Press "Enter" to skip to content

Bulqarlarda hərbi sənət

Mi-35M döyüş helikopteri

Qars şəhərini salmış qədim türk boyu – BULQARLAR

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı qədim türk tayfası olan bulqarlara həsr olunub. Bulqarların tarixdə oynadığı rol danılmazdır, onlar bu gün mövcud olan Bolqarıstan, Makedoniya dövlətlərinin, Rusiya ərazisində bir çox tanınmış şəhərlərin əsasını qoyublar. Bulqarların Azərbaycanla bağlılığı, dini və mifik təfəkkürü, bulqar tarixinə dair maraqlı faktları tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin dilindən eşidək…

Qədim türklər – bulqarlar

Bulqarlar haqqında danışarkən bütövlükdə türk xalqlarının tarixi ilə bağlı olan konsepsiyalar haqqında da danışmağa məcburuq. Bunu demək kifayətdir ki, türk xalqlarının indiki linqvistik bölgüsündə bulqar qolu xüsusi yer tutur. Türk xalqlarının şəcərələri ilə bağlı kitablarda da oğuz, bulqar, suvar, xəzər və digər qollar ardıcıllıqla öz əksini tapır. Təəssüf ki, bulqarlar mövzusu nə Türkiyə, nə Mərkəzi Asiya, nə də Azərbaycan tarixşünaslığında yetərincə araşdırılmayıb.

Versiya: Qars şəhərini bulqarlar salıb

Bulqarların mənşəyi, bulqar etnonimi ilə bağlı bir çox versiyalar var. Əgər klassik sovet versiyasına inansaq, guya bulqarlar əvvəlcə Mərkəzi Asiyada, Çin sərhədində yaşayıblar. Çin mənbələrində bulqarların adı pulk, polk formasında ifadə olunub. Onlar sonra bunlar Şərqə doğru irəliləyiblər. Lakin Smirnov adlı arxeoloq özü də hiss etmədən etiraf etməyə məcbur olur ki, hələ hunlardan əvvəl indiki Volqa sahillərində, yəni İdil sahillərində bulqarlar yaşamışdılar. Şimali Qafqazda da bulqarlar yaşayıb. Hay və gürcü mənbələrində bulqarların adı çəkilir. Məsələn, Moisey Xoreninin əsərində qeyd olunur ki, Parfiya hökmdarı Aşakın vaxtında Qafqaz dağlarının o biri üzündə – söhbət Şimali Qafqazdan gedir – böyük iğtişaşlar oldu. Və onlardan ayrılan böyük bir qol, Vahındır Bulqar adında bir adamın rəhbərliyi ilə Kür çayının bir tərəfinə səpələndi. Hətta Qars şəhərinin bulqarlar tərəfindən miladdan öncə II əsrdə salınması versiyası var. Bu isə sovet tarixşünaslığına zidd olan xüsusiyyətdir.

Dilodan törəyən türklərlə Aşinadan törəyən türklərin savaşı

Yəni, tarixi mənbələr bulqarları hunların gəlişindən xeyli əvvəl indiki coğrafiyada rəsmi olaraq tanıyır. Sadəcə, yazılı ədəbiyyatın meydana gəlməsi tamam başqadır. Məsələn, keçən əsrin sonlarında bizim qardaş tatar xalqının alimləri gözəl bir mənbə tapdılar – “Cakfar tarixi”. “Cakfar tarixi”ndə bulqarların faktiki olaraq Cənubi Qafqazdan şimala doğru getmələri və orada 7 el salmaları haqqında söhbət gedir. Deyilənə görə, İdil sözü kökünü 7 eldən götürüb. Bu, Volqa çayının qədimi adıdır. Artıq hunların dövründə bulqar tayfa ittifaqı daha güclü idi. Və bunlar özlərini Dulodan törəmiş hesab etdiklərinə görə – Bozqurd haqqında əfsanə də var – özlərini birbaşa ora bağlayırdılar. Hun ordu birliyi içərisində bulqarların öz çəkisi vardı. Bulqarlar Kutriqur, Utiqur adı formasında o birlikdə iştirak edirdilər. Hətta 6-cı yüzillikdə Kutriqur və Utiqur formasında olan bulqar tayfa birliyinin təkcə, Şimali Qafqazda deyil, eyni zamanda Cənubi Qafqazda böyük rol oynadığı qeyd edilir. Bizans dəfələrlə bunların qüvvələrindən istifadə edib. Yazılı ədəbiyyata müraciət etsək, hansı mənzərəni görərik? İordan qeyd edir ki, Atillanın ölümündən sonra onun böyük oğlu İləki xan döyüşlərdə öldürülmüşdü, ondan kiçik olan Ernək bulqarların içərisinə qayıtdı. Və Azov dənizi ilə Xəzər dənizi arasında böyük bir dövlət yaranır – Böyük Bulqar dövləti. Böyük Bulqar dövlətinin başında Kubrat xan dururdu. Kubrat xanın dövründə Qara dəniz sahillərində yerləşən Fanaqoriya və s. şəhərlər çox böyük gücə malik idilər. Sonrakı mərhələdə bulqarlar xəzərlərlə toqquşdular. Xəzərlər Aşina nəslindən, bulqarlar Dulo nəslindən idilər. Toqquşmanı bəzən bununla izah edirlər. Lakin bu faktı son dərəcə şişirtmək lazım deyil. Faktiki olaraq, hər ikisi bir soydan idilər, türk idilər. Buna görə də Xəzər xaqanlığı güclənərkən həmin Kubrat xanın övladları müxtəlif yerlərə səpələnməyə məcbur olurlar. Məsələn, onun böyük oğlu Batbay xan Xəzər ağalığını qəbul edir. Ona bəzən Batbayan da deyirlər. Onlar mövcud olduqları torpaqlarda Azov dənizi ilə Xəzər dənizi arasındakı ərazilərdə yaşayırlar. Qotraq xan şimala doğru irəliləyir və bugünkü Tatarıstan ərazisində, Volqa sahillərində – Don, Kama ərazilərində ayrıca bir dövlət yaradır. Bu dövlət Volqa Bulqarıstan adlanırdı. Kurbat xanın digər oğlu Asparux Dunay sahillərinə enir. O biri oğullarından biri Makedoniya, digəri İtaliya istiqamətində irəliləyir.

Asparux xanın qoyduğu qızıl qayda: bulqarların slavyanlarla evlənməsi qadağandır

İtaliyada kilsə də var – De Santiette Bulqaro. Burada din həmin etnosun özünü qoruyub saxlamasına çox mühüm təsir göstərdi. Asparux xan 679-cu ildə Dunay sahillərində idi. Bolqar rəssamı gözəl tablo da yaradıb – “Asparux Dunayı keçərkən”. Onun ilk toqquşduğu dövlət Bizans oldu. Ondal savaşında Bizansı darmadağın edən Asparux indiki Bolqarıstan ərazisində möhkəmlənir. Bulqarların gerbi olan Bars bugün Volqa Bulqarıstanının da, eyni zamanda Dunay Bulqarıstanının da bayrağında əksini tapıb. Sadəcə, Dunay Bulqarıstanın bayrağındakı Bars qəfəsdədir, lakin Volqa Bulqarıstanındakı Bars azaddır, pəncəsinin üzərinə uzanmış vəziyyətdədir. Asparux sonrakı fəaliyyəti dövründə get-gedə Bizansı daha da sıxışdırmağa başlayır. Asparux bir qayda qoyur, qaydaya əsasən Dunay sahillərinə sığınmış slavyanlarla evlənmək qadağan edilir. Niyə? Çünki Asparux tədbirli hökmdar idi. O gözəl bilirdi ki, sayca çox olan slavyan kütlələri bunları istər-istəməz assimilyasiya edə bilər. Asparuxdan sonrakı xanların dövründə Krum xanın dövründə də bu siyasət davam etdirildi. Krum xan hətta Bizansın paytaxtı Konstantinopolun mühasirəsində də iştirak edib. Mənbələrin yazdığına görə, onu zəhərləyib öldürüblər. Hakimiyyətə Omurtax xan gələndə xristianların təqibinə başlayır. Bu dövrdə də slavyanlarla nikah qadağan idi. Dövlətin zəifləməsi Börüs xanın dövründən başlayır. Onun dövründə nəinki, slavyanlarla evlənməyə icazə verilir, hətta xristian dini hakim din olur. Düzdür, bulqar saray əyanları buna qarşı çıxırlar, onlar şamançılığa, tanrıçılığa sadiq qalmaq istəyirdilər. Lakin təəssüf ki, bu çıxış yatırıldı. Və növbəti bulqar hökmdarlarının – Simeonun, Nikiforun dövründə dövlət xristianlaşmağa başladı. Bununla da bulqarlar öz dillərini itirdilər.

Dunay Bolqarıstanının əhalisi antropoloji baxımdan bulqarlara bağlı xalqdır

Bugünkü Dunay Bolqarıstanının əhalisi istər antropoloji, istər genetik yöndən bulqarlarla bağlı xalqdır. Bunu araşdırmalar da göstərir. Bəs şimalda qalan bulqarların taleyi necə oldu? 922-ci ildə Kotraq xanın nəticəsi Almış xan xilafətə müraciət edir. Gözəl bir mənbə də var – “İbn Fədlanın Volqaya səyahəti”, İbn Fədlan xəlifə tərəfindən göndərilən nümayəndə heyətini içərisində idi. Almış xan islamı qəbul edir və bundan sonra islam dini Volqa Bulqarıstanında hakim dinə çevrilir. Təəssüf ki, sovet dərsliklərində belə bir dövlətin olması unudulurdu. Halbuki, bu, Kama, Don, Volqa çayları arasında böyük bir ərazidə yerləşən dövlət idi. Monqollar birləşmiş Rusiya knyazlıqlarını darmadağın etdiyi halda Volqa bulqarları 1227-ci ildə monqolları darmadağın etdi. Bu isə o dövlətin gücünü göstərir.

Bulqarların Azərbaycanla bağlılığı

Bulqarların Azərbaycanla hansı bağlılığı var? Azərbaycanlılara yad olmayan Qars şəhəri bulqarlar tərəfindən salınıb. Bundan başqa, Aşxaratyutsda, yəni erməni coğrafiyası əsərində, eyni zamanda Musa Xorenatsinin əsərində qeyd olunur ki, bulqarlar Kür çayının bu biri tərəfinə keçib yerləşdilər. Xorenli Musa daha dəqiq deyir ki, quzeydən gələn bulqarlar Kolxetdən, Qoxadan cənubda yerləşdilər. Bu da təxminən bugünkü Gürcüstanın cənub və cənub-şərq hissəsini, eyni zamanda Ermənistan adlanan respublikanın şimal hissələrini əhatə edən tarixi Borçalı mahalının ərazisinə uyğun gəlir. Hətta Naxçıvanın şimalına doğru uzanan böyük bir ərazidə bulqarlar məskunlaşmışdılar.

Bulqarların adları bugünkü toponomikada öz əksini tapır. Azərbaycanın cənub-şərqində Bulqar çayı bu gün də var. Eyni zamanda “Kitabi Dədə Qorqud” da Əkrək və Səkrək boyunda belə bir epizod var ki, qardaşının dalınca gedən Səkrək İç Oğuzdan Dış Oğuza gedən yolda alnı başı parlaq bulqar ər görür. Bəzi alimlərin sözlərinə görə, bulqar “parıldayan, işıqlı” deməkdir. Onu da deyim ki, Makedoniya bulqarları da özlərini “serebrennıe bulqarı”, yəni “gümüşü, parıldayan bulqarlar” adlandırmışdılar. Ola bilər, bu söz allı başlı, yaxud altı başlı mənasında da ifadə oluna bilər. Altı başlı 6 tayfadan ibarət olduğuna görə deyilə bilər. Baxmayaraq ki, mənbələr onların cəmi 3 yerə bölündüyünü qeyd edir – barsilər, barıncılar, burtaslar.

Azərbaycan türkcəsində “gəliyəm”, “gediyəm” formasında danışanlar bulqar soyludur

Volqa Bulqarıstanının sonrakı taleyi necə oldu? 1236-cı ildə Batı xanın hücumu nəticəsində rus dəstələrinin köməyi ilə Volqa Bulqarıstanı aradan qaldırılır, dövlət kimi məhv edilir. Təəssüf ki, həm indiki, həm də sovet tarixşünaslığında bulqarlar unudulur. Lakin tarixi mənbələrdə üzə çıxır ki, böyük ərazidə çox sayda qədim məscidlər salınıb. Bugünkü Volqa bulqarlarının varisləri kimlərdir? Azərbaycan ərazisində Volqa bulqarları öz yerində. Onu da deyim ki, Azərbaycan türkcəsində “gəliyəm”, “gediyəm” formasında danışan soydaşlarımız bulqar soyludurlar. Onlara daha çox Muğan zonasında rast gəlinir. İstər Güneydə, istərsə də Azərbaycan Respublikasının ərazisində olan Muğanda – Yardımlı, Cəlilabad və digər bölgələrdə indi də bulqar ləhcəsində danışılır.

Volqa Bulqarıstanının varisləri – çuvaşlar və tatarlar

Volqa Bulqarıstanının mirasına sahib çıxan isə çuvaşlar və tatarlardır. Onlar özlərinə çox vaxt ya kazanlı, ya da bulqarlı deyirlər. Sovet dövründə çuvaşlarla tatarları bir-biri ilə vuruşdururdular. Onların hər birinə “bulqarlar sənindir” deyirdilər. Beləcə, iki qardaş millət bir-birini qırırdı. Nə yaxşı ki, XXI əsrin əvvəllərində çuvaş və tatar ziyalıları bir araya gələrək qərar veriblər ki, Çuvaşıstanla Tatarıstan birləşsin və adı Böyük Bulqarıstan olsun. Bu, Rusiya hakimiyyət orqanları üçün gözlənilməz hadisədir. Tarixçi kimi mən də bunu dəstəkləyərdim. Bütün linqvistlər də deyirlər ki, tatar və çuvaş dili bulqar dil ailəsinə aiddir.

“Bulqar” sözünün mənası – “qarışmış kişilər”, “çay adamı”, “balık ər”.

Bulqar sözünün etimologiyasını müxtəlif cür izah edirlər. Bulqar “bəlgə”, yəni “qarışmış” deməkdir. Çox zaman deyirlər ki, uqor və türk tayfaları bir-birinə qarışdılar deyə bulqar sözü “qarışmış kişilər” mənasını verir. Dunay bulqarlarının törəmələrindən olan İlçik qeyd edir ki, bu söz “balqar”, “volqar” formasında işlənir ki, bu da çay adamı mənasını verir. Bəzi türk və Çin tarixçiləri qeyd edirlər ki, “bulqar” “balık ar”, “balık ər” deməkdir. Qədim türk dilində şəhərə balık deyirdilər, yəni şəhərdə yaşayan kişilər. Son versiya mənə daha inandırıcı görünür. Çünki Volqa Bulqarıstanının ərazisində bu gün də əhəmiyyətini saxlayan nə qədər şəhər var! O şəhərlərin çoxu Volqa bulqarları tərəfindən salınıb. Kazan, Çimlyansk, Saratov, Sarıtau, Jiquli bulqar dilində olan sözlərdir. Böyük şəhər mədəniyyətinə malik olan xalq təbii ki, şəhər adamları deyə tanınmağa layiqdirlər.

Bulqarların dini dünyagörüşləri

XIII əsrin 20-ci illərində bulqar mədəniyyəti o qədər güclü idi ki, şimalda, yəni Volqa Bulqarıstanında onlar tanrıçılıq dinini daha tez əridə bildilər. Paytaxtı Saray-Batı olan Qızıl Orda çox keçmədən Özbək xanın dövründə islam dinini qəbul edir. Çox sayda müsəlman türk ədəbiyyatı yaranır. IX əsrdə yaranan bu ədəbiyyat dövrümüzə qədər gəlib çıxıb. Təəssüf ki, Azərbaycan oxucularının çoxu o əsərlərlə tanış deyil. Bizdə XIV, XV, XVI əsrlərdə yaranan poemalar Volqa Bulqarıstanında da yaranmışdı. Bu işdə Azərbaycan türkləri qardaşlarına yardımçı ola bilərlər. Çünki ərəb dili Azərbaycanda daha çox tədqiq edilib. Volqa Bulqarıstanının ərazisində bəzən gecələr qaranlıq olmurdu, ona “belıe noçi” “bəyaz gecələr” deyirdilər. Mənbələr yazırlar ki, onlar namazın vaxtını xoruzun banlaması ilə müəyyən edirdilər. Yəni bulqarlar o dərəcədə sadiq müsəlmanlar idilər. Volqa bulqarları o zaman Kiyev Rusiya dövlətində hansı dinin qəbul edilməsi ilə bağlı mübahisə düşəndə nümayəndə göndərib onları islam dininə dəvət etmişdilər. Təəssüf ki, belə bir möhtəşəm dövlətin tarixi yaşadıqları və daxil olduqları Rusiya tarixində nə dərsliklərində, nə də ali məktəblərdə tədris olunmur.

Bulqarların mifik təfəkküründə Bozqurd inancı

Bulqarların mifik təfəkkürünə gəlincə, istər İordanda, istərsə də Bizans imperatorluğunun saray tarixçiliyində Dunay sahillərinə gedən bulqarlarda bozqurd inancının olması haqqında söhbət gedir. Bozqurd inancı XVI, XVII əsrə qədər Dunay Bolqarıstanında qalmağa davam edirdi. Sadəcə olaraq, Dunay bolqarlarının tam slavyanlaşmasına şərait yaradan həmin ərazinin uzun müddət Osmanlı işğalı altında qalması idi. Yəni dini ayrılıq o bulqarları daha çox slavyanlaşdırdı. Çünki dili Osmanlı ilə eyni olsa da, Osmanlı dini dövlət idi. Və bu dini hisslər vaxtilə Mərkəzi Avropadakı bir çox türk xalqlarının törəmələrinin – avarların, macarların, bolqarların türkçülüyü itirməklərinə gətirib çıxardı. Burada din faktorun mühüm əhəmiyyəti var. Bulqarlarda bozqurd inancının mövcudluğunu XVI-XVII əsrlərdə ora göndərilən missioner rahiblər də qeyd edirlər. Onlar özləri də bulqarların xristian olmalarına şübhə ilə yanaşırlar.

Xankəndi

Xəbər verdiyimi kimi bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Parad son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalıb. Hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunub. AzVision.az bu gün paradda nümayiş etdirilən texnikaların bir neçəsi barədə məlumatları oxucularının diqqətinə çatdırır.

Bunlardan biri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi, Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşınıdır. Bu maşın ilk dəfə bu gün keçirilən paradda nümayiş olunub. Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən yaradılan “Gürzə” patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan “Gürzə” adlı patrul maşını Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgiyə çıxarılıb.

Toyota HİLOYX 12 modelinin bazasında hazırlanan “Gürzə”4×4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.

“MARAUDER” və ““MATADOR”

Cənubi Afrika Respublikasının “ Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli maşınlarda bu gün nümayiş etdirilib. Azərbaycan MSN “Paramount Group” şirkəti ilə “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalına 2009-cu ildən başlayıb. Layihə çərçivəsində ümumilikdə 110 ədəd nəqliyyat vasitəsinin istehsalı planlaşdırılıb.

Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan nəqliyyat vasitələri «V» formalı şassiyə malikdir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən və partlayışın təsirlərindən mühafizə edir. “Matador” 14 (12+2), “Marauder” isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları isə müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Balistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. “Matador” STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, “Marauder” isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur.

“COBRA”, “LAND ROVER DEFENDER”, “ZPT”

Bu gün həmçinin Azərbaycanın Türkiyədən aldığı “Cobra” tipli yeni zirehli nəqliyyat vasitələri də parada çıxarılıb. Türkiyənin “Otokar” şirkəti ilə 2010-cu ildə imzalanmış 20,7 milyon dollar dəyərində müqavilə üzrə Azərbaycana 123 ədəd müxtəlif tipli hərbi nəqliyyat vasitəsi – 35 ədəd “Cobra” tipli zirehli döyüş maşını, 37 ədəd ZPT tipli zirehli personal daşıyıcı və 51 ədəd “Land Rover Defender” tipli nəqliyyat vasitəsi çatdırılıb. 13 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulmuş “Cobra” 4×4 təkər formuluna malikdir. Maşının çəkisi 6 ton, sürəti 110 km/saat təşkil edir. Radioaktiv və kimyəvi hücumlardan, mina partlayışlarından qorumaya malik maşının üzərində müxtəlif silahlar qurmaq mümkündür. Hazırda “Cobra” tipli nəqliyyat vasitələri postsovet ölkələrindən Gürcüstan, Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin inventarında yer alır.

“T-90S” əsas müharibə tankı

Hal-hazırda daha çox Hindistan və Rusiya ordusu bu tankdan istifadə edir. 2011-ci ildə Rusiyadan alınıb. Bu tankların seriyalı istehsalına 1992-ci ildən, T-90S modifikasiyasının istehsalına isə 2001-ci ildən başlanıb. T-72 tankının əsasında yaradılan T-90 qoruma səviyyəsi, avadanlıqları ilə sələfindən fərqlənir. Tank teplovizora, gücləndirilmiş zirehə, aktiv müdafiə sisteminə malikdir.

9K330 “Tor” zenit-raket kompleksi.

Hərbi paradda nümayiş olunan yeni sistemlərdən biri olan «Tor» kompleksi 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı deyilir. Kompleks hava hücumuna və raketlərə qarşı mübarizə üçün nəzərdə tutulub. Hər cür hava şəraitində tapşırıqları icra etməyə qadir olan bu kompleks əhəmiyyətli inzibati, iqtisadi və hərbi obyektlərin antiradar, qanadlı raketlərdən, stels texnologiyalara əsaslanan təyyarələrin və helikopterlərin hücumlarından qorunması üçün nəzərdə tutulub. Sistem həm operatorun iştirakı ilə, həm də avtomatik rejimdə istifadə oluna bilir.

2S19 “Msta-S” özüyeriyən haubitsa

1989-cu ildən silahlanmaya qəbul olunmuş bu özüyeriyən artilleriya sistemi Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olub. 152.4 mm çaplı mərmilərdən atəş açır. Haubitsa müxtəlif növ mərmilərlə 12 km-dən 29 km-dək uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilir. Hazırda Azərbaycan daxil olmaqla, 8 ölkənin silahlanmasında yer alır.

TR-300 “Kasırğa” topçu atəş sistemi

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş, mənzili 100 km-dən uzaq olan bu raket sistemi Azərbaycan Silahlı Qüvvələrinin inventarına yeni daxil olub. Paradda həmçinin Türkiyədən alınmış TR-122 «Sakarya» reaktiv yaylım atəş sistemləri də keçid edəcək.

9K57 “Uraqan” reaktiv atəş sistemi

İndiyədək bir neçə dəfə Azərbaycan Ordusunun silahlanmasında yer aldığı bildirilən bu sistemin də paradda ilk dəfə nümayişi nəzərdə tutulur. 1975-ci ildən müxtəlif orduların silahlanmasında yer alan bu 220 mm çaplı reaktiv yaylım atəş sistemi 10 km-dən 36 km-dək uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Mi-35M döyüş helikopteri

Dövlət Sərhəd Xidmətinin istifadəsində yer alan bu helikopterlərin ilk partiyası Azərbaycana 2011-ci ilin dekabr ayında gətirilib. 2010-cu ildə Rusiya tərəfi ilə imzalanmış müqavilə 24 helikopterin alğı-satqısını əhatə edir. Ötən il Rusiya tərəfi daha 8 helikopteri Azərbaycana göndərib. Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

“Heron” və “Hermes-450” pilotsuz uçuş aparatı

“Heron” 2003-cü ildən İsrailin İAİ şirkəti tərəfindən istehsal olunan bu PUA dünyada ən müasir pilotsuz uçuş sistemlərindən sayılır. İsrail, ABŞ, Fransa, Türkiyə, Braziliya, Hindistan, Kanada və digər ölkələrin ordularında istifadə olunur. Havada 40 saatdan artıq qala bilir. “Hermes-450” İsrailin «Elbit Systems» şirkəti tərəfindən istehsal olunub. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin silahlanmasında yer alır. Cənubi Qafqaz regionunda Azərbaycan və Gürcüstanın silahlanmasında mövcuddur.

Həvəskar rəssamların təsviri sənət sərgisi açıldı

Həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə üçün nəzərdə tutulmuş “Hisslər və Rəsmlər. ” adlı təsviri sənət sərgisi 9 mart 2023 il tarixində saat 16:00 Xətai Sənət Mərkəzində açıldı.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini xanım Gülşən Qəribli açaraq qonaqları salamladı. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova,həmçinin, tədbir iştirakçıları öz ürək sözlərini bölüşdülər. Bundan əlavə, sərgidə iştirak edən ən yaşlı müəllif, seçim heyyətinin seçdiyi ən yaxşı əsərin müəllifi, ən yaxşı tələbə əsərinin müəllifi, tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi hədiyyə ilə təltif olundu. Tədbir sərgi iştirakçılarına sertfikatların təqdim olunması ilə davam etdi.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgiyə ölkəmizin müxtəlif guşələrindən həvəskar rəssam və rəssamlığı ikinci peşə sayan müxtəlif peşə sahibləri asudə vaxtlarında ərsiyə gətirdikləri 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgiləndi.

Qeyd edək ki, ilk olaraq əsərlər onlinə qaydada qəbul olunmuş və seçilmiş əsərlər sərgilənmək üçün dəvət olunmuşlar.

Əsəri sərgilənən müəlliflər və sərgilənən əsərləri https://www.yumpu.com/. /hisslr-v-rsmlr-hvskar-rssamlarn. linkində izləmək olar.

Sərgi 10-11 mart 2023-cü il tarixində sənət həvəskarlarının üzünə açıq olacaq.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.