Press "Enter" to skip to content

Bəxtiyar Vahabzadə

Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Текст книги “Axı dünya fırlanır…”

Dil açanda ilk dəfə ana söyləyərik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil,–bizim ruhumuz, eşqimiz,
canımızdır,
Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz
genişliyindən,
Ağ saçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.

Millətlərə, xalqlara xalqımızın adından
Məhəbbət dastanları yaradıldı bu dildə.
Moskvada Puşkinə heykəl qoyulan zaman,
Ona abidə qoydu bu dildə Şirvani də.

Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.

Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.

Noyabr, 1954

TƏKLİK

Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə,
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq, insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar, nə yağış yağar…

Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən,
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa, qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma, dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın!

Mart, 1956

SƏN ATDIN YERƏ

Nə deyib saçını kəsdirdin, gülüm?
O gün gəlməyəydin görüşə barı.
Kəsdirdin, ayaqlar altına düşdü
Qumral saçlarının qıvırcıqları.

Hər buruq telinə can demişəm mən.
Saçını nə qədər iyləmişəm mən.
Mənim toxunduğum qara telləri
Kəsdirib ayaqlar altma atdın.
Sən saç uzatdığm neçə illəri,
Düzünü söyləsək, bir günə satdın.

Sənin saçlarını axı, neçə il
Sıxıb qərq etmişəm mən öpüşlərə.
Düşünsən, sevgilim, saçların deyil,
Mənim öpüşlərim atılmış yerə…

İyul, 1957

AY İŞIĞINDA

Nəğmə var, dinləyəndə,
elə bil, yetişirsən
ən böyük muradına.
Nəğmə var, dinləyəndə
bütün qəmin, kədərin
gəlir düşür yadına.
Nəğmə var, dinləyəndə
ötən şirin günləri anır, anır, yanırsan.
Nəğmə var, dinləyəndə
sən torpaqdan üzülüb,
göyə qanadlanırsan…
Nədəndir, ey sevgilim,
Dinləyəndə hər dəfə
mən “Ay işığında’nı,
Sən düşürsən yadıma?
Yetişirəm, elə bil,
bu dünyada ən böyük
arzuma, muradıma.
Ay işığı rəqs edir,
Sanki o ay üzündə.
Bəlkə, ay işığından
Yarandın sən özün də.
Sən də o mahnı kimi
Həm incəsən, həm dərin,
Həm həzinsən, həm şirin.

Dekabr, 1957

GƏLİR

Tarıma çəkilmiş simə bənzə sən!
Titrə bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa, gilavar gəlir.

Bir az sıxlaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar.
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.

Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir.

ÖMÜR

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq – yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

“Bu dünya beş gündür”, – deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Fevral, 1956

GECƏ BULAQ BAŞINDA

E. İbrahimova bəstələmişdir

Sakit axıb gecələr
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.

Sirlərlə doludur
Gecələr bulaq başı.
Onun zümzüməsidir
Gecələrin sirdaşı…

Səpələnib toz kimi
Şırıltıyla axan su –
Neçin pozur gecənin
O dərin sükutunu?

Bəzən aylı, süd kimi,
Bəzən qara gecələr –
Bulaq laylamı çalır
Yatanlara gecələr?

Nə deyir laylasında
Ötüb qumrular kimi?
O – keçmişin naləsi,
Gələcəyin sirrimi?

Bulaq nə deyir görən,
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır?

Avqust, 1956

SƏKİLƏR

Əlimdə bir dəstə gül,
dayanmışam səkidə.
Vağzal boyu gəzirəm,
ürəyim səksəkədə.
Qanad açıb, uçuram
sanki buludlarda mən,
Hamı bilsin, yarımı
gözləyirəm burda mən.
Hər baxanda saata,
ancaq, qanım qaralır.
Yamanca tez gəlmişəm,
hələ vaxta çox qalır.
Qarşımda bir qatar var.
Vaqonlara quş kimi
çıxır, düşür adamlar.
Hamı gülür-danışır,
Küsülülər barışır
Ayrılıq məqammda.
Nələr keçir bu adla,
Ürəklərdən, eh, nələr…
Xəfif gülümsəmələr,
Çaşmalar, karıxmalar,
Mehriban əlsıxmalar…
Ağlayan kim, gülən kim,
Yarına gül verən kim,
Pəncərə arxasından
Busələr göndərən kim.
Pıçıltılar, vədələr,
Xəlvəti hıçqırıqlar.
Onların arasında
yəqin sevgilisini
yola salanlar da var.
Deyirlər ki, bu qatar
gedəndən sonra ancaq,
Sevgilimi gətirən
qatar gəlib çıxacaq.
Bəs bu niyə getməyir?
Qəribə gəlir mənə.
İstəyirəm önümdə
bir tir kimi uzanan
Bu qatar tez tərpənə.
Ah… yarını ötürən
Nə düşünür bəs görən?
Mən deyirəm, ay qatar,
de dayanma, tez yeri!
O deyir ki, sınaydı
qatarın təkərləri.
Mən deyirəm, bu anlar
məni gətirdi cana,
O deyir ki, bu anlar
İllər qədər uzana.
Mənim üzümdə sevinc,
onun üzündə kədər,
Onunçün ağlayırsa,
mənimçün gülümsəyir,
səkilər, ağ səkilər.
Yarı yola salanın
könlünə dağ çəkilər!
Səkilər, ay səkilər.
Üstünüzə nə qədər
damıb isti göz yaşı!
Burda yola salıbdır
neçə bacı qardaşı.
Neçə ana balanı,
neçə yar öz yarını,
sevimli baharını.
Bir ay əvvəl burdaca
ayrıldım sevgilimdən,
Bir gün görüşəcəyəm,
yenə, yenə burda mən.
Bir işə bax, işə bax.
Bir səkidə bir anda,
Dayanıbdır yanaşı
Yarı yola salan da,
yarı qarşılayan da.
Kim gecəni gündüzlə,
günəşi ayla görnıüş?
Kim hicranı vüsalla,
qışı da yayla görmüş?
Bu səkidə qarışır
su atəşə, ay günə,
Hicranın göz yaşları
vüsal gülüşlərinə.
Bu dünyada vüsalla,
hicranm görüş yeri,
Bəli, bu səkilərdir,
bu vağzal səkiləri!

Mart, 1957

DAĞDA ŞƏLALƏ KİMİ

Bir rəngi yox, göylərin min rəngini sevirəm
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat – bir cıdır düzü, bir döyüş
meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağrımaz başım” – deyənlər də
var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər.
Əsl könül həm qəmi, həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur.
Daim sevinc axtaran daim qəmə tuş olur.
Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.
“Bu dünyada birtəhər qoy yaşayaq”, –
deyənə,
Ah, birtəhər. Lüğətə bu söz hardan
gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər
nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü
canlara”,
Gündən qaçıb həmişə kölgə axtaranlara…
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
Namusu xərcləməkdən onlar
çəkinməzdilər.
Onlar orta yol tutub nə “hə”, nə də “yox”, –
dedi.
Havaya nə “istidir”, nə də ki, “soyuq”, –
dedi.
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.
Özgəsini qorxudub hürkdülər özlərindən.
Onlar qazdan ayıqdı…
Onlar havaya baxdı…
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm
tutdular.
Özlərini düşünüb özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı.
Yaşadılar ölü tək, nəfəsləri olmadı…
Getdilər iş dalınca, ürəkləri getmədi…
Gəzdilər… Hey gəzdilər.
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi…
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömürdə bircə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir, axı, hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər.
Min-min dəfə ölənin matəmi yassız keçər.
Qardaş, min duyğu ötsün ürəyindən bir
anda.
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək,
gül.
Gülsən də, ağlasan da tamam doysun qoy
könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uca zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin.
Onun qasırğasına, dalğasına vurğunam.
Qoy döysün yağış məni, boran məni, qar
məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitcə bir otaqda
gəlib keçsin lal kimi…
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Bağçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxanmaq
istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq
istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.

Bir rəngi yox, göylərin min rəngini
sevirəm.
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!

May, 1960

KİMDİR MƏNİM DÜŞMƏNİM?

Kimdir mənim
Ən qorxulu düşmənim?
Kaş biləydim bunu mən.
O zərbə vurmamışdan
Kəsəydim yolunu mən.
Kimdir mənim
Düşmənim?
Yaxşımı qoyub
Yamanımı danışanmı?
Yox!
Eyblərimi deyib
Arxamca gülənmi?
Yox.
Mənim nöqsanlarımı
Məndən yaxşı bilənmi?
Yox! Yox! Yox!
Onların gözlərini
Taxaydım öz gözümə.
Özgələrin gözüylə
Baxaydım öz-özümə.
Bacarsaydım bunu mən
Bu dünyada nə dərdim…
Mən onda öz-özümü
Daha yaxşı görərdim.
Onda eyiblərimə
Özüm düşmən olardım;
Görsəydim öz-özümü,
Onda mən, mən olardım!
Ah. Məni məndən gözəl
Görə bilən dostlarım,
Arxamca qəh-qəh çəkib
Mənə gülən dostlarım,
Gülün, elə gülün ki,
Çatsın qulaqlarıma
Sizin gülüşləriniz.
Yamanımı danışın,
Elə danışın ki, siz
Mən də xəbərdar olum.
Danışın, qoymayın ki,
Mən özümə vurulum.
Ən qorxulu düşmənin
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən.
Özüm öz əllərimlə
Bir gün bal içirəmsə,
Bir gün zəhər içirəm.
Mən həyat yollarından
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm.

Aprel, 1960

ONUN PƏRİŞANLIĞI

Füzuli heykəlinin açılışı münasibətilə Heykəlin müəlliflərinə

Sağ olun,
Çox sağ olun,
Gözəldir heykəliniz.
Qoy var olsun əliniz!
Füzulini deyil, siz
Bu günü duymuşsunuz.
Sənətin bizim əsrə
Sözünü duymuşsunuz.

Öz əsrində Füzuli
Axı, nəyə ağlamış?
Kim deyir ki, Məcnuna,
Ya Leyliyə ağlamış?
Mən anlaya bilmirəm
Şah tsmayıl əsrini
Yamanlaya bilmirəm.

O, öz zərrə dərdinə
Ümman dedi, dağ dedi.
O, öz “yalanlarıyla”
Əsri də silkələdi.

Bizsə ağ yalanları
Daddıq həqiqət kimi –
Bədbəxtliyi səadət,
Zəhəri şərbət kimi.

Heykəliniz gözəldir!
Onun o əyri beli
Sanki mənim əsrimin
Dərdilə yüklənibdir.
Şeirinin hər nidası,
Nəğməsinin hər xalı
Əsrinə köklənməyib,
Əsrimə köklənibdir.

Onun pərişanlığı
Köksündə od qalanmış
Ana yurdu talanmış
Elin pərişanlığı…
Yüz yerə parçalanmış
Dilin pərişanlığı.

O, sakit görkəmiylə
Qaya kimi dayanıb,
Dərya kimi çağlayır.
Böyük türk millətinin
Dünəninə güvənir,
Bu gününə ağlayır.

İyul, 1962.

ÖZÜMDƏN NARAZIYAM

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

İyul, 1960, Riqa

BİR SALAMA DƏYMƏDİ

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə
keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha
mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri
dönməyəcəksən!…
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum,
tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən,
gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama
dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı
canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi,
gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Sentyabr, 1961

ANA HƏDİYYƏSİ

Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
– Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.

Avqust, 1962, Şəki

VƏTƏNDƏN-VƏTƏNƏ

Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.

Bu necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
Bu qəmim, bu dərdim dağlardan ağırdı
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə…
Vətəndən-Vətənə baxıram.

Oktyabr, 1962

HABİL SEGAHI

Kəmanə kamana toxunan zaman
Tufanmı hayqırdı, selmi çağladı?
Bədbəxt bir qəribin ah-amanından
Bəlkə göy kişnədi, bulud ağladı?

Durnamı ayrıldı, öz qatarından
Obamı dağıldı, elmi talandı?
Zamanmı ayrıldı öz axarından?
Əslimi hıçqırdı, Kərəmmi yandı?

Kamanın qolunda yatan xalların
Hər biri qəm yurdu, hicran yuvası.
Bir qolun üstünə cəm olub min-min
Nəsimi üsyanı, Vaqif nəvası.

Ondakı bu qüdrət, bu sirr nədir, nə?
Əzabla, zillətlə doludur bu qol.
Aylara, illərə, qərinələrə
Bölünən tarixin yoludur bu qol.

O enən, o qalxan səslər, avazlar
Yaz başı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar
Yanan arzuların külüdür bəlkə?

Bu səs, sınaq üçün – qüssənin, qəmin
Könüllər evinə səyahətimi?
Bu səs, ilk atamız qoca Adəmin
Təklikdən gileyi, şikayətimi?

Bəlkə susdurulan neçə dahinin
Yaralı ruhudur bu səs, bu nalə,
Danışmır… düşünür dərindən-dərin
Sözsüz nəğmələrlə ağlayır elə.

Hər xalı bənzəyir bir yanar közə,
Qığılcım sıçrayır hər nəfəsindən,
Bu səslər danışır bəlkə də bizə
Atəşlər yurdunun fəlsəfəsindən.

Deyirəm, bu səsi dinləyəndə mən,
Niyə dəqiqələr dönüb il olmur?
Bu səsin oduna, deyirəm, görən
Niyə bütün səslər yanıb kül olmur?

Bu səsdən ürəyim oldu bir tikə –
Bağrımın başında yaradır bu səs.
Ayın camalında qara bir ləkə,
Lalənin köksündə qaradır bu səs.

Yox! Kardır qulağı kainatın da,
Eşidə bilsəydi suya dönərdi.
Sonsuz kainatın sonsuz qatında
İşıqsız ulduz da şölələnərdi.

Bu ahmı, amanmı ucalır yerdən,
Yer öz fəryadına özü bezdimi?
Qoca Füzuli də bu nalələrdən
Ney kimi bənd-bənd kəsilməzdimi?

Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi,
Odun atəşinə od şan-şan olur.
Bu səsin oduna alışar su da;

Ağac hər atəşə alışan olur,
Bu niyə alışmır belə bir oda?
Habil! Ay insafsız, ürəyimizi

Yandırıb yaxmaqda qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi?
Bu haqqı kim verib, kim verib sənə?

Sentyabr-oktyabr, 1964

TƏYYARƏLƏR

Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr,
Məhəl qoymaz
nə yağışa,
nə küləyə
təyyarələr.
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli…
Aşıb-daşar təyyarələr.
Yerdə deyil,
göydə yaşar
təyyarələr.
Sərnişinə
Vüqarından – vüqar verir
təyyarələr,
Günlərin yox,
Saatların az ömründə
Qütbləri birləşdirir
təyyarələr.
Gecə gedir,
Gündüz gedir
təyyarələr.
Məqsədinə,
Mənzilinə dümdüz gedir
təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
Dolay bilməz
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz təyyarələr.
İçəridən alışmasa
bu sürətlə,
bu cürətlə
Gedə bilməz
təyyarələr.
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça-uça,
qaça-qaça
Öz içindən tez üzülər
təyyarələr.
Yavaş-yavaş ölə bilməz.
Öləndə də birdən ölər
təyyarələr.

Aprel, 1966

KRIMDA TATAR QƏBİRLƏRİ

Torpağən altında yatır yerlilər,
Üstündə gəlmələr kefdə, damaqda.
Yerlinin dərdini yersiz nə bilər?
Yerlinin haqqını o, tapdamaqda.
Gəlmə haqlı bilir özünü, haqlı!
Yerlinin yurduna yolları bağlı…

Bilmirəm Krımın öz sahibləri
Bu torpaq altında necə dincəlir?
Millət bu diyardan gedəndən bəri.
Ruhlar öz yurdunu ziyarət üçün
Sibirəmi gedir, buramı gəlir?

Tatar məzarları… əl açıb göyə
Torpağı qaldırıb niyə qabarmır?
Ölülər yer altda, görəsən, niyə
Haqq deyə qışqırıb fəryad qoparmır?
Krımı götürüb çiyinlərinə
Millət olan yerə niyə aparmır?

Məzarlar bu yurdun öz sahibləri
Niyə bu zillətin bağrını sökmür?
Torpağın üstündə sahibkar kimi
Gəzən gəlmələri dənizə tökmür?

May, 1966 Krım, Yalta.

BƏXTİYARAM MƏN

Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.

Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.

Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?

Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.

Bəxtiyar Vahabzadə

Vahabzadə Bəxtiyar Mahmud oğlu (1925 – 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).

Həyatı Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunmuşdur. Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir

#2 Şair

Forumun faktiki Ali Məqamlı Rəhbəri

Отправлено 30 Июнь 2009 – 12:39

Müasir ədəbiyyatda ən çox sevdiyim şairdir.

Ömür başdan-başa, beşikdən-qəbrə

Həyatın sevinci, qəmi deyilmi?

Ölüm bir ömürlük iztirabların –

Ağrının, acının cəmi deyilmi?

Mənəvi dünyaya qalxıb ucalmaq

Qanadlı duyğuya qismətdir ancaq.

Beləysə, ömürdən, gündən kam almaq

Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən,

Hansı gizli əldir pozan, düzəldən.

Sənin güvəndiyin dünya əzəldən

Əkilən, biçilən zəmi deyilmi?

Ayaqlar altında yer oldu tapdaq,

Sirrini, məğzini bilmədik ancaq.

Tapdaq etdiyimiz bu qara torpaq

Əbədi mənzilin damı deyilmi?

Damımız üstündə gəzər, hey gəzər,

Hərə ürəyincə bir mənzil bəzər.

Torpağı sormaqdan etmədik həzər,

Bu da ağlımızın kəmi deyilmi?

Ötəri mənzildə qədər hökm edər,

Kimimiz bal içər, kimimiz zəhər:

Əbədi mənzildə hamı – bir nəfər,

Bir nəfər özü də hamı deyilmi?

Сообщение отредактировал Şair: 30 Июнь 2009 – 12:41

#3 fidan

Muqaddam – Lieutenant Colonel

Отправлено 30 Июнь 2009 – 15:06

GÜMAN QALIB ALLAHA

Alçalmağı heç kəsin toxunmur vüqarına
Qol götürüb oynayır bu millət ac qarına.
Bir-birinə uyuşmur sozümüzlə işimiz
Toyda ağı söyləyib, yasda gülüsürük biz.
“Xoşbəxtəm” deyənlərə dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu “xoşbəxtliyi” bəxş eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə irəlimiz bizim
Əlimizin yerinə işləyir səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə məlum bir yerimiz yox
Hara getdiyimizdən vallah, xəbərimiz yox.

Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər günün öz rüzgarı!
Bu günün qıfılına düşə bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda, güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin ucu boyda.
Ümidə də güman yox, ümid gümandan baha
Üzlər göyə tikilmiş, güman qalıb Allaha.

Сообщение отредактировал fidan: 30 Июнь 2009 – 15:11

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

Comments are closed, but trackbacks and pingbacks are open.