Lülər”i hələ də “dirilməyən” görkəmli dramaturq: Cəlil Məmmədquluzadənin doğum günüdür
Qoridə oxuduğu illərdə Mirzə Cəlil Azərbaycan dilindən və yazıdan “2”, şifahi nitqdən isə 5 qiyməti alırdı.
Mirzə Cəlil haqqında 20 gizli – Fakt
İllər keçib, əfsanələr həqiqətə, rəvayətlər reallığa qarışıb.
Bununla belə tarixin səhifələrində bizim üçün çox sirli bir Mirzə qalıb.
Bu haqda romanlar yazıla, filmlər çəkilə bilər.
Sənətkarın taleyi və bir insan kimi faciələri də son dərəcə mürəkkəb və dramatikdir.
Bu gün isə böyük sənətkarın diqqətdən kənarda qalan əhvalatlarını yazacağam.
Və söz yox ki, hər bir hadisə, hər bir fakt və hər bir əhvalat böyük ədibin xarakterinin, şəxsiyyətinin və həyatının bir ştrixinə işıq salacaqdır.
“Ağlım kəsmir”
Mirzə Cəlilin Məmmədtağı Sidqiyə yazdığı məktubundan:
Məhəmmədhəsən əminin eşşəyini istəyirəm yazıb, göndərəm, senzor izin versin, İrəvanda çap etdirəm. Hərçənd ağlım kəsmir ki, camaat oxusun.
Ailəsi onu Qoriya oxumağa göndərmək istəmir. Bundan əsəbləşən Cəlil əlinə ağac alaraq evdəki bütün qab-qacağı sındırır. Ata-anası onun dəli olacağından qorxaraq, getməyinə icazə verirlər.
Qoridə oxuduğu illərdə Mirzə Cəlil Azərbaycan dilindən və yazıdan “2”, şifahi nitqdən isə 5 qiyməti alırdı.
Mirzə Qoridən məzun olduqdan sonra sinif yoldaşı İsmayıl bəy Şəfibəyovun dəvəti ilə Şuşaya getmiş və burda Xurşudbanu Natəvanla görüşmüşdür.
Naxçıvanda, Uluxanlı kəndində müəllim işləyən Mirzə Cəlilin illik maaşı 400 manat idi. O əlavə olaraq illik 120 manat kirayə pulu da alırdı.
İlk əsəri “Çay dəstgahı”nı Cəlil Məmmədquluzadə Baş Noreşən kəndində müəllim işlədiyi dövrdə yazmışdı. 1889-cu ildə.
Ölü dirildən dərvişlər Seyid Heydər və Seyid Mirzəcan İranın Qaradağ mahalından Cəbrayılın Hörovlu kəndinə gəlmişdilər. 1890-cı illərin əvvəllərində baş vermiş bu hadisə Cəlil Məmmədquluzadəyə ilham qaynağı olmuşdu.
Cəlil Məmmədquluzadə 1894-cü ildə “Danabaş kəndinin əhvalatları” əsərini yazıb bitirir və əsərin yazıldığı yeri “Danabaş kəndi” kimi qeyd edir.
1894-cü ildə Nehrəm kəndində müəllim işləyən Cəlil Məmmədquluzadə İrəvan xalq maarif müfəttişliyindən icazə alaraq “Molla İbrahimxəlil kimyagər” komediyasını tamaşaya qoydurur.
Müəllimlikdən istefa verən Cəlil Məmmədquluzadə İrəvanda polis idarəsində, daha sonra isə Naxçıvan şəhər pristavının köməkçisi vəzifəsində çalışmışdır. Lakin tez bir müddət sonra istefa verərək vəkillik imtahanına hazırlaşmağa başlamışdır.
Cəlil Məmmədquluzadə atası Məmmədqulu kişi oğluna məktub yazaraq bayramda plov bişirmədiklərini və gəlinlərinə (Mirzə Cəlilin həyat yoldaşı Nazlı xanıma) yas tutduqlarını bildirir. Atası Cəlil Məmmədquluzadəyə bacısı Səkinənin də yas tutmasını tapşırır. Həmin ilin, yəni 1904-cü ilin dekabrında Mirzə Cəlilin atası və anası da vəfat edir.
Mirzə Cəlil 1905-ci ilin iyununda Qafqaz canişinliyinə müraciət edərək “Novruz” adında qəzet buraxmaq üçün icazə istəyir. Avqust ayında canişinlikdən xəbər gəlir. Qəzetin çapı üçün icazə verilmir.
Jurnal üçün günlərlə ad fikirləşən Cəlil Məmmədquluzadə bir gün küçədə gəzərkən ağlına “Molla Nəsrəddin” adı gəlir. Ad işi düzəldikdən sonra ciddi şəkildə işə başlayır və çap üçün icazə ala bilir.
Mirzə Cəlilin yaxın dostu, qaynı və bacısının əri Məmmədqulu bəy Şaxtaxtinski ilə birgə Batumidə, paraxoda minərkən öldürülmüşdü. Batumidən dostunun cənazəsini Tiflisə gətirən Mirzə Cəlil onun bacısının yanında dəfn edir.
Fəhlələr ağır əməkdən yorulduqlarına görə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsini Mirzə Cəlillə Ömər Faiq sabaha qədər işləyərək çap etmişdi. İlk nömrə min tirajda buraxılmışdı.
Nəriman Nərimanov “Molla Nəsrəddin” jurnalını ilk nömrələrindən tənqid etmişdi. Jurnala dayaq duran isə Əhməd bəy Ağaoğlu idi. Üzeyir bəy də “İrşad” qəzetində jurnala dəstək verirdi. Jurnalın ikinci nömrəsi qırmızı rəngdə olduğuna görə (bu rəng kommunistlərin rəngi idi) müsadirə edildikdə isə Nərimanov jurnala dəstək verən məqalə yazdı.
Jurnalın qiyməti 12 qəpik olsa da, marağın çoxluğundan istifadə edənlər onu 15 qəpiyə satırdılar. “İrşad” qəzeti bu haqda elan verərək insanları aldanmamağa çağırırdı.
Redaksiya maddi sıxıntılar çəksə də, kütləvi qiraətxanalara jurnalı pulsuz göndərirdi. “İrşad” qəzetində Gəncə şəhərindən olan bir oxucu buna görə qəzetə təşəkkür məktubu yollamışdı.
Axund Əbutürab məsciddə təşkil olunmuş yığıncaqda belə bir çıxış etmişdi: “Müsəlmanlar “Molla Nəsrəddin”i bir abbasıya alıb oxuyurlar, amma “Həyat” qəzetinə üç qəpik vermək istəmirlər. “Həyat” qəzetinin naşiri Əlimərdan bəy Topçubaşov, baş redaktoru isə əvvəlcə Əli bəy Hüseynzadə, sonra isə Əhməd bəy Ağaoğlu olmuşdu. Mirzə Cəlil onların hər ikisini bu qəzetdə çap edilən məqalələrinə görə “şəriət vaizi” (molla-Q.T.) adlandırmışdı.
Mirzə Cəlil bir dəfə qardaşı Ələkbərin həbs olunduğunu eşitdikdən sonra möhkəm xəstələnərək yatağa düşür. Qardaşı Səttərxanın yaxınlarından idi, İranda həbs olunmuş və Çar Rusiyasına təhvil verilmişdi. Onu Sibir sürgünü gözləyirdi. Nəsə. Mövzumuz bu deyil. Mirzə Cəlili bu günlərdə Usta Qriqor sağaldır. O erməni kəndinə gedərək tut arağı gətirir. Mirzəni möhkəm masaj edərək sağaldır. Sual olunur: Nə olsun? Yadımıza salaq. Yusif Səmədoğlunun “Qətl günü”ndəki Qriqor.
“Çox vurmuşdular. Hökumət arağından yox, uşaqlardan birini maşınla Qriqor ermənigilə göndərib ondan üç-dörd butulka tut arağı aldırmışdılar”.
Ya da başqa yerdə:
-Neynirsən orda, ay Temir?
– Sənə nə!
– Boy! Hancarı sənə nə? Xəstə yanına gedirəm, ayə, kefə getmirəm.
Temir geri dönmədi:
– Bilirəm. – dedi. – Kefə getmirsən. Kefdən gəlirsən.
– Hardan bilirsən?
– Ölmüşdü Temir, Qriqor erməninin tut arağının iyini almaya! – O, razı-razı güldü.
Bəli, Yusifin prozasına Mirzə Cəlilin təsiri danılmazdı. Bu, tut arağı da ordan gəlirdi? Qəribə məsələdir.
P.S. Yazının hazırlanmasında Qulam Məmmədlinin Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin salnaməsi) kitabından istifadə edilmişdir.
“Ölülər”i hələ də “dirilməyən” görkəmli dramaturq: Cəlil Məmmədquluzadənin doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür.
O, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub.
İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb.
Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman verib. Seminariya kənd məktəbləri üçün müəllim hazırlayıb. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçib. O, 1882-ci ildə Naxçıvana gəlib və Cəlil Məmmədquluzadəni də digər şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya alıb.
Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirib və müəllimlik attestatı alıb.
Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil edib. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olub.
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb. O, burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir verib, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil edib və məşğələləri özü aparıb.
İctimai xadim Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınıb.
Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam edib. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazıb. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki dövrdə Azərbaycan kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunub.
Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir.
XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olub. Qüdrətli yazıçının “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıdıb. Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllimkən başlayıb. Ədibin ilk qələm təcrübəsi “Çay dəstgahı” alleqorik dramı olub. “Çay dəstgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb.
“Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olub.
O, Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunub. Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutub. Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də dramaturji və publisist fəaliyyətində geniş yer verib.
İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan Mirzə Cəlil artıq Molla Nəsrəddin adı ilə tanınıb.
Publisistin təbliğ etdiyi dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, “Qeyrət” mətbəəsində axtarışlar aparıb, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırıb.
Dramaturqun əsərləri bir sıra dillərə tərcümə edilib.
Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astarxanbazar rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi kənd isə Cəlilkənd adlandırılıb. Naxçıvan və Cəlilabadda heykəli qoyulub. Bakı və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb.
Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Cəlil Məmmədquluzadə`nin həyat və yaradıcıllığı
Yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887-1897). İlk bədii əsəri sayılan “Çay dəstgahı”(1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-1936 cı ildə nəşr olunmuşdur) hekayəsini də bu dövrdə yazmışdır.
Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi – Rus” qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 1903-cü ildə yaratdığı “Poçt qutusu” əsəri 1904-cü ildə elə “Şərqi-Rus” qəzetində çap olunmuşdur. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.
“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və “Molla Nəsrəddin” adı ilə məşhur oldu. Elə həmin vaxtda onun Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.
Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.
Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilmişdir.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.
4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş ədibin qəbri “Fəxri Xiyaban”dadır. Cəlil Məmmədquluzadənin nəvə-nəticələri bu gün dünyanın müxtəlif ölkələrində (Fransa, Polşa və İranda) yaşayır.
Comments are closed, but trackbacks and pingbacks are open.