlə bədiiliyin vəhdəti duyulur. Abidəyə həndəsi ornamentlər böyük ustalıqla həkk edilib. Xarici səthləri bir-birindən ayıran tillərin memarlıq bölgüsünün dəqiqliyinə heyran qalmaya bilmirsən. Möminə xatın türbəsini inşa edən Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırıb. Bütün bunlar abidənin ümumi kompozisiyasını tamaşaçıya sevdirə bilir. Həmin kufi xətli kitabələrdən biri bizi xəyalən on ikinci yüzilliyə aparır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Bu yadigarın Şərq memarlığı üçün məktəb olduğunu vurğulayan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi bildirib ki, Əcəmi yaradıcılığının təsiri ilə 1196-cı ildə inşa edilən Azərbaycanın Marağa şəhərində Göy günbəz, Culfadakı Gülüstan türbəsi (XIII əsr), XIV əsrdə tikilən Qarabağlar, həmçinin Bərdə və Salmas türbələri, türk mühəndisi və memarı Koca Sinan Əbdülmənnan oğlunun İstanbulda memarı olduğu türbələr (XV əsr) bu gün də dünyanı heyrətləndirməkdədir. Memar Koca Sinan 1514-1535-ci illərdə Türkiyə ordusunun tərkibində yeniçəri korpusunda hərbi xidmətdə ikən Azərbaycanda və onun ayrılmaz hissəsi Naxçıvanda olub. Bu haqda alman sənətşünası E.Dits məlumat verib.

Əsrlərə meydan oxuyan tarixi abidə – Yusif Küseyir oğlu türbəsi

Naxçıvan şəhərinin mərkəzində yerləşən və yerli camaat arasında “Atababa günbəzi” adı ilə tanınan Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi çox qiymətlidir. Sərdabə və yerüstü qülləvarı hissədən ibarət olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu öz əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”. Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.

Yusif Küseyir oğlu türbəsi Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən tikilib. AMEA Naxçıvan Bölməsinin əməkdaşı Nərgiz İsmayılova qeyd edib ki, Yusif Küseyir oğlu haqqında bizə məlumatlar gəlib çatmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyil. Ancaq kitabədə yazılan məlumatlar müəyyən fikir söyləməyə imkan verir. Kitabədə o, “xacə, ər-rəis əl-əcəl” (“xacə” – tanınmış rəis) titulları və bir sıra epitetlərlə (“mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı”) təqdim olunub. Orta əsrlərdə “xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, “rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər, bir qayda olaraq, yerli, tanınmış nəsillərdən seçilirdi. Göründüyü kimi, Yusif Küseyir oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə olub. Həmçinin kitabədə adına əlavə olunan “şeyxlərin başçısı” sözləri isə Yusif Küseyir oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir.

Qadir Əliyevin yazdığı “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq” adlı kitabda Yusif Küseyir oğlu türbəsi barədə aşağıdakı məlumatlar verilir: “İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəlb edən türbə ikiqatlıdır. Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülüb. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir”.

Bəli, Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə diqqəti cəlb edir. Bişmiş kərpicdən tikilmiş türbə yüksək tikinti texnikası ilə seçilir.

Türbənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluş etibarilə türbənin yalnız bir səthi – qərb tərəfə baxan səthi başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xacə Yusif Küseyir oğlunun xatirəsinə ithaf olaraq hicri təqvimi ilə 557-ci ildə, miladi təqvimi ilə isə 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkir oğlu”.

Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməyib. Onun bayır taxçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənib. Taxçaların üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında bir keçid yaradır.

Qarabağlar Türbə Kompleksi dünya əhəmiyyətli abidələr sırasındadır

Qarabağlar Türbə Kompleksinin xalqımızın maddi-mədəniyyət abidələri arasında tarixi mövqeyini, dünya əhəmiyyətli abidə olmasını nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir”.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Tarixi mənbələr Qarabağlar kəndi və Qarabağlar Türbə Kompleksi haqqında” məqaləsində yazıb ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Bu abidələrdən ikisi – qoşa minarəli baştağ və türbə dövrümüzədək gəlib çatıb. Türbə kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olub. Bu türbədə hər bir abidənin özünəməxsus yeri, mövqeyi və tarixi əhəmiyyəti var. Qarabağlar Türbə Kompleksi təkcə Azərbaycanın deyil, Ön Asiyanın memarlıq incilərindəndir. Türbə kompleksinin Elxanilərin hakimiyyəti illərində tikintisi geniş yayılmış əbvab-əl-birr (dindarlığın qapıları) adlı iri xatirə-xeyriyyə komplekslərindən olduğu güman edilir. Tərkibində saray, məscid, mədrəsə, xanəgah, şəfaxana, hamam və başqa binalar olan belə komplekslərin mərkəzi tikilisi “Ali günbəz” – uca türbə olur.

Akademik qeyd edib ki, mənbələr və mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın XIV əsrdə, türbənin isə 1332-1337-ci illərdə tikildiyini qeyd edirlər. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Hülaki hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyəti illərinə (1319-1335) aid edilir.

Qarabağlar Türbə Kompleksi haqqında tədqiqatçılardan M.Mirheydərzadə, Ə.Salamzadə, L.Bretanitski, K.Məmmədzadə, Ə.Əsgərzadə, V.Sısoyev, T.Yazar, S.Kərimzadə, Ş.Məmmədova və başqaları maraqlı və əhəmiyyətli fikir və mülahizələr söyləyib, abidələrin tarixi haqqında bir sıra dəqiqləşmələr aparıblar. Memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu – XIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatının adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi güman olunur. M.Mirheydərzadə baştağın kitabəsində “Allahın bu nişanəsi türkman Quti xatındır” sözlərinin yazıldığını qeyd edib. Ə.Salamzadə və K.Məmmədzadə ehtimal edirlər ki, kitabə parçasında Elxanilər sülaləsindən olan Abaka xanın arvadı Koday xatının adı xatırladılır. Tədqiqatçı R.Əliyeva da bu fikirdədir. Azərbaycan Sovet Ensiklopediyasında baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatının (Qutuy xatın) adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi göstərilir. Ə.Ələsgərzadənin fikrincə, kitabə aşağıdakı formada olub: “Bu binanın tikilməsini. cahan Qudi xatın əmr etdi”. Turqay Yazar kitabənin sülüs xətti ilə yazıldığını və aşağıdakı mənanı verdiyini bildirir: “. Bu binanın tikilməsini Cihan Koday xatın əmr etdi”.

İsmayıl Hacıyev bu faktlara və digər mənbələrdəki məlumatlara əsasən bildirib ki, Qarabağlar türbəsi Elxanilər sülaləsindən olan yeddinci vəliəhd Sultan Əhmədin ölümündən sonra onun anası Cahan Quti xatının əmri ilə tikilib. Həmin dövrdə dövlətə rəhbərlik edən Quti xatın bu məqbərədə dəfn olunub. Mənbələrdə adı Quti, Qudi, Qutuy xatın şəklində anılan Quti xatın tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə, çox ağıllı və bacarıqlı olub, sarayda yüksək mövqe tuturdu. Quti xatın qısa müddətdə olsa da, oğlu Sultan Əhmədin hakimiyyəti illərində – 1382-1384-cü illər arasında dövləti özü idarə edib. O, böyük hörmət və nüfuzunu sonralar da saxlamışdı. Görünür, Abaqa xanın Quti xatın üçün ayırdığı yerlər içərisində Qarabağlar şəhəri də olub.

Qarabağlar türbəsi iki hissəlidir: sərdabə və yerüstü xatirə abidəsi. Bu abidədə qülləvarı türbənin əsas xüsusiyyətləri əks olunub. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı onun yerüstü kompozisiyasını təşkil edir. Gövdə səthinin belə yarımsilindrik çıxıntılarla işlənməsi yalnız bədii-dekorativ əhəmiyyətə malik olmayıb, eyni zamanda, mühəndis quruluşu cəhətdən də əhəmiyyətlidir. Bir-biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini azaltmaqla bərabər, eyni zamanda, türbəyə bir qala görkəmi də verir. Türbənin kompozisiya xüsusiyyəti dörd baştağlı olmasıdır. Dörd coğrafi səmtə cəhətlənən giriş yerləri türbəni dörd bərabər hissəyə bölür. Binanın bütün səthlərində xırda şirli yaşıl kərpiclərdən çəkilmiş üzlük qırmızımtıl kərpic fon üzərində onun səthini böyük kvadratlara bölür. Çəpinə qoyulmuş belə kərpiclərdən isə romblar əmələ gəlib. Kvadratların hər birinin içərisində isə iri yaşıl kərpiclərlə “Allah” və “Bismillah” sözləri yazılıb. Türbənin bütün səthində kufi xətti ilə yazılmış “Allah” sözü 200 dəfədən artıq təkrar olunur.

Türbədən, təxminən, 30 metr aralıqda iki yüksək minarə ucalır ki, bunların hündürlüyü 17 metrə qədərdir. Minarələrin aşağı hissələrində kvadratşəkilli bünövrə düzəldilib. Minarənin səthində yaşıl rəngli kaşı çəkilmiş kərpiclərdən bəzəklər yaradılıb. Hər iki minarənin içərisində dolama pilləkən vardır. Bu minarələr Azərbaycan ərazisindəki ən qədim kərpic minarələrdəndir. Baştağın özü isə təkcə yurdumuzun deyil, bütün İslam ölkələrinin memarlığında qoşa minarəli baştağların ilk örnəklərindəndir. Qarabağlar baştağı nadir abidədir. Baştağ gözəl kompozisiya və incə memarlıq bədii həllinə görə də dəyərli sənət əsəridir.

Tarix və mədəniyyət abidələri ilə zəngin olan Naxçıvan diyarının quruculuq ünvanlarından biri olan Qarabağlar kəndi və onun türbə kompleksi özünün ikinci həyatını yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq abidələr ən yüksək səviyyədə bərpa edilir, ilkin gözəlliyinə qaytarılır.

Gülüstan türbəsi Azərbaycan memarlıq abidələri arasında özünəməxsus yer tutur

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir” adlı məqaləsində yazıb ki, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Ancaq digər türbələrdə sərdabə hissə yerin altında yerləşdirildiyi halda, burada sərdabə yerin səthindən yuxarıda inşa olunub. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə on ikiüzlü qüllədən ibarətdir.

Fəxrəddin Səfərli qeyd edib ki, qüllənin bütün üzlərində yaradılan taxçaların içərisi çox incə şəkildə işlənmiş naxış və ornamentlərlə doldurulub. Türbənin daş üzərində oyulmuş ornamentləri zənginliyi, incəliyi, zərifliyi və mürəkkəbliyi ilə seçilir və demək olar ki, bu cəhətdən digər abidələri geridə qoyur. Abidəni inşa edən memar ornamentlər üzərində işləyərkən onları taxçalarda elə düzüb ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif biçimli ornamentlər görür. Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri ancaq Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar.

Azərbaycan memarlığının möhtəşəm nümunələrindən olan, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Culfa şəhərinin yaxınlığında qırmızı tuf daşından inşa edilən Gülüstan türbəsi Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir.

Sovet hakimiyyəti illərində türbə Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qaldığı üçün baxımsız qalıb, bərpa edilməyib, əhalinin onun yanına getməsinə icazə verilməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı bu möhtəşəm abidənin bərpası və tədqiqi üçün geniş imkanlar yaradıb. Sərəncama əsasən yaradılan “Gülüstan türbəsi” tədqiqat qrupu türbənin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb. Tədqiqat qrupu türbənin tarixi, memarlıq formaları, ətraf ərazinin arxeologiyası, etnoqrafiyası, tarix və memarlıq abidələri haqqında məlumatlar toplayıb, onlar əsasında türbə və ətraf ərazilərlə əlaqədar konkret elmi nəticəyə gəlib. Türbənin bərpa edilməsi isə onu tarixi abidə kimi Azərbaycana yenidən qaytarıb.

Naxçıvanın insanlığın ikinci yaradılış məkanı olduğunu sübut edən abidə: Nuh Peyğəmbərin türbəsi

Qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Nuh Peyğəmbər, Dünya tufanı və onun tərəfdarları ilə əlaqədar faktların Naxçıvanla bilavasitə bağlılığı isə bu torpağın qədimliyini bir daha sübut edir. 7500 il bundan əvvəl baş verən Dünya tufanı zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəminin Naxçıvanda quruya çıxması və insanların burada məskən salması dünya şöhrətli alimlərin araşdıraraq gəldikləri elmi nəticələrdə də öz əksini tapıb.

AMEA Naxçıvan Bölməsinin əməkdaşların çoxsaylı araşdırmalarında qeyd olunur ki, qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlayıb, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavinin də bu barədəki araşdırmaları tam həqiqətə uyğundur. Alim Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edir. Rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləyiblər. XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar verib. O qeyd edib ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşayıb və burada dəfn olunub. Hətta Nuh Peyğəmbərin Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. Keçən əsrin əvvəllərində, daha doğrusu, 1919-1920-ci illərdə məşhur realist rəssam Bəhruz Kəngərli Nuh Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini altı formada naturadan kətan üzərinə köçürüb.

Sonradan dağılan, sıradan çıxan türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Qeyd edək ki, bəzi mənbələrdə Nuh türbəsi ikimərtəbəli kilsə kimi qələmə verilib. Ancaq bu, yanlış fikirdir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, akademiyanın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyev deyir ki, kilsələrin hamısı birmərtəbəli olur. Bu ikimərtəbəli memarlıq abidəsi isə yalnız müsəlman türbələri üçün xarakterikdir. Bizim o ərazidə apardığımız tədqiqatlar bunu bir daha sübut etdi ki, bu abidə müsəlman memarlığının bir nümunəsidir. Tarixi ədəbiyyatda bu abidənin qədim dövrdə mövcud olduğu, VIII əsrdə bərpa edilməsi ilə bağlı məlumatlar maraq doğurur. Araşdırmalar zamanı məlum olub ki, abidə XII əsrdə də müsəlman-səlcuq memarlıq üslubunda yenidən tikilib. Təbii aşınmalar nəticəsində abidə yenidən dağılıb. Qazıntılar zamanı yalnız abidənin bünövrəsi aşkara çıxarılıb.

Nuh Peyğəmbərin vəfatından sonra naxlar, nuhlar, peyğəmbərin tərəfdarları bu yeri onun şərəfinə Nuhçıxan adlandırıblar. Naxçıvan şəhər adı da Nuhçıxandan yaranıb. Məsafə etibarilə çox yaxın ərazidə qədim Duzdağ mədənlərinin yerləşməsi Naxçıvanda şəhərtipli yaşayışın formalaşmasında mühüm rol oynayıb. Mənbələrdə Duz dağının da Nuh Peyğəmbər tərəfindən aşkar edilməsi və işə salınması haqqında məlumatların olması Naxçıvanda ilkin şəhərin yaranmasının qədim tarixinə dair mövcud təsəvvürləri elmi şəkildə tamamlayır. Böyük yaşayış məskəni üçün zəruri sayılan ibadət yerinin – Əshabi-Kəhf ziyarətgahının da Nuhdabana çox yaxın məsafədə olması Naxçıvan ilkin şəhəri haqqında anlayışlara əsas verir. Hətta Nuhdaban şəhərtipli yaşayış yerinin altında dərin mağara tipli sığınacaqların, kəhrizlərin mövcudluğu da ilkin şəhər mədəniyyəti mənasında Nuhdaban-Nuhçıxan-Naxçıvan ehtimalını qüvvətləndirir.

Şeyxlər ocağı – Xanəgah

Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan Xanəgah abidə kompleksi XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Onun türbəsi də məhz burada yerləşir.

Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib. Gəlinən qənaət odur ki, “Xanəgah” sözü “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə” mənasındadır.

Naxçıvanda tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır, əcdadlarımızdan miras qalan mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Xanəgah abidə kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır. Abidədə geniş bərpa işləri aparılıb, türbənin dam örtüyü yenilənib, həyət abadlaşdırılaraq yeni işıqlandırma sistemləri quraşdırılıb. Ali Məclisin Sədri abidənin qorunub-saxlanılması, ziyarətçilərə onun tarixi haqqında dolğun məlumatlar verilməsi barədə tapşırıqlar verib.

Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Ona görə də Naxçıvanda tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Vəli Baxşəliyev: Qədim insanlar Naxçıvanda 500-300 min il bundan əvvəl məskən salıblar

Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrini araşdıran arxeoloqlar təsdiq edirlər ki, 500-300 min il bundan əvvəl bu ərazilərdə ən qədim insanlar məskən salıblar. Bu yaşayış məskənləri, əsasən, Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda, yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr bu ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir. Tapılmış arxeoloji nümunələr Daş, Tunc və Erkən Dəmir dövrlərində Naxçıvan ərazisində intensiv yaşayış olduğunu təsdiq edir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyev AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbəti zamanı bildirib ki, Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin mövcudluğu uzun müddətdir qafqazşünas arxeoloqların diqqətini cəlb edib. Bu əlaqələrin mövcudluğu indiyədək tək-tək tapıntılarla təsdiq olunurdusa, hazırda kompleks arxeoloji materiallar bunu təsdiqləyir. Belə abidələrdən biri Dalmatəpə tipli keramika ilə xarakterizə olunan Naxçıvantəpə yaşayış yeridir. Naxçıvantəpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançayın açdığı yarğanın üzərində salınıb. Ehtimal olunur ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçib, hazırda isə qədim yaşayış yerindən 200 metr aralıdadır. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır.

Arxeoloji tapıntılar haqqında danışan AMEA-nın müxbir üzvü deyib: Burada insanların yaşadığı evlərin qalıqlarını aşkar etmişik. Yaşayış yerindən aşkar olunan arxeoloji materialların əksəriyyəti keramika məmulatından və obsidian parçalarından ibarətdir. Əmək alətləri olduqca azdır. Dən daşlarına tək-tək rast gəlinir. Çaxmaq daşından da az istifadə olunub. Əmək alətləri arasında obsidian alətlər çoxluq təşkil edir. Onlar arasında oraq dişləri olduqca azdır. Ehtimal olunur ki, bu, əhalinin məşğuliyyəti ilə bağlı olub. Keramika məmulatı eramızdan əvvəl V minilliyin birinci yarısı üçün xarakterikdir. Keramika məmulatının əsas xüsusiyyəti Dalmatəpə tipli boyalı və basma naxışlı keramikanın olmasıdır. Bu tip keramika ilə xarakterizə edilən yaşayış yeri Cənubi Qafqazda ilk dəfədir aşkar olunur. Naxçıvantəpə yaşayış yerinin tədqiqi yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənməyə imkan verir.

Vəli Baxşəliyevin sözlərinə görə, bu il qədim Duzdağ ərazisində də arxeoloji qazıntılar uğurla davam etdirilib. Ərazidəki tədqiqatlar zamanı Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatı, daş çəkiclər aşkarlanıb. Tapılan maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclər burada qədim dövrlərdən mədənçiliyin inkişaf etdirildiyini sübuta yetirir. Tunc dövründə qədim Naxçıvanda tayfaların iqtisadi, ictimai və mədəni həyat tərzində böyük dəyişikliklər baş verərək iri tayfa ittifaqları yaranıb. Bu tayfaların həyat tərzini səciyyələndirən tarixi mənbələr isə Kür-Araz mədəniyyəti abidələridir. Qafqazda, ümumən Ön Asyada geniş yayılan Kür-Araz mədəniyyətinin də əsas vətəni məhz Naxçıvandır. Kür–Araz mədəniyyəti abidələrinin tarixi eradan əvvəl IV minilliyin ortalarına aid edilir. Son illərdə arxeoloqların Şərur rayonu ərazisindəki Ovçulartəpəsi qədim yaşayış yerində aşkar etdikləri maddi-mədəniyyət nümunələri Kür-Araz mədəniyyətinin eradan əvvəl V minilliyin sonu – IV minilliyin əvvəllərinə aid, Naxçıvanın isə bu mədəniyyətin vətəni olduğunu təsdiq edir. Tədqiqatçıların fikrincə, Orta Tunc dövründə Naxçıvanda güclü tayfa ittifaqları formalaşıb, əhalinin sayı artıb, əkinçilik, maldarlıq, sənətkarlıq əsas təsərrüfat sahələri kimi özünü göstərib, mübadilə və ticarət əlaqələri genişlənib. Bu baxımdan da Naxçıvan şəhərinin mədəniyyəti Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəklində inkişaf edərək təşəkkül tapıb. İqtisadiyyatın və ticarətin inkişafı Naxçıvan ərazisində yeni yaşayış məskənlərinin yaranmasına imkan yaradıb.

Naxçıvançay və Sirabçay ətrafında yeni aşkar olunan qədim yaşayış yerlərinin tarixini tədqiqatçılar Eneolit dövrünün erkən mərhələsinə aid edirlər. Geniş əraziləri əhatə edən qədim yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət nümunələrinin bəziləri Neolit dövründən xəbər verir. Bu abidələrin araşdırılması Naxçıvan şəhəri ərazisində insanların məskunlaşması və mədəni əlaqələri ilə bağlı tədqiqatçıların yeni fikirlər ortaya qoymalarına imkan verir.

“Babək rayonu ərazisindəki birinci və ikinci Kültəpə, Ovçulartəpəsi, birinci Maxta və başqa yaşayış yerlərində aparılmış tədqiqatlar bölgədə Eneolit dövründən başlayaraq Antik dövrədək olan geniş bir tarixi mərhələdə tikinti və memarlıq xüsusiyyətlərini izləməyə şərait yaradır. Eyni zamanda, əsasən Son Tunc və Erkən Dəmir dövrlərində geniş yayılmış qalaların memarlıq xüsusiyyətlərinin tədqiqi də arxeoloqların müəyyən nəticələr söyləməsinə imkan verir” – deyən Vəli Baxşəliyev vurğulayıb ki, Qafqazın etalon abidələrindən hesab edilən birinci Kültəpədə aşkar olunan maddi nümunələr və tikinti qalıqları buranın Neolit dövrünə aid olduğunu göstərir. Eneolit dövrünə aid aşkar olunan dairəvi formalı evlər bir sıra xüsusiyyətlərinə görə Ön Asiya abidələrində aşkar olunan evlərə bənzər olsa da, qədim Şərqin bəzi əkinçilik mədəniyyətləri, xüsusilə Xələf mədəniyyəti üçün xarakterik olan dairəvi formalı və onlara birləşik artırmalı binalara burada rastlanmayıb.

Kültəpə ətrafında yerləşən arxeoloji abidələrin araşdırılması göstərir ki, ölkəmizin qədim sakinləri ətraf mühitlə yaxşı tanış imişlər. Güman olunur ki, köçəri həyatı mənimsəmişdilər. Xatunarx yaşayış yerinin tədqiqi zamanı köçmə maldarlığa keçidlə bağlı faktlar aşkar olunsa da, Şorsuda hələlik maldarlıqla bağlı maddi-mədəniyyət nümunələri aşkar edilməyib. Ehtimal ki, istehsal təsərrüfatının mövcudluğu şəraitində yığıcılıq da təsərrüfatda əsas rol oynayıb. Naxçıvan ərazisinin yabanı taxıl növləri və faydalı qazıntılarla zəngin olması da bunu təsdiqləyir.

Alim qeyd edib ki, Neolit və Eneolit abidələrinin tədqiqi Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı faktları da ortaya çıxarıb. Yaşayış yerlərindən aşkar olunan arxeoloji materialların bir qismi obsidian əmək alətlərindən ibarətdir. Alətlərin hazırlanmasında şəffaf və qeyri-şəffaf obsidiandan istifadə olunub. Naxçıvanın qədim sakinləri obsidianı Göyçə gölü hövzəsində yerləşən Göyəm, Göyhasar yataqlarından və Naxçıvanın yaxınlığındakı Sünikdən əldə ediblər. Göyçə gölü hövzəsindəki yataqlar Naxçıvanda yaşayan tayfaların nəzarətində olub. Naxçıvanın şimalında, Sünikdə yerləşən yataqlardan çıxarılan obsidian Naxçıvan vasitəsilə Azərbaycanın Arazdan cənubda yerləşən bölgələrinə yayılıb. Araşdırmalar göstərir ki, Urmiya hövzəsinin yaşayış yerlərində və Mərənd Kültəpəsində başlıca olaraq Sünik obsidianı istifadə edilib. Şorsu çayı boyunca yerləşən çoxsaylı Eneolit abidələri ölkəmizin qədim sakinlərinin xammal mənbələrinə doğru irəlilədiyi yolu göstərir. Araşdırmalara əsaslanaraq demək olar ki, Naxçıvanın qədim tarixi coğrafiyası Göyçə hövzəsi daxil olmaqla, Qərbi Azərbaycanın böyük bir qismini və Arazdan cənubdakı əraziləri əhatə edib. Tarixi inkişafın sonrakı dövründə, xüsusilə eradan əvvəl I minillikdə Naxçıvan əhalisinin Göyçə ətrafında yaşayan tayfalarla vahid ittifaq halında birləşməsi də bunu təsdiq edir.

Tarixin şahidi, həm də iştirakçısı olan bu qədim yaşayış yerləri, qayaüstü rəsmlər, Naxçıvan tarixi ilə bağlı tapılan yeni faktlar tədqiqatçıların qaya təsvirlərini yaradan tayfalar haqqında yeni fikirlər deməsinə imkan verir. Ümumiyyətlə, Naxçıvanın arxeoloji abidələri daş dövründən başlayaraq yurdumuzun qədim tarixini öyrənmək üçün olduqca mühüm əhəmiyyəti olan mənbələrdir. Qədim yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət abidələrinin araşdırılması göstərir ki, xalqımız qədim dövrlərdən bu ərazilərdə məskunlaşan ulu əcdadlarımızın varisləridir.

Baxşəliyev v dəmir dövrünün şəhəri naxçıvanda ilkin şəhər mədəniyyəti

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru

Naxçıvan Muxtar Respublikası tarixi-memarlıq abidələri ilə zəngin diyardır. Burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış daş və dəmir dövrünün abidələri, mükəmməl sənətkarlıq nümunələri kimi diqqəti cəlb edən boyalı qablar, xalq sənətkarlığının inkişaf etmiş və dövrümüzə qədər gəlib çatmış digər sahələri Naxçıvanın ilkin şəhər mədəniyyətindən xəbər verir. Azərbaycanda Eneolit, Kür-Araz və boyalı qablar mədəniyyətinin əsas ocaqları Naxçıvandadır. Bu, bir daha sübut edir ki, minilliklər boyu Naxçıvan ərazisində ardıcıl və intensiv həyat olmuş, eradan əvvəl V-III minilliklərdə burada məskunlaşmış insanların iqtisadi, ictimai və mədəni həyatında ciddi dəyişikliklər baş vermiş, iri tayfa ittifaqları meydana gəlmiş, Naxçıvan şəhəri yaranmışdır.

Naxçıvan həm də müqəddəs torpaqdır. Daş dövrü abidələri içərisində ən məşhuru Əshabi-Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən, xalqımızın bir sıra inamlarını özündə yaşadan Əshabi-Kəhf barədə “Quran”da ayrıca surənin olması onun müqəddəsliyinin təsdiqidir. Naxçıvan torpağının müqəddəs olmasını sübut edən digər fakt isə bəşəriyyətin ikinci atası sayılan həzrəti Nuh peyğəmbər və dünya tufanının bu diyarla bağlı olmasıdır. Qədim yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmışdır.

Naxçıvan qədim və orta əsr memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar vermişdir. Bu dövrdə həndəsə və riyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.

Tədqiqatçıların fikrinə görə, XII əsrdə Azərbaycan intibahı özünü iki zirvədə xüsusilə göstərə bilib: ədəbiyyat sahəsində və memarlıqda. Böyük rus şərqşünası Yevgeni Bertelsin belə bir fikri var: ”Əgər dünyanın bütün dövrlərində yaşamış şairlərini bir cərgəyə düzmək lazım gəlsə, mən birinci yeri tərəddüd etmədən Nizami Gəncəviyə verərdim”. Sənətşünaslar isə belə deyirlər: “Dahi Nizami poeziyada hansı zirvəni fəth edə bilmişdirsə, Naxçıvan memarlıq məktəbi öz sahəsində Nizami zirvəsinə qalxmışdır”. Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək nailiyyəti olmaq etibarı ilə Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub. O, türk, ərəb, səlcuq memarlıq xüsusiyyətlərinin əsas cizgilərini özündə birləşdirərək heç bir mədəniyyəti təkrar etməyib.

Uzunömürlülüyü, mühəndis həllinin bitkinliyini özündə nümayiş etdirən, hələ XII əsrdə qadının şərəfinə ucaldılmış memar Əcəminin şah əsəri Mömünə xatun türbəsi 9 əsrdir ki, zamanın sərt sınaqlarına sinə gərərək dövrümüzə qədər gəlib çatmışdır. Bu abidə Azərbaycan Atabəylər dövlətinin banisi olan Şəmsəddin Eldənizin arvadı Mömünə xatunun şərəfinə ucaldılıb. Abidənin baş tağında kufi xətlə yazılan bu sözlər də insanları xeyirxah əməllərə səsləyir: “Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Bəli, ulularımız neçə-neçə belə əsərlər yaratmaqla tək memarlıq zənginliyini deyil, həm də yaşadıqları dövrdə dövlətçiliyin nə qədər zəngin olduğunu nümayiş etdirmiş, yurda bağlılıqlarının sübutu kimi belə abidələrə Azərbaycançılıq möhürünü vurmuşlar.

Qədim dövrlərə və orta əsrlərə aid yaşayış məskənlərinin, siklop tikililərin, qalaların, istehkamların, memarlıq abidələrinin əsas cəhəti inşaat materiallarının və tikinti texnikasının zənginliyi ilə diqqəti cəlb etməsidir. Belə abidələr siyahısına, həmçinin XII əsrə aid Gülüstan türbəsini, XII-XIV əsrlərə aid Qarabağlar türbə kompleksini, XIII-XV əsrlərə aid Xanəgah abidələr kompleksini, XVI əsrə aid Buzxana abidəsini, XVIII əsrə aid İmamzadə kompleksini, XVIII-XIX əsrlərə aid Şərq hamamını, XIX əsrə aid Cümə məscidini, qədim kəhrizləri və daha sadalamadığımız neçə-neçə tarixi memarlıq abidələrini daxil edə bilərik.

Sadaladıqca bitməyən, hər biri özündə zəngin memarlıq ənənələrini və tarixin izlərini yaşadan bu sənət inciləri Naxçıvan ərazisinə gəlmiş Övliya Çələbi, Tavariye, Şarden, Dübua de Monpere, Moryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçilərini, coğrafiyaşünaslarını, səyyahları, missionerləri də heyrətləndirmişdir. Məşhur sənətşünas M.V Alpatov yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlərində duyduğumuz bəşəri təravəti biz Naxçıvan abidələrində görürük. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını “İkinci Altay” adlandırmışdır.

Naxçıvan memarlıq məktəbinin digər istiqamətlərindən biri də tarixən burada ucaldılmış qalalardır. Qalalar müdafiə tikililəri olmaqla yanaşı, həm də şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Bu gün muxtar respublika ərazisindəki Oğlanqala, Çalxanqala, Əlincə qalası, Naxçıvanqala kimi memarlıq abidələri təkcə xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini yox, həm də qədim şəhərsalma mədəniyyətini günümüzə qədər gətirib çıxartmışdır.

Naxçıvan ərazisində mövcud 1200-dən artıq tarix və mədəniyyət abidəsi öyrənilərək pasportlaşdırılmışdır. Onların 500-dən çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Son illər “Xan sarayı” Dövlət Tarix-Memarlıq muzeyi fəaliyyətə başlamış, Naxçıvanqalada yenidənqurma və bərpa işləri aparılmış, Naxçıvanın memarlıq və qəhrəmanlıq tarixində mühüm yer tutan, əyilməzlik simvolu – Əlincəqalada və Gülüstan türbəsində bərpa işləri başa çatdırılmış, onlarla muzey yaradılmış, muzey binaları orijinal memarlıq həllinə görə seçilmişdir. Abadlıq və quruculuq işlərinin müasir və milli memarlıq elementləri əsasında aparılması və bu qədim diyarın tarixiliyinin qorunması, tikinti və bərpa işlərinin həm də elmi və yaradıcı şəkildə icrasını təsdiqləyir.

Yurda, elə-obaya bağlılıq, iqtisadi güc, ictimai-siyasi sabitlik, möhkəm təməllər üzərində qurulan dövlətçilik ənənələri müasir dövrdə Naxçıvanın memarlıq ansamblına yeni çalarların əlavə olunmasına zəmin yaradıb. Nəzərə alsaq ki, hər ötən gün tarixə çevrilir, o zaman müasir dövrümüzdə inşa olunan binaların özlüyündə bir memarlıq nişanəsi olduğunu qeyd etməliyik. Muxtar respublikada geniş vüsət alan quruculuq işləri bu diyarın memarlıq tarixinə yeni səhifələr yazır. Müstəqillik illərində təkcə paytaxt Naxçıvan şəhərində deyil, bölgələrdə də yeni yollar, körpülər, yüzlərlə idman, mədəniyyət, təhsil və səhiyyə obyektləri, kənd və qəsəbələr salınmış, müasir infrastruktur formalaşdırılmış, dünya memarlığının ən yeni nailiyyətləri qədim Şərq memarlığı ilə üzvi surətdə sintez olunaraq gözəl binalar inşa edilmişdir.

Naxçıvanın tarixində bu günə qədər olmayan uca, çoxmərtəbəli binalar inşa olunur, yeraltı və yerüstü piyada keçidləri salınır, müasir tələblərə cavab verməyən yaşayış binaları yeni üslubda dizayn olunur və ən əsası milli ornamentlər bu binalarda öz əksini tapır. Necə ki, ulularımız tarixi abidələri yaratmaqla azərbaycançılıq möhürünü bu torpağa vurublar, bu gün də bu ənənə tikilən hər bina üçün xarakterikdir. Bir sözlə, Şərq-Qərb ənənələrini özündə birləşdirən müasir memarlıqda millilik amili üstün prinsip kimi götürülür.

Artıq Naxçıvanda müasir memarlığın ən yaxşı ənənələri ilə tarixi memarlığın sintezini özündə əks etdirən memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini ləyaqətlə davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə bu gün də dəyərli sənət nümunələri yaradırlar. Bununla da, gələcək nəsillər üçün şanlı tarix yazılır. Bu tarixin səhifələrində torpağa məhəbbət, dövlətçiliyə sədaqət hissi, milli dəyərlərə bağlılıq, iqtisadi inkişaf və sosial rifah yer alır. Günü-gündən artmaqda olan fərdi yaşayış evlərinin də müasir memarlıq üslubunda inşa olunması artıq bir ənənə halını alıb. İnşa olunan yaraşıqlı evlər Naxçıvanın memarlıq baxımından cəlbedici məkana çevrilməsini daha da sürətləndirir.

Yeni yaradılan ünvanlar – Bayraq Meydanı, Saat meydanı, ticarət mərkəzləri, park və xiyabanlar, geniş yollar, yaşayış binaları, saatların və elektron reklam konstruksiyaların quraşdırılması həm məkan seçimi baxımından, həm də tikinti arxitekturası baxımından tarixən bu torpaqda mövcud olmuş memarlıq ənənələrinin inkişafından xəbər verir. Tarixi abidələrlə yeni üslubda inşa olunan binalar bir-birini tamamlayır. Bir sözlə, Naxçıvan tarixiliklə müasirliyin vəhdətində çulğalaşır. Bu da öz növbəsində turizmin inkişafını şərtləndirir.

Muxtar respublikanın iqtisadi potensialını göstərən ən mühüm cəhət isə müasir memarlığın ən yeni nailiyyətlərinə əsaslanan tikililərdə yerli inşaat materiallarından istifadə olunmasıdır. İndi qədim diyarda sement, kərpic, travertin, mərmər və üzlük plitələr, dam örtükləri, dəmir-beton bloklar, su boruları, qapı və pəncərələr, penoplast lövhələr və digər yüzlərlə bu kimi tikinti materialları istehsal olunur. Bu isə öz növbəsində imkan verir ki, ən ucqar dağ kəndlərində belə inşa olunan obyektlərə keyfiyyətli tikinti materialları vaxtlı-vaxtında çatdırılsın. Muxtar respublikada memarlığın inkişafını göstərən digər faktor isə salınan binaların ilbəil daha modern üslubda inşa olunması, hər bir bölgənin coğrafi və iqlim şəraitinin nəzərə alınması, şəhərsalmanın və memarlıq mədəniyyətinin ən son nailiyyətlərinin düşünülmüş şəkildə tətbiqidir.

Qazanılan nailiyyətlərin nəticəsi olaraq Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.

Naxçıvan şəhərinin mərkəzi küçələrinin birində, Mömünə Xatun türbəsinə yaxın bir ərazidə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin abidəsi ucaldılıb. Naxçıvan memarlıq məktəbinin banisi indi sevimli yurdunun – ulu Naxçıvanın müasir inkişafına şahidlik edir. Bu gün Naxçıvan öz tarixiliyini saxlamaqla modern inkişaf yolunda qətiyyətlə addımlayır.

Comments are closed, but trackbacks and pingbacks are open.