Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
Kitabın ərsəyə gəlməsində tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya elmləri doktorları Vaqif Sultanlı və Bədirxan Əhmədovun böyük xidmətləri olub.
Bəxtiyar Vahabzadənin şeirləri türk dillərində
Azərbaycan ədəbiyyatı özünün tanınmış simaları ilə türk və dünya mədəniyyətini zaman-zaman zənginləşdirib. Onların mədəni irsi bu gün də layiqincə təbliğ olunur. Belə simalardan biri də Xalq Şairi Bəxtiyar Vahabzadədir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında TÜRKSOY-un dəstəyi ilə çap olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub.
İştirakçılar əvvəlcə foyedə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.
Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirov Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə türk xalqlarının dilində çap olunmuş kitab haqqında məlumat verib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva şairin yaradıcılığının ölkəmizdə və türk dünyasında yüksək dəyərləndirildiyini söyləyib. Prezident İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən mədəniyyət ocaqlarında şairə həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. TÜRKSOY-un dəstəyi ilə Ankarada nəşr edilmiş kitabın dərs vəsaiti kimi əhəmiyyətindən söz açılıb.
TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Mlik Atabayev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AYB-nin katibi Rəşad Məcid və başqaları böyük şairin tək Azərbaycanda deyil, türk xalqları tərəfindən də yüksək qiymətləndirildiyini söyləyiblər.
Tədbir çərçivəsində şairin 90 illik yubileyinə kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə” biblioqrafiyası kitabı və “B.Vahabzadə 90” adlı diskin elektron variantının təqdimatı keçirilib.
Biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadənin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında çap edilmiş materiallar toplanıb. Azərbaycan və rus dillərində tərtib edilmiş vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.
Göstərici “Bəxtiyar Vahabzadənin əsərləri”, “Bəxtiyar Vahabzadə haqqında” və “Köməkçi göstəricilər” adlı 3 hissədən ibarətdir. Kitabda şairin yaradıcılığı, ictimai fəaliyyəti haqqında müfəssəl informasiya verilir.
Görkəmli şair haqqında geniş məlumatlarla zəngin olan diskdə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında dediyi xoş sözlər də yer alıb.
Mərasimdə şairə həsr edilmiş kitablar iştirakçılara təqdim olunub.
Sonda kitabın ərsəyə gəlməsində əməyi olan ziyalılara TÜRKSOY-un diplom və xatirə hədiyyələri verilib.
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü, Koreyanın Donqduk Qızlar Universiteti, Avrasiya Türk Araşdırmaları İnstitutu, KYOVO Deasan Fondu ilə əməkdaşlıq çərçivəsində nəşr olunan kitabı orijinaldan Koreya dilinə tanınmış türkoloq, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi professor Eunkyung Oh tərcümə edib.
Nəfis şəkildə Seuldakı “Munci” nəşriyyatında nəşr olunan kitaba Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər” poemaları, habelə müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilib, həmçinin şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Şeirlər toplusuna “Gülüstan” poeması adının verilməsi təsadüfi deyildir. Bu ad dolayısı ilə Azərbaycanla Koreyanın ortaq tarix yaşamasını səciyyələndirən amil kimi mənalanır.
Qeyd edək ki, Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan poeziyasından Koreya dilinə tərcümə olunan ilk kitabdır. /azertag.az/
Azərbaycan Milli Elmlər Akademiyası
Bəxtiyar Vahabzadənin şeirlər toplusu Koreya dilində nəşr olunub
Tanınmış türkoloq-alim, Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri, UNESKO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, professor Eunkyung Oh tərəfindən Azərbaycanın Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan dilindən Koreya dilinə tərcümə edilərək kitab halında nəşr olunub.
Seulda fəaliyyət göstərən “Munci” nəşriyyatında dərc olunan kitaba Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər” poemaları, habelə şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilib. Nəşrdə, həmçinin şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Kitabın ərsəyə gəlməsində tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya elmləri doktorları Vaqif Sultanlı və Bədirxan Əhmədovun böyük xidmətləri olub.
Qeyd edək ki, Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan poeziyasından Koreya dilinə tərcümə olunan ilk kitabdır.
Comments are closed, but trackbacks and pingbacks are open.