Press "Enter" to skip to content

Davud bəy Şərifov haqqında kitab-albom çapdan çıxıb

Nəşrin elmi redaktoru isə muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və kitab bazası haqqında məlumat

Bu dəfəki yazımızda oxuyan.az komandası olaraq sizlərlə Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və kitabxana daxilində mövcud olan müxtəlif kitab bazası haqqında önəmli məlumatları bölüşəcəyik. Hər birimizə məlum olduğu kimi bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabların rolu əvəzsizdir. Kitablar hər bir xalqın mənəvi sərvətidir, onun tarixidir. Məhz bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların həm müxtəlif mövzularda bilgilərinin genişlənməsində, həm də elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Ölkəmizdə hal-hazırda həm ali təhsil mərkəzlərinin daxilində, həm də ayrılıqda fəaliyyət göstərən bir çox böyük kitabxanalar var. Onlardan biri həm zəngin tarixi keçmişə malik, həm də çoxlu sayda dəyərli kitab fonduna sahib olan Bakı Dövlət Universitetinin nəznindəki Elmi Kitabxanadır.

Bakı Dövlət Universitetinin kitabxanasının tarixi haqda

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası — Azərbaycan Respublikasının ən böyük kitabxanalarından biri olmaqla 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır.1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldıqdan dərhal sonra universitetin təşkilat komissiyası onun kitabxanasını da yaratmaq qərarına gəlmiş və xüsusi kitabxana komissiyası təşkil etmişdi. 1919-cu il iyunun 2-də yaradılmış bu komissiya Bakı şəhər bələdiyyə idarəsinə müraciət edərək, Mixail (indiki Musa Nağıyev) xəstəxanasının nəzdində fəaliyyət göstərən kitabxananın universitetə verilməsini xahiş etmişdi. Bələdiyyə idarəsi komissiyanın xahişinə müsbət rəy vermişdi.Sonralar məhz yaradılmış kitabxana komissiyasının birbaşa müraciətinə əsasən Bakı Neft Sənayeçiləri Qurultayı Şurası Sabunçu xəstəxanası nəzdindəki kitabxananı da 1920-ci ildə universitetin nəzdinə vermişdi. Əlavə olaraq, həmin dövrdə satışdan 120 min manatlıq kitab alınmışdı. Kitabxana komissiyası, eyni zamanda, universitet kitabxanasını yaratmaq üçün əhaliyə və ilk növbədə, ziyalılara da müraciət etmişdi. Müraciətdə kitab satmaq istəyənlərə təbabətə və tarix-filologiya elmlərinə dair bütün dillərdə olan kitabların siyahısını təqdim etmək təklif olunurdu. Komissiya üzvləri əminliklə bildirirdi ki, universitetin xidmət etdiyi böyük mədəni məqsəd naminə, digər mədəniyyət mərkəzlərində olduğu kimi, Bakıda da universitetə elmi kitablar bağışlanacaq.

Bakı Dövlət Universitetinin kitabxanasının hal-hazırdakı fəaliyyəti haqqında

Bakı Dövlət Universitetinin kitabxanası 1919-cu ildə yaranarkən kitabxananın ümumi kitab bazası təqribi 250 kitaba bərabər idisə , hazırda bu kitabxanadakı kitabların sayı 2,5 milyondan artıqdır. BDU kitabxanasında sizlər elmin müxtəlif sahələrinə aid olan xarici dillərdə (Azərbaycan, Şərq, rus və Qərbi Avropa dilləri) nəşr edilmiş nümunələr tapa bilərsiniz. Əsərlər arasında həmçinin Bakı Dövlət universitetinin kitabxanasının qızıl fonduna “nadir və qiymətli əsərlər” kimi daxil edilmiş 13-18 əsrlərə aid əlyazmalar və 16 əsrdən bəri müxtəlif xarakterli nəşrlər nəzərə çarpa bilər. Elmi kitabxananın nəzdində elmi-fəlsəfi əsərlərdən əlavə, “Universitet alimlərinin əsərləri”, “Universitetin görkəmli alimləri” seriyasından və s. mövzularda elmi-biblioqrafik əsərlər mövcuddur. BDU kitabxanasını fərqləndirən xüsusiyyətlərdən biri onun aktiv şəkildə xarici dövlət universitetləri və elmi cəmiyyətlərlə kitab mübadiləsi aparmasıdır. Yerli səviyyədə isə 1998-ci ildən etibarən Bakıda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ilə müqavilələr əsasında əməkdaşlıq edir.

Bakı Dövlət Universitetinin elektron kitabxanası

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra elmi kitabxana yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Elmin və texnologiyanın davamlı inkişafı nəticəsində kitabxanalarda kompüter texnologiyası tətbiq edilməyə, elektron kataloqun yaradilması prosesinə başlanıldı. Bakı Dövlət Universitetinin rəsmi elektron kitabxanasına “ http://elibrary.bsu.edu.az/ “ linkinə keçid edərək rahatlıqla giriş edə bilərsiniz. Kitabxananın kompleks şəkildə avtomatlaşdırılması Mark-Eskuel proqramının əldə olunması ilə asanlıqla həll edilmişdir.Elmi kitabxananın 14 şöbəsi, elmi, tədris və bədii ədəbiyyatdan ibarət 5 abunə, 14 oxu zalı və 42 kafedra kitabxanası mövcuddur.

Elmi kitabxanalarda məlumatların İnternet üzərindən əldə olunması üçün bir çox məlumat bazaları mövcuddur. Bunlardan sadəcə EBSCO Host ödənişlidir, ancaq digər mənbələrdən ödənişsiz şəkildə müəyyən limit daxilində istifadə etmək mümkündür:

  • EBSCO Host (10 məlumat mənbəyi olan, 9000-dən artıq ictimai, humanitar, təhsil, mühəndislik, fizika, kimya, mədəniyyət, dilçilik və sair sahələri əhatə edən elmi jurnallara çıxış)
  • İOP Publishing
  • Cambridge journals
  • American Psychological Association
  • ProQuest
  • Muse
  • Wolters Kluwer
  • Willey-Blackwell
  • Oxford Reference Online

Kitabxananın fondundan istifadə qaydası

Bakı Dövlət Universitetinin Elmi kitabxanasından təhsilini orada davam etdirən hər bir şəxs yararlana bilər. Kitabxanada mövcud olan resurslardan istifadə etmək üçün tələbələr sadəcə öz şəxsiyyət vəsiqəsini təqdim etməli və qeydiyyata düşməlidirlər. Bundan əlavə qeydiyyatdan keçən hər bir şəxs əvvəlcədən müəyyən edilmiş “Kitabxanadan istifadə qaydaları”na qeyri-şərtsiz əməl etməlidirlər. Əks təqdirdə, qaydalara əməl etməyən tələbələrə (oxuculara) xidmət birbaşa olaraq dayandırılır.

  • Oxucular kitabları oxu zalında, dil mərkəzində istifadə ilə yanaşı tədris prosesinə uyğun olaraq evə götürə bilərlər.
  • Elmi ədəbiyyat bir semestr və ya bir tədris ili müddətinə, bədii ədəbiyyat isə bir ay müddətinə oxuculara evə verilir.
  • Kitabxanaya üzv olmuş oxucular kitabxana daxilində olarkən sakitçiliyə riayət etməlidirlər.
  • Kitabxanadan istifadə edən şəxslər kitab və əyani vəsiatlərin istifadəsinə görə məsuliyyət daşıyır və kitabxana fonduna vurulmuş istənilən zərəri qarşılamalıdırlar.
  • Ensiklopediya, dissertasiya, lüğət, nadir və qiymətli kitablar,əlyazmalar, həmçinin bir nüsxədə olan kitablar yalnız kitabxanın oxu zalının daxilində istifadə edilə bilər.
  • Kitabxana həm ənənəvi, həm də elektronlaşdırılmış şəkildə fəaliyyət göstərir..
  • Kitabxanadan istifadə tamamilə ödənişsizdir və heç bir halda kitablardan istifadə etdiyinə görə (fonda dəymiş zərər istisna olmaqla) ödəniş tələb edilə bilməz.

Sonda oxuyan.az komandası olaraq ümid edirik ki, ölkədə oxucular üçün yaradılmış bütün imkanlardan hər bir şəxs lazımı qədər istifadə edə biləcək və kitabxanaların sayəsində onlar öz daxili dünyalarını daha da genişləndirəcəklər.

Davud bəy Şərifov haqqında kitab-albom çapdan çıxıb

Azərbaycan elminin arxeologiya, etnoqrafiya və coğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunan kitabın müəllifləri muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva, arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə, bu şöbənin kiçik elmi işçisi Emin Məmmədovdur.

Nəşrin elmi redaktoru isə muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Kitab-albom Davud bəy Şərifovun həyat və elmi yaradıcılığına həsr olunmuş xüsusi bölmələrdən, eləcə də fototəsvirlərdən ibarətdir. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr AMEA-nın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və muzeyin elmi arxiv sənədlərindən istifadə olunmaqla ərsəyə gətirilib.

Qeyd edək ki, XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi dəstək Davud bəy Şərifovun ən böyük xidmətlərindən biridir.

Comments are closed, but trackbacks and pingbacks are open.